usd-1.7000 eur-1.8981 rub-2.0422
Bakı 11°C 5.12 m/s
Son xəbərlər
01-11-2026
25-10-2026
15-10-2026
14-10-2026
18-09-2026
06-09-2026
05-09-2026
25-08-2026
24-08-2026
08-08-2026
30-07-2026
25-07-2026
23-07-2026
21-07-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

I Türkoloji Qurultayın 100 illik yubileyinə dəyərli töhfə

details

ƏDƏBİYYAT

12.11.2026, 14:23 Oxunub: 20

22 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illiyi münasibətilə fərman imzalamışdır. Həmin fərman dövlət başçısının ümumtürkoloji əhəmiyyət daşıyan bu tarixi-mədəni və siyasi hadisəyə verdiyi yüksək dəyərdir. AMEA Nəsimi adına Dilçilik İnstitutunda bu fərmandan irəli gələn vəzifələrə uyğun olaraq professor, filologiya elmləri doktoru, Türk Dil Qurumunun fəxri üzvü Nadir Məmmədlinin rəhbərliyi və təşkilatçılığı ilə l respublika konfransı keçirilmişdir.

Dilçilik İnstitutunun bu qurultayın 100 illik yubileyinə ən böyük töhfəsi isə professor Nadir Məmmədlinin yazdığı və 2026-cı ildə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çap etdirdiyi “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” (Bakı, 2026, 828 s.) adlı monoqrafiyadır. Professor Nadir Məmmədlinin bu monoqrafiyasında I Türkoloji Qurultay üç əsas aspektdən: həm tarixi zəmində, həm arxiv sənədləri əsasında, həm də milli mətbuat aspektində işlənmişdir. Müəllif “Giriş”də qeyd edir ki, “1926-cı ilin Bakısı təkcə bir məmləkətin paytaxtı deyil, bütöv bir türk dünyasının güzgüsü idi” (s. 6).

Əsərin I Fəsli “I Türkoloji Qurultay: tarixi zəmində” adlanır. Həmin fəsildə I Türkoloji Qurultayın keçirilməsinin tarixi zərurəti, ictimai-siyasi səbəbləri müəyyənləşdirilir. Nadir Məmmədlinin çox böyük alim əməyinin zəhməti olan bu əsərində qurultayda iştirak edən məşhur türkoloqların həyat və fəaliyyəti haqqında geniş məlumat verilir. Müəllif qeyd edir ki, “qurultayda sayca 20 nəfərdən çox görkəmli rus aliminin iştirakı xüsusi qeyd olunmalıdır. Milli mənsubiyyət fərqinə baxmayaraq, toplantıda nümayiş etdirdikləri səmimiyyət, elmi vicdan və intellektual məsuliyyət, yüksək səviyyəli elmi məruzələri sanki onları türk xalqının bir nümayəndəsinə, bu böyük məsuliyyətin ayrılmaz parçasına çevirmişdi; milli sərhədləri aşan iştirakı, məruzələrinin dərinliyi və oyektivliyi qurultayın ümumi elmi yükünü və nüfuzunu daha da artırmışdı” (s.65). Kitabın bu fəslində qurultaydakı ən maraqlı məruzələrin icmalı və analitik şərhi verilir. Nadir Məmmədli I Fəsli belə yekunlaşdırır: “Türklüyün bir fikir tarixi vardır, onun elmi şəkildə araşdırılması qarşımızda yeni üfüqlər açır: mühüm bir tədqiqat sahəsi türk tarixçiliyi, mədəniyyətinin və düşüncə həyatının elmi araşdırmalarının mərkəzində dayanan türkologiyanın tarixi yaranır. Bu istiqamətdəki araşdırmalar türkoloji qurultayların birincisi sayılan I Ümumittifaq Türkoloji Qurultayla başlanmışdır” (s.304). Kitabın birinci fəslində I Türkoloji Qurultayın keçirilməsinə qədər olan proseslər geniş təhlil olunur, tarixə ekskurs edilir. Nadir Məmmədli Azərbaycanda latın qrafikalı əlifbaya keçid prosesinin hələ XX əsrin 20-ci illərinin əvvəlindən başlandığını göstərir. Alim düzgün olaraq qeyd edir ki, “ümumiyyətlə, rəsmi orqanlar Türkoloji Qurultaydan xeyli əvvəl türk xalqları arasında latın əlifbasının qəbul edilməsi üçün hazırlıq işləri görmüşdülər” (s.157).

