19:29 Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru - İnsan “cini şüşədən buraxıb”, deyəsən!
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
ZİRVƏNİN TƏNHALIĞI...
ƏDƏBİYYAT
14.06.2026, 23:35 Oxunub: 38ZİRVƏNİN TƏNHALIĞI...
Gəl Guleylənmə Könül, Məna bu Həyatın Yoxuşundadır – X. Rza UluTürk
Əvvəl İnsan gedər, sonra kölgəsi- N. Hikmət
“Xoşbəxtlik Zirvəni fəth etməkdə deyil, ona doğru can atmaqdadır”- dedi Ulu Göyçənin Aydınlarından İsmayıl Əliyev. Sözlərin məna gözəlliyinə məftun oldum, özünə isə vuruldum.
Yaxşı, qalxdın zirvəyə, darıxmadınmı, ruslar deməli “ves mir tvoix noq...”- “Dünya sənin ayaqların altındadır”. Sonra, sonra nolur bəs...
Deməli, Xoşbəxtlik Zirvəsi elə bir qədər xoşbəxtlik iksirinə belə bənzəyir. Əgər insan başqalarından daha çox anlamaq, duymaq, nəticə çıxarma iqtidarındasa, O, tənha olur. Çünki, belələrini kütlənin qəbul etmək iqtidarı- bacarığı yoxdur. Və belə adamlar kütlələr üçün deyil. Sən digərlərinin görmədiyini görür, anlamadıqlarını dərk edirsən. Onlar səni dinləyirlər, ama anlamırlar, uzaqlaşırlar. Primitiv söhbətlər daha böyük önəm daşıyır belələri üçün. Bu sənin pis olduğuna görə deyil, sadəcə fərqli olduğuna görədir. Bənzərsiz və təkrar olmayan bir gözəllikmi, yoxsa mənəviyyat- ruh gözəlliyimi deyək buna!
Onu da bilmək gərəkir, sənin fərqli baxışın, ruh gözəlliyin kimlər üçünsə önəmli deyil, sadəcə onlar səni duyub qəbul etmək iqtidarında belə deyillər. Səni eridusiyan, intelektin, analiz və düşüncələrin səni digərlərindən fərqləndirir. Sən dəyişən, yeniləşən dünyadan, sistemlərdən danışırsan, onlarsa məhəllə söhbətlərindən, dedi- qodulardan. Sən səbəbləri görürsən, onlar nəticələri. Sən neçə minillik yurdunu- Ocağını, torpağını düşünürsən. Onlar bu günlə yaşayırlar...
Qoy mən salim olum, özgələrlə nədi karım,
Cümləvi- cahan ac olur- olsun, nə işim var!
Burada əsas rol səviyyədədir. Bunlar isə sənin sonsuz- nəhayətsiz baxışlarının, bilik və səviyyənin intəhasızlığından irəli gəlir. Bu əslində bir elm, bilik, Vətən fədaisinin tənhalığıdır. Əslində sənin fərqli baxışlarının, səviyyənin tənhalığıdır.
Nə qədər yüksəlsən, ruh yüksəlişin ümmansızlaşdıqca, ətrafında bir o qədər az insan qalır. Bəlkə də hətta heç bir kimsə qalmır. Çünki sənin kimilərinə biliyini, mənəvi gücünü, ruh gözəlliyini asanlıqla uda bilmirlər. Bu yöndəndir səni inkar etməyə çalışırlar.
Və nəticə maraq doğurur, inkarı inkar qanundan çıxaraq inkarı qəbul etməyə məcbursunuz.
Unutma Yalnız İnsan, unutma... Zirvədə həmişə Tənhalıqdır! Elm və bilik, zəka və zəhmət bunlar varsa, təklik və tənhalıq səninlə qoşa addımlayır.
“Çaqqallar sürü ilə, Qartallar yalnız olur”. Qartal özü də bir Zirvə demək.
Bəlkə də insan tənhalığına köklənib F. Kafkaya məxsus bu aforizmi : Məni üzəcək gücü sənə verdiyim üçün özümdən üzür diləyirəm”.
Yadıma düşdü qəfildən, axı “Cıdır Düzünün Mavi Kəpənəkləri”- axı sizlər də bir günlük ömür yaşayan tənha, yalnız mavi kəpənəklər- bir gənc Şəhid ömrü yaşadınız! Tanrı Dağındakı Ruhlarınız Şad olsun!
İçimizdə gəzən yalnızlıq, yatan təklik- tənhalıq, əslində bunlar daşlanmış- dışlanmış mövhumatçı kütlələr tərəfindən nadancasına və cahilcə çirkin saldırıların, hücumların nəticəsi demək bu. Yanlış zamanda, yanlış yerdə doğulmaq, özü də cəlladlar içərisində, başkəsənlər içində. Və Gözəl Müşfiqin nakam taleyi- ağrılı baxışlar nə qədər acılardan xəbər verir... xəbər verir yox, hayqırır! Çirkin cəmiyyətin, çirkin qurluşun çirkin İnsanlığına qarşı!
