19:29 Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru - İnsan “cini şüşədən buraxıb”, deyəsən!
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
"Əsmər" romanı -son fəsil
ƏDƏBİYYAT
09.06.2026, 23:32 Oxunub: 42311001info.az yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Əsmər" romanının 17-ci fəslini təqdim edir.
On yeddinci fəsil
Elşad
Bəzən zənn edirsən ki, həyat insana hər şeyi bəxş edib, ancaq, o anda əslində ən böyük boşluğun içində yaşadığını xatırlayırsan.Uzun illər bu soyuq, nəhəng şəhərin küçələrində qaça qaç içində, vurnuxaraq yaşadım. Elə bilirdim ki, uğur, hörmət, güc, zənginlik insanın ruhunu doyurmağa bəs edir. Amma insanın içində elə gizli bir künc var imiş ki, oraya sevginin işığı düşməyəndə, bütün əldə etdiyim addi nemətlərin bir gün dəyəri qalmırmış.
Əsmər mənim həyatıma girəndə, ilk dəfə anladım ki, insan yalnız sevdiyi zaman həqiqətən nəfəs alırmış, yaşamaq üçün daxili bir motivasiya tapırmış. Onun o dupduru, günahsız gözlərinə baxanda içimdəki qaranlıq, buz bağlamış tənhalıq bir andaca əriyib yox olurdu. Mən o gözlərdə gəncliyimi, itirdiyim saflığımı və ən əsası, özümü tapmışam. Sevgi elə bir alilik, elə bir qüdsiyyətdir ki, insanı bataqlıqdan çıxarıb göylərə qaldırır, ruhunu təmizləyir, ona dünyadakı hər çətinliyə dözmək üçün tükənməz bir güc verir. O sevgi olmasaydı, bəlkə də mən ömrümün qalan hissəsini bir kölgə kimi tamamlayacaqdım.
Ona görə də geri dönüş yox idi. Bütün bəndləri söküb, keçmişin amansız zəncirlərini qırıb atmağın vaxtı gəlmişdi. Əsmərin o cəhənnəmdən, onu sıxan, boğan o kənd mühitindən və keçmişinin kölgələrindən xilas edəcək qəhrəman mən idim. Onu zorla sevmədiyi, istəmədiyi birinə ərə vermək istəyirlər. Məgər mən buna imkan verərəm? Əsməri Moskvadan Azərbaycana yola salanda o, bibisi qızı Lamiyənin nömrəsini vermişdi ki, nəsə olsa onun vasitəsilə əlaqə saxlaya bilim. Əsmərlə son danışığımızdan sonra ona bir daha zəng çatmadı. Görünür, telefonunu da əlindən alıblar, işlətməyə icazə vermirlər. Lamiyə ilə danışıb onun telefonuna iki gün sonra Əsmər üçün aldığı m elektron biletin surətini yolladım. Lamiyəyə mesaj yazıb ona Əsməri Moskvaya yola salmağa kömək etməsini xahiş etdim.
Lamiyə söz verdi ki, Əsməri şəxsən özü aeroporta yola salacaq…
…Təyyarənin eniş saatı yaxınlaşdıqca gözümü monitordan çəkə bilmirdim, gözləmə zalında sağa sola addımlayır, vaxtı sürətləndirmək istəyirdim. Nəhayət, sərnişinlər görünməyə başladı. Və budur... O gəlirdi. İncə, zərif, ətrafındakı izdihamın içində sanki bəyaz bir durna kimi süzülən Əsmərim. Əlində kiçik bir çantası vardı. Məni görən kimi duruxdu, gözlərində həm o tanış çəkingənlik, həm də sonsuz bir güvən hissi vardı. Yaxınlaşdım, “xoş gəlmisən, gözümün nuru” – pıçıldadım, onu var gücümlə bağrıma basdım. Əsmər ağladı, saçlarını sığalladım, ovcumla göz yaşını sildim, üzündən öpüb çantasını əlindən aldım.