Monoqrafiyanın II Fəslində “I Türkoloji Qurultay arxiv sənədlərində” adlanır. Bu fəsildə müəllif qurultayla bağlı olan müxtəlif arxiv sənədlərini təhlil edir. Bu sənədlərdəki məlumatlardan bir daha aydın olur ki, qurultayda əlifba məsələsi ən əsas məsələ kimi qaldırılmışdı (s.313). Həmin hissədə N.Məmmədli qeyd edir ki, “1926-cı il Bakı Türkoloji Qurultayı elmi təşəbbüs kimi təqdim olunsa da, arxiv sənədləri göstərir ki, bu tədbirin hazırlanması və keçirilməsi sırf elmi müstəvidə deyil, yüksək siyasi və inzibati səviyyədə, mərkəzi sovet orqanları ilə sıx əlaqədə həyata keçirilirdi” (s.317). Monoqrafiyada sovet hakimiyyəti illərində Türkoloji Qurultaya hazırlıq prosesləri ilə bağlı müxtəlif iclasların protokollarının arxivlərdə saxlanılan fotosurətləri verilir ki, bu da tədqiqatın əhəmiyyətini artırır.

III Fəsildə isə I Türkoloji Qurultayla bağlı milli mətbuatdakı yazılar təhlil olunur. Monoqrafiyanın həmin fəslində milli mətbuatda bu tarixi tədbirin geniş işıqlandırıldığı sübut olunur. Burada,  xüsusilə, “Yeni yol”, “Yeni fikir”, “Kommunist”, “Бакинский рабочий” qəzetlərində I Türkoloji Qurultayla bağlı verilən məlumatlar şərh edilir. Müəllif qeyd edir ki, “Azərbaycan mətbuatının I Ümumittifaq Türkoloji Qurultayını işıqlandırması təkcə informativ xarakter daşımamış, eyni zamanda milli-mədəni şüurun formalaşmasına, elmi ideyaların ictimaiyyətə və bu toplantının tarixi əhəmiyyətinin geniş oxucu kütləsinə çatdırılmasına xidmət etmişdir” (s.777).

Sırf arxiv materialları əsasında hazırlanmış bu kitabda qurultayla bağlı çox qiymətli məlumatlar yer almışdır. 828 səhifəlik bu monoqrafiyada I Türkoloji Qurultayın bütün gizli tərəfləri arxiv materialları əsasında açıqlanır. Kitabda qurultayla bağlı verilən bilgilərdən məlum olur ki, I Türkoloji Qurultayda Səməd ağa Ağamalıoğlunun rəhbərliyi altında 17 iclas keçirilmiş, 38 məruzə dinlənilmiş, 10 maddəlik qərar qəbul olunmuşdu. Həmin qurultayda Azərbaycandan 22 nümayəndə var idi. İndiki AMEA nın Rəyasət Heyətinin binasında, milyonçu Musa Nağıyevin vərəm xəstəliyindən vəfat etmiş oğlu İsmayılın şərəfinə tikdirdiyi İsmailiyyə binasında 26 fevral 1926-cı il tarixindən 6 mart 1926-cı il tarixinə qədər keçirilən bu möhtəşəm tarixi tədbir böyük siyasi-mədəni əhəmiyyət kəsb edirdi. I Türkoloji Qurultaya N.Marr, D.Nemet, J.Deni, V.Tomsen kimi tanınmış alimlər dəvət alsalar da, onlar bu tədbirə gələ bilməmişdilər.

Həmin tarixi qurultayın Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsinin simvolik anlamı var idi. Məhz Bakının bu tarixi tədbirə ev sahibliyi etməsinin əsas səbəbi türkologiyanın mərkəzinin Azərbaycanla bağlı olması idi. Təsadüfi deyil ki, qurultaya Almaniyadan qatılmış Kiel Universitetinin professoru, tanınmış şərqşünas - alim Teodor Menzel sonralar yazdığı “Bakı Birinci Tükoloji konqres” adlı kitabında Bakını türkoloqların intellektual mərkəzi kimi səciyyələndirmişdi.

