usd-1.7000 eur-1.8109 rub-0.0182
Bakı 21°C 7.04 m/s
Son xəbərlər
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ənvər Paşanın öz fərdi ehtirası, şəxsi mənfəətləri üçün ordunu Sarıqamışın önünə çəkməsi iddiaları cəfəng idi... - Hüseynbala Mirələmov yazır

details

ƏDƏBİYYAT

23.11.2022, 15:01 Oxunub: 1453

       ƏNVƏR PAŞA
 
Bağçanın ortasında, mum yanar süfrəsində,
Bu cahandan gedişim məmləkət sevdasından...
Bir türküdən

 
Cəsurluq, igidlik Ənvər bəyin alnına yazılmışdı. Bir il sürən Trablus-Qərb müharibəsinin axırlarında Balkan savaşının başlaması ilə əlaqədar Benqazidə olan türk zabitləri kimi o da İstanbula çağrılmış və həmən bu çağırışın ardınca yola çıxmışdı. Sevimli övladını cəbhədən-cəbhəyə yola salan anası - əslən Balkan türklərindən olan Ayşə Dilara xanım bir çoxları kimi davaya göndərdiyi oğluna sarılıb ağlayan və bununla balasını pərişan edən anaların əksinə olaraq ciyərparasını bu qorxulu səfərə türk qadınlarına xas bir qürurla və mətanətlə uğurlamışdı: "Gedirsən... bu sənin öz seçdiyin yoldur, bu yolda şəhidlik də var, amma vətəni qorumaq da sənin tək igid oğullara düşər".
Sonra isə ondan özü ilə götürməyə şəkil istəyən oğluna arxasına "Oğlum, Ənvər, başladığın işi bitirmədən dönsən, südümü sənə halal etmərəm…" yazdığı fotosunu vermişdi. Ənvər Paşa da anasının tapşırdığı kimi etmişdi; dönməmişdi, başladığı iş uğrunda atdığı hər addımda ana öyüdü onu izləmişdi, ürək-dirək vermişdi, boynuna böyük məsuliyyət qoymuşdu. Oğuz igidləri sayaq - "Vətən haqqı - ana haqqı" deyib yola çıxmışdı...
Yol isə davam edirdi. Əbəs yerə deməyiblər, ömür bitər, yol bitməz... "Məmləkət canımız, ərmağan qanımız" - Ənvər Paşanın amalı, döyüş şüarı idi. Getdiyi hər yerdə, elə Türküstanda da ona "Cəbhədə mitralyoz ayna kimi parlayır, Türküstan türkləri bayraq açmış, səni gözləyir!" coşqusuyla qucaq açmışdılar… 
Qısa vaxt ərzində bu torpaqlarda da o, Türküstan, Başqırdıstan, Qazaxıstan nümayəndələri ilə görüşüb məsləhətləşmişdi, gələcəyin məşhur türkoloqu, gənc əsgər başqırd Əhməd Zəki Vəlidi Toğanla tanış olmuşdu. Tezliklə ətrafına beş minə qədər fədailər ordusu toplanmışdı. Ancaq ənənəvi xəyanətlər, "yeri, vur, səninləyik" deyib arxadan qaçmalar bu yerlərdə də addım-addım izləmişdi onu… Bu, onun taleyi idi. Ağrılı, təəssüf doğuran, eyni zamanda qaçılmaz qəzavü-qədər… Hər dəfəsində də özünün yer üzündəki mənəvi istinadgahı kimi Naciyəsinə səslənirdi: "Mənə dua et, həm də çox dua et, sənin duana, alqışına çox ehtiyacım var. Məni unutma…"
…Döyüş meydanında ilk xəyanət acısını ona Sarıqamış faciəsindən əvvəl 3-cü ordu komandanı Hafiz Haqqı Paşa yaşatmışdı. Bu xəyanətin təməlində çox gənc olmasına baxmayaraq hərb sahəsində ulduz kimi parlayan Ənvər Paşaya qarşı olan qısqanclıq, bu gənc, amma bacarıqlı zabitin, sultan kürəkəninin uğurlarına paxıllıq hissi dayanırdı. Rəqibləri bu gənc qəhrəmanı daha böyük zəfərə və şöhrətə götürəcək qələbələri həzm edə bilmirdilər, qısqanırdılar. Hər vəchlə bu uğurların qarşısını almağa qərarlı idilər. Doğrudur, döyüşün ilk mərhələsində 3-cü ordu komandanı albay (polkovnik-red.) Hafiz Haqqı Paşa rusları sıxışdıraraq geri çəkilməyə, açıq-açığına qaçmağa məcbur etmişdi. Ancaq o,  uğursuzluğa düçar olub, canını götürüb qaçan rus əsgərlərini təqib etmək əvəzinə başçılıq etdiyi hissəni döyüş meydanından on beş kilometr geri çəkmişdi. Ənvər Paşa indinin özündə də Hafiz Haqqı Paşanın bu müəmmalı hərəkətinin hansı səbəb üzündən baş verdiyini heç cür anlaya bilmir, daha doğrusu, bunun bir xəyanət olduğunu düşünməyə özünü inandıra bilmirdi. Əzmi qırılmış, pərən-pərən düşmüş düşmən ordusunu təqib edib nəfəsini kəsmək əvəzinə əmin-arxayın şəkildə bir qədər geri çəkilib, qarşı tərəfin yenidən toparlanmasına imkan vermək, bununla da Sarıqamış faciəsinə zəmin yaratmaq kimi məsuliyyətsizliyə Hafiz Haqqı Paşa kimi biri təkbaşına qol qoya bilməzdi. Özünü köməyə yetirməli olan ehtiyat qüvvələrin heç bir səbəb olmadan ləngiməsi nə ilə bağlıydı? Mövqe və şöhrət xəstəliyindən qaynaqlanan dəhşətli qısqanclıq bəlası nə idi? Hansısa gözəgörünməz əl gizlincə işləməkdə, döyüşən əsgərlər arasında ruh düşkünlüyünə səbəb olacaq toxumlar səpməkdəydi…
Sarıqamış faciəsinin şahidi olan rus ordu generalı Lineviç Lev Petroviçin Moskvaya dəhşət içində yolladığı teleqramdakı cümlələri tarixin qanlı yaddaşında yenə türk cəsurluğu, fədakarlığı, son nəfəsinə qədər vuruşmağın nə olduğu barədəki rəyləri möhürləyəcəkdi: "Türkləri təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular".
Bu dəhşəti Hafiz Haqqı Paşa isə Ənvər Paşaya yolladığı teleqramda belə ifadə etmişdi: "Bitdi, Paşam, ordumuzun küllisi məhv oldu!.." 
Öz ömrü də başladıqları böyük işlər kimi yarımçıq qalan Hafiz Haqqı Paşanın ölümündən sonra gündəliyindəki peşmanlıq etirafları, məyusluğu, bir növ tövbəsi gün üzünə çıxacaqdı. 1915-ci il, yanvarın 6-da yazdığı sətirlər onun ruh halını da, hiss etdiyi üzüntünü, məyusluğu də özündə ehtiva edirdi. Ancaq apxadan atılan daş topuğa dəyər…
"6 yanvar 1915: Xəstələrin yeməkləri və halı heç cür düzəlmir. Bu gün yenə bir çox insanı döydüm və zənn edirəm ki, "artıq düzəlir" deyərkən yenə bir fəlakət qarşısında qaldım: Yaralı və xəstələr üçün ayrılmış barakların yanında bir xəstə titrək ayaqları ilə əsə-əsə əlindəki su qabını doldurmağa gedirdi. "Hara gedirsən" deyə soruşdum. "Su gətirməyə", - dedi. Sonra da tələsik əlavə etdi: "Nə edim, əfəndim, pulla satırlar suyu. Mənim də pulum yoxdu!"
- Kim satır?
- Qapıçı.
- Haydı, göstər görüm.
Yeridi. Zavallı meyit kimi. Əlli metrlik məsafəni beş dəqiqəyə güclə qət etdi. Xəstəxana deyilən tövləyə girdik. Yenə iki ölü vardı. İçəridə bir təlaş! Tək su deyil, çörək də satılırdı. İri bədənli bir çavuş çörəyi pulla satırdı. Ölümcül hala düşüncəyə qədər onu döydüm. Daşla başını əzdim. Qaçmağa başladı. Yanımdakılar hərifi yaxaladılar. Xəstələrə baxan nəzarətçini də bərbad hala saldım. Off, hələ mühacirlərin səfaləti… Ağlayan, əli-ayağı donmuş uşaqlar, ixtiyar qocalar, qadınlar… Ya Rəbbim! Mən bu səfalətə səbəb oldum! Mən bu zəfəri tam qazanmaq üçün, bu hərbdə qalib gəlmək üçün çalışdım. Olsun! Bu fəlakətləri yox etməyə çalışacağam və əlbəttə, buna müvəffəq olacağam!" deyə and içdim".
Ancaq dediyi kimi olmadı. Bu səfaləti aradan qaldırmağa müvəffəq ola bilmədi Hafiz Haqqı Paşa…
Sarıqamış savaşından əvvəl Ənvər Paşa öz müəllimi, bölgə komandanı Həsən İzzət Paşa ilə görüşüb əsgərlərin durumuyla maraqlanmışdı. Dünyagörmüş bölgə komandanı havaların namünasib olması səbəbindən ehtiyatlı olmağı məsləhət bilmişdi. "Gözləyək" demişdi. Bu, Ənvər Paşanın bir bölgə komandanından gözləmədiyi cavab idi. O bunu eşitmək belə istəmirdi… Qeyzlənmişdi. İndiyəcən dərin sayğı bəslədiyi keçmiş müəllimini ordudan uzaqlaşdırmağa dərhal qərar vermiş, ona "əgər müəllimim olmasaydın, səninlə başqa cür davranardım" - demişdi…
Haqlıydımı? Nə etməli, dönməz və qızğın bir savaşçının həlledici bir məqamda, heç gözləmədiyi halda təcrübəli bir komandanın dilindən əsgərin döyüş əzminə xələl gətirə biləcək bir cavabı eşitməsinin qarşılığı yəqin elə belə də olmalıydı…
Haqsız idimi? Bəlkə müəllimi "havaların namünasib olması" qənaətinin pərdəsi altında əslində ona arxa cəbhənin maraq çevrəsində yaşanan hadisələrin gerçəyini anlatmaq istəmişdi? Bütün hallarda öz qərarında qəti, dönməz, inadkar olan Ənvər Paşa bəlkə o məşhur faciədən öncə dünyagörmüş müəlliminin anlatmaq istədiklərinin mahiyyətinə elə də diqqət yetirməmişdi?
…Halbuki öncələr hər şey o qədər yaxşı və ümid dolu coşqunluqla başlamışdı ki… Lap az qalmışdı. Günləri sayırdı. Yaxın günlərin birində onun hərbi nazir təyin olunması məsələsi həll olunacaqdı. Təkcə Tələt bəyin razılıq verməsi bəs edərdi. Amma Tələt bəyin bu mövzuda hərəkətsizliyi get-gedə daha çox hiss olunmaqdaydı. Bu xüsusda Yaqub Cəmillə bərabər yanına gedən dostlarına belə xoş üz göstərməmişdi. Amma bu, onun dəfolunmaz istəyi idi. Nəyin bahasına olursa-olsun, bu istəyə çatmalıydı; illər boyu qəlbində yeni ordu quruculuğu islahatı keçirməyin planlarını qurmuşdu. Bu sahədə baş alıb gedən hərc-mərcliyin şahidi idi. Bu gedişat dəyişməliydi, özü də Hürriyyət Qəhrəmanı Ənvər bəyin başçılığı ilə. Durmaq, vaxt itirmək zamanı deyildi. Qərarında qəti idi. Sədrəzəm Sait Paşanın kabinetinin qapısını da bu qərarlı qətiyyəti ilə açmış, istəyini aydın şəkildə, birbaşa dilə gətirmişdi:
  - İstəyim hərbi nazir olmaqdır… Sizdən xahiş edirəm, imkan daxilində elə bu gün, yubanmadan istəyimi nəzərə alıb qərar verin.
