usd-1.7000 eur-1.8205 rub-0.0184
Bakı 17°C 3.59 m/s
Son xəbərlər
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

 Bənövşə, bəndə düşə...  Nə ola bizə Göyçə düşə !..   - Məlahət İsmayılqızı yazır 

details

ƏDƏBİYYAT

18.03.2023, 16:07 Oxunub: 2146

         GÖYÇƏK  GÖYÇƏDƏ  NOVRUZ 

                         Göyçə dedim, Göyçək dedim,
                        Üz- gözümü fərəh bürüdü...

     Yazın gəlişi, həyata, yaşama səsləyən bir dünya, bir aləm. O aləm ki, neçə min illərdi yol gəlir bahara. Adına Novruz de, Bahar bayramı de, nə deyirsən de, fərqi yoxdur, çünki bütün bayramlar gözəldir və məqsədləri də gözəlliyə- şənliyə söykənir. Fevral ayından başlayaraq bütün Şərq aləmində olduğu kimi bizim Göyçə mahalında da artıq bayram əhval- ruhiyyəsi, bayram ovqatı özünü göstərirdi. Hazırlıq işlərinə başlanırdı. Göyçədəki folklor dünyasına xas adət- ənənələrdən danışarkən ən önəmli yerlərdən birini tutan Novruz adətləri ən uca mərtəbədə dayanırdı  desək yanılmaram.Novruz sozü məlum yeni gün, yeni ab- hava deməkdir. Dünyaya baharın gəlişini xəbər verən ilk carçılar qaranquşlardan öncə Novruzun gəlişidir, təbiətin oyanışı, suların aşıb- daşması, təzələnməsi, torpağın oyanışı insanları qış soyuğundan oyadaraq yaşamağa səslənişdir Novruz. 
    Ən əvvəla qeyd etməliyəm ki, bizlərdə bu bayrama Qırmızı Bayram, yaxud Həzrət Əlinin qırmızı geyinib xəlifə deyə taxta çıxması kimi də xarakterizə olunurdu, yəni Əli bayaramı da deyilirdi. Əslində isə bu bir etiqad olsa da yazın gəlişi, torpağın oyanışı, həyatın canlanması- bir sözlə yaşama səsləniş uğrunda bir çağırış idi, bir səsləniş idi. Fevralın axırları, martın əvvəlləri bəzən dizəcən qar olardı Göyçədə. Ara- sıra günün parıldamağı ilə qarın yavaş- yavaş ərimisinin şahidi olurduq. Canlanan torpaqlardan baş qaldıran torpaq ətirli buğ aləmi başına alardı. Bax bu ətirə torpaq ətri deyilirdi, bəlkə də bir qədər də incə ifada etsək bunun adına Vətən Ətri deyilərdi. Torpaq və ona bağlı İnsanların Sevgisindən doğurdu VƏTƏN ƏTRİ !
    Xarlamış qarın içindən boy atıb dünyaya meydan oxuyan novruzgülü, bizlər də- Göyçə də ilin bu vaxtları açan gülə ilkin danaqıran deyirdilər. Bu gülün bir adı qardələn, digəri novruzgülü, biri isə danaqıran idi. Gözəlim Göyçə hansı hünərlər yox idi səndə, sazın hanı, sözün hanı ? Ağır ellərin hanı...  At qurşanan mərdlərin, igidlərin hanı...Hanı sənin alagözlü sarışın gözəllərin, hanı sənin Alın, Ələsgərin? 
      Başın yenə dumanlı, sazın hanı, sözün hanı...
             Novruzun hanı, yazın hanı, gül- çiçəyin hanı?
             Abdalın hanı, Ələsgərin hanı, Alın hanı...
    Ulu Türk yurdunun neçə- neçə minilliklərindən axıb süzülən yeni ilin- novruzun gəlişi ilə baş qaldıran bu həyat, yaşamaq uğruna edilən şənliklərdə təbii ki, baharın atributu olan keçəl, kosa, qodu- qodu, kəndirbazlar kimi el şəbehlərinə sözsüz ki, Ulu Göyçənin simvolu olan saz- söz ustaları- aşıqların qoşulması ilə bu şənliklər daha da pərvəriş tapar, daha da möhtəşəm olardı. Bu el şənliklərində kimlər olmazdı, tanınmış aşıqlar, el sənətkarları- o cümlədən Aşıq Məhərrəm, Aşıq İmran, Aşıq Ədalət, Aşıq Fətullah, Aşıq Müsüyib və s adlar sadalandıqca sadalanacaq. Bəzən bu saz- söz şənlikləri kənd klubuna yerləşə bilmədiyindən kəndin axar- baxarlı yerləri seçilərdi. Meydan aşıqların olardı, təbii keçəlsiz- kosasız olmazdı bu məclislər. Həmin el şənliklərində bir epizod- uşaqlığımın ən şirin xatirəsi kimi yaddaşıma əbədilik köçüb, Aşıq İmranın zəngulələri Göyçə dağlarını başına alardı, bu möhtəşəm ifalardan dağlar, daşlar deyil, torpaq belə məst olardı. Minilliklərdən gələn türk qovmünün yaşamaq- var olmaq harayı idi bu ifalar. Aşıq İmranın sazı başı üzərinə qaldıraraq rəqs etməyinə saatlarca baxmaq istərdi könül. Sonralar bu rəqsi qismən də olsa Dədə Ədalət də gördüm. Ruhları şad olsun Müqəddəs yurdun halal övladlarının. 

Süsənli- sünbüllü, laləli dağlar, yarpızlı, lilparlı, nərgizli, bənövşəli dağlar...Qoca Dağdan əsən yellər, Sarı Nərdən qalxan Nərlər- sonamı yetdiniz, sonsuzluğamı getdiniz... 
    Hələki Vətən əsirlikdədir, erməni- rus əsirliyində. 
Yazın ilk çərşənbəsi fevralın axırıncı həftəsinə düşər. Su çərşənbəsi adı ilə məşhur olan bu əlamətdar gün Novruzun ilk addımı hesab olunurdu. İri sarı, qırmızı buğdadan qovurğa qovrulardı, qovut çəkilib hazırlanardı (zarafatsız, qovut yemisinizmi, özü də təmiz kərə yağında, süddən ibarət şəkər qarışığında...)bu sətirləri yazır və qovurğanın, isti- isti hazırlanan qovutun özü də Göyçəyə məxsus qovutun ətrini yaxından duyuram... 
    Harda qaldın mavi dünyam mənim, harda qaldın göygözlü Göyçə gölüm mənim, Gökcə dənizim mənim ?..           “Niyə belə darda qaldın “?.. Yeni gələcək həftə çərşənbəsi, yəni ikinci çərşənbə Od çərşənbəsi deyə anılardı. Od çərşənbəsi ərəfəsində camaat ev- eşiklərini, paltar- palazlarını çölə çıxarar  təmiz yaz havasına sərərdilər. Xalça-palazlar, kilimlər günə verilər, evlər təmizlənər, xüsusən əl- ev damları əhənglə ağardılardı. Gül- çiçək ətri gələrdi həyət- bacadan. Od çərşənbəsində qalanan tonqallar kəndi başdan- ayağa bürüyərdi. Ən çox da dağlara doğru qalxaraq lopaların atılması əsrarəngiz gözəlliyə malik Gökcə dəniz sahillərində yerləşən kəndlərin onsuzda gözəl olan təbiətini bir az da gözəlləşdirirdi. Göyçə baharının, yazının ayrı bir dəsgahı vardı. Obaya, kəndlərə, evlərə, dağlara gəlirdi bahar,  yavaş- yavaş əriyən qarlar, yaşıllıqlara bürünməyə başlayan çöllər, çəmən, dağlar... 
    Obanın bir tərəfi qar olanda, digər yanı günəşə bürünərdi, xalça- palazların, yorğan- döşəklərin yaz havasına verilməsi, digər tərəfdən həyət- bacanın təmizlənməsi, ev damlarının, həyət- bacaların əhənglə ağardılması, ev- eşikdən təmizlik adlı bir ətir əlirdi. Hava qaralıb öz yerini dağların vahiməli kölgəsinə verincə hər qapıda tonqallar qalanırdı.
    O Göyçə mahalında Güney kəndində yaşadığım həyatı, o gözəl insanları, sadə kənd  həyatını, Azərbaycana- Bakıya doğru can atan gənc qəlbləri, türk qövmünə xas olan adət- ənənələri həmişə minnətdarlıq duyğuları ilə xatırlayıram. Əslində isə bu xatirələr bu gün mənim kimi çoxlarının iç dünyasında ən müqəddəs, ən  ülvi duyğulardır. Göyçənin təkcə təbiətində, insanların ruhunda deyildi gözəllikləri, türk mənəviyyatında, adət- ənənələrində idi gözəlliklər. Nə Sovet dövrünün, nə də erməni- rus şovinizmi, daşnak millətçilərinin dəmir qandalları camaatımızı öz adət- ənənələrindən əl çəkdirə bilməmiş, əksinə öz milli ənənələrinə daha da yaxınlaşdırmışdı. Göyçə mahalının digər kəndlərində olduğu kimi, bizim Güney kəndində də Novruz bayramı çox təntənəli, çox şən keçərdi. İlk öncə Novruz çərşənbələri keçirilərdi. Xüsusən su çərşənbəsi, yeddilöyün, sulaşma, qapı- qapı, baca- baca, qapı pusma, tonqal qalamaq, lopa atmaq, növbənöv şirniyyatlar, İlaxır çərşənbəsində Qoca Dağın təpəsində qalanan Novruz tonqalı, qocaman dağları nura qərq edən lopalar, qırmızı yumurtalar, kəndirbazlar, şəbehlər, bayram plovu, bir- birinə qonaq gedən qohum- əqraba—sadalamaqnan qurtaran deyil...
    Dünya xalqlarının bir çoxlarında, o cümlədən ələlxus şərq müsəlman türk xalqlarına məxsus olan bu bayrama istər dini don geyindirilsin, istərsə də yazın gəlişi, torpağın oyanması, nə cür istəyirsiniz ad vermək olar, lakin biz Göyçəlilər ücün bu bayram oyanış, yenilənmə, mənən təmizlik – həyata yeni ilin gəlişi, yeni səsləniş idi. Yaşamı sevmək, müdrikcəsinə zəhmətlərə qatlanaraq Günəşə doğru Gülümsəmək idi. Həyatın Tanrı tərəfindən verilmiş bir mücadilə olduğunu anlamaq idi. Baharın gəlişi bir oyanışsa, dünyaya gülümsəmək Mən Varam deməkdi.
    Elə bu yerdə Türkün böyük şairi Nazim Hikmətin bu sətirlərinin, bu misralarının  yeni doğan Günəşlə necə də səsləşdiyini görməmək mümkün deyil:
          Torpaq var,
                          Günəş var,
                       Və Mən Varam!
                           Və bəxtiyaram !
    Həyat axar- baxarı ilə gedər, Novruz çərşənbələri bir- birini əvəz edərdi. 
    Bu Novruzun bir üstünlüyü də onda idi ki, bu təmizlik—təzələnmək, ruhlarımızın təzələnməsi, yenilənməsi demək idi. Həyət- bacanın təmizlənməsi, bayram hazırlıqları, şirniyyat, Göyçənin qattaması, əydəyi, İrəvan kətəsi, soğan qabığında boyanmış yumurtalar, səməni, səməni halvası, hər bir fərdə ailədə təzə paltar alınması...
    Martın əvvəllərində isə dünyasını dəyişənlər xatırlanar, ehsan paylanardı.
    Gözəllər Gözəli Göyçə də xüsusən axır çərşənbə olan Torpaq çərşənbəsi , Yerin, Göyün, yaranışın rəmzi olan dörd ünsür – Su, Od, Yel və Torpaq çərşənbələri, sonuncuya ilaxır çərşənbə də deyilərdi.(elə indi də deyirik, bu bağlılıq köknən gəlibsə, onun qarşısını kimsə ala bilməz ), hətta deyərdim ki, ilaxır çərşənbəsi bizlərdə bayramdan da təntənəli keçərdi. Sulaşma, qapı pusma, duzlu kökə bişirmək, bəxt- tale üçün fal açmaq...
    Ah Gözəlim Göyçə, erməni gədalarına vətən etdik səni...
    Qız- gəlinlərin allı- güllü bayram geyimləri, nəğmələri hələ də qulaqlarımda səslənir : 
                        Atıl- matıl çərşənbə,
                        Baxtım açıl çərşənbə...
    Bayram ərəfəsində mahalın kəndlərinə uzaq- yaxın ellərdən kəndirbazlar gələrdi. Bir növ bu kəndirbazlar biz uşaqlar üçün sirki əvəz edən əsas sevinc qaynaqlarından idi. Göyçədə Novruz bayramının məs. bizim Hacı Qərib -- Sadanağaç- Güney kəndində ən əlamətdar cəhəti qapı, qapı düşüb baca- baca gəzmək idi. Gülməxmərlərdən, çitəmə toxumalardan tikilən torbalar göz- könül oxşayardı. Uşaqlar əllərində  torbalar kəndin başından ayağınacan gəzər şirniyyat, boyanmış yumurtalar, qoz- fındıq, ləpə, kişmiş, xurma alabəzək konfetlər toplardılar. 
    Bütün bunlar isə olduqca maraqlı idi. Göyçə adlı o müqəddəs ulu türk yurdundan nə qədər desək, nə qədər danışsaq yenə azdır o uzaqlarda göy gözləri yol gözləyən Mavi Vətəni vəsf etməskdə yenə də acizik. Yetər daha, O Müqəddəs Vətəni, Sazın- Sözün- Miskin Abdalın, Alının, Ələsgərin yurdlarını yağıdan azad etməliyik. Qarşıda dayanan vəzifə, bizim olan Vətəni bizim etməliyik !
    Unutduğum bir amili də qeyd edim ki, Novruzun ilk çərşənbəsində Xıdır Nəbi, Xizir İlyas, Xıdır Elləz- yəqin ki, bu adlar ilk çərşənbənin simvolu kimi yadımıza düşdü artıq. Mifik surətlər olan bu adlar silsiləsi əslində müsəlman türk dünyasına mərhəmətin, səxavətin, uğur- bərəkətin simvolu kimi də daxil olmuşdur. İnanclara görə ilk çərşənbə də hazırlanan qovut axşamdan pəncərə ağzına qoyulardı. Səhər- səhər kimi qovutuna əllə işarə qoyulardısa bu bərəkət, uğur hesab edilərdi. Belə ki, Xıdır Elləzin o qapıya gəlişi, qoyduğu işarət könüllər açardı, həmən o qapıdan ruzi- bərəkət əskik olmazdı.
    Qodu- qodu, günəşi çağırmaq, sulaşma- novruz da  su yeni ab- hava demək idi.:
                          Gün çıx, gün çıx,
                          Kəhər atı min çıx...
    Qodu- qodu nəğməsi isə bəzi hallarda uzun zaman yağışların kəsməsi üçün, bəzi hallarda isə quraqlıqla əlaqədar yağış çağırılması üçün idi. Təzə ilin gəlişi üçün idi bütün bu dəsgahlar.:
                 Qodu- qoduyu gördünmü,
                 Qoduya salam verdinmi,
                 Qodu burdan keçəndə,
                 Qırmızı günü gördünmü...
Adətlər, niyyətlər gecəsi- qapı pusma, yeddilöyün- ilaxır çərşənbəsi eşitdiyin xoş sözlərlə gələcək ilin necə olacağı müəyyənləşdirilməyə çalışılardı.
 Oyanışın, yaşamın, canlanmanın, səs- küylü hayqırışlar idi baharın tərənnümü. Noruz adətlərindən olan bayram günlərində bir- birinin evinə bayramlaşmağa getmək, ən çox da kirvələr bir- birlərinin evinə gedərdi, təzə gəlini görməyə getmək, ona hədiyyələr aparmaq, qonaq çağırmaq kimi gözəl adətlərin harda qaldı... Hamısı ürəkdə qubar etdi... Təbii bu adətlər yenə yaşayır, yaşayacaq da, lakin o Göyçə ab- havasının dadı- duzu nə təəssüflər ki, kökümüzün- kötüyümüzün dərinlərə işləmiş O İlahi Müqəddəs Məkanlarda qaldı... Səndə nələrim qalmadı Vətən ...
    Hələki Vətən erməni tapdağındadır, onu xilas edəcək oğul və qızlarını gözləyir... Göyçə dağlarının simvollarından olan, boynu əyri olduğu kimi, taleyi də dönük olan Ulu Göyçəm eşqinə bir müəllif kimi, bir Göyçənin ruh insanı kimi bənövşəni mən də tərənnüm etdim, həm də yazın gəlişi kimi, çırpın boynunu düzəlt, mərdlər boynu bükük ola bilməz, düşmənin boynu buruq qalsın...
                   Nisgildənmi, ahdanmı yoğruldun,
                   Boynun nədən bükükdür bənövşə,
                   İncədən – incə saplağın sənin,
                   Xəyanətdən büküldün bənövşə,

                   Ətrin min- min ətirlərə dəyər
                   Dəyərin yox mənimtək bənövşə,
                  Güllər içində itdin də nədən?...
                  Boynun bükülü bitdin bənövşə.
 Göyçə dili ilə deyirəm bu nəğməni :
                   Atıl- matıl çərşənbə,
                   Baxtım açıl çərşənbə...
Göyçə adlı İlahi yurdun, Ocaqlarımızın, kökümüzün – kötüyümüzün dərinlərə işləmiş rişələri qopmaz tellərlə, gözəgörünməz bağlarla ,ruhlarımızla, mənəvi dünyamızla bağlandığımız O Müqəddəs məkan... bəxtlərimiz nə vaxt açılar görən...Sonuncu Novruz çərşənbəsi Tanrı səsimizi eşitsin, arzularımız çin olsun...
                     Bənövşə, bəndə düşə,
                     Nə ola bizə Göyçə düşə !

                                                Məlahət İsmayılqızı 

Digər xəbərlər