ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
SONUN YOXDU ÇEVRİLMƏSƏN TURANA, VƏTƏN ! - Məlahət İSMAYILQIZI yazır
ƏDƏBİYYAT
08.09.2024, 12:40 Oxunub: 1926
SONUN YOXDU ÇEVRİLMƏSƏN TURANA, VƏTƏN !
SƏN QƏDƏRİN ADAMI, MƏN AYRILIQLARIN !
TANRIDAN GƏLƏN YAZI...
Sənin Gözlədiyin Qərib Türk Mənəm – R. Behrui
Müxtəlif adlar seçdim başlıq üçün, “Min illiklərə ünvanlanan yazılar”, yaxud “Mən hələ bu Dünyaya gəlməmişəm”, bəlkə də “Mənzilim Uzaqdı Mənim”...”Sən Qədərin Adamı, Mən Ayrılıqların”...
Və ən gözəl başlıq... “SONUN YOXDU ÇEVRİLMƏSƏN TURANA, VƏTƏN”!
Behrudi elə bir abidə ki, Onun zirvəsinə çatmaq deyil, azacıq yanından ötüb keçmək belə asan deyil, söz üçün məttəl qalmaq mümükün də deyil !İştə bu ki, “Xoşbəxtlik zirvəyə çatmaqda deyil, Ona doğru can atmaqdadır”- və Mən sadəcə Behrudi adlı zirvəyə boylandım. Həm də “Fəlsəfi düşüncələr” deyərək Behrudi zirvəsinə boylanmaq da asan deyildi...
Bircə gün belə xoşbəxt olmadım... elə isə nədir bu xoşbəxtlik...Bir mənəviyyat insanının bu suala cavab verməsi əslində çox da gözəl olardı, ama necə, heç xoşbəxt olmadım ki...
Bütün Avropanı, Türk dünyasını gəzən, görən, duyan və ruhuna endirən TANRI ADAMI, Sizə bəslənən sevgi deyil ki, bu bir İlahiyə bəslənən vurğunluqdur, bəlkə də dəlilikdir, iştə bu ki, Məcnuna da dəli dedilər, ama Füzuli babamız onu da dedi ki ;
Məndə Məcnundan fizun Aşıqlik istedadı var,
Aşiqi sadiq Mənəm, Məcnunun ancaq adı var!
... Və Füzuli onu da dedi ki, “Füzuli rindu- şeydadır, Həmişə xəlqə rüsvadır”...Və uşaqlığımdan balaca bir xatirə... Atamdan mənə yadigar... onu da deyim ki, bu deyimi ilk dəfə ondan eşitdim, “Füzuli dərd əlindən dağa çıxdı, Dedilər bəxtəvər yaylağa çıxdı”...sözsüz ki, bunlar həyatın hər üzünü yaşamış, yeri gələndə insanın xəyanət yolunu da aşdığını bilirdilər. Sonralar bu söz çox da gərəyimə gəldi.
Uzun əsrlər öncə yaşamış Füzuli və onun Məcnun adlı dəli sevdası... beş əsr sonra dünyaya qədəm basan, Azərbaycanın qədimlərdən qədim ulu diyarı Naxçıvanda- Qartal mənasını verən Behrudda doğulan Milli təəssübkeş, Türk Fəlsəfi fikrinin, düşüncə tərzinin aparıcı ideoloqu olan Rüstəm Behrudi ...
O hansı Millətdir, taleyi sirdir,
Yüz adla bölündü, yenə də birdir,
Məni hüzuruna bu dərd gətirdi...
Salam DarAğacı
Əleykümsalam !
Darağacına Salam verən Şair, belə bir mənəviyyat insanı xoşbəxt ola bilərmi!? Əslində xoşbəxtlik nisbi məfhumdur...Uzun bir ömür, uzandıqca uzanan səyahətlər, istədiyin həyat, heç bir kiminləsə müqayisə olunmayacaq QƏLƏM ! Və təbii xəbislər, qibtə- həsəd , xəyanətkarlar – çətin də olsa... Sən öz yolunla getdin. Hətta istədiklərini belə etdin, Özün oldun, Sözün oldun, yazdın, pozdun, hətta bəlkə sevdin də belə...
Lakin nədən bəxtiyar olmadın İnsan, Sən Tanrımısın İnsan. Sözsüz, yenə də nisbi cavab.
“Əgər Rüstəm Behrudi XX əsrdə doğulmasaydı Türkçülük və Turançılıq bir ideya olaraq məhv olacaqdı – M. Seyidov”.
O sadəcə maraqlı deyil, sadəcə özünün Boz Qurd- Milli Kimliyini axtararaq tamamilə ayrı bir düşüncə tərzi ilə ortaya – oxucu qarşısına çıxır və özünün təqdimatı çox da güclü olur. Özünü təqdim edir, orta mövqe yoxdur Behrudidə. Özünü, içəri Məninin Mənini yazır, sadəcə isə minilliyini yazır, Türkün tarixini yazmır, nəzmə çəkir, xatırladır, Türkün kötükləri minilliklərə işləmiş ruhu Ruhudur Behrudinin. Və məhz bu mövqedən çıxış edərkən yenidən deyir : Bunları Mən yazmadım ki...
Behrudi təkcə yaradıcı deyil, poetik düşüncələrində türk fəlsəfi fikrinin daşıyıcısi, Boz Qurd kimliyinə vurğun Türkün Şanlı keşmişı – şərəfli keçmişini bu günə daşıyan tarixçi, fəlsəfi fikrin ən yüksək təzahürdə ifadəsidir. Tarixin və mədəniyyətin simolu olan Boz Qurd işarəsi :
Hər gecə, hər gecə yuxularımdan...
Önündə Qurd gedən Ordular keçər!
“Əgər bu Millət minlərlə bivec axundun içindən Mirzə Fətəli Axundov kimi əjdaha yetişdiribsə, minlərlə bivec seyidin içindən Seyid Əzim Şirvani yetişdiribsə, əgər bu Millət minlərlə baqqalın içindən Mirzə Ələkbər Sabir yetişdiribsə, bu Millətin işığı heç bir zaman sönməyəcək”- Ö. F. Nemanzadə.
Göyçəli dünyamın Şah beyti Dədə Ələsgərə müraciət edək... Bizdən Salam olsun arif olana:
Yazıq Ələsgərəm, intizarım var,
Alimsənsə məni eylə xəbərdar:
Elmi hardan tapdı, cümlə aşıqlar?
Şeiri müəmması ay nədən oldu?
Bizdən Salam olsun arif olana... Tək mənim üçün deyil, bütün Türk dünyasının arif olanı- işığı, ziyası, filosofu, “ Dədə Qorqud” kitabından sonra etnik tariximiz heç kəsdə Rüstəm Behrudidə olduğu qədər bu genişlikdə bədiilik predmetinə çevrilməyib- Tofiq Hacıyev (Akademik) :
Ağ alnima Araz qara yazıdı,
Var- Aq, yol uzaqdı, qar ayazıdı,
Kərkükdü, Göyçədi, Qarayazıdı
VƏTƏN!
Mənə üz tut, yurda Ocaq qurana,
“Turan” deyib Boz Qurd kimi durana,
Sonun yoxdu çevrilməsən, Turana
VƏTƏN !
Onu da qeyd edim ki, adınız və soyadınız Sizi tamamlayır Şaman nəvəsi.
R Behrudi qədər məncə nə dünya yazarlığında, eləcə də Türk dünyası- Azərbaycan Poeziyasında, çağdaş poetikada, ədəbiyyatında, milli kimliyin – özünütəqdimin və özünütəsdiqin fəlsəfi anlanlamda ikinci belə bir təzahürü yoxdür. Kimlərsə şeir yaza bilər, ama O- Behrudi hər bir poetik düşüncəsində sənə kökünün kim olduğunu, insan adlanan bu yazıq bəndənin müxtəlif ideologiyalar içərisində fanatcasına necə bədbəxt edildiyinin şahidi oluruq:
Hər şey kədərlidi, hər şey İlahi,
Bu necə dərddi ki, acısı olmur,
Mənim tək Şairin qardaşı,
Atası, Anası, bacısı, olmur...
Behrudi əslində Tanriya yaxınlaşır, Tanrı da Təkdir axı. Rüstəm müəllimin yaradıcılığı bütün yazar- şünaslardan fərqli öz mövqeyinin – özünü Ali təqdimatın maraqlı subyektidir. İçindəki görünməyən dünyanın neçənci hissiləsə, vasitəsilə özündən- mükəmməl halında türklüyündən- Oğuz Xan nəslindən minmin illərdir yol gələn tənhalığından söhbət açan kədərli İnsan deyək, məncə bu Kədər olmasaydı biz nə həyatın fəlsəfəsini anlardıq, nə də haradan gəlib haraya gedən bu dünyanın filosofcasına dərk etməyə, mülahizə yürütməyə çalışardıq. Yaradıcı Dünyası da özü kim, nisgil- kədərdən söhbət açan, deyə bilmədiklərimizi deyən, lakin xoşa gəlsə də anlamayanlar dəstəsindən bir az da aralı düşən Türkün Boz Qurdu, Tanrı Dağındakı barınan Ruh , Türkün Ruh Adamı, kim bu... Rüstəm Behrudi! O, bir filosofdur həmçinin, öz təkrarsız və bənzərsiz yaradıcı dünyası olduğu qədər də, onu sevənlərin ruhuna enir bu bənzərsizlik:
:
Sən Qədərin Adamı,
Mən Ayrılıqların!
Deyəsən bütün yaradıcı insanlar elə bil ki, qohumdurlar, bənzərsizlikləri ilə, həm təzadlı, həm inkar, həm də eyniliklər deyək buna.
Tanriya Tapınan R- Behrudi elə Özü Tanrı kimidir. Nədir bu sevgi, təkcə şeirləri gözəl olduğuna görəmi, əsla yox. Sizin yaradıcı dünyanızı, fəlsəfənizi sevdirən, şeirlərinizi oxunaqlı edən içinizdəki milli kədərdir, yoxsa sadəcə kədər... Bu Son... Son deyil ki... Sizi ağladan duyduğunuz kədər milli faciələrdən doğmuşdur, bizləri- oxucunu ağladan isə bu fəlsəfəni bizlərə belə ruh ağrısı ilə acılarımızı xatırladıb, yenidən yaşama səsləməyinizdir, Türkün ölməyən ruhudur bu, minmin illərdir yol gəlir ! Şən bir şeir olsa- olsa insanı bir qədər oynada, sevindirə bilər, ama ruhdan nisgil, ağrı artıq insanı düşündürür. Neçə- neçə minilliklərə enir bu ruhun kədəri, hərdən hətta deyirik belə: Ruhum ağrıyır... bu nə ağrı belə. Yaşanan nə varsa sonda ölür, ölümə məhkumdur, bunu isə gizlətmək mümkün deyil, “Ən Gözəl Dərd” deyək Vətən dərdinə. Vətən dərdimiz- kədərimiz deyə tərənnüm edərcəsinə ... ruhun kədəri, yaşamın fəlsəfəsi, gəlimli- gedimli dünyanın, son ucu ölümlü dünyanın acılarını xatırladır bir daha.
“Söz dayanmış zaman formasıdır. Ona görə də Mən sözlərimi əbədiyyətə hesabladım- R. Behrudi”.
“Oturum kədərli bir şeir yazım”- etiraf edirəm içimdə, çölümdə, yaradıcılığımda, böyür- başımda dolaşan, yaradıcı dünyama dolan nisgil- kədər bütün dünyanı sarsa da, bunları etiraf qorxudur insanı. Lakin R- Behrudi Mənə nisgili də, kədəri də sevgi kimi sevməyi öyrətdi.
Haşiyə... O da bir gün idi, ikimizin birliyini Alqışlayan Gün- M. Araz.
Kədəri sevgi kimi mənə sevdirən şair, sevgi kimi qəbul etdirən şair, İnsan nə vaxt mahnı oxuyur, şərqi deyir... sevəndə, özü də kökünə- kimliyinə aşiq olanda, kökünü- kimliyini tapanda:
Nə deyim bu günün “Ölülər”indən,
Oturum kədərli bir şeir yazım!
Və məndə olan 4 kitab və Behrudini mütaliə, bu dördcə kitab mənim Behrudi ruhuna yol açan ruhumdur. Behrudi deməksə, Boz- Qurda yol, Dar Ağacına yol, Qərib Türkə yol... Və Ağ Yol, Ağappaq, işıq dolu- hüzur yolu. Və yenə də... “Mənzilim Uzaqdı Mənim “...
Getməsən üzür diləmə,
Gözündən yaşlar ələmə,
Məni yolumdan eləmə...
Mənzilim uzaqdı Mənim !
Və mən nə bir jurnalist kimi, nə bir yazar adamı kimi, nə bir ədəbiyyat adamı kimi deyil, bir Türk kimi gəldim bu görüşə.
İmza- Şaman Nəvəsi, Xoş gəldin, nə etməli biz də Sizə qoşulduq. Əslində minilliyimizdən bu dəli sevdanın yolçularıydıq. Uğurlar ola.
Və ən böyük vətəndaş, ən böyük Vətən sevgisi və bu sevgidən doğan nisgil, kədər, bir talesizlik, intizar, məqsəd Uzaqmı- Yaxınmı, məqsəd Turanın təşəkkülü. Əslində Behrudini ağrıdan içimizdəki Mənin Məni , özünün də dediyi kimi içindəki bu düşüncə tərzinin hakimi və “Mən Yazmadım ki”...etirafımı, əslində elə etiraf. İnsanın bizlər fərd olaraq fərqli baxış bucağına və düşüncə tərzinə malik olması həm etirazı və həm də, həm də özünü sevməsi.
Beləsini gördünüzmü, bu Rüstəm Behrudidir, görməyəcəksiniz də. Tam yeni dəst- xətt, anlaşılmaz heç nə yoxdur, əvəzində zəngin ruh aləmi, ruh dünyası, ədəbiyyatınmı – poeziyanınmı sadəcə Behrudi timsalında bəxti gətirib Türk dünyasının.
Əlbəttə sevdiyim, pərəstiş etdiyim şair- yazarlar o qədər ki, istər Azərbaycan- Türk dünyasının, istərsə dünya klassikasının yüzlərlə dahisi var, inqilabçısı var, dünyanın qədərini dəyişməyə qadir Şəxsiyyətlər var belə. Əslində belə düşüncə sahibləri hər zaman novatorluq nümunəsi kimi yeni düşüncə tərzinə sahib olmaq bu bəşəriyyətin, bəlkə elə Azərbaycan Türk ədəbiyyatının bəxtimi gətirib, yoxsa sadəcə xoşbəxtliyimi. Sərbəstlik və Azadlıq – bu isə İnsanı Dəli- Divanə edən ən dəyərli Amildir.
... bunları Mən yazmadım ki...və bir inkar, bir etiraf yenə də insanların sona deyil, sonsuzluğa gedəcəyi yol və o yolun naməlum dolayları. O naməlum dolaylar “Qızıl Elma”ya gedən çətindən çətin, “Mənzilim Uzaqdı Mənim”, uzandıqca uzanan yollar və sonu nə, yenə də məlumluqda naməlumluq Qızıl Elma... “Qızıl Alma” ulaşılacağı xəyal belə edilməyəcək bir işıq, bir nur. Nə qədər ki, Ona can atacağıq, biz Ölməzik”. Axı deyəsən əslində bu naməlum yol Türk soyunun Tanrı tərəfindən istənilən sonsuz sürə yaşamağa hazırlanışıdır! Qızıl Elma biz Türk soyunun əbədən var olması demək, Mən belə anladım! Ama nə gözəl ideoloji baxış !
Behrudi fəlsəfəsi elə hey çözülmək istər, O əslində bir Turan sevdalısı, özü də sadə, lakin Onun təlatümlü iç dünyası ki, “Məni tutun və qaçırmayın, Sizə lazımam” deyir, bəlkə də demir, lakin ruhundakı kədər- tənhalıq dedirdir bunları.
Mənim nəzərimcə hər bir şair, yazar əslində özünü yazır, özünü nəql edir. Minillərdir yol gələn Türkün Qutsal Ruhunu əmanət vermişlər Ona!.. Qismən də olsa Səni anlamaya çalışdım, hətta anladım belə, oxudum belə, lakin nə əvvəli, nə sonu başa gətirmək belə mümkünsüz. Oxudum, oxumağa çalışdım dəyərli Dost, Qədrin bilinsin. (əslində bu duanı özümə da şamil edirəm), İnsan dəyərli isə, İnsan isə, daha çox qibtə- həsəd hissinə tuş gəlmirmi...
Bu son... bu son deyil ki...
Və yenə də düşüncələrimizin və yaşamın fəlsəfəsi...Mən də Cənnəti Vətən bütövlüyündə, Ata- Ana, Övlad varlığında gördüm :
Ömür bir fəlsəfə, açması yox,
Müəmma, tapmacası çox...
Həyat, həqiqət yerin üstündəmi,
Yoxsa yerin altındamı?!.
Cənnət arama, doğulduğun torpaq,
Yaşadığın od- Ocaq...
Atalı- Analı dünyan imiş Cənnət ! - M. İ.
Həyatımızın reallığı, günümüzün fəlsəfi həqiqəti bu! Qəbul etsək də, etməsək də həqiqət bu. Yaradıcı dünyanın deyil, yaşamın fəlsəfəsi və günümüzün reallıqları. Dediyim kimi nə bir yazar, nə də ədəbiyyat adamı kimi gəlmədim görüşünüzə, bütün ruh gözəlliklərini köksünüzdə neçə də gizləyə bilmisiniz ... bu sual gətirdi məni oraya. Ulu Türkün Ruhu gətirdi, dünyaya gəlişimdən Türk olduğumu Atam demişdi, yazı- pozu isə heç ağlıma gəlməzdi. Ama içimdə şedevrlərin, klassiklərin şeirlərini əzbərləyirdim, oxuyurdum, ədəbi mühit məni heyran edirdi,... Müşfiq, onun nakam taleyi, Şandor Petefi, Lermontov, Turgenev... M. F. Axundov, İ. B. Qaspıralı, M. Cəlil, Y. Akçura, Sabir, Ü. Hacıbəyov, H. Cavid, Ə. Hüseynzadə,Ə. B. Ağayev, Z. GöyAlp, N. Hikmət, P. Neruda, M. Həddad və s ... Lakin sizləri oxuduqca, öz şeirlərim içimdə yazılmadan ölürdü. Dünyanın, İnsanlığın taleyini dəyişdirəcək İnqilabçıları, Spartakı- Lenini, yaxud Ci- Gevara, Fidel Kastro, Atatürk, H. Əliyev kimi şəxsiyyətlərə pərəstiş etdim hər zaman, nədən ki, İnqilabi- Üsyankar Ruh İnsan Oğluna Şərəf gətirici- hörmət duyğusu və məhəbbət gətirici bir haldır !... Və nəhayətində heç də adi olmayan baxışa malik bir yazar da Mən oldum, yaxşı ki, oldum, yoxsa Rüstəm müəllimi anlamaq deyil, yalnizca Gözəl- deyərək sevəcəkdim. Bu isə haqsızlıq olardı!
Və sözsüz ki, bunlar mənim kimi bir İnsan üçün, həqiqəti dərkedən- anlıyan insan üçün əsil faciə idi. Və çox keçmədən özünüdərk və özünütəsdiq, beləliklə uzun illər gözləri qapadılmış, üzərinə mühitin cahillik, fanatızm adlı bataqlığı tökülmüş bulağın gözləri açılmadı, yox sadəcə fantan vurdu. Tükənməyən bir bulaq, o da ki, Azərbaycan adlı Türk Mədəniyyətinin qaymağı olan Göyçədə doğula, sərin- soyuq, ancaq təmiz, ağappaq sular axmaqda. Bütün tənhaların mənim aləmimcə bir qan qohumluğu var. Ən əvvəl bir- birlərinə oxşayırlar, təklikdən deyil, anlaşılmamazlıqdan əziyyət çəkirlər.
“Kendiniz Olun, Dünya özgün olana heyran olur- İnqred Berqman”. Özgün olmanın kötüyündə isə dayanan sözsüz ki, Azadlıq adlı meyardır. Azadlığa sevgi... “Ah Mənim Azadlığım, Sən Azad olasan deyə keçdim öz Azadlığımdan – R. Behrudi”.
Kədər həyatımızda özünə yer etsə də , sevincli- xoşbəxtliklə qanadlansaq da, daim doğru nə deyə həqiqət adlı bir amil bizi çəkməkdə. O doğrular ki, nisgil- kədər və ələmədən yoğrulub, bu bizim qədərimiz, bu bizim taleyimiz deyək.
Qorxuya yenilən kəs,
Baş əyib yaltaq olur,
Başını qaldır Adam...
Sənə olan haqq olur !
***
Gecədi qorxaq adam,
Bir olana min demə!
Bitməmiş bir duaya,
Qorxudan amin demə !
Uzaqlardan Gələn Adam- yoxsa Mənzilim Uzaqd Mənim... Uzaqdı, əl çatmaz Adam. Hər bir İnsanın içində minlərlə “Mən” var, bu minlərin poetikası elə beləcə də möhtəşəm olur. Və axtardığımız həqiqət, ən əvvəl, kiməm Mən?. Elə Özü də bu maraqlı aforizmə bənzəyən suala fəlsəfi də cavab verir :
Kiməm Mən,
Kəpənək kimi yaşayan adammı,
Yoxsa,
Adam kimi düşünən Kəpənəkmi !..
Adam kimi düşünən Kəpənək- bu gözəl bənzətmədə təkcə həqiqət deyil, doğrular var, “Bilirsənmi, biz kecikmiş ədəbiyyatla üzüzəyik”, Onu yeniləmək, duyğu, hisslər, intusiya müasir insanı bu ədəbiyyata tabe etdirmək deyil, onu daha da mükəmməllik yoluna çağırmaq.
Bəzən insan hətta öz üslubundan, özündən belə bezir, və yenidənmi başlayır Mən kiməm, missiyam nədir, Xəyyam deməli, “Nə üçün cahana gəldim”...
Daha Məni ovutmur,
Din, iman və sairə...
Mən yazılarımı Gələcəyə ünvanladım- deyir Behrudu, bu təkcə yazılarmı, yoxsa poeziyamı. İlkin baxışda bəlkə də adilərdən adi olan İnsan, içindəki bu yanar ruh hardan, minilliklərdənmi, qanyaddaşımı... çətin sual deyil, cavabı mümkün. Lakin bir məsələ var ki, içi- daxili hədsiz gözəl, fırtınalı olan, qanı qurdla yoğrulan insan zahirən neçə də sakit...
Kədər həyatımızda nisgillə qarışıq özünə yer etsə də, bunu etiraf yazar insan üçün asan deyil, lakin məqam gəldi və onu etiraf məcburən oldu. Bu əslində vaxtilə B. Vahabzadənin bu sətirlərini bilirdim, ilkin heç bir mənada etiraz etməsəmdə ...
Sevincimi danır, kədərimi gizlədirəm,
Sevincim hamınınsa, kədərim özümündür !
Doğrusunu deyimmi, bu gözəl şairin bu sətirlərini məhəbbətlə pıçıldasam da, içimdəki daxili səs, bunun düzgün olmadığını deyirdi;
Kədərini də gizlət, sevincini də,
Kədərini- dərdini görüb sevinməsinlər,
Sevincini də gizlət, gizlət ki,
Görüb də odlanmasınlar! – M. İ.
Nə etməli, nələrdən qurtulsaq da, içimizdə gəzdirdiyimiz tənhalıqdan qurtulmaq mümükünmü, bəlkə də bunu heç istəmirik. Bizə xoşdur bu kədər, bəzən bu kədər şəxsi həyatımızdan gəlsə də, bəşəriləşib Vətən adlı dərdə dönürsə...”Ən Gözəl Dərd Vətən Dərdi” deyərək vəsf ediriksə... əslində AlaGözlü Göyçə dərdini necə sevməyəsən, necə əzizləməyəsən, və əzizəyib də sevirik !
Ən Gözəl Dərd- deyərək sevdiyimiz, oxşadığımız Vətən, Ala Gözlü Göyçə - MaviGözlüdür Göyçə, lap elə Boz Qurdun Mavi Gözləri kimi...
Mən dərdi çəkə bilmirəm,
Apar çəkənə ver...
Allah, dərdin də gözəli olurmuş,
Laçını, Tərlanı olurmuş...
Göyçə dərdi nə gözəl dərd!
***
Bu dərd hünər istər,
Bu dərd qeyrət istər,
Bu dərd dərdlərin ən gözəli,
Dərdin də GöyGözü varmış,
Göyçəsi- Gözəli varmış...
***
Gözəl olanın Gözəli Gözəl!
Dərdi Gözəl, ələmi Gözəl
Səndən Gələn Dərdlər də gözəl,
Vətən adlı Gözəlliyin,
Vətən adlı dərdi gözəl!- M. İ.
Sən bir Atəşdin, düşmənləri deyil, Səni Sevənləri yandırdın AlaGözlü Göyçə.
R. Behrudinin “Boz Qurd” şeiri məni uzaq dönəmlərə aparan səda, Ana Ocaqlarım- Ata Yurdum, Əzizlərimizin əməyi- alın təri, Fərhad kimi külüng çaldılar bu Ulu Vətəndə. Neçə- neçə minilliklərin məzarları şahidlik edir tarixə- zamana. Göyçə Dağlarında barınan Türkün əsir ruhu ruhlara qoşulub Boz Qurd fəryadı qoparır, elini- gününü, Obasını- elatını səsləyir, bu şeir Mənim AlaGözlü Göyçəm üçün yazılıb, ən azından Mən belə düşündüm:
Hər gecə, hər gecə yuxularımda
Çadırı dağılmış, ocağı sönmüş,
Tanrı qarğışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhəddinin
Bir ucu günbatan, biri gündoğan
Dağından, daşından, adamlarından,
Hətta otundan da qəriblik yağan ;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən...
Sevgili bir yurd...
Hər gecə, hər gecə yuxularımda...
Və onu da düşündüm ki, elə bu ağzı atəş kimi, üzü göydən daha mavi Boz Qurd elə bizim dağların qurdudur, lakin Tənha bu Qurd...
Altaytək, Ağrıtək dağ aşıb gəzən,
Üzü Mavi,
Gözü Göydən daha Mavi,
Ağzı Atəş kimi bir Qurd,
Və sevgili bir yurd...
Hər gücə, hər gecə uyğularımda !
Var Ol Adam, Sən İnsan dərdlərini necə də oxumusan! Fərhad kimi külüng vur, sonunda yağıya qalsın Vətən, acılar bitən deyil...” Əl atsan Ərzuruma yetəndi Vətən” !
Zəncirləri qır, yeni yola davam, ruhun səni ağlatdısa, kimliyini bildinsə, bilki, böyük gözəllikdir Özünə dönmək, Özü olmaq, göründüyün kimi deyil, olduğun kimi OL! Bunları isə sənə Adam, Behrudi verdi, çiyninə, köksünə, içinə ən gözəl dəyər olan vicdanı qoydu və dedi ki, Özün OL, Özünə Dön, özü olan, özünə dönən böyük Olur.!.Əlimizdəki açarların bir gün qırxıncı qapıya düşəcəyini unutma! Çünki, Tanrıdan dilə, çünki, “O nə dilərsə, O olur”... elə diləməkdəyik. ..
Behrudi yaradıcılığında Vətən Tanrı kimi sevgilidir. Vətən Onun mükəmməl fəlsəfəsində Tanrılaşıb artıq. Bu isə sevgi deyil, İlahiyə- Yaradana bəslənən Eşqdir. “Rüstəm Behrudi bir Şaman Nəvəsidir. Əli Bəy Hüseynzadə, Ziya GöyAlp, İsmayıl bəy Qaspıralı, Yusif Akçura- bunların hamısı birər Şaman Nəvəsi deyilmi? Rüstəm Behrudizamanlar üstündə yaşayan bir şair. Onu oxurkən həyəcanıma sədd vurmaq mümkün deyil- Əhməd Bican Ərculasun (professor)”.
Qızıl Elma işıq, nurdu,
O boyadı Mavi Qurdu,
Qalx, gözləmək Məni yordu,
Dur gedək “Qızıl elma”ya.
***
Bu bir yoldu, nuru, odu,
Aydan, sudan da arıdı,
Daha vaxtdı, Qurd uladı...
Dur gedək “Qızıl Elma”ya
... Sonda bizimdi bu yazı, Tanrı yazan yazı, yenilməzlik verdin, əyilməzlik verdin, bilgi verdin, ağıl verdin, gözəllik verdin... heç nəyi əsirgəmədin, öylə isə bəxti nədən əsirgədin... nədən oğrualara oğurlatdın taleyimizi, yığvalımızı, qədərimizi... nədən, yoxsa səndəmi rüşvət aldın “Allahsızlardan”...
Bu açan Gülün nə faydası,
Bəxti Ona yar olmasa,
Nə fayda...
Tanrı Ona havadar olmasa !- M. İ.
Bütün insanlar Gözəl və yenə də Gözəl ola bilərlər, ama... ruh gözəlliyi deyilən yeganə bir amil var ki, onu İnsana Tanrı – Allah verirsə, Onun verdiyi gözəlliklər ilə, Sən- İnsan bərq vurursan, bu işıq- nur kədər də doğura bilər, sevinc də! Yaradıcı dünyası aforizmlərdən, hikmətlərdən, yolgöstəricilərdən olan bu fəlsəfi düşüncə Adamı, Ruhunizdan nur- işıq yağır!
Nəsimiyə müraciət edək...
Səni bu hüsnü camal ilə görüb,
qorxdular həqq deməyə,
Dönüb də İnsan dedilər...
Cahilliyyətin xofu- qorxusu və ruhun, Tanrının İnsanlığa bəxş etdiyi Gözəllik! Və nöqtələr ...
“ Hər şey ayriliqdan başladı”(O. Süleymanova açıq məktub), bəlkə də hələ bu dünyaya gəlməmiş, gəlsə də yaşamamış İnsan- yaşamağa qoyulmamış, yaşam haqları əlindən alınmış İnsan, “Mən hələ bu dünyaya gəlməmişəm”, əlbət bu bir aforizm olub insanı yaşamağa, ayıqlığa çağırsa da iiçərisində gizlənən təlatümü asanlıqla görmək olar, sadəcə sən bir Qurd ruhlu, türk ruhlu şair kimi yaşadın, ama, iştə bu ki... “kim olub bəxtiyar quru ad ilən- M. Araz”!
Bir qədər haşiyələr etsəm də, üzürlü hesab edin, “Ya Mən zəmanəyə layiq deyiləm, ya Zəmanə Mənə layiq deyil”- A. Şopenhauer, bu alman filosofunun dediklərində böyük həqiqətlər yatır. Bu zəmanda anlayışlı insanların böyük əksəriyyəti üçün bu hal bir faciədir. Zamanın “nəbzini “ tutub min cildə girənlərindir bu həyat, təmiz insanların deyil. Bu isə artıq İnsanlığın faciəsi.
“Ata dili” və Mirzə Cəlilə xitabən yazılmış – məni düşündürən doğrular və kökünün yad qanlar içərisində itirilməsi, bəs elə isə nədən “Ana dili” deyilir... bizə yad Anaların böyütdükləri övladların ruhu nə verə bilər öz kökünə, öz qövmünə...Yadlar Anadırsa, dilinə “Ana dilim”deyə bilərsənmi, sözsüz ki, yox! Mənən bir şikəstlik- aşınma yaranmırmı burda:
Bu dildə söz desəm, çatar Tanrıya,
Çoxları bu sirri anlamır Dədə,
Biz bizi yaşadan dilə yenmişik,
Bu Vətən torpağı kiçiləndə də !
Sözsüz ki, məni cəlb edən daha bir məqam var bu həqiqət adlı şeiriyyətdə. Nədir bu, - təbii şairin öz Anasına bəslədiyi sönsuz sevgi:
Ey məni dünyaya gətirən qadın!
Bu sirri açmaq da, bəlkə günahdır,
Mənim günahımı Ana bağışla,
Sən yenə əvvəlki ucalıqda OL,
Oğlunam, verdiyin cana bağışla !
Ana dilim, Ana adlı Ən Uca varlıq- Səndən Gözəli olmur Ana! Səndən Gözəli yenə də Sən olursan Ana !
Və yenə də bu bir əsər qədər mükəmməl olan bu duyğular – bu şeirdəki öz şirin dilinə - Ana dilinə, Türk dilinə yad qızlardan dünyaya gələn övladlardan nə çıxar bu məmləkət üçün, əlbət ki, elə bu məqamlarda yaranır “Ata Dili”.
“Çölün yalnız atlısı”- bu fəlsəfə minilliklərin türk qövmlərinin fəlsəfəsi- həqiqəti. Behrudi poetikası- yoxsa fəlsəfəsi, özü də bir Türkün fəlsəfəsi- kökdən gələn milli kimlik- kimliyinə aşiqlik- Türk sevdalısı, öz Uca qövmünə vurğunluq və bununla bərabər öz kimliyinin türk düşmənləri içərisində “əridilmək” ədavəti – mümkün də deyil, bunlar hamısı mənim- sənin dilində- türkcə qonuşurlar.
Tanrı dağa gün doğar,
Nuru “Qızıl Alma”da,
Bu atlı çətin dönər...
Geri Qisas almadan !
Düşmənindən qisas almadan yaşanan həyat deyil, düşmənə boyun əymək demək. ” Fazla mərhəmət Millətə xəyanətdir- M. K. P. Atatürk”, “Bu Atlı Çətin Dönər, Geri Qisas Almadan”!
Odam, sönən Ocaqda Mən,
Nə çəkirəm, külüm bilmir!
Məzarlıqda bitən Yovşan... “Yasımı Allahlar saxlayar Mənim”. Sən Tanrımısan Behrudi, nədən elə hey kimsəsiz, qərib, didərgin ruham deyə sonsuzluğa gedirsən, getdikcə gedirsən...
Bir Gün Dönüb Gələcək,
gedənləri hamısı...
bu nə təsəlli, gedən çox, geri dönən yox! Axı bu hikməti siz də bilirsiniz...
Ömür bir fəlsəfə... açması yox,
Müəmma, tapmacası çox...
Cənnət arama,
Atalı- Analı dünyan imiş Cənnət!- M. İ.
Bizlər İnsan deyərək yaradıldıq, minillər əvvəl insan duyğuları- istəkləri necəsə, bu gün də elədir. Dəyişən geyimlər, texnologiyalar, yeniliklər, lakin insan xisləti dəyişməz olaraq qalır, ən əsası isə Xoş- Bəxt olmaq arzusu bizi heç vaxt tərk etmir. Yenə də xoş- bəxtliyin içərisində yatan kədərimizi əzizləyib gizlədirik, gizlədirik ki, “düşmən görüb də sevinməsin”. Vəssalam, buyuq.
“Dəliliyin Müdrikliyi( E. Əfəndiyev)” və elə bu yerdə Nazim Hikməti xatırlamaya bilmirəm:
Qoy Mən kül Olum
Kərəm kimi yana- yana!
R. Behrudiyə dəyəri Vətən Fədailəri verdi, bizlər kimik ki... O ki, ola Xəlil Rza kimi Ulutürk- Türkün Ululuğu – böyük sevgi yatır Xəlil Rza şəxsiyyətində. O Xəlil Rza ki, Onun yaradıcı dünyasını sadalamaq fikrində deyiləm, tək bircə xidməti Onu bu Xalqın yaddaşına, köksünə həmişəlik qazıyıb, məhz bu şəxsiyyətin sayəsində erməni faşistləri- daşnakları Bakıdan- o cümlədən Azərbaycan ərazisindən rədd olub getdilər, təbii bu qeyrətli Azərbaycan Türkünün Rüstəm Behrudi haqqında yazdıqlarında neçə də böyük bir dəyər və təvazökarlıq yatır :
Oxudum kitabını, hər misran qana batmış inci, dürr,
Bir söz çıxdı dilimdən: Rüstəm Məndən güclüdür !
Ruhu Şad Olsun Böyük Azərbaycan uğruna baş və can qoyan Adlı və Adsız Qəhrəmanların ! Azərbaycan adlı bu gülüstan məmləkət Var olduqca Sizlər Var olacaqsınız !
Doya- doya ağladım,
Gecə idi kim biləcək...
Nədən və kimdən kizlədirsən acını Adam, deməli xalqın yaddaşı necə də müdrikdir, “düşməni sevindirmə “...
... Necə doğdun Oğuz kimi ər igidi..., Mavi İşıq, Mavi İşıq...
Təkcə sənə tapınmışıq,
İşıq, işıq...
Bu gün səndən utanıram,
İşıq haqqı, işıq, işıq!
... GÖYDƏN BİR İŞIQ ENDİ, O İŞIQ MƏNƏM İNDİ-- həqiqətin ən böyüyü elə bax bundadır, əgər Türkün Minillik Runu bu şəxsiyyətdə toplaşmışsa, buna sadəcə SƏCDƏ lazım ! Xoş gəldin Ruh Adam, Xoş gəldin İşıq Adam !Xoş gəldin Şaman Nəvəsi!
...Mən canımı verməyə bir təzə sözə bəndəm ...
Şaman kimi sözlərdən
Mən tale toxuyuram...
Ürəyimdə səksəkə,
Ruhumda bir zəlzələ...
Hər gecə göy üzünə
Mən dua oxuyuram:
İlahi bu Milləti
Yox olmaqdan hifz et !
Hansı yazını oxudumsa, hansı şeirini açdımsa, sadəcə pıçıldadım, Sən Mənim Uzun İllər soraqladığım, tapa bilmədiyim, lakin yenə da axtaracağım Adamsan ! Əlçatmaz, ün yetməz... Kiminkisən, yiyən kimdir.
