usd-1.7000 eur-1.8082 rub-0.0181
Bakı 20°C 4.23 m/s
Son xəbərlər
18-04-2024
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

  İLLƏRƏ SÖYKƏNƏN BIR GÖRÜŞ  - Bəxtiyar Qaraca yazır

details

ƏDƏBİYYAT

15.03.2023, 16:18 Oxunub: 4326

                 

                    İLLƏRƏ SÖYKƏNƏN BIR GÖRÜŞ 

Söhbət tarixi bir görüşdən gedir və bir çoxu kimi mənim üçün də bu görüş, demək olar ki, gözlənilməz oldu. 1997-ci ilin iyun ayı idi. Respublikamızda ictimai-siyasi gərginliyin hələ də davam etdiyi bir dövrdə ümummilli lider Heydər Əliyev vaxt tapıb Ağdərə, Xocalı və Laçından olan bir qrup qaçqınla və Qarabağ hadisələrinin işıqlandırılmasında rolu olan bir neçə telejurnalistlə görüşmək istəmişdi. 
Bu, o qaçqınlar idi ki, neçə illərdi Qarabağda yaşayırdılar, istər Sovetlər dönəmində, istər müstəqilliyin ilk illərində bölgədə baş verən hadisələrin içərisində idilər, erməni məkrini, hiyləsini öz taleyində dəfələrlə yaşamış insanlardı. Babaları, nənələri, bir sözlə, bütün nəsli zaman-zaman acılı-şirinli bu həyatın hər üzünü görmüşdü. Gördükləri üçün də ürəkləri dolu idi, danışmağa sözləri çox idi... 
Bir də burda dediklərini - bu böyük insana olan sevgilərini, inamlarını o çətin vaxtlarda -1990-92-ci illərdə dillərinə gətirməkdən qorxmayan, çəkinməyən insanlardı. Bu, o telejurnalistlər idi ki, artıq neçə illərdi respublikamızda, xüsusilə Qarabağ bölgəsində baş verən hadisələrin olduğu kimi ölkə əhalisinə çatdırılmasında az-çox xidmətləri vardı. ”Jurnalistin vətəni olmaz”- deyiblər, onlarınsa Vətəni vardı - bu, elə həmin işğal olunmuş Qarabağ idi, onun qaçqın-köçkün ömrü yaşayan əhalisinə qarışmış doğmaları, əzizləri idi. Elə özləri idi... 
Prezident danışır. Görüş vaxtı yarım saat nəzərdə tutulsa da, uzandı. Hiss olunurdu ki, Prezident ən ağır günlərdə lentə aldığımız, o vaxt öz ürək sözlərini soyləməkdən çəkinməyən bu insanları bir daha dinləmək, eşitmək istəyir. ”Mən sizi son vaxtlar televiziyada göstərilən arxiv lentlərində görmüşəm. Ona görə də çox maraqlandım ki, sizinlə görüşüb tanış olum və Nizami Xudiyevdən xahiş etdim ki, əgər bizim bu vətəndaşlarımızın, insanlarımızın imkanı olsaydı, görüşmək istərdim, - deyə dövlət başçısı görüş iştirakçılarını salamladı. - O arxiv lentləri, televiziya videolentləri Azərbaycanın faciəli hadisələri ilə əlaqədardır - Xocalı soyqırımı, Laçın, Şuşa rayonlarında gərgin vəziyyət yaranan dövrlə bağlıdır. Bunlar hamısı 1992-ci ilə aiddir. Özü də 1992-ci ilin əvvəlləri, may ayıdır - mən belə gördüm. İndi 1997-ci ildir, üstündən beş il keçibdir. Sizin o vaxtkı həyəcanınız - doğma torpaqlarımız, doğma Vətənimiz ilə əlaqədar həyəcanınız, vətənpərvərliyiniz və xalqı, milləti, öz torpağımızı qorumaq üçün etdiyiniz çağırışlar o vaxt da çox qiymətli olub, indi də çox təsiredici səslənir. Eyni zamanda, o vaxt siz hadisələrin içində olarkən, o ağır şəraitdə olarkən Azərbaycanın nə üçün belə vəziyyətə düşməsini bəlkə də başqalarından çox siz orada hiss edirdiniz, dərk edirdiniz. Şübhəsiz ki, siz o vaxtlar həm torpağı qorumaq, xalqı xilas etmək üçün çox işlər görmüsünüz, çalışmısınız, vuruşmusunuz və güman edirəm ki, həm də bu məsələlərlə əlaqədar fikirlər söyləmiş, sözlər də demisiniz. Ancaq bizə gəlib çatan - mənim televiziya vasitəsilə gördüyüm o kadrlardır. O kiçik kadrlar özü də o zaman, 1992-ci ildə Azərbaycanın əziz bir bölgəsi olan Qarabağda vəziyyətin nə qədər ağır olduğunu göstərir”. 
Hamının şəxsi dərdi vardı, amma heç kəs ondan danışmırdı. O dövrdə ölkəmizdə baş verən hadisələrin ağrı-acısı heç kəsdən, o cümlədən görüşdə iştirak edənlərin heç birindən yan keçməmişdi. Amma çıxış edənlərin hamısı ümumi problemlərimizdən, çətinliklərimizdən danışır, ölkə başçısından bu hadisələrə münasibət gözləyirdilər. Şəhid atası, ağdərəli Vaqif Sarıkişiyev bir ziyalı kimi uzun illər Dağlıq Qarabağda gedən proseslərə nəzər salaraq 70-80-ci illərdə H.Əliyevin apardığı uğurlu, məqsədyönlü siyasət nəticəsində vilayətdə tarixi ədalətin get-gedə bərpa olunduğuna, demoqrafik vəziyyətin yerli azərbaycanlı əhalinin xeyrinə sürətlə dəyişdiyinə diqqəti yönəltdi və çox maraqlı faktlara toxundu: “O zaman biz mitinqləri təşkil edəndə, cəsarətli fikirlər söyləyəndə heç ağlımıza gəlməzdi ki, bir vaxt Heydər Əliyevlə - cənab Prezident, dahi siyasətçi ilə üzbəüz oturacağıq və o, bizimlə maraqlanacaqdır. Biz vətəndaşlıq borcumuzu, ürəyimizdən gələn hissləri ifadə edirdik ki, Heydər Əliyev olmasa, ən böhranlı anda o, Azərbaycanın başında durmasa, Azərbaycanı bu vəziyyətdən heç kim çıxara bilməz”. 
“Biz vətəndaşlıq borcumuzu yerinə yetirirdik”- deyən V.Sarıkişiyev o mitinqlərdə “Heydər baba, Heydər Əliyev “ - deyə qışqıran gənclər arasında onun sonradan şəhid olan oğlunun olduğunu da yada saldı, oğlunun “Azərbaycan Bayrağı” ordenini məhz Heydər Əliyevin Sərəncamı ilə almasından qürur duyduğunu söylədi və 1979-cu ildə keçmiş Sovetlər məkanında əhalinin siyahıya alınması keçirilərkən Dağlıq Qarabağda siyahıya almada iştirak etdiyini bildirdi və bu, Prezidentin diqqətini daha çox cəlb elədi. 