Qurultaya Türkiyədən qatılmış Mehmet Fuad Köprülü sonradan Türkiyə Respublikasının xarici işlər naziri, Qazaxıstandan qatılmış Əhmət Baytursun isə Qazaxıstanın maarif naziri olmuşdur. 131 nümayəndənin qatıldığı bu tarixi tədbirdə türk xalqlarının əlifbası, terminologiyası, tarixi, imla və orfoqrafiya məsələləri, etnoqrafiyası, mədəniyyəti, tədris və təlim məsələləri, türk dilləri ilə qonşu dillərin əlaqələri, ulu dil nəzəriyyəsi mövzularında sanballı məruzələr edilmişdi. Qurultayda göstərdiyimiz problemlər ətrafında müzakirələr aparılsa da, bu tarixi tədbirin əsas missiyası əlifba məsələsi idi. Hələ 1922-ci ildə Səməd ağa Ağamalıoğluun rəhbərliyi ilə Əlifba Komitəsi yaradılmışdı. Həmin ildə demokrat yazıçı və dramaturqumuz Cəlil Məmmədquluzadənin redaktorluğu ilə ilk dəfə olaraq latın qrafikası ilə “Yeni yol” qəzeti nəşr edilməyə başlandı. Tanınmış türkoloq D.Nemetin yetirməsi olan Bəkir Çobanzadə 1924-cü ildə Krımdan Azərbaycanda latın qrafikalı əlifbaya keçid prosesini həyata keçirmək üçün Bakıya dəvət edilmişdi. Qurultayda tanınmış şərqşünas alim, akademik Vasiliy Vladimiroviç Bartoldun, monqolşünas alim Nikolay Nikolayeviç Poppenin məruzələri çox böyük maraq kəsb edirdi. Monoqrafiyada Nadir Məmmədli V.V.Bartoldun məruzəsinə xüsusi önəm verir və bu məruzədə türk xalqlarının tarixinin geniş təhlil olunduğunu diqqətə çatdırır. Kitabda V.V.Bartoldun məruzəsinin tam şəkildə verilməsində müəllifin məqsədi türk xalqlarının qədim və zəngin tarixini oxucuların diqqətinə çatdırmaqdır.

Monoqrafiyanın ən müsbət məziyyətlərindən biri budur ki, burada indiyə qədər mübahisəli olan bir çox ziddiyyətli məsələlərə aydınlıq gətirilmiş, reallıqlar üzə çıxarılmışdır. Belə ki, bəzi mənbələrdə akademik Nikolay Marrın, hətta fransız türkoloqu Jan Deninin qurultayda iştirakı iddia olunur. Bir çox qaynaqlarda isə hətta Ənvər Paşanın guya bu qurultayda iştirakı haqqında məlumatlar yer alır. Ancaq Nadir Məmmədli arxiv materialları əsasında bu faktları təkzib edir. Beləliklə də, əsərdə I Türkoloji Qurultayla bağlı mübahisə doğuran məsələlərə aydınlıq gətirilir, gerçək faktlar üzə çıxarılır. Bu əsərin ən qiymətli cəhəti odur ki, indiyə qədər  I Türkoloji Qurultayla bağlı bir çox yanlış məlumatlar məhz arxiv materialları ilə təkzib olunur.

Monoqrafiyadakı məlumatlardan bəlli olur ki, 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsində rus türkoloqu Aleksandr Samoyloviç  və o zamanlar Azərbaycan Respublikası Mərkəzi  İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu mühüm rol oynamışlar. Qurultayın təşkilati işlərində isə türkoloq Bəkir Çobanzadə aktiv fəaliyyət göstərmişdir.

Qurultayda qaldırılan problemlər və müzakirə olunan məsələlər müasir türkologiya elmi üçün çox böyük mənəvi-siyasi əhəmiyyət kəsb edir. İştirakçılarının əksəriyyəti sonradan “qırmızı terror”un qurbanı olan bu türkoloji qurultayın əsas missiyası türk xalqlarının ortaq əlifbaya keçidinin təmin olunması, bir sözlə, türk xalqlarının mənəvi-mədəni inteqrasiyasının gücləndirilməsi idi. Qurultayöncəsi Səməd ağa Ağamalıoğlu türkdilli respublikalara ezamiyyətə getmiş, latın qrafikalı əlifbaya keçidlə bağlı müxtəlif türkoloji mərkəzlərdə tanınmış türkoloqlarla görüşlər təşkil etmişdir.

