ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
YALNIZ RUHUN PIÇILTILARI... RUHUN ÜSYANI
ƏDƏBİYYAT
21.04.2026, 22:43 Oxunub: 206YALNIZ RUHUN PIÇILTILARI...
RUHUN ÜSYANI
Mən Canımdan keçərəm Sənin üçün,
Səndən də keçərəm Vətənim üçün - Ş. Petefi
Özgür Olun, Özünüz Olun, Dünya Özü Olana Heyran Olur!- İ. Breqman
Fərqli olan qələbəlikdə, işıqlı olan qaranlıqda gizlənə bilməz.
... içimizdəki üsyan, tənhalıq, yalnızlıq sonda bizi İnsan qılır! Bu, ÜSYANKAR RUHMU... yoxsa, Azadlıq ehtirasımı, yoxsa uzaq dönəmlərin ruh insanlığının, ürfani ruhunun boğulmuş səsimi... Bəşəriyyət yaradılışından bu günəcən daim niyə, nə üçün, nədən və s kimi dilemmalar qarşısında qalmış, məqsəd yalnızca istismar olunmadan yaşamaq, öz boz çöllərində, yaxud daş qayalıqlarında, uca dağlarında Vətən adlanan Ocağında gözəlmiş. Və yaşamaq, azadca ömür sürