19:29 Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru - İnsan “cini şüşədən buraxıb”, deyəsən!
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Bir musiqi var, çalınır qəlbimdə gecə-gündüz... -Lamiyə Yadigar qızı
ƏDƏBİYYAT
06.06.2026, 22:18 Oxunub: 40Bir musiqi var...
Bir musiqi var, çalınır qəlbimdə gecə-gündüz,
Bir musiqi var, yol gəlir min illərdi söz-söz.
Göz yaşlarım ilmə olur, daha sonra xalça üstə naxış olur,
Ovudur, isidir, gah yandırır, gah ağrıdır,
Süzülür qəlbimdən ovuclarıma,
Qurudur onları dəli küləklər,
saçlarıma çələng toxuyan dəli küləklər.
İçimdə bir Sarı gəlin gəzir,
Elə asta, elə zərif, elə məsum.
İçimdə bir cünun gəzir,
qəlbi insandan incik, ruhu Tanrı səcdəsində...
Bir mahnı var, çalınır qəlbimdə,
Bir mahnı var yolun sonunacan mənlə.
Açır içimdə güllər, açır içimdə sözlər,
Aylı gecəyə güzgü olur sakit sular.
Sonra... daha sonrası olmur...
Nağılları yalan olan dünyada daha sonrası olmur...
Bakı. 10.01.2026
Qadın
Rəqs et, qadın!
Əllərini qaldır və qu kimi süz, rəqs et!
Barmaqların üzərinə qalx və göylərə toxun,
Qolların qanadların olsun,
Çırpın, üsyan et, uç uça bildiyin qədər.
Yellər belə sənə çatmasın, çata bilməsin,
Üz , balıqlar belə izinə düşməsin.
Şeirlər yaz gecələr, səhərlərin gecələrin güzgüsü olsun.
Hər misran quşların qanadında , dimdiyində duaya çevrilsin,
Çatsın Tanrıya.
Ruhun göylərdə süzsün.
Bəyaz libaslı qadın, süz qu kimi azadca, hürcə.
Əllərin havada rəsm cizsin: Sən və Mən.
Rəsm çəkən qadın, çək bəşərin ağrısını,
Körpələrin qorxu dolu baxışlarını,
Ata-anaların çarəsiz, ağrı dolu gözlərini.
Çək müharibələri, çək çiçəyə həsrət susuz səhraları,
Çək dənizlərə, səhralara həsrət dünyanı.
Çək zəhmətdən qabar olmuş əllərin rəsmini,
Çək sevgi adlı müqəddəs tablonu.
Saçları payız qadın, yaz, bəstələ, rəsm çək
Və yaşa! Və sev! Və hiss et !
Bir quşun dimdiyində dua kimisən,
Hamıdan gizlisən, hamıdan daha aşkarsan.
Dənizsən, buzlu havada uçmağa mücadilə edən
fırtına quşundan daha üsyankarsan.
Bəzən doğan Günəşsən, bəzən çörək ətrisən,
Doğmasan mənə.
Rəqs et, qadın, yaz-yarat , qadın.
Şeirlər toxu, mahnılar oxu və xoşbəxt ol, qadın!
Əs, coş, dalğalan, ləpələn!
Hər Günəşin doğuşuyla yenidən doğul, qadın!
Ovuclarına yağan qarlar duan olsun,
Göylərdən düşən işıq qəlbinə hüzur və sevgi gətirsin.
Yaşa, xoşbəxt ol!
Aç əllərini, qollarını bir qu kimi,
Ya dağlar arasında qıy vuran qartallar kimi.
Rəqs et, ayaqların yerdə, əllərin göylərə doğru.
Duam ol, doğmam ol, mənim ol, xoşbəxt ol!
Əs, coş, dalğalan, ləpələn!
Hər Günəşin doğuşuyla yenidən doğul, qadın!
Ovuclarına yağan qarlar duan olsun!
Göylərdən düşən işıq qəlbinə hüzur və sevgi gətirsin.
Yaşa, xoşbəxt ol!
Aç əllərini, qollarını bir qu kimi,
Ya dağlar arasında qıy vuran qartallar kimi.
Rəqs et, ayaqların yerdən üzülsün, əllərin Göylərə doğru...
Əllərin Tanrıya doğru...
Duam ol, doğmam ol, mənim ol, xoşbəxt ol!
Duam ol, doğmam ol, mənim ol, xoşbəxt ol!
Bakı. 09.03.2026
Torpaq olub sakitləşdim
Ovcuma aldım bir az yel, bir az da su,
Dəli külək oldum, döndüm dənizə,
Torpaq olub sakitləşdim.
Əllərimlə kənar etdim göy üzündən dumanı, sisi
Və barmaqlarımla çəkdim göylərdə uçan ağ göyərçinləri.
Üfürdüm ahəstə, nəfəsimdən cana gəldi çəhrayı mehlər.
Ayaqlarımın ucunda qalxdım azacıq :
Əllərim göylərə doğru... Səmavi rəqsin sehrində buldum özümü.