Sən qədərin Adamı... Mən ayrılıqların! Belə bir Şəxsiyyətin varlığı ilə ancaq fəxr etməli. Və xoş o hal ki, beş əsr öncənin deyil, XXI- əsrdə doğdun. Həm öz Anam Süsənbər Xanıma təşəkkür etdim, həm də Zəhra Xanıma, Sizi dünyaya belə halal və ürəkli, milli qeyrətli bəxş edib bizə !
Sən də gəldin, gedəcəksən
Kiməsə yol, iz olmağa,
Gücün çatmayacaq sənin...
Payızda dəniz olmağa !
Bu nə belə, Rüstəm Behrudi insan xarakterinimi yazır, bizim taleyimiz bu... ama nə etməli axı Behrudi bizlər üçün “Tanrıdan Gələn Yazı” timsalı Şaman Nəvəsi!
Sözlər Məni tutur, aparır... “Gücün çatmayacaq Sənin, Payızda dəniz olmağa”.
Məni rahat buraxmır
İçimdəki qəm- kədər...
***
Yarama duztək basır
Sevdalar öz odunu,
Bu gün, sabah kül ollam...
Qalmışam yana- yana;
Tövbə duası kimi,
Pıçıldadım adını,
Səsim sənə çatdımı,
Eşitdinmi ay Ana !
Nə xoş ki, çağırmağa Ana adlı müqəddəs varlığın var Behrudi, elə bircə bu amil Səni xoşbəxt qılacaqdır ! Zəhra xanıma cansağlığı.
“Ölümə” xoş gəldin deyən şair, bilirsənmi, bu bir hünər istər, hər kişi- nər kişi bu sona, bu sonsuzluğa “xoş gəldin” demək iqtidarında deyil! Nə qədər sevincə, şadlığa vurğun olsa da, içimizdə bir yalnızlıq yatır, deyə bilmədiklərimizi Vətən dərdlərinə qatıb dedirdir bizə, lakin yenə də “ölümə xoş gəldin” demə, çünki, Siz “Mənim Kimi Qurd Yatır, Quş Yuvası İçində” olsanız da, varlığınız Türk dünyasına lazımdır, gərəklidir :
... Göz dağıdı pəncərəm,
Qapı deyil, qapım da!
Kimim var ki, itirim,
Nəyim var ki, tapım da...
Bəlkə də Səni ruhundakı bu kədərə görə sevirik, adamlar çox az hallarda ruh aləmini kimsələrə açırlar, bizim hətta bəzən özümüzdən belə gizlətdiyimiz acımızı sizin ruh aləminizdə tapmaq xoş gəlir bizə. Hətta ruhumuzu oxşayır, hətta bu şeirləri, bu sözləri əzbərləyirik. Nədən ki, Ruhu Ruhuma yaxın. Deyə bilmədiklərimizi, kimliyimizi, içimizdəki- kökümüzdəki Boz Qurdu artıq tapmışıq Şaman Nəvəsi !
Tanrım, bağışla, əfv elə...
Din sevdim, din üstünə !
Bu bir etiraf olsa da, siz sadəcə ilkin kötüyünüzə- özünüzə dönmüsünüz! “Ey Ölümsüz Türk, Özünə dön, Sən Özün olanda Böyük Olursan – Bilgə Kağan”. R. Behrudi, Siz Özünüzə dönmüsünüz sadıcə. Deməyək ki, sadəcə dönmüsünüz, Siz elə Qurd ulartısı altında Boz Qurd kimi də doğulmusunuz! Bunu isə Tanrı istədi, Türkün GÖYÇƏ dağlarında barınan Ruhu istədi. Təkbaşına Oxuyan Adam, tək əldən səs çıxırmı Görən ? Məncə hə, artıq Sizin Türk Dünyası böyüklüyündə sevgiləriniz var, sizi sərin dağ havası kimi, soyuq bulaq suyu kimi isti havalarda ciyərlərinə çəkənlər var !
O. Süleymenova açıq məktub... “Hər şey ayrılıqdan başladı”...Yenə kədər, qüssə, lakin bu şairin ruhu gözəl, çağırışı gözəl, öz din- can qardaşına bir çağırış bu. Bir üsyan bu, məni anlarmısın, duyarmısın, səsimə səs verərmisin...bunu sadəcə gözəl şeir deyərək sevmək azdır, minilliklərdən gələn qocaman bir elatın, millətin pərən- pərən olmuş ruhu, lakin yenə də bu millət din deyil, kimliyini daha üstün bilir:
:
Hər şey ayrılıqdan başladı,
Beyrək kimi baş qoyduq,
Nəsimitək soyulduq,
Sabir olduq günbəgün,
İçimizdən oyulduq
Bu ayrılıq ucundan !
Kötüyünə, kimliyinə, əslinə, minillik Türk soyuna vurğun olan filosof şairimiz, Onun fəlsəfi gedişləri, içimizi saran, bəlkə də sarsıdan türklüyümüz bizi çağırır, “Hər gecə, hər gecə yuxularımdan, önündə Qurd gedən ordular keçər”.
Hər şey ayrılıqdan başladı,
Olum da, ölüm də, doğum da,
Elə bu ayrılıqdan başladı.
Bu yolda büdrəsəm, çağırsam,
Eşidərsinizmi?
Ağlasam duyarsınızmı,
Ürəyimi görə bilərsinizmi...
Göz yaşlarımın parıltısında !?.
Gün o günlərdən olsun ki, qırxıncı qapılara deyil, bütün qapılara düşsün açarlarımız ! “Qızıl Elma” qırxıncı qapımız.
Tanriya tapınan bu Adam öz Tanrısını- Yaradanı- Allahını sevir, inanır, pərəstiş edir. Tanrı sevgisi bəşəri sevgidir. Sizə bir əfsanə danışmaq istədim elə bu yerdəcə, insanlığın bitib- tükənməyən yaşamaq eşqi bu... belə nəql edirlər ki, müdrik, qocaman bir səyyah olur, bütün dünyanı gəzir, görür, nəticələr çıxarır. Günlərin bir gün artıq bu müdrik Qoca gəzdiyi ölkələrin birində yönü məzarlıqdan düşür. Və məzar daşlarına baxarkən çox təəccüblənir, bu nədir belə, burada adamlar erkənmi ölürlər, hər məzar daşına üç gün, beş gün və s yazılıb. Səyyaha izah edirlər ki, bu əslində insanların uzun ömür sürməyini deyil, neçə xoşbəxt gün yaşadın İnsan sualının cavabıdır, yəni üç, beş, bəlkə də sıfır gün... Qocaman filosof, müdrik insan fikrə gedir, elə isə Mən bu dünyadan köçərkən məzarıma bu sözləri həkk edərsiniz : “Mən Hələ bu Dünyaya Gəlməmişəm”!
Və Sən, İnsan yaşadınmı... ispan əsilli P. Neruda”Mən də yaşamışam” yazır...bizim qocaman filosof isə “Mən Hələ bu Dünyaya Gəlməmişəm” söyləyir, bizim cahillər isə din- xurafat, adət- ənənələr içində keçmişə ilişib qalıblar. Cahilliyyətin quyruğundan yapışıb şəriət deyirlər. Anla, insan din- əxlaqdır, kimillikdir, İnsan olmaqdır, qadını necə bürümək deyildir, körpə balaları neçə bürümək deyildir. İnsan olan kəsin bir dini olar, gündə bir din- təriqət dəyişdirməz!
Qələm sözə qurulan Dar Ağacıdı...
Mən Qələmimi ürəyimin qanlna
Batlrlb yazıram;
Və yazdığım söz bilir,
Mən yaza- yaza
Ölümə hazıram!
Daha bir haşiyə: bu il nəşr olunan “Allahın Bir Nəzəri Vardır Göyçədə”(2024, Bakı), adlı kitabımda Rüstəm Behrudiyə həsr olunan xırda həcmli yazım getmişdi. Yazının burda verilməsini labüd bildim.
KƏRKÜKDÜ, GÖYÇƏDİ, QARAYAZIDI VƏTƏN !
Mən kiməm kim,
Ən azı Tanrıdan Gələn Yazı...
Tarix geri gəlsə ancaq bu torpaqlarda türkcə qonuşar. Türklər torpaq vermirlər, özlərinə məxsus olanı geri alırlar.
Elə beləcə də adlandıracağam bu yazını Behrudi, “Tanrıdan gələn yazı”. Tanrıdan gələn yazı nolardı mənim yazımı gözəl yazardın, narın yazardın, qəmimi- qüssəmi qoyardın yer- yerinə. Doğurdan da axı bu sualı elə mən özüm də özümə dəfələrlə vermişəm, sormuşam. ... Kiməm Mən? “Leyli- Məcnunu”sevdiyimiz kimi , Füzuli dühasının “Şəbi- hicran” yanğısı kimi, İlahi Eşqin – Vətən adlı- Turan adlı Eşqin tərənnümçüsü kimi, sonsuz kədərimizin yanğısı kimi, bəlkə də ahı kimi... nədən kədərimizi, qüssəmizi, bütün həzin duyğularımızı nəinki sevir, üstündə əsirik belə ?!. Sevinc cahana məxsusdur, bütün dünyaya bəyan edirsən, ancaq bu hüznü, dərdi- ələmi gizlədirik, gizlədirik ki, “düşmən” görüb də sevinməsin, yağı qəhqəh çəkməsin, çəkib də şadlanmasın.
Tənha Boz Qurdmu ulamış o gecə, dünyaya Boz Qurdun Turan adlı Qızıl Elmasının gəlişinimi bəyan edəcəkdi... şaman ruhlu, Türk sevdalı, Azadlıq eşqli Türkçü- Turançı dünyaya gəlmişdi. Boz Qurdun Qızıl Elması demə Sizsiniz!
Nədən intizarı, ayrılıqları, sonsuzluğu belə sevirik, nədən, nədən öz kədərimizə belə vurğunuq, dərdli- ələmli olmaq niyə xoş gəlir bizə...
“SONUN YOXDU ÇEVRİLMƏSƏN TURANA”- şaman ruhlu, türkçü, Turan sebdalı, Qızıl Elma soraqlı Rüstəm Behrudu üçün Tanrı Dağı qibləgahdır, səcdəgahdır! Özü demişkən”Göylərdən Gələn Kitabam”... deyən şair özü Göy Türklər qədər Uludur, doğrudan- doğruya Göy - lərdən gəlmiş!
İnsanmısın, Tanrımısın “Tanrıdan Gələn Yazı” ... Göylərin yeddinci qatından enən ruh adamı, yoxsa İnsan Ruhu... Şaman, dərviş, Türkçü- Turançı... “İlahi qüdrətinin təəcəssümü olan “QURANİ- KƏRİM”də göstərilir ki, ruhlar aləminin əzəli və əbədi məkanı Cənnətdir, Adəm övladlarına ruhlar Cənnətdən gəlir. Böyük Allahın əmanət verdiyi ömrü onunla başa vurur və əbədi məkana qayıdır. Əlbəttə, kimlər əməli salehsə”- İ. İbrahimov. Sözsüz mən müəllimimin sözlərini təsdiqləyirəm, Kimlər Əməli Salehsə ! Millətinə ruhən vurğun olan “Başdan – ayağa Vətəndi, Vətəndi, Vətəndi Rüstəm Behrudi”- deyən Məmməd Araz özü də Vətən üstə köklənmədimi, Özü də Göyün yeddinci qatından olan RUH Adamı, M. Arazlar üstə köklənənlər Türk- Turançı da olmalı idilər, nə etməli, Rüstəm müəllim bu eranın insanları belə doğulmalı idilər !
...Səndən qaçıb tənhalığa sığındım, Getsəm də ayriılıqdı, qalsam da:
Bilərsən, Mən neçə təkəm, tənhayam...
Behrudini gözəl şair deyə sevmirsən, öz kökünün min illiklərə enmiş kötüyünün, milli kimliyinin inikası var Onda, onu tapırsan, qan yaddaşın, kodlaşmış genin səni oyadır. Onun ruhunda öz milli kökünün – türk olmanın xoşbəxtliyini yaşadır bu türkçü Şaman, Turançı- Qızıl Elma sevdalısı- vurğunu!Türk doğulmanın, Türk olmanın qürurunu yaşadır sənə !
Məni bəndəlikdən çıxarıb Allah,
Çıxarıb ruhumu bədəndən belə!
Nə vaxtsa qəribtək kəfənsiz ölsəm,
Məni sözlərimə büküb dəfn elə !
***
Bilirəm, yoxluğum ağrıdar səni...
... bəlkə, varlığım da ömrünə yükdü...
Getməyə yeri yox, qalmağa yurdu!
Yalandı, kim deyir dünya böyükdü!
Haşiyə: Mələklərinmi, feyalarınmı, pərilərinmi rəqs etdiyi günlərdir bu günlər- son 36 illik bir davanın və 32 illik Xocalı qətliamının qanının- qisasının alındığı günlərdir bu günlər!
Və Unutmayaq, Azərbaycan Erası başlayır, Azərbaycan tarix yazdı erməni- daşnak və Avropa xaç dünyası üstündə. Unutmayın bu bizim tarixdir, yazılan Azərbaycan tarixidir, Şəhidlərimizin al qanı ilə. Qazilərimizin cəfakeş – fədakar sayıqlığı ilə və Böyük Azərbaycan sevgisi ilə yazıldı bu tarix. Bu tarixdən danışarkən ən böyük Qəhrəman güclü Diplomat, ağıllı Sərkərdə , taktika və strategiyanın güclü bilicisi, Müasir Azərbaycanın Şah İsmayılı xaç qərb dünyasına qalib gəldi İlham Əliyev Cənabları !...
Tanrıdan Gələn Yazı... Göylərdən Gələn Kitab...
Haqdan qələm gəlsə belə,
Öz bəxtini özün yazsan...
Yüz çalxalan, min dalğalan ,
Sınma, sınsan yapışmazsan...
İndi vaxtın o vaxtıdır!
Bunu M. Araz dedi, ama gözəl dedi, yaşayaraq dedi, dünya boyda haqsızlıq gördü bəşəri şair. Özünü yazdı bu yazısı ilə, iztirabını anlatdı... ama gözəl anlatdı, gözəl yazdı türk sevdalı, sufi filosof!
... Yol gedirəm Mən dəli, bu yol dəli...bu dəli sözü böyük İnsanlıqdan, amaldan, əqidə Puh İnsanından xəbər verir Rüstəm müəllim, mənimlə yəqin razılaşarsınız Sizə Müəllim deyə müraciətimdən. Nədən ki, ən zərif, ən gözəl, ən uca müraciətdir bu müqəddəs kəlam, Müəllim !Və möhkəmlik, qətiyyət süzülən bir yol göstərici , uğurlarımız müəllimlərimizlə bağlı oldu Müəllimim! Bu gün isə Behrudi kimi Türk- Turan- Şaman yolçusu mənəviyyat İnsanımız- Adamımız. Yaradıcı dünyan nədən belə doğmadı, dediklərinin, yazdıqlarının sədasını, həyacanını duyuram köksümdə, qəlbimdə. Neçə- neçə minillik kökümüzdür bizləri sahilsiz ümmanlarda dünyanı pisliklərdən qoruyacaq gəmilər gözləyən , gözəgürünməz torpaqların dərin qatlarına öz rişələrini güclü halqalarla bağlayan qol- budaqlar bizimdir, qədimdən- qədim, əskidən- əski türk soyu, köküdür bizlərin ruhu ilə, geni ilə axan müdriklik, liderlik və cahanı xilas arzuları! Avropa hunlarından tutmuş Altaylaradək, GöyTürk Xaqanlığı- qırx əsrlik tarixə hökmran olan türklər! Sən əsir ola bilməzsən, Sən hər zaman Savaşçı oldun, başçı oldun, Anan- Vətənin qarşısında baş əydin, ama düşmən qarşısında boyun əymədin !
Mənə üz tut, yurda Ocaq qurana,
“Turan” deyib Boz Qurd kimi durana.
Sonın yoxdu, çevrilməsən Turana,
VƏTƏN !
“ Şair olmaq yordu Məni”- özü də cavab verir: Şair olmaqdan qurtarıb şeirə çevrilmək, şeir olmaq” məni xilas edəcək deyir Rüstəm müəllim. Özü- öz yaradıcı dünyasının ruh Adamı olmaq ona zövq vermirmi... Bir ruhani insanla- türk xislətli birisi ilə tanış olmağı çox istərdim, ama o qorxudur məni ki, Onun qarşısında elə ruh insanı kimi dayanmalı... əks hal mümkün deyil. Türk ruhlu, şaman dualı, Azadlıq adlı dəli hayqırışlı ruh Adamı :
Sən Azad olasan deyə keçdim
Öz Azadlığımdan!
...Biz bu çətin yollarda döyüşə- vuruşa gəlirik, şair sənə deyiləcək, dərdləşəcək sözlər çoxdur, “Sonun yoxdur çevrilməsən Turana” ... Dar Ağacına Salam verən Ruh Adamı, Tanrıdan Gələn Yazı- nədən ruhumda eyni duyğuları- eyni ruhu duyuram, Türkün əziz ruhunu, əsir ruhunu, onur ruhunu, nədən, nədən ?!.. Altaylardan dünyaya səpələnən, dünyanın dörd bir yanını bürüyən- hakim olan Türklər... Mən Ulu Türk Yurdu Gözəllər Gözəli GöyGözlü- AlaGözlü Göyçədə dünyaya göz açdım. Siz isə tarixin min illiklərinin sədasını verən Nuhun Peyğəmbər nişanəsi olan, hər yanından “Alov dilli ox olan” , qranit qayalarından əskilərdən əski haraylar gələn , tarixin özü olan- tarixin üzü olan Ulu Naxçıvanda- Ulu Məmməd Araz diyarında ... O diyarda nə tufanlar qopmadı, Şeyx Nəimi, İmadəddin Nəsimi, Əlincə Qalası, Əshabi- Kəff... Naxçıvan xanlarının sarayından Arazın suqovşanına baxdım, İlandağ- Haçadağ , sadəcə “heyrət ey büt”... O torpağın minilliklərdən gələn sədasını, qədimlərdən- qədimliyini duymaq neçə də xoşdur. Nuh Peyğəmbər və onun gəmisi əfsanəsini- daha doğrusu tarixin keşməkeşlərində itən həqiqəti xatırlayırdım. Əfsanələri də biz insanlar yaradııq, bu torpağın ilahiliyini, qranitəbənzər torpağına səcdə qılmaq gərək !Ancaq nə üçünsə Naxçıvanın qədimlərdən- qədim bir diyar olması nədən dünyaya hayqırılmayıb !?.
Mən bu torpağı görərkən anladım ki, M. Araz niyə şair olub, R. Behrudini isə anlamaq deyil, pərəstiş etmək lazım. Və onu da anladım ki, Behrudi nədən belə “dəli” olub!
Və bizləri birləşdirən axıb gələn bu ruh nə? Adı nə, ünvanı nə?. Bu ruh minilliklərlə kökümüzə- kötüyümüzə enişdir. Və bu eniş həm də göyün yeddinci qatına Ucalmaq – Uçmaq üçündür, Ucalışdır!
Vətən nə Türkiyədir türklərə, nə də Türkistan,
Vətən böyük və müəbbət bir olkədir Turan !
Və daha bir haşiyə: Uzun zamanlardan özümə verdiyim sual- Kiməm Mən, cavabı əslində bilirdim, Siz Rüstəm Behrudi , mənim kimliyimə daha bir möhür vurdunuz:
Mən bu ömrü yeyə- yeyə bitirdim,
Nəyim vardı unutdum,
Kimim vardı itirdim...
Bəlkə də kimlərsə səni itirdi, əvəzində köksündə əqidə, amal gəzdirənlər səni sevdilər, Sənə səcdə kimi tapındılar. Səni tapdılar.
Bəlkə elə bu yazı “Fəlsəfi düşüncələr” adlansın, onun müəllifi isə sadəcə bu yaradıcı İnsanın Türk adlı böyüklüyünə vurğun bir kimsədir, vəssalam. Yaradıcı İnsan zamanının Qəhrəmanıdır, lakin iddiasız, təmənnasız, al- ver-siz yaradıcıdan söhbət gedir. Xislət naqissə, qarşıdakı yaradıcı yaradıcı deyil, al- verdir. Yollarımızın sonumu, yoxsa sonsuzluğumu bizi sonda doğma Ocaqlara aparır, oralarda dinclikmi var, çox yəqin bəli. Ulularımızın uyuduğu torpaqlar ... ama qəriblər var ki, öz doğma Ocaqlarına heç nə ilə ulaşa bilmirlər... lakin Tanrının nə yapacağını , nələr bəxş edəcəyini kim bilə bilər!
Məkkəsiylə, Mədinəsi Ulu Altay olan gəlsin!
Vətən elə Vətəndi, Behrudinin Vətən sevgisi, Ruh aləmi ayrı bir yanğıdı, ayrı bir atəşdi, oddu, alovdu, beləsini görmədiniz, görsəniz ancaq Rüstəm Behrudidə gördünüz demək!
M. İ. “Allahın bir nəzəri vardır Göyçədə” (2024) mart
P. S. Heç bir zaman unutmadım ki, “cocuqlardan təbəssümü, pişiklərdən hüzuru, köpəklərdən isə sədaqət və dostluğu öyrəndim” , ama bir yanlış var bu fikirlərdə, ilkin bizə genimiz- qan yaddaşımız, soyumuz verir bu gözəl dəyərləri, duyğuları.
Ama bəs İnsan- onlardan nə öyrəndin... öyrənmədim, şahidi oldum, xəyanət, satqınlıq, tamah, paxıllıq, kiminsə xoşbəxtliyini, fərəhini, sevincini çəkə bilməmək...
Və unutma... heç bir kimsə üçün ölmə, heç bir kimsə üçün yanma. Ən böyük sevgim Vətənim oldu, Ata- Anam oldu. Göylərdən gəldiyinə inandığım Oğlum- Qızım oldu. Öncəsi özümün Göylərdən gəldiyimi bilirdim.
Bilmədim hansı şeirinə, yaradıcı ruhunun hansı incəliyinə üz tutam ki, biri o birindən qəhredici, düşündürücü... Siz sözsüz ki, Göylərdən gəldiniz!
Onsuz da çıxıb getməyə qurulub bütün saatlar...
Sizin vasitənizlə dedim özümü, sözlərimi, təkcə vəsf etmədim, olduğunuz kimi gördüm Sizi!
Yaradıcı Ruhunuz daim var olsun, Söz adlı Köhlən Atın yüyürək Olsun Adam!
Doğum Günün Qutlu Olsun Bəy Adam, Əfəndi Adam!
Şəxsiyyətinizə, yaradıcı dünyanıza ehtiram və məhəbbətlə Məlahət İsmayılqızı.
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin, AJB- nin üzvü, “Qızıl Qələm”,
Dədə Ələsgər İctimai Birliyinin Fəxri Diplomu
02. 09. 24. Bakı