usd-1.7000 eur-1.7890 rub-1.5962
Bakı 7°C 4.12 m/s
Son xəbərlər
27-11-2024
26-11-2024
23-11-2024
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Nağıl kimi bir ömür... - Telli Pənahqızı yazır
YAZARLAR
03 Aprel 2022 | 22:22

Nağıl kimi bir ömür... - Telli Pənahqızı yazır

Telli PƏNAHQIZI

Telli PƏNAHQIZI
telejurnalist, şair və publisist


...Bir röya gördüm, məni ötən günlərə qaytaran, ümidlərin böyük, həyatınsa dəyərli və çox qısa olduğunu xatırladan anlara apardı məni... Sevginin əbədiliyini xəyal edən, Tanrının mərhəmətinə inandıran bir röya idi. Məni gəncliyimə qovuşduracaq, cəsarətimi qaytaracaq, xəyallar quracaq bir aləmdəydim. Orada ödəniləcək kəfarət, oxunmamış nəğmələr yoxuydu... Həyatın fərqli olacağına ümidlə dolu arzularım vardı. Mən orada xoşbəxt idim... 

Bu onun FB-də paylaşdığı son mahnının sözləridir. Məşhur amerikalı pop-ulduz Aretha Franklin oxuyurdu bu mahnını... Çox sevdiyi Bakıdan, həyatının ən qaynar və məhsuldar çağlarını yaşadığı doğma şəhərdən uzaqlarda, həsrətini, özləmini bəlkə də bu mahnıdakı o mübhəm və sirli yuxunun xatirələr burulğanında əritməyə çalışırdı, bilmirəm... Təkcə onu bilirəm ki, qürbət heç zaman Vətən olmur, sən həmişə oralarda qonaqsan, özgəsən, yadsan, gəlməsən...

Onun adının rus dilindən tərcüməsi "işıqlı, nurlu" deməkdir. Bəlkə də elə buna görə Svetlana xanım işlədiyi hər yerdə - insanlarla ünsiyyətində, dostluğunda, iş birliyində bu işığın səmimiyyətini, bu nurun mehribanlığını qoruyub-saxlamağı bacardı. O təkcə valideynlərinin qoyduğu adın ziyası ilə kifayətlənmədi, həm də bu işığı ürəyinin şah damarında yaşatdı! İşini sevdi, ailəsini, dostlarını, xalqını, ölkəsini sevdi! Bakıda yaşadığı illərdə jurnalist, ssenarist, Azərbaycan kinosunun cəfakeşi kimi hörmət qazandı, bir sıra sənədli-tanıtım filmlərinin ssenari müəllifi, kinoşünas kimi tanındı, çoxlarına örnək olacaq yaradıcı insan ömrü yaşadı..

Kim idi Svetlana İsmayılova? Niyə onun fiziki yoxluğu təkcə ailəsini, dostlarını deyil, həm də onu yaxından-uzaqdan tanıyan, fəaliyyəti barədə məlumatı olan hər kəsi təəssüfləndirdi, kədərləndirdi? Sosial-mediada, virtual aləmdə tanış olduğu hər kəs öz ürək sözlərini yazdı, kimi iş yoldaşı idi, kimi dostu, kimisi də sadəcə qiyabi tanıdıqları. Hamısını da birləşdirən ortaq bir acı vardı: Svetlana xanımın-bu böyük insanın, səmimi dost, qayğıkeş ana, istedadlı qələm sahibi və vətəndən uzaqda olsa da, onun daşı-torpağı üçün həsrət çəkən vətəndaşın fiziki yoxluğuna bir təəssüf hissi! 

Mən uzun illik jurnalistlik fəaliyyətim dövründə onunla dəfələrlə qarşılaşsam da, danışmağa, hal-əhval tutmağa, onu yaxından tanımağa heç vaxt macalım olmayıb. Çünki çalışdığım AzTV-də Xəbərlər redaksiyasının iş xüsusiyyəti belə idi, burada əməkdaşlarından daha çox operativlik, xəbəri vaxtında efirə çatdırmaq bacarığı tələb olunduğundan, biz informasiyanı çox vaxt elə hadisə yerindəcə hazırlayır, tədbirin sonunu gözləmədən müsahibəmizi alıb efirə çatdırmağa tələsirdik. Elə buna görə də müxtəlif qəzetlərdə (o vaxt indiki qədər TV, sayt, qəzet yox idi) bir çox həmkarılarımızın ancaq imzasını tanıyırdıq. Svetlana xanım da mənim yaddaşımda sakit, gülərüz, kübar bir xanım kimi qalmışdı, imzasını mətbuatdan oxuyur, adına böyük ekrandan baxdığım sənədli filmlərin subtitrində rast gəlirdim. Sonrakı qarmaqarışıq və hər bir azərbaycanlı üçün çətin və mürəkkəb olan dövrlərdə körpülər altından o qədər lilli sular axdı ki, izi-izdən, sözü-sözdən seçmək müşkülə çevrildi. Və bu da sonuncu görüş... əbədiyyətə yolçuluğunda Svetlana xanımın bizə yaşatdığı o ötən günlərin bir təəssüf nidası və cavabsız qalan "kaş ki..."lərin acısı ilə sozalan xatirələrin solğun işığında onun sevdiyi o nəğmədəki öləziyən təsəllinin zəif kölgəsindəki zərif işığa sığınan sözlərin sehri: "Həyatın fərqli olacağına inandırmışdı məni ümidlərim..." 

İçində yaşatdığı Bakı nisgili kəpənək kimi zaman-zaman qanadlarını bir ümid şamının titrəyən işığına çırpıb dünəninə dönmək ümdi ilə vurnuxanda Svetlana xanım təsəllisini yenə Bakı ilə bağlı xatirələrdə tapırdı.

Şəxsi səhifəsində paylaşdığı şəkillərlə vətəndən uzaqda Vətəni tanıdırdı Svetlana xanım! Bakının qədim tikililəri, yeni məzərələri, bir cənub şəhərinin baş tacı olan müasir memarlıq inciləri...bir vaxtlar onun gözü qarşısında ərsəyə gələn məşhur filmlərdən fraqmentlər, çəkiliş meydançasından şəkillər, mədəniyyət tariximizin tanınmış nümayəndələri, elm xadimlərimiz, ilk maarifçilərimiz barədə məlumatlar, dünya kinosunun şedevrlərindən fraqmentlər - bizdən daha çox, artıq illərdən bəri onun yaşadığı Almaniyadakı yeni tanışları, dostları üçün maraqlı idi. Bakıdan uzaqda Bakı həsrəti ilə yaşadığını hər paylaşımında, hər qeydində hiss etmək mümkün idi. 

Nə yazıq ki, bəzən insan qismətdən qaça, taledən yayına bilmir! Svetlana xanım da illər öncə ömrünün çox hissəsini yaşadığı doğma şəhərdən, ölkədən getməli olub. Yox, heç bir incikliyi, umu-küsüsü yox idi, sadəcə Almaniyada yaşayan qızlarının ona ehtiyacı olduğunu bildiyindən gedib, nə vaxtsa, mütləq geri dönmək ümidi ilə...

Svetlana İsmayılovanı tanıyanlardan daha çox, onu tanımayan, onun cismani yoxluğuna üzülən, haqqında xatirələrini bölüşən, qəfil gedişinə təəssüflənən doğmalarından, dostlarından, daha çox bu sətirləri oxuyanlara tanıtmaq istədim. Kim idi Svetlana xanım ki, onu xatırlayanlar, haqqında yazanlar, xatirə söyləyənlər bu qədər çoxdur? 

- Daha bayramlarda, özəl günlərimizdə onun zəngi gəlməyəcək. Şəxsən mən və ailəm onun üçün darıxacağıq, yoxluğu ilə barışmayacağıq. İndi gözümün önündə onun yad torpaqdakı tənha məzarı canlanır. Bundan sonra Sveta xanımın qəfil zəngləri, həyat dolu şaqraq səsi, ümid və təsəlli dolu söhbətləri, tövsiyələri üçün darıxacağıq. Onun gedişi ilə həyatımızda hər zaman yeri olacaq bir insanın xatirələr dünyası da getdi. O bizə həyat həqiqətləri ilə barışmağı, onu olduğu kimi sevməyi təlqin eləməyi bacaran əsilzadə, kübar bir xanım idi. Onun təbəssümü, səsi, gülüşü, səmimiyyəti, söhbətləri üçün darıxacağıq- deyir Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev- hər dəfə zəng vuranda elə bilirdim otağıma günəş doğur.

Telejurnalist Afaq Vasifqızı da dost itkisindən sonra sosial şəbəkə hesabında yazmışdı:

