ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Mənim üçün Anar müəllimin bir adı var, o da ANAR. Yazıçı, jurnalist, publisist, tədqiqatçı... - Məlahət İsmayılqızı yazır

ƏDƏBİYYAT
12.09.2022, 11:24 Oxunub: 5195
ANLAMAQ DƏRDİ...
yoxsa ANLAMAQ UCALIĞI...
İndinin Siyası fəlsəfəsi tərəqqiyi millərçilikdə görür.
Ö. F. Nemanzadə
Prometey iztirablarıyla gözəldi—R. Rza
Ən böyük dərd – anlamaq dərdi, artıq bir aforizm halına dönüşən bu kəlamı Anar yaradıcılığının pik nöqtəsi hesab etmək olar. Onun bütün yaradıcılığında, əsərlərində bu baxış hər an özünü göstərir. Yazıçı incə bir deyimlə Mirzə Cəlil dünyasına – bəlkə də özü üçün qurduğu dünyada insan xarakterini, həyatın eniş – yoxuşlarını, ağırlığını, acınacaqlı insan talelərini sərrast halda Təhminənin dililə obrazlı qaydada açır : “Bilirsənmi Zaur, ən böyük dərd nədir, görməmişlik dərdi” (Onu da qeyd edim ki, bu günlər Azərbaycan yazarlığının böyük bir qismini həmin görməmişlər dəstəsi müəyyən yollarla ələ keçirib- məndən söyləməsi...) Və nöqtələr...
Müşahidə, düşüncə, analiz – yeni forma və məzmunun vəhdəti – Anar müəllim yaradıcılığıdır bu. Müasir Azərbaycan lirik dünyasının, Vətən adlı şeir sevdasının Günəşi—ruhu Məmməd Araz və müasir Azərbaycan nəsrinin şahı Anar – çox illər öncə Ulu Göyçə torpağında onun yaradıcı aləmi ilə tanış olarkən bu cümləni yazmışdım: “ANAR NƏSRİNİ ƏDƏBİYYATIN ŞAHI HESAB EDİRƏM”. Çox illər öncə... Onda bilməzdim ki, illər sonra bu cümləni ilk kitabıma təqdimatımda yazacağam.
“SİZSİZ” əsəri – VƏTƏN, ATA- ANA və ÖVLAD-lar, bu amillərdən yüksəyi olmur. Rəsul Rza kimi bir şəxsiyyətin, mərd, qeyrətli bir kişinin və Nigar xanım kimi incə ruhlu bir şairənin Oğlu olmaq asan məsələ deyildi, hətta məsuliyyətdir deyirdim. Şəxsən biz Göyçə mahalında yaşayarkən Atamız bizə R. Rza adlı qüdrətli bir Azərbaycan ziyalısı haqqında məhəbbətlə danışardı. Və bu böyük şəxsiyyətin, şairin öz xalqının, Vətəninin mənafeyi üçün erməni daşnaklarına necə qənim kəsildiyini camaatımıza həvəslə anladardı. Göyçənin tanınmış ictimai xadimi, vətənpərvər ziyalısı İsmayıl Əliyevin R. Rza haqqında xatirələrinə əsasən 1964 – cü ildə BAPMəktəbini bitirdikdən sonra “Sovet Ermənistanı “ qəzetinə yeddi bölgə üzrə xüsusi müxbir təyin edilən zaman Ermənistan Ali Sovetində dinləmələr üçün ona mandat -- səlahiyyət imtiyazı verilmişdir. Bir dəfə üst yarusda oturub dinləmələrə qulaq asarkən səs- küyün, erməni vart- vurtunu eşitdim. Təbii erməni dilini gözəl bildiyindən məsələni anlayır. Söhbət qulağıkəsik andranikə heykəl qoymaqdan gedir. Deputatlar sədri ittiham edirlər ki, niyə məşğul olmursunuz. Cavab sadə olur, biz dəfələrlə Moskvaya bu barədə müraciət etsək də, demə bu müraciətin qarşısı Azərbaycanın böyük Öğlu Rəsul Rza tərəfindən qətiyyətlə alınır. Sözsüz ki, R. Rza kimi şəxsiyyət andranıklərin əlinin yüzminlərlə türkün qanına batdığını sübut edirdilər. Bax belə kişilərin çiynində idi Azərbaycan ! Belə bir ailədə dünyaya gəlmişdi Anar.
Vaxti ilə 2015- ci ildə dərrc olunan Göyçə həsrətli, Ata- Ana məhəbbətli “İTİRİLMİŞ CƏNNƏT yaxud GÖYÇƏ RƏMZLƏRİ” adlı ilk kitabımda Anar yaradıcılığına vurğunluğum sadə bir cümlə ilə ifadə olunmuşdur : Anar yaradıcılığını ədəbiyyatın şahı hesab edirəm. İllər öncə yazdığım cümlə və əvəzsiz Anar yaradıcılığı.
Və bir qədər sonra bu sətirlərin müəllifi sərbəst formalı şeirin ustadı R. Rza yaradıcılığı ilə tanış olacaq və onun bu tutqunluğu R. Rzadan onun dostu- arkadaşı olmuş Nazim Hikmət yaradıcılığına yönələcək.Və bu maraq, bu sevda- aşiqlik məhz ustad R. Rza təqdimatı, sevgisiylə vuruldum bu gözəlliklərə.