Mənim Azadlığım Dünyaya Sığmaz,
Yer Mənəm, Göy Mənəm, Kainat Mənəm!
Azadlıq deyə hayqıran Gözəl Müşfiq lap erkən çağlarından müdrikliyin Zirvəsində idi. Oralardan başladı Onun taleyinə yağan paxıllıq- xəbislik adlı qısqanclıqlar. Mikayıl Müşfiq taleyində sanki Göyçənin “Yanıq Kərəmi”sini duyuram. Və sazın pərdələri sanki çalmır, ağlayır Müşfiq kimi dühaların nakam taleyinə. Xainlər çəkə bilmədilər Müşfiq adlı Gözəlliyin yerə- göyə meydan oxuyan Azadlıq adlı bəşəri yanğısını.
Ən gözəl əfsanələrdən ən gözəli idi Müşfiq adlı Zirvənin Azadlıq ruhu, o ruh ki, Müşfiq Azərbaycan adlı gözəlliyə aşıqdi, Türkün keçmişinə, dünəninə- bu gününə aşiqdi Müşfiq, bu isə elə bir ağır daş idi ki, türk düşmanlarının içini belə sarsıdırdı. Azərbaycanın Azadlıq adlı nəğməsinin ən gözəl inikası idi Əbədiyyət Üfüqlərinə - onun ən Uca Zirvəsinə qondu, Vətən sevgisindən doğdu Müşfiqin faciəvi- nakam taleyi. Müşfiq- Dilbər Eşqinin dastan- əfsanəyə dönən Zirvə Tənhalığı deyək, yoxsa Yalnızlığı... Ürəklər dağlamazmı Onun poetik dünyasının oxşamaları, epitetləri mənaları, o mənalar ki...
Məndən Məcnun könlüm maraqla sordu,
Bu saçı Leyladan necə əl çəkim?..
Kimə nəsib olar şeiriyyətin bu vəsfəgəlməz gözəlliyi. Bir Məcnun xəyallı şairin Leyla adlı çəkilməz məhəbbəti bu. Və tarixdə Müşfiq- Dilbər daim cavan, gözəl və baxdıqca baxılacaq, kədərlə köks ötürüləcək nisgilli peyzaj. Və Zirvə Tənhalığında Müşfiq Ucalığı. Ruhları şad olsun.
“Sən Qədərin Adamı, Mən Ayrılıqların”- sən tale adlı mənhusun Adamı... Mənim taleyim isə ayrılıqlar adlı nisgil- dərdlərdən başladı. Və getdikcə artdı, məhv etdi, sevdiklərimizi süpürləyib atdı. Və bu ayrılıqların adamı istər zirvədə dayansın, istər lap elə zirvənin ətəyində, təkdir, tənhadır, yalnızdır! Əvvəllər cəsarət edib yazmazdım belə mənhus baxışları. Sonda o məlum oldu ki, yazılan yazılıb, əlbəttə, günü bu gündə “alın yazısı” deyilən məfhuma inanmaq istəmirəm. Ancaq öyrəndiyim o oldu ki, bu dünyada, həyat yolumuzda, böyür- başımızda şeytan- iblislər həqiqətən varmış. Narahat olmayın, insan cildindədir onlar, lakin bir qədər ağıllı olsan belələrini tanımaq heç də çətin deyil.
Olmasaydı cahanda yaltaqlar,
Ac qalardı, yəqin ki, sarsaqlar ...
Və yenə də Böyük Sabir dadıma çatır... “Öz qövmümüzün başına əngəli- kələfiz biz”.
Zirvəyə qalxmaq müdrikə və ucalara nəsib olur. Eyni zamanda müdrik və müdrikliyə nəsib bu ucalıq. Əgər axtarışa başlasaq, nəzərdən keçirilən əhli- hal insanları, yaradıcılar, ziyalılar- bütün bunların böyük əksəriyyətində bir saflıq dayanmaqla bərabər, ətrafları nə qədər sıx görünsə də, içində bir atəş və onun içərisində isə yalnızlıq adlı bir tənhalıq yaşar. Mən belə duydum.
Unukal, qeyri- adi yaddaşa, zəngin yaradıcı ruha malik gözəl şairimiz Zəlimxan Yaqub- Səni anmadan, tərənnüm etmədən, yaradıcı ruhundan bihuş olmadan keçinmək mümkünmü... Vurğunam o dərin, ruh oxşayan, sadə, lakin sadə olduğu qədər də fəlsəfi olan könül dünyana...
Nəyimizə lazım o ev- eşik bizim,
O yaşıl ağacın altı bizimdir!
İnsanın xoşbəxt olması doğurdan da, bir yaşıl ağac altında, qədirbilənlərlə, anlayanlarla əhatə olunması elə özü xoşbəxtlik demək. Əslində xoşbəxtlik özü nisbi anlayışdır. Və xoşbəxt olmaq üçün çox az şeylər lazımdır. Bu bəzən an ola bilər, bəzən bu anların içində uzunca bir ömür xərclərsən. Lakin... əgər son ilğıma dönməzsə. Zirvə tənhalığına son qoya bilər belə bir hal. Sözsüz, Z. Yaqub kimi birisi daim zirvədə oldu və millətinin- dövlətinin dar günündə onun Zirvə Müdrikliyi hayqırışlara dönüb Şah İsmayılı səslədi, Qızılbaşları soraqladı...