Monoqrafiyada “Qurultayın siyasi və elmi əsasları” başlığı altında bu tarixi tədbirin keçirilməsi üçün tarixi zəminin formalaşmasından bəhs olunur. Əsərdə öncədən Türkiyədə planlaşdırılan bu tədbirin Bakıda keçirilməsinin tarixi səbəbləri təsbit olunur. Burada tanınmış rus şərqşünası və türkoloqu Aleksandr Samoyloviçin 21 mart 1924-cü il tarixində türkoloji qurultayın keçirilmə zərurəti haqqındakı məruzəsi verilir. Fikrimizcə, I Türkoloji Qurultayın bütün aspektləri haqqında bu kitab qədər geniş məlumat verən ikinci bir elmi qaynaq yoxdur.

Nadir Məmmədli haqlı olaraq yazır ki, “stenoqrafik hesabatda  “ümumittifaq” sözü qeyd olunsa da, dəvət olunan nümayəndələrin təmsil etdikləri dövlətlərin siyahısına və türkoloq alimlərin milli müxtəlifliyinə diqqət yetirsək, görərik ki, tədbir SSRİ sərhədlərini aşaraq beynəlxalq miqyaslı qurultaya çevrilmişdir. Məntiqi və elmi baxımdan qurultayı “I Beynəlxalq Türkoloji Qurultay” adlandırmaq daha məqsədəuyğundur” (s.41). Çox böyük geosiyasi əhəmiyyəti olan bu tarixi tədbirdə müxtəlif türkoloqların bir araya gəlməsi və elmi diskussiya  aparmaları Azərbaycanda türkologiya elminin sonrakı inkişafına böyük təkan verdi. Kitabda verilən məlumatlardan aydın olur ki, bu tarixi qurultayda latın qrafikalı türk əlifbasının tərəfdarları ilə ərəb qrafikalı türk əlifbasının tərəfdarları arasında geniş müzakirələr keçirilmişdir.

Nadir Məmmədlinin bu monoqrafiyasında I Türkoloji  Qurultayın məqsədli şəkildə keçirilməsinin bir çox gizlin məqamlarına aydınlıq gətirilir. Müəllif haqlı olaraq bu qənaətə gəlir ki, “Türkiyənin planlaşdırdığı  qurultay baş tutmadığı bir dövrdə Sovet Rusiyası, geosiyasi vəziyyətə uyğun olaraq, türkologiyanı həm ideoloji, həm də elmi nüfuz vasitəsinə çevirmişdi” (s.41). Həqiqətən də, bu fikirlər məntiqli səslənir. Çünki sovet hakimiyyətinin ilk illərində türk xalqlarının  rəğbətinin qazanmaq istəyən bolşevik hakimiyyəti xalqların öz müqəddaratını həll etmək hüququnu xüsusi vurğulayaraq demokratik, liberal bir cəmiyyət yaratmağı məqsəd kimi insanların şüuruna yeridirdilər. Halbuki 30-cu illərin repressiyası zamanı bu qurultayın iştirakçılarının əksəriyyəti məhv edildi. Həmin qanlı repressiya bir daha sovet hökumətinin türk xalqlarına qarşı şovinist siyasətini üzə çıxardı.

Kitabda erməni alimi Raçiya Akopoviç Açaryanın “Türk və erməni dillərinin qarşılıqlı təsiri” mövzusundakı çıxışının təhlili də maraq doğurur. Nadir Məmmədli R.A.Açaryanın erməni xislətinin onun çıxışında öz inikasını tapdığını xüsusi diqqətə çatdırır. Burada qeyd olunur ki, erməni aliminin çıxışında etiraf edilir ki, erməni dilində 4000-ə yaxın türkmənşəli söz işlənir (s.143).

Nadir Məmmədlinin I Türkoloji Qurultaya həsr olunmuş bu fundamental monoqrafiyasının ən üstün məziyyətlərindən biri də odur ki, müəllif yalnız bu tarixi tədbirlə bağlı hadisələrin xronologiyasını təsvir etmir, eyni zamanda, qurultayın missiyasını, tarixi-mədəni və mənəvi əhəmiyyətini, türkologiyanın inkişafına göstərdiyi təsiri təsbit edir, geniş rasional şərhlər təqdim edir. Fikrimizcə, professor Nadir Məmmədlinin müəllifi olduğu “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” (Bakı, 2026, 828 s.) adlı monoqrafiya I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş ən dəyərli töhfədir.

Baba Məhərrəmli

Filologiya elmləri doktoru

Digər xəbərlər