Tanrı dərgahında barındım, ovundum,
Göz yaşım yerlərə axdı...
Bir gördüm buludlar saçlarım olub,
Qəlbimin qırxıncı qapısı açıldı taybatay,
Günəş doğdu...
Günəş doğdu qəlbimin dörd pəncərəsinə,
Mənə illərdir dostluq edən ruhuma , bədən adlı əlibisəmə Şükranlıq !
Hər anımda mənə sarılan, tək qoymayan qədim və əziz ruhuma Sevgilər !
İçimdə yüz illərdir yol alan yorğun Ruhum,
Yaşıl sünbül tarlasından keçdim Səninlə !..
Ağ səhralar üzərindən bir yarın dalğalanan saçları kimi
uzandı yolum sonsuzluğa - zirvəyə doğru...
Ruhum ... Ruhum gəliş məramımı çözməkdə
Və Yaradanın mərhəmətinə, gözəlliyinə yenidən və yenidən aşiq olmaqda...
Bir görürəm yağış olub Yer üzünə yağıram,
Buğda dənəsi boy atır nüvəsində işıq və su...
Bərəkətlənir Ana torpaq,
Cilvələnir içimdə lacivərd göylər, dənizlər,
mehlər, atəşlər, dualar...
Və qutükü qədər xəfifcə ruhum su içir Tanrı dərgahında...
Və gözlərimi açıram: il 2026
Tapıram özümü bir meydanın ortasında,
Əllərim göylərə doğru,
Gözlərim uçuşan buludlarda...
Və səslənir min illərin yaddaşından süzülən qədim bir ney səsi ...
Gözlərim önündə Səmavi rəqs
və səslənir dünyanın ən gözəl musiqisi,
Və səslənir dünyanın ən gözəl şeiri...
Ovcuma aldım bir az yel, bir az da su,
Dəli külək oldum, döndüm dənizə,
Torpaq olub sakitləşdim...
Torpaq olub sakitləşdim...
Sakitləşdim...
Bakı. 19.04.2026
Göy üzü və Torpaq
-Eşqmi, ağılmı deyə soruşdu ulduzlu səma .
-Eşq olan yerdə əql nə arar? - deyə
suala sualla cavab verdi torpaq .
Sonra göylərdən yağdı yağışlar...
İslandı torpaq , cücərdi torpaq,
Boy atdı, məhsul verdi bərəkətli torpaq!
Sabahlar Günəş isitdi, gecələr layla çaldı torpağa .
Yağan yağışlar çaya döndü,
Tanrının üzünü gördü sular...
-Xoşbəxtlikmi, həqiqətmi?- deyə soruşdu göy üzü yenə torpaqdan...
-Xoşbəxtlik ürək işi, həqiqət ağıl işi,
Ürək xoşbəxt olmağı seçir, haqlı olmağı deyil, - deyə
Boyandı min bir rəngli xalçaya torpaq.
Şumlandı torpaq, bərəkətləndi torpaq,
Dost oldu, yar oldu torpaq...
Sevdi torpaq ona həsrətlə baxan hilalı gümüşü, ulduzları qızılı göyləri.
Sevdi göylər qabarlı insan əli dəymiş , zəhmətkeş insanlara dost olan torpağı...
Bakı. 26.05.2026
Gözləri qəmli, ruhu incik
Bir küçə iti uzanıb skamya altında,
Rəngi karamel, gözləri dünya qədər qəmli.
Günlərdi ac-susuz, ancaq artıq mücadiləsiz.
Yağış yağır, xəzələ çevrilir yarpaqlar,
Skamya altında uzanıb bir it.
Qar yağır, qış gəlir, buz bağlayır yollar,
Skamya altında uzanıb bir it.
Ağaclar açır çiçək, qayıdır köçəri quşlar,
Durnalar, leyləklər salam göndərir ona.
Sərçələr qonur pəncəsinə…
Skamya altında uzanıb bir it.
Yay gəlir, günəş isidir yer üzünü,
Bu fəsillərin qovhaqovunda
gördü minlərlə tələsən, qaçan insan kütləsi,
Nə gələn yazın, nə gedən qışın fərqində deyil onlar.
Acgöz, ruhsuz, hissiz insan kütləsi.
O isə bir sığala, bir xoş sözə möhtac,
Sevir o buz qəlbli insanları,
Bir mehrubanlıqdan bulayır quyruğunu,
Gülümsəyir, lap elə insan kimi…
İnanır hələ də onlara.
Düşündüyü nə? Anladığı nə?
Tanrı biçmiş onlara sadiq ürək və şüur,
İnsana dost olsun deyə əmanət göndərmiş onları…
Skamya altında uzanıb bir it,
Gözləri ağıllı, gözləri qəmli, özü tənha, ruhu incik…
Bakı. 29.05.2026
Lamiyə Yadigar qızı Cəlilova
AJB-nin üzvü, dilçi-filoloq
Digər xəbərlər