Hanı Şah İsmayıl, hanı Qızılbaş,
Savaş istəyirəm, dəli bir savaş !
Məmməd Araz müdrikliyi zirvələrdən boylandı...”Ulu Şahım, qılıncına söykənim”...
Zirvədəki əl çatmayan qala mən,
Sinədəki çala- cığır, tala mən,
Xudafərin harayından qalan mən!
Bu da bir ömürdür yaşadım!
Demə zirvələrdə tənha dayanmaq özü də həsəd, qibtənin ilkin amili imiş.
Ha qovdum özümü, öz zirvəmə,
Ha qovdum, dərd yığdı dərdimin üstünə!
Tanrı özü müdrik və ədalətlidir. Məlum, zirvədə dayanan Tanrı özü olur. Və Tanrı özü də yalnız və tənhadır. Tanrı yalnızlığı özü elə Tənhalığın təcəssümüdür. O, heç zaman darıxmır, çünki, yalnızlıq Allaha məxsus. Bizlərdə belə deyirlər: “Yalnızlıq Allaha məxsus”. Bizləri öz yalnız dünyasına qatmaq üçün, Ana adlı hədiyyəni bir ari ərməğan deyərək bəxş etmişdir Ulu Tanrı. Və böyük rus yazıçısı L. Tolstoy bu barədə gözəl yazırdı: “ Allah eyni vaxtda hamının yanında ola bilmir, ona görə Anaları yaratdı”.Ana adlı İlahi varlığa bu yüksək qiymət Tolstoy şəxsiyyətinin böyüklündən xəbər verir.
Sovetlər dönəminin güclü xarakterə malik çekist ordusunun ən güclü daşıyıcılarından, milliyyətcə polyak olan F. E. Dzerjinski əslində özünü xarakterizə edən bir bioqrafiyasında belə yazırdı: “Unutma ki, mənim sayaq adamların qəlbində müqəddəs bir qığılcım vardır. Və o qığılcım hətta tonqalda da səadət gətirir”. Unutmayaq, bu kişilər inqilablar yaradan Leninin silahdaşları idilər. Fəhlə- kəndli höküməti qurmuşdular. Nə halı olur- olsun, inqilab yaratmaq, insan haqqları, hüquqları deyərək əzilən kütlələri, ziyalı deyə cəmiyyətin aparıcı qüvvəsini qorumaq uğruna edilən bütün fədailiklər gözəldi. Lakin, bir qədər bu dühalara nəzər salanda, elə onların da Zirvə adlı ucalıqlarda yalnız və tənha olduqlarını asanlıqla görmək mümkün. Bu inqilabçiların ilkin şüarları “Qığılcımdan Alov Doğar” adlı milyonları düşündürən dərin sözlər idi.
Nələr deyilsə də, bildiyim həqiqət o oldu ki, sovetlər dönəmində insanar “Qızıl Əsr” deyilən bir dövr yaşadılar! Yəni yaşadılar, özü də hər mənada.
Bəzən fikirlər haçalanır, dağılır, nələrisə yığıb- yığışdırmaq olmur. İçimdə firlanan, bəzən baş- ayaq olsa da düşündüyüm mövzu o qədər dərin ki, yaxın- uzaq zaman, məkan demədən yazmaq, duymaq və anlatmaq istəyim o qədər güclü ki, əsrləri qarışdıra bilərəm.
Və Göyçə adlı İlahi Yurd yenidən səsləyir, Pirlər- Ocaqlar məskəni haraylayır. Yaşamış, yaratmış, mübarizə dolu heç də asan olmayan ömür yollarını, nəzər sal, baş əy, sükütla yad et gəlib- keçənləri!
Biz dünyadan gedər olduq, qalanlara Salam olsun,
Bizim üçün xeyir- dua qılanlara Salam olsun! - Y. İmrə
Və Ulu Göyçənin simvolu- sazın pərdələri Göylərə səslənişdir, İlahiyə, Ululuğa, Qutsallığa səslənişdir. Və Dədə Ələsgər hikmətindən xəbər versək, “Gözəlliyin Ali Zirvəsi Hüsnü Mütləqadır”, Həzrət Əlini özünə müəllim hesab edən Dədə Ələsgər özü gizlin mətləblərdən xəbər verirdi. Və biz bunu Dədə yaradıcılığının hər anında görürük, rastlaşırıq. Ümumən bəşəriyyətə Dədə Ələsgər adlı bir Müdriklik simvolu kimi təqdim edilən, təqdir edilən Aşıq Ələsgər ilkin Aşiq oldu, sonra Aşıq, nəhayətində müdrikləşərək öz İlahi hikmətinin Dədə adlı Ululuğuna qədəm qoydu. Lap elə ilk gəncliyindən vurğun olduğu AlaGözlü Səhnəbanu eşqilə ilkin tənhalığına yuvarlandı. Lakin bu dərd onu öldürmədi, ölümdən betər etdi:
Mərifət müftədir içə bilmirəm,
Şəriət dərindir keçə bilmirəm,
Sirr sözümü yadlara aça bilmirəm,
Qaldı qiyamətə dağ ürəyimdə!
