ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qusar lövhələri
CƏMİYYƏT
06.09.2026, 20:07 Oxunub: 2158Hər bir coğrafiyanın özünəməxsus aurası, zamanın sınağından süzülüb gələn daxili bir intizamı və ruhu olur.
Şəhərlər və qəsəbələr təkcə binalardan, yollardan və meydanlardan ibarət deyil; onlar orada yaşayan insanların dünyagörüşünü, estetik zövqünü və mənəvi dəyərlərini əks etdirən canlı mədəniyyət aynasıdır.
Lakin elə məkanlar da var ki, ora qədəm basanda təbiətin bəxş etdiyi əzəmətlə insan zəkasının, zəhmətinin formalaşdırdığı nizam bir-birini tamamlayaraq insanda dərin bir heyranlıq yaradır.
Bu yaxınlarda əziz dostum Mayıl Bağırovun səmimi dəvəti ilə Qusara etdiyim səfər mənim üçün sadəcə bir istirahət deyil, zəngin mədəni mühitlə və unudulmaz təəssüratlarla dolu fəlsəfi bir kəşfə çevrildi.
Şahdağın vüqarlı ətəklərinə sığınan, dağların saf nəfəsini özündə yaşadan bu füsunkar yurd yeri həm təbiətinin zənginliyi, həm də insan əlinin, qurub-yaratmaq şövqünün yaratdığı parlaq səliqə ilə yaddaşımda silinməz izlər buraxdı.
Qusara daxil olduğum ilk anlardan etibarən məni heyrətləndirən ən başlıca cəhət şəhərin qüsursuz təmizliyi, nizamlı memarlıq mənzərəsi və göz oxşayan abadlığı oldu. Geniş və rahat asfaltlanmış küçələr, həndəsi dəqiqliklə salınmış səliqəli səkilər, zövqlə yaşıllaşdırılmış xiyabanlar, parklar və abad məhəllələr insana bir anlıq ənənə ilə müasirliyin uzlaşdığı nağılvari bir dağətəyi şəhərciyində olduğunu hiss etdirir.
Küçələri addımladıqca insan istər-istəməz ətrafa daha diqqətlə nəzər salır - yerdə bircə çöp, bircə kağız parçası belə gözə dəymir.
Düşünürəm ki, bu cür səliqə sadəcə təqdirəlayiq kommunal xidmətlərin gündəlik zəhmətinin deyil, ilk növbədə qusarlıların öz torpağına, ictimai mühitinə bəslədiyi yüksək şəhər mədəniyyətinin, formalaşmış ekoloji şüurun və səmimi vətəndaşlıq sevgisinin canlı təcəssümüdür.
İctimai məkanın bu dərəcədə qorunması yerli əhalinin öz həyəti ilə şəhər küçəsi arasında heç bir fərq qoymadığından, hər bir daşı, hər bir ağacı doğma bildiyindən xəbər verir. Şəhərin hər guşəsində, hər tinindəki hər bir cığırda bir abadlıq ruhu, qurub-yaratmaq əzmi və tükənməz bir səliqə duyulur.
Bu səliqənin, bu abadlığın içində addımlayarkən dostum Mayılla yan-yana olmaq isə səfərə bambaşqa mənəvi məna qatırdı. Vaxtilə sovet dövründə Qusarda məsul rəhbər vəzifələrdə çalışmış, idarəçilikdə prinsipiallıqla xəlqiliyi birləşdirərək rayonun sosial, iqtisadi və infrastruktur inkişafında böyük xidmətlər göstərmiş Mayıl müəllim bu torpağın hər qarışına, hər küçəsinin tarixinə dərindən bələddir.
Onunla yanaşı addımladıqca rayonun keçdiyi inkişaf yolunu, çəkilən zəhmətləri və illərin arxasında qalan böyük zəhmət tarixçəsini dinləmək son dərəcə maraqlı idi.
Şəhərdə gəzişərkən qarşılaşdığımız insanların ona bəslədiyi böyük ehtiram, səmimi salamlar və xoş baxışlar açıq-aydın göstərirdi ki, xalqa sidq-ürəklə, təmənnasız edilən xidmət illər keçsə də unudulmur, ictimai yaddaşda ən uca dəyər kimi yaşayır.
Yaşlı nəslin səmimi minnətdarlığı, gənclərin isə göstərdiyi nəcib ehtiram keçmişdə qoyulmuş sağlam idarəçilik təməllərinin, vicdanlı fəaliyyətin və qazanılmış əsl el rəğbətinin ən obyektiv şahidi idi.
Qusar həm də uca dağların sərin mehi, sıx fıstıq və vələs meşələrinin zümrüd libası, sıldırımlardan süzülüb gələn büllur çayların şırıltısı ilə yaddaqalandır.
Təbiətin bəxş etdiyi bu əzəmətli mənzərə ilə insan zəhmətinin yaratdığı sivil nizam elə bir vəhdətlə qovuşub ki, burada keçən hər an insana ruhi dinclik, estetik zövq və tükənməz həyat enerjisi aşılayır. Təbii landşaftın toxunulmazlığı ilə insan təfəkkürünün formalaşdırdığı nizamlı məişət mühiti əsl həyat harmoniyası yaradır.
Qusardan ayrılarkən qəlbimdə təkcə Şahdağın sərin mehi deyil, həm də təmizliyi, səliqəsi, yüksək ictimai mədəniyyəti və insanlarının nəcibliyi ilə göz oxşayan, qürur verən bir rayonumuzun dərin və unudulmaz təəssüratları qaldı.
Arzu edərdim ki, Qusarın timsalında gördüyümüz bu yüksək mədəniyyət, ekoloji həssaslıq və təbiətlə insan əməyinin yaratdığı möhtəşəm ahəng bütün şəhər və rayonlarımıza örnək olsun, yurdumuzun hər bir guşəsinə yayılsın.
Çünki hər bir bölgəmiz məhz belə bir səliqəyə, təmizliyə və vətəndaş sevgisi ilə qorunan abad mühitə layiqdir.
Hüseynbala MİRƏLƏMOV,
yazıçı-dramaturq
Digər xəbərlər