ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ağzıəyrilik azarı - Qan Turalı yazır...
YAZARLAR
07.06.2022, 16:15 Oxunub: 4628Ağzıəyrilik azarı
Məsələ fiziki qüsurda deyil, meyxanaçı deyilik ki, adamların fiziki qüsurlarına lağ edək. Lüğətdə bu sözün ikinci mənası da var: İncik, küskün, narazı. Neçə gündür xroniki narazılığı ifadə edən söz axtarırdım, Sevinc Fədaidən öyrəndim.
Kimdir ağzıəyri? Hamıdan, hər şeydən narazı... Hava isti olur, narazı... Hava soyuq olur, narazı... Şair demişkən, bircə bundan razıyam ki, özümdən narazıyam. Onlarda əksidir. Özlərindən başqa hər şeydən narazıdırlar.
İndi kimsə düşünə bilər ki, üç-beş ağzıəyri nədir ki, onlardan yazı yazırsan. Ağzıəyrilik yoluxucudur. Bu artıq sosial problemdir. Ağzıəyrilik aramızda bir kabus kimi dolaşmaqdadır. Səbəb nədir? Ağzıəyrilik asandır çünki. Zəka tələb etmir, əmək tələb etmir. Təpər, dözüm, qətiyyət, iradə tələb etmir.
Nə görürsənsə ağzını büz, keç. Nə var belə yaşamağa... Ağzıəyrilik pandemiyadır.
Ağzıəyri həm də əzbərçidir. Nə klişe, qəlib, şablon varsa hamısını bilir. Təhsildən soruş, deyəcək ki, bizdə təhsil yoxdur. Desən ki, sən də onda bisavadsan? Deyəcək yox, bizim müəllimlər yaxşı idi. Mərd özündən bilər, namərd özgədən. Ağzıəyri namərddir.
Keçən dəfə bir ağzıəyri xanımla söhbət eləyirdim. Söhbət iqtisadi vəziyyətdən düşmüşdü. İnflyasiya sözünü tələffüz etməyindən gördüm ki, naşıdır. Qarşıma tank kimi arqument sürdü: Bəs camaat deyir “X” telefonu (Dişlənmiş almanı deyirdi) bahadır, bəs o gün mağazada adam əlindən tərpənmək olmurdu. Dedim, oradakı adamlar Bakı əhalisinin 1 faizini təşkil edirmi? Bu dəfə eləcə ağzını büzdü, bir söz demədi. Ağzıəyrinin ağlı azdır.
Ağzıəyri dostluqda da dözülməzdir. Hara getsən, harada bir stəkan çay içsən burnundan gətirəcək. Yox, stəkan xoşuna gəlmir, çayın dəmi ötüb, ya da qənd çox şirindir. Kababı “ət iyi gəlir” deyə bəyənməyənini də görmüşəm. Ağzıəyrinin çölçülüyü yoxdur.
Ağzıəyrinin son dövrlərdə populyarlıq qazanan bir növü də diqqət çəkmək üçün hər şeyin ziddinə gedənlərdir. Ya da konspirologiya yaradanlar... Yadınızdadırsa, bir xanım redaktor ORT efirinə girib müharibə əleyhinə plakat qaldırdı. Hamı qadının cəsarətini öyür. Ağzıəyri buna dözərmi? Bir qadının cəsarəti onu qane etməz. Hər kəs çirkli oyunun içindədir (əlbəttə ki, özündən başqa).
Tez bir mövzu düzəldi: Putin təşkil edib. Niyə? Nəyə görə? Nə səbəbə? Putin özü gəlib çörəyə and içsə də ağzı düzəlməz. Ağzıəyriyə xeyri yoxdur. Onun məsələnin mahiyyəti maraqlandırmır. Ağzıəyrilik sağalmazdır.
İctimai mövzular isə daha mürəkkəb təbiətə malikdir. Onları anlamaq üçün dərin biliyə ehtiyac var. Ağzıəyri isə heç nəyi bəyənməz. Bir adam bir yaxşı iş görə... Ağzıəyri böyürdən çıxacaq: Özünü reklam eləyir. Əksi də var, biri özünü biabır eləyir. Ağzıəyri belə buyurur: “Qara piar da piardır”. Xeyri yoxdur. Ağzının əyrisindən xilas yoxdur.
Əli Kərim bir şeirində belə deyir:
Yaxşıya pis desələr,
Pisə yaxşı desələr,
Bunu görcək, qəzəblənib,
Yaxşılar da
Pis olmaq istəsələr...
Nə deyim, sənə,
Vay o günə,
O günə!
Ağzıəyriliyin bəlası budur.
Ağzıəyrilik azarı da...