Vaqif Sarıkişiyev: 
-O vaxt orada əhalinin artım rəqəmlərini tutuşduranda aydın olurdu ki, həmin bölgədə azərbaycanlıların təbii artımı ermənilərin təbii artımını üstələyir, mexaniki artım 4-4,5 dəfə çox idi. Belə sadə bir cəhətlə Sizdən başqa heç bir rəhbər maraqlanmayıbdır. Təkcə Sizin vaxtınızda, tarixən qısa bir müddətdə bu rəqəmlər elə nəticələr verdi ki, artıq bu məsələnin dinməz-söyləməz həll olunacağı yaxın illərin işi idi. Mən faktlar deyə bilərəm: 1977, 1978- ci illərdə Qazancı kəndinin 110 evindən səkkizillik məktəbin birinci sinfinə bircə uşaq gəlirdi. 

Heydər Əliyev: 
- Erməni kəndindən? 
Vaqif Sarıkişiyev: 
- Bəli, bütün məktəbdə 31 şagird var idi. Amma Xatınbəyli və Qrta Güneypəyənin 62 evindən Xatınbəyli orta məktəbinin birinci sinfinə 26 şagird gəlirdi, bütün məktəbdə isə 147 şagird var idi. Mən 1980-1983-cü illərdə beynəlmiləl sovxozda partiya komitəsinin katibi işləyirdim. Həmin sovxoza daxil olan iki erməni kəndi iki azərbaycanlı kəndindən dörd dəfə böyük idi. 

Heydər Əliyev: 
-İki erməni kəndi iki azərbaycanlı kəndindən dörd dəfə böyük idi? 

Vaqif Sarıkişiyev: 
-Çox böyük idi. Amma həmin sovxozun mühəndis-texniki işçilərinin təxminən 80 faizi azərbaycanlılar idi. Deməli, bu məsələ həll olunurdu. Burada heç bir təzyiq yox idi, sadəcə olaraq demoqrafik dinamika nəzarətdə saxlanırdı. Ermənilər bizi müxtəlif yollarla Dağlıq Qarabağın hüdudlarından kənara çıxara bilmirdilər. Bax, buna görə təbii artım az bir vaxtda özünü göstərirdi. 

