ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Taleh Yahyayev: "Mənim ən böyük uğurum Azərbaycanı layiqincə təmsil etməkdir"
MƏDƏNİYYƏT
23.07.2026, 10:02 Oxunub: 2470Sadə insan kimi tanınsam,daha yaxşıdır
On ildən artıqdır ki, Opera və Balet teatrnda çalışıram, bu vaxtadək nöqsanım olmayıb...
İyulun 24-ü Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, pedaqoq, Prezident mükafatçısı, dəfələrlə Beynəlxalq və Respublika müsabiqələri laureatı, klassik vokal ifaçısı Taleh Yahyayevin doğum günüdür. Elə bu məqsədlə onunla görüşüb fəaliyyəti, gördüyü işlərlə bağlı bir neçə sual ünvanladıq.
- Taleh müəllim, təbii ki, sizi tanıyan kifayət qədər dinləyici kontingenti var. Amma istərdik ki, sizin istedadınız haqda daha çox azərbaycanlı bilgilənsin. Elə ona görə də öncə məqsədimiz sizi tanımayanlar üçün özününzü necə təqdim etməyinizdir...
- Qısa olaraq deyərdim ki, klassik musiqiçi, akademik vokal ifaçısı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Prezident mükafatıçısı... Daha çox beynəlxalq müsabiqələr, respublika müsabiqələr laureatı olmuşam. Məncə, çox şeyi açıqlamasaq, daha yaxşı olar. Fikrimcə, bu qədər bəs edər... Bizim xalqımız məni nə qədər sadə insan kimi tanısa,daha yaxşıdır.
- Azərbaycan xalq musiqi irsi başlıca olaraq, vokal, instrumental və vokal-instrumental musiqidən ibarətdir və təbii ki, hər bir xalqın musiqi irsində də bu, belədir. Sirr deyilsə, bəs Azərbaycanda milli vokal sənətinin – vokal məktəbinin banisi kimdir?
- Mən belə adlandırardım ki, ilk öncə vokal musiqisinin banisi elə sırf Azərbaycan musiqi dünyasının banisi Üzeyir Hacıbəylidir. Çünki Üzeyir bəy ilk olaraq Azərbaycan xalq musiqilərini nota salmasaydı, vokalçılar nə ifa edərdi? Beləliklə, musiqilər yarandı. Dahi Üzeyir bəy bu musiqiləri yazıb, toplu şəkilində nota köçürdü və bu musiqilərdən bəhrələnərək Bülbül, Şövkət Məmmədova kimi dahi sənətkarlar Azərbaycanda ilk professional vokal ifaçıları oldular. Burda birbaşa Üzeyir bəyin çox böyük əməyi, əziyyəti və rolu vardı. Musiqimizin banisi dahi Üzeyir bəy olduğu kimi, vokal və hətta instrumental janrda da onun rolu əvəzsiz və danılmazdır.
- Taleh müəllimÜzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirərkən düşünmüşdümü ki, yaxud arzulamışdımı ki, Almaniyada konservatoriyada vokal dərsləri alıb avropalı mütəxəssislər T.Kraus, Y.Silvasti, V.Lucia, F.Silvana, Kerssenbrok, L.Stuçevskaya, L.Rudakova, Y.Obratsovanın ustad dərslərinin iştirakçısı olacaq?
- Əslində,akademiyada təhsil aldığım illərdə qarşıma bir məqsəd qoymusdum ki, mən mütləq xaricdə təhsil alacağam. Bu da bir çox tanınmış ustadların, elə adını qeyd etdiyiniz vokal ustadlarının ölkəmizə gəlişi ilə əlaqədar oldu. Onlar ölkəmizə səfər edərək, burada master klasslar verdilər. Mən onlardan bəhrələnərək müsabiqələrə dəvət aldım. Gedib o müsabiqələrdə qalibiyyətlər qazandım və mənə yeni şanslar yarandı. Təhsilimi və biliyimi getdikcə xarici ölkələrdə artırdım. Gücüstanın Telavi şəhərində və sonra isə Avropada, eləcə də Almaniyada təhsil aldım. Adını çəkdiyiniz böyük sənətkarların, pedaqoqların bilik və bacarığından bəhrələndim. Məhz buna görə də Rusiyada, Yunanstanda bir çox festivallarda, müsabiqələrdə və master klasslarda iştirak etdim.
- Barmaqla sayılmayacaq qədər ölkələrdə qastrol səfərlərində geniş konsert proqramı ilə musiqimizi layiqincə təmsil etmək sizin üçün nə deməkdir? Bu zaman keçirdiyiniz hissləri ifadə etməyiniz çox maraqlı olar...
- Xarici ölkələrdə iştirak etməyimin həm mənim üçün, həm də, ölkəmiz üçün çox əhəmiyyəti var. Mən belə düşünürəm ki, öz adımdan çox, ölkəmin adını yüksəklərə qaldıırmaq daha vacibdir. Hər zaman Azərbaycanımızın adı üçün çalışmalıyıq. Çünki hər bir şəxsin adının qarşısında onun milliyəti, milli mənsubiyyəti dayanır. Onun üçün ölkəmizi harada təmsil etməyimizdən asılı olmayaraq içimizdə böyük həyacan keçiririk. Bu həyacan indinin özündə də var. Bu yaxınlarda mən Türkmənistanda qastrol səfərindəydim, opera festivalı keçirilirdi. Bütün dünyadan orada opera ifaçıları var idi. Mən orda yenədə həmin həyacanı keçirdim. Çünki doğma vətənimi - Azərbaycanı təmsil edirdim. Azərbaycanı layiqincə təmsil etməliydim ki, bu təkcə mənim uğurum yox, bütöv bir xalqın uğuru olsun. Fərqi yoxdur, istər musiqiçi ol, istər idmançı, istərsə də elm xadimi, yetərki, xalqımızı layiqincə təmsil edək.
- Bəlkə qastrol səfərlərində başınıza gələn maraqlı hadisələrdən danışasınız...
- Çox maraqlı hadisələr olur. Çünki uzun yollar qət edəndə çox maneələrlə qarşılaşırsan. Bir yaddaqalan qastrol səfərindən sizə danışım... Bu hadisə mən 2015-ci ildə Yunanstana qastrol səfərinə getdiyim zaman olub. Bakıdan birbaşa Yunanıstana reys olmadığı üçün Türkiyədən gedəsi olduq. Tabloda 2 saat yazılsa da, təəssüflər olsun ki, bizi aparan aviaşirkətin təyyarəsi 8 saat gecikmə etdi. Artıq qərara gəlmişdim ki, axşam rahat gedib dincəlib, müsabiqədə sabah iştirak edim. Elə oldu ki, 8 saat gözləməyimizə baxmayaraq, gedə bildik. Mən müsabiqənin başlamasına bir saat neçə dəqiqə qalmış çata bildim. Onun üçün çox həyacan, stress keçirdim. Bilirsiniz, uzun yol səsə çox təsir edir. Fiziki cəhətdən yorğunluq buna daha çox təsir edən amillərdəndir. Amma şükürlər olsun ki, cox yorğun, çox yuxusuz olmağıma baxmayaraq, mən özümü toparladım. Bilirsiniz ki, burada saat fərqidə rol oynayır. Amma mən özümə söz vermişdim ki, nə olsa da, o boyda yol qət eləyib gəlmisəm. Yuxusuzluğu, yorğunluğu, bir sözlə, hər şeyi kənara qoymalı, ölkəmizi layiqincə təmsil etməliyəm. Mən həmin müsabiqədə qranpri mükafatçısı oldum. Şükürlər olsun bu günə ki, mən həmin beynəlxalq müsabiqədə o boyda yorğunluğa, stresə, həyacana baxmayaraq, çox yüksək bir nəticə əldə etdim. Bu da yadda qalan hadisələrdən biri oldu mənim üçün.
- Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bir neçə dəfə Prezident mükafatına layiq görülmüsünüz. Bu mükafat boynunuza əlavə məsuliyyətləri qoydumu?
- Sənətimlə fəxr edirəm. Çox möhtərəm cənab prezidentimiz tərəfindən bir neçə dəfə Prezident mükafatına layiq görülmüşəm və bunun üçün qürur duyuram. Əməyimlə, sənətimlə fəxr edirəm ki, çəkdiyim əziyyətlər boşa getməyib. Dövlətimiz tərəfindən böyük mükafatlara layiq görülmüşəm. Bundan bir neçə gün öncə mən ilin ən gənc opera ifaçısı kimi Prezident təqaüdünə layiq görüldüm. Bəli, bütün bunlar daha çox məsuliyyəti artırır və daha çox öhdəliklər qoyur üzərimə. Müəllimlik peşəmdə, həm də sənət fəaliyyətimdə ən yaxşılardan olmaq mənim borcumdur. Dövlət tərəfindən verilən bu dəstəyə görə daha geniş şəkildə fəaliyyətimi inkişaf etdirməliyəm.
- Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarından, eləcə də az öncə adlarını sadaladığım avropalı tanınmış pedaqoq və professorlardan ustad dərsləri almısınız. İfa etdiyiniz əsərlərdən Avropa musiqisinin ətri gəlir. Bu barədə nə zamansa deyən olubmu sizə?
- Bəli, mən eyni zamanda Bakı Musiqi Akademiyasının professoru Sevda Məmmədovadan vokal dərsləri almışam. İxtisas müəllimim olubdur. Bunun üçün mən fəxr edirəm. Eləcə də bir çox müəllimlərdən ustad dərsləri almışam. Təbii ki, böyük sənətkarlardan dərs almaq mənim üçün fəxrdir. Elə ilk anlardan, ilk təhsil sahəsinə addımlayarkən, məhz klassikaya gəlməyimin səbəbi bu oldu ki, məni dinləyən professional müəllimlər, pedaqoqlar mənə dedilər ki, məhz sizin səsiniz klassikaya və Avropa məktəbinə daha yaxındır. Elə ona görə də mən məhz klassik opera sənətini seçdim və həqiqətən də gördüm ki, müəllimimin mənə göstərdiyi yol çox doğru və düzgündür. Mən bu yolda uğurlar qazandım. Eləcə də, daha çox xarici ölkələrə səfərimiz zamanı hər kəs mənə deyirdi ki, müsəlman ölkəsindən gəlməyinizə baxmayaraq, sizin səsiniz Avropa səsidir. Ona görə də, mən təvazökarlıqdan uzaq olaraq, bunu deyirəm ki, Azərbaycan Opera və Balet Teatrında klassik opera və eləcə də milli operalarda məharətlə çıxış edirəm. Nəinki öz ölkəmizdə, eləcə də xarici ölkələrdə opera tamaşalarında, opera konsert və festivallarında hər zaman yüksək səviyyədə həm Azərbaycan musiqisini, həm də Avropa musiqisini ifa edirəm.
- Gənclik və peşəkarlıq – zənnimcə,bir-biri ilə tərs mütənasibdir. Yəni gənc yaşda peşəkarlıq zirvəsinə yüksəlmək asandırmı, yoxsa bunun başqa sirri var?
- Əslində, deməzdim ki, tərs mütənasibdir. Bu, müsbət tendensiyadır. İnsan gənclikdə daha çox şey istəyir. Yəni bilik-bacarıq cəhətdən, həmdə mənəvi cəhətdən çox rahatdır. Bunu peşəkar insanlar daha çox anlayar. İnsan nə öyrənirsə gənc yaşlarında öyrənir. Mənim müəllimim mənə həmişə tövsiyə edərdi ki, "gənc yaşlarında adına görə çalış. Cavan yaşlarında artıq ad özü sənə rəğbət qazandıracaq". Bu, həqiqətən də belədir və mənim təcrübəmdə bu, öz əksini tapdı. Əslində, sənətlə, ciddi musiqi ilə məşğul olan insanlar, daha çox uşaq musiqi məktəblərində, kolleclərdə, universitetlərdə püxtələşməlidir, öz sənətini sevməlidir.Bəlkə də mən ona görə də seçilənlərdən, sayılanlardan, daha çox öndə olanlardan oldum. Bu doğrudur ki, insan nə əldə edirsə, gənc yaşlarında etməlidir. Yaşa dolduqca insan püxtələşir, getdikcə yaşının müəyyən bir vaxtında ustadlıq zirvəsinə yüksəlir.
- Tanınmış italyan bəstəkarı Cüzeppe Verdinin 4 pərdəli “Trubadur” operasının librettosunu Salvatore Kammarano tanınmış ispan dramaturqu Antonio Qarsia Quterresin eyni adlı əsəri əsasında yazıb. Səhv etmirəmsə, bu operada Qraf di Luna obrazını canlandırmısınız. Bu obraz həyata baxışlarınıza necə təsir etdi? Təəssüratlarınız maraqlıdı...
- Düzdür, adıçəkilən operada Cüzeppe Verdinin 4 pərdəli “Trubadur” operasının librettosunu Salvatore Kammarano tanınmış ispan dramaturqu Antonio Qarsia Quterresin eyni adlı əsəri əsasında yazıb. Mənim həyatımda çox şeyi dəyişdi bu obraz. Akademiyada təhsil aldığım dövrdə imtahanda mən bu obrazı canlandırdığım üçün məhz professional səhnəyə, akademik səhnəyə dəvət aldım və həmin bu obrazı ilk dəfə mən Bakı Musiqi Akademiyasının nəzdində opera studiyasında ifa etmişəm. Tələbə olduğum dövrdə, imtahan zamanı.... Bu tamaşadan sonra sanki mənə qapılar açıldı. Mən Akademik Opera və Balet Teatrına dəvət aldım. Eyni zamanda, Asəf Zeynallı adına Bakı Musiqi Kollecində müəllimlik fəaliyyətimə başladım.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, “Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının premyerasında Azərbaycanda ilk dəfə Nəsimi obrazını canlandırmaq sizə nəsib olub. Hansı üstünlükləriniz bu rolun ifaçısı olmağınıza təminat verdi?
- Bəli, Azərbaycanda Firəngiz Əlizadənin “Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının ilk ifaçısı mən olmuşam. Bunun üçün fəxr edirəm. O vaxt orada başqa tanınmış solistlər də var idi. Rusiyadan dəvət olunmuş rejissor bir neçə bariton səs ifaçıları arasından məhz məndə qərarlaşdı. Bu obrazı məndə gördü. Həqiqətən gənc yaşda bu obrazı oynamaq məni çox qürurlandırdı. Sanki sənətimin zirvəsinin yarısında olduğum bir dövrdə mənə belə yüksək qiymət verilməsi sevindirici haldır. Bu, dövlət əhəmiyyətli bir tamaşa idi. Bu tamaşa, primyera Nəsimi ili - Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində Azərbaycanın ən böyük saraylarından biri olan Heydər Əliyev adına sarayda baş tutdu. Mən bunu böyük bir heyətlə ifa etdim. Xor truppası, balet truppası ilə solist olaraq tək mən çıxış etdim. Rusiyadan dəvət olunmuş həmin o rejissor Smirnov seçimi özü etdi. Bu seçim təxminən iki aya qədər davam etdi və sonda məndə qərarlaşdı. Və 2019-cu ilin dekabr ayının 27-də həmin primera baş tutdu.
- Üzeyir Hacıbəyli, F. Əmirov, C. Cahangirov, M. Maqomayev, R. Mustafayev, V. Adıgözəlov, C. Verdi, G. Donizetti, C. Puccini, Maskanyi, Leonkavallo, J.Bize və digər neçə-neçə yerli və avropalı ustadların əsərlərinə müraciət etmisiz. Bəs hansı əsəri sizin üçün “uğur böcəyi” adlandırmaq olar?
- Sizi inandırım ki, istər Azərbaycan tamaşaları, istərsə də klassik avropa tamaşaları olsun, onu mən hər zaman ürəyimə yatan tərzdə, mənə yaxın olan obrazları yaşayaraq tamaşaçılara çatdırmışam. Bir çox obrazlar var ki, mənə təklif olunsa da, mən razılaşmamışam.Baxmışam, maraqlanmışam və geniş şəkildə o əsəri təhlil eləmişəm.Olubdur ki, mən hiss etmişəm ki, həmin əsəri ürəklə tamaşaçıya çatdıra bilməyəcəm.Ancaq bütün ifa etdiyim obrazlar sonradan rəğbətlə qarşılanıb.Müğənni, aktyor elə olmalıdır ki, oynadığı obraza, tamaşaya ürəyini qoysun, onu tamaşaçıya çatdıra bilsin.Bilirsiniz, elə xarici opera tamaşaları var ki, tamaşaçı o dilləri bilmir. Məsələn, italian, fransız dilləri kimi... Axı, hər tamaşaçı bu dilləri bilmir.Amma onu gərək aktyor kimi müəyyən jestlərlə, mimikalarla, elə çatdırmalısan ki, tamaşaçı səni anlasın, başa düşsün.Söhbətin nədən getdiyini bilsin.Obrazda olan sevgini, məhəbbəti, qəm-qüssəni, əgər faciyə varsa, onu tamaşaçıya olduğu kimi çatdırmaq lazımdır. Elə səhnələr var ki,orada əzab var, əziyyət var... O əzab-əziyyəti çox təbbi şəkildə tamaşaçıya ötürməlisən. Tamaşaçı hiss eləməlidir ki, burada aktyor və ya sənətçi qəmdənmi, qüssədənmi, əziyyətdənmi, bəladanmı ağlayır və ya söz açır.Yəni hər şeyi olduğu kimi tamaşaçıya çatdırmaq aktyorun, ifaçının, müğənninin borcudur.Bütün obrazlar mənim üçün əzizdir.Elə bir tamaşa olmayıb ki, mənə uğur gətirməsin.Şükür Allahın bu gününə.Səs çox təhlükəli canlı alət sayılır.Hər zaman səsimi qorumağa çalışıram.Səsimin üzərində çoxlu işləyirəm, müxtəlif məşqlər edirəm ki, səsim hər zaman formada qalsın.On ildən artıqdır ki, Opera və Balet teatrnda çalışıram.Şükürlər olsun ki, bu vaxtadək nöqsanım olmayıb. Nə səsimdə, nə səhnədə, nə də oynadığım obrazlarda... Bu, mənim başımın ucalığıdır. Sağ olsun, rəhbərliyimizdə bunu çox yüksək qiymətləndirir.
- Sizə vermədiyim sual, yəni hansı sualı eşitmək istərdiniz?
- Bütün suallarınız maraqlı idi. Ən çox istədiyim suallardan demək olar ki, hamısını mənə verdiniz. Amma bilirsiniz ki, mən bir peşə yolu ilə də addımlayıram.Bu, çox hörmətli və müqəddəs peşə olan pedaqoji fəaliyyətimdir, müəllimlik peşəsidir.Mən istərdim ki, siz müəllimlik sənəti barəsində də sual verəsiniz. Artıq mən iki universitetdə - ali təhsil ocağında dərs deyirəm, fəaliyyət göstərirəm. Bu illər ərzində çox istedadlı tələbələr yetişdirmişəm.Hətta səhnədə artıq öz tələbələrimlə çiyin-çiyinə çalışıram.Bu da məni bir müəllim kimi çox sevindirir.Necə ki, müəllimlərim indi mənimlə fəxr edir, mən də öz tələbələrimin uğurlarına baxıb fəxr edirəm.Professional səhnələrdə öz yetişdirdiyim, öyrətdiyim tələbələrlə bərabər çıxış etmək, əlbəttə ki, gənc müəllim olaraq uğurumdur.
- Müəllimlik fəaliyyətinizdən söz açdınız. Bu yaxın zamanlarda öz tələbələrinizlə geniş konsert proqramı ilə çıxış etmək keçirmi ürəyinizdən?
- Müəllimlik fəaliyyəti dövründə öz tələbələrimlə dəfələrlə həm konsert salonlarında, həm də televiziya proqramlarında solo konsertlər vermişik. İnşallah, yeni tədris ilində, oktyabrın 5-də müəllimlər günü münasibəti ilə gözəl konsert proqramı təşkil edəcəyik.Həm Bakı şəhərindəki konsrt salonlarının birində, həm də Azərbaycan Milli Konservatoriyasının böyük zalında öz tələbələrimlə gözəl çıxıslarımız olacaq.Eyni zamanda, noyabr ayında iki tələbəm beynəlxalq müsabiqəyə hazırlaşır.Onlara da uğurlar arzulayıram.İnşallah ki, qalibiyyət əldə edərlər.
- Taleh müəllim, maraqlı və səmimi müsahibəyə görə ürəkdən təşəkkür edirəm. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür,pedaqoji fəaliyyətinizdə və musiqi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram.
İllərdir vokal sənətinin inkişafına göstərdiyiniz fədakar xidmət, gənc istedadların yetişməsinə verdiyiniz dəyərli töhfələr və milli musiqi ənənələrinin yaşadılması istiqamətində gördüyünüz işlər hər zaman yüksək qiymətləndirilsin.
Qoy zəngin sənət yolunuz bundan sonra da yeni yaradıcılıq zirvələri, alqışlar və uğurlarla davam etsin, həyatınız isə sevinc, xoşbəxtlik və gözəl anlarla dolu olsun.
Müsahibəni hazırladı:
Vüqar Əsgər,
araşdırmaçı-ssenarist
Digər xəbərlər