 Sədrəzəm Sait Halim Paşa ilk baxışda onun bu qətiyyətinə çox heyrətlənmişdi. Ənvər Paşa isə təkidlə təkrarlamışdı:
- Bu qərar mənim üçün çox mühümdür. Vətəni düşdüyü durumdan qurtaracaq, yurdun keşikçisi olacaq, ordunu nizama gətirəcək, tutduğunu qoparıb ata biləcək şəxsiyyətlər orduda olmalıdır. Həyata keçirdiyi işlərdə qətiyyətsizlik göstərən komandirlərin vətəni, ordunu nə hala saldıqlarını keçən Balkan savaşında hamımız görmüşük, sədrəzəm həzrətləri!
Ənvər Paşa elə ilk görüşdən sədrəzəm Sait Halim Paşanın ona bəslədiyi xüsusi rəğbətin şahidi olmuşdu. Sədrəzəm Ənvər Paşaya çox güvənirdi, hər zaman ona etibar edə biləcəyinə əmin idi. Belə olmasaydı, həmin görüşdən qısa müddət sonra - 1914-cü ildə, Ənvər Paşanın cəmi otuz üç yaşı olanda böyük etimad göstərib onu Osmanlı İmperatorluğunun hərb naziri təyin edərdimi?
Gənc Ənvər Paşa da bu etimadı doğrultmaq üçün vəzifəyə təyin olunan gündən imperatorluğun möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməmişdi. Onda bu təyinatdan narazı qalanlar da az deyildi. Bəziləri üzünə gülüb arxasınca fitnələr törətməyə çalışır, bəziləri isə açıq-aşkar öz xislətlərini bəlli edir, düşmənçilik mövqeyində olduqlarını gizlətmirdilər.
Ənvər Paşa bütün bunlara fikir vermədən imperatorluğun hərb sahəsində yeniliklər eləməyə səy göstərirdi. Osmanlı ordusunda Fransa modelinin yerinə Almaniya modelinin tətbiqi üçün nə qədər zəhmətlər çəkdiyini sonralar da xatırlayırdı. Buna qarşı çıxanlar da vardı, bu addımın səhv olduğunu israrla təkrar edənlər də. Ancaq Ənvər Paşa inandığı yoldan geri çəkilən deyildi. Doğru bildiyi, məmləkətin inkişafı üçün faydalı hesab etdiyi işləri həyata keçirirdi.
Hərbiyyə naziri təyin olunduğu ilk vaxtlarda sədrəzəm Sait Paşa ilə mükaliməsini, onun suallarına əminliklə verdiyi cavabları sözbəsöz xatırlayırdı:
- Hörmətli sədrəzəm cənabları, orduda gəncləşmə çox vacibdir. Düşünürəm ki, Almaniyada təhsil alan cavan hərbçiləri orduda önəmli vəzifələrə gətirmək lazımdır. Bu, həm orduda Almaniya modelinin tətbiqi üçün, həm də ordunun cavanlaşmasını təmin etmək baxımından xüsusilə faydalıdır. İzninizlə, bir çox alman zabitini Osmanlı ordusunda müşavir olmaq üçün əməkdaşlığa dəvət etmək niyyətindəyik. Ordumuzdakı bəzi zabitlərimizin tərcümeyi-hallarını da dəqiqliklə incələmişəm - həm sənədlərinə baxmışam, həm də barələrində bir çox etibarlı adamlardan lazımlı məlumatlar almışam. Fikrimcə, mindən artıq yaşlı zabit, - onların içərisində əqidəsinə və haraya xidmət etdiklərinə dair əsaslı şübhələrim olanlar da var,- ordudan kənarlaşdırılmalıdır. Hərbçilərin uniformaları dəyişdirilməlidir, orduda savadlılıq dərəcəsi artırılmalıdır. Orduda oxuyub-yazma bilməyən qalmamalıdır. Bunun üçün orduda xüsusi xətti-cədid sistemli əlifba tətbiq olunmasını istəyirəm. Qısaca desək, ənvəriyyə yazısı. Bu yazını ona görə tətbiq etmək vacibdir ki, Osmanlı yazısı sadələşsin, hər bir zabit və əsgər oxumağı, yazmağı bilsin. Ənvəriyyə yazısında oxunuş rahat olacaq, hərflər bir-birinə birləşməyəcək, ayrılıqda yazılaraq daha asan oxunacaq, saitlər də göstəriləcək. Bu yazı sistemi otuz beş samit və on saitdən ibarət olacaq. Bununla bağlı əlifba kitabı hazırlamağı da düşünürəm...
Sədrəzəm Sait Halim Paşa şövqlə danışan Ənvər Paşanı təmkinlə, sözünü kəsmədən dinləmiş, bu dəliqanlı və həvəsli gəncin həmin vaxt bəzilərinə xülya kimi gələn bu arzuları reallaşdıracağına, Osmanlı ordusunun inkişafına töhfələr verəcəyinə inanmışdı.
Ənvər Paşa da öz növbəsində bütün bunları eləmək iqtidarında olduğunu əməlləri ilə sübut eləmişdi. Dedikləri sözdə qalmamışdı, çoxunu həyata keçirmişdi. Doğrudur, bəzi məqamlar tənqidlə də qarşılanmış, daha yaxşı variantlar alternativ kimi göstərilmişdi. Ciddi fikir ayrılıqları olsa da, məmləkətin xeyri üçün, Vətən naminə canını da verməyə hazır olan Mustafa Kamal Paşa ənvəriyyə yazısı ilə bağlı 1918-ci ildə öz fikirlərini belə bildirmişdi: "Bu iş yaxşı niyyətlə həyata keçirilməsinə rəğmən, yarım-yamalaq və zamansız edilib. Savaş zamanı hərflərlə məşğul olmaq vaxtıdır? Nə üçün? Xəbərləşməni asanlaşdırmaq üçün? Bu sistem xəbərləşməni keçmiş sistemə görə daha yavaş və daha çətin edib. Sürətin önəm daşıdığı bir vaxtda işləri ləngidən və insanları çaşdıran bu sıçrayışın üstünlüyü nədir? Fəqət, madam bir işə başladınız, bunu doğru-dürüst edəcək cəsarəti göstərin..."
Ənvər Paşanın hərbiyyə naziri kimi cəsarəti isə bəzən lazım olduğundan da artıq olurdu. Mustafa Kamal Paşanın da dediyi kimi, bunlar yaxşı niyyətlə həyata keçirilsə də, bəzən əks effekt verirdi...
Osmanlı İmperatorluğunun hərb naziri olduğu vaxt onun bütün həyatının ən enişli-çıxışlı dönəmi olacaqdı. Xüsusilə də 1915-ci il. Sarıqamış hərəkatında əsas hədəfi əlbəttə ki, bu kiçik qəsəbəni ruslardan almaq deyildi. Əsl hədəfi o idi ki, rusları Tiflisə qədər qovsun, oradan Təbriz, Bakı, Tehrana qədər uzanaraq Əfqanıstanı da təsir dairəsinə almaqla müsəlmanları hərəkətə gətirib bütövlükdə regiondakı rus işğalına son qoysun. Teleqramlarında xüsusilə vurğulayırdı: "Girəcəyimiz ölkələrdə işğalçı olmayacağıq. Oraları rus zülmündən qurtarıb, müstəqilliklərini qazanmasına nail olub geri dönəcəyik..."
Sarıqamışda, Allahu Əkbər dağlarında isə bu ali və nəcib xəyalı "soyuqdan donacaqdı..." Tarixdə fərqli rəqəmlər səslənsə də, on minlərlə əsgərin Sarıqamışın şaxtasında donub şəhid olması Ənvər Paşanın müdafiə naziri olduğu dönəmin ən tünd ləkəsi idi. Üstündən neçə zəfərlər qazanılsa da, bu tünd ləkə ağarmayacaqdı, məşum bir dönəmin sübutu kimi daim gözə çarpacaqdı...
