usd-1.7000 eur-1.7890 rub-1.5962
Bakı 8°C 2.17 m/s
Son xəbərlər
02-12-2024
27-11-2024
26-11-2024
23-11-2024
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Əlahəzrət faktlara istinadən...
YAZARLAR
07 Aprel 2022 | 21:21

Əlahəzrət faktlara istinadən...

Hüseynbala MİRƏLƏMOV

Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist


...Təqribən 15 il bundan qabaq "Azərbaycan" qəzetinin şöbə müdiri, görkəmli jurnalist Flora Xəlilzadə zəng vurub mənimlə görüşmək istədiyini bildirdi. Görüşümüzdə Flora xanımın ilk cümləsi indiki kimi yadımdadır: "Hüseynbala müəllim, dünən bizim başımıza nə oyun açmısınız?" Təəccübləndim. Flora Xəlilzadə sözünə davam elədi: "Dünən televiziyada "Tənha durna uçuşu" filminiz nümayiş etdirildi, bir otaqda mən filmə baxıb ağlayırdım, digər otaqda oğlum. Gəldim ki, sizi bu uğurlu ssenariyə görə ürəkdən təbrik edim, həm də bir məsələni diqqətinizə çatdırım. Mənə bir gün əvvəl  yüksək ranqlı tanınmış bir məmur zəng vurub dedi ki, televiziyada Hüseynbala Mirələmovun ssenari müəllif olduğu film nümayiş etdirəcəklər, istəyirəm ki, baxıb filmi darmadağın edəsən. Əlbəttə ki, o məmurun sözünə görə yox, sırf maraqdan filmə baxdım və əslində o gözəl film bizi sözün müsbət mənasında "darmadağın" elədi..."

Flora xanım söz verdiyi kimi, yaradıcılığımı "darmadağın etmək" arzusunda olan o "vəzifəli"nin adını açıqlamadı, ancaq düşünürəm ki, o məmur nə qədər yüksək "vəzifə"də imiş ki, özündə "Azərbaycan" qəzetinin şöbə müdirinə göstəriş vermək cəsarətini tapıbmış?.. Əslində heç o insanın adını öyrənməyə marağım da olmadı, zaman-zaman müşahidə edirəm ki, paxıl, xain, başqasının uğurlarını gözü götürməyən adamların adı olmur, sadəcə kinləri və xıltları olur. Bu xarakter məsələsidir, vəzifə ilə əlaqəli deyil, bunlardan vəzifədə olanlar da var, olmayanlar da...

Bu misalı ona görə gətirdim ki, insanların ədalətdən uzaq münasibətləri artıq çoxdandır məni təəccübləndirmir. "Tənha durna uçuşu" hekayəsini  gənclik illərimdə qələmə almışam. Məktəb  illərinin dostlarına ithaf etmişəm. Hekayə ilk  gənclik həyəcanları və sevgi haqqında səmimi  bir hekayədir. Bunlar hamımızın gənclik illərində yaşadığımız hisslərdir və burada qeyri-adi heç nə yoxdur. Flora xanımın da böyük təəssüratlarla haqqında bəhs etdiyi həmin filmdən sonra mənə yüzlərlə məktub gəlmişdi. Hətta yaşlı insanlar belə  mənə yazırdılar ki, sən bizim həyatımızı necə bilmisən, necə bu qədər dəqiqliklə qələmə almısan? Yəni demək istəyirəm ki, hansısa məmurun "darmadağın" elətdirmək istədiyi və Ötkəm İsgəndərov, Həmidə Ömərova, Əminə Yusifqızı, Səidə Quliyeva, Azad Şükürov, Mətanət Atakişiyeva, Məsmə Aslanqızı, Rafiq İbrahimov, Əjdər Həmidov,  Abbas Qəhrəmanov kimi tanınmış aktyorların  rol aldığı həmin film geniş tamaşaçı kütləsi tərəfindən də rəğbətlə qarşılanmışdı...

