ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Nəfəsim Vətən- PYES
ƏDƏBİYYAT
24.08.2026, 23:49 Oxunub: 61Böyük qələbəmizin memarı, Ali Baş Komandan, dövlət başçısı Cənab İlham Əliyevə ithaf edirəm.
Hüseynbala Mirələmov
Nəfəsim Vətən
(İki pərdəli, dörd şəkilli dram)
İştirakçılar:
1. Sona ana (70 yaş) - Xocalı şahidi, övladlarını qətliamda itirmiş, nəvəsini min bir əzabla böyütmüş ağbirçək, tibb bacısı.
2. Reyhan xala (65 yaş) - Sonanın rəfiqəsi, qonşusu və tale ortağı, müəllimə.
3. Tükəz xala (60 yaş) - oğlu Vətənin qətlini gördükdən sonra dili tutulan qadın, Sona xalanın bacısı.
4. Toğrul (32 yaşlarında) - Sona ananın nəvəsi, Xüsusi Təyinatlı Qüvvələrin zabiti.
5. Araz (30 yaşlarında) - Toğrulun ən yaxın dostu, döyüş yoldaşı.
6. Humay (27 yaş) - Toğrulun nişanlısı, gənc müəllimə
7.Bəxtiyar Vahabzadənin ruhu
8. Atanın Ruhu
9. Ananın Ruhu
10.Müəllif
Köməkçi obrazlar - əsgərlər və ya sakinlər.
Birinci pərdə
Birinci şəkil
***
2023-cü il, 24 sentyabr. Bakıda Sona ananın müvəqqəti məskunlaşdığı yataqxanada mənzil. Təmiz, səliqəli və sadə görünüşlü otaq. Səhnə açılanda Sona ana pəncərə önündə oturub həyəcanla, əllərini ovuşdura-ovuşdura televizora baxır, xəbər gözləyir... Tükəzban xala divanda oturub sanki bütün varlığıyla onun dediklərini anlamağa çalışır.
Sona ana: - Eşidirsən, Tükəz, 31 il keçib, o qarlı, şaxtalı gecədən 31 qış keçib, amma illər keçsə də, mənim canımdakı o sazaq çəkilmədi. Ayaqlarımı şaxta vurdu, özün bilirsən, barmaqlarımın neçəsini itirmişəm. Amma öz ağrılarım heç vaxt eynimə olmayıb, bir sənin dərdin, bir oğlumuz Vətənin dərdi, bir də qızım Bənövşənin dərdi. İndi tək ümidim, pənahım, balamın balası Toğrul balam ordadır - o od-alovun içindədir. Qorxuram, Tükəz, yaman qorxuram... Tək ümidimizi də itirməkdən qorxuram. (Gəlib Tükəzbanın yanında oturur.) Bu daş-divarla danışmaqdan yoruldum, Tükəz, sən nə vaxt danışacaqsan? (Bir az fikrə gedib onu qucaqlayır.) Vallah, danışmağından da qorxuram. O tək balana - Vətənə neylədilər gözlərinin qabağında ki, beləcə dilin tutuldu, illərdir danışa bilmirsən?
Qonşu Reyhan xala içəri girir.
Reyhan xala (Sonaya yaxınlaşıb onu qucaqlayır, sonra divanda Tükəzin yanında oturur.): - Niyə beləsən, Sona? Toğrula görə narahatsan? Bax, Xocalıdan o qarda, çovğunda səni sağ-salamat qurtaran Allah nəvəni də qoruyacaq! Qızın da, kürəkənin də, məkanları cənnət olsun, o qanlı gecədə həlak olsalar da, Allah onların yadigarını qorudu, sən də əsl qəhrəman kimi təkbaşına böyütdün nəvəni. İndi də fəxr elə, nəvən hərbçidir, Vətənin keşiyindədir. Deyirlər, artıq dava da başa çatıb. Xankəndidə, küncdə-bucaqda gizlənən nə qədər silahlı erməni qulduru varsa, hamısını məhv ediblər.
Sona ana: - Yadındadırmı, Reyhan, oradan ayaqyalın, heçnəsiz, bircə canımızı, bir də balalarımızı götürüb qaçanda Toğrul bir əlcə körpə idi. Gözəl qızımı gözümün qarşısındaca qanına qəltan etdilər, balamın təkcə yadigarını götürüb canımızı qurtardığımızahələ də inana bilmirəm. Vətən balamız getdi, Tükəzi nə çətinliklə onların əlindən ala bildik. İndi balam igid oğlandır, əlində silah cəbhədədir. (Tükəzbanı qucaqlayır.) Toğrul balamız Vətənin də qisasın alacaq, Tükəz, mütləq alacaq.
Reyhan xala (səsi titrəyir): - Bu gecə elə qorxulu yuxular görmüşəmki... Gördüm ki, o iblis - Zori Balayan,- "körpə uşaqları pəncərəyə mismarladıq" deyən o zalımın özünü də oradaca çarmıxa çəkiblər.Hələ də yadıma düşəndə, qanım bədənimdə donur əclafın yazdıqlarından. Hələ bu qaniçənə yazıçı da deyirlər! Yuxuda gördüm ki, o uşaqların ruhu onu boğur, o da ölmək üçün əl açıb onlarayalvarır. Ölür, amma ölə də bilmir, qan içində mıxlandığı yerdəcə zarıyır. Buna deyirəm ki, sənin soyadın Balayan deyil, Bəlayandır. Çünki ayaq basdığınız hər yerə ömrünüz boyu bəla gətirmisiniz! Elə sənə ad qoyan da dərin getsin, adını Zori qoyublar, bütün ömrü boyu hər şeyi zornan əlimizdən almağa çalışmısız. Ay Sona, özü də guya həkimdir, heç belə də cəlladdan da həkim, yazıçı olar?!
Sona ana (ağlamsınır): - O Köçəryan, Sərkisyan əclaf özü demirdi ki, Qarabağda, Xocalıda elədiklərini? Bunları dilə gətirmək belə dəhşətlidir. Hətta Amerikadan gələn bir erməni yazdı ki, burda gördüklərimdən dəhşətə gəldim, erməni olduğuma nifrət elədim. Amma o vaxt dünya qulaqlarını tutub haqq deyən səsimizi eşitmədi!
Reyhan xala: - Ona görə fəxr elə, başını dik tut. Çünki Toğrul o murdarların ayağını birdəfəlik Qarabağdan kəsməyə gedib! Səbr elə. Bu gün-sabah öz doğma torpağımıza da qayıdacağıq...
(Qapı açılır. Humay sevincək içəri girir. Sevincdən ağlayır, əlləri titrəyir, qaçıb Sonanı qucaqlayır).
Humay: - Nənə! Müjdə! Muştuluğumu ver!Toğrul gəlir!
Sona ana (Humayı qucaqlayıb öpür): - Səni şad xəbər olasan, qızım, Allah səni xoşbəxt eləsin!
Humay: - Bəli! Hər şey başa çatdı, nənə! Bayaq zəng eləmişdi, dedi ki, qaçım səni muştuluqlayım! Özü də lap yaxşıdır, şükür Allaha. Deyir dostu Araz yüngülcə yaralanıb, amma yarası qorxulu deyil. Gözümüz aydın olsun, nənə!
Reyhan xala (hönkürərək Sonaya və Humaya sarılır): - İlahi, sənə şükür! O körpələrin ahı tutdu onları! Axır ki o mismarlanan uşaqların, başı kəsilən, zorlanan qadınların, qızların qisası alındı!
Sona ana (əllərini göyə açır): - Allahım! Sənə min şükür! Ölmədik, bu günü də gördük... Bizi yandırdılar-yaxdılar, qan içində boğmağa çalışdılar, amma biz yenidən doğulduq! Xocalı artıq qan ağlayan yaramız yox, yenidən toy-büsatlı yuvamız olacaq! Ayaqyalın, başıaçıq çıxdığımız o torpağa qayıdıb gül-çiçək əkəcəyik, zəfər bayrağı ilə qayıdacağıq oraya! Qanınız yerdə qalmadı, şəhid balalarım! Toğrullarımız qisasınızı qiyamətə qoymadı!
Qadınlar bir-birinə sarılıb sevincdən ağlayır. Tükəz xala ayağa qalxıb, asta-asta ekrana yaxınlaşıb çıxış edən Prezidentə baxır. Birdən "Xocalı azaddır!",”Xankəndi azaddır!”,”Bütün Qarabağ azaddır!” sözlərini eşidən kimi ekranı qucaqlayıb danışır. Hamı heyrət içindədir.
Tükəz xala: - Danışan dilinə qurban, ay Prezident. Sənə qurban olaram! Axır ki, dediyini elədin, axır ki, Vətən balamın qisasını aldın, torpaqlarımızı qaytardın, başına dönüm, gözümüzün yaşını qurutdun.( Səsi həm fəryad, həm də illərin içində boğulub qalmış son pıçıltı kimi çıxır): —Eşidirsən, Vətən... Ay mənim 13 yaşlı körpəm, nəfəsim Vətən! O qanlı gecəni, o zülmət gecəni xatırlayıram, balam... Bizi əsir saxladıqları o dəhşətli günləri xatırlayıram. Sənin o məsum gözlərini, titrəyən əllərini xatırlayıram. ! O qaniçənlər gəlib səni zorla əlimdən alanda dünya başıma uçdu! Həmin vaxt yenə özünü yox, məni düşünürdün: "Anama dəyməyin!" deyə bağırırdın... Əvvəl elə bildim səni hansısa bir alçaqla dəyişməyə aparırlar...