Xocalıdan olan Şükür Bəşirovun çıxışı da maraqlı faktlarla zəngin idi: 
-Dağlıq Qarabağ hadisələri 1974-cü ildə başlaya bilərdi. Ancaq Sizin kimi şəxsiyyət, dahi onun qarşısını bir gecədə aldı. Mən bunun şahidiyəm. Bir faktı da demək istəyirəm. 1980-ci ildə Martuni (Xocavənd) şəhərində iki nəfər gecəikən götürüldü. Sonra dedilər ki, o adamlar dövlətin əleyhinə iş görürmüşlər. Onlardan birinə doqquz il iş verdilər, o birisini Azərbaycandan ömürlük sürgün etdilər. Ancaq 1982-ci ildə Siz Moskvaya gedəndə, böyük vəzifəyə seçiləndə həmin adam yenidən Azərbaycana qayıtdı”. 
Heydər Əliyev: 
- Qayıtdı? 

Şükür Bəşirov: 
- Bəli, o adam mənimlə qapıbir qonşu olub, yaxşı tanıyıram. Dağlıq Qarabağ hadisələrində baş rollardan birini oynayırdı, ingilis dili müəllimi idi. Özünə “Kinkor qarabağlı” ləqəbi götürmüşdü. 

Görüşdə daha sonra ağdərəli qaçqınlardan İlyas Həsənov, Qəzənfər Rüstəmov, Mehdi Mehdiyev, Laçından Subuş Abduləzimova çıxış etdilər,  son dövrlər bölgədə baş verən faciəli hadisələrdən, xalqın Heydər Əliyevə inamından, sevgisindən söz açdılar. Bu sevgi, inam isə indiki kimi onda da sonsuz və tükənməz idi... Sonra biz danışdıq - telejurnalistlərə görüş üçün ayrılan vaxt çoxdan bitmişdi, amma söhbətlər baş alıb gedirdi. Tanınmış jurnalist, Qarabağ bölgəsindən gedən proqramlarda, reportajlarda tez-tez görünən Allahverdi Əsədov hamının fikrini ümumiləşdirərək belə dedi:
- Sizə xalqın böyük məhəbbəti var, xalq Sizə inanır və bundan sonra da inanacaqdır. Biz jurnalistlərin bundan sonra da bütün işi ancaq və ancaq bir istiqamətə yönələcək, o da Sizin uğrunda mübarizə apardığınız ideyaların həyata keçirilməsidir”.

Və mən - Bəxtiyar Qaraca, Dağlıq Qarabağda doğulub böyüyən, Ulu Öndərin qayğısı sayəsində minlərlə gəncdən biri kimi respublikadan kənarda - M V. Lomonosov adına Moskva Dövlət Universitetində jurnalist təhsili alan, uzun müddət Azərbaycan Televiziyasında çalışan bir insan olaraq danışdım: 
-1993-cü ildə “Komsomolskaya pravda” qəzeti Sizinlə bağlı böyük bir yazı vermişdi. O yazıda deyilirdi ki, Heydər Əliyev Moskvada vəzifədən istefaya gedəndə öz kabinetindən təkcə bir şey aparıb - kənarda təhsil almağa göndərdiyi tələbələrin siyahısını... 
Ümummilli lider bu fikrə çox maraqlı münasibət bildirdi. Onun dedikləri o təhsili, o qayğını görən hər kəsin çiyninə indi də böyük bir məsuliyyət hissi qoyur. 

Heydər Əliyev: 
- O siyahı indiyə qədər də məndədir. Moskvaya aparmışdım, Moskvadan da buraya gətirmişəm…

 Sonda yenə Prezident danışdı: 
-Sizin vətənpərvərliyinizə, cəsarətinizə görə təşəkkür edirəm. Beş il öncə siz ağır vəziyyətdə idiniz, indi də hamımız o ağır illərin acısını çəkirik, çünki işğal edilmiş torpaqlar azad edilməyibdir. Beş ildən sonra sizinlə görüşürük, mən çox şadam. 

P.S. O görüşdən illər keçsə də, ümummilli liderin iki fikri daim yadımdadır: Əvvəla, Qarabağ problemindən danışarkən o, dəfələrlə vurğuladı ki, siz ekranlarda o qədər görmürsünüz, günümün bəlkə də yarıdan çoxu bu məsələyə həsr olunur... 
İkincisi, bunu qeyd etdi ki, həyatda hər şey görmüşəm, hər şeyə nail olmuşam. Təkcə bir arzum var: özümdən sonra böyük, qüdrətli bir ölkə qoyub getmək...
P.S.2. Ulu Öndərin arzusunda olduğu o böyük, qüdrətli ölkə illər sonra həsrətində olduğumuz o torpaqları hamımıza, o cümlədən o tarixi görüşün iştirakçılarına qaytara bildi.

Bəxtiyar QARACA
 

       

Digər xəbərlər