Bu müqəddiməni yazmağım təsadüfi deyil. Bir neçə gün əvvəl sosial şəbəkədəki səhifəmdə Qəşəm Nəcəfzadənin vaxtilə yaradıcılığım haqqında yazdığı "Hüseynbala Mirələmovun ədəbi həqiqətləri" kitabından bir hissə paylaşmışdım. Niyəsə bu məlumat bəzi jurnalistləri qıcıqlandırıb. Bundan  sonra bəzi saytlar və internet televiziyaları Qəşəm Nəcəfzadəni mütəmadi olaraq dəvət edib haqqımda eyni sualları verməkdən yorulmurlar. O sualları verən gənc jurnalistlərə böyük hörmətim var, gənclər bizim gələcəyimizdir, sualları ilə bağlı da heç bir iradım yoxdur, ancaq səsləndirdikləri ittihamlara səmimi şəkildə, həm də onların bəzilərindən fərqli olaraq gerçək faktlara əsaslanaraq cavab vermək qərarına gəldim.  "Yeni Müsavat"ın internet televiziyasında şair Qəşəm Nəcəfzadəyə sual verən gənc jurnalist iddia edir ki, Hüseynbala Mirələmov yazarlara və rejissorlara təzyiq edib haqqında kitab yazdırır(mış), əsərlərini teatrlarda tamaşaya qoydurur(muş). Bu müqəddimə ilə başlamaq səbəbim odur ki, ədəbi-bədii yaradıcılığımı hədəf alıb ən müxtəlif şəkildə, ən müxtəlif mənbələrdən ən müxtəlif səviyyələrdə hücuma məruz qoyanların kininə, şübhə ilə yanaşmalarına çoxdan öyrəncəliyəm və bundan zərrə qədər də narahatlıq keçirmirəm. "Bar verən ağacı daşlayarlar" deyib atalarımız... Amma ağacı daşlamağın da təhər-töhrü var, çünki böyük ağaclar bir gündə yetişmir və onların təkcə barı yox, bəzən sadəcə kölgəsi də  lazımlı olur... Ona görə bir az əvvəldən başlayaq.

1961-ci ildən etibarən dövri-mətbuatda bədii əsərlərim çap olunur. İlk hekayəm - "Bir tikə çörək" 1961-ci il, noyabrın yeddisində həmin vaxt Mərkəzi Komitənin mətbu orqanı olan "Leninçi" qəzetində işıq üzü görüb. Həmin vaxt mən Lənkəranda 2 nömrəli orta məktəbinin 7-ci sinfində təhsil alırdım. O dönəmdə "Leninçi"nin  redaktoru görkəmli jurnalist  Tofiq Həsənov idi. Ondan əvvəl isə hələ 4-cü sinifdə oxuyanda  "Azərbaycan pioneri" qəzetində də oçerk və məqalələrim dərc edilirdi.

