ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Hüseynbala Mirələmovun “EŞQİN RƏNGLƏRİ” romanından hissə...

ƏDƏBİYYAT
04.08.2025, 13:46 Oxunub: 10136NEMƏT
Demək olar ki, hər axşam Turqayın klinikasına gəlirəm. Elə bil içimdə bir maqnit var və o, məni buraya sarı dartır. Gülçin burada müalicə almağa başlayandan bəri bu, artıq mənim gündəlik ritualıma çevrilib. Amma bu, peşəkar bir həkimin sadəcə pasientini ziyarət etməsi deyil. Bu, mənim qəlbimin hər axşam sevgi ümidilə döyünməsidir.
Klinikanın arxasındakı səssiz, lavanda və nəmiş torpaq qoxusu verən bağda Gülçinlə oturub onun sakit danışığını dinləmək böyük zövq verir.
Hərdənbir gecənin qaranlığı yavaş-yavaş bağdakı ağacların üstünə çətir kimi örtülür, budaqların arasından süzülən ayın işığında bağdakı çəmənlikdə çınqıl döşənmiş səkidə gəzişirik. Hər şey məsum və bir az da kədərli görünür…
Gülçin bu axşam uzun qara don geyinmiş, çiyninə də qara şərf atmışdı. Başdan ayağa qaralar içində idi, bu, onu həm çox zərif, həm də ciddi göstərirdi. Qəfildən fərqinə vardım, Yalçınla ayrılıb bu klinikaya gələndən bəri demək olar ki, həmişə qara geyinirdi. Oturarkən çiynindəki şərf yüngülcə sürüşüb qollarına düşdü. Ay işığı saçlarına yayılmışdı, onları gümüş kimi parıldadırdı.
– Salam, Nemət, – dedi asta səslə.
– Salam, Gülçin. Bu axşam səni daha gözəl gördüm... – dedim və dərhal içimdə bir fərəhlənmə hiss etdim.
O, gülümsədi, başını bir az yana əydi, baxışlarını göydəki ayın gümüş haləsinə yönəltdi.
– Sən hər axşam mənə görə klinikaya gəlirsən, bu qədər diqqətin qarşısında bəzən utanıram, – dedi yavaş səslə, - Bəzən fikirləşirəm, sən də olmasan mən neyləyərdim?
Bu sualı bir uşaq sadəlövhlüyü ilə soruşdu, amma mənə bu söz toxundu. İlk dəfə onun həyatındakı rolum haqqında düşündüm. Onun məni sadəcə dost gözündə gördüyünü bilirdim. Amma içimdə ölməyən bir ümidim vardı: Bir gün Yalçını unutsa, bəlkə onun ürəyində mənə bir qapı açılar, kim bilir? ..
– Buranın sənə yaxşı təsir etdiyini görmək məni çox sevindirir. Yanında olmaq da mənim ən böyük arzumdur - bilirsən. Və nə qədər istəsən, mən səni gözləyərəm, Gülçin, təki iynənin ucu boyda ümidim ola…
Gülçin ah çəkib üzünü yana çevirdi. Sükut çökdü. Ayın işığı budaqların arasından süzülüb üzünə vururdu. Gözlərinin dərinliyində suya düşmüş ayın əksi kimi bir bulanıqlıq vardı.
– Nemət, sən yaxşı insansan. Mənə çox dəstək olmusan. Sən olmasaydın, bəlkə də o zaldan heç çıxa bilməzdim, bəlkə də o gecə elə zəhərlənib... – cümləsini yarımçıq saxladım. Ovcumla yavaşca ağzını qapadım, dedim:
- Bir də belə danışma. Mən həmişə sənə dəstək olacam.
Əlimi onun əlinin üstünə qoydum. Geri çəkmədi, amma hiss etdim ki, əlimdən tutmaq istəmir. Gözlərim onun baxışlarına ilişdi. Baxışlarımda sanki bir sual vardı: “Gülçin, heç olmasa, uzaqdan səni sevməyimə icazə ver…”
O isə yavaş, amma qəti səslə dedi:
– Mən sənə ümid vermək istəmirəm, Nemət, bunu bacarmıram. Mən hələ də içimdəki müharibənin dağıntıları altında yaşayıram. Yalnız susmaq, sakitləşmək, çiliklənmiş güzgü kimi qırx yerə səpələnən qırıqlarımı bir yerə toplamaq istəyirəm. Sən mənim üçün çox dəyərli bir dostsan... Amma bir qadının bir kişiyə verə biləcəyi sevgini sənə verə bilmərəm...
Qəribədir, bu sözlər məni incitmədi. Çünki Gülçin danışarkən o qədər saf, o qədər şəfqətli idi ki, sanki bir çiçək öz ətrini səndən əsirgəmir, amma ona toxunmağa da icazə vermir.
Susub oturduq. Yaxınlıqdakı qızılgül kollarından təravətli ətir yayılırdı. Gecənin qaranlığı bizi sakitcə qucaqlayırdı.
Gülçin bir az mənə yaxın oturdu, başını çiynimə söykədi.
– Bilirsən, Nemət... bəzən elə olur ki, insan nə sevgiyə, nə nifrətə qəlbində yer tapır. Sadəcə bir boşluq yaranır. Səninlə indi danışmaq, susmaq, bu skamyada oturmaq, bu, mənə dərmandır. Amma bir yandan da sənin qarşılıqsız bu sevgin mənə yük olur. Doğrudan da, qadın necə də qəribə varlıqdır. Ona dəyər verənə qəlbi laqeyd olur, amma onu ikinci plana atanın ardınca qaçmağa hazırdır...
Mən başımı tərpətdim. Onu anladım. İçimdəki ümid bir az da sozaldı, amma yox olmadı. Çünki bəzən bir qadının qəlbinə getmək üçün onu sevmək kifayət etmir, onu anlamalı olursan.
– Sənin sağalman mənim üçün hər şeydən vacibdir, – dedim. – Ruhun dincəlsin, sakitləşsin. Əgər bu bağ, bu skamya və mən – düzəlməyinə, xoşbəxtliyə, dincliyə gedən yolunda bir az da olsa kömək ediriksə, demək, hər şey yerindədir. Sevgimi də qətiyyən özünə yük eləmə. Sevgidən yük olmaz, Gülçin. Sevmək könüllü olan, könüllə olan bir işdir. Nə də zorla ona qarşılıq tələb edilməz. Mən sevilməsəm də, səni sevdiyim üçün xoşbəxtəm… İndi başın çiynimdədir, bu da mənim bəxtəvər olmağım üçün kifayət edir.
Gülçin gülümsədi. Saçlarını əliylə arxaya atdı.
– Sən həmişə yanımda olacaqsan, Nemət?
– Əgər sən istəyirsənsə, həmişə…
Skamyadan qalxdı. Məni qucaqladı. Sağollaşdıq və o palatasına doğru yönəldi. Mən isə hələ də ay işığında skamyada oturmuşdum. O gecə başa düşdüm: həqiqətən sevmək bir qadın tərəfindən sevilməyi istəmək deyil, sevilmədiyini bilmədən də onun yanında qalmağı bacarmaqdır…
YALÇIN
Evlənməklə yeni bir həyata başladığını düşünənlər bəlkə də yanılırlar. Mən evləndiyim gün düşündüm ki, içimdə bir dəfn mərasimi var. Gülçinlə mənim sevgimi dəfn edirdilər, mən də bunu şadyanalıqla qeyd edirdim, yanımda tamam yad bir qadınla elə bil o sevginin tabutunun başında dayanmışdım…
Nilufər gözəldir. Sakit, mehriban, anlayışlıdır. Amma onun bütün bu gözəllikləri elə bil mənim boynumdan ağır bir yük kimi asılıb, çünki onu sevmirəm.
Hər səhər oyananda ağlıma ilk gələn insan Gülçindir. Acınacaqlıdır, yanımda başqası, könlümdə isə tamam başqa biri…
Səhərlər zəng edərdim. Telefonu açardı, günüm gözəlliklə başlayardı. Artıq heç vaxt evdə yığa bilməyəcəkdim. Xəlvətcə danışa biləcəkdim, o da telefonu açsa… Onun bu hala düşməsinə, əsəblərinin sarsılmasına səbəb oldum. Bu da ayrıca bir vicdan əzabımdır. Neçə gündür dalbadal Turqayın klinikasına ayaq döyürəm.
Klinikanın həyəti artıq mənim üçün az qala ziyarətgaha çevrilib. Hər daşını, ağacını tanıyıram. Hər skamya, hər döngə mənim dualarıma şahidlik edir.
Bu gün yenə işdən tez çıxıb ora getdim. Yolüstü böyük bir dəstə qızılgül aldım. Qapıdakı mühafizəçi məni tanıdı. Bu dəfə gülümsəmədən, salam vermədən klinikanın həyətinə daxil oldum. Klinikanın bağında Gülçinə zəng etdim. Yenə cavab vermədi. Tibb bacısına yaxınlaşdım, əlimdəki böyük buketi ona verib Gülçinə aparmasını xahiş etdim. “Gülçin xanıma deyin, Yalçın burdadır.” Gedib bir azdan qayıtdı, sanki eyni cavabı əzbərləmişdi:
- Gülçin xanım dedi ki, mən belə adam tanımıram.
Gül buketi də tibb bacısının əlində qayıtmışdı, onu mənə qaytarmaq istəyəndə əlimlə işarə edib “qalsın” dedim. Bir anlıq dünya ayağımın altından çəkildi. Bu söz içimdə şimşək kimi çaxdı, sonra hər yeri yandırıb külə döndərdi.
Skamyaya oturdum. Bağda ağacların arasında gəzişdim. Bir neçə dəfə başımı qaldırıb pəncərələrə baxdım, bəlkə o, məni görür... Amma pəncərələr yenə də bu gün susqun idi. Elə bil xəstəxana özü də artıq məni görmək istəmirdi.
Əlacsız qaldım. Saatlarla gözlədim. Amma o palatasından çıxmadı. Artıq əmin idim ki, haradansa pəncərədən məni görür, ona görə də çıxmır.
Hava qaralıb gecə düşəndə yenə əlim ətəyimdən uzun evimə qayıtdım.
Nilufər məni qapıda qarşıladı, əynində zərif bir gecə köynəyi, saçları çiyninə tökülmüşdü. Yemək hazırlamışdı, üzündə sevgi gözləyən qadının ümid ifadəsi vardı. Amma mənim dünyamda artıq yalnız Gülçin vardı.
Yeməyimizi səssizcə yeyirdik, səssizcə dişlərimizi fırçalayırdıq. Demək olar ki, üç-beş kəlmədən başqa heç nə danışmırdıq. Gecə yatağa uzananda da, onunla birlikdə olanda da hər şey kor-koranə baş verirdi. Ona hər toxunuşumda gözlərimin qabağına Gülçin gəlirdi. Onun boynu, saçları, gözləri, səsi, baxışı...
O an, hər şeyin içində, ən ehtiraslı dəqiqədə, gözlərim yumulu bilmədən, heç özüm də fərqində olmadan “Gülçin, ölürəm səndən ötrü, Gülçin…” dedim.
İlahi bu cümlə ağzımdan çıxar-çıxmaz yerimdəcə donub qaldım. Bu nə səhv idi mən elədim?!
Nilufər məni kənara itələdi. O qaranlıqda belə hiss elədim ki, gözləri böyüdü.
– Gülçin kimdi, Yalçın?!
O an özümə nifrət etdim. Arxası üstə kor-peşman uzanıb özümü lənətləyirdim. Ona nə cavab verəcəyimi bilmirdim, çünki cavab yox idi. Onu bu evə sevmədən gətirmişdim. Sadəcə bir həyat qurmaq üçün. Amma indi anlayırdım – sevmədiyin bir qadına toxunmaq, bir növ öz vicdanını zorlamaq kimidir.
Qalxdım. Paltarımı geyinib balkona çıxdım. Gecə səssiz idi. Şəhər yatmışdı. Amma mənim içimdə fırtına qopmuşdu. Siqaret yandırdım. Dodaqlarımın arasında titrəyirdi.
Səmaya baxdım. Ulduzlar mənə Gülçinin gözlərini xatırladırdı. Sevib-sevişdiyimiz anlarda gözləri beləcə parlayardı…
“Bağışla, Gülçin... Mən bacarmadım. Mən səni qoruya bilmədim. Mən səni sevərkən başqasının həyatını da qaraltdım. Sənsiz nəfəs almaq.. Bu, həyat deyil.”
Siqaretin kötüyünü balkondan vızıldadıb yatağıma qayıtdım. Nilufər üzünü divara çevirmişdi. Qaranlıqda hiss etdim ki, burnunu çəkir. Yəqin ağlayırdı. Özümə nifrət etdim. Bir daha hiss etdim ki, bu evə, bu həyata, bu qadına aid deyiləm. Amma daha gec idi. İndi hər şeyin adı peşmanlıq idi...
NİLUFƏR
Susmaqla boğulmaq artıq mənim üçün eynı acının müxtəlif adı kimidir. Səssizliyin içində elə dərinə çəkilmişəm ki, hər şeyi içimdə yaşayıram – çünki bilirəm, bu evdə mənimlə danışan, məni sevən yoxdur.
Bax, bu zəngin, sakit, möhtəşəm ev – hər qadının xəyalıdır. Qəşəng mebellər, incə zövqlə seçilmiş tablolar, səliqə ilə düzülmüş dekorlar... Hər guşəsindən rahatlıq, rifah, zənginlik görünür. Qəşəng pərdələrin arasından günəşin işığı süzülür, bahalı parketlərin üzərinə düşüb orada titrəyir. Divar kağızları pastel tonlarda, gül naxışları sanki divara yox, ruhuma çəkilib. Hər küncdə göz oxşayan bir harmoniya var. Amma bu harmoniyanın içində mən sevgisizliklə boğuşmağa başlamışam.
Yalçınla eyni evdə yaşayıram, eyni süfrəyə otururam, eyni yataqda uzanıram, amma o qədər bir-birimizə yadıq ki… Yalçının baxışlarında mən indidən yoxam, bir neçə il sonra necə olacaq bəs?
Ona yaxınlaşdıqca uzaqlaşır. Qoluna toxunanda bədəni çəkilir, öpməyə çalışanda baxışlarını yayındırır. O, mənə yox, bilmədiyim keçmişinə sığınıb yaşayır. Hər hərəkətində varlığını hiss etdirdiyi bir qadın var onun içində…
Evləndiyimiz gündən bəri dəyişməyə çalışıram, axşam o işdən gəlməzdən əvvəl saçımı fərqli düzümlərə salıram, yeni libaslar geyinirəm, dodaqlarımı al qırmızıya boyayıram, mətbəxdə yeni reseptlər axtarb onun sevdiyi yeməkləri bişirməyə çalışıram. Amma onun baxışları hələ də mənim üzərimdən sürüşüb keçir, o, məni ümumiyyətlə, görmür…
Və o gecə...
Məni ehtirasla qucaqladı. İlk dəfə idi ki, onun nəfəsini belə dərindən hiss etdim. Amma o an – əlləri mənim belimdəykən, dodaqları boynuma toxunarkən – pıçıltı ilə “Gülçin...” dedi.
Bir anlıq nəfəsim dayandı. Ürəyim boşluğa düşdü. O an hiss etdim ki, mən heç vaxt Yalçının sevdiyi qadın olmayacağam. Bəlkə də mənə hörmət edəcək, amma heç vaxt məni o adını çəkdiyi qadın kimi sevməyəcək.
– Gülçin kimdir? – dedim, səsim titrəyirdi.
O susdu. Cavab vermədi. Onun sükutu hər cavabdan ağır idi. O, durub balkona çıxdı. Mən isə üzümü divara çevirib həmişəki kimi özümə qapanıb ağlamağa başladım. Evlənməmişdən qabaq elə bilirdim ki, Yalçının soyuqluğu onun xarakteridir, təmkinidir. Anlamamışdım ki, məni heç sevməyibmiş. Bəs onda niyə mənimlə evlənib? Yaşı keçir, ailə qurmaq naminə? Axı mən hələ gəncəm, sevib-sevilmək arzum var!
Mən qadınam, hər şeyi hiss edirəm. Hələ toy günündən hiss edirdim ki, Yalçın özündə deyil, fikri haradasa başqa yerdədir. Qadın duyğularının labirintində ən incə detallar gizlənir. Bir baxışda sevgi varmı, bir toxunuşda içdən gələn istilik varmı , qadınlar onu dərhal anlayır. Mən isə uzun müddətdir hiss edirəm – onun ürəyində mənə bir zərrə də yer yoxdur.
Bəzən pəncərənin qabağında dayanıram. Saçlarımı darayıram. Elə bil hər telimə bir ümid asıram. “Bəlkə səbirlı davransam, bir gün məni sevəcək?.. Axı hələ təzə evlənmişik, ömrümüz irəlidədir… Bəlkə qarşıdakı illərdə özümü ona sevdirəcəyəm? ”
İndi təkcə ərimin yox, elə mənim də ağlımda yalnız o qadının adı dolaşır: “Gülçin”! İçimdə qadın marağı ilə qısqanclıq hissi müharibəyə başlayıb, başqa bir qadını düşündüyünü bildiyimə görə indi sanki Yalçına getdikcə daha çox bağlandığımı hiss edirəm…
GÜLÇİN
Əvvəllər bu cür səssizlikdən qorxardım, elə bilirdim, səssizlik insanı udar. Amma indi, burda – Turqayın klinikasında, səssizliyin məni sağaltdığını hiss edirəm. Sükutla baş - başa qalıb özümlə yaxından tanış oluram. Düşünürəm ki, bu qədər kədər içində olmağımın səbəbi bəlkə də özümü sevməməyim olub. Bəli, mən Yalçını sevdiyim qədər vaxtında özümü sevsəydim, indi belə iztirablar çəkməzdim…
Hər səhər qalxıb pəncərəni açıram, çöldən içəri xoş qızılgül qoxusu dolur. Sonra tibb bacısı dərmanları gətirir. Pəncərəmdən baxanda bağ görünür – sırayla əkilmiş qızılgüllər, yaşıl ağaclar, oxuyan quşlar - bütün bunlar mənim ruhumu oxşayır. O anlar sanki təbiət də mənim yaralı ruhumu sağaltmağa çalışır.
Bura gələndən, daha doğrusu, gətiriləndən sonra mən yaşamağı yenidən öyrənirəm. Arabir anamla, atamla telefonla danışıram. Onların klinikaya gəlməsinə icazə vermirəm, deyirəm ki, hələ ki, heç kimlə görüşmək istəmirəm, özümlə baş-başa qalmaq mənə yaxşı təsir edir. Onlar da bunu anlayışla qarşılayırlar. İndiyədək heç vaxt mənə anlayış göstərməyən valideynlərim indi artıq ağlımı itirmək ərəfəsində olanda mənim qərarlarıma sayğı ilə yanaşmağa başlayıblar. Onların Yalçın məsələsindən əlbəttə xəbərləri yoxdur, elə bilirlər ki, boşanmadan sonra depressiyaya düşmüşəm...
Nemət gəlib burada da mənə seanslar keçir. Hər addımda onun sevgisini hiss edirəm. Bəzən susuram, bəzən ağlayıram. O isə inamla deyir ki, müalicə prosesində bunun olması normaldır, mütləq sağalacaqsan.. Ən çətin müalicə sevdiyini unutmağa çalışaraq sağalmaqmış…
Yalçın hər gün klinikaya gəlir. Hər gün. Bəzən axşamlar, bəzən günortalar. Otağım elə yerdə yerləşir ki, pəncərəmdən, pərdələrin ardından onu görürəm. O gələndə otağımın qapısını arxadan bağlayıram. Ona görə yox, özümə görə. Çünki özümlə bacarmayacağımdan, onun qollarına qaçacağımdan qorxuram.
Nemət klinikada olmayanda bağlı qapımın arxasında dayanıb yalvarır bəzən, bağışlanmağını diləyir:
– Gülçin, nə olar, bağışla məni, mən sənsiz yaşaya bilmirəm...
Elə anlarda gözüm dolur, ürəyim az qalır çırpınıb yerindən çıxsın, amma yerimdən tərpənmirəm. Çünki mən artıq bu sevgidən yorulmuşam.
Bu gün də qapının arxasıında idi. Cavab vermədim, çıxıb getməsini gözlədim. Sonra qapının ardında səslər yüksəldi. Qışqırtılar eşidildi. Mühafizəçilər onu sakitləşdirməyə çalışırdılar. Yalçın geri çəkilmədi. Sonda mühafizəçilərdən biri bağırdı:
– Ay vətəndaş, bura sizin eviniz deyil, bura sağlamlıq mərkəzidir. İndicə polisə zəng edəcəyik! Klinikadan uzaqlaşmalısınız!
O an pəncərəyə qaçdım. Yalçını gördüm. Mühafizəçilər qollarından yapışmışdılar, onu zorla klinikanın həyətindən çıxarmağa çalışırdılar. Pəncərədən gördüm ki, darvazadan çıxarılarkən Nemətlə rastlaşdı. Nemətin işarəsilə mühafizəçilər Yalçının qollarını buraxdılar. Sonra səs tonları yüksəldi. Gözüm də, qulağım da onların mübahisəsində idi.
– O, mənim sevdiyim qadındır! – deyə Yalçın bağırdı. – Sən onu məndən almaq istəyirsən!
Nemət sakit, amma sərt tonda cavab verdi:
– Mən heç kimi sənin əlindən almıram. Sən onu özün itirmisən. Mən isə bu ağır anında sadəcə onun yanında dururam.
– Sus, kəs səsini, əclaf! – Yalçın Nemətin üstünə yeridi. – Sən öz psixoloji seanslarınla onu məndən uzaqlaşdırırsan. Bil ki, mən ondan imtina edən deyiləm, onun həyatında sənin yerin yoxdur, olmayacaq da!
Sonra Nemətə hücum etmək istədi, amma Nemət geri çəkilmədi. Mühafizəçilər araya girdilər, Yalçını qollarından tutub darvazaya tərəf sürüdülər. Yalçın qışqırırdı, “buraxın məni, alçaqlar, buraxın məni!” Üzü-gözü yaş içindəydi. Bir zamanlar mənə cəsarət, iradə, sabitlik təsiri bağışlayan adam, indi bir uşaq kimi çırpınırdı. Və mən bilirdim ki, bu, onu çölə atdıqlarına görə deyildi, neçə günlərdir, məni görmədiyinə görədir.
O darvazadan çıxanda yatağıma sərilib ağladım.Ağladım, çünki mən onu hələ də... Yox, sevmirəm! Necə yəni sevmirəm, onsuz nəfəs ala bilmirəm! Onun olmadığı müalicə də mənə lazım deyil ki! Mənim dərmanım Yalçındır, onun sevgisidir!
Bir azdan qapı döyüldü, gələn Nemət idi. Əlləri dolu idi. Arxasınca da əlində böyük dolu çanta olan tibb bacısı da gəlmişdi. Səhər Nemətdən xahiş etmişdim ki, gələndə yolunu emalatxanadan salsın, mənim rəsm əşyalarımı gətirsin, burada da çəkim. Sağalıb klinikadan çıxandan sonra möhtəşəm yeni sərgi açacağam. Və bu sərgi başqa sərgilərdən tamamilə fərqli olacaq…
MÜƏLLİF
İnsan ən çox sevilmək istədiyi yerdə sınar. Çünki sevgi – sadəcə bir hiss deyil, eynilə bir güzgü kimidir: qarşındakı insanda özünü görərsən. Amma o güzgü bəzən sənə gözəlliyini yox, çatlarını göstərər. Əl çatmayan yanlarını, tamamlanmayan cümlələrini, uşaq vaxtından içində daşıdığın boşluqları... Sevgi insanı bütöv etmir – əksinə, insanı öz yarımçıqlığı ilə üz-üzə qoyur. Sevgi insanı tamamlamır – insanı özü ilə qarşılaşdırır.
Bəzi insanlar sevgidə ucalır, bəziləri sevgidə yox olur, bəziləri isə sadəcə sağ qalmağa çalışır. Bu, həyatın ən dərin psixoloji labirintidir.
Gülçin bu qədər ağır iztirablardan sonra sağ qalmışdı. Amma o, artıq əvvəlki Gülçin deyildi, ola da bilməzdi. İnsan ən çox öz içindəki sadəlövhlüyün ölümü ilə dəyişir. Artıq heç kimə bütünlüklə güvənmir, heç nəyi tam qəlbində yaşatmır, yaşada bilmir. Çünki bəzi qadınlar dəlicəsinə sevildikdən sonra tərk ediləndə böyüyürlər, müdrikləşirlər.
Yalçın sevginin qiymətini anlayanda, artıq gec idi. Onun gecikmiş sevgisi artıq iki qadına peşmanlıq gətirmişdi. Ən çox sevdiyimiz insanlardan ayrılandan sonra ağlımız başımıza gəlir, onların yoxluğu bizi dəyişir.
Nemət isə hələ də sevilməyi gözləyir. Budaqları günəşə doğru uzanan nəhəng bir ağac kimi... Toxunmadan, sahib olmağı istəmədən sadəcə sevir və dəstək olur. ... Bəzən sevgi çox şey istəmir. Sadəcə var olmaq, sarsılan bir insanın yanında sükutla dayanmaqdır. Ancaq gözləmək ağır yükdür, nə ata bilmirsən, nə də daşımağı bacarmırsan.
Nilufər isə sevilməyən qadınların təmsilçisidir. Bir qadının sevgisiz bir evdə yaşaması içində tənhalığın yavaş-yavaş buz bağlamasıdır. Bədən toxunuşla deyil, duyğuyla canlanır. Sevilməyən qadın zamanla özü-özünə yadlaşır. Nilufər hətta Yalçından Gülçinin kim olduğunu öyrənməyə də çəkinir. Ona görə ki, ortaya böyük bir sevginin çıxması ilə özünün heç sevilmədiyi həqiqəti ilə üz-üzə qalmasına dözə bilməyəcək...
Əslində, biz hamımız bu romanın qəhrəmanlarıyıq. Biz həyatımızın müəyyən dönəmlərində nə zamansa sevməyi bacarmayan, hiss etdiyini ifadə edə bilməyən, ürəyini qorumaq üçün onu qapatmağı öyrənən, sevgidən uzaqlaşan insanlar olmuşuq. Hər birimiz bir nöqtədə yanılırıq: sevginin yetəcəyini, anlayışın həmişə qalib gələcəyini, zamanın bizim lehimizə işlədiyini düşünürük. Ancaq həmişə belə olmur...
Çox vaxt insanlar bir-birini sevmirlər, sadəcə bir-birlərinə alışırlar. Və o alışqanlıq sevgi ilə qarışanda – insan qapalı bir dairədə ilişib qalır. Sevgi artıq azadlıq deyil, məsuliyyətə çevrilir. Zamanla o məsuliyyət bir yük olur. Və insan ən çox bu yükün altında əzilir.
Sevgi əslində bütün halları və rəngləri ilə içimizdəki ən həqiqi dəyərdir. Amma yanlış zamanda, yanlış insana, ya da yanlış şəkildə veriləndə – sevgi fəlakətə çevrilə bilər. Ən sarsıdıcı sevgi – qarşılıqsız olan deyil, qarşılığı olduğu halda yaşanıla bilməyən sevgidir. Ən böyük peşmanlıq, hiss etdiyin halda, hiss etdiyini yaşada bilməməkdir.
İnsan bəzən bir anlıq susur, amma o susqunluğun içində bir ömürlük söz gizlənir. Bəzən də bir baxış illərlə deyilməyən bir həqiqəti səssizcə söyləyir. Sevgi sözlə deyil, davranışla yaşanır. Amma insanlar çox vaxt ya danışmağı, ya da yaşatmağı gecikdirir.
İnsan yaşaya-yaşaya dəyişmir, sevdikcə və itirdikcə dəyişir.
Heç bir sevgi hekayəsinin sonunda qalib olmur, sadəcə öyrədənlər və dərs alanlar var.
İnsan ən çox sevdiyini itirdikdən sonra özünün gerçək mənliyi ilə qarşılaşır. O zaman anlayır: ən vacib sevgi – insanın özünü unutmadığı sevgidir. Məşhur bir misalda deyildiyi kimi, gedən başqasını tapır, qalan isə özünü...
Həyat - sevməyi bacaran, itirdiyindən dərs alan və özünü yenidən quran insanların hekayəsidir. Ən gözəl sevgi isə insanın özünü bütün qəbahətlərinə, günahlarına görə bağışlaya bildiyi gün başlanır. Güclü insanlar sevgi iztirablarından sınsalar da, ayağa qalxa bilənlərdir.
NEMƏT
Mən uzun illərin həkimiyəm. Mənim peşəm insan ruhunun qaranlıq, anlaşılmaz və bəzən də çıxılmaz qatlarını araşdırmaq, o dolambaclı labirintlərdə itmiş insanları yenidən işığa çıxarmaqdır. Amma bu peşənin bir lənəti də var – bəzən o labirintin içində özün də azırsan, kiminsə ağrısını yüngülləşdirmək istəyəndə öz yaralarını dərinləşdirə bilirsən. Gülçin də mənim üçün sadəcə bir pasiyent olmadı. Onunla bağlı hər görüşüm, hər söhbətim, hər seansım, hətta ona yazdığım hər dərman resepti belə mənim daxili dünyamda iz buraxır. Mən onun ruhuna yalnız bir həkim kimi deyil, bir insan kimi toxunurdum. Və bu toxunuş ondan daha çox məni dəyişdirirdi.
