usd-1.7000 eur-1.8043 rub-0.0181
Bakı 14°C 6.05 m/s
Son xəbərlər
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

...Qızılgülləri unutma... - Bəxtiyar QARACA yazır

details

YAZARLAR

06.05.2022, 13:12 Oxunub: 10929

Bəxtiyar QARACA
Yazıçı-publisist

 

"Xoşbəxt o kəsdir ki, təmiz və açıq bir ürəklə oxuya bilir. Hər yerdə - göydə, yerdə, ağaclarda belə sevinc tapmağı bacarır. Müğənninin səsi olduğu kimi, rəssamın da rəngi hiss etmək qabiliyyəti olmalıdır".

Anri Matiss

 

Tütək səsi

 

Tanınmış rəssam Yuran Məmmədovun vaxtilə Moskvada Mərkəzi Rəssamlar Evində təşkil olunan sərgisi belə adlanırdı: "Tütək səsi".  Doğma yurdun  əlvan, zəngin və təzadlı təbiəti, səssiz dağların, düzlərin tütək, ney səsinə bənzəyən təkrarsız pıçıltısı sərgidə nümayiş olunan bir-birindən maraqlı əsərlərdə əks olunmuşdu. Sərgiyə gələnlər onu həm görür, həm də eşidirdilər. Həmin əsərlərin dili ilə danışan rəssam özü idi. O, həmişə söylədiklərini bir daha söyləyirdi: rəssam öz əsərləri ilə həqiqəti tamaşaçıya çatdıra bilər. Onun əsərlərində dünyanın sonsuzluğu ideyası ustalıqla tərənnüm edilir və onlarda daxili aləmini əks etdirən bir qiyamçı ruh, gərgin baxış hiss olunur. Onun yaradıcılığına olan sonsuz maraq da bəlkə elə bundan doğur. Bu gün Yuranın Türkiyə, İran, Macarıstan, Rusiya, Almaniya və Fransa muzeylərində, habelə şəxsi kolleksiyalarda saxlanılan əsərləri sonsuz bir yola üz tutan əbədi insanlara bənzəyirlər. Rəssamın yolunu davam etdirən qızı Günel Yuran: "Uşaq vaxtı başımız üstdə onun bir əsəri vardı - orda harasa üz tutan bir yolçu təsvir olunmuşdu. Mən çox vaxt gözlərimi yumar və o yol axtaran insan haqqında əhvalatlar uydurardım. Ordakı rənglər rəsmə qeyri-adi bir ovqat bəxş edirdi. Rəsmdəki o tənha insanın axtardığı nə idi - həqiqət, yoxsa həyatda tapmadığı ünvan?".

 

Şahab məhəlləsindən başlayan yol

 

Yuran Naxçıvan torpağında, qədim Şahab məhəlləsində doğulmuşdu. Orta məktəbi də orda bitirmişdi. Təhsil illəri ayrı-ayrı şəhərlərdə keçmişdi -  əvvəlcə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasında. Bu şəhərlər onun bir rəssam kimi formalaşmasında əvəzsiz rol oynadı. 1962-ci ildə təhsilini başa vurduqdan sonra 11 il Sank-Peterburqda qalıb işlədi. Müəyyən vaxtlar "Lenfilm" studiyasında çalışdı, həm də pedaqoji fəaliyyətlə məşğul oldu. Puşkin adına Akademik Dram Teatrında baş rəssamın assistenti vəzifəsində çalışmağı onun bir teatr rəssamı kimi formalaşmasında böyük rol oynadı. Sənətşünaslıq namizədi Ofelya Mirzəzadə Yuranın həm insan, həm də rəssam kimi bənzərsiz, qeyri-adi bir adam olduğundan ürəkdolusu söhbət açır, vaxtsız qırılan ömür yolunu təəssüflə xatırlayır. Yuran Məmmədov yaradıcı insan kimi  hansı sahəyə üz tuturdusa, orda öz sözünü deyə, təkrarsız bir iz buraxa bilirdi. Belə insanlar ucuz tərif sevməzlər. Onlar daha çox yaratdıqlarında görünərlər. Yuranın tablolarına baxmaq kifayətdir ki, doğulduğu Şahab məhəlləsini təsəvvürə gətirəsən, qədim Naxçıvanı yaxşı tanıyasan və bu yurda ürəkdən bağlanasan. "Vayxır", "Haçadağ", "Əlincə qalası", "Araz", "Naxçıvanda bahar", "Arpaçay", "Möminə xatun", "Əlixan məhəlləsi", "Şahab", "Ordubadın yaşıl bağları", "Şahbuz mənzərələri", "Qoca və yaz" kimi əlvan tablolar Yuranın ən yaxşı sənət yadigarları arasındadır. Bu sevgini o, sənət dostları ilə bölüşməkdən ayrıca zövq alar, onlarla el-obanı qarış-qarış gəzər, bu yerlərin gözəl mənzərələrindən, möhtəşəm abidələrindən danışdıqca danışardı. Dəfələrlə onu ölməz Səttar Bəhlulzadə ilə birlikdə Naxçıvan dağlarının qoynunda görmək olardı. S.Bəhlulzadə Yuranın sənətini yüksək qiymətləndirər, deyərdi ki, o bu yerlərin gözəlliklərini dərindən duyur və əks etdirir.  Bu yolları dəfələrlə onunla birgə addımlayan dostu C.Vəzirovun xatirələri Yuranı həm də bir insan kimi tanımaq üçün çox əhəmiyyətlidir: "Naxçıvan torpağı Yuran üçün ilham mənbəyi idi... Gedərdik, günlərlə Ordubadda, Şahbuzda qalardıq. Gözəl dostluğu, yaxşı səfər yoldaşlığı vardı. Yuranın ürəyi uşaq ürəyi idi. Bu da ondan irəli gəlirdi ki, o əsl yaradıcı idi. Həm də bilikli, erudisiyalı idi. Özünə, sənətinə qarşı olduqca tələbkar idi. Bunlar bir toplu halında kamil bir şəxsiyyət formalaşdırmışdı".

 

Yarımçıq ömür -  yarımçıq tamaşa kimidir

 

Yuran Məmmədov həm də istedadlı teatr rəssamı kimi sınaqdan çıxdı. O, uzun müddət  C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tərtibatçı rəssam kimi çalışdı. "Ölülər", "Dəli yığıncağı", "Ağır cəza", "Oqtay Eloğlu", "Mən, nənəm, İliko və İllarion", "Xanuma" kimi tamaşalara verdiyi səhnə tərtibatı yüksək təsirliyi ilə fərqlənirdi. Elə son tamaşası da uğurlu keçdi. Bu onun həm də sevdiklərinə söylədiyi bir vida nəğməsi idi. Bu "vida nəğməsi"ni dinləyənlər arasında onun yaxınları, doğmaları - həyat yoldaşı, övladları da vardı. Sonda bütün iştirakçılarla yanaşı, atasının sənət yolunu davam etdirən Günel Yuran da səhnəyə çıxdı. Tanınan bir sənət adamının övladı olmaq və onun yaradıcılıq yolunu şərəflə davam etdirməkdən, bir atanın yarımçıq arzularını həyata keçirməkdən gözəl nə ola bilər ki... Yuransız keçən o tamaşanın və o yarımçıq ömrün iştirakçısı, həm də şahidi C.Vəzirov: "1984-cü ilin iyununda Yuran Məmmədovun dünyaya gəlişinin 50 illiyini qeyd etməyə hazırlaşırdıq. Bir anda hər şey alt-üst oldu. Ailəsiylə birlikdə Riqada istirahətə getmişdi. Tezliklə Naxçıvana qayıdacaqdı. Qayıtdı da... Bakıdan Naxçıvana gələn qatarı bu dəfə dostları və yerli sənətsevərlər kədərlə qarşıladı. Yuranla son görüşümüz belə oldu...".

 

Yuxularda danışanlar

 

Azərabycanın istedadlı boya ustası, orijinal teatr rəssamı Yuran Əli oğlu Məmmədov Naxçıvanda - ata-anasının yanında torpağa tapşırılıb. Özündən sonra dil açıb danışan rəsmləri və göyə, yerə səpələnmiş xatirələri qaldı. Yazıçı Anar deyirdi ki, Yuran Məmmədovun tablolarında qəribə bir cazibə qüvvəsi var. Xalq rəssamı Toğrul Nərimanbəyov isə söyləyirdi ki, Yuranın rənglər dünyası insanı heyrətə gətirir. İndi hər ikisi - Yuran da, Toğrul da uzaq bir yolda, bitib-tükənməyən bir səfərdədir. Onları indi ancaq xatirələr canlandırır, yuxular oyadır.  Anar "Bir sən, bir mən, bir ölüm..." hekayəsində sanki bir-birinə qoşulub sonsuzluğa üz tutan bu iki sənətkarın həsrətini və yoxluğunu belə ifadə edir:

"Başa düşdüm ki, daha işləyə bilməyəcəm. Soyunub yatağıma girdim, istər-istəməz beynimi ölüm mövzuları doldururdu. Daha doğrusu, dəfn səhnələri canlanırdı fikrimdə. Öz dəfnim...  Az sonra yuxu apardı məni. Dümağ, ucsuz-bucaqsız otaq. Divarları ağ kafelli. Bəmbəyaz əba geymiş, başında ağappaq kapyuşon, sifətinə un çəkmiş keşiş məni içəri keçirir. Otağın içində yalnız bir ağ masa, masanın üstündə ağ tabut. Tabutun içində Toğrul... Gözləri yumuludu, amma üzü canlıdan canlıdır. Bircə saqqalı yoxdur. Düşünürəm ki, yəqin indi yer üzündə yaşayan adamlardan heç biri Toğrulun saqqalsız vaxtını görməyib. Əynində mixəyi pencək, pencəyinin döş cibində dama-dama dəsmal, eyni rəngli dama-dama şərfi boynuna sarıyıb, sarı ipək köynəyinin yaxasından içəri salıb...

 

Gözlərini açıb:

...Eşitmişəm Mərdəkanda təzə restoran açıblar -  Qoşa qala. Gəl gedək ora. Könlümə yaman düşbərə düşüb. Zəng elə Yuran da gəlsin.

- Yuran çoxdan ölüb, Toğrul, - deyirəm, bura da Parisdir.

Təəccüblə:

- Paris? Bakıda deyilik? - deyir.

- Yox, Parisin meyitxanasındayıq. On beş gündür ki, burdasan.

- Mən Bakıya istəyirəm, qoyma məni burda yandırsınlar...".

30 il əvvəl isti bir yay günündə Yuran Məmmədov dünyasını dəyişdi. Onunla uzun illər dostluq edən Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, beynəlxalq Rəsul Rza mükafatı laureatı Cəlil Vəzirov deyir ki, "...İyun ayının 18-də uzaq Riqadan göndərilən qəmli bir teleqram bütün vücudumuzu titrətdi. Yuran Məmmədov ürək tutmasından vəfat etdi. Sağlam bədənli, gümrah, həmişə səmimi, mehriban olan Yuran birdən-birə necə oldu ki, ürək ağrısından dünyasını dəyişdi? Axı heç vaxt o, ürəyindən şikayətlənməmişdi".

 

"...Qızılgülləri yadından çıxarma..."

 

P.S. Yuran Məmmədovun ən çox sevdiyi rəssamlar Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov, bəlkə də ən çox bənzəmək istədiyi rəssam Anri Matiss idi. "Şlyapalı qadın" (1905), "Qırmızı Balıq" (1913), "Rəqs" (1909), "Qollarını qaldıran nökər" (1923) kimi məşhur əsərlərin müəllifi Anri Matiss XX əsrin ən böyük fransız sənətkarlarından biri idi. O, 1869-cu ilin son günü, yəni dekabrın 31-də Şimali Fransanın Le Cateau bölgəsində dünyaya göz açmışdı. Onun 1908-ci ildə nəşr olunan "Rəssamın qeydləri" əsəri bütöv  bir nəslin bədii kredosuna çevrildi. O, çox abırlı, kübar bir insan idi və müasirləri onu sənətkardan daha çox utancaq bir dövlət məmuruna bənzədirdilər...

Sevdi, sevildi, dünyanı gəzə bildikcə gəzdi, İspaniyada, Almaniyada, Rusiyada və Afrikada səfərlərdə oldu. 1954-cü ildə 84 yaşında, Yuran kimi, o da ürək tutmasından dünyasını dəyişdi. Müasir İncəsənət Muzeyi üçün alınan tək bir əsərinə -  "Gavalı çiçəkləri"nə (1948)  2005-ci ildə 25 milyon dollar təklif edildi. O deyərdi: "Həqiqətən yaradıcı rəssam üçün qızılgül rəngləməkdən çətin heç nə ola bilməz. Bunun üçün o, əvvəllər çəkilən bütün qızılgülləri yadından çıxarmalıdır."

Digər xəbərlər