Mən 1965-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşam. Sonralar İnstitutun "Politexnik" qəzetində mənimlə eyni ildə həmin ali məktəbə qəbul olan Xalq şairi Vahid Əziz, nasir Dilsuzla birgə hər üçümüzün əsərləri çap olunurdu. O qəzeti demək olar ki, biz buraxırdıq. İnstituta qəbul olunduqdan sonra "Azərbaycan pioneri" qəzetinin redaksiyasına gedib  uşaqlıqdan bəri əməkdaşlıq etdiyim kollektivlə görüşdüm, əyani tanış oldum.  O qəzet mənə çox doğma idi. Həmin vaxt qəzetin baş redaktoru görkəmli jurnalist Əmrah Əmrahov idi. Əmrah müəllimlə görüşəndə bütün kollektivi topladı və məni qəzetdə işləməyə dəvət etdi. Dedim ki, gündüz oxuyuram. Cavab verdi ki, eybi yoxdur, günortadan sonra işləyərsən. Beləliklə, günün ikinci yarısında ədəbiyyat şöbəsində  baş ədəbi işçi vəzifəsi mənə tapşırıldı. Bir müddət sonra isə görkəmli şair və nasir Vaqif Nəsib başqa işə keçdiyinə görə "Azərbaycan pioneri" qəzetinin ədəbiyyat şöbəsinə rəhbərlik bütünlüklə mənə həvalə edildi. Ondan sonra düz 5 il orada Cəmil Əlibəyli, Davud Abdulkərimov, Şahin Quliyev, Zeynal Babayev, Əmrah Əmrahov, Əmir Mustafayev, Svetlana Nəcəfova, Məmməd Əkbərov, Hafiz Hüseynov,  Valeh Səfərov, Nəriman Süleymanov, Vaqif Hüseynov, Asif Quliyev kimi Azərbaycan jurnalistikası tarixində imzasını təsdiqləmiş görkəmli jurnalistlərlə çiyin-çiyinə əməkdaşlıq etmişəm. İşə gedərkən eyni mərtəbədə hər gün korifey jurnalist Nəsir İmanquliyevlə üz-üzə gəlirdik, işlə bağlı bilmədiyim məsələləri bəzən də ondan soruşub öyrənirdim.  Əvvəlki nəsil bu görkəmli jurnalistlərimizi yaxşı xatırlayır, onların hər biri klassik jurnalistikamızın sayılıb-seçilən isimlərindən idilər. Onlardan dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm, həyatda olanlara cansağlığı arzulayıram, onlar bu yazımı oxusalar fikirlərimi təsdiqləyə bilərlər. 1965-70-ci illər ərzində "Azərbaycan pioneri"nin ədəbiyyat şöbəsinin işini mən apardım. Buna qədər isə rayondan bu qəzetə yazılar göndərirdim və dərc edilirdi. Maraqlananlar M.F.Axundov adına Milli Kitabxanaya müraciət edib dəqiqləşdirə bilərlər. 1961-ci ildən başlayaraq 24 yanvar, 26 mart, 7 aprel, 7 iyul, 27 oktyabr və sair zaman ardıcıllığı ilə qəzetin arxivinə göz ata bilərlər. Bildiyimə görə, Milli Kitabxananın qapıları gecə saatlarına qədər oxucuların üzünə açıqdır.

"Azərbaycan pioneri"nin ədəbi şöbəsində çalışdığım vaxt görkəmli yazıçıların, şairlərin hekayələrini, poemalarını böyük məmnuniyyətlıə redaktə edirdim, çapa göndəriş yazırdım. Orada əsərləri işıq üzü görən müəlliflər arasında sonradan tanınmış yazıçı və şairlər də yetişdi. O müəlliflərin hamısı da mənim işimdən razı qalırdılar. O vaxtkı Azərbaycan Dövlət Univeristetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin tələbələri "Azərbaycan pioneri" qəzetinə təcrübəyə gələndə onlardan bir neçəsini rəhbərlik bizim şöbəyə yönəldirdi. Mən onların çoxuna xəbər yazmağı öyrətmişəm. Sonra o tələbələrin böyük əksəriyyəti tanınmış qəzet və jurnallarda öz imzaları ilə tanınan jurnalistlər kimi yetişiblər.

Bu yaxınlarda "Ənvər Paşa" kitabımın təqdimatında mənim özüm üçün də sürpriz olan bir məlumatı eşitdim. Təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov 7-ci sinifdə oxuyarkən onun ilk şeirlərini mənim redaktə etdiyimi və onun ilk redaktoru olduğumu  qürur hissi ilə dilə gətirdi: "Yazıçı Hüseynbala Mirələmov mənim ilk redaktorum olub. Yeddinci sinifdə oxuyanda yazdığım şeirləri "Azərbaycan  pioneri" qəzetinə yollamışdım, şeirlərim o vaxt həmin qəzetdə çalışan Hüseynbala müəllimin redaktorluğu ilə dərc edilmişdi..." ( Əflatun Amaşovun və digərlərinin yaradıcılığım haqqında ətraflı fikirləri ilə tanış olmaq istəyənlər isə "525-ci qəzet"in 16 fevral 2022-ci il tarixli sayına nəzər sala bilərlər. https://525.az/news/186508-huseynbala-mirelemovun-enver-pasa-romani-teqdim-olundu ).

Əlbəttə, bu kimi faktlar onlarla, yüzlərlə olduğu üçün hamısını xatırladaraq buraya yazmağa lüzum görmürəm.

Bunları yazmaqda əsas məqsədim odur ki, keçmişə nəzər salmadan, əlahəzrət faktları bilmədən bəziləri təxəyyül gücü ilə ittihamlar səsləndirir, Hüseynbala Mirələmov ədəbiyyata sanki bu yaxınlarda gəlibmiş kimi təəssürat yaratmağa çalışanlar necə deyərlər, üstümüzü unlu görüb adımızı dəyirmançı çağırmaqda israr edirlər. Nə olsun ki, mən ixtisasca mühəndisəm, öz sahəm üzrə - qaz təsərrüfatı sahəsində ən yuxarı vəzifələrdə çalışmışam?  Bu mənim günahımdır? İnstitutu bitirəndən sonra hərbi xidmətə getdim və qayıdandan sonra qəzetdə deyil, öz ixtisasım üzrə qaz təsərrüfatı sahəsində işləməyə başladım. Yoxsa belə bir qanun varmı ki, istehsalatda çalışanlar, texniki sahənin biliciləri bədii yaradıcılıqla məşğul ola bilməz?!

 Qəşəm Nəcəfzadə ilə internet televiziyasında müsahibə aparan gənc jurnalistin iddiasına görə, mən yaradıcılığım haqqında kitabların yazılması üçün, əsərlərimin tamaşaya qoyulması üçün təzyiq göstərirmişəm(!). Mən niyə və hansı şəkildə  insanlara təzyiq göstərə bilərdim, bu nə cür düşüncə tərzidir? Mənim hansı təzyiq rıçaqlarım vardı ki, haqqımda yazmaları üçün  yazıçılara, şairlərə, rejissorlara təzyiqlər edim? Onlara təzyiq edib neyləyəcəkdim ki, evlərinin qaz təchizatını kəsəcəkdim, yoxsa evlərinə qaz çəkiləndə maneçilik yaradacaqdım?! Bu nə gülünc bir fikirdir?