İlk vaxtlar buna ad tapmaqda çətinlik çəkirdim. Bəlkə də peşəkar etikasına uyğun olmayan bir şey baş verirdi içimdə, amma bu duyğunu da inkar edə bilmirdim. Mən onu sağaltmaq istəyirdim, həm də onu bu dağıdıcı məhəbbətdən qurtarmaq istəyirdim. O isə hər dəfə gözlərini mənim üzümə dikəndə, sanki mənim deyil, uzaqlardakı Yalçının üzünü görürdü. Baxışlarının dərinliyində həmişə onun silueti dolaşırdı. Mən bunu bilirdim, amma dəyişə bilmirdim.
Turqayın klinikasında onunla keçirdiyim seanslar hər dəfə mənim üçün həm peşəkar sınaq, həm də şəxsi sarsıntı olur. Gülçin danışanda, bəzən susanda belə onun düşüncələrinin harada dolaşdığını hiss edirəm.
Onun bütün varlığını Yalçına bağlı sevgi telləri idarə edir. Mənim hər sözüm, hər cümləm, onu bu tellərdən azad etməyə çalışsa da, o bağların necə möhkəm olduğunu anlamaq çətin deyildi.
İçimdə daim bir qorxu, bir səssiz fırtına ilə dolaşıram. Mən özümə nə qədər desəm də ki, Nemət, sən bir həkimsən, emosiyalarına qapılmaq olmaz, qəlbim başqa şeylər pıçıldayır. O, məni sadəcə bir həkim, dost kimi görür, amma mən onu bir qadın kimi də istəyirəm, onu dəlicəsinə arzulayıram. Mənim üçün o, çoxdan pasiyent olmaqdan çıxıb. Əslində indi kim kimin xəstəsidir bəlli deyil…
Gülçini xilas etmək istəyirdim, amma təkcə xəstəlikdən yox – onun Yalçına olan bağımlılığından, onun ruhunu zəncirə salan o sevgi dedikləri fəlakətdən.
Gecələr yata bilmirdim. Gözlərimi yumduğum anlarda belə beynimdə onun siması canlanırdı. Gülüş, baxışı və onların arxasında gizlənən Yalçın. Bəli, Yalçın – o adam ki, xəyanəti ilə bu qadını zədələmişdi, amma yenə də onun ağlından çıxmırdı.
Yalçın klinikaya gələndə mənim içimdə başqa bir tufan qopurdu. Özünü arxayın, özünə güvənən kimi göstərsə də, onun içindəki çatları, parça-parça olmuş ruhunu bir psixiatr olaraq görməyə bilməzdim. Onun gözlərində bir uşaq qorxusu vardı – xəyanət etmiş, amma hələ də bağışlanmaq ümidi ilə yaşayan bir uşağın qorxusu.
Onun bu təzadlı duruşu məni həm qıcıqlandırır, həm də qəribə bir şəkildə incidirdi. Onun gəldiyi hər gün Gülçinin də ruhən ona daha da yaxınlaşdığını hiss edirdim. Onların arasındakı bağ hələ də qırılmamışdı və mənim bu bağı istər peşəkar kimi, istərsə də bir insan olaraq kəsməyə gücüm çatmırdı. Mən nə qədər çalışsam da, nə qədər səbrlə, ustalıqla onun ruhundakı düyünləri açmağa cəhd etsəm də, Yalçın adı hər şeyi yenidən dolaşdırırdı.
Özümə bəzən sərt şəkildə xitab edirdim: "Nemət, sən psixiatr həkimsən! Peşəkarlığını itirə bilməzsən!" Amma bu sərtlik qəlbimin sızıltısını dayandıra bilmirdi. Çünki hər dəfə Gülçin mənim yanımda gülümsəyəndə, bir az yüngülləşib özünü xoşbəxt hiss etməyə başlayanda içimdə bir ümid işığı yanırdı.
Bəlkə də düşünürdüm ki, o da mənə bağlanır, o da məni anlayır. Amma sonra o işıq tez sönürdü – çünki Yalçın yenidən aramızda peyda olurdu. Mən ona nə qədər yaxınlaşsam da, o yenə də Yalçına daha çox yaxın idi. Hətta ayrılandan sonra da…
Bir axşamüstü klinikaya gəldim. Hava qəribə dərəcədə sakit idi. Klinikada adətən eşitdiyim xışıltılar, addım səsləri, xəfif danışıqlar bu dəfə yox idi. Sükutun içində qəribə bir sıxıntı vardı. Qapıçı yaxınlaşıb asta səslə dedi:
– Doktor, xəbəriniz var? Gülçin bu gün Yalçınla birlikdə çıxıb. Hələ də qayıtmayıb...
Bu xəbər məni sarsıtdı. Sanki kiminsə sərt yumruğu sinəmə dəyib nəfəsimi kəsdi. Qollarım boşaldı, sanki içimdə bir şey qopdu. Həyatımda bir səhifənin çevrilib birdəfəlik bağlandığını hiss etdim. Gözüm klinikanın qapısına dikildi. Bəlkə qayıdar, bəlkə bu, bir yanlışlıqdı – özümə bu cür təsəlli verirdim. Amma qapı açılmadı.
Gecə düşdü, klinika tədricən boşaldı. Xəstələri ziyarət edənlər evinə çıxıb getdi, palataların işıqları bir-bir söndü. Mən isə elə həmin yerdə, qapıya dikilmiş gözlərlə qaldım.
İçimdəki boşluq getdikcə böyüyürdü, qaranlıq ruhuma daha çox yayılırdı. Bir anlıq güzgüyə baxdım və orada gördüyüm adam məni qorxutdu. Güzgüdən mənə yorğun, solğun, üzü cizgilərlə dolu bir kişi baxırdı. Bu adam nə peşəkar həkimə bənzəyirdi, nə də bir sevəni xatırladırdı. Güzgüdən boylanan o adam sanki bütün məğlubiyyətləri yaşayandan sonra ölkəsinə peşman şəkildə üzüqara qayıtmış sərkərdə idi…
Bəlkə də məni ən çox incidən bu idi. Özümə səmimi etiraf etməliydim: Mən onu yalnız sağaltmaq istəmirdim. Mən onu istəyirdim. Onunla səhərlər bir yerdə oyanmaq, həyatın sadə olan hər şeyindən danışmaq, gecələr də onu qucaqlayıb yatmaq istəyirdim. Amma bütün bu istəklər içimdə boğulurdu. Çünki mən onun üçün sadəcə bir həkim idim. Mənə həyatını, düşüncələrini açsa da, qəlbini ömürlük Yalçına bağlamışdı.
Hər gecə beynimdə eyni suallar dolaşırdı: Mən ona başqa bir həyat təklif edə bilərdimmi? Yalçından daha yaxşı, daha saf bir sevgiyə layiq olduğunu ona necə sübut edə bilərəm?
Amma həqiqət çox sərt idi: Sevgi sübutla yox, hisslərlə yaşanırdı. Gülçin bütün xəyanətlərinə baxmayaraq Yalçını hiss edirdi, onunla nəfəs alırdı. Mən isə yalnız ağıl və anlayışla ona yaxınlaşmağa çalışırdım.
Bəlkə də mən də səhv etmişdim. Bir həkim kimi sərhədləri aşmışdım. Hər seans, hər dialoq məni ona bir az da yaxınlaşdırmışdı. Mən psixiatr idim, amma onun yanında bir kişi, bir aşiq kimi davranmağa başlamışdım. Mən onu qurtarmaq istəyirdim – bəlkə də əvvəlcə xəstəlikdən, sonra Yalçından, sonda isə öz tənha qəlbimdən.
Dəfələrlə ona zəng etdim, telefonuna zəng çatmırdı. Kor-peşman klinikadan çıxıb tənha evimə yollanıram, sabah klinikaya yenə gələcəm. Gözüm yenə qapıda olacaq. Bəlkə bir möcüzə olar, o qayıdar. Amma ömrünə bir dəfə Yalçının kölgəsi düşən qadının baxışında mənim üçün yer tapılarmı? Bu sualın cavabının “yox” olduğunu bilsəm də, ümidimi kəsə bilmirəm. Amma bir şeyi bilirəm: Gülçini sağaltmağı düşünərkən mən çoxdan həkim olmaqdan çıxıb özüm sevgi xəstəsinə çevrilmişəm…
NİLUFƏR
Yalçın axşam yenə evdə deyildi. Telefondan nömrəsini yığmaq istədim. Əllərim titrədi, amma barmağım zəng düyməsinə toxunmadı. Çünki bilirdim, cavab verməyəcəkdi. Bir aydı evlənmişik, amma o artıq ev –eşiyə sığışmır.
Telefonu divanın üstünə atıb soyuducunun qapısını açıb boş-boş içərisinə baxdım, sonra yenə bağladım. Ac deyildim, sadəcə bir məşğuliyyət axtarırdım. Bir fincan qəhvə hazırladım, mətbəxdəki geniş masanın arxasına oturdum. Divarlardan toy şəkillərimiz çərçivələrin arasından üzümə baxırdı. Yalçınla birlikdə olduğumuz, dostlarımızın üzünə təbəssümlə baxdığımız o şəkillər indi mənə yad idi. O kadrların içindəki Nilufər başqaydı. Üzü gülən, gözləri işıldayan, sevgiyə inanan bir qadın... İndi isə həmin qadın o şəkillərin arxasında itib… Sanki bu evdə yaşayan Nilufər artıq ölüb, qalan isə sadəcə kölgəsidir.
Qəhvəmi içəndən sonra pəncərənin qarşısına dikildim. Şəhərin işıqları uzaqdan bir-birinə qarışırdı. Küçələrdə həyat davam edirdi, amma bizim evdə ölüm səssizliyi hökm sürürdü. İstədim anama zəng edib hər şeyi olduğu kimi danışım, sonra fikrimdən vaz keçdim.
Artıq gecə düşmüşdü, telefon yenə lal idi. Qəlbimdə sancı kimi qopan suallar başımı didirdi: Yalçın hardadır? Kimin yanındadır? Cavabını bilirdim, amma dilimə gətirməyə qorxurdum. Bu qorxunun adı Gülçin idi.
Qapının kilidi açıldı. Zəif bir səs... Qapı ehtiyatla aralandı və Yalçın içəri girdi. Başını aşağı salmış, üzündəki ifadə soyuq və pərişan idi. Üzümə baxmadan nazik yay pencəyini çıxarıb kreslonun üstünə tulladı. Ayaqqabılarını çıxarıb yataq otağına keçdi. Addımlarında belə yadlıq vardı. Mən də səssizcə arxasınca getdim.
Yataq otağının qapısında dayanıb cəsarətimi topladım:
— Haradaydın yenə ? — Səsim incə və titrək çıxmışdı, amma içimdə bir fəryad boğulurdu.
Yalçın yorğun halda:
— İşdəydim...
Boğazımdakı düyünlə çarpışa-çarpışa sözlər dodaqlarımdan qopdu:
— Yalandır! Mən bilirəm haradaydın! Gülçinlə idin, eləmi? Mənə artıq yalan demə... Sən yuxuda da hər gecə onun adını sayıqlayırsan!
Yalçın sərt şəkildə dönüb mənə baxdı. Baxışlarında qəzəb vardı. Eyni ötkəmliklə dedi:
- Bir də Gülçin haqqında heç nə danışma və heç nə soruşma! O səndən əvvəl həyatımda vardı! İndi isə sən mənim arvadımsan və sənin bu cür danışmağını, mənimlə dava eləməyini istəmirəm!
Titrək səslə özümü saxlaya bilmədim:
— Qısqanıram! Çünki başqa bir qadını düşünən, onun adını sayıqlayan bir kişiylə yaşayıram! Necə sakit olum? Mən qadınam, arvadınam, amma sənin üçün sadəcə evdə qalan bir kölgəyəm.
Bir anda Yalçının səbri daşdı:
— Hə, Gülçini sevirəm, amma unutma, səninlə evlənmişəm, sənin yanındayam!
Deyilən sözlər bıçaq kimi sinəmə sancıldı.
- Onu sevirdinsə, elə onunla evlənəydin, mənimlə niyə evlənirdin?!
Yalçın gözlərini məndən qaçırıb cavab vermədən yatağa uzandı, üzünü çevirdi.
Hirsimdən bütün bədənim əsirdi. Neyləyəcəyimi bilmirdim. Heç vaxt belə əsəbiləşib özümdən çıxan da deyildim, bilmirəm indi mənə nə olmuşdu, sanki son günlərdə çox emosional, həssas olmuşdum, özüm də bimirdim niyə… Bu ev mənim üçün bir qəbirə çevrilmişdi.
Yalçın kürəyini mənə çevirib uzanmışdı.
Özümü pis hiss edirdim, əvvəllər heç vaxt belə olmamışdım. Gözlərimi yumdum. Öz-özümə pıçıldadım: "Bəlkə yuxuya getsəm, qəlbimin ağrısı azalar..." Amma bilirdim ki, sabah da bu ağrı ilə oyanacağam…
GÜLÇİN
Yalçına nə qədər özümü laqeyd göstərsəm də, onu görməyə çıxmasam da, hər gün axşamçağı gözüm istər-istəməz klinikanın qapısına zillənir. Qəlbimdəki o izahsız narahatlıq bitmək bilmir. Bir tərəfdən özümü müalicəyə və klinkada çəkdiyim tablolara kökləməyə çalışsam da, digər tərəfdən ürəyim səssizcə, inadcıl bir uşaq kimi yalnız Yalçının adını pıçıldayır. Mən də artıq bu səslə mübahisə etmirəm.
Sözün açığı, içimdə bir ümidin solğun işığı var, nə qədər danmaq istəsəm də, onun varlığını, qəlbimdəki izini danmaq mümkün deyildi.
Yalçının yoxluğu məni boş bir qəfəsə döndərib. Elə bil ki, ruhumun içi oyulub, içimdə mənə məxsus olan bütün səs, rəng və işıqlar onunla birgə çıxıb gedib. Sağalmağa doğru gedirmiş kimi görünsəm də, məni tamamlayan, bütöv edən önəmli bir parçam sanki itib.
Gecələr tək qalanda üzərimə zireh kimi çəkdiyim süni sərtlik ovulub tökülür. Düşüncələrim yenə Yalçına dönür, yenə onun sözləri, gülüşü, baxışları ətrafımda fırlanır. Axı onu necə unudum? Axı ürək avtomat qurğu deyil ki, düyməsinə basıb susdurasan.
Bütün bu qarışıqlığın, daxili çırpıntının içində Yalçından uzun bir mesaj gəldi. Sətirlərindəki səmimiyyət, peşmanlıq, bir də o möhkəm, qətiyyətli "Səninlə bir ömür keçirmək istəyirəm" sözləri qəlbimin soyuq, sərt buzunu əridib onu ardı-arası kəsilməyən göz yaşlarına çevirdi.
Bilirdim ki, bir gün içindəki sevgiyə məğlub olub hiss etdiyi hər şeyi yazacaq. Amma bu qədər səmimi olacağını təsəvvür etməzdim: "Gülçin...
Sənə ürəyimin duyğularını hansı rəngdə yazım bilmirəm... Hansı rəng məni sənin gözündə əfv edər, məni bağışlada bilər? Axı sən elə bir rəngsən ki, sənə söz tapmaq da çətindir... Mən səni sevdiyim qədər heç kimi sevməmişəm, sevməyəcəyəm də. Mən indi dəqiq bilirəm və qərara gəlmişəm. Mən səninlə bir ömrü bölüşmək istəyirəm. Səninlə səhərləri bir yerdə açmaq, gecələri sənin gözəl varlığında itib yox olmaq istəyirəm. Bilirəm, böyük səhv etmişəm. Hər kişinin səhvi olur, amma mənim peşmanlığım bir ömürlükdür. Bundan sonra yalnız bircə şey istəyirəm, sənin əlindən tutub yarımçıq qalmış hekayəmizi sona çatdırmaq… Sənə ehtiyacım var, Gülçin. Sən olmadığın günlərdə həyatın rəngi solur, nəfəsim çatmır boğuluram, yaşamıram. Mənim həyatımın göy qurşağı yalnız sənin rənglərinlə tamamlanır. İcazə ver, bundan sonra həyatımızın yarımçıq qalan tablosunu birlikdə tamamlayaq. Həyatını yenidən rəngləndirmək üçün mən həmişə buradayam. Əgər çıxıb bircə dəfə gözlərimə baxsan, orada yalnız özünü görəcəksən. Səni bütün varlığıyla sevən Yalçın."
Mesaj məni muma döndərmişdi. Gözümdən sel kimi yaş axıb yanaqlarımı yuyurdu. Pəncərədən baxdım, klinikanın bağında gözdən uzaq skamyada ağacların kölgəsində əyləşmişdi. Daha dayana bilmədim, saçlarımı düzəldib, əynimdəki qara donu dartışdırıb sahmana salıb klinikanın bağına çıxdım. Məni görəndə elə bil Yalçını elektrik vurdu. Hövlnak yerindən qalxıb mənə doğru gəldi. Baxışlarımız görüşdü. Bir insanın gözlərində bu qədər istilik, bu qədər ehtiyac və bu qədər həsrət necə yerləşə bilərdi? Bir-birimizi möhkəm qucaqladıq. Onun sarılması illərlə itirdiyim, axtardığım bir hissin tapılması kimi idi. Sanki bu toxunuş məni möhkəmləndirdi, içimi sevgi ilə doldurdu…
Yarım saatdan sonra elə əynimdəki qara uzun, qoluqısa incə ipək donla maşında yanında oturmuşdum. Şıxov tərəfdə yerləşən “Min bir gecə” istirahət mərkəzinin həyətində yeni tikilən akvaparka doğru istiqamət almışdıq. Gecəyə qədər hovuzda əylənib gecə isə orada dəniz sahilində kamp qurub birgə qalacaqdıq. Biz çatanda günəş çoxdan qüruba ensə də, hava hələ qaralmamışdı. Yeni tikilmiş bu akvapark çox gözəl, səliqəli, zövqlü və təmiz idi. Hovuzun büllur kimi şəffaf suyunda kənardakı rəngbərəng işıqlar bərq vururdu. Adam çox idi, amma mənə elə gəlirdi ki, həmin məkan sadəcə bizə məxsusdur. Yalnız biz varıq, qalan hər kəs, hər şey bulanıq və uzaq idi. Mən o axşam bilərəkdən incə qara ipək paltarımı soyunmadan suya girdim. Hiss edirdim, bilirdim ki, Yalçın baxır, baxışlarında ehtiras, sevgi vardı, ən çox da uzun zamanların həsrəti vardı.
Gecə uzandıqca insanlar azaldı. Hovuzun kənarında şezlonqda yanaşı uzanmışdıq. Saçlarım suyun ağırlığından kürəyimə yapışmışdı. Üşümürdüm, çünki Yalçının baxışları bədənimdə ocaq kimi yanırdı. Əlimi tutdu. Əlinin tanış istiliyi bədənimə yayıldı.
- Gülçin, səni itirmək istəmirəm. Səninlə bir ömür keçirmək istəyirəm. Nilufəri sevmirəm... Hətta bilmirəm onunla axırımız necə olacaq, - dedi və gözlərini qaçırmadan gözlərimin içinə baxdı.
Bu sözlər həm ümid, həm də ağır bir yük kimi qəlbimə düşdü. İstədiyim, arzuladığım bir etiraf idi. Amma nə fayda ki, ürəyimin bir küncündə Nilufərin kölgəsi dayanmışdı. Yalçının həyatında başqa bir qadının olması, onun da ərindən təbii gözləntilərinin olması fikri vicdanımı sızıldadırdı. Bilirdim, o qadın da sevilmək istəyir. O da gözləyir, ümid edir. Və bir qadın kimi ona da haqq qazandıra bilirdim. Biz qadınlar bu hissi, bu ehtiyacı yaxşı tanıyırıq. Adlarımız, sifətlərimiz fərqli olsa da, sevilmək istəyinin kədəri eynidir.
Amma o an heç nəyi düşünmək istəmirdim. Yalnız Yalçının varlığını, qucağını, nəfəsini hiss etmək istəyirdim… Hovuza atıldıq. Ətrafda heç kim qalmamışdı.
Dodaqlarımız birləşdi. O gecə sadəcə bizim idi və mən Nilufər haqqında düşüncələri bu gecənin içinə buraxmaq istəmirdim… Qorxularımı, tərəddüdlərimi bir kənara qoyub başımı onun sinəsinə söykəmişdim. Bütün yanlışlarına, bütün yarımçıqlığına, həyatımızdakı düz olmayan xətlərə baxmayaraq mən onu dəli kimi sevirdim...
Həmin gecə qaranlıq deyildi. Suyun şəffaflığı kimi aydın, işıqlı, rəngli bir gecə idi. Amma səhər yenə də bütün reallıqlar qapımı döyəcəkdi. Nilufərins varlığı, Yalçının qərarsızlığı... Amma mən bu gecəni qadın kimi yaşamaq istəyirdim. Çünki bəzən insan gələcəyi düşünmədən, sadəcə bir anın həqiqətinə sarılmaq istəyir…
Bu unudulmaz gecə mənə bir şeyi öyrətdi: Sevgi hər zaman sadə deyil. Sevgi bəzən günah kimidir, bəzən də günahsız bir ehtiyac. Mən isə bu hissin içində həm günahkar, həm də bəraətliydim. O gecə içimdə həm qadın, həm də insan olaraq yeni bir doğuluş başlamışdı. Və mən indi də bilmirəm, bu doğuluş məni hara aparacaq. Amma bir şeydən əminəm: Yalçının qollarında ikən dünya bütün günahları ilə belə gözəldir…
YALÇIN
Son günlər hər gün yolumu Gülçinin müalicə olunduğu klinikadan salıram. Hər addımda düşüncələrim eyni sualın ətrafında dönür: "Gülçin məni bağışlayacaqmı?"
Bəlkə də bu sualı yüz dəfə özümə vermişdim, amma cavab hələ də qaranlıq idi. Gülçini itirmək qorxusu içimi vəhşi yırtıcı kimi gəmirirdi.
Sərt görünüşüm, soyuqqanlılığım, guya ki, kobudluğum – hamısı bir pərdə idi, arxasında isə sadəcə onu istəyən, ondan başqa heç kimi düşünə bilməyən bir ürək gizlənirdi. Ən çox da narahatlığım onun terapisti Nemətlə bağlı idi. Mənə elə gəlirdi ki, o hündürboy əclaf onu mənim əılimdən almaq üçün hər yola əl atır.
Klinikanın bağında gəzişdikcə içimdəki ümidsizliklə ümid savaşırdı. Bəlkə bu gün danışarıq, bəlkə bu gün gözləri bir az da olsa yumşalar, bəlkə bircə dəfə "bağışlayıram" deyər...
Həmin axşamüstü qərar verdim ki, ona səmimi bir mesaj yazım. Sözlərlə ürəyimi açım, hisslərimin ağırlığını, peşmanlığımı ifadə edim. O səmimi mesajım sehr kimi işlədi və möcüzə yaratdı. Bir azdan sonra Gülçin palatasından çıxıb baga – mənə sarı gəlməyə başladı.
Mesajı göndərəndə əllərim əsirdi. Ürəyimdə min sual, min şübhə vardı. Gülçini görəndə zaman bir anlıq dondu. Onun gözlərində dərin bir qərarsızlıq, amma eyni zamanda yumşalmış bir baxış vardı. Yavaş addımlarla yaxınlaşdı. Qolumu uzatdım, o isə tərəddüd etmədən boynuma sarıldı. İncə bədəni titrəyirdi, illərlə içində yığdığı ağırlıq sanki bu qucaqlaşmada əriyirdi. Mən onu möhkəmcə qucaqladım və pıçıltı ilə dedim:
"Gəl, gedək burdan... Hər şeyi unudaq."
O axşam onu Şıxovda yerləşən “Min bir gecə” istirahət mərkəzinə apardım. Yeni tikilmiş akvapark göz oxşayırdı. Geniş və təmiz hovuzun ətrafında yumşaq instrumental musiqi səslənir, Gülçinin sevdiyi türk mahnıları bir- birini əvəzləyirdi. İşıqların sudakı əksi hər şeyə fərqli bir ab-hava qatırdı.
Hovuzun kənarında şezlonqda uzanıb ona baxırdım.
Əvvəlcə o da yanımdakı şezlonqda uzanıb gözlərini yummuşdu. Sonra bir neçə dəqiqəlik arxasını mənə tərəf çevirib sağ böyrü üstə uzandı. Onun mütənasib vücudunu, yumru çiyinlərinə səpələnmiş saçlarını, yanpörtü uzandığı üçün armudu xatırladan yanlarını , incədən incə belini və insanın damarda qanını cuşa gətirən gözəl əndamını bu şəkildə seyr etmək həyatımın ən gözəl anı idi. Sonra yenidən arxası üstə uzandı, düşüncəli şəkildə çevrilib mənə baxdı. Bir neçə dəqiqədən sonra qalxıb sakitcə, əynindəki incə, qara ipək paltarında suya girdi. Onun çılğınlıqlarına alışmışdım, ona görə bu hərəkəti də məni təəccübləndirmədi. Bir az üzdükdən sonra su pərisi kimi hovuzun pilləkənlərindən yapışıb sudan çıxdı. Qara ipək islanıb bədəninə yapışmışdı. Qarşımdakı mənzərə valehedici idi. İslanmış ipək parça onun bədəninin hər incə xəttini ortaya çıxarmışdı. Dolğun döşlərinin ucları parçanın altında daha da dikəlmişdi, qabarıq görünürdü, bu görüntü ağlımı aldı. Belinin incəliyi, ayaqlarının zərif xətləri, budlarının yuvarlaq forması, budlarının arası ilə uzanıb gedən incə xətt, göbəyinin paltardan bilinən valehedici çökəyi hovuzun ətrafındakı işıqda qiymətli bir tablo kimi gözümün önündə canlanırdı. Saçları üzünə yapışmışdı. Çoxdandır onunla ola bilməməyimin həsrətindən və ehtirasın təsirindən özümü saxlaya bilmirdim, həm ondan ötrü ölürdüm, amma həm də onun bu görüntüsünü qısqanırdım. İstəyirdim məndən başqa heç kim bu qənirsiz gözəlliyi görməsin… Gecə keçdikcə hovuz tənhalaşdı, adamlar çəkildi. Hovuzdan çıxıb yaxınlıqda dəniz sahilinə endik... Orada narıncı kamp çadırımızı qurduq. İslanmış qara donu ilə sudan çıxıb tavanı şəffaf olan çadıra gəldi. Onu qucaqladım, yanaşı uzandıq. Göydə ulduzlar sayrışıb bir-birinə göz vururdu. Qulağına pıçıldadım: “Bu gecə bizimkidir, səninlə bu ulduzların altında, bu dənizin sahilində dəli kimi sevişmək istəyirəm”. İslanmış ipək paltarı bədəninə yapışmışdı. Donu döşlərinin formasını, qabarıq uclarını, incə belini, dolu baldırlarını açıqca göstərirdi. Hər addımında paltarı sanki bədəni ilə danışırdı. Qara ipək donunu bir göz qırpımında parçalayıb əynindən çıxardım. Ehtirasla pıçıldadı:
"Yalçın, bu gecə dünyanı mənə unutdur... Bu gecə yalnız biz varıq, sən və mən…”
Bu sözlər içimi alovlandırdı. Qarşımda ulduzların işığında su damcıları ilə bəzənmiş bir bədən dayanmışdı. Əndamı sanki su və işıqdan yoğrulmuşdu. Bədəninin hər əzasına toxunduqca ehtirasla, çılğınlıqla titrəyir, qıvrılır, inildəyir, sanki hər hüceyrəsində fırtına qopurdu. Vücudumun hər yerini çılğın öpüşlərə qərq edirdi və məni göylərə qaldırırdı. Hər toxunuşumla onun içindəki ikinci qadın olmanın ağrısını azaltmaq istəyirdim. O gözlərini yumur, pıçıltı ilə "Sənə aid olmaq istəyirəm, ancaq mənə aid ol…" deyirdi.
Mən də cavabımda: “Mən onsuz da ancaq səninəm, mənim üçün yalnız sən varsan… Bir də məndən ayrılma, məni tək qoyma… "
Bu gecə təkcə bədənlərimiz deyil, ruhlarımız da qovuşmuşdu. Və mən bilirdim ki, bizi bundan sonra ancaq ölüm ayıra bilər…
MÜƏLLİF
Sevgi bəzən xoşbəxtlik deyil, ağır lənət olur. Bu romanın qəhrəmanları - Nemət, Nilufər, Yalçın, Gülçin məhz bu lənətin fərqli siması ilə üzləşirlər.
Gülçin sevginin girdabında nəfəsi kəsilən, amma yenə də o sevgi tufanının içinə atılmaqdan qorxmayan qadındır. O gecə Şıxovun musiqili, rəngli işıqlar altında parıldayan hovuzunda o özünü tamamilə sevgiyə təslim edəndə də, bu lənətin ağırlığı onun üzərində idi…
Yalçın sevgi ilə vicdanın arasında var-gəl eləməkdən artıq neylədiyini bilmir. O bilir ki, Gülçinsiz nəfəsi belə yarım olacaq, amma Nilufərlə olan sevgisiz ailə ilə ömrünü davam etdirməyi düşünür.