Sarıqamış faciəsi həyatının sonrakı dönəmlərində də dözülməz ağrı ilə xatırladığı acı bir xatirə kimi həmişə yaddaşının fonunda qalacaqdı. Həmin vaxt - hərəkatın ilk dönəmlərində necə bir əndişə ilə faciənin qarşısını almaq üçün çırpındığını, özünü oda-közə vurduğunu yaxşı xatırlayırdı. Gah topların başına keçib özü atəş edirdi, gah əlinə silah alıb güllələri sağa-sola yağdırırdı, gah geri dönmək istəyən zabitləri cəzalandırırdı, gah da növbə zamanı yatan hərbçiləri gözünü də qırpmadan edam etdirirdi. Sarıqamış əngəlini keçib tezliklə Əfqanıstanın içərilərinə daxil olmaq təlaşı da bir yandan... Ölümü o qədər yaxınında hiss edirdi ki, bəlkə də bu səbəbdən elə həmin dönəmdə gecələr vəsiyyətini yazırdı. Yüz on minlik 3-cü Ordudan geriyə sadəcə iyirmi min nəfər qalanda məğlubiyyətini, bacara bilmədiyini qəbul etmək məcburiyyətində qaldı.
Sarıqamışdakı məğlubiyyətin bir səbəbini da xalqın ruh düşkünlüyündə görürdü. Yerlərdə ədalətsizliyin qarşısının alınması yollarını axtarırdı. Ərzurum gədiklərinə çatana qədər başlarına acı bir məğlubiyyətin damarlarda qanı belə dondura bilən lopa-lopa qarı yağırdı...
Əynindəki hərbi uniforma Ənvər Paşaya ilk dəfə olaraq dar gəlirdi. Ona elə gəlirdi ki, komandanların bu məğlubiyyətdən sonra ilk işi həmin libaslarla vidalaşmaq, istefalarını vermək olmalıdır. Nədənsə şərqi Anadolunun qar qarışıq çovğunlu günlərində uşaqlığının ilıq (amma məğlubiyyət hənirli) bir əhvalatını xatırlayırdı. Məhəllə başındakı ilk günlərdən "göz yağı yediyi" Nicat adlı bir uşaq tərəfindən döyülmüşdü. Üz-gözünü Osman məscidinin çeşməsində yuyandan sonra məhəllələrinə geri dönüşünü saxlamışdı. Sözləri də ətrafındakı tay-tuşunu heyrətləndirmişdi:
- Mən Nicatdan heyfimi almaq üçün geri dönürəm.
Uşaqlıqdakı həmin addımını yada salıb, ümidlənən kimi oldu. Məğlubiyyətin bənizinin rəngini qaçırıb varlığını ağ bayrağa çevirdiyi, içində yaratdığı təslimçilik hisslərindən silkinib çıxmağa hazırlaşdı.
Həmin addımını sonralar ilk cəsarət andı kimi yadına salırdı: Hər kəs məğlub olduğu yerə dönüb məğlubiyyətini qalibiyyətlə təmizləyə, yenidən qəhrəman ola bilər.
Bayaqdan ona elə gəlirdi ki, Sarıqamış meydanında hünərini, cəsarətini, onların rəmzi hərbi formasını, silahını qoyub geri qayıdır...
Üstəlik, dönəndən sonra Naciyə Sultanın da gözünə necə baxacağını düşünəndə gen dünya başına dar olurdu. Birdən-birə həmyaşıdı Nicatla dalaşdığı vaxt uşaqlıqda özünə verdiyi söz yadına düşdü: Məğlubiyyət yerinə geri dönə bilmək, qəhrəmanlığın birinci addımıdır. Rusların üzərinə əvvəl canımda təpər, sonra da ordumda güc toplayıb bir də dönəcəyəm! Şəhid verdiyimiz hər Anadolu əsgərinin qisasını birə-on alacağam!
Sonralar özünə verdiyi bu sözə, bu müqəddəs anda əməl etsə də, Sarıqamış məğlubiyyəti yüz il də unudulmayacaqdı. Ənvər Paşanın digər xidmətləri gözardı edilib bütün diqqətlərini bu itkiyə yönəldənlər də az olmayacaqdı...
