usd-1.7000 eur-1.8082 rub-0.0181
Bakı 15°C 8.33 m/s
Son xəbərlər
18-04-2024
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qalib Şəfahət onu tanımayana artıq pıçıltı ilə yox, birbaşa söyləyir...

details

ƏDƏBİYYAT

17.11.2022, 18:24 Oxunub: 1913

Əbülfət MƏDƏTOĞLU : - Bizdən təqdimat, sizdən tanımaq

Qalib Şəfahətlə birlikdə etdik bunu

 

Adətən insan bir sayqısızlıq görəndə, bir diqqətsizlik hiss edəndə, hətta güvəndiyi, çox istədiyi, özünə doğma bildiyi və ən nəhayət, sevdiyi adamın layqeydliyini yaşamağa məcbur olanda onda özündən də küsür, bəxtindən də, hətta tanrıya asi olur. Bu mənada həyatın gərdişi, zamanın diktəsi necə olur-olsun, nələri dəyişir-dəyişsin dözmək mümkündür, bircə diqqətsizliyə, biganəliyə, laqeydliyə şəxsən mən dözə bilmirəm. Hətta çox dəyər verdiyim birisi, ağ da geyinsə, al da geyinsə, saçını, başını ütüləsə də, iynə ucu boyda laqeydliyini hiss edəndə içimdə inciyirəm. Çəkilirəm öz küncümə və başlayıram niyə? – sualı ilə çəkişməyə. O ana qədər ki, o niyənin cavabını tapım. Amma tapmayanda köməyimə ilham pərisi gəlir. Onda dərindən nəfəs alıram, çiynimdəki yükü bir az kənara atıram və başlayıram sözə sığınmağa.

Həmin ovqatla yaşadığım bu günün mənzərəsi cansıxıcı olsa da, köməyimə yenə söz çatdı. Masamın üstündəki kitabı götürüb vərəqləyəndə həmin mövzuda ruhumu oxşayan bir şeirlə qarşılaşdım. Necə deyərlər, şeir də, ovqar da üst-üstə düşdü. Şeirin müəllifi qələm və ruh dostum, həm də artıq özünü subut etmiş ürək həkimi Qalib Şəfahətdi. Qalib şeirinin adını beləcə müəyyənləşdirib. «O dünənki adamam mən»!!!

Görünür, şair dostum mənim yaşadığımı özü bildiyi kimi könlündən, ruhundan keçirib və sonda o da sözə üz tutmalı olub və yazıb:

 

Bir azca yorğun görünən,

Bir azca solğun görünən

Bir azca oğrun görünən

O dünənki adamam mən.

 

Bax, mən də elə həmin o ovqatın içində bir gördüm ki, etinasızlıq, biganəlik, hətta bir adamı qıcıqlayan baxış keçdi ürəyimin içindən. Sızıltısını özümdən başqa kimsə eşitmədi. Bilmədim, hara boylanım... Bilmədim qələmi, kağızı necə axtarıb tapım. Çünki həmin an o ürəyin sızıltısı yavaş-yavaş misralara çevrilirdi və mən də içimdən keçən o baxışın sahibinə, yəni Sənə üz tutdum və dedim ki:

 

Məndən mənə yaxınsan,

Məni oda yaxırsan.

Niyə elə baxırsan –

Bəlkə tanış gəlmirəm?

 

Hə, sual verdim, cavab almadım. Çünki cavab almaq üçün onunla üz-üzə dayanmaq lazım idi. Könüldən-könülə olan yolun məsafəsi nə qədər yaxın olsa da, həyatdakı məsafə böyük bir zaman tələb edirdi. Həmin məsafəni qət etmək indiki anda mümkün deyildi və mən də o məsafəni qət edənə qədər Qalib Şəfahətin əlimdəki «Mənə ürək verin» kitabından oxuduğum şeirə qayıtdım. İstədim ki, ordan bir az təsəlli alım. Çünki o da mən dərddə idi və yazmışdı:

 

Dərdimi dərdində boğma

Gedək gəzək dərd bağına.

Dünən yadam, bu gün doğma,

O dünənki adamam mən.

 

Burada bir məqamı xüsusi qeyd etməliyəm. Məndən fərqli olaraq şair dostum dünən yad olub, bu gün isə artıq doğmadı. Deməli, onun hardasa gileylənmək yox, sevinmək haqqı daha çoxdu. O haqqı qazanmaq və etiraf etmək təbii ki, böyüklükdü, həm də şairlik məharətidi. Mən məharətinə və böyüklüyünə əmin olduğum dostumun poetik deyiminin içərisində ruhun ruha bağlılığını da, təmasını da yaşadım. Ona görə də yazdığım şeirin ikinci bəndinə üz tutdum:

 

Bir vaxtlar sevginə ac,

Ötənlərə işıq saç.