Sevgini saxta təsəlli ilə yaşatmaq mümkün deyil. Əli hələ də Nilufərin soyumuş əllərində olsa da, ürəyi onu Gülçinə sarı dartır.
Nilufərin isə artıq səbr kasası daşır, heç bir qadın ərini başqa qadınla paylaşmaq istəməz, hətta onu sevməsə də. Burada təkcə qürur yox, eqo da rol oynayır.
Sevgi əslində bir mənzərənin yalnız gözəl tərəfinə baxmaq istəyidir. Amma o mənzərənin görünməyən kölgəsində xəyanət, yorğunluq, alışqanlıq və eqoistlik yatır. Sevginin ömrü qısadır, amma vərdişin ömrü uzun. Bu səbəbdən də insanlar sevgidən deyil, vərdişdən ayrılmaqdan qorxurlar.
Sevgisiz qurulan evlilik isə paslı bir qapı kimidir — açılır, bağlanır, amma hər hərəkətdə cırıldayan səs adamın əsəbinə işləyir.
Sevmədiyin insanın yanında qalmaq, hər gecə yuxuda özgə bir ad sayıqlamaq qədər ağır bir günahdır. Çünki bu iki insanı da diri-diri torpağa gömməkdir.
Bu romanda hər kəs bir az məğlub, bir az günahkar, bir az da eqoistdir. İnsan həm də bu duyğularla gerçək varlıqdır. Çünki məğlubiyyət olmasa, insan zəfərin qiymətini bilməz, günah hissi olmasa vicdanın səsini eşitməz, eqoizm olmasa özünü qorumağı bacarmaz.
Hər duyğu insanın içindəki labirintin bir qapısıdır və o qapıları keçmədən heç kim öz gerçəkliyinə çata bilməz.
Sevgi də, nifrət də, bağışlama da o qapıların birində gizlənib səni gözləyir. Amma hansı qapını açırsansa, o yol səni öz taleyinə aparır. Bəzən qurtuluş kimi görünən yol məğlubiyyətə, məğlubiyyət kimi başlayan yol isə qurtuluşa aparar…
NEMƏT
Səhər saat səkkizdir. İşə getmədən birbaşa Turqayın klinikasına yollandım. Bura bu qədər erkən gəlməyim nadir haldır. Amma bu səhər bambaşqadır. Gözümü açan kimi ağlıma ilk gələn Gülçin oldu. Dünən Yalçınla barışıb müalicəsini yarımçıq qoyub klinikanı tərk edən Gülçin…
Klinikaya daxil olanda, koridorlar tanış, amma bir az soyuq görünürdü. Gecənin rütubəti elə bil divarlara hopmuşdu. Turqayla rastlaşdıq, görüşüb öpüşdük, məni kabinetinə dəvət elədi. Kresloya oturub susdum. Turqay da dinmirdi. Onun baxışındakı o susqun anlayış mənim daxilimdəki tufanla uzlaşırdı. O hər şeyi bilirdi, hər şeyi anlayırdı. Amma dilə gətirməyə çətinlik çəkirdi. Bu susqunluqdan mən təskinlik tapırdım. Çünki bəzən danışmaq deyil, sadəcə baxmaq kifayət edir. Turqay handan-hana dilləndi:
- Nemət, sənin Gülçinə bəslədiyin hisslərdən xəbərim var. Müalicəni yarımçıq qoyub sevgilisi ilə klinikadan çıxıb getdiyini dünən axşam öyrənmişəm. Əziz dostum, bilirsən ki, sənin xətrin mənə çox əzizdir. Gülçinin müalicəsi haqqında deyəndə ilk cümləndən hiss eləmişdim ki, o qadına həkimdən daha çox sevən kişi canıyananlığı ilə yanaşırsan. Amma Nemət, qadınları sən də yaxşı tanıyırsan, birini əvvəldən sevə bilmədisə, sevmir sonra. Onun qəlbi başqasına aiddir, vaz keç artıq bu sevdadan. Həkim kimi də, insan kimi də səni çoxdan tanıyıram, bilirəm ki, onun müalicəsini yarımçıq qoyduğuna görə də çox narahatsan, hətta özünü günahlandırırsan qəlbinin dərinliyində . Amma günahlandırma özünü. İnsan özü sağalmaq istəmirsə, onu heç kim sağalda bilməz. İnsanın özünün buna istəyi olmalıdır. Gülçin sevir və özü bu sevdanın onun zərərinə olduğunu, ruhi sağlamlığını təhlükə altına aldığını başa düşməyincə o kişini sevməkdən əl çəkməyəcək. Bu gün Gülçinin klinikadan çıxışını veririk, palatanı boşaldırıq, yəqin gəlib əşyalarını aparar. Sənə bunları deməkdə məqsədim odur ki, özünü üzmə, dostum, nə qədər kədərləndiyinin fərqindəyəm, görürəm. Onun gedişi kişi kimi də qüruruna toxunur, bunu da bilirəm, ancaq bu sevdaya beynində də, qəlbində də son qoymalısan.
Sona qədər sakitcə dostumu dinlədim. Başımı yelləməklə sözlərini təsdiqlədim. Yerdən - göyəcən haqlı idi. Mehribanlıqla sağollaşdım. Turqayın kabinetindən çıxıb Gülçinin qaldığı palataya doğru getdim. Zövqlü otaq elə bil Gülçinin gedişi ilə enerjisini itirmişdi. Palatada bir neçə molbert üzərində kətanı ilə divar dibində düzülmüşdü. Molbertlərin üzərinə örtüklər atılmışdı, Gülçin həmişə deyirdi ki, rəsmləri tam hazır olana qədər onları heç kimin görməsini istəmir. Yaxınlaşıb qeyri-iradi örtüklərdən birini molbertin üzərindən çəkdim, qarşımdakı kətanda Yalçının portreti dayanmışdı. Baxışlarının dərinliyi ilə birbaşa tamaşaçının gözünə zillənən portret elə canlı çəkilmişdi ki, elə bil rəsm yox, elə özü idi... Sarsıldım, başqasını bu qədər sevən bir qadının qəlbini qazanacağımı düşünmək nə qədər də sadəlövhlükdür! Örtüyü qaytarıb tablonun üzərinə örtdüm.
Otaqda onun izlərini daşıyan şəxsi əşyaları nədənsə məni kövrəltdi. Bilirdim ki, əşyalarının, ən azından tablolarının ardınca bura qayıdacaq, amma nə vaxt bilmirəm. İş yerimə getmədən oturub onu gözləmək qərarına gəldim, əmin idim ki, bu gün gələcək. Son dəfə səhhəti ilə bağlı onunla danışacaqdım. Palatadan çıxıb bir az klinikanın yaşıl parkında gəzişdim, bura çox gözəl və dinc bir yer idi. Şəhərin yorucu səs-küyündən uzaq, ruha rahatlıq bəxş edən bağda quşlar oxuyur, güllərin çiçəklərin rayihələri bir-birinə qarışmışdı.
Günorta saatlarıydı. Klinikanın darvazasından Gülçin girəndə ürəyim elə bil sinəmdən çıxıb ayağımın altına düşdü, həyəcandan nəfəsim kəsildi. Mən bağın uzaq küncündən onu gördüm, o isə məni yox. Klinikaya daxil oldu, mən də ardınca. Qapısını yavaşca tıqqıldadıb palatasına girdim. Çevrilib məni gördü, ilk baxışda elə bil utandı, sonra isə mənə möhkəm sarıldı, səmimi tövürlə “Bilirsən, sənə nə qədər minnətdaram, Nemət?! Hər şey üçün çox sağ ol!” dedi. Mən də onu qucaqladım , sonra aralanıb otaqdakı divana çökdüm. Ona da əlimlə yanıma oturmasını işarə etdim. Yanındakı böyük çantaya eskizlərini, rəngləri və karandaşlarını toplayırdı. Əlini saxladı, keçib yanımda oturdu. Susdu, ilk seanslarımızda olduğu kimi əvvəlcə əllərini ovuşdurdu. Sonra isə sakitcə dedi:
- Nemət, bəlkə də ürəyində məni qınayırsan. Amma mən Yalçınsız yaşaya bilmirəm. Yəqin ki, gələcəkdə, bilmirəm haçansa bəlkə də evlənib onunla birgə yaşayacağıq. Mən onsuz qala bilmirəm. Onun sevdasından heç sağalmaq da istəmirəm...
- Bəs arvadı? Axı o evlidir, Gülçin?
- Bilmirəm, indilik heç nə bilmirəm, Nemət, bəlkə də gələcəkdə boşanacaqlar, onsuz da hələ heç iki ay deyil evləniblər, nə qədər birgə yaşayıblar ki? Bir-birilərini də sevmirlər. Hər şey gələcəyin işidir, bircə onu bilirəm ki, o daha məndən , mən də ondan ayrı qalmaq istəmirəm.
Bir şey deməliydim. Onun getməsinə icazə vermək istəmirdim. Qalmalı idi. Burda qalmalı idi. Mənimlə...
– Gülçin... – dedim nəhayət, səsim titrədi, – getmə. Hər şey düzələ bilər. sağalandan sonra görəcəksən ki, sənin ona olan hisslərin gerçək deyildi, bir obsessiv pozuntu imiş. Bizi bəlkə də gələcəkdə birgə yol gözləyir. Mən səni sevirəm.
- Nemət, sən mənim ruhumu toplamısan, səhhətim üçün çox zəhmət çəkmisən, haqqını halal elə. Amma mən Yalçının sevgisi olmadan yaşaya bilmərəm. Mən yalnız onun yanında özümü tam hiss edirəm, yalnız onunla birlikdə xoşbəxtəm. Məni hüzur yox, sevgi fırtınası xoşbəxt edir…
Susdum, çünki o həqiqəti söyləyirdi. Turqayın dediyi kimi, o özü sağalmaq istəmirdi. Bu həqiqəti qəbul etməliydim.
Danışa-danışa çantalarını topladı, son dəfə siyirmələri və paltar dolabını yoxladı, heç nə qalmadığından əmin olandan sonra telefonda kiməsə mesaj yazdı.
Beş dəqiqə sonra qapı açıldı, Yalçın içəri girdi. Oturduğum yerdən qalxmadım. Heç o da mən tərəfə baxmadı. Sakitcə Gülçinin çantalarını götürüb otaqdan çıxdı. Gülçin çıxmazdan əvvəl yenidən qənşərimə gəldi. Bilirdim ki, bu artıq son vidalaşmağımızdır. Bilirdim ki, Gülçin ömürlük həyatımdan çıxıb gedir. Bilirdim ki, artıq sondur… Ayağa qalxdım, gözlərim doldu, onu qucaqlayıb pıçıldadım:
- Yolun açıq olsun, Gülçin, Allah səni qorusun… Nə vaxt köməyə ehtiyacın olsa, məni axtara bilərsən…
O da məni qucaqladı, yenidən minnətdarlıq edib getdi. Yalçın onu qoruyacaqmı? Bilmirəm. Bildiyim tək şey vardı, mən onu ürəkdən sevirdim.
Palatanın pəncərəsindən ikisinin yan-yana gedişini izlədim. Gözümün yaşı yanaqlarıma süzüldü. Bəzən həyatından bir insan çıxıb gedir, amma o gedişdən sonra sən heç vaxt əvvəlki sən olmursan.
Nədənsə ürəyimə dammışdı ki, bu mənim Gülçinlə əbədilik vidalaşmağımdır…
NİLUFƏR
Gecə düşmüşdü. Evim yenə sükuta bürünmüşdü. Divarlarla danışırdım. Yalçın da gəlib çıxmaq bilmirdi. Pəncərənin kənarında oturmuşdum, pərdənin altından süzülən küçə işığının solğun parlaqlığı otağın ortasında donmuşdu. Pəncərə qarşısında oturub gözlərimi nə qədər küçəyə zillədiyimi bilmədim. Gecə 12-ni keçəndə Yalçına zəng etməyə başladım… Əvvəlcə cavab vermədi, sonra isə açıb qısaca “İşim uzanacaq, sən məni gözləmə, yat” deyib telefonu bağladı. Mən hiss edirdim ki, işlə bağlı məsələ deyil, Gülçinlə bir yerdə olduğunu bilirdim. Qadın qəlbi belə şeyləri yanılmadan anlayır. Evləndiyimiz gündən Yalçının ruhu da, bədəni də, sevgisi də mənimlə deyildi. Bu evdə mən tənha idim.
Sakitcə mətbəxə keçdim. Yenidən təzə çay dəmlədim. Amma heç bir ləzzəti yox idi. Evləndiyimiz iki aya yaxın müddətdə heç onunla oturub üz-üzə səmimi şəkildə çay içdiyimizi xatırlamıram.
Divara söykəndim, başımı qaldırıb tavana baxdım. Gözlərim doldu. Stula çökdüm, ağladım. Nədənsə son günlər yaman kövrək olmuşdum. Qalxıb yataq otağıma keçmək istədim, gözüm qaraldı, başım hərləndi, az qaldı yıxılam. Əlimi atıb divara söykəndim. Bu nə idi belə? Niyə bu hala düşdüm, bəlkə son günlər stress çəkməyimdəndir? Ürəyim birdən elə bulandı ki, özümü güclə tualetə çatdırdım. Özümə gələndə ilk ağlıma gələn fikirdən az qaldı ayağımın altından yer qaçsın, bəlkə… Bəlkə hamilə qalmışam?!. Sevinimmi, kədərlənimmi bilmədim? Əl-üzümə su vurandan sonran yatağıma uzandım, səhər mütləq ertədən gedib binanın aşağısındakı aptekdən hamiləlik testi alım gərək.
Səhər yerimdən qalxanda da başım gicəlləndi. Addım atıb gəzmək istəyəndə elə bil yer ayağımın altından sürüşdü. Mətbəxə getmək istədim, amma mədəm bulanmağa başladı. Qarnımda qəribə bir istilik, ürəyimdə anlaşılmaz bir döyüntü vardı. Divara söykənib bir az nəfəs aldım. Əl- üzümü yuyub, nazik yay idman dəstimi geyinib tələsik addımlarla mənzildən çıxdım, liftin düyməsini səbirsizliklə basdım. Liftdən çıxıb on addımlıq məsafədə olan aptekdən iki hamiləlik testi alıb tələsik evə qayıtdım. Səbirsizliklə ikisini də yoxladım. 2 dəqiqə keçməmiş hər iki testə iki qırmızı xətt düşdü! Yenə gözüm doldu, ağladım. Son günlərdə çox həssaslaşmışdım, sən demə, buna görə imiş…
Bətnimdə yeni bir həyat başlamışdı, gələcək övladım yola çıxmışdı, gəlirdi… Hamilə idim. Amma atası gecə evə gəlməmişdi. Bu əlamətdar hadisənin ilk şahidi tək özüm olmuşdum… Yenidən ağlamağım gəldi…
Yalçına deməliydim. Hər nə qədər bir-birimizdən uzaq olsaq da, bu xəbər yalnız mənə aid deyildi. Bu, bizim ikimizin də taleyimiz idi.