İkimiz üçün aldığım yeni evimə doğru istiqamət götürdüm.
Yol boyu Əsmərin sıxıntısı keçdi, analığının bu aylar ərzində ona verdiyi zülümlərdən, dayanmadan onun üçün ər axtarıb onu evdən uzaqlaşdırmaq istəməyindən danışdı. Əlim sükanda, gözüm yolda olsa da, onu diqqətlə dinləyirdim. Yanımda özünü rahat aparması, mənə bu qədər isinişməsi xoşuma gəlirdi. Hələ evlənməsək də, artıq onu həyat yoldaşım kimi görürdüm. Elə yoldaca ona şad xəbəri verdim. Dedim ki, sənin üçün müəllimlər danışmışam, sənə rus dilini də mükəmməl öyrədəcəklər, universitetə də hazırlaşdıracaqlar. Əsmər bu xəbəri eşidəndə az qaldı məni sükanın arxasındaca boynumu qucaqlayıb öpsün. Onun bu sevinci məni göylərə qaldırdı.
Evə çatıb qapını açanda Əsmər əvvəlcə ürkək addımlarla içəri girdi, amma bir azdan heyranlıqla ətrafa boylandı. Üzünə baxıb dərindən nəfəs aldım, çiyinlərini qucaqladım:
— Evinə xoş gəldin, Əsmərim... Sən artıq bu evin də, qəlbimin də tək sahibisən.
Onun gözlərindəki xoşbəxtliyi görəndə mən ondan da çox xoşbəxt oldum. Sevdiyin qadını xoşbəxt etməkdən, onun səadətdən parlayan baxışlarını görməkdən gözəl nə ola bilər?
Həyatımda ilk dəfə idi ki, bu amansız dünyada özümü bütöv, məsud və ölümsüz hiss edirdim. Deməli, bu həyatda ölüm qorxusuna da qalib gələn yeganə şey sevgidir. Biz Əsmərlə bütün ağrılarımızı, günahlarımızı və keçmişimizi qapının arxasında qoymuşduq və yalnız özümüzə məxsus sevgi dünyamıza çəkilmişdik. Bir az sonra dodaqlarımız, saçlarımız, bədənimiz, ruhumuz hamısı bir birinə qarışmış, gerçəkliklə xəyalın sərhədi yox olmuşdu.
Mən ilk dəfə anladım ki, insan bəzən bir nəfərin sevgisində bütün dünyadan gizlənə bilir. Əsmərlə üz üzə, göz gözə, iç içə illərlə içimdə daşıdığım bütün yorğunluq, tənhalıq səssizcə əriyib yox olurdu. Elə bil tale bizi çox incitdiyi üçün indi bütün itirdiklərimizin əvəzini qaytarırdı. Mən onun gözlərinə baxdıqca anlayırdım ki, insan həqiqətən sevəndə və seviləndə nə keçmişindən qorxur, nə də gələcəyindən - çünki sevgi iki nəfərin bir birində özünə əbədi sığınacaq tapmasıdır...
Əsmər
Həyatım boyu mənə aid olmayan talelərin kölgəsində yaşamışdım. Analığım Kübranın amansızlığı, Mahmudun məni hiylə və dürüstlük adı altında alçaltması, Moskvada sarı saçlı İranın hədələri və qısqanclıqları içində mən özümü bir insan kimi, bir qadın kimi tamamilə unutmuşdum. Elə bilirdim ki, mənim qismətim ancaq ağlamaq, əzilmək və başqalarının xoşbəxtliyi üçün qurban getməkdir. Amma Elşad... Elşad mənə bircə baxışı ilə elə bir dünya bəxş etdi ki, ilk dəfə qadın olduğumu, sevildiyimi hiss etdim. Onun sakit, güvən verən baxışlarında mən sığınacaq tapdım. O məni dəyişməyə çalışmadı, məni incitmədi, hökm etmədi; o məni sadəcə olduğum kimi, qırılmış qəlbimlə sevsə də, mənə yenidən yaşamaq sevinci verdi.