R. Rza yaradıcı bir İnsan kimi, Azərbaycanın ictimai xadimi kimi – Prometey atəşli, işıq dolu yeni nəslin yoluna ziya tutan əvəzsiz ziyalı oldu bizlər üçün, əzablı- əziyyətli, lakin şərəfli bir ömür – “Prometey iztirablarıyla gözəldir”...
R. Rzadan başlayan sərbəst şeir forması və və N. Hikmət yaradıcılığı və nasir, alim, jurnalist, publisist, senarist Anara doğru gələn “Anlamaq dərdi”nin anlayışı. Mirzə Cəlilə bəslənən sevgi yazıçının nəsr əsərlərində özünü satira, yumor halında, bəzənsə sarkazm halında təzahür etdirir, “Ağ liman”, “ Gürcü familyası”, “ Mən, sən, o və telefon”, Dünya bir pəncərədir”, “Şəhərin yay günləri”, “Adamın adamı”, “Beş mərtəbəli evin altıncə mərtəbəsi”... və Yenə də “Anlamaq dərdi”... sorsalar nə əxz etdin bunlardan ?...
Bəlkə də bir dünya... Hansı bir ölkənin cəhalət dünyasına aşkar meydan oxuyan M. F. Axundovu, “ ey mənim keçəl- küçəl qardaşlarım” deyən M. Cəlili, “Arazi- qəmlər əlində ciyərim şişmiş idi” deyə hayqıran M. Ə. Sabirə tay tutulası dühası var ?!. Haradadır cahil və cəhaləti, avamlığı, fanatizmi belə aşkar açıb tökən, sarkazm səviyyəsinə qaldıran və bu yolda həyatlarını, ailələrini belə itirən ziyalılar...
Və bizlər bu söz mülkünün cahilliyi, cəhaləti aradan qaldırmaq üçün mübarizə aparan Mirzə Cəlil övladlarıyıq.
Vəsf etdiyim bu özəllikləri öz yaradıcılığında ən mükəmməl halında duyan və içinə köçürən, dünyanınmı, yoxsa Azərbaycanınmı keşməkeşli həyatını ürəyinə, qəlbinə keçirən, ürək yanğısı ilə qələmə alan Anar müəllim, bunları duymaq da bir ürək işi ki, sonda sorur ; ən böyük dərd anlamaq dərdi...
Bu gözəl yazarın yaradıcılığı ilə illər öncə erkən yaşlarında “Mən, sən, o və telefon” və “Gürcü familyası “ əsərləri ilə tanış olmuşdum. Bu o zamanlar idi ki, Göyçə mühiti öz intibahını yaşayır və biz məktəb şagirdləri Bakı, Natəvan- 117- dən əsərlər gətizdirirdik. Səhv etmirəmsə Anar müəllimin bir çox əsərlərini AYB- nin orqanı olan “Azərbaycan “ jurnalı vasitəsilə tanımışdım. Və bu əsər məni cəlb etdi. İlkin mərhələdə cavan bir yazıçının fəlsəfi baxışları, qeyri- adi yenilikçi ruhu, dil üslubu və biz yeniyetmələr heyran idik. Məllifin- Anar müəllimin məharətli gedişləri, fəlsəfi anlatmaları insanın içinə, qəlbinə nüfuz edən mənəvi dünyasının məharətlə açılması... Bunlar olduqca zövqverici idi.
Lakin məni bir çoxları kimi Onun yaradıcılığının şah zirvəsi hesab olunan “Beş mərtəbəli evin altıncı mərtəbəsi “ əsəri deyildi. Əlbəttə ki, bu əsər özlüyündə günü bu günəcən insanı titrədən, bəzən qüssələndirsə də estetik zövq verən bir sevgi, məhəbbət yanğısı olsa da (əsər haqqında öz fikirlərim var ), şəxsən Təhminəni qınayıram ki, bu zaurlar uğruna ölməyinə dəyərmi idi... Bir nasir kimi Anar yaradıcılığına vurğunluğum həm Onun üslubu, həm fəlsəfi məqamları məharətlə analiz halında bizlərə- oxucuya ötürür və bizim folklor dünyamızın dərinliyinə enərək yenə də bizləri heyran edir.
Anar belə gedişlərlə həm Füzulini təqdir edir, həm də əvəzsiz inci olan folklorumuzu və oxucunu bir daha Füzuli aşiqliyinə dəli- divanə edir :
Deildim Mən Sənə mail...
Bu böyük şəxsiyyət eyni zamanda xalq mahnilarımıza sonsuz məhəbbətin təzahürüdür, bəlkə də hər hansı bir ziyalı ondan daha çox vurğundur xalq mahnılarımıza, bayatılara, ola bilər. Ancaq Anar müəllimin folklora, xalq mahnilarına, deyimlərə olan sevgisi əyanidir, təlqin edir, təqdim edir, vəsf edir. Di gəl belə bir yazara AŞİQ olma...
Pəncərədən daş gəlir,
Xumar gözdən yaş gəlir,
Səni Mənə vesələr....
Ay bəri bax, bəri bax...
Allaha da xoş gələr....
Bu nə sevgilər idi ki, bizləri həm titrədir, həm oyadır, həm də yaşamağa səsləyirdi. “Gün keçdi”, “Ağ liman”, “Sizsiz”, “Şəhərin yay günləri”, “Dədə Qorqud”, “ Şair Şah” və s
Əlbəttə bu mükəmməl İnsanın, ziyalının yaradıcılığı o qədər şahanə ki, ona vurulmamaq, onu sevməmək , Ona hörmət etməmək qeyri mümkündür.
Müharibə... bu xalq bu sözün dəhşətinin dəhşətini yaşadı, Saysız- hesabsız Şəhidlərimiz, viran qalmış yurdlarımız və Xocalı faciəsi...”Otel otağı”... nədən dönmüşdü Azərbaycanın çərxi... “xalqlar dostluğunamı”, əzəli- əbədi düşmən erməni daşnaklarını tanıyın... Bu müharibə və mübarizə əbədi sürəcək, tanıyın millət, erməni adlı daşnakı- unutmayın erməni türkün düşmənidir.
Müasir Azərbaycan nəsrinin – üslubunun, yeni düşüncə tərzinin , yeni fikir baxışının üçbucağı Anar yaradıcılığıdır. Onu nədənsə hər zaman Özüm üçün "Adamın Adamı " hesab etdim.
Mən nə tənqidçi, nə tədqiqatçə kimi deyil, bir oxuci kimi, Anar müəllimin heyranlarından biri—yəni belə deyək əslində düşüncəmə görə dahi yazarlar, şairlər, elm- bilik adamları olduğu kimi, dahi- böyük oxucular da olur. Zənnimcə mən Onlardanam. İlkin məni bu yazıçının dili heyran etdi, Anar yazını, fikir və düşüncələri qəlibdən çıxardı və ənənəvi üslublara bir mübarizə elan etdi sanki. Və üstəlik xalq folkloruna verdiyi dəyər, incə ruhla şifahi ədəbiyyatın təqdimi o qədər xoş, zərif təqdim olunur ki, heyran qalmamaq qeyri- mümkündür...
Anlamaq dərdmi yoxsa Ucalıqmı !?. Anlamaq dərd olsa da zəkaya xasdır, insanlar yeni ruhlu ola bilər, məs. şeir yaza bilər, lakin öz cahilliklərinə qalib gələ bilməz. M. Cəlilə xas olan anlamaq dərdi deyimi çox keçmədən yüksək düşüncəli yazarlarımız içərisində, onların əsərlərində özünə yer tutdu. Mirzə Cəlil mövhumatı, cahil dünyanı, molla düşüncəsini tənqid edir, satira dili ilə “ ey mənim keçəl- küçəl “ qardaşlarım desə də bu yazılarda zərif bir yumor, , öz avam xalqını cəhalətdən oyatmaq istəyi, arzusu yer tuturdu. M. Cəlil satirası Anar yaradıcılığında ən yüksək zirvəyə qalxır... O, demir ki, “həyat bitdi”, Anar deyir ki, elə məqamlar var ki, axara qoşulmurlar, elm, təhsil, maarif, savad almaq lazım. Hərtərəfli ziyayılarla əhatə olunmuş , ən görkəmli ədiblərlə -- millətsevərlərlə əhatə olunan- böyüyən, nəticə də Azərbaycan nəsrinin dahilərdən dahisi olan Anar müəllim yaradıcılığı özü də möhtəşəmdir və ürək yanğısından qaynaqlanır. Bu günlər M. Cəlil ədəbi məktəbini keçmiş və bu dərdli yaradıcılığı sevən minlərin içində Ucaların ən Ucasıdır yazıçı Anarın , şair- publisist, jurnalist, alim Anarın qələmi, o qələm ki, sonda “Anlamaq dərdi”ndən “Anlamaq Ucalığı”na doğru yol alır...
Xüsusən M. Cəlilin “ Ey mənim keçəl – küçəl qardaşlarım” ifadəsini nasirin – Mirzə Cəlilin anlamaq dərdini özünə dərd edən yazıçının incə ruhunu, dünyanın gedişatını, Qarabağ düyününə işıq salmaq istəyi və bu yöndə ziyalı sözü , xalqını bəlalardan qurtarmaq istəyi dayanırdı.
Təbii bizlər- mən Anar müəllimi hələ orta məktəb şagirdi ikən yaşadığım, böyüdüyüm və sevdiyim Göyçə mühitində tanıdım.Dünyaya gəldiyimiz ocaq, müəllimlərimiz və dünyanın Parisi hesab etdiyimiz Bakıya doğru can atan gənc qəlblər cavan bir yazıçının yeni dil maneralarından , üslubundan, , bir qədər romantik baxışlarından və nəhayətində M. Cəlil sevgisindən necə fərəhlənməyəydi... “Ağ liman”, “Mən, sən o və telefon”, “Anlamaq dərdi”, “Şəhərin yay günləri”, “Sizsiz”, “Dədə Qorqud dünyası”, “Şairin zəfəri”, və s... nəhayət “Beş mərtəbəli evin altıncı mərtəbəsi” – romanı, söhbət təkcə Zaur- Təhminənin məhəbbətindən getmirdi Əsərin axıcı, oxunaqlı dili, folklordan məharətlə istifadə və yenə də İnsanınmı, yoxsa İnsanlığınmı Anlamaq istəyi. Anar müəllim demişkən indi minlərlə Zaur- Təhminələr var, lakin həqiqi sevgilər varmı, öz məhəbbəti uğrunda ölməyi seçənlər varmı... yəni təmənnasız, iddiasız məhəbbətlər...