Mənim aləmimcə isə, Ələsgər AlaGözlü Səhnəbanu eşqilə İlahi hikmətindən bir şərbət içdi. Sevdiyi əlindən alınan Ələsgər dərin bir ruh böhranı keçirərək uyğuya daldı. Oyanışı Ona hikmət adlı vergi ilə mükafat oldu. Yəni, İlahi vergisiylə mükafatlanan gəncin qarşısında kimsə dayanamadı. ..
Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində demişəm bəli,
Həm aşığam, həm dərvişəm, həm dəli
Və bu Ələsgər o Ələsgər ki, zamanla tək zirvə deyil, Zirvələr fəth edəcəkdi. Və bu zirvəni öz sevdiyini qorumaqla, sevdiyinin adına söz gəlməsin deyə onun kəm gözlərdən qoruyacaq...
İltimas eylərəm gedən canlardan,
Dost, düşman içində yar oynamasın,
Cavandı, oynamaq xoş gəlir ona,
Bizə əysikliyi var, yar oynamasın!
Bax, bunun adına deyilir yeri- göyü unudaraq, yaranışa səcdə qılaraq, sevdiyinin adına, isminə quvar belə qonmasın deyə sevdiyini qorumaq. Qeyd etmək yerinə düşər ki, Aşıq Ələsgər Səhəbanu eşqilə həyat səhnəsinə atılsa da, sonunda onun bu dəli- divanə eşqi İlahiyə doğru bir yüksəlişə səbəb olur. O, artıq Səhnəbanu simasında İlahini sevirdi. Kim nə deyir desin, Səhnəbanu eşqi yaddaşlardan çıxmayacaq, ömür boyu skral duyğularını ürəyində qoruyaraq onu xain- xəbislərdən bəzən aşikar, bəzən gizli də olsa qoruyacaqdı. Və bu elə bir sevda ki, Aşiq Ələsgər bu sevdasını- bu eşq adlı dünyasını “AlaGözlü” deyərək ömrü boyu tərənnüm edərək, “Qaldı qiyamətə dağ ürəyimdə” deyərək ölüncə özüylə bu böyük dərdini içində gəzdirəcək, bu dərddən ürəyi qubar olacaq, “Kəbəm, Qibləm, din- imanım, yavaş get” deyərək ürəyinə daş bağlayacaqdı. Lap elə Divanə Quşu kimi!
Təkrarçılığa yol vermədən, açıq- aydın, məlum bizlərin Aşıq Ələsgər adlı Dədəsi nəinki zirvəyə boylanmaq, Əbədiyyət Zirvəsinin Saz- Söz adlı Qüdrətinin Zirvəsində dayandı. Zirvənin ən böyük İlahiliyi Tənhalıqdan başlayır. Bizlər çox şey düşünə bilərik, lakin böyük şəxsiyyətlərin daim tənha olduqları nə məlum, olmadıqları nə məlum?
Tarixə nəzər salsaq Azərbaycan Türk Səfəvi dövlətinin yaradıcısı Şah İsmayılı, və O Şah Babamız ki, böyük bir imperiya yaratdı, ətrafı sənətkarlar, filosoflar, nəqqaşlar, Behzad kimi rəssamlarla, Miskin Abdal kimi ruhani baxışlı, ürfani düşüncəli sufi bir şair kimi də görürük Şah İsmayılı. O Şah İsmayıl ki, Azərbaycan türkcəsində “Dəhnamə” ni, “Nəsihatnamə”ni yaratdı. Zirvəni 14 yaşında ikən fəth edən Şah Xətai tez- tez özünü təqdim edirdi...Miskin və Abdal Pir məqamları, eyni zamanda tarixdə sufi dərəcəsi sayılmışdır. Abdallar Zevs- Appollon sayağı İlahi gecə malikdirlər. Bu isə Şıx Oğlu Şah İsmayılda Övliya- Pir Ocağı olan Şeyx Şəfi Ocağından- gen- koodundan irəli gəlirdi. Bu yenilməz Şaha gəncikən bu qüdrəti verən də İlahi idi. :
Mənəm Abdal Xətai Heydər oğlu,
Mənim yolumda qovğalar gərəkdir!
Şah Xətai yaradıcı ruhunda tez- tez onun Zirvə tənhalığı daim görünür, Bir Fateh qismində, ağıllı hökmdar qismində, Ana türkcəsini vurgunluqla təqdir etməsində, gördüyü digər əməli işlərdə Zirvə Tənhalığı qabarıq halda özünü göstərir:
Yer yox ikən, Göy yox ikən, ta əzəldən var idim...
Gövhərin yekdanəsindən irəli pərgar idim,
Mən bu beytullah içində ta əzəldən var idim!
Ölkələr fəth edən, taxt quran, mərkəzləşmiş dövlət yaradan Azərbaycan Türk Səfəvi dövlətinin yaradıcı qurucusu, sarayında türkcə danışan, uzaq ölkələrə səfirlər göndərən- türk dilində məktublar yazan, Şah İsmayıl – “Kamil İnsan” formulunu sözsüz ki, yazdığı dörd ünsürdə görür:
Bir gün ələ almaz olursam məm sazım,
Ərşə dirək- dirək çıxar mənim avazım,
Dörd şey vardır bir qarındaşa lazım,
Bir elm, bir kəlam, bir nəfəs, bir saz!
İçərisindəki şair ruhu, dövlət qurmaq üçün nələrindən keçməyən Şah İsmayılı- bu böyük şəxsiyyəti məhz böyüklüyünə görə, Zirvə Ucalığına görə - bizlərin Şahı olduğuna görə Tanrıya yalnızca minnətdarlıq duymalı. Və bizlərin düşməni, həmçinin Şah Babamızın düşmənidir.
Lakin O öz ucalığında oldu daim, biz Göyçə camaatının içərisində iki böyük sevgisi yaşadı:
Həzrət Əli sevgisi- Həzrət Əli bir kimsəylə müqayisə olunmayacaq filosofdur.
Və Şah İsmayıl sevgisi Azərbaycan Türk Səfəvi dövlətinin qurucusu- yaradıcısı, eyni zamanda Böyük Azərbaycan imperatorluğu quran, Ana Türkcəsini sarayından tutmuş sərhədlərindən uzaqlara daşımış, Avropaya öz türkcəsində ittifaq üçün- mədəni- ticari əlaqələr qurmaq üçün elçilər göndərən- məktublar yazan bir Şah- Bizlərin Şah Babası!
Şah İsmayıl Təbrizdə oturduğu Şah sarayında yazışmaların deyil, eyni zamanda yaratdığı saz- söz yarışmaları, ən layiqli filosof və yaradıcı məqam sahiblərini, Alim- Üləmaları bir yerə toplamış, məclıslər keçirmişdir. Sarayındakı bu ədəbi mühitin başında isə onun öz kəlamı ilə desək, “Mən ona Mürşidəm, siz də ona mürid olun” deyərək qiymətləndərdiyi vəziri- diplomatı, Göyçə adlı elin ən Övliya Ocaqlarından olan kəramət sahibi Seyyid Hüseyn Məhəmməd oğlunun- Miskin Abdal adlı böyük Övliyanın əhatəsində aşıqların, aşiqlərin, sazın- sözün işığına yığışmış sənətkarların əhatəsi idi Şah İsmayılın ədəbi mühiti.
Azərbaycan türkcəsində qəzəllər, qəsidələr, qoşmalar yazan Şah “Dəhnamə” adlı böyük bir əsərin müəllifidir. Lap erkən çağlarından ilkin qopuz, sonralar saz deyərək bağlandığı Ozan sənətinin izlərində sözsüz ki, Miskin Abdal ruhu- duyğusu var.
Əlbəttə o bir Şah kimi nə qədər sevilsə də, könüllərdə elə bir taxt qurmuş ki, digər heç bir hökmdar onun qədər sevilməmiş, 600 ilə yaxın zaman ərzində bu qədər əzizlənməmiş, bu qədər sevilməmişdir. Təbii ki, bu günəcən davam edən bu böyük İlahi sevginin arxasında həm də Şahın Çaldıran döyüşündə fitnə ilə uduzdurulması, əhatəsində ona sadiq olan bir çox Qızılbaşların həlak olması və sevdiyi Taclı Bəyimin namərdcəsinə əsir aparılması onun uzun illər qüssələrə qərq etmiş, üzü bir daha gülməmişdir. Sözsüz ki, qardaş xəyanəti- Sultan Səlimin Şah İsmayıl şəxsiyyətini alçaltmaq istəyi- ona tələblərdə bulunması İlahi tərəfindən özü də bir Ocaq- pir- Seyx Səfi nəslinə mənsubiyyəti və Şah kimi, istərsə də Ana türkcəsində yaratdığı dünyası Şah İsmayılı Xətai imzası ilə çoxdan Zirvəyə qaldırmışdır. Onu nə qədər sevsələr də, həyatındakı uğursuzluqlar, sevdiyinin əsir aparılması, paytaxt Təbriz qarışıq taxt- tacı, əhalinin incidilməsi, tar- mar edilməsi, sultan səlim əsgərləri tərəfindən amansız yağmalanması- ... Və bu Zirvədə Şah İsmayıl tək idi, yalnız idi.
“Qaldı ki, Burası Dünya! Burada hər şeylər hər zaman yarım qalacaqdır- C. Aytmatov”. Yalnızca bir əlavəm var, yarım qalan bir şey yox. Elə bu bura qədərmiş!
Yenə də unutmayaq: “Zərrədən Şəmsə hər şeyi yaradan Allahdır”.
Çaldıran döyüşünün bütün türk xalqları üçün necə bir faciə- fəlakət olduğunu Miskin Abdal hələ H. Caviddən 500 il qabaq yazmışdır:
Türk Əcəmə, Əcəm Türkə zülm etsə günahdır,
İkisi də bir kökdəndir, yaradan da Allahdır!
Haşiyə: Abdal və Miskin anlayışları Azərbaycanın hürufi- sufi şairi İ. Nəsimidə, Anadoluda Abdal- dərviş deyə Allah Aşiqliyini öz şeirlərində işlətmişdir:
Biz ki, Rum içində Abdal olmuşuz,
Bu cahandan fariqül – bal olmuşuz!
Və 37 yaş, nə yaş ki, həyata veda etmək özü bu Uca könüllü Şahın elə böyük İlahi sərvətlərindən xəbər verir ki... Allahlar tərəfindən seçilmiş və sevilmişlər- və bu heç də asan olmur. Bəzən İlahi özü belə hansı bir dahiyə- Şəxsiyyətə missiyasını erkən bitirib- elə erkən də könüllərdə taxt qurub yaşamağı, yaddaşlarda nisgilli bir ah kimi qalmağı və yaratdığı bu gözəlliklərin Cənnət misalı deyərək qorumağı məsləhət bilər.
Şah İsmayıl bir elə Zirvə ki, dastanlara, kitablara sığmayacaq bir Şeyx Səfi Ocağının, babası Ağqoyunlu Uzun Həsənin və bir çox İlahi vergisinin daşıyıcısı kimi qüdrətli şərəf sahibi olmaq missiyası verilmişdi Ona.
Çünki, Şah İsmayıl simasında ona verilmiş missiya böyükdü, Sokratın sözləri ilə desək, “ Böyük Məqsədi olan Böyükdür”. Şah İsmayıl Böyük Azərbaycan qurmalı idi, qurdu da.
Və Ona verilən həm də sevimli vəziri Miskin Abdal tərəfindən mükəmməlləşən sazda “Şah pərdə” sözsüz ki, Sah İsmayıl şəninə verilmişdir. Miskin Abdal Xətaini Günəşə bənzədər, Onu Şərqin- Qərbin Sərkərdəsi hesab edərmiş, Qızılbaşlar Şahının şəninə şeirlər söyləmiş, saz tutub, söz qoşmuş, deyişmişlər:
İqlimin Şahıydı Həzrəti Süleyman,
Ədalətə pənah idi Nuşirəvan,
Şıx Oğlu İsmayıl, O Cənnətməkan,
Düşməz ələ, bir yadigardı getdi!
Və Şah İsmayıl adlı Düha bir də ələ düşməz. Xalqın xatirində, yaddaşında, qeyrət, kişilik simvolu kimi daim yaşayacaq, seviləcək. Hər şaha, padişaha qismət olmur böylə sevgi!
Şah İsmayıl simasında Bütün QızılBaşlara Salam Olsun!
Bu yerdəcə yadıma Dədə Ələsgərin Qars səfərində məclisi salamlamağı düşür, Şahınmı ruhu bu, yoxsa Şah İsmayıl sevgili- Göyçə adlı İlahi yürdun Dədə Ələsgər adlı sevgisi...
Zal zülal eyləsin Ələsgər sözün,
Dindirrəm, danışar sədəfli sazım,
Məğrurluq eyləmə, gəl deyim özüm,
Ustadlar Ustadına SalamƏleyküm!
... Və bir müəllif kimi bildirim ki, uzaq keçmişdən axıb gələn ruh insanlarının ruhları belə nəql edir ki, məclis belə mat qalmışdı, çünki hələ heç bir kimsə məclisi belə salamlamamışdı!
Məqsəd əslində poetik ruhun publisistik tərənnümü, burada Zirvə adlı Ucalıqda dayananların heç də bəxtəvər olmadıqları, yalnızca özləri üçün deyil böyük bir el üçün, mahal üçün, millət üçün yaşadıqları deyil, əslində yandıqları məlum. Və İnsanlar bunu görürmü- görmürmü, fərq etməz, nədən ki, bu aforizmi məhz bu yerdə yerini alır: “Fərqli olan Qələbəlikdə, işıqlı olan qaranlıqda gözlənə bilməz”.
Bunu təkcə mən demirəm, köküm- genim və yaşadığım həyat deyir, həyatdan çıxardığım mənhus nəticələr deyir!
Bu son... yox bu son hələ son deyil.
Yeni başlanğıclar üçündür bu son.
Yaradıcı, ruh İnsanı əgər səmimidirsə, lah elə Vətən adlı sevginin, dəyərlərin fədaisi isə, o baş əyə bilər, lakin boyun əyə bilməz. Lakin, bu günlər böyük əksəriyyəti ruh insanı olan yaradıcı insanı şair- şeir, yazar olan bu ziyalılar ordusunu zirvəyə istənilən zaman daşıya bilməzsən. Çünki, böyün əyən, ikiqat olanlar Zirvə nədi, heç onun – onların əlaməti olan Yalnızlığı belə həqq etməzlər. Böyük bir yaltaqlar ordusu meydana gəlmişdir, dünyanın- ətrafın bəhs- bəhsi gedir.
Orası da məlum ki, “Qəlbi olanın yolu asan olmur- Lamiə”.
Bəzən düşünürəm, bəlkə... “Bu da keçər darıxma”. Lakin ötüb keçənə oxşamır bu naqisliklər. İnsanlarda intiqam hissini başa düçşürəm, lakin paxıllığı, əclaflığı baş düşmək iqtidarında deyiləm. Deyilənlərə görə dünyanın ən sadiq canlısı Divanə Quşudür. Bu zərif Quş öz sevdiyini itirərsə, daş yeyib intihar edir. Elə Quş deyə anladaraq desək bunun özü Zirvə Yalnızlığı- Zirvə Tənhalığının ən bariz nümunəsi deyilmi?!.
Ama, burası da var ki, o sadəcə Quş deyil- Divanə Quş deyilir adına. Yəqin ki, yaradıcı insanlar, folklor ruhunu gözəl duyanlar bu kəlmə ilə çox rastlaşıblar, “Eşqindən Divanəyə döndüm” Və bu da həm sadiqliyin, həm də Zirvə Tənhalığının bir yalnızlıq nümunəsi. Bizlərə belə nisgilli sonluqlar- sadiqlik- sədaqətlər qarşısında baş əymək qalır!
Bizlərin Səməd Vurğun adlı gözəlliyi öz ilk eşqinin divanəsi olmadımı... Məncə, bunda da bir həqiqət yatır. Dürrə adı Ulu Şairin ruhundan ilkin nisgil kimi keçmiş, onun ruhunu- qəlbini yaralamışdır. Ana adlı İlahi varlığını körpə ikən itirən şair, sözsüz ki, ilk sevdiyinin uğursuzluğundan belə ilkin halında tənhalığa- bədbinliyə yuvarlansa da, çox keçmıdən poeziya adlı o möhtəşəm aləm poetik dünyanın qapılarını önun üzərinə açmışdır. Və zamanla S. Vurğun adlı Divanə Eşqin fədaisi yazacaqdı:
Hər bağın, hər bağçanın bir bülbülü şeydası var,
Hər duyan qəlbin əzizim gizli bir sevdası var,
Böylə bir söz vardır, Vurğun indi Məcnun olub...
Şeirü-sənət adlanan nazəndə bir Leylası var!
Çox könüllər fəth edəcəkdi Vurğun adlı Zirvə, həmin o Uca, Yalnızlara məxsus Zirvədə Tənhalıq dadını “Azərbaycan, Azərbaycan, Azərbaycan” adlı könül dünyası ilə, millətinə- xalqına sevgisinə Zirvə Tənhalığından səslənəcəkdi. “Dünən fərman verən bu gün can verir” deyərək, dünyanın əyilmiş nizam- tərəzisini, tarazılığını çoxdan itirmiş ədalət tərəzisinin baş- ayaq çevrildiyinə şahid olacaqdı. Cəmi 50- il yaşayan bu böyük mütəfəkkir bir şair olmaqdan öncə, Adil bir İnsan idi. Zamanının Oğlu olsa da, bu Onun- nə Onun, nə də bu günkü bizlərin günahı deyil.
İstər S. Vurğun, istərsə hər hansı birisi öz gedişiylə Zirvənin tənhalığından boylanacaqdı zərif könüllərə:
Mən ki, aparmadım şehli bənövşə,
Çöllərdə bitmişdi, çöllərə qaldı!
Dünyaya ağlayaraq çılpaq gələn İnsan, gedərkən də heç nə aparmır. İnsan bu hikməti anlasaydı... anlasaydı!
Həyatın- yaşamın, dünyanın necə gözəl olduğunu anlasaydı, canlılar aləmini, təbiəti sevmənin necə böyük gözəlliklər bəxş etdiyini anlasaydı, bilsəydi insan, görsəydi, poeziyanın- poetikanın bu gözəlliklərdən rəvac aldığını duysaydı insan...Anlasaydı, yəqin ki, ancaq yaşamağa, sevməyə çalışardı ancaq.
O taylı, bu taylı Azərbaycanın Ulu şairi Şəhriyarı anmadan keçinmək doğru deyil. Şəhriyar kimi bir Ustad öz böyüklüyündə Zirvələr zirvəsində olsa da, Sürəyya eşqi onu elə sarsıtdı ki, bu sarsıntı onun bütün yaradıcı ruhunda, dünyasında əks- səda verdi.
Mən Sənin tək Dağa saldım nəfəsi,
Səndə qaytar göylərə sal bu nəfəsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir Şir darda qalıb bağırır,
Mürvətsiz insanları çağırır!
Şəhriyar dühalığında bir Şir nərəsi eşidilir, lakin öz xarakteri ilə bu Şir daim təkdir, tənhadır. Belə bir deyim var, “Çaqqallar sürü ilə, Qurdlar yalnız olur”. Və O taylı- bu taylı Azərbaycanın Şəhriyarı ilk sevgisini- Sürəyyanın eşqini ürəyində- qəlbinin məninin mənində gizlədərək sonunacan onunla adımlayacaq bir eşqə dönür bu sevda. Çox hallarda insanın- bir dühanın şəxsi uğursuzluğu cəmiyyətlə əlaqəlidir, cəmiyyətdənmi- dövlətin hansısa bir naqisliyindən qaynaqlanır.
