usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Sənin qarşında başımı əyərək oturmuşam həmişə...  - Sevinc Mürvətqızı

details

ƏDƏBİYYAT, YAZARLAR

25.04.2022, 16:12 Oxunub: 5518

İndi sən yeganə ümidimsən. Heç bilirsənmi yeganə ümidin ətəyindən yapışıb yaşamaq nə deməkdi? Xəbərin varmı sən olmayanda nələr çəkdiyimdən? Mən səni çoxdan tanıyıram, laaap çoxdan. Bəlkə də uşaqdım onda, bəlkə də artıq bir neçə dəfə reinkarnasiya nəticəsində gəlmişdim, görmüşdüm dünyanın hər üzünü. Səni məndən əvvəl də tanımışdılar. Hərə özünəməxsus sevmişdi səni. Mənim sevgim isə bir başqadır. Sən mənim üçün hava və su misalı kimisən desəm, inan səmimiyyətimə. Mənim üçün adından başlayır hər şey. Adını dodadığmda vird edərək sənə yaxınlaşıram...Üzün çox doğmadır mənə. Hər şeydən öncə ustufca əlimi üzünə toxundururam və başqa dünyaya daxil oluram sanki... Ecazkar, maraqlı, cazibəli, sirli və heç, heç ayrılmaq istəmədiyim bir dünyaya... O dünya mənim xəyallarımın məskənidir çünki... Orada uşaqlığım, gəncliyim, qocalığım, itirdiklərim, qazandıqlarım var. Orada qadınlığım var... Səni səhifə- səhifə oxuduqca, vərəq-vərəq çevirdikcə daha maraqlı olursan mənə. Səni Yaradana  şükür oxuyuram.Səninlə baş-başa qalmaqdan aldığım şövqü, zövqü nə əvəzləyə bilər ki? Mənimlə kəlmə də kəsmirsən, amma səni belə də anlayıram. Bəzən anlatdıqlarını yanlış qavradığım, səbirsizləndiyim də, qısqandığım da olur. Sevgimə bağışla bunları...

İnsan sevgisindən əzab çəkir həmişə. Sən də zalımlıqdan xali deyilsən hərdən. Amma bunu belə təbəssümlə qarşılayacaq  qədər çox sevirəm səni...Bəzən günlərlə sürən depressiyamın, bəzən dayanmadan süzülən göz yaşlarımın, bəzən saatlarla davam edən dalğınlığımın, bəzən ani çılğınlığımın müəllifisən sən... Üzümdəki təbəssümün, gözümdəki parıltının, baxışlarımdakı şölənin səbəbkarısan hərdən. Sən bunları görə bilməyəcək qədər diqqətsizsən deməzdim, amma bunlara dalmayacaq, bunları eyninə almayacaq qədər fövqəladəsən axı. Səninlə vüsalımız bəzən saatlarla çəkir, bəzən də sadəcə bir neçə dəqiqə. Amma bu zaman ölçüsü şərtidir mənim üçün. Çünki səninlə keçirdiyimiz hər an əbədiyyət qədər dəyərlidir.

Sənin özünəməxsus qoxunu heç nə əvəzləməz. Bu qoxunu hər cür bahalı ətirdən bir anda ayıra bilirəm və sövq-təbii sənə çevrilirəm. Sən elə doğmasan ki... Bəzən anamdan, bəzən balamdan belə doğma.. Çünki onların məni anlamadığı bəzi məqamlar, “hərdən”lər, “bəzən”lər  mövcuddur. Amma səninlə heç vaxt belə olmayıb. Sən istisnasan. Həmişə sakitcə, təvazökarlıqla açmısan ürəyini mənə. Bəzən islatmışam səni göz yaşlarımla... Bağışla, sənə o yaşlarla ləkə salmışamsa... Qarşıma süslü- püslü, bəzəkli-düzəkli çıxanda da, əzilmiş görkəmdə olanda da eyni məhəbbətlə, eyni ehtirasla, eyni şəfqətlə süzmüşəm səni...

İllərin sınağından sonra anlamışam ki, sən mənim yeganə məhəbbətimsən... xəyalımsan... arzumsan...ümidimsən, təsəllimsən...güvənc yerimsən...tutalqamsan... və ən ümdəsi vazkeçilməzimsən...

Sənin qarşında başımı əyərək oturmuşam həmişə...Amma gözlərimi sənə dikmədən, səninlə ünsiyyətdə ola bilmərəm ki, bunu bilirsən...

Bəzən bütün bəlalarımın, sarsıntılarımın səbəbkarı bilib ayrılmaq da istəmişəm səndən, bunu danmıram...Amma bacarmamışam... Bəzən günlərlə sənə yaxın düşməmişəm, səndən də çox bu ayrılıq məni yandırıb, göynədib, cızdağımı çıxarıb. Başıma gələn bədbəxtlikləri səninlə tanış olmaqda görmüşəm...Səni tanıyandan həyatımın tar- mar olduğunu düşündüyüm də olub. Müdrikcəsinə susmaqla məni yenə qaytarmısan özünə...Dolanıb sənə qayıtmışam yenə...Çünki sən tək cazibə mərkəzimsən. Mən sənin cazibəndən qopmağı bacarmıram...Həmişə bilmişəm, indi də bilirəm ki, bu qayıdış, bu dönüş səndən də çox mənə lazımdı, amma vecimə də olmayıb bu, qürurumu sındırmayıb. Axı sevəndə qüruru düşünmürsən,  sevirsən, tutulursan dəli kimi, qurban gedirsən onun uğruna...düşünmədən, kor kimi. Amma kor olsaydım belə, əllərimin dili ilə oxuyardım səni... Barmaqlarımın təması hər halını anladardı mənə, əminəm... Mən səndən ayrı yaşaya bilməzdim. Kor da olsaydım, kar da doğulsaydım... Əllərim olmasa gözlərimlə, gözlərim tutulsa əllərimlə sənə nüfuz edərdim...

Məndə indi olanları sənə borcluyam. Amma sən öz borcunu istəməyəcək qədər alicənabsan...

Mənə o qədər çox şey vermisən ki, bu Hatəm Tai səxavətinə mat qalmışam...

Məndən sənin aldığın yeganə şey zamandı, dolayısı ilə ömrümdü... Ömrümə ömür qatandan ömür əsirgəyərəmmi heç?  Sevgimi etiraf etməkdən çəkinmirəm...Bayaqdan “sən”, “sən” deməkdən də utanmıram, görürsənmi? Dilimdə əzbərə dönmüsən, səni hərf-hərf loxmalasam, heca-heca udsam, söz-söz yesəm, doymaram səndən, doymaram...

Sən ehtiraslı sevgilimsən...

Sən sadiq dostumsan...

Sən müdrik müəllimimsən...

Sən hər şeyimsən- ƏLAHƏZRƏT KİTAB!

Digər xəbərlər