Yaddaşın qapısın aç –

Bəlkə tanış gəlmirəm?

 

Ötüb keçənlər xatirə olur deyirlər. Xatirələr öz varlıqları ilə, yaddaşa hopmaları ilə əbədi ömür qazanırlar. Ona görə də onlarla baş-başa qalanda təkcə dünəni, keçmişi yox, həm də bugünü düşünməli, yaşamalı olursan. Öz içində bir ələk qurub əliyirsən hər şeyi. Bu da sənə imkan verir ki, bugünlə dünənin müqayisəsini edəsən, olmuşlarla olanın və olacağın arasında gəzişəsən. Ta o vaxta qədər ki, ürəyin, ruhun dinclik tapsın, sənin xatırladığın səni xatırlasın... sənin düşündüyün səni düşünsün. Onda mən o dünənki adamam deməyə ehtiyac qalmır. Amma şair də heç vaxt sözünü yarıda qoymur. Elə Qalib Şəfahət də dəyərli söz adamı kimi bu ənənəyə əməl edir və:

 

Sellərtək daşıb gəlmişəm,

Yolumu çaşıb gəlmişəm.

Özümdən aşıb gəlmişəm,

O dünənki adamam mən.

 

Yəqin ki, bu bəndi oxuyanda mənimlə razılaşdız. Çünki şair sözünü yarımçıq saxlasaydı, onda biz onun necə gəldiyini, nələrdən keçib gəldiyini bilə bilməzdik və bu da aşiqin, görüşə gələnin, indiki anda isə mən həmin adamam deyənin istəyi, iradəsi, məramı bizə bəlli olmazdı. Yaxşı ki, özünü aşıb gələn aşiq gəlişiylə həm özünü təsdiqləyir, həm də özünü bizə bir daha tanıdır. Bax, mən də düşünürəm ki, heç nəyin rənginə, çalarına, ağına, bozuna baxmadan, hətta zamanın özünə qarşı çıxmalı olsam belə  özünü təsdiqləməlisən. Xüsusilə sevgində və sevdiyinə münasibətdə:

 

Eh...Nə deyim zamana,

Yer qoymayıb amana.

Döndərib bir kamana –

Bəlkə tanış gəlmirəm?

 

Bax, qəddi bükülən, əsl Məcnun sifətində, Məcnun durumunda olan bir aşiqin bundan artıq nə deyə biləcəyini hər kəs öz istədiyi kimi düşünsün. Necə deyərlər, öz arşını ilə ölçüb qiymət versin. Mən isə zamanın haqqıma, yerimə vurduğu zərbələri, göstərdiyi müqaviməti, hətta məni kamana döndərməyini gizlətmirəm. Əksinə, bunların hardan, kimdən gəldiyini dəqiq bilir və həmin o Kimə, yəni Sənə pıçıltı ilə deyirəm: - Bütün  bunlardan sonra yəni, mən sənə tanış gəlmədim?! Bu sualımın ardını isə Qalib Şəfahət onu tanımayana artıq pıçıltı ilə yox, birbaşa söyləyir. O da xatırladır ki, sözümüz, üst-üstə düşən baxışlarımız nə tez unuduldu. Axı mən səndə tapmışam özümü. Bax, bu deyim sonda şeirin şah bəndinə çevrilir. Çünki birbaşadı, ünvanlıdı:

 

Axır tutdu söz yerini,

Gözündəki göz yerini.

Tapdım səndə öz yerimi,

O dünənki adamam mən.

 

Yəqin ki, siz də, elə şeirin ünvanlandığı həmin o kəs də artıq o dünənki adamı tanıdı. Mən bu tanışlığa, bu yenidən bir-birinə dönüşə sevinənlərdən biri kimi artıq gileylə yox, bir az coşqu ilə özümü təqdimin kulminasiyasına gəlib çatıram. Bir az obrazlı olsa da, amma aşiq çılğınlığı ilə həsrət çəkən, vüsal üçün təşnə olan bir istəklə deyirəm:

 

Dodaqların bal dadan,

Neçə aşiq aldadan.

Mənəm – həmən oğlanam –

Bəlkə tanış gəlmirəm?

 

Bütün mənzərəni «Bir şairin bir şeiri» layihəmdə bax, beləcə qarşılaşdırdım, paralelləşdirdim. Qalib Şəfahətin də, mənim də eyni mövzuya, eyni təqdimata bir bucaq altından baxdığımızı yazıya çevirdim. Zənnimcə, indi onu da tanıdılar, mənim də tanış olduğum yada düşdü. Deməli, bir söz adamı olaraq, özümüz özümüzü bacardığımız kimi təqdim etdik. Qaldı sizin və bir də sevdiyimizin tanımağı. Necə deyərlər, ixtiyar sizdədir!

.

 

Digər xəbərlər