Atamın evində boğulurdum. Yenidən məni tanımadığım birinə ərə vermək istəyəndə, divarların üstümə gəldiyini hiss edirdim. Amma bu dəfə tək deyildim. Lamiyə mənim yeganə sirdaşım, bu qaranlıq tuneldəki işığım oldu. O, əllərimdən tutub mənə cəsarət verdi: "Qorxma, Əsmər, get öz xoşbəxtliyinin ardınca. Sən buna layiqsən," dedi. Aeroportda onunla vidalaşanda göz yaşlarımı saxlaya bilmirdim. Lamiyəni bərk bərk qucaqladım, onun doğma qoxusunu içimə çəkdim. “Bundan sonra ancaq özünü düşün, sadəcə irəli bax," deyib məni öpdü. O təkcə qohumum və rəfiqəm deyildi, mənə vaxtsız itirdiyim anamın nəfəsini xatırladan bir mələk idi.
Təyyarə havaya qalxanda buludların arasından aşağıya, o ağrılı keçmişimə baxdım. İlk dəfə qorxmadım. Çünki bilirdim ki, enəcəyim yerdə məni ruhu ilə sevən, qoruyan bir kişi gözləyir. Aeroportun vestibülündə Elşadın hündür qamətini, gülər üzünü uzaqdan görəndə onu nə qədər sevdiyimi anladım. Yol boyu ən doğma adamıma anlatdığım kimi həyatımda olub keçən hər şeyi danışdım. Gözlərimə sevgi, anlayış dolu baxışlarla baxır, sanki mənə səssiz ürək dirək verirdi.
O, məni “bizim evimiz”ə apardı. Bizim evimiz deyirəm, çünki bunu dəfələrlə özü söylədi. Və mən həyatımda ilk dəfə bir kişinin yanında sözün bütün mənalarında evimdə olduğumu hiss etdim. Bu, nə o bina ilə bağlı idi, nə divarlarla, nə də pəncərələrdən görünən şəhərlə. Elşadın varlığı özü artıq çoxdan mənim yuvam və evim olmuşdu.
İnsan bəzən birinə elə bağlanır ki, onun doğmalığında bütün dünyanın yadlığı yox olur. Elşad məni sadəcə sevən kişi deyildi; o, içimdə illərlə unutduğum qadını yenidən oyadan adam idi. Mən onun sevgisində ilk dəfə özümü yetərli, gözəl və dəyərli hiss etməyə başlamışdım. Çünki əsl sevgi sadəcə qarşındakı insanı sevmək deyil. Əsl sevgi odur ki, bir insan səni elə saf, elə dərindən sevir ki, sən də zamanla özünü sevməyə başlayırsan.
Mən Elşadın gözlərində özümə sevgi ilə baxa bildiyim qadını görürdüm artıq. O mənim təkcə bədənimi yox, yaralı ruhumu qucaqlayırdı. O mənə öz varlığına görə şükranlığı öyrətmişdi. Bir insanın ən gözəl yeri kiminsə duasında olmaqdır, Elşad artıq mənim dualarımda yaşayırdı. Bəlkə də sevginin ən müqəddəs tərəfi səni yalnız birinə deyil, həm də özünün ruhuna yaxınlaşdırmasıdır. Mən anlayırdım ki, insanın həqiqi evi onu bütün qırılmış, yaralanmış tərəfləri ilə sevən bir ürəkdir…
Müəllif
İnsan ömrü qaranlıq və naməlum dolanbaclardan keçib, amansız fırtınaların ağuşunda sınağa çəkilən, öz varlığını axtaran müqəddəs bir ruhun səyahətidir.
Biz bu fani dünyada çox vaxt yalnız bir yolçu, öz taleyimizin sərhədlərində çaşqın halda dolaşan qəriblərik. Keçmiş bəşəri vərdişlərin, daxili qorxuların və ötəri ehtirasların qurduğu görünməz torlarda çabalayanda insan əslində nəyi itirdiyini çox gec anlayır.