(Səsi titrəyir, dizləri üstə çökür, göz yaşları sel kimi üzünə axır)
Amma o namərdlər... o cəlladlar səni bir erməni murdarın qəbrinin üstünə apardılar, balam! Sonra məni də gətirdilər ki, o dəhşətə baxım... Gözümün qarşısındaca səni qurban kəsdilər, Vətənim! Sənin al qanın o soyuq məzarı boyayanda dilindən bircə söz qopdu: "Ana..." O dəqiqə, o saniyə dilim daşa döndü, nitqim qurudu. Sənlə birgə mənim də ruhum öldü o gün! O gün gözlərimin önündə təkcə oğlumu yox, bütün dünyamı kəsib doğradılar! 31 ildir danışa bilmədim, oğlum, o günü yadımdan çıxara bilmədim, Vətən! Amma indi danışacam. Hər şeyi danışacam. (Ayağa qalxır, ekranı bərk-bərk qucaqlayır, həm ağlayır, həm gülür)
Bax, balam, bax! Bu gün sənin adını daşıdığın Vətən qalib gəlib! Prezidentimiz deyir bunu! Eşidirsən? Sənin qisasın alındı, oğlum! Sənin yarımçıq qalan ömrün zəfərə çevrildi! Bu gün Vətənimiz qalib gəldi! Sən qalib gəldin, mənim yaralı oğlum, qanına qəltan olan, oğlum! Prezidentimiz deyir bunu. Eşidirsən? Sənin kimi minlərlə şəhidin qanı yerdə qalmadı.
Sona ana (Tükəzi qucaqlayıb ağlayır): - Ay Allah, bu nə möcüzədir belə? Axır ki, danışdın, Tükəz? Axır ki, sənin də dilin açıldı? Allah, sənə min şükür!
Reyhan xala (onları qucaqlayır): - Allah, bu gününə şükür!
Tükəz xala (hələ də danışmaqdadır): -İllərlə ancaq ürəyimdə sənin şəklini gəzdirdim, şəklinlə danışdım, Vətən. O evimizdə qoyub gəldiyimiz, götürə bilmədiyim şəklinlə danışdım. Hər axşam səsini dinlədim, gülüşlərini xatırladım. Dilim danışmasa da, bir gün bu xəbəri eşidəcəyimə inanırdım. İndi torpağımız azaddır, oğlum. Bax, oğlum, Qarabağ azaddır, Şuşa azaddır. O dağlar azaddır, o yollar, o yurd yerləri azaddır. Bilirəm, bu qələbənin içində sənin də payın var. Sənin də ruhun şəhid olan əsgər balalarımızla birlikdədir. Mənim balam, sənin adını ulu baban Soltan bəy qoydu.Vaxtilə baban onlara qan uddurmuşdu. İndi bu namərdlər sənə qıymaqla əvəz çıxmaq istədilər. Amma istədiklərinə çatmadılar, oğlum. Bu gün Vətənimiz qalib gəldi, Vətənimiz…
Sona ana: -Can, ay Tükəz! Can, ay bacı, qalib gələn Vətənə də, sənin şəhid olan Vətəninə də qurban olum! Sənin çəkdiyin o ağrılar-acılar hamımızın yadındadır. Yaddan çıxarmamalıyıq, nə qədər qız-gəlin erməni əlinə düşməmək üçün, namuslarını qorumaq üçün özlərini dağlardan, qayalardan atdılar…
Arxa fonda müəllifin səsi eşidilir:
Azərbaycan əsgərinin polad iradəsi və Ali Baş Komandanın sarsılmaz qətiyyəti bir yumruq kimi birləşərək, illərdir qaysaq bağlamayan yaramıza məlhəm oldu. Bu, sadəcə ərazi bütövlüyünün bərpası deyil, bu, haqqın nahaq üzərində mütləq qələbəsi, Azərbaycan xalqının əyilməz ruhunun bütün dünyaya nümayiş idi. İndi Qarabağın hər qarışında qəhrəman ordumuzun ayaq səsləri eşidilir. Biz indi öz yurdumuza dünyanı heyrətə salan qalib bir millətin övladları kimi qayıdırıq! Ali Baş Komandanın hər bir kəlməsi tarixin yaddaşına qızıl hərflərlə həkk olundu və millətin inamını sönməz bir məşələ çevirdi. Artıq qisas qiyamətə qalmadı, xəcalətimiz fəxarətə çevrildi! Bu zəfər bizim əbədi andımız, gələcək nəsillərin qürur mənbəyi və Azərbaycanın şanlı tarixinin ən parlaq səhifəsidir! Var olsunAli Baş Komandanımız, yaşasın rəşadətli Azərbaycan ordusu!
(Pərdə)
Birinci pərdə
İkinci şəkil
Sona ananın mənzili. Humayla Reyhan xala buradadır. Tükəzban xala da divanda oturub.
Humay (pəncərənin qarşısına qaçıb baxır və sevinclə səslənir): - Gəldi! Nənə, vallah, gəldi!
Sona ana (yerində diksinir, əlləri əsir): - Ay Allah, sənə şükür! Humay, qızım, qaç qapını aç!
(Humay sevinclə qapıya qaçır. Əyinlərində hərbi forma olan Toğrul və yanında dostu Araz içəri girirlər. Arazın qolu sarğıdadır. Toğrul nənəsinə yaxınlaşıb onu, sonra da Humayı qucaqlayır, sonra Reyhan xala ilə də görüşür).
Toğrul: - Nənə, hər şey bitdi, neçə illik müsibətə, zillətə son qoyuldu! Daha gecələr yuxunda o qaranlıq meşələrdə azmayacaqsan. Alnımızdakı o xəcalət ləkəsini qanımızla, canımızla yuyub apardıq.
Tükəz xala (ayağa qalxıb Toğrulu qucaqlayır): - Vətənin qisasın ala bildin, Toğrul balam?
Toğrul (heyrət içindədir): - Tükəz xala, sən nə vaxtdan başladın danışmağa? Nənə, mən yuxu görürəm?
Sona ana: - Yox, ay bala. Dünən torpaqlarımızın qayıtması xəbərini eşidən kimi dili açıldı.
Tükəz xala (Toğrulu qucaqlayıb): - Sən yox, mən yuxu görürəm, Toğrul bala. Bu gecə yenə balam yuxuma gəldi. Oturmuşdu düz evimizin qabağında. Deyirəm, sən orda neynirsən, balam? Deyir, səni gözləyirəm. Deyir, mən heç yana getməmişdim ki, ana. Mən elə o vaxtdan burdayam. Buranı kiməsə buraxıb gedən deyildim ki?! (Dönüb Toğrula baxır) Sən mənim balamı orda görmədin, Toğrul? (susur) Yəqin görsən də tanımazsan. Sən onda çox balacaydın. Elə mənim balam da böyüməyib - elə həmin yaşdadır, elə həmin uşaqdır.
Toğrul: -Tapacam onu, Tükəz xala. Sabah qayıdıram, birbaşa ora gedəcəm, Xocalıya. Harda olsa tapacam onu...
Sona ana (Toğrulun üz-gözündən öpüb ağlayır): - Boyuna qurban olum, oğul! Sağ-salamat gəldin ha, bizə bəsdir. Gözlərimizin nuru qayıtdı elə bil... Araz bala, gəl bura, sənin yaran necədir, çox incitmir ki? O sarğı elə bil mənim qolumdadır.
Araz: - Qorxulu bir şey deyil, Sona nənə, qəlpə dəyib. Bu yara bizim üçün şərəf nişanıdır. Şükür bu günümüzə, sağ-salamatıq, torpağımızı da düşməndən qurtarmışıq. İnsan vətənini bütöv görəndə ağrı-zad yaddan çıxır, nənə, hamısı boş şeydir, keçib gedəndir. Təki ürəyimizin yarası sağalsın, o da sağaldı artıq.
Reyhan xala (əl-ayağa düşür, stolun ətrafında oturmağa yer göstərir, Humay mətbəxə çay gətirməyə gedir): - Keçin oturun, ay bala, yoldan gəlmisiniz, yorğunsunuz, nəfəsinizi dərin.
Sona ana (gözlərini silir): - Canım sizə qurban, ay oğul! Qeyrətinizə, insanlığınıza qurban olum! Hələ də elə bilirəm ki, yuxu görürəm, qorxuram ki, kimsə oyadar məni. Şükür, bu işıqlı günləri də gördük!
Reyhan xala: - Sona, daha ölsəm də gözüaçıq getmərəm dünyadan! Bu qələbə xəbəri mənim dizlərimə təpər, canıma can verdi, bundan sonra fərəhimdən lap yüz il də yaşayaram! Gün o gün olsun ki, hamımız bir nəfər kimi yığışaq, o doğma yurdlarımıza, kəndlərimizə qayıdaq. Torpağımızın qoxusunu içimizə çəkək.
Toğrul: - Gedəcəyik, nənə, mütləq gedəcəyik! Özü də başımız dik, alnımız açıq! Xocalıya səni özüm aparacam. Gedib o torpaqlara təzədən can verəcəyik. Biz ora qayıdanda Qarabağ uğrunda canını verən bütün şəhidlərimizin ruhları da şad olacaq.
Sona ana (əllərini göyə açır): - Allah, sənə şükür! Prezidentimiz, ordumuz sağ olsun, xalqımızı dərddən-bəladan qurtardı! Allah ordumuzu qorusun!
Müəllifin səsi: -Tarix təkrarlanır-deyirlər.100 il əvvəl- 1923-cü ildə yaradılan qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il sonra -2023-cü ildə birdəfəlik ləğv edlərək tarixin arxivinə atıldı. Bununla Azərbaycan tarixində yeni bir dövr başladı. Qarabağda möhtəşəm qələbəmiz xeyrin şər üzərində qələbəsi oldu. Yeri, göyü yaradan Allah haqqı nahaqqa vermədi. Bu zəfər, yalnız hərbi uğur deyil, həm də ilahi ədalətin təcəssümü oldu. Bu tarixi qələbənin ən böyük memarı, şübhəsiz, Ali Baş Komandan İlham Əliyevdir.
(Pərdə)
İkinci pərdə
Üçüncü şəkil
Məkan: Xocalı. Arxa fonda görünür ki, yeni bir qəsəbə salınır. Səhnənin mərkəzində isə uçuq, güllə izləri olan köhnə bir divar qalığı durur. Bu, Toğrulgilin dədə-baba yurdundan qalan yeganə nişanədir. Divarın bir tərəfində müasir Xocalının qurulması üçün gətirilmiş ağ kərpiclər, inşaat materialları səliqə ilə qalanıb. Arxa fonda uzaqdan gələn texnika səsləri və meşənin uğultusu eşidilir.
Səhnə açılanda Toğrul uçuq divarın qarşısında dayanır. Əli ilə o soyuq daşlara toxunur. Humay bir qədər kənarda dayanıb ona həssaslıqla baxır.
Toğrul (səsi boğulur): - Humay, bilirsən, adamı yandıran nədir? İnsan doğulduğu yeri, uşaqlığını xatırlayanda burnunun ucu göynəyər. Mənim isə bu yerlərlə bağlı yaddaşım ağappaq bir vərəq kimidir. Bu divarlara baxıram, amma onlar mənə heç nə demir. Bura mənim anamgilin evləndikdən sonra yaşadığı evdir, anamla atamın sevgi yuvasıdır, dağıdılmış ocağıdır... Amma mən sanki buraya bir özgənin xatirəsinə qonaq gəlmişəm. Mənim doğulduğum bu şəhərlə, bu ocaqla, atamla, anamla bircə saniyəlik də canlı xatirəm yoxdur, Humay! Müharibə xatirəsiz və ata-anasız uşaqlar bəxş etdi dünyaya!
Humay (yaxınlaşır, onun əlindən yapışır): - Toğrul, sənin xatirələrin yaddaşında olmasa da, canındadır, damarlarındakı qanındadır. İnsan bəzən görmədiyini də hiss edər. Sən bura yad deyilsən, sən bu torpağın bir parçasıydın, buralıydın və ona görə də yenidən burdasan - öz halal ocağındasan.
Toğrul (acı bir təbəssümlə): - Bakıda hər gün hərbçi olub düşməndən qisasımızı almaq hissilə böyümüşəm! Atamın, anamın siması yoxdur gözümün önündə, yalnız nənəmin ağlaya-ağlaya göstərdiyi o saralmış bir fotoşəkil var. Anamın səsini bircə dəfə də olsa eşitmək üçün nələr verməzdim... Amma yoxdur, Humay. Mən və mənim kimi minlərlə gənc Qarabağsız xatirələrlə böyüdük. Bizim uşaqlığımız o qarlı meşədə, o qanlı fevral gecəsində donub qaldı. Bizim üçün "vətən" bir xatirə yox, bir hədəf idi. İndi o hədəfə çatmışam, amma içimdəki o boşluq dolmur.. (Diz çökür, torpağı ovucuna alır) Bu torpaqda atamın, anamın qanı var. Onların qoxusunu indi bu torpaqdan alıram (Elə diz çökmüş vəziyyətdə torpağı qoxlayır, öpür). Oxay, anam-atam Vətən, anam-atam torpaq, nə gözəl ətrin, nə gözəl qoxun var!
Humay (onun yanında diz çökür, Toğrulun çiynini qucaqlayır): - Toğrul, sən atanı görmədin, amma onun qəhrəmanlığını damarlarındakı qanında daşıdın və onun qisasını aldın, torpaqlarımızı qaytardın. Sən ananı xatırlamırsan, amma onun duasını daim öz ruhunda, canında hiss etdiyin üçün bu gün buradasan. Başını qaldır, ətrafına bax... Bu tikilən evlər sənin o boş qalan xatirələrinin yerini dolduracaq. Bizim uşaqlarımızın vətənli, Qarabağlı xatirələri olacaq, Toğrul! Sənin görmədiyin o ata-ana sevgisini biz gələcəyimizə - övladlarımıza verəcəyik. Sənin anan və atanın, inan ki, indi ruhları şaddır, sənin bura qədəm basmağına sevinirlər.
Toğrul (gözlərini yumur, dərindən nəfəs alır): - Bilirsən, Humay... Qəribə bir şey var. Bura gələndən sanki hava dəyişib. Səncə də elə deyil? Sanki kimsə pıçıldayır. Sanki atam-anam sevgiylə bizi izləyir!
(Səhnədə həzin, qəlbə işləyən bir musiqi çalınır, işıqlar sönür, arxa tərəfdən, dumanların içindən ruhlar peyda olur: Toğrulun atasının, anasının ruhu və yanlarında Azərbaycanın Xalq şairi, milli vicdanımızın rəmzi Bəxtiyar Vahabzadənin ruhu... Hər üçünün əynində ağ uzun libas var. Gənclərə yaxınlaşırlar, amma Toğrul və Humay onları görmür.)
Atanın ruhu (Anaya baxaraq, səsi əks-səda ilə eşidilir): - Görürsənmi, gülüm? Vaxtilə qucağımızda olan körpəmiz indi bir dağ kimi qarşımızda dayanıb. Mən döyüşəndə qorxurdum ki, bu torpaqlar düşmən tapdağında qalar. Amma şükür ki, özümüzdən sonraya belə qəhrəman, igid oğullar qoyub getmişik. Ona baxanda fəxr edirəm, fərəhdən dağa dönürəm! Onlar bizim qisasımızı aldı, torpaqlarımızı murdar nəfəslərdən xilas etdilər!
Ananın ruhu (Toğrula tərəf bir addım atır, əllərini havada onun başına doğru uzadır): - Ah, mənim gözəl oğlum! Sən məni xatırlamırsan, amma mən sənin böyüdüyün hər anı izləmişəm! O soyuq gecədə səni meşədə şaxtadan qorumaq üçün canımı sipər edəndə tək bir arzum var idi: sən yaşayasan və bir gün bu torpaqlara qayıdasan. Bax, qayıtmısan... İndi mən necə də xoşbəxtəm!
Bəxtiyar Vahabzadənin ruhu (Əllərini göyə qaldıraraq, dərindən bir ah çəkir, səsi əzmkar və hikmətlə vüsətlənir): — Vaxtilə bu xalqın, bu torpağın ağrı-acısı ürəyimizi göynədəndə, içimizdə fırtınalar qopanda hayqırırdıq... Şəhidlərin, qaçqınların ahı altında əziləndə fəryad edirdik. Həmin vaxtlar mən yazıçı Hüseynbala Mirələmovun “Xəcalət” əsərini oxuyub ona məktub ünvanlamışdım, içimdəki ağrıları ifadə etmişdim. Yazmışdım ki, "Xəcalət" povestinizi yalnız yarıya qədər oxuya bildim. Qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bildiyimə xəcalət çəkdim. Bəli, biz hamımız babalarımızın bizə əmanət verib getdiyi cənnətməkan Qarabağı düşmənə təslim edəndən sonra yenə də yaşaya bildiyimizə görə o müqəddəs torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq.
Bəli, biz illər boyu babalarımızın əmanəti olan cənnətməkan Qarabağı itirdiyimiz üçün utandıq, xəcalət çəkdik. Üzeyirlərin, Bülbüllərin, Niyazilərin ruhu qarşısında gözükölgəli yaşadıq. O acı illərdə bizə elə gəlirdi ki, bu yükün altından çıxa bilməyəcəyik...
Fonda müəllifin nitqi səsləndirilir:
Hörmətli Bəxtiyar müəllim!
Qarabağda möhtəşəm Zəfər qazanılanda, millətimiz fərəhdən ayağa qalxanda, sevinc göz yaşlarımız sel kimi axanda ürəyimdə bir arzum vardı: "Kaş bu qələbə müjdəsini Sizə deyə bilərdim..." Həmin gün telefonumdan ilk zəng Sizə olmalıydı... Ürəyimdə Sizə bunları demək arzum vardı: "Ustad, Biz Qarabağı işğaldan azad etdik! Xəcalətdən əyilən başımızı Ali Baş Komandan və rəşadətli ordumuz sayəsində indi dik tutub gəzə bilirik. Siz bir zaman demişdiniz: "Vətən getdi, vətəndaşlıq zirvəsinə yüksəlmədik, utanıram..." Ustad! Bu gün Sizə demək istəyirəm: "Artıq utanmaq deyil, fəxr etmək vaxtıdır!"
Onda bunu deyə bilməsəm də, amma bu gün tam əminliklə, qürurla deyirəm: "Bəli, Ustad! Qarabağımız azaddır, namusumuz təmizlənib! Siz bizi utandırmaqla "diriltdiniz". Sizin sözünüz millətə yol göstərdi, poeziyanız isə xalqımıza güc verdi..."
Atanın ruhu (Toğrula yaxınlaşır): - Biz bu torpağın altında toxumlarıq, oğlum. Sən isə o toxumdan boy atan çinarsan. Mənim qanım axan bu yerlərdə indi sən qurub-yaradacaqsan.
Bəxtiyar Vahabzadənin ruhu (Məğrur addımlarla gənclərin yanına gəlir, xeyir-dua verən kimi əllərini Toğrulun başı üzərində tutur): — Bəli! Bu Zəfərlə biz təkcə Qarabağı deyil, öz vicdanımızı, ləyaqətimizi, azadlığımızı qaytardıq! Müzəffər Ali Baş Komandanın qətiyyəti və bu igid əsgərlərin polad iradəsi ilə Dəmir Yumruq düşmənin başına endi! Ruhum Şuşada əsən mehdə, Cıdır düzündə dalğalanan bayraqda, Xocalının azad havasında, İsa bulağının suyunda dirildi! İndi bizə "Utanıram" demək yox, "Fəxr edirəm!" demək yaraşır! Qaytarılan bu haqq, ucalan bu bayraq bizim əbədi qürurumuzdur!
Ananın ruhu (Humaya baxır): - Bu qız... O, sənin yarındır, Toğrul. O, sənin xatirəsiz qalan uşaqlığının mükafatıdır. Onun əllərindən möhkəm tut. O, bu evə nur gətirəcək, sönmüş ocağımızı yenidən alovlandıracaq.
(Ruhlar hər iki gənci arxadan qucaqlayırlar. Bəxtiyar Vahabzadənin ruhu isə əlini məğrurcasına gənclərin çiyninə qoyub onlara xeyir-dua verir. Eyni zamanda Toğrul və Humay da bir-birinə sarılırlar. Elə bir görüntü yaranır ki, sanki onlar bir bütündür — keçmiş, milli ruh və gələcək bir-birinə qovuşur.)
Toğrul (həyəcanla): - Humay! Elə bil yenidən gözümə işıq gəldi! Sanki atamın nəfəsini, anamın o heç vaxt duymadığım ətrini hiss etdim...
Humay (gözləri yaşarmış halda): - Mən də hiss etdim, Toğrul... Xocalı artıq ölü şəhər deyil. Bura dirilən, nəfəs alan bir ocaqdır. Şəhidlərimizin ruhu artıq sevinir, biz də bu sevinci hiss etdiyimiz üçün beləxoşbəxxt və güclüyük! Biz qayıtmışıq!
Toğrul (məğrurcasına ayağa qalxır, Humayın əllərini sıxır): - Haqlısan, Humay. Mənim atamla, anamla bağlı xatirəm yoxdur, amma onların xatirəsinə bəxş edəcəyim bir gələcəyim var. Bax, Humay, o qarşıdakı yeni salınan qəsəbədə bizim də evimiz olacaq, pəncərəsi meşəyə, yaşıllığa açılacaq. Səhərlər quşların səsinə oyanacağıq, silah səsinə yox. Həyətdə atamın çox sevdiyi nar ağacları əkəcəm, bir də anamın və sənin sevdiyin güllərdən...
Humay (gülümsəyir): - Mən isə o qəsəbədəki məktəbdə dərs deyəcəyəm, uşaqlara şanlı tariximizi öyrədəcəm.
Toğrul (uzaqlara, yeni ucalan binalara baxır): - Yaxşı ki varsan, Humay. Sən mənim həm keçmişim, həm bu günüm, həm də gələcəyimsən. Bizim sevgimiz bu uçuq divarları yenidən dikəldəcək. Mən artıq o xatirəsiz uşaq deyiləm, torpağına, yurduna alnıaçıq, üzüağ qayıtmış bir əsgərəm!
Humay: - Biz qayıtmışıq, Toğrul... Və bir daha heç vaxt getməyəcəyik. Bu torpaq, Qarabağ həmişə bizim olub və bizim olaraq da qalacaq! Biz buralıyıq, biz bura aidik, bura bizimdir!
(Ruhlar gənclərin ətrafında bir dövrə vurur, sanki onlara xeyir-dua verirlər. Sonra onlar yavaş-yavaş ağ işığın içində qeyb olurlar. Səhnədə musiqi yüksəlir, Toğrul və Humay qucaqlaşırlar).
Arxa fonda şəhid Xudayar Yusifzadənin səsi ilə "Vətən yaxşıdır" mahnısı səslənir.
(Pərdə)
İkinci pərdə
Dördüncü şəkil
Xocalıda dövlət tərəfindən tikilmiş yeni, müasir kəndin mənzərəli bir küçəsi. Səhnədə yan-yana ucalan iki evin eyvanı və güllər əkilmiş həyəti görünür. Hər tərəf abad, təmiz və gözoxşayandır. Küçə boyu Azərbaycan bayraqları dalğalanır. Səhnənin bir küncündə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış, üzərində tər çiçəklər olan bir abidə lövhəsi var.
(Səhnə açılanda Sona ana, Tükəz xala və Reyhan xala öz evlərinin eyvanında əyləşib söhbət edirlər. Onların çöhrəsindən illərin yorğunluğu silinib, yerinə nurlu arxayınlıq gəlib.)
Reyhan xala (o biri eyvandan mehribanlıqla səslənir): - Ay bacı, bir göy üzünə bax! Vallah, elə bil şəhərimizin səması da bizimlə bərabər gülümsəyir. O yataqxanada keçən hər günümüz elə bil sonu olmayan qorxulu bir yuxu imiş… Şükür, ayıldıq, yuxudan həyata düşdük - bura düşdük. Yenə divar qonşusu olduq, yenə səhərləri bir yerdə açırıq.
Sona ana (sevinclə): - Şükür, min şükür! İndi rahat nəfəs alıram, vallah. Elə bil bu torpağa ayaq basandanqollarıma güc, gözümə işıq gəlib. Bu yurdunhavası hər dərdin dərmanıdır. Səhərlər durub həyətdəki torpağı qoxladıqca elə bil övladlarımın ətrini alıram, ay Reyhan, balalarımın ruhunu yan-yörəmdə hiss edirəm.
Bu dəm Toğrul və Humay əl-ələ tutub gəlirlər. Humayın əlində qızılgüllər var.
Toğrul (eyvanın önünə çataraq fəxrlə dayanır): -Xoş gördük sizi, öz halal ocağınızda!
Humay (gülləri Sona anaya uzadır): - Nənə, Toğrul dedi ki, anası qızılgülləri sevirmiş, bu gülləri sənə və ona olan minnətdarlığım kimi qəbul et! Yaxşı ki, o, Toğrul kimi bir övlad dünyaya gətirib, yaxşı ki, sən də onu bir igid kimi böyütmüsən, nənə! Toğrul da, mən də burada səninlə qalmağa qərar verdik, Bakıya qayıtmayacağıq!
Sona ana (həyəcanla Humayı qucaqlayır onu öpür): - Sizə də qurban olum, qərarınıza da! Mənim ağıllı balalarım!
Toğrul (Humayın əlini sıxır, nənəsinin gözlərinin içinə baxır): - Nənə, biz bu evdə hamımız bir yerdə yaşayacağıq. Uşaqlarımız bu ocaqda doğulacaq, nəslimiz burda davam edəcək. Sənin duaların da bu evin divarlarına nəfəs, süfrəmizə bərəkət gətirəcək.
Sona ana (sarsılır, gözləri dolur, Toğrulu qucaqlayır): - Mənim igid balam! Sən məni diriykən cənnətə qovuşdurdun.
Tükəz xala: - Nə yaxşı, ay bala, mən də çox sevindim. BalalarınızıQarabağın dağlarına, meşələrinə gəzməyə mən aparacam, inşallah!
Humay (yaxınlaşıb Tükəz xalanı qucaqlayır): - Sən də bizim anamızsan! Özünü heç vaxt tək hiss eləmə! Biz də, bu torpağa qayıdan hər kəs də sənin övladındır!
Sona ana (səhnənin mərkəzinə gəlir, əllərini göyə qaldırır, dua edir): - Şükür sənə, çox çükür, min şükür, ey yerin-göyün sahibi! Şəhidlərimizin qanı yerdə qalmadı, qisas qiyamətə qalmadı!
Səhnədə işıqlar tədricən sönür, bütün obrazlar məğrur şəkildə səhnənin önünə gələrək tamaşaçılara və gələcəyə zillənirlər. Arxa fonda dərin, əzmkar, milli yaddaşın qədim sədası kimi əks-səda verən müəllifin səsi ucalır:
Müəllifin səsi (arxa fonda - dərin və zəfər dolu bir ahənglə): - Nəhayət, 30 illik həsrətə son qoyuldu.Rəşadətli Azərbayan ordusu yeni tarix yazdı. Bu bizim qəhrəmanlıq tariximiz, bu bizim zəfər tariximizdir!Lakin unutmayaq!!! Zəfər yalnız torpağı azad etmək deyil, Zəfər — milli yaddaşı diri saxlamaq, tarixin qanlı dərslərindən ibrət almaqdır!Çünki ən böyük düşmənimiz unutqanlığımızdır.Axı, yaddaşı korşalan xalq məhvə məhkumdur! Biz düşmənçiliyi yox, həqiqətlərimizi, milli yaddaşı və ayıq-sayıqlığı gələcək nəsillərə miras qoymalıyıq! Yaddaş — bizim mənəvi sipərimiz, milli kimliyimizin qalasıdır! Gözün aydın, Vətən, NƏFƏSİM VƏTƏN!!!
Gur və təntənəli, qürurverici “Koroğlu” üvertürası səslənir. Səhnədəki obrazlar əl-ələ tutaraq tamaşaçıları salamlayır. Arxa fonda bayrağımız möhtəşəm şəkildə dalğalanır.
PƏRDƏ ENİR
— SON —