Əslində əlbəttə var, İlham- Fərizə dastanı, bir qədər irəli getsək Müşfiq- Dilbər cütlüyü, ... və nöqtələr Zamanmı utansın yoxsa İnsanlıqmı...
Mənim üçün Anar müəllimin bir adı var, o da ANAR. Yazıçı, jurnalist, publisist, tədqiqatçı... hələ artırmaq da olar. Sadə insanlar üçün sadəcə Anar, yaxud Anarı oxumusanmı...
İntibaha bürünmüş Göyçə mühiti və ilkin olaraq M. Cəlili təkcə tanımadıq, aşiq belə olduq onun “Anlamaq “anlayışına bəlkə də içimizə axıtdıq göz yaşlarımızı... M. Cəlil yanğısına böyük dəyər verən Anarı da belə sevdik, vurulduq. Dərdlərimizi, fanatik cahilliyi, din adı altında milləti təhsildən, ziyadan məhrum edənləri gördük, tanıtdı bizlərə kimliyimizi...İncə gülüş dolu yumor, satirasına, söz demək məharətinə, öncəsi isə Vətən sevgisinə vurulduq, istər bizlərdən öncə Anar, Ata- Analarımız, ziyalılarımız və məqam gəldi bizlər aşiq olduq Axundov- M. Cəlil, M. Ələkbər Sabir üçlüyünə. Buralardan kəşf etdim Anarı.
M. Cəlil və Anarın onu “Anlamaq Dərdi”ni anlaması yox, ürək ağrıları ilə çırpıntıları ilə çırpınışı... “Molla Nəsrəddin”i M. Cəlil kəşf etmədi, sadəcə Azərbaycanın cahil mühitini oyatmaq, Məhəmmədhəsən əmiləri, əhmədləri, izzətləri, Sadıx əmioğlularını, zeynəbləri qara cahil çirkinlikdən çıxarmaq üçün yumor dililə , acı sarkazmla millətini oyatmaq, öz haqlarını tanıtmaq istəmişdi.
GÖYÇAY və GÖYÇƏ - - maraqlıdır, eyni kök, türkün özü kimi kökümüz neçə- neçə minilliklərə işləyir. Və biz eyni yurdun övladlarıyıq, bu da bir xoşbəxtlik, təbii aralarında kilometrlər olsa da, türkün ruhu məmləkətsevərləri birləşdirir.
Sevdim, sevirəm,
Sevəcəyəm səni həyat kimi – R. Rza
Mən Sizləri vəsf etdim, ya etmədim, Məhəbbət adlı Abidədir R. Rza- Nigar Rəfibəyli məhəbbəti. ÖRNƏK OLMALI.
Belə bir atəşin mühitdə böyüyən Anarı Göyçədə acgözlüklə oxuyurduq. M. Cəlil, Sabir, öncəsi isə M. F. Axundov təsiri ilə fanat kütlənin, cahillər dünyasının iç üzünə bələd olduqca Anarın “Anlamaq dərdi”ni anladıqca ömürlərini şam kimi əridən bu müdrik oğulları, işıqlı ziyalıları sevir və fəxr edirsən ki, bu zəngin simalar, bu ziyalılar məhz bizim xalqa məxsusdur.
Əlbəttə klassik Azərbaycan ədəbiyyatının işıqlı simaları, Vətən sevgili oğulları çox olub. XIX- cu əsrin əvvəlindən bu günümüzədək böyük bir ziyalılar ordusu mövcuddur Azərbaycanın maarif, elm, bilik fədailəri, həqiqi istedad sahibləri, vətənsevərləri... Nizami, Füzuli, Nəsimi, Nəbati, Vaqif, Vidadi, Seyid Əzim, Mirzə Şəfi, H. B. Zərdabi, ... nə fədailər, maarifpərvərlər yetirmədin Vətən. Azərbaycan klassik ədəbiyyatının sütunu M. F. Axundovla başlanan realizm, dini xurafatın ifşası, cahil və fanat bir cəmiyyət...
Belə bir mühitin içərisindən M. Cəlili və ətrafını dərk və analiz edərək xalqına daha bir xidmət etdi yazıçı, nasir ,alim, publisist Anar.