- Bu nə qəfil gediş idi, ay Svetlana xanım? Axı biz belə vədələşməmişdik. Sizinlə o qiyabi görüşlərimiz, yazışmalarımız belə, mənim üçün bir aləm idi. Sizin yazılarınız, tövsiyələriniz, hər hansı bir məsələyə yanaşmanız, baxış bucağınız bir məktəb idi, dərs idi. Siz təkcə mənim deyil, bir çox insanların mənəvi müəllimi, hamisi idiniz. Siz fikir və düşüncələriniz, hərəkət və davranışlarınızla, kübarlığınızla hamımıza sanki həyat dərsi öyrədirdiniz. Mən sizinlə ilk dəfə bir konfransında tanış olmuşdum. Sonra mətbuat səhifələrində yazılarınızı oxumuşdum, sonra dostlaşmışdıq. Aramızdakı yaş fərqinə baxmayaraq həmişə danışmağa söz, müzakirə etməyə mövzu tapırdıq. Siz mənim həyat müəllimim idiniz, bunu siz xaricə köçəndən sonra daha çox anladım. Böyük vətən sevginizlə, təssübkeşliyinizlə, mübarizliyinizlə, dop-dolu həyat eşqinizlə bir çoxlarına örnək idiniz. Almaniyada yandırdığınız "Azərbaycan ocağı"nın qorçusu oldunuz, Bir ana şəfqəti ilə o ocağın işığına, istisinə bizim ölkəmizə maraq göstərən, onu yaxından tanımaq istəyənləri toplamağa çalışdınız. Mən sizdən bir dəyərli keyfiyyət də öyrəndim:insan eşqini! O qədər sevgi dolu idiniz ki! Bir yox, yüz günəşin hərarətini əvəz edə bilərdi bu eşq! Ürəyimdəki yerinizi işıqlı və unudulmaz xatirələriniz tutub idi.

- Biz ailəvi dost idik, bir müddət bərabər də işləmişdik, - Azərbaycan Ensiklopediyasının əməkdaşı Əxtər Zeynalova rəfiqəsinin bu qəfil gedişinə çox təəssüfləndiyini bildirir, - bu bəd xəbərdən cəmi iki gün əvvəl telefonla danışmışdıq onunla. Deyirdi, Bakıya gəlmək istəyirəm, amma yoldaşımı da tək qoymağa ürək eləmirəm (nə yazıq ki, onun vəfatından cəmi bir neçə gün sonra həyat yoldaşı da bu dünyanı tərk etdi. Allah hər ikisinin məkanını cənnət, ruhunu şad etsin!), o son telefon danışığımızda da: "sağlıq olsun, bəlkə yayda gəldik! - demişdi, - Bakı üçün çox darıxıram". Svetlana xanım çox müdrik, savadlı, zəngin dünyagörüşlü bir insan idi. Milli kinomuzun tarixinin gözəl bilicisi və təbliğatçısı olmaqla yanaşı, həm də ssenarisi əsasında çəkilmiş xeyli sənədli ekran əsərinin, animasiya filminin, "Mozalan" satirik jurnalına mövzu olan ssenarinin, bir çox təbiət filminin müəllifi idi. O harada işləməyindən, hansı mövzuda yazmağından asılı olmayaraq, öz işinə ürəyini verirdi! 

Bu qənaətdəyəm ki, səxsiyyət olmaq, heç kimin görmədiyi, bilmədiyi zamanda da doğru olanı etməkdir! 

Heç kəs ömrünün ahıl çağında, vətəndən çox-çox uzaqlarda onu məcbur etmirdi ki, Azərbaycanı təbliğ etmək, onun tarixini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini tanıtmaq kimi məsuliyyətli və o qədər də asan olmayan bir missiyanı yerinə yetirsin, məxsus olduğu, təmsil etdiyi millətin kimliyini tanıtsın! Əslində, Svetlana xanım İsmayılovanı Sülh səfiri adlandıran yeni tanışları - hər kəsə, xüsusi ilə də emiqrantlara o qədər də açıq olmayan qonşuları, tanışları, sosial şəbəkə dostları ona tez-tez Azərbaycanla bağlı suallar verir, ölkəmizlə, onun haqq savaşı, gələcəyi barədə daha geniş və səhih məlumat almaq istəyirdilər və bizim dəyərli həmkarımız onlara səbrlə, həm də çox dəqiq və ətraflı məlumat verməkdən qürur duyurdu.

Deyirlər ki, "İnsan, təbəssüm ilə göz yaşı arasında gedib-gələn bir rəqqasdır!"

Svetlana xanım da öz qəfil gedişi ilə onu sevənlərin göz yaşına köçsə də, əməlləri, əsaləti, əsilzadəliyi, kübarlığı, insanlara, məxsus olduğu xalqa, doğulduğu torpağa tükənməyən sevdası, şirin söhbətləri, məzəli zarafatlar ilə həm də onu tanıyanların xatirə-təbəssümündə yaşayacaq!

Əziz Sveta xanım! 83 illik ömrü nağıl kimi oxunan insan! Əgər bu yaz günlərində göylərdən sizin qoşa məzarınıza bir ovuc yaz yağışı çilənsə, bilin ki, bu Azərbaycanda sizi tanıyan, xatırlayan, sevən insanların rəhmət duası, Sizin məhz bu mart günlərdə ilk dəfə Sizsiz qeyd edilən 83 illik həyat yolunuza minnətdarlıq alqışıdır... Onların arasında mən də varam!


Yazarın digər yazıları