ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
EŞQİN RƏNGLƏRİ

ƏDƏBİYYAT
11.06.2025, 12:18 Oxunub: 2754Hüseynbala Mirələmov
(romandan hissə)
Müəllif -
Gülçin - 32 yaşında, istedadlı rəssam
Böyükkişi - 35 yaşında, Gülçinin əri
Yalçın - 34 yaşında, Böyükkişinin müdiri
Nemət - 45 yaşında, tanınmış psixiatr
(Əvvəli ötən sayımızda)
NEMƏT
Bəzən insanın daxilində elə bir savaş başlayır ki, onu nə tibb kitabları, nə də illərlə toplanan təcrübə izah edə bilər. Mən bu gün həmin savaşın mərkəzində silahsız, hər hansı bir müdafiə mexanizmi olmadan dayanmışam. Bu savaş ürəyimin ən dərin qatlarından başlayan, məni hər addımda sarsıdan və özü ilə yandırıb qovuran bir alova bənzəyir. On ildən artıq psixiatr - həkim kimi çalışan, yüzlərlə pasiyentin daxili dünyasına səyahət etmiş biri olaraq - mən indi öz duyğularımın içində çaşqınlıqla azıb qalmışam. Gülçin bir neçə həftə əvvəl mənim həkim kabinetimə sanki içimdəki bəndləri bir-bir qıran, mənim bütün psixoloji sərhədlərimi darmadağın edən qasırğa kimi gəldi. Onunla ilk seansdan bəri dərin bir dialoq qurulmuşdu aramızda – mən isə bu dialoqu özüm belə tam anlamadan yaşayıb gedirdim. O, bu seanslar ərzində öz sevgisini, ağrılarını anlatdıqca mən də onun cazibəsinə qapılır, onun sevmək istedadına aşiq olurdum.
Xəstələrə soyuqqanlılıqla diaqnoz qoyuram, dərmanlar yazıram, amma təkcə Gülçinə resept yazanda kağızın üzərində əlim titrəyir, ürəyim əsir. Hər dəfə otağıma daxil olanda adını eşq qoymaqdan belə qorxduğum, adı qoyulmamış, amma həmişə var olan o qəribə hiss baş qaldırır. Mən bir həkiməm – pasiyentimə qarşı duyğu hiss etməməliyəm, soyuqqanlı, təmkinli, obyektiv olmalıyam. Amma Gülçin qarşısında nə analiz, nə də nəzəriyyə qalır – o, sadəcə nəfəsi, baxışı, gəlişi, hər bir incə jesti ilə məni içimdən titrədən bir möcüzədir.
Bu axşam qərara gəldim. Bu, bəlkə də qərar deyil, həkim kimi məğlubiyyətim idi. Daxilimdəki həkim peşəkarlığı ilə duyğularımın mübarizəsi daha da ağırlaşmışdı, hər ikisi bir-birini şiddətli çarpışmada qanına qəltan edən qladiatorlara oxşayırdı. Gülçinlə növbəti seansımızda buxovlarımı qırmaq, daha doğrusu, ona sevgimi etiraf etmək istəyirdim. Daxilimdə hərdən həkimə, həkimliyə yaraşmayan bir arzu da baş qaldırırdı: Kaş ki, Gülçin sağalmayaydı, davamli olaraq seanslara gələydi, həmişə yanımda olaydı. Bu arzuların qeyri-insani və qeyri-peşəkar olduğunu da bilirdim, amma qəlbim sözümə baxmırdı. Artıq özümə də etiraf etməliydim: mən ona dəlicəsinə aşiq olmuşdum. Növbəti seansdan sonra özümü ələ alıb inamlı səslə dedim:
– Gülçin xanım, bu gün əgər vaxtınız varsa, işdən sonra bir qəhvə içməyə nə deyərsiniz? Sizinlə həkim – pasiyent kimi deyil, iki insan kimi söhbətləşməyi çox istərdim.
Gözlərində qəribə bir parıltı yarandı, ehtiyatla razılaşdı. İşdən sonra az qala qanad açıb vədələşdiyimiz vaxtda sahildəki kafeyə tələsdim. Dəniz kənarı, isti may axşamı və sükut… Təkcə fincanlarımızda buxarlanan qəhvənin ətri bizə yoldaşlıq edirdi. Onunla artıq həkim-pasiyent münasibətindən çıxmışdıq. Gülçin sakit baxışlarla dənizə baxır, mən isə onun çəhrayı yanağında titrəşən günəş şüasını izləyirdim. Hər dalğanın sahilə vurduğu kimi, içimdəki hisslər də bir-bir məni yuyur, təzələyir, amma eyni zamanda daha da qarışdırırdı. Sözlər boğazımda düyünlənmişdi. Nə danışacağımı, haradan başlayacağımı bilmirdim. Hisslərim peşə etikasının divarlarını bir-bir dağıdırdı. Nəhayət, içimdəki fırtınanı dayandıra bilmədim:
- Gülçin, bağışlayın... Olar “sən” deyə müraciət edim?
- Olar, əlbəttə…
- Özün də şahidsən ki, bu müddət ərzində mən daim sənə həkim kimi yanaşmağa çalışmışam. İllərlə tibbi elmindən öyrəndiyim nə varsa, seanslara tətbiq edirəm. Amma sənin hər gəlişində, hər sözündə, hər bölüşdüyün könül ağrısında həkimlik sanki bir kənara çəkildi, sənə kişi kimi sənə aşiq oldum. Həkimdən daha çox insan olmağa, kişi olmağa başladım. Sənin gözəlliyinə, zəngin daxili dünyana vuruldum. Sənə həmişə yaxın olmaq istəyirəm... Daim səni görməyə, səninlə danışmağa, dinləməyə, dəstək olmağa ehtiyac hiss edirəm. Xahiş edirəm, məni düzgün anla… Ailəli olduğunu da, başqasını sevdiyini də əlbəttə ki, bilirəm, səndən bir gözləntim yoxdur, sadəcə içimi gəmirən bu duyğuları səmimiyyətlə bölüşmək istədim.
O, məsum tövrlə gözlərimə baxdı. Baxışlarında heyrət, anlayış və qəribə bir təskinlik ifadəsi vardı.
- Doktor, sizə hörmətim sonsuzdur... Duyğularınızı anlayışla qarşılayıram, açığı, mənim üçün gözlənilməz oldu. Amma özünüz də bilirsiniz ki, mənim qəlbimdə artıq Yalçından başqa heç kimə yer yoxdur. İnsan ürəkdən sevəndə orada bir sevgidən başqasına yer olmur. Əlbəttə ki, sizə olan ehtiramım həmişə davam edəcək, sizin müalicəniz də, yazdığınız dərman və psixoterapiya da mənə olduqca yaxşı təsir edir. Lakin əgər mənə bəslədiyiniz bu qarşılıqsız sevgi sizin işinizə mane olursa, yaxud mənəvi olaraq dalana dirənmiş hiss edirsinizsə, həkim-pasiyent olaraq yollarımızı ayıraq bəlkə?
Onun təxminən belə cavab verəcəyini gözləyirdim, amma yenə də o anda içimdəki bütün ümidlər kədərin rənginə boyandı. Ancaq qəribədir – onun etirazı belə incə və ləyaqətli idi. Məhz bütün bunlara görə onu belə sevməyə dəyərdi.
- Yox, Gülçin, nə danışırsan, mən əvvəlki qaydada sənin müalicəni davam etdirəcəyəm. Səndən bir gözləntim yoxdur, görürsən, hətta bu söhbəti belə klinikadan kənarda edirəm səninlə. Biz indi iki dost kimi oturub danışırıq, klinikada isə sən yenə pasiyent, mən isə həkim olmağa davam edəcəyəm. Xahiş edirəm, duyğularımdan ürkmə, məndən sənə ancaq sevgi, anlayış və dəstək gələ bilər, qətiyyən ziyan gəlməz, ona görə də, lütfən, terapiyaya gəlməyə davam et. Mən sənin sağalıb tamamilə dinc, xoşbəxt halını görmək istəyirəm, bunu mənə çox görmə.
O görüşdən evə qayıdarkən düşündüm: bəzi eşqlər qarşılıqlı yaşanmaq üçün deyil, sadəcə birtərəfli - ya sevmək, ya da sevilmək üçündür. Bəzən ən güclü hisslərimizi ürəyimizdə dəfn etməyə məcbur qalırıq. Mən Gülçinə sadəcə qadın gözüylə baxmırdım, dəyərli sənət əsəri kimi diqqət göstərirdim, onu qorumağa çalışırdım. İndi bilirəm ki, mənim içimdə yaşanan bu savaş heç vaxt bitməyəcək. Bu qarşılıqsız sevgi, daxilimdəki bu savaş kişi olaraq məni incitsə də, yenidən kamil insan kimi formalaşdıracaq, daha yaxşı, peşəkar həkim olmağıma da zəmin yaradacaq. Gülçin isə artıq mənim həyatımın ayrılmaz parçasına çevrilmişdi, onu sağaldaraq yəqin ki, özüm də şəfalanacaqdım…
BÖYÜKKİŞİ
Gülçinin mənə aid olmadığını çoxdan bilirəm. Bu cümlədə nə kədər var, nə peşmanlıq. Sadəcə bunu artıq dərk edib qəbullanmışam. Həyat elə budur axı – bəzən bizə aid olmayanlarla illərlə bir dam altında yaşayırıq, ayrılmaq əvəzinə, öyrəşməyi, susmağı və razılaşmağı seçirik. Gülçinlə evlilik istəyərək deyil, ehtiyac içində seçdiyim bir libas kimidir – əvvəllər üzərimə tam oturmasa da, zamanla alışdım. İndi isə artıq əynimdən sallanır – yenə də nə soyunuram, nə də dəyişirəm…
Son zamanlar zavodda yeni bir əməkdaş işə başlayıb. Adı İlkanədir. Maliyyə şöbəsinə təzə qəbul olunub. Özünəinamlı, hər zaman səliqəli geyinən, sözlərini ölçüb-biçən, gözündən gülən gənc qadındır. İlk günlər onu adi iş yoldaşı kimi nəzərdən keçirmişdim. Sənədləri vaxtında təhvil verər, heç kimə qaynayıb - qarışmaz, hər kəslə nəzakət çərçivəsində davranardı. İstər-istəməz səsi, duruşu, tərzi ilə diqqət çəkirdi.
Bir gün dəhlizdə təsadüfən üz-üzə gəldik. Salamlaşdıq, o bir sənədlə bağlı sual verdi. Danışığında qəribə bir zəriflik vardı – elə bil insan onun sözlərinə deyil, səsinə diqqət kəsilir. Deyəsən düşüncələrimdə Gülçin yavaş-yavaş solur, İlkanənin o sakit, incə varlığı yavaşca özünə yer etməyə başlayır. O anda bunu etiraf etmədim, amma indi anlayıram: ona qarşı münasibətim dəyişməyə başlamışdı…
Axşam evə gələndə Gülçin yenə iş otağında idi. Qapı örtülü idi, içəridə dərin səssizlik hökm sürürdü. Mətbəxdəki çaydanı əlimlə yoxladım, soyuq idi. Mən özüm də bu evdə artıq soyuq çay kimiyəm – fincanda boyatlayıb rəngini dəyişən və artıq heç kim tərəfindən içilməyən soyuq çay… Üzümü Gülçinin iş otağına tərəf çevirib, səsləndim: “Heç olmasa, çay qoyaydın…” Cavab gəlmədi, səssizcə çaydanı qızdırb özümə çay dəmlədim. İçib yatmağa getdim.
Gülçin gözəldir, istedadlı rəssamdır, düşüncəli və zəkalı qadındır... Amma artıq onun gözlərində öz əksimi görmürəm. Onun baxışlarında indi başqa bir ad yaşayır – Yalçın. Mən onun sevgisini axtarmıram, çünki bilirəm, bu eşq mənə aid deyil. İndi dəqiq başa düşməyə başlamışam, mən öz həyatımı, sevgimi yenidən qurmaq, içimdəki boşluğu doldurmaq istəyirəm. Bəlkə də işdəki İlkanə ilə yaxından tanış olmağa dəyər?.. Üzümü divara çevirib yuxuya getməyə çalışdım.
…İkinci dəfə İlkanə ilə liftin önündə rastlaşdıq. O gün zərif topuqlu tufli geyinmişdi. Ondan tənha bir yay axşamının yüngül mehini xatırladan bir ətir vururdu adamı. Salam verdi, gülümsədi. Mən də gülümsədim, ilk dəfə idi ki, ona bu qədər diqqətlə baxırdım. Otuz - otuz beş yaşlarında olardı. İncə bədən quruluşu, sarı saçları, səliqəli geyimi, dinclik saçan davranışı ilə sanki həyatın tələskənliyindən xəbərsiz bir sadəlik daşıyırdı. İşdə danışılanlara görə, ilk evliliyi alınmamışdı. Övladı yox idi. Anası ilə birlikdə Bayılda yaşayırmış.