Yeri gəlmişkən, yeni faktlar axtaran gənc jurnalistlərimizə onu da bildirim ki, ədəbi yaradıcılığım haqqında yazan təkcə Qəşəm Nəcəfzadə deyil. Əsərlərim haqqında  mərhum akademik Bəkir Nəbiyev xeyli məqalə və resenziya yazıb. Akademik Nizami Cəfərov  "Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi-tərcümeyi halı", professor İslam Qəribli  "Hüseynbala Mirələmov: tarix və müasirlik", professor Nizaməddin Şəmsizadə "Yazıçı ömrünə üvertüra",  tanınmış ədəbiyyatşünas alim Vaqif Yusifli  "Həyatın ritmi", Raqub Kərimov və Eyvaz Eminalıyev "Hüseynbala Mirələmovun yaradıcılıq yolu", Minaxanım Nuriyeva - Təkəli   "Sənət kəşfləri. Yaradıcılıq səadəti", Elçin Kamal və Fariz Çobanoğlu "Obrazlar aləmində", Vəkil Hacılı "Gəlinlik paltarı işığında", Əli Rza Xələfli "Əbədi həyat arzusu", Sarvan Şamiloğlu və  Surxay Əlibəyli "Hüseynbala Mirələmov yaradıcılığında Qarabağ ağrıları", Bəradər Səməndərli və Aygün Hüseynova "Mirələmovun "qırxıncı otağı" adlı sanballı kitablar qələmə alıblar. Yeri düşmüşkən xatırladım, 1986-cı ildə nəşr edilən "Tənha durna uçuşu" adlı ilk  kitabımın ön söz müəllifi Xalq yazıçısı Elçindir, bu yaxınlarda işıq üzü görən "Şərəfsizlik tarixi" yaxud Vernadski prospektində"  kitabıma ön sözü isə Yazıçılar Birliyinin sədri, hörmətli Xalq yazıçımız Anar yazıb. Bundan başqa Xalq şairləri Bəxtiyar Vahabzadə, Qabil, eləcə də görkəmli ədəbiyyatşünas alim İsa Həbibbəyli, tanınmış yazarlar Əbülfət Mədətoğlu, Əli Mahmud, Aydın Xan, Gülarə Munis, Xuraman,  Firudin Tərtəroğlu və indi adını xatırlamadığım neçə-neçə dəyərli sənətkar əsərlərim haqqında dövri mətbuatda çox gözəl yazılar, məqalələr və resenziyalarla çıxış ediblər. Ədəbiyyatşünas alim Xatirə Əliyeva "Hüseynbala Mirələmovun yaradıcılıq yolu" mövzusunda dissertasiya müdafiə edib. Bu yaxınlarda daha bir gənc alimin yaradıcılığım mövzusunda yazacağı dissertasiya işinin mövzusu təsdiqlənib. İndi o gənc jurnalistin sözünə əsaslansaq, belə çıxır ki, bu qədər yaradıcı insana əsərlərim  haqqında yazılar yazmaq üçün təzyiq göstərmişəm?!

Hələ institutun ikinci kursda oxuyarkən - 1967-ci ildə "Ulduz"un, səhv etmirəmsə, 8-ci sayında "İzlər" hekayəm işıq üzü görmüşdü. Onda "Ulduz" jurnalı yeni nəşrə başlamışdı. Həmin vaxt jurnalın ədəbiyyat şöbəsinin müdiri görkəmli şairimiz mərhum Məmməd Araz idi. Hekayəni də o çap eləmişdi. Onda guya "haqqımda yazmaq, əsərlərimi nəşr etmək üçün insanlara təzyiq göstərdiyim" iddiasını irəli sürən jurnalistlərin nəinki özləri, heç valideynləri də anadan olmamışdı...

Tanıyanlar bilir, rəhmətlik Xalq şairi Qabil həm çox səmimi, həm də obyektiv bir insan idi. Ürəyindən gəlməyən heç bir sözü söyləməzdi. Bir dəfə telefon söhbətimizdə mənə demişdi: "Sən bilirsən də mən bu gün heç kəsi oxumuram. Əlbəttə, mən sənə minnət qoymaq istəmirəm, ancaq sənin "Gəlinlik paltarı" romanını həm özüm, həm də ailə üzvlərim oxuyur. Amma sənə bir iradım var. Sən o gün Azərbaycan televiziyasında çıxış edirdin, orda qeyd etdin ki, mən mühəndisəm, istehsalatçıyam, ədəbiyyat mənim hobbimdir. Mən isə sənə əminliklə etiraz edib deyirəm ki, sən gözəl yazıçısan, əsas işin də ədəbiyyatdır, mühəndislik, istehsalat sənin hobbindir". Allah ona qəni-qəni rəhmət eləsin, "Dağlarda atılan güllə"  romanım haqqında da müəllifi olduğu "Qeyrət a vətəndaşlar" yazısında dəyərli fikirlərini qeyd edib. 

Dünya şöhrətli dahi yazıçı Çingiz Aytmatov "Xəcalət" əsərimi oxuyub bəyəndiyini dəfələrlə dilə gətirmişdi. Səmimi dostluq telləri ilə bağlandığımız Cingiz Aytmatovun yaradıcılığım haqqında söylədiyi fikirlər həmişə stimul qaynağım olub. Dahi yazıçı "Dağlar düşəndə" romanının əlyazmasını da şəxsi avtoqrafı ilə mənə bağışlamışdı. İndiyə qədər aldığım ən dəyərli hədiyyələrdəndir...