Şəhriyar adlı Zirvə öz ilk Sürəyya adlı eşqini belə anladır:
Bir işıltıydı Süha yıldızı, tək görsənməz,
Göz yaşımla mən onu əqdi Sürəyya elədim!
Şəhriyarın bir dahi kimi Zirvə Tənhalığı böyüklüyü, uğursuz sevgisi ilə ictimai həyatda baş verən xətaları, zülümləri, fars şovinizmini görürdü və bilirdi, öz ruhani halı ilə mübarizə aparırdı. Lakin hər halı ilə Şəhriyar Sürəyya eşqini daim qəlbində yaşadacaq, yaradıcı dünyasında daim onu xatırlayacaqdı :
Ürəyimdən xəbər alsan, necə keçdi ömrüm,
Göz yaşımla yazacaq, dün günüm ağlar keçdi.
Və bu da Şəriyar adlı Zirvənin Tənhalığı idi. İnsanlar əhatəsində, lakin içindəki yalnızlığı- tənhalığı ilə baş- başa! “Yarımın Qasidi” deyərək hayqrışı ilə Sürəyya eşqini şair ö qədər zərif, yanğılı- yanıqlı bir dillə nəql edir ki...
Səndən sonra həyata mən,
Şirindisə zay demişəm...
Və bu da düha- dahilərin harayı, bu harayların içində yaşamaq yanğısı, onlardan sonra qalan köks ötürdəcək yalnızlıqlar və təhnhalıq. Onsuz da bu məmləkətdə, kimsə- kimsənin kitabını oxumur.
Kimə lazımsan dünya, bu qədər dərdlərinlə.
Türkün böyük şairi, Vətən- Türkiyə həsrətlisi N. Hikmət Vətən həsrətini öz yalnızlığında elə bir yanğı ilə izah edir ki... susmaq və dinləmək lazım...
Sən Mənim əsirliyim və hürriyyətimsən,
Bürkülü yay gecəsi kimi yanan ətimsən,
... sən məmləkətimsən!
Sən ala gözlərində yaşıl titrəmələr,
Sən böyük, gözəl və müzəffər
Və qovuşduqca qovuşulmaz olan həsrətimsən,
Sən Məmləkətimsən!
Və bu həmən Nazim Hikmət ki, Zirvə Tənhalığını öz Türkiyəsinə həsrətində çəkirdi.
Gözəl şairimiz, müasir türkçülüyün öncüllərindən olan Rüstəm Behrudi - əslində o da bir Tanrı Adamı kimi- Sən Qədərin Adamı, Mən Ayrılıqların- deyərək Zirvə Tənhalığını Türk dünyasının keşməkeşlı həyatında, öz yalnız dünyasında “Salam DarAğacı” deyərək yaşatmaqda.
Və, və... “Ürəyinin alovunun işığında İnsanlar yürüsünlər deyə yaşayan Adam TANRI kimidir”-R. Behrudi.
Bunu isə mən demədim, Şərqin- Qərbin xəzinəsi, söz varidatı Ulu Füzuli böylə söylədi:
Cömərdliyə güvənsən də,
Sadiq sanma sirdaşları,
Paxıllıqdan nələr etdi,
Gör Yusifə qardaşları!
P. S. - Dünyanın nə qeylü- qalları bitəcək, nə də keşməkeşli insan taleləri. Dünya bir pəncərə misalı, “Hər gələn baxar keçər”. Yenə də bir yol, bir iz, bir cığır qalsa yaxşdır səndən insan.
Neçə yaşındasan deyə sorsalar...gördüyün pisliklərlə müqayisədə cavab- 99 yaşında.
Həyat yaşadınmı deyə sorsalar, üç yaşında Ana itirmiş Uşaq kimi. Üç gün yaşadım, cəmi üç gün. Ulu Göyçə Vətənim olalı, Azərbaycan Gözəl Məmləkətim. Atam İsmayıl Əliyev, Anam Süsənbər Xanım olalı. Və Övladlarımın Eşqinə. Cəmi üç gün... Xoşbəxtliyim bu üç gün olub həyatda. Yalnızca bu üç gün- bəxtiyaram bu günlərlə Tanrıma şükürlər edirəm.
Heç bəxti- yar oldunmu deyə sorsalar, Mənə həyatta yaşamağı dərk etdirən Gözəl Qızımı qucağıma aldığım zaman. İkinci bəxti- yarlığım Oğlum və Qızımın varlığı!
Həyat Sizlərlə gözəldir!
Və bir röya idim,
Oyandın, və Mən bitdim,
Məni Gözəl Xatırla- M. Müşfiq.
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin və AJB- nin üzvü tədqiqatçı, şair-publisist
28. 05. 26. Bakı