Və özüm də hiss etmədən Anar yaradıcılığına vurğunluğum artıq uzun illərdir ki, yol gəlir, nəhayət düşündüklərimi deyil, bu gözəl yazarın- İnsanın və öncəsi məsum şəxsiyyətin yaradıcı dünyasının mənə verdiyi özəllikləri ifadə etmək qərarına gəldim. Qutsal Göyçə və mənə genimlə ötürülən sözə heyranlıq, aşiqlik, analiz və müşahidələr, eyni zamanda alt- üsst edilmiş talelər, Qarabağ müharibəsi, itirdiyimiz Ocaqlarımız- bax belə duyğular, reallıqlar və zalım, mərhəmətsiz dünyanın min – bir gedişləri... təbii nə Ululardan Ulu torpağımı unutdum, nə əslimi- kökümü, nə də Azərbaycan ziyalılığının mənə Atam tərəfindən ötürülən, ziya adlı işığını. Qazandıqlarım oldu bunlar.
Anarı təkcə yazıçı- nasir kimi deyil, tənqidçi- jurnalist- alim, nə olur olsun, Vətən- Azərbaycan sevgili bir fədai kimi gördüm hər zaman. Təkcə M. Cəlil tədqiqatçısı kimi - “Anlamaq “ adlı bir leksikonu ədəbiyyatımıza gətirən, milləti bir daha silkələdiyini görmək çətin deyil, Onun yaradıcılığının hər bir nöqtəsində insanları tərbiyələndirmək, ayıltmaq və maarifləndirmək istəyi dayanır. Elə həmən “Anlamaq dərdi” yetirmişdir “Molla Nəsrəddin”i... Mirzə Cəlil bu jurnalın dililə dedi öz ürək ağrılarını zavallı millətinə , Zeynəblərə, Məhəmmədhəzənəmilərə, İzzətlərə, Əhmədlərə ... lakin nə edir – etsin Xudayar- bəylər daha da çoxalıb... sizlər ömürünüz şam kimi yandırdınız, əritdiniz, bu yolda övladlarınızın, özünüzün sağlamlığından keçdiniz, Axundov kimi maarifçi- islahatçı, dramaturq, nasir- şair, öncəsi isə millət təəssübkeşini gecə ikən qaranlıq yollarla müsəlman avam mühitinin daş- qalağından qorxaraq gizli, xəlvəti dəfn etdiniz...” ey- mənim keçəl- küçəl qardaşlarım”... nə etdiniz belə... Yüz ildən çox bir zaman ötsə də bu avam camaat daha da pərişan durumdadır, onu oyadacaq yeni M. Cəlilləri, Səhhətləri, Sabirləri, bəlkə də Mirzə Fətəliləri gözləyir... Məhz belə bir dünyanı oyatmaq mümkünmü... Anar yaradıcılığı elə bu istəklərdən doğmuşdur, sadəcə Anlamaq Ucalığı ola !
M. Cəlil və Anar- bu iki Azərbaycan sevgili ziyalını birləşdirən M. Cəlilin cahil müsəlman dünyası və avam xalqı oyatmaq istəyi, Anar bir yazıçı, bir vətəndaş olaraq anlamağı- anlayışı özünə deviz kimi götürərək, sanki M. Cəlil dühasına bir vurğun olaraq onu açdıqca heyrətlənir və öz baxışları ilə bizi də heyrətləndirir. “Ölülər”- möhtəşəm əsərdir, zəkalı bir insanın faciəsi gözlər önünə səpilir. Kefli İsgəndər obrazı ilə cahilliyə gülsək də, o qaranlıq, cahil mühiti- cəmiyyəti gözlər önünə gətirir və İsgəndər adlı maarifçi, ziyalı bir cavanın faciəsi bizi susqunluğa qərq edir. Əslində bu bütün Şərqi çuğlamış fanatizmin, din adı altında cahilliyin faciəsi idi. Nə təəssüflər ki, bu günlər din adı altında yenidən cəhalət baş qaldırmaqdadır, əlinə telefon ala bilərsən, texnalogiyalardan istifadə edərsən, ancaq baxışların orta əsrlərdə ilişibsə, bunun adı cahillikdir...
R. Rza şeiriyyət dünyasının Vətən adlı həsrətini təqdim etdi Azərbaycan oxucusuna, Vətən həsrətinin yanğısında Hələbdə soyulan Ulu Nəsiminin nakam taleyini bir daha təqdim etdi Azərbaycansevərlərə. Düşüncələrdə Ərəbistanın boz çöllərindən bütün Şərqi, İraq türkmənlərini çatdırmaq deyil, xatırlatdı bir daha. Azərbaycan R. Rza adlı qeyrət dünyasının şeiriyyət aləminin N. Hikmət adlı yanğısını təqdim etdi, oxucu Onu şair kimi tanısa da, bu çox az idi, Vətən həsrətli-Türkiyə həsrətli N. Hikmət və müdrik R. Rza adlı dünyaların Azad ruhlu şeiriyyət aləmi... Və Onların əbədi dostluqları.
Belə bir ruhda böyüdü Azərbaycanın Anar adlı dühası.
Anlamaq bir dərd kimi təqdim olunsa da, yüz illər sonra belə öz mahiyyətini itirməyib. Cəmiyyətin, insanların bu günlər savadlanmağa, maariflənməyə ehtiyacı daha da çoxalıb. Dünyanın məhvərinin yerindən qopması, bölünmüş dünyanın yenidən bölmək ehtirasları, baş qaldıran yeni hitlerizm - əslində bizləri daha da gözüaçıq olmağa çağırır. Məhz belə gərgin məqamlarda, dinin yenidən cahil- avamlar əlində silah edilərək Şərq- müsəlman dünyasını din adı altında çirkaba bulamaqdır məqsəd. Nə üçün deyə sual verilə bilər, özlərinə savadlanmadan, maarifdən uzaq bir taxt- tac qurmaq üçün. Axı avamları- fanatları idarə etmək daha asan olur... Çünki, savadlı insan zəki olur.