Halbuki qarşıda yenə də onun imzası ilə böyük bir zəfər olacaqdı. Sarıqamış məğlubiyyətindən cəmi 61 gün sonra - 1915-ci il martın 18-də Ənvər Paşa Çanaqqalanı keçməyə çalışan ingilis donanmasına gözdağı verəcəkdi, 1916-cı ildə isə qəti qələbə qazanılacaqdı. Bu böyük zəfərlə işğalçı ingilis ordusuna "Çanaqqala keçilməz" həqiqətini başa salan Ənvər Paşa bu qələbə ilə kifayətlənməyəcəkdi, ard-arda zəfərlər sıralanacaqdı... Ancaq bu qələbələr də Osmanlı İmpertorluğunu süqutdan qurtara bilməyəcəkdi.
Osmanlı dövləti Birinci Dünya müharibəsində məğlub olduğunu qəbul etdikdən sonra "İttihad və Tərəqqi" 1918-ci ilin oktyabrında istefaya getdi. Ənvər Paşanın müdafiə naziri olduğu dönəm bununla da başa çatdı. Ənvər Paşa, Tələt Paşa və Camal Paşa İstanbulu tərk etmək məcburiyyətində qaldılar.
Ənvər Paşa əvvəlcə Krıma, oradan isə Berlinə gedir... Bu gedişdən sonra haqqında edam qərarı desən, - çıxarılır, həbs edilmə əmri desən, - o da verilir... Məhz bu qərarlara görə Anadoludakı Qurtuluş Savaşını idarə etmək xəyalı da yerləyeksan olur. Və ondan sonra Pamir dağlarına üz tutur. Orta Asiya müsəlmanlarını təşkilatlandırıb bolşevik işğalından qurtarma xəyalı da sonralar tar-mar olub öz qanı ilə bərabər Bəlcivan torpaqlarına çilənəcəkdi...
Tarixçilərin də qiymətləndirdiyi kimi, bütün faciəvi tərəflərinə rəğmən Sarıqamış hərəkatı bir dram deyildi, qəhrəmanlıq dastanı idi. Dilində "kəlmeyi-şəhadət", qəlbində Vətən sevgisi Allaha təslim olan qəhrəman türk əsgərinin igidlik himni! Sarıqamış döyüşündə indiyədək savaş tarixində misli - bərabəri görünməmiş əxlaq örnəyi - komandan əmrinə itaət yaşanmışdı…
İndi bütün bu suallara cavab verməyə, gerçəyi üzə çıxartmağa vaxt yox idi. Həqiqət olan o idi ki, hazırkı halda dayandığı Çeğan təpəsinin dar keçidində qarşıdan hiss edilən, əsgərlərinin seyrəlməsi səbəbindən yaranan döyüş şəraiti həqiqətən çox namünasib idi. Yenə də Sarıqamış döyüşünün gedişatında qərarlı şəkildə yazıb uniformasının döş cibinə qoyduğu vəsiyyətnaməsinin hər cümləsi yaddaşında dolaşmaqdaydı. Dili əsgərlərini qutlayır, onlara ürək-dirək verir, ağlı, düşüncəsi Sarıqamış döyüşünün ən qızğın çağında yazdığı vəsiyyətnamənin son cümlələrini təkrarlamaqdaydı:
"…Bu halda vəsiyyətim: mən vəzifəmi yerinə yetirdiyimi sanıram və o cür də ölürəm. Düşmənə qarşı sonacan mübarizə aparın. Hər halda, axırda müvəffəq olacağıq. Mən hərəkətimə peşman olmadan qəlbən rahat şəkildə ölürəm. Yaşasın dinim, vətənim, padşahım. Əgər geridə qalanlarıma yardım etmək istəsəniz: həyat yoldaşım Sultan Əfəndi həzrətlərinin ödənəyi kafi deyildir. Rahat yaşaması üçün heç olmasa başkomandanlıq maaşımın onun məvacibinə əlavəsini və anamla atamın rifahının yerində olması ilə ilahi rəhmətə qovuşmam üçün bir qədər qayğı göstərilməsi üçün rica edirəm. Yüksəlişinə çalışmaqdan başqa bir məqsəd güdmədiyim dinimə və millətimə dua edir, tanıyanlara salam deyirəm. Yaşasın Müsəlmanlıq, Osmanlılıq və osmanlıların padşahı Sultan Mehmed xan! Sərvət adına bir şeyim yoxdur. Olan-qalan nə varsa rəfiqim Sultan Əfəndi həzrətlərinə buraxıram: Ənvər".