Mən uzun müddətdir ailədən kənarda ikinci bir evlilik barədə düşünürdüm. Həmişə içimdə dərin bir ata olma istəyi var idi – bu dünyada bir iz qoymaq, bir övladın ilk “ata” kəlməsini eşitmək, onun ilk addımlarında yanında olmaq, bütün bunlara fərəhlənmək mənim də arzum idi. Gülçin bunu mənə verə bilməyəcəkdi. İlkanə isə bəlkə də bunu bacarardı.
O gün liftdəki baxışı – elə bil qəlbimdəki suallara cavab idi. Məni anladığını, mənə bəlkə də onu tanımağa cəhd etmək üçün bir şans verdiyini hiss etdim. Hər şey bir baxışdan başlayır deyirlər. O baxış içimdə illərlə susmuş bir istəyi oyatdı. İndi qərarımı vermişəm. İlkanəni bir müddət kənardan səssizcə müşahidə edəcəyəm. Onu tanımağa çalışacağam – əslində kimdir, nəçidir, xasiyyəti necədir. Əgər hər şey yolunda getsə, bir gün ona yaxınlaşıb niyyətimi deyəcəyəm. Gülçinlə olan evliliyim davam edəcək – bu, aramızda çoxdan razılaşdırılmış, sükutla möhürlənmiş bir məsələdir. Onu boşamaq fikrim yoxdur. Amma bu, o demək deyil ki, mən sevib-sevilmək haqqımdan imtina edəcəyəm. Mən ikinci bir bahar yaşamaq üçün bəlkə gecikmiş, amma bu dəfə doğru olan bir hekayəyə hazırlaşıram. Özümü yenidən bir qadının gözlərində görmək, ata olmaq, həqiqətən yaşadığımı hiss etmək istəyirəm….
YALÇIN
Mən sevgidən, bir qadına bağlanmaqdan qorxurdum. Əvvəllər Gülçinə qarşı sadəcə bir ehtiras hiss edirdim, bu cazibəli qadının sirli baxışlarında gizlənən alov məni özünə çəkirdi. Onun gözləri kəskin baxırdı, sanki qarşısındakı adamın düz ürəyinin içinə boylanırdı. Amma getdikcə bu ehtirasın qəlbimdə sahiblənici bir sevgiyə çevrildiyini hiss edirdim. Əvvəllər eşqi zəiflik sayırdım. İnsan birini sevirsə, demək ki, ona təslim olur. İndi deyəsən, mən yavaş-yavaş Gülçinə təslim olmağa başlamışdım. Qorxum da elə buradan doğurdu: içimdəki Yalçının tanımadığım başqa bir Yalçına çevrilməsindən qorxurdum. Amma bu qorxuya baxmayaraq Gülçinlə hər görüşdən sonra artıq başqa bir varlığa çevrilirdim. Anam isə bu dəyişimi görmək istəmir. Onun üçün sevgi – ailə albomlarındakı köhnə şəkillər kimi – ağ-qara və çərçivəlidir. Aylardır eyni şeyi deyir: “Nilufərlə tanış ol”, “Ailə dostumuzun qızıdır”, “Tərbiyəli, ağıllı, ailəcanlıdır”, “Yaşın keçir, ay bala, vaxtında evlən oğul-uşağa qarış, mən də nəvə görüm”. Bu söhbətlərdən artıq beynim yorulub. Nilufər atamın dostunun qızıydı, neçə illərdir bizə gəlib-gedirlər deyə qızı uşaqlıqldan tanıyıram. Ağıllı, sakit bir qızdır. Heç vaxt ona qarşı marağım olmayıb. Gülçinlə sevgi macəramız başlandıqdan sonra isə artıq Nilufər heç gözümə də görünmürdü. Evlənmək məsələm haqqında söz düşəndə atam adətən susur, amma onun susqunluğu anamın sözləri qədər sərtdir. Onlar məndən “ideal oğul” obrazı istəyirlər – sabit, planlı, sakit, “doğru” seçimlər edən. Amma Gülçinlə tanış olandan bəri mən heç bir qəlibə sığmıram, sığa bilmirəm. Onun varlığı – saçlarına düşən işıq, boynuna səpələnmiş rəng damcıları, fırçanı tutan barmaqlarının zərif gərginliyi – həyatın qaydasız, amma gerçək üzünü mənə göstərdi. Əslində sevgi qaydasız döyüşə bənzəyir, zərbənin haradan gələcəyini bilmirsən. Onunla olmaq – hər an ölmək və yenidən dirilmək kimidir. Yaşım otuz beşi haqlasa da, evlənməyi düşünmürdüm, bu da valideynlərimi narahat edirdi. Tək oğul övladları mən idim, bacım ərə gedib Kanadada yaşayırdı. Ona görə onların narahatlıqları başadüşülən idi. Ancaq mən hələ ki, ailə qurmaq istəmirdim. Bütün fikrim-zikrim Gülçində idi, evlənsəm də ondan əl çəkə bilməyəcəkdim. Emalatxanadakı ilk görüşməyimizdən və ehtiraslı yaxınlığımızdan sonra gözüm ondan başqa heç kimi görmürdü… Onsuz hər saat darıxırdım, yanında olmaq istəyirdim. Gün ərzində telefonla danışsaq da, daim onu görməyi arzulayırdım.
Günortadan sonra işdən çıxıb özüm də bilmədim ki, nə vaxt Novxanı yoluna düşüb gedirəm… Bir də baxdım ki, Gülçinin emalatxanasının qapısının ağzındayam. Düşünürdüm ki, xəbər vermədən gəlmişəm, görəsən burdadırmı?” Qapının üzərinə yeni vurulmuş lövhəciyə gözüm sataşdı, keçən dəfə yox idi, deyəsən qapının üstünə təzəcə bərkidilmişdi. Lövhəcikdə müxtəlif rəngli hərflərlə yazılmışdı: Eşqin rəngləri emalatxanası. Bu üç kəlmə az qala iliyimə işlədi. Bu, sadə bir qapı lövhəciyi deyildi, Gülçinin mənə olan eşqinin izharı idi. Bu, artıq bir tale yazısı idi. Yavaşca qapını itələdim, açıldı…
İçəri daxil olanda elə bil mənim üçün zaman durdu. Gülçin tamamilə çılpaq halda əlində palitrası tablonun qarşısında işləyirdi. Yerimdə donub qaldım, elə bil canlı Venera heykəli özü emalatxanaya təşrif buyurmuşdu. Saçları çiyinlərinə dağılmışdı – yumşaq dalğalarla, sanki küləyin xəfif öpüşləri onlara toxunmuşdu. Onun kürəyindəki incə xətlər bir rəssamın ömür boyu çəkə bilməyəcəyi qədər mükəmməl idi. Barmaqları fırçadan zərif, amma qətiyyətli tərzdə yapışmışdı. Sanki rənglərlə ürəyinin sirrini kətana çəkirdi. Ağappaq bədəninin füsunkar əzalarında geniş pəncərəyə vurulan tüllərin arasından süzülən işıq şüaları oynayırdı. İncə beli, çanağının üstündə olan iki bel qəmzəsi insanın ağlını başından alırdı. Dolu, mütənasib baldırları, ağappaq budları və zərif topuqları ilə o, Renessans dövrünün qadın heykəllərinə bənzəyirdi. Ayaqları yalın idi – yerə təmas edən barmaqları belə hansısa incə bir melodiyanın ritmini təkrarlayırdı və buna uyğun olaraq bədəni yüngülcə, ehtiraslı şəkildə titrəyirdi. Hənirtimə geri çevrildi, gülümsədi, qarşımda boydan - boya bütün çılpaq gözəlliyi ilə durduğu üçün heç çəkinmədi. Toppuş döşlərinin şirəli şanı dənəsinə bənzər gilələri yuxarıya meyillənərək sanki zamana, dünyaya və mənə meydan oxuyurdu. Ağappaq, yumru və gözəl göbəyi gümüş qədəhə bənzəyirdi, baxdıqca adamı məst edirdi. Bütün bədənim, ürəyim bu misilsiz gözəllik qarşısında titrədi, sanki ovsunlanmışdım. Nə edəcəyimi bilmədim, bütün bədənimi xoş bir istilik bürüdü. Ona baxanda anladım: Tanrı bu anı yaratmaq üçün elə bil əsrlərlə gözləmişdi. Bütün kainat – ulduzlar, fəsillər, mövsümlər, səslər, rənglər – onun ətrafında toplaşmışdı. Donub qalmışdım. Heç bir söz deyə bilmirdim, eləcə baxırdım – susqun, aciz, heyran şəkildə!
İçimdəki bütün düşüncələr, narahatlıqlar, qorxular birdəfəlik silinib getdi. Yalnız o qaldı – rənglərin içində, çılpaq və azad! Mənə doğru addım atdı, elə bildim bütün dünya mənimdir. Bu dəlisov, yalnız öz duyğuları, öz qaydaları və öz prinsipləri ilə yaşayan qadını sanki min il idi gözləyirdim və o, nəhayət ki, gəlib çıxmışdı. Yaxınlaşıb yavaşca boynumu öpdü, köynəyimin düymələrini aça-aça pıçıldadı:
- İstəyirəm ki, burada sən də mənim kimi çılpaq, azad və özün olasan, əzizim…
Gülçin sadəcə qadın deyil. O, məni yenidən yaradan əfsanəvi bir qüvvədir. Mənə elə gəlirdi ki, Gülçindən öncə heç yaşamamışam…
GÜLÇİN
Kətan qarşısında dayandığım anlarda vaxt və insanların düşüncələri mənim üçün yox olur. Yalnız mən, fırçam və rənglər qalır. Amma bu gün – bu isti, nəfəs daraldan gündə – hər şey bir az fərqlidir. İndi ağlımda Yalçın da var. Yalçın mənim yalnız bədənimə toxunmadı, ruhuma sığal çəkərək ora bir qapı açdı. O qapının arxasında sevilmək istəyən, gözləriylə, sözləriylə deyə bilmədiyini rənglərlə çəkən unudulmuş bir qadın dayanmışdı. Emalatxanadakı keçən görüşümüzü - bədənimizin iç-içə keçdiyi, nəfəsimizin bir-birinə qarışdığı o çılğın, ehtiraslı anları xatırlayırdım... Bir an olsun yadımdan çıxmır. Onun dodaqları boynuma toxunanda mənim qadınlığım bütün dolğunluğu ilə oyanmışdı. Onunla birlikdə içimə işləmiş qızğın hərarəti indiyəcən heç kimlə yaşamamışdım. Həmin gecədən sonra özümü daha canlı, daha bütöv hiss edirdim. Bu gün bir az mesajlaşdıq, ondan sonra səs-səmir kəsildi. Görəsən hardadır? Necə də darıxıram onsuz! Dəlicəsinə darıxıram... Amma özümü ona xatırladacaq qədər zəif olmaq istəmirəm. Onün özünün məni arzulamasını istəyirəm – könüllü, ehtirasla, ürəyilə... Mən çağırmadan, özünün varlığıma ehtiyac duyaraq gəlməsini arzulayıram.
... Bu rəng niyə tabloda belə alındı? Gərək başqa bir rəng qatım buradakı çaları dəqiq ala bilmək üçün. Aman Allah, hava da necə istidir, bəlkə üstümü çıxarım, həmişəki kimi çılpaq çəkim? Fırçamı, palitramı kənara qoyub nazik, uzun yay donumu çiyinlərimdən sürüşdürüb soyundum. Alt paltarımı da bir sıyırımla çıxarıb atdım. Oxxay! İndi rahatam, işimə davam edə bilərəm! Bayaqdan soyunmuram ki, rahatca işimi görəm. Onsuz da təkəm, kimdir məni görən?
...Böyükkişidən nəsə axır vaxtlar gözüm su içmir. Çox sakitləşib, demək olar ki, məndən tamamilə əl çəkib. Görəsən Yalçın ona nəsə deyib? Gərək soruşum bir gün özündən… Deyəsən, daha bəxti ilə barışıb ki, mən onun qadını deyiləm. Artıq o da məndən yox, başqasında güvən və istilik axtarır, bunu hiss edirəm. Onu qısqanmıram, heç vaxt da qısqanmamışam. Onun hansısa qadınla münasibət qurmasını, başının başqa birinə qarışmasını çox istəyirəm, beləcə məndən fikrini çəkər, əlini tamam üzər. Mən də öz dünyamda asudə yaşayaram.
Doktor Nemətin bu gün mənə hisslərini etiraf etməsi mənim üçün gözlənilməz idi. Deyirlər, qadınlar əvvəlcədən hiss edirlər, amma mən Yalçına necə vurulmuşamsa, Nemətin mənə aşiq olduğunu heç sezməmişəm. O an necə donub qaldığımı, içimdə nə qədər ziddiyyətli hisslər doğulduğunu ifadə etmək çətindir. Nemət dəyərli, savadlı insandır, amma mənim qəlbimdə ona yer yoxdur. Orada ancaq Yalçın var. Həkimin sevgi etirafı qarşısında kədərləndim, onun qəlbini incitmək istəməzdim. Hisslərini o qədər zərif şəkildə etiraf elədi ki, qəlbimdə insani bir minnətdarlıq yarandı. Yanına terapiyaya getməyə davam edəcəyəm, amma bu söhbəti bir daha açmasına izin verməyəcəyəm.
Çılpaq olsam da yenə də istilənirəm, bu dəfə pəncərəni açdım. Hər şeydən azad olmaq istəyirdim. Birdən qapı yavaşca tərpəndi. Çevrilmədim, sadəcə hiss etdim. İntuisiyam dedi ki, gələn Yalçındır... Həmin an geri çevrilmədim, onun bu gözəllikdən bir kişi kimi zövq almasını istədim. Yalçının alovlu baxışlarını kürəyimdə, boynumda, saçlarımda hiss etdim. Qapıya sarı çevriləndə onu heyrət dolu donmuş vəziyyətdə gördüm. Elə bil, məni ilk dəfə görürdü. Bütün qadınlıq duyğularımla hiss etdim ki, bu an onun gözlərində dünyanın ən gözəl və qiymətli tablosu mənəm…
MÜƏLLİF
Gülçin, Yalçın, Böyükkişi, Nemət... Onların hər birinin içində özünəməxsus, yalnız özlərinin izah edə biləcəyi gerçəkliklər yatır. Onların seçə bilmədikləri ailələri, dəyişdirə bilmədikləri rolları, qopa bilmədikləri susqunluqları var. Cəmiyyət onlardan öz qaydalarına uyğun, doğru hesab etdiyi rolları gözləyir. Bu halda mən heç kimi qınamadan, ittiham etmədən, günahkar çıxarmadan sakitcə cəmiyyətin içindən qopan bu real sevgi hekayəsini izləməyi seçmişəm.
Nemət insan ruhunu analiz edən biri olsa da, öz daxilində yolunu itirir. Bu, ona yaraşmır deməyəcəm. Çünki həkim də insandır. Amma cəmiyyət həkimin hisslərini yox, soyuqqanlılığını görmək istəyir. Onun yaşadıqları suallar doğurur: Peşə insanlıqdan üstün ola bilərmi? Yaxud insan duyğularının əsiri olanda mənsub olduğu peşə ona mane olmalıdırmı?
Böyükkişiyə gəldikdə isə, o, nə qəhrəmandır, nə də zalım, zamanın yetirdiyi bir obrazdır. Anasının təzyiqi, qadının sükutu, cəmiyyətin "boşanmağı ayıb bilən" baxışı ilə - bütün bunların ortasında o, hər şeyi görməzdən gələrək yaşamağı seçib.
Yalçın isə sevgini ehtirasdan ayırmağı hələ indi öyrənməyə başlayıb. Valideynlərinin səsini susdurmaq istədikcə, içindəki duyğular daha da dilə gəlir. Amma cəmiyyət ona da uyğun rol biçib: ailə qurmalı, soyadını davam etdirən övlad dünyaya gətirməli, çərçivə içində yaşamalıdır.... Gülçin isə bu çərçivənin içində yerləşmir. Qadın olaraq çılğıncasına sevmək bəzən bağışlanmayan bir cəsarət sayılır. Onun içindəki arzular tabularla toqquşur.
Mən bu həyati obrazların heç birini nə qınamıram, nə də təqdir etmirəm, sadəcə onların həyatını yazıram. Bu roman – nə bir məhkəmədir, nə də tamaşa. Bunlar gerçək həyatı sözün rəngləri ilə anlatmağa çalışdığım həqiqətdir. Həqiqət isə həmişə şirin və qəbuledilən olmur…
(ardı var)