Sadəcə bilmək maraqlıdır, görəsən yerli-yersiz ittihamlar səsləndirən sözügedən gənc jurnalist Azdramada hansısa bir tamaşamı izləyibmi?  Yaxud ümumiyyətlə, teatr repertuarlarına vaxtaşırı nəzər salırmı? Əvvəllər yazdığım onlarla əsərimi heç demirəm, heç olmasa, son 4-5 il ərzində qələmə aldığım "İki şah, iki sultan" trilogiyasından "Süqut", "Bənövşəyi əncir", "Çaldıran yolu" romanlarımı, "Son səfər" povestimi, "Şərəfsizlik tarixi" yaxud Vernadski prospektində" sənədli prozamı, "Ənvər Paşa" tarixi romanımı heç vərəqləyibmi ki, yaradıcılığım haqqında fikir yürüdür? Teatrlara  azca da olsa diqqət yetirsəydi bilərdi ki, "Xəcalət", "Vəsiyyət"  tamaşası illərlə Azdramanın səhnəsində anşlaqla oynanılıb. Hansısa rejissora necə təzyiq göstərmək olar, rejissor bir kənara, tamaşaçılara təzyiq göstərib onları zala yığmaq olarmı? Bu tamaşalar da, ssenarilərim əsasında yazılan televiziya filmləri də böyük tamaşaçı rəğbəti qazanıb. "Xəcalət"də baş rolun ifaçısı olan  Xalq artisti Nurəddin Mehdixanlı televiziyada çıxışında dəfələrlə deyib ki, "Xəcalət" tamaşası dünyanın 4 ali festivalında Qran-pri mükafatına layiq görülüb. Yəqin festival jürilərinə də mən təzyiq eləmişəm...

Jurnalist olmaq səsinə güc verib pafosla danışmaq deyil. Jurnalistliyin başlıca prinsiplərindən biri soyuq faktlara əsaslanıb fikir yürütməkdir. İxtisasca  jurnalist olmasam da yuxarıda adını çəkdiyim görkəmli jurnalistlərin məktəbini keçmişəm, yəni hələ gənclikdən onlardan bu sənətin bütün sirlərini öyrənmişəm.

Əlbəttə, jurnalistikamızda olan gənc mütəxəssislərin gələcəyinə böyük ümidlərim var, onların öz peşəkar sələflərinin yolunu layiqincə davam etdirəcəklərinə inanıram. Çünki Azərbaycan jurnalistikası sanballı təməl üzərində bünövrə tutmuş hörmət-izzətli bir fəaliyyət sahəsidir. Bu sanbalı və izzəti qorumaq isə gənc jurnalistlərin həm vəzifə, həm də vətəndaş borcudur.