Sarıqamış hərəkatının planı yaxşı hazırlanmışdı, ancaq tətbiqi uğurlu alınmamışdı. Sonralar rus və alman zabitləri, hərbi yazarlar Sarıqamış hərəkatını ən müxtəlif yöndən dəyərləndirib ümumi uğursuzluğuna rəğmən yenə də türk əsgərinin mübarizliyinə olan heyranlıqlarını gizlədə bilməmişdilər: "Sarıqamış hücum planı qəti nəticəni sürətlə əldə etmək üçün yaxşı plan idi. Ancaq bölgənin şərtləri nəzərə alınmamışdı, tədarük məsələləri yetərincə həllini tapmamışdı. Türk ordusunun komandirləri məlumatlı, cəsur və mübariz idilər, amma döyüş təcrübələri kifayət qədər deyildi. Xüsusilə türk əsgərinin səbri, cəsarəti, intizamı, əmrə tabeçiliyi, mühasirə əməliyyatına sona qədər dayanmaları möcüzə kimi idi. Bütün bunlar sübut edir ki, türk əsgəri məğlub olmayıb. Ənvər Paşanın yeganə istəyi bir an əvvəl Sarıqamışa çatmaq idi. Qərargah komandirləri isə hər vəchlə onun bu qərarına mane olmağa çalışırdılar".
Sarıqamış döyüşündən əvvəl havalar yaxşı idi, sonradan havaların birdən-birə kəskin dəyişməsi də uğursuzluğa aparacaqdı. Üstəlik də ordu korpusları arasında koordinasiyanın təşkil edilməməsi, girişilən əməliyyatın coğrafi və iqlim şərtlərinin tam olaraq nəzərə alınmaması sonralar Ənvər Paşanın tənqid hədəfi olması üçün əsas götürüləcəkdi... Amma buna qədər də digər uğursuzluqlar və mənhus səbəblər də mövcud idi: Şərif bəy və İhsan Paşa IX Korpus Sarıqamışa çatdığı axşam Ənvər Paşanın hücum əmrini dayandırmayıb davam etsəydilər... Hafiz Haqqı bəy yolu uzatmayıb Sarıqamışa vaxtında çata bilsəydi... Ruslar Araz boyundakı birliklərini sürətlə geri çəkərkən XI Korpus komandiri onları saxlayaraq düşmən qüvvələrinin möhkəmlənməsinə imkan verməsəydi... Bu "şərtlər"in hamısının bir araya gəlməsi ilə şans rus əsgərlərinin üzünə güləcəkdi.
Amma gəl gör ki, bütün bu çatışmazlıqlarla bir sırada, kimin necə qiymətləndirməsindən asılı olmayaraq başlarında Ənvər Paşa olmaqla böyük bir ordunun uca Yaradana inanıb hər cür çətinliyə, yoxluğa və soyuğa qarşı fövqəladə dərəcədə bir dözüm və mətanətlə qalib gəlmək üçün irəliyə hərəkət etməsi misilsiz bir hərb nümunəsi idi. Sonralar bəzilərinin Ənvər Paşanın öz fərdi ehtirası, şəxsi mənfəətləri üçün ordunu Sarıqamışın önünə çəkməsi iddiaları cəfəng idi, yanlış rəy idi... Bu, nəinki mübariz bir paşaya, həm də onun əmrində "Allah... Allah!" deyib ölüm-dirim döyüşünə girən türk əsgərinə, onun qəhrəmanlığına da ünvanlanan bir həqarətdir, haqsızlıqdır. Çünki Sarıqamış hərəkatı sadəcə bir müharibə məğlubiyyəti deyildi, həm də öz əzminə, səbatına, nəhayət, verdiyi qurbanlarına görə böyük türk millətinin fəxarət dastanı idi...


Hüseynbala MİRƏLƏMOV 

Digər xəbərlər