– Alo? Hə, Nilufər?
– Yalçın, evə gəl, səninlə söhbətim var. Xahiş edirəm. Təcilidir.
– Yaxşı, gəlirəm.
Yarım saat sonra evdə idi. Keçib mətbəxdə əyləşdi, məni çağırdı. Hamamdan hər iki testi götürüb yanına getdim.
– Nə olub sənə? – soruşdu.
– Buna bax, – dedim və əlimdəki testləri göstərdim.
O baxdı. Əvvəlcə heç nə anlamadı. Sonra gözləri böyüdü, təəccüblə üzümə baxdı.
– Bu... Bu nədir, hamiləlik testi?
– Hə, mən də bu səhər bilmişəm…
Susub oturdu, elə bil neyləyəcəyini bilmədi. Üzündə sevinc işartıları vardı, amma elə bil o fərəhi göstərmək istəmirdi.
-Deməli, mənim uşağım olacaq?
- Bizim, Yalçın, bizim uşağımız… Bəlkə məni qucaqlayasan.
Qalxıb məni bağrına basdı, amma hiss etdim ki, bunu xətrimə dəyməmək üçün etdi.
– Yalçın, bu uşaq bizim ailəmizi xilas edə bilər, bizim yuvamıza istilik, sevgi gətirər. Mən bu uşağı atasız, tək böyütmək istəmirəm…
O bir addım geri çəkildi. Sonra sakit səslə dedi:
– Əlbəttə ki, övladımı tək qoymayacağam.
Yalçın balkona çıxıb siqaret yandırdı, oradakı kresloda oturub dərin düşüncələrə dalmışdı…
Əlimi qarnıma qoydum, gülümsədim. Sevinclə pıçıldadım: “Mənim balam, səni həmişə qoruyacağam…”
Hiss edirdim ki, bu körpə həyatımızı dəyişdirəcək…
GÜLÇİN
Hər yeni səhər ümidim üfüqdəki günəş kimi doğulur. Mənim üçün indi hər şey sanki ziddiyyətlərin rəqsi idi – bir tərəfdə Nemətin incə və səssiz sevgisi, digər tərəfdə Yalçının qaynar və ehtiraslı qayıdışı... Bir tərəfdə Nilufərlə bağlı narahat hissiyatım…
Bu qədər zidd duyğunu eyni anda daşımaq mümkündürmü? Bəli. Qadın qəlbi hər şeyi eyni anda yaşamağa qadirdir. Nemətin gözləri yadımdan çıxmırdı. Klinikadan ayrıldığım gün o baxışlarda təkcə bir kişinin peşmançılığı yox, həm də bir həkimin susqun qüruru vardı. Mən onu incitmişdim. Məni sağaltmağa çalışan bir insanı öz sevgimin uğrunda əzdiyim üçün içimdə dərin bir utanc vardı. Amma nə edə bilərdim? Mən Yalçını sevirdim. Və bu sevgi hər şeyin fövqündə idi.
Yalçınla birlikdə klinikadan çıxdığımız o gün, bütün dünya gözəlləşmişdi. Çiyin-çiyinə addımladığımız o məqamda mənə elə gəldi ki, evlənib başqa bir ölkəyə çıxıb gedirik… Onun əli əlimdəydi. Yalçın əvvəlki kimi deyildi, hər addımda məni sevdiyini, mənimlə bir ömürboyu yaşamaq istədiyini dilə gətirirdi. Klinikadan çıxıb doğma emalatxanama, yaradıcı yuvama qayıtdım. Yaxın günlərdə böyük bir sərgi planlaşdırırdım. Yeni tablolarım və avtoportretlərim hazır idi, sadəcə son toxunuşları etmək lazım idi. Çox sevincli idim. Özümü dünyanın ən xoşbəxt qadını kimi hiss edirdim. Yaradıcılıq emalatxanamda, sevdiyim kişi də yanımda, mənə bundan artıq nə lazım idi ki? Yalçın məni emalatxanaya gətirəndən sonra bir yerdə oturub çay içdik, sonra kiminsə zəngi gəldi deyə, çıxmalı oldu. Bəlkə də Nilufər idi. Çıxanda dedi ki, axşama qayıdacaq.
— İnanırsan, sənin emalatxanandan heç çıxmaq istəmirəm, Gülçin. İstəyirəm ömrüm burada, səninlə keçsin.
Gülümsədim. Amma o anda gözlərim doldu. Bu sevgi gecikmişdi. Və mən gecikən bütün şeyləri bağışlayırdım…
O gedəndən sonra tablolarıma göz gəzdirdim, bir –iki yarımçıq işim vardı, onu tamamladım. Axşama doğru Yalçının sevdiyi kimi xüsusi turşməzə sousda toyuq qızartdım, manqal salatı hazırladım. Bir azdan gələcəkdi. Süfrəni açmağa başladım. Söz verdiyi kimi bir azdan gəldi. Onu görəndə sevincimdən çiçəyim çırtladı. Amma onun üzündə elə bir ifadə vardı ki, elə bil iraq olsun, hüzrü düşmüşdü… Qorxdum, tez üzündən öpüb nə baş verdiyini soruşdum. Sual dolu nəzərlərlə üzümə baxdı. Bu baxış mənə tanış idi, nəsə münasibətimizlə bağlı idi. Ürəyim çırpındı. Əlimdən yapışdı, öpdü, “yeməyimizi yeyək hər şeyi danışacağam” dedi. Yedik içdik, amma ürəyimdəki hissiyat məni çox narahat edirdi. Elə bil nəsə qeyri-adi hadisə baş vermişdi.
Yeməkdən sonra Yalçının sevdiyi türk qəhvəsi dəmlədim. Yanına xırda lokumlar qoyub üzbəüz əyləşdim. Üzünə baxdım, baxışlarımla sanki “səni dinləyirəm, danış” dedim.
Susmuşdu, haradan başlayacağını bilmirdi. Hiss edirdim ki, bu söhbət çox ağır olacaq…
Handan-hana sözə başladı:
- Gülçin, bağışla məni, mən əsas səhvi səni sevdiyimi bilə-bilə ailəmin sözü ilə Nilufərə evlənəndə etmişəm. Amma indi geriyə dönüş yoxdur. Nilufər hamilədir, Gülçin…
Başımdan elə bil qaynar su töküldü. Bədənimdən üşütmə keçdi. Dizlərim boşaldı. Bütün fırçalar yerə düşdü. Boş bir çərçivə kimi hiss etdim özümü. Rənglər yox oldu. Yalnız ağ bir səhnə qaldı – üzərində də sarsılmış bir qadın silueti… Mən susdum, əvvəlcə nə deyəcəyimi bilmədim. Susub dinlədim.
Onun səssizliyi içimdə bir gərginlik yaratdı.
— Mən özüm də bu gün öyrəndim. Bayaq zəng edən Nilufər idi. Bilmirəm heç necə oldu, onunla toy günü və sonra cəmi bir neçə yaxınlığımız olub…Nə deyəcəyimi bilmirəm… Mənə nə desən, haqlısan…
Susdum.
— Demək, ata olacaqsan. Təbrik edirəm…
— Gülçin, mən səni sevirəm. Sənin yanında qalmaq istəyirəm.
— Ata olacaqsan, Yalçın. O uşağın sənin varlığın olduğunu inkar edə bilməzsən. Və mən o uşağın bizim sevgimizə görə atasız böyüməyini istəmirəm...
Göz yaşlarım yanaqlarımdan süzüldü. Səhərki xoşbəxtliyim bir andaca yox olmuşdu, elə bil müqəvvaya dönmüşdüm. Bir gündəcə yenidən həyatım dəyişmişdi, amma yaxşıya doğru yox…
— Bu gecə burada qala bilməzsən, evinə get, Yalçın. Nilufərin yanında ol. O uşaq bir möcüzədir, mənim heç vaxt sənə bəxş edə bilməyəcəyim nurlu bir möcüzə… O möcüzə ilə birgə olmalısan…Daha burada qala bilməzsən.
Gözləmədiyim halda Yalçın qarşımda diz çöküb əllərimdən yapışdı., yalvarmağa başladı:
- Mən səni çox sevirəm, Gülçin. Elə çox ki, yanından getmək istəmirəm. Amma tale elə bil bizimlə oyun oynayır. Məni tərk etmə, elə düşünmə ki, övladım olsa, səni arxa plana atacağam. Yox! Sənin də yanında olacağam, həmişə… Qovma məni yanından, çıxarma məni ürəyindən, yalvarıram, sənsiz həyatımın mənası yoxdur…
O gecə son dəfə min ilin həsrətliləri kimi sevişdik. Emalatxana masasının üzərində, divanın üstündə, mətbəxdə, hətta pəncərənin kənarında… Sanki ikimiz də bilirdik ki, bir daha aramızda bu qaynar öpüşlər, bu çılğın toxunuşlar, bu dəlisov təmaslar olmayacaq… Sonra hamamda davam elədik, bura bizim son dayanacağımız idi. Bir azdan sonra duş alıb divanda yanaşı uzanmışdıq, boş-boş tavana baxırdıq. Sakitcə dilləndim:
- Bir neçə gün Nilufərin yanında ol, mən səni çağıracağam, sərgim olacaq, mən də ona hazırlaşmalıyam, mən çağıranda gələrsən emalatxanaya…
Divanda dikəlib üzümə baxdı, sanki ürəyimdən nələr keçdiyini oxumaq istəyirdi. Etiraz etdi, “yox, bir neçə gün sənsiz qala bilmərəm” –dedi.
Güldüm, “hətta bir ömür də mənsiz qala bilərsən” – dedim. Ovcu ilə ağzımı qapadı, “bir də belə dəli-dəli danışma…” - dedi.
Onu yola salandan sonra tablomun qarşısına keçdim. O gecə emalatxanam səssiz idi. Amma rənglər danışırdı. Qaynar qırmızılar, buz kimi mavilər, parlaq sarılar… Son tablomun qarşısında oturdum. Fırçamı əlimə aldım.
Yenə ağlayırdım, elə bil bu dünyaya ağlamağa gəlmişəm. Bütün sevinclərim yarımçıq qalır… Amma əllərim sakitcə işləyirdi. Bu göz yaşları da sərgiyə son hazırlığın bir hissəsi idi. Yanağımdan süzülən hər damlada bir sarsıntı, bir sevgi, bir ayrılıq vardı.
Mən bu sərgini yalnız rəssam kimi yox, bir qadın kimi də hazırlayırdım. Hər əsərimdə bir qadının çarpışması, taleyə müqaviməti, bir qadının sevdiyi kişini başqasına bağışlaması vardı…
Səhər açılanadək işimi davam etdirdim. Sadəcə yaşadım - fırçamla, rəngimlə, iztirablarımla...
Sanki ürəyimdə nə vardısa, kətanlara köçürüb missiyamı tamamlamışdım… Özümü divanın üstünə atdım, yuxum gəlirdi. İçimdə izaholunmaz, qorxulu bir boşluq yaranmışdı. Bütün arzularım, ümidlərim, sevgim, fərəhim, sabaha olan işıqlı inamım – hamısı o boşluğa düşüb birdəfəlik yox olmuşdu… Yeni sərgiyə hazır idim, amma sevgisiz və Yalçınsız bir həyata yox…
YALÇIN
Bəzən həyat adamı qəti qərarlar verməyə məcbur edir. O səhər Gülçinin emalatxanasında yuxudan ayılanda, hər şey sakit idi. Yalnız telefonumun titrəyişi o səssizliyi pozurdu. Nilufərin adını ekranda görəndə ürəyim sıxıldı.
Gülçin ertədən qalxmışdı, tablo üzərində işləyirdi. Nilufərin zənginə cavab verdim, bir neçə söz dedim, sonra çıxmalı olduğumu söylədim. O, heç nə demədi. Amma gözləri sanki içimdən keçib ürəyimdəki o gizli qorxunu oxudu.
Evə çatanda isə həyatımın ən sevincli və ən məsuliyyətli anını yaşadım. Nilufər hamilə qaldığını dedi. Bu xəbəri eşidəndə sanki zaman dayandı, nəfəsim tutuldu. Heç ağlıma da gəlməzdi. Gülçinlə birgə yaşayacağıma qərar verdiyim vaxtda belə bir xəbərin gəlməsi şəksiz ki, Allahın ismarıcı idi.
Əllərimi masanın üstünə qoydum. Söz tapmırdım. Bir cümlə belə deyə bilmirdim. Nilufər gözümə baxırdı, bəlkə də qəlbimdəki Gülçini görürdü. Onu qucaqlamağımı istədi. İstər – istəməz sarıldım.
— Başqasını sevdiyini bilirəm, amma bu körpənin gəlişi xəbəri səni bizə qaytararmı, Yalçın?
Səssizcə başımı aşağı saldım. Heç nə demədim. Cavab verə bilmədim. Bu, həyatın sənə bir möcüzə kimi nəyisə verib, eyni anda səndən nəyisə aldığı an idi. Balkona çıxıb siqaret yandırmaqdan başqa edəcəyim bir şey yox idi.
Gülçinə bunu necə izah edəcəyimi bilmirdim. Bu dəfə qəti olaraq məndən ayrılacağından elə qorxurdum ki…
Nədənsə sakit qarşıladı, sonra da dəlicəsinə sevişməyimiz sanki hər şeyin hərarətini soyutdu. Orada qalmaq istəməyimə rəğmən Gülçin o axşam məni zorla evə yolladı. Çiyinlərimdə iki həyatın ağırlığı ilə onun yanından ayrıldım... İçimdə ikiyə bölünmüşdüm, bir yanda artıq Nilufər tək deyildi, övladım da vardı və mən istəsəm də, istəməsəm də tərəzinin o tərəfi ağır gəlirdi…
Ayaqlarım məni evə, Nilufərin yanına aparırdı. Amma qəlbim o emalatxanada, hələ qurumamış fırça izlərinin arasında, Gülçinin baxışlarında qalmışdı.
Şəhər gecə ilə pıçıldaşırdı. İçimdə bir neçə səs bir-biri ilə boğuşurdu. Hər addımımda bir tərəfim deyirdi ki, "geri dön", o biri tərəf pıçıldayırdı: "özünə gəl, sən ata olacaqsan".
Əlimi cibimə atıb telefonu çıxartdım. Nilufər özünü yaxşı hiss etmədiyini mesajla yazmışdı. Zehnimdəki səslər toqquşurdu: “Nilufər sənin arvadındır. Körpə daşıyır. O, bir anadır. Onu tək qoymaq olmaz…”, “Amma onu heç zaman sevmədim. Onunla ailə quranda da sevmirdim. Sadəcə ailəmin doğru bildiyim şeyi etməyə çalışmışdım”, “Doğru? Bu doğrudursa, niyə bu qədər əzab verirsən ona? Niyə hər gecə başqa qadının yanına çəkilir qəlbin?”, “ Çünki mən yalnız Gülçünlə tam oluram. Onun yanında nəfəs alıram. Onun yanında özüməm. Onun yanında... insanam, kişiyəm…”
Dayanıb dərindən nəfəs aldım. Hava sərin idi. Amma içimdə bir yanğın vardı. Gözüm yolun o biri tərəfindəki reklam lövhəsinə sataşdı. Yeni doğulan bir körpənin şəkli, altında isə yazı: “Həyat bir möcüzə ilə başlayır.” Mənim də həyatımın axarı dəyişirdi. Amma bu, möcüzə idi, yoxsa sınaq, onu deyə bilmərəm…
Bir anlıq düşünmək istədim: Əgər Gülçün hamilə olsaydı, nə edərdim? Bu sual məni silkələdi. İndi iki qadın var həyatımda. Biri mənim qanımdan olan körpəni daşıyır, digəri mənim ruhumu yaşadan qadın.
Binamıza çatmışdım, liftə mindim, oradakı böyük güzgüdə özümə baxdım. Qırışlar, yorğun gözlər, sərt çənə... Bu, mən deyiləm… Mən sevəndə sevməyi bacaran, qorxanda gizlənməyən, dürüst olmağa çalışan biri idim. İndi isə iki yolun ortasında qalmışam və heç birindən tam keçə bilmirəm.
Nilufər divanda uzanmışdı, yaxınlaşıb salamlaşdım, saçlarını oxşadım, əlimi göbəyinin üzərinə qoydum. Orada bir həyat vardı. Mənim qanımdan olan, amma günahımdan, sevgimdən uzaq, mənim soyadımla doğulacaq bir körpə… O an gözümün önündən qəribə bir görüntü keçdi… Sanki Gülçünün rəsmləri bir-bir yanıb külə dönürdü. Onun rəsmlərindəki kişi artıq mən deyildim. Rənglər solurdu. Mən bir körpənin atasına çevrilirdim. Və bu, hər şeyi dəyişdirirdi…
Mən bu gecə ikiyə bölündüm. Və bir parçam artıq yoxa çıxmışdı…
MÜƏLLİF
Yalçının qərarı nə qəhrəmanlıqdı, nə də zəiflik. Bu, sadəcə həyat qarşısında diz çökməyən, amma içində susmağa məcbur qalan bir insanın seçimi idi. Hər kəs sevə bilər, amma hər kəs sevgini sonadək daşıya bilməz. Sevgi öz -özlüyündə azaddır, amma həyat heç vaxt tək başına yaşanacaq qədər sadə deyil.
Nilufərin bətnində böyüyən həyat Yalçının azadlığını əlindən aldı. Bu, sevginin məğlubiyyəti deyil. Bu, bir sevginin daha böyük, daha təbii başqa bir sevgiyə təslim olmağının nişanəsidir, məsuliyyətin, insan olmağın, ata olmağın təntənəsidir.
Bəzən bir qadının gözlərində axtardığın gələcək, başqa bir qadının bətnində böyüyür. Və sən nə qədər öz eşqinə sadiq olsan da, o gələcək səni çağıranda, dönüb arxaya baxmadan çıxıb getməlisən.
Əslində kişi iki qadının arasında qalmır. O, biri arzularla, biri vəzifələrlə dolu iki həyat anlayışı arasında qalır.
Sevgi sənin kim olduğunu deyir. Məsuliyyət isə kim olmağa məcbur olduğunu xatırladır.
İki qadın arasında qalan bir kişi, əslində iki seçim arasında yox, bir qəlbin parçaları arasında bölünür.
Qadın kişinin sevgisini istəyir. Uşaq isə onun həyatını. Və həyatın səsi çox zaman sevginin pıçıltısını batırır…
Bu romanın ən çılğını, ən səmimisi, ən mərhəmətlisi və ən vicdanlısı da Gülçindir. Və əslində Gülçini digərlərinin gözündə vazkeçilməz edən də bunlardır. Çünki bu duyğular qədər insana yaraşan heç nə yoxdur…
Amma başqaları üçün vazkeçilməz qadınlar əslində özündən imtina edənlərdir. Gülçin kimi…
Yalçınla keçirdiyi son gecədə Gülçin əslində sevdiyi kişinin, başqa bir qadının və özünün heç vaxt həyatda sahib ola bilməyəcəyi bir körpənin xətrinə özündən imtina etdi. Həqiqi sevgi bəzən sevdiyinin xoşbəxtliyi xətrinə özündən, arzularından və sabaha olan ümidindən birdəfəlik imtina etməkdir…
GÜLÇİN
Bu axşam dəniz sahilindəki məşhur qalereya adamla dolub-daşırdı. Bu gün bura mənim son əsərlərimin sərgiləndiyi sənət məkanından çox, ruhların səssiz danışdığı, rənglərin insan qəlbinə nüfuz etdiyi mistik, cazibəli bir yerə dönmüşdü. Vaxtaşırı yandırılıb söndürülən yumşaq sarı işıqlar tabloları canlı kimi göstərirdi. Divarlarda asılan əsərlərim sadəcə rəsmlər deyildi – onların hər birinin arxasında keçilmiş bir ömür, çəkilmiş ağrı-acılar, üzdə donub qalmış gülüşlər və rəng çalarlarının dərinliyində yatan fəryadlar vardı.
Əsərlərimi, tablolarımı seyr edən qonaqların gözlərində təəccüb, sənət sevgisi ilə bərabər heyrət də görünürdü. Bu axşam bu sərgidə ruhumun labirintindəki gizli xəzinələr, məhrəm sirrlərimin rənglərdəki inikası nümayiş etdirilirdi.
Geyimim sadə idi. Ağ ipəkdən tikilmiş uzun, qoluaçıq zərif don geyinmişdim. Dalğalı saçlarım sərbəst şəkildə çiyinlərimdə ləpələnirdi, yüngül makiyaj çəkmişdim, bu axşam təbii və canlı olmaq istəmişdim. Mən bu axşam təkcə bir rəssam deyildim, elə öz əsərlərimin içindən çıxıb gəlmiş bir obraz idim.
Əhvalımın necə olduğunu isə tam təsvir edə bilmirəm. Olumla ölümün arasındakı incə sərhəddə dayanmış biri kimi hiss edirdim.
Ətrafımda çoxlu insanlar vardı, amma içimdə dərin bir tənhalığın yaratdığı boşluqla üz-üzə idim. Divarlara asılmış tablolar sanki mənim yerimə nəfəs alır, yaşayırdı, mən isə bu gün yavaş-yavaş yoxa çıxırdım. Tablolarımdakı rənglərə bütün ruhumu hopdurmuşdum, amma indi onların qarşısında durarkən özümə yad biri kimi baxırdım. Son dayanacaq kimi hiss edirdim bu sərgini, sanki bundan sonra hansısa sirli bir qüvvəmi, bəyaz bir mələkmi məni güclü qandlarına alıb uzaqlara, lap uzaqlara aparacaqdı.
Rəsmlərimə baxın düşündüm, sənət çox möhtəşəm bir şeydir, səndən sonra dünyada qalan tək mənəvi varidatdır, qiymətli mirasdır. Hər hansı yaradıcı bir insandan sonra onun yaratdığı sənət əsərləri onun bu dünyadakı varlığını təsdiqləyən, bir zaman bu yer üzündən keçib getdiyini sübut edən yeganə dəlillər olaraq qalır.
Bu tabloların hər biri, bu rəsmlər mənim övladlarım kimidir. Mənim övladım illər öncə dünyaya gələr-gəlməz mələk kimi əllərimdən u.ub getmişdi. Və bundan sonra heç vaxt uşağım olmayacaqdı. Ona görə də bu tabloların üzərinə çəkdiyim ən incə cizgi də övlad təbəssümü kimi mənə əziz və dəyərlidir. Bu əsərlər mənim balalarımdır. Və mənə niyəsə elə gəldi ki, bir gün bu dünyadan yoxa çıxanda bu balalar məndən ötrü darıxacaqlar. Gözüm doldu, yuxarı tavana baxdım, özümü sıxdım ki, yaş yanağımdan süzülməsin. Tədbirin konseptinə uyğun olaraq açıq mikrofona yaxınlaşıb sərgiyə gələnləri salamladım:
- Hər birinizə bu axşam burada olduğunuz üçün sonsuz təşəkkürümü bildirirəm, varlığınız bu sərgiyə gözəllik qatır. Burada sərgilənən əsərlər mənim iç dünyamın səssiz dilidir; fırça ilə söyləyə bildiklərim, sözlə ifadə edə bilmədiklərimdən doğulub. Hər rəng, hər çalar, hər tablo, hər əsər yaşadığım duyğulardan, sevgidən, həsrətdən doğulub. Bu sərgi yalnız mənim deyil, həm də hər tablonun qarşısında dayanıb o rəsmlərdə öz hekayəsindən bir parçanı görən hər birinizindir. Əgər hansısa tablomda özünüzdən, həyatınızdan bir parça tapa bilirsinizsə, deməli, çox yaxşı bir dialoq qura bilmişik…
Hamı məni alqışladı, ondan sonra sərgiyə gələnlərə qarışdım.
Gülümsəyərək mənə yaxınlaşan hansısa müxbirin sərgi ilə bağlı suallarını cavablandırdım. Jurnalist aralanıb gedəndən sonra təəccüblü də olsa gözüm Böyükkişiyə sataşdı. Onu sərgiyə dəvət etməmişdim, amma burada idi. Əlləri cibində bir rəsmimin qarşısında dayanıb baxırdı, baxışlarında həmişəki kimi hansısa duyğu sezilmirdi, sadəcə bir boşluq vardı. Məni gördü və ehtiyatla yaxınlaşdı.
— Gülçin... Sərgin möhtəşəmdir, təbrik edirəm.
Sonra bir az susdu. Baxışlarını qaçırdı. Ardınca əlavə etdi:
— Ümid edirəm indi sevdiyin adamla xoşbəxtsən.
Gülümsəmədim. Amma qəlbimdə dərin bir sakitlik vardı. Ona baxaraq sakit səslə dedim:
— Bəzən xoşbəxtlik bir insanla deyil, onun yoxluğu ilə başlayır. Sən heç vaxt məni anlamadın, Böyükkişi. Mən də anlaman üçün dayanmadan çalışdım. Amma zamanla başa düşdüm ki, bəzən ən böyük anlayış elə uzaq durmaqdır. Mən səni bağışladım. Özümü də. Bu sərgi yalnız mənim hekayəmdir. Yəqin ki, sən xoşbəxtsən…
O, başını təsdiq mənasında yellədi və əlavə etdi:
- Evlənmişəm, İlkanə ilə övlad gözləyirik. Bura səni təbrik etməyə gəldim və düşünürəm ki, mənə kin bəsləmirsən, nifrət eləmirsən. Buraya gələrək səninlə son dəfə görüşüb halallıq almaq istədim…
- Qətiyyən, sənə niyə kin bəsləməliyəm? - dedim. Arvadına da, sənə də, doğulacaq körpənizə də xoşbəxtlik arzulayıram.
Bundan sonra Böyükkişi minnətdarlıq edib bir kölgə kimi sərgidən yox oldu…
Sərgidəki insanlar, sənətsevərlər iki-bir, üç-bir dayanıb rəsmləri müzakirə edir, arabir yaxınlaşıb məni təbrik edirdilər.
Qapıya yaxın tərəfdə mənə tanış və doğma bir simanı gördüm – Nemət də gəlmişdi. Onun baxışları hər zamankı kimi sakit idi, amma içində təlatüm olduğunu bilirdim. Yanıma gəldi, səmimiyyətlə görüşdük. Məni ürəkdən təbrik etdi.
- Nemət, yaxşı ki, gəlmisən, düşünürdüm bəlkə məndən incimisən, gəlməzsən.
O, başını yüngülcə yellədi:
- Səndən heç vaxt inciməmişəm, Gülçin. Son dəfə səninlə klinikada görüşüb ayrılanda da dedim ki, əgər bir gün bu həyatın yolları səni yorsa, bil ki, mənim yanıma gələ bilərsən, ürəyimin qapısı həmişə sənə açıqdır. Sadəcə bir baxışın, bir kəlmən kifayətdir ki, ömürlük sənin yanında olum… Sərgin isə möhtəşəmdir, sən artıq rəssam kimi zirvədəsən!
Ona təbəssümlə cavab verdim:
- Çox sağ ol, əzizim. Sənə gələn yolları bilirəm, o qapını da mənə daim açıq saxladığın üçün təşəkkür edirəm, amma artıq uzun bir yola çıxacağam və o yolda tək addımlamağı düşünürəm. O yolu tək çıxıb getməliyəm… Sən mənim yaddaşımda xilaskar bir mələk kimi qalacaqsan, çünki ən çətin vaxtlarımda yanımda olmusan, mənə dəstək vermisən. Sərgimə gəldiyin üçün də sağ ol, Nemət… Sən mənə Allahın bəxş etdiyi nemət dostlardansan…
Nemət dostyana məni qucaqladı, yanağımdan öpdü. Vidalaşıb bir azdan başqa bir yerə gedəcəyini söylədi, qalereyadan çıxıb getdi…
Gözüm qeyri-ixtiyari sərgi salonunun qapısına zilləndi.
Yalçın içəri daxil oldu. Qapıdan girən kimi də gözləri bircə anda o qədər insanın içində məni axtarıb tapdı. Baxışlarındakı ifadəni sözlərlə izah etmək mümkün deyildi. Gözlərində sevgi də vardı, itki də, həsrət də, ehtiras da, peşmanlıq da…
Mən yanımdakı dostlardan aralandım, çünki bilirdim ki, yanıma gələcək. Elə də oldu, iti addımlarla mənə yaxınlaşdı.
- Gülçin...
Səsi titrəyirdi.
- Sərgin olduğunu mətbuatdan öyrənmişəm, bəs mənə niyə xəbər verməmisən? Neçə vaxtdır səndən zəng gözləyirəm, demişdin ki, özüm zəng edəcəyəm, mənə yığma, mən də ona görə ürəyim partlayırdı, sənə zəng edirdim, telefonun qapalı idi. Bir neçə dəfə emalatxanana da gəlmişəm, qapın bağlı idi. Yaxşı ki, sərgi ilə bağlı elan qarşıma çıxdı, yoxsa səni haradan tapacaqdım? Niyə belə edirsən, Gülçin, axı sən mənə son görüşümüzdə emalatxanada dedin ki, bir neçə gün sərginə hazırlaşıb sonra məni çağıracaqsan yanına? İnanırsan, hər dəqiqə səndən zəng gözləmişəm mən!
Baxışlarımı onun gözlərinə zillədim. Onun gözlərinin dərinliklərində dolmuş yaşları, boğazında düyünlənmiş sözləri gördüm. Sonra sakitcə, nəzakətlə, amma tamamilə aramıza keçilməz sərhəd çəkən bir təbəssümlə dedim:
— Nilufər necədir? Hamiləliyi neçə keçir? Sənin sevgin indi arvadına və övladına lazımdır. İndi səni gözləyən, çağıran bir qadının var, mənim zəngimi nahaq gözləyirsən, Yalçın… Bilirsən, gec də olsa, anladım ki, sən mənim həyatımın bütün fəsilləri idi, amma mən sənin hekayəndə sadəcə bir mövsüm idim. İndi sənin üçün qarşıdan başqa fəsil gəlir…
Yalçının gözü doldu, nəsə demək istədi, udqundu, susdu. Nə deyəcəyini bilmədi. Sadəcə baxdı, ardınca gözlərini məndən qaçırdı. Dözməyib asta səslə dedi:
- Axı özün də bilirsən ki, səni necə sevirəm, Gülçin, ailəmin yanında olduğum kimi sənin yanında da olacağımı demişəm həmişə…
- Yalçın, qarşımızda uzun bir yol var və biz orada qoşa addımlaya bilməyəcəyik… Ömür kitabımızdakı qoşa fəslimiz bitdi… Bizim çılğın, unudulmaz sevgimizdən qalan yeganə yadigarlar bu sərgidəki ikimizin və sənin də olduğun bəzi tablolardır… Mən çox istərdim ki, bizim birgə övladımız olardı, amma bu qətiyyən mümkün deyildi. Səni və sevgimizi təsvir etdiyim rəsmləri ömrünə bəxş etdiyim övladlar kimi düşün, Yalçın… Onlara baxanda həmişə məni xatırlayarsan…
Yalçın nəsə demək istədi, yanımıza yaxınlaşan qonaqlara görə sözünü saxlamalı oldu…
Sakitcə oradan uzaqlaşdım. Axşamın finalında salonun işıqları bir-bir sönməyə başladı. Əvvəldən belə planlaşdırılmışdı. Sərginin sonuna bir sürpriz tablo saxlanmışdı. Təkcə bir işıq qaldı, gur projektor salonun mərkəzindəki üstüörtülü son tabloya yönəlmişdi. Bütün qonaqların diqqəti projektorun işıqlandırdığı üstü ağ parça ilə örtülmüş rəsmə yönəldi. Örtük yavaşca sürüşüb düşdü və hamı heyrətlə içini çəkərək “Eşqin rəngləri” adlı tablomu seyr etməyə başladı…
…Tabloda gənc bir rəssam qadın əlində üzərindəki rəngləri bir-birinə qarışmış palitrası ilə üzü dənizə doğru gedirdi. Rəssam qadının əynində ağ don vardı, palitrasının üstündə axıb qarışmış rənglər donuna, üst-başına bulaşmışdı. Eynilə həyatında yaşadığı dəlicəsinə eşqin rəngləri kimi… Gözəl əndamlı bu gənc qadının təsvirində, qüruba enən günəşin tünd narıncı işığı və kölgələrin kontrastını rəsmdə elə incəliklə və gözəl işləmişdim ki… Üzü dənizə tərəf gedən bu qadın artıq insanlardan imtina edib dənizə qayıtmağa qərar verən su pərisinə bənzəyirdi… Bir vaxt qayalıqların üstündə Yalçınla baş-başa xoşbəxt anlar keçirəndə ona danışdığım su pərisinə…
Bütün salon bu gözəlliyi heyranlıqla izləyirdi və mən bu mənzərə qarşısında son dərəcə xoşbəxt idim… Baxışlar o tablodan qopa bilmirdi. Elə bil hər kəs orada özündən nəsə tapmışdı. Hətta qaranlıq olsa da, Yalçının necə heyranlıqla rəsmə baxdığını da görə bildim… Və mən bilirdim: bu, mənim vida tablom idi…
Hamının başının rəsmə qarışdığı o vaxtda mən sərgidən çıxmaq üçün heç kimə görünmədən arxadakı qapıya tərəf yönəldim. Qaranlıqda yəqin ki, heç kim çıxmağımın fərqinə də varmadı…
Addımlarım yüngül idi, sakit küçələrlə gedirdim, ayaqqabımın taqqıltısını eşidirdim… Nə qədər və necə getdiyimi bilmədim, bir də onda ayıldım ki, ayaqqabımın dabanı quma batır…
Dənizin vahiməli uğultusu, küləyin titrək nəfəsi eşidilirdi. Yavaşca ayaqqabılarımı da çıxarıb kənara atdım, sevgilim dəniz eşqlə qollarını açıb məni çağırırdı… İçimdəki alovu yalnız dənizin təmənnasız, pak və sərin suları söndürə bilərdi. Beynimdə bir türk şərqisi aramsız şəkildə oxunurdu:
Unutma ki dünya fani,
Veren Allah alır canı…
Ben nasıl unuturum seni
Can bedenden çıkmayınca…
Ətrafda heç kim yox idi, ayın işığı dənizin bəyaz ləpələri üzərində almaz kimi bərq vururdu. Yalnız biz idik – dəniz, ətrafın qaranlığı və beynimdə səslənən həzin, kövrək şərqilər…
MÜƏLLİF
Dostumun danışdıqları ilə başlayıb, həyatın içindən süzülən bu romanın sonunda artıq Nemət özü yox idi. Finalda yalnız Gülçin qalmışdı və bu, təsadüfi deyil.
Roman boyu bir neçə insanın həyatına toxunduq, onların sevincləri, kədərləri, arzuları ilə birgə yol getdik, amma bu əsərin əsas ürəyi Gülçin idi.
Onun hekayəsi sevgidən yaranmışdı, sanki Allah onu məhz sevgi ilə yoğurmuş, eşqin bütün rəngləri ilə rəsmini çəkmişdi. Mən də Gülçini məhz o sevgi ilə yazdım, onun içindəki eşqi, alovu, əzmi və ehtirası sözlərə köçürdüm.
Bu romanda hər bir obrazın öz yeri, öz çəkisi vardı. Onlar yalnız xarakter deyildilər, hər biri bir həyatın, bir duyğunun, bir yolun daşıyıcısı idilər. Onların hər birinin mənəvi yükü oxucunun qəlbinə toxunmaq üçün var idi.
Bu, təkcə bir sevgi dastanı deyil, insan ruhunun incəliklərinə etdiyimiz birgə səyahət idi. Sevgini, kədəri, ehtirası, ümidi, inamı və xəyalları bir araya gətirən bu nağıldakı qəhrəmanların heç birinin həyat yükü Gülçininki qədər ağır deyildi. Sevən və tək qalan insanın dərdi dözülməz, yükü çəkilməz olur…
Gülçin bu romanın nəfəsidir. O, təkcə mərd qadın deyil, həm də mübariz bir ruhdur. Sevgiyə, azadlığa, sənətə, özünə inanan və taleylə çarpışan cəsur bir ruh!
O, sadəcə sevib - sevilmək istədi, amma onu tam anlaya bilmədilər. Gülçin həyatın ona verdiyi rolu qəbul etmədi, o, həyatının səhnəsini özü qurdu, ömrünün ssenarisini özü yazdı.
Gülçin nə qəhrəmandır, nə də qurban – öz taleyini seçdiyini düşünən bir qadındır. Amma əslində biz taleyi seçmirik, tale özü bizə lazım olanları seçir…
Gülçin həyatda ən çətin olanı etdi: hamını bağışladı, amma heç kimin yanında qalmadı, qala bilmədi… O, öz mərd və ləyaqətli qəlbi ilə bir uşağın atasız böyüməsinə razı olmadı. Halbuki istəsəydi, həyatında başqa seçim edərək, yalnız öz xoşbəxtliyini düşünərək də yaşaya bilərdi. Amma onun vicdanı buna razı olmadı.
Onun bu seçimi – sevginin ən təmiz, ən səmimi forması idi: bir körpənin taleyinə görə Gülçin bütün öz arzularından, hətta ən dərin istəklərindən belə məhrum oldu, onları arxa plana keçirdi. O, sevgi yolunda öz şəxsi xoşbəxtliyindən vaz keçdi, öz dünyasının rənglərini tədricən solğunlaşdırdı. Arzularından imtina etdikcə, həyatın Gülçin üçün cəlbedici, parlaq rəngləri tədricən yoxa çıxdı, ruhunda dərin bir boşluq yarandı. Hər keçən gün onun üçün bir az da xatirələrdə yaşanan qaranlıq bir labirintə çevrildi, sanki həyatın özü də onun üçün əbədi bir səssizlik və kədərdən ibarət bir tabloya çevrildi…
Getmək həmişə ağırdır və ağrılıdır… Hər addımda ürəyinin bir parçası arxada qalır, gözlərin dərin kədərdən dolur. Bəzən susmaq bağırmaqdan daha dərin, daha mənalı olur; çünki susqunluğun içində gizlənən kədər və duyğular, ən şiddətli səs-küydən daha təsirlidir. Və bəzən ən böyük sevgi – kimsəyə aid olmadan, heç kimin ağuşuna sığınmadan, yalnızlığın içində yaşamaqdır. Bu sevgi, həm sərt, həm də safdır; insanın ruhunu azad edən, amma eyni zamanda ən dərindən sarsıdan bir məhəbbətdir...
Getmək, susmaq, sevmək – bütün bunlar insanın həyatı boyu öz içindəki əbədi mübarizənin hissələridir. Həyatın bu acı həqiqətləri arasında öz yolunu tapa bilmək, qəti qərar verməyi bacarmaq bəzən ən böyük qəhrəmanlığa çevrilir.
Mərkəzində Gülçinin günəş kimi yer aldığı bu həyat hekayəsi - sükutun, seçimlərin, sevginin, azadlığın və bağlılığın iç-içə dolaşdığı mürəkkəb bir lağımdır. Burada bütün insanlığa aid yaşantılar var.
Həyatın ədaləti bəlkə də budur ki, heç kim tamamilə doğru, heç kim də bütövlükdə səhv deyil. İnsanlar bir rəngdən deyil, saysız-hesabsız rəngdən ibarət bir palitradır. Hər kəsin içində ziddiyyətlər yaşayır — bir tərəfdə saf niyyətlər, digər tərəfdə gizli qorxular, bir anlıq işıq, bir anlıq qaranlıq...
Doğru ilə səhvin sərhədi çox vaxt bulanıq, sanki sisin içində itmiş bir yola bənzəyir. İnsan özü də bilmədən səhv edər, amma sevgi ilə, ümidlə dolu qəlbi onu hər dəfə yenidən dirildir. Bu dünyada heç kim tamamilə təmiz deyil, heç kim tam günahsız deyil. Ancaq elə bu qarışıqlıqda, insanın ruhunda, qəlbində gizlənən o kövrək zənginlikdə həyatın əsl mənası saxlanır.
Hər kəs öz səhvini, öz ağrısını daşıyaraq, amma yenə də öz qəlbində, ya da başqasının könlündə bir az işıq, bir az sevgi, bir az mərhəmət taparaq yaşamağa davam edir. Bəlkə də bu, insanın əsl azadlığıdır — səhvləri ilə barışmaq, qüsurları ilə yaşamaq və yenə də içindəki ümid alovunu söndürməmək.
Amma bəzən bir insan həyatın ortasında dayanıb kimin hansı yoldan gəlib, hansı yolla çıxıb getdiyini anlamır. İçimizdəki bütöv ümidə baxmayaraq bəzən sadəcə bir istək olur - getmək, sadəcə birdəfəlik çıxıb getmək…
Gülçin də çıxıb getdi. Onun qalmaq və yeni bir cığır açmaq seçimi də vardı, amma o sevgisiz yaşamaqdansa, sevgi qırıntısına qane olmaqdansa, hamının həyatından çıxıb getməyə üstünlük verdi…
O, zərif idi, amma heç vaxt zəif deyildi. Bəzən insanlar niyə getdiklərini belə anlamırlar. Amma Gülçin niyə getdiyni bilirdi. Onun içində bir ağrı yekəlirdi, eynən ana bətnində böyüyən bir körpə kimi… O böyüyən ağrının bir gün doğulmaq çağı gələcəkdi və Gülçini də özü ilə götürüb aparacaqdı… Çünki o ağrıya da ana lazım idi və Gülçindən yaxşı heç kim o şıltaq və böyük ağrıya analıq edə bilməzdi…
Gülçinin son tablosu cəsarətli bir ruhun dünyaya üsyanı idi. Qonaqlar bu tablonun qarşısında susdular. Çünki hər kəs o anda öz həyatındakı hansısa gedişi, ayrılığı, imtinanı və əbədi vidanı xatırlayırdı.
Bu taleyi və bu sonluğu mən yazmamışdım, mən sadəcə onun taleyinə şahid oldum, onu müşahidə edərək həyatının rənglərini sözlə qələmə aldım. Onun fırçası danışdı, mən isə bütün bunları sözə çevirdim. Sonda su pərisi kimi dənizin eşqinə sığınan qadın müəllifin deyil, əslində həyatın gerçək əsəri idi!..
Gülçin başa düşdü ki, kiminsə ömründə sadəcə ötəri bir fəsil olmaq, kiminsə ssenarisində epizodik rol olmaq yetərli deyil. O, yalnız bir mövsümün adı olmaq istəmirdi, ömür yoldaşı olmaq istəyirdi. Amma bunun mümkün olmadığını gördüyü anda getməyi seçdi. Və mən də indi bu romandan tək və sonuncu müşahidəçi olaraq ayrılıram.
Eynilə bu romanda olduğu kimi həyatda da gec-tez axıra heç kim qalmır… Qalan yalnız eşqin rəngləri ilə çəkilən tablolar, sevginin qələmi ilə yazılan romanlardır… İnsan gedər, amma onun duyğularından doğulan əsərlər qalır. Sevgi fiziki varlığın yoxluğuna uduzmur. O, formasını dəyişər, fəqət dərin bir mənaya çevrilər. Bu mənalar da zamanın əlindən qurtulub yaddaşlarda, tablolarda, romanlarda yaşayar…
Və nə vaxtsa kimsə bir rəsmin qarşısında dayanıb kimisə səssizcə xatırlayırsa, bir romanın sətrində kiminsə nəfəsi, yaşanmış mənalı bir ömrün izi duyulursa — deməli, gedənlər tam itib yox olmur.
Onlar başqa mahiyyətdə - yaddaşda, musiqidə, tabloda, romanda elə bu əsərin müəllifi sayaq, elə Gülçin təki yaşamağa davam edirlər…
SON
Aprel – avqust, 2025-ci il, Bakı