Hər gün televiziya kanallarında Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatları verilir: ölkədə külli-miqdarda  narkotik maddənin ələ keçirilib məhv edilməsi, bunun alveri ilə məşğul olan cinayətkarların zərərsizləşdirilməsi ilə bağlı xəbərlər cəmiyyətə açıqlanır. Gənc jurnalistlərə tövsiyə edirəm ki, bu qədər narkotik maddənin Azərbaycana nə üçün, hansı yollarla gəldiyini araşdırsınlar, gənclərin həyatını məhv edən narkomaniyanın azaldılması istiqamətində maarifləndirmə işləri ilə məşğul olsunlar, bununla bağlı  mətbuatda mütəmadi yazılarla çıxış edib dövlətimizə, xalqımıza bu şəkildə xeyir versinlər. Kiminsə şəxsi həyatı ilə bağlı, yaxud heç bir ictimai yükü olmayan məlumatlarla süni sensasiyalar yaratmaqdansa, bədxah qüvvələrin gəncliyimizi narkomaniyaya sürükləməsinin qarşısını almaq  üçün bu problemi işıqlandırsınlar, mümkün həll yollarını təklif etsinlər. Azərbaycanı düşündürən ümummilli problemlərdən, bəşəri məsələlərdən, gənclərin niyə təhsildən uzaqlaşıb zərərli vərdişlərə qurşanmasından yazsınlar. Hamımızı narahat edən əsl problemlər bunlardır. Yoxsa, saytlarda, internet televiziyalarında süni reytinq naminə, İP sayını artırmaq üçün "Mirələmov hardasa asqırdı, yaxud filankəsov hardasa öskürdü" tipli xəbərlərlə jurnalistika olmur. Mirələmovun hansısa məclisdə öskürməsinin heç kimə nə dəxli, nə də faydası yoxdur. Nöqsanlardan yazmaq, müəyyən maarifləndirmə işləri aparmaqdansa, ayrı-ayrı adamların şəxsi həyatına giriblər və ordan çıxmaq istəmirlər... Kiminsə şəxsi həyatı başqasının nəyinə lazımdır? Müasir Azərbaycan jurnalistikası bu deyil, bu olmamalıdır. Hazırkı bəzi "xəbər" saytlarının fəaliyyəti həqiqi jurnalistikadan  min ağac uzaqdadır...

Bütün hallarda danışanda da, yazanda da ədaləti, insafı unutmamaq lazımdır. Orta məktəbi  gümüş medalla bitirib 2 "5"lə Politexnik İnstitutuna  qəbul olunmuşam. Atam da sadə fəhlə olub, əlinin qabarı ilə bizi böyüdüb, namuslu əməyi ilə övladlarını ali məktəblərdə oxudub. Kiminsə vasitəsilə, tapşırığı yaxud "daydayılığı" ilə  irəli getməmişəm. Mənim nə o vaxtlar, nə də indi  təsir vasitələrim, yaxud təzyiq rıçaqlarım olmayıb ki, bütün bunları həyata keçirim. Erkən gəncliyimdən oxuyub, çalışıb hər şeyə zəhmətimlə nail olmuşam. Məgər ədəbiyyatla yanaşı fizikanı, riyaziyyatı da əla oxumaq günahdır? Həmin vaxt istədiyim ali məktəbə daxil olmağa savadım vardı, sadəcə o vaxt müəllimlərimin tövsiyələrini nəzərə alıb texniki sahəyə sənədlərimi təqdim etdim və mühəndis oldum. Əslində isə filoloq, jurnalist olmaq istəyirdim. Və bu sahə üçün savadım da, dünyagörüşüm də yetərli idi.  Amma tale elə gətirdi ki, mühəndis oldum, Azərbaycan sənayesinə öz töhfələrimi vermək imkanı qazandım, eyni zamanda ədəbiyyatla nəfəs aldım, ondan uzaq düşmədim, istehsalatla paralel bədii və publisistik yaradıcılığımı davam etdirib yazıçı oldum. Hələ çap edilməmiş "sandıq ədəbiyyatı"m da kifayət qədərdir, inşallah, gələcəkdə onları da nəşr etdirməyi düşünürəm.

Sonda bir daha xüsusilə bəzi internet televiziyalarına və saytlara üzümü tutub faktlara söykənərək, müraciət etdikləri mövzuları dərindən araşdıraraq xəbər, reportaj, veriliş hazırlamağı tövsiyə edirəm, çayxanada, avtobusda, hansısa məclisdə eşitdikləri məhəllə söhbətlərinə istinad edərək yox. Çünki hər xəbər, hər fakt  insan taleyində dərin izlər buraxır. Faktlar quru statistika deyil, onların arxasında ədəbiyyat naminə keçilmiş yol, dövlətə və dövlətçiliyə böyük xidmət durur.


Yazarın digər yazıları