Anlamaq dərdi- Anlamaq Ucalığı, bu da hər kəsə şamil deyil.
“Sizsiz”də, Ata- Anasız bir dünya və Anlamağı özünə bir deviz kimi götürən yazıçı : “Dərd adamı dəyişdirir. Müdrikləşdirməsə belə hər halda sinnini bir xeyli artırır. Dərdin bir günü – dərdsiz- qəmsiz yaşamanın yüz ilinə bərabərdir”. Bu hisslər, bu sarsıntılar necə acı vericidir. Biz əzizlərimizdən sonra ölmürük, bu acı ilə yaşayırıq, daha doğrusu yaşamağa çalışırıq, alışmırıq, alışmağa çalışırırıq və sadəcə yaşayıriq. İçimizdə Sizli bir dünya – aləmi başdan- ayağa gəzirik, lakin kim Sizləri, Sizin Övladınıza olan sonsuz məhəbbətinizi əvəz edə bilər...
Xatirələrin yaxını
Ağrıdan olur...
Göynədən olur...
Uzaqları
Daha mülayim, sakit. – R. Rza
Doğru Anar müəllim, ən ağır itkidir sevdiklərin, Vətən həsrətli sevdiklərini ev- eşiklərindən, Ocaqlarından uzaqda məzara qoymaq... İtirdiyimiz əzizlərimizin yanğısı ilə yaşamaq. Və ürəkdə qubar bağlamış əsir Türk yurdlarını, Ocağını unuda bilməmək, göynədikcə göynəmək... əzir Nənə- Baba məzarları üçün yanmaq və içindən qopan ahlar...
Göyçəni görən ağladı,
Od tutub yanar ağladı,
Bir də yönüm O Vətənə...
Nə vaxt düşər ağladı ...
Sevdiklərimizi, Ata- Analarımızı məzara gömdük, yurd yerlərimizi, daşımızı- çınqılımızı, cığırlarımızı, ayaq izlərimizin artıq ot basmış cığırlarını min bir vəsflə sevərək, oxşayaraq sətirlərə düzdük, kitablara çevirdik...
Göyçə həsrəti, Göyçə nisgili dedik, kimlərsə eh dedi, kimlərsə anladı... Ancaq Ocaqlar söndü, sonda külü qaldı...
Bu elə dərd ki, könül adlı qəlbin içində körün- korün tüstülənir, sonda səni yeyib- tökür...
Və yenə də R. Rza dünyası bir təsəlli kimi gəlir köməyə:
Bir gün mənsiz olacaqsan,
Sənsiz olacağam deməyə,
Gəlmir dilim...
Yazıçı Anar və Onun çoxşaxəli yaradıcı dünyası, romanlar, povest, hekayələr, senarist, kino rejissoru, publisistik yazıları... Və “Beş mərtəbəli evin altıncı mərtəbəsi”... axı bu nə demək, beş mərtəbə necə altı ola bilər... bu bizim arzularımızın ilğıma dönüş nöqtəsidir. Heç vaxt həyata keçməyəcək istəklərimizdir. Əgər İnsanlar inansaydı deyir Anar müəllim, əgər... bəlkə də anlasaydı...
Əsərdə hadisələr məişət zəminində baş versə də, yeri gəldikcə təbəqələşmə, dedi- qodulu bir cəmiyyət, yazıçının təbirincə “adamın adamı”nın oynadığı rol, fərqi yoxdur bacarığın, qabiliyyətin çatır, ya çatmır vəzifəli birinin oğlu da elə burada oturmalıdır... Sözbaz, qeybətcil bir dəstə və maraqlı burası ki, burada qeybəti kişilər daha çox edir, və hər şey cəmləşir gözəl, lakin “ağılsız” bir qadının ətrafında. Doğurdanmı Təhminə ağılsızdır, məncə yox, sadəcə cəmiyyət deyil, öz “anası” belə qızının taleyində mənhus rol oynayan, mühitdir məhv edən təhminələri... və o mühitin yetirdiyi bivec, heç bir faydalı işlə məşğul olmayan, səhər- axşam gəldi- getdiyə qol çəkmək məcburiyyətində qalan adamlar, təbii dadaşlar, məmmədnəsirlər, muxtarlar, zivərxanımlar, cabbarlar... və nələr,yenə də nələr... Dedi - qodulu bir mühit (əslində indi bu bəla- paxıllıq bütün cəmiyyəti başdan- ayağa sarmışdır), nəhayətində özəl Təhminənin axırına çıxır, axı nə istəyirdi Təhminə, Zaurla bir ömür sürəcək məhəbbət. Anlaşılmayan o idi ki, (yenə də anlamağın dərd olduğu məkan və Anlamaq Ucalığı) Zaurların iqtidarı çatardımı bu balaca ailə yuvasını qorumağa, təbii ki, yox.
Və beləcə də bu eşq macərası Füzulidən tutmuş xalq mahnılarına, bayatılara əsir olan, böyük hərflərlə yazılan, İnsan adına vurğun zərif Təhminəni elə bayatı kimi də məhv edəcəkdi...
Ey Füzuli, şam- qəm əncamına ümid yoxdur,
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh...
Zaur bilirdi ki, daha sabahlar çox açılacaq, ancaq açılan sabahlarda onun Təhminəsi olmayacaq. Və yenidən uzun və mənasız- eşqsiz bir ömür gəlib keçəcək, ev- iş qayğıları... Və bu da son.
Təhminələri məhv edənlər elə bu cəmiyyətin özü deyilmi!?. Çünki yaxşı və gözəl olanları məhv etmək, didib- parçalamaq xisləti xasdır vəhşi insanlığa...
Belə eşqlərin sonu olmur, belə eşqlərin sonu ölümdü... İndi eşqlər iddialar, təmənnalar, ambissiyalar üzərində qurulur. İndi “şair”lər belə məhəbbət şeirlərini sifarişlə yazıram deyirlər, hansı təmiz duyğulardan danışaq...
Mirzə Cəlil dühasının böyüklüyünə söykənərək, anlayaraq dünyaya - ədəbi mühitə öz töhfəsini vermiş nasirin Şah Babamıza həsr olunan “Şairin zəfəri” və minilliklərdən səda salan “Dədə Qorqud” adlı yazılaı, məqalələri...
Mənəm Sultan Xətai Heydər oğlu,
Mənim yolumda qovğalar gərəkdir !
Heyranı olduğum Şah Babamız və Müasir Azərbaycan nəsrinin Şahı—Anar müəllimin “Şairin Zəfəri “, Şah İsmayıla sevgi ilə yanaşması- bax budur əxlaq, özündən əvvəli sensassiya xatirinə yıxıb sürükləmir-- əksinə tutduğu Uca mövqeyin- Ucalığını anladır anlamaq istəməyənlərə. Xətai körpəlikdən əldə etmişdi məsləyini. Anar müəllim tək bu “Şahın Zəfəri “ i ilə Şah İsmayılın kimliyinə, yoluna, məsləyinə, məramına dərindən nəzər salır, incəliklə Şahımızı sevərək anlayanlara bir daha sevdirir.
Tək bu məqaləsi ilə - “Şahın Zəfəri” tədqiqatı ilə Onun bütün yaradıcılığının gözəlliyini, düşüncə baxışınl, sevgisini yeni möhtəşəm ideya zənginliyində Azərbaycan oxucularına öz Ulu Şah babalarının kimliyini çatdırmaq yolunda çox diqqətəlayiq əvəzsiz əsərdir. Hətta deyərdim tək bu yazı ilə Anar müəllim müasir Azərbaycan nəsrinin Şahıdır. Əslində Şah İsmayıl tək şair deyil, məslək- məqsədin daşıyıcısı idi. Məqsəd və məsləyin daşıyıcısı , bu məsləyin sütunu isə ədalətsizliklə barışmamazlıqdır. Nə qadağalar, dar ağacları belə insanın yeni ruhunu, azad düşüncəni boğa bilməyib, insanın azadlıq ideyalarını susdura bilməyib. İnam və İmanın vəhdəti – Şirvanşah sözsüz ki, Şah İsmayıl üçün Yezidin təcəssümü idi.
Üzülənlərin, məzlumların, məğlubların məsləyi idi Şah Babamızın tutduğu yol. Bu məslək ümid yeri – Mehdi sahibi- əzzaman, yer üzündə ədaləti bərqərar edəcək. Artıq yeni məfkurə ilə dövlət yaratmaq istəyi çox təbii görünür. Anar müəllimin Şah İsmayılı anlamaq istəməyənlərə Anlatdığı ən gözəl həqiqət əks olunub “Şahın Zəfəri”ndə.
Maraqlı burası ki, bu yazı mənə 2020-ci il sentyabrın 27-si, erməni işğalçılarına qarşı 44 günlük Zəfər Qəlbəmizi xatırlatdı. Qalib Azərbaycan Ordusunun Qalib Sərkərdəsi- Ali Baş Komandan İlham Əliyev Cənabları. Və Azərbaycan xalqını erməni faşizmindən qurtaran, ədaləti bərqərar edərək Qarabağı işğaldan Azad edən sərkərdə.Tarixmi təkrar olunur, çünki, zaman bu günlər Azərbaycandan yanadır. Ayıq- sayıq olmalı, düşmənə aman verməməli, rəvac verməməli.
Bütün bunlar Mirzə Cəlil dünyasına sevgisindən bəhrələnən, bu günəcən öz yaradıcılığında Anlamağın Ucalığını yaşayan Rəsul Rza Oğlu Anarın əvəzsiz İnsan və nasir olduğunun təzahürüdür.
Xan-ım hey... yəni əslində mən də çoxları kimi bu kəlmələri qadına, Anaya müraciət kimi anlamışdım. Əslində isə “Mənim Xan- ım, xaqanım demək”- “Dədə Qorqud” Ulu Babamızın kitabıdır. Dədə- babalarımızın ölümsüz yadıgarıdır”. Maraqlı burası ki, Anar müəllim o qədər səmimi alim ki, Dədə Qorqud haqqında tədqiqat əsərini oxuyarkən hər cümləsi istənilən Vətən sevdalı- millətsevdalı əsərə epiqraf ola bilər.” Azərbaycan xalqının şah əsəri, Ana kitabı Dədə Qorqud dastanıdır”- Sizsiz, 1992, səh 11.
Anar müəllim, Sizin yaradıcılığınız çox yüksəkdə dayanır, çünki ruhunuzda eniş- yoxuşlu dünyanın məntiq və fəlsəfəsini gözəl bilən, duyan bir Qəlb evinə maliksiniz. Bunu tək mən demirəm, Sizin yaradıcı dünyanız, baxışınız, analıziniz və düşüncələriniz deyir. Üstəgəl dilimizin qrammatik qanunlarına riayət edərək önə çıxardığınız və mənim kimiləri heyran edən bir qədər romantik, bir qədər fəlsəfi və məntiqə söykənən üslubunuz. Nə yaxşı ki, varsınız.
Adamsızların “Adamın adamı” Anar müəllim bilirəm ki, tək ziyalılar deyil, xalq içərisində belə O, sadəliyin, səmimiyyətin, ədalətin özüdür. 90- cı illər hadisələri və Anar müəllimin Moskvadakı, Kremldə- SSRİ Ali Sovetindəki çıxışları, təkcə xalqına olan məhəbbətdən, sevgidən deyil, Qarabağa, musiqi beşiyi Şuşaya, eyni zamanda torpaqlarımız uğrunda baş qoyan Şəhidlərimizə, Xocalı faciəsinə intiqam- qisas hissindən qaynaqlanır və yenə də öz məmləkəti üçün və torpağa olan atəşin sevisindən irəli gəlirdi. Əsil aristokratlara xas, əsil ziyalı, görmüş ailənin hərtərəfli bir övladı kimi xalqına dayaq durdu bu böyük şəxsiyyət. Həyacanlı, ağrılı illər idi, Anar müəllim, B. Vahabzadə, X. Rza, M. Araz, X. Məmmədo, İsmayıl Şıxlı v və s kimi ziyalıların varlığı bizim ümid yerimiz idi. Və yenə də o taylı- bu taylı- Cənublu, Şimallı Azərbaycan Vətən uğruna çağırırdı Oğullarını “Könlümün sevgili məhbubu Mənim” deyirdi Azərbaycan sevgili İnsanlar...
Sən çağırsan gələrəm Mən,
Eybi yox, ölərəm Mən,
Təki sən yaşa,
Yaşa Azərbaycan !
Vətən hayqırışlı bu şeir parçası Azərbaycan Demokrat Firqəsinin ilk prokuroru olmuş, İran cəlladları tərəfindən dar ağacından asılmış Firudin İbrahimiyə məxsusdur. Belə Oğulları olan Vətən hər zaman Var olacaq.
Və yenidən Dədəm Qorquda müraciət edirəm, “Dədə Qorqud kitabı “ doğmadan doğma, aydından aydın bir əsər olmaqla bərabər, mətni, mənşəyi dövrü bir çox digər yönləri baxımından sirlidən sirli, açılmazdan açılmaz bir abidədir”- “Sizsiz”, 1992, səh. 14
Uzun bir zaman fövqündən Sizin yaradıcı dünyanıza, sirlidən- sirli həyat fəlsəfənizə azacıqda olsa o sirli dünyanın qapısından boylana bildimsə...
Ömür bir fəlsəfə,
açması yox...
müəmma, tapmacası çox...
Həyat, həqiqət yerin üstündəmi,
Yoxsa yerin altındamı...
Cənnət arama,
Doğulduğun torpaq,
Yaşadığın od- Ocaq,
Atalı – Analı dünyan imiş
Cənnət !
M. İsmayılqızı
R. Rzanın, N. Hikmətin mavi gözləri, Ata- Anamın mavi gözləri və dünyaya Ulu Göyçədən baxan mavi baxışlar fonunda bir uyarı var, türklər deməli nerədən- nerəyə... Əslində dünya elə də böyük deyilmiş, oxşarlıqlar, eyni və təzadlı rənglər və İnsanların XOŞ – BƏXT olmaq istəyi.
ANAR yaradıcılığına və Şəxsiyyətinə sayğılarla
M. İsmayılqızı
P. S. Və bütün bunların fövqündə “Anlamaq dərdini “- Anlamaq Ucalığına qaldıran Anar...
Xoşbəxtlik zirvəsini fəth edən Anar müəllim zirvəni fəth etsə də yerində saymır, yenə də axtarışda, yenə də əlində qələm “Adamın Adamı” olmaq arzusu ilə yaşayır. Qələminiz və o gözəl düşüncələriniz, həyata- ömürə fəlsəfi baxışlarınız VAR Olsun ey “Adamın Adamı”!
MƏLAHƏT İSMAYILQIZI
AJB-nin və AYB-nin üzvü
Tədqiqatçı- publisist, yazar.