Bu dünyada nə itirsən də gərək eşqi itirməyəsən. Eşq nə bir vərdişin əsirliyidir, nə də digər bir qəlbi zəncirləmək, öz təkəbbürünə qurban vermək cəhdidir.
Həqiqi sevgi ruhların bir birini tanıdığı o ilk andan başlayan, səssiz qovuşmalarda gizlənən ilahi və qüdsü bir sirdir. Elə duyğular, elə böyük məhəbbətlər var ki, bəşəriyyətin qanunları qarşısında ilk baxışda bəlkə də bir günah, xəta kimi görünür. Amma əslində öz saf başlanğıcı və ülvi ucalığı ilə o eşq bəşəriyyətin bütün günahlarını, bütün qaranlıq kölgələrini yuyub aparmaq qüdrətinə malikdir.
Elşadın sevgisizlikdən donmuş könlünü, Əsmərin dupduru gözlərindəki o misilsiz məsumluq əritdi. Əsmərin zalım analıq zülmü və laqeyd bir ərin kölgəsində ayaqlar altına atılan, hər addımda tapdanan qadınlıq qürurunu və zərif mənliyini isə Elşadın alicənab, dönməz və sarsılmaz məhəbbəti nicat sahilinə çıxardı.
Onların bir birinə dikilən nəzərlərində böyük bir həqiqət canlanırdı: İnsan bu kainatda yalnız sidq ürəklə sevdiyi və eyni ucalıqla sevildiyi zaman əbədi bir iz qoya bilər.
İnsan yalnız o sehrli, bənzərsiz ruh vəhdətini tapanda həyatın çiyinlərə çökən dözülməz ağırlığına, varlığın mənasız görünən boşluğuna qalib gələ bilir.
Əsmər həyat səhnəsində sadəcə personaj deyil; o, saflığın, hər cür ağrıya sinə gərsə də zərrə qədər sınmayan ruhun, hər fırtınadan sonra küllərindən yenidən doğulan müqəddəs ümidin özüdür.
İnsanın insana yuva olması, bir qəlbin digər qəlbə daxili sığınacaq seçilməsi bu dünyadakı ən böyük möcüzədir.
Elşad və Əsmərin sevgisi bizə bir daha bəşəri bir dərslə sübut etdi ki, həqiqi eşq heç bir çərçivəyə sığmır, heç bir qadağanın, kənar hökmün qarşısında baş əymir. O məqamda zaman öz sürətini itirir, məkan anlayışı duman kimi dağılıb yox olur və kainatın dərinliyində yalnız iki aşiq ruhun əbədi, sarsılmaz qovuşması bərqərar olur.
İnsan bu dünyaya bir dəfə gəlir. Və bu qısa müddətli ömrün yeganə, ən ali fəlsəfi mənası həyatının böyük, bütöv, qüdsü sevgisini tapıb, onun nurunda, hərarətində və şəfəqlərində əriməkdir.
Yalnız bu zaman sevən biri digərinə o qədər güvənir ki, bütün qəlbi ilə “Mənimlə nə istəsən edə bilərsən…” ixtiyarını verə bilir. Çünki qəlbən sevmək qarşısındakına gözü yumulu inanmaq, güvənmək və özünü ona tam mənası ilə bu şəkildə təslim edə bilməkdir.
Bir birilərinə qovuşduqları o ilk gecədən, zamanın dayandığı o sehrli andan bəri Əsmərlə Elşadın sevgisi tarixin daş yaddaşına, bəşəriyyətin mənəvi xəzinəsinə bir qəbahət kimi deyil, ruhun maddiyyat üzərindəki parlaq qələbəsi kimi həkk olundu. Onların ikisinin son qovuşmadan sonrasını isə sözlə yazmaq lazım deyil, bu müqəddəs, bədii səfər burada tamamlanır. Çünki həqiqi eşqin olduğu yerdə artıq sözlər bitir, sevginin yaratdığı əbədiyyətin müqəddəs sükutu başlayır!..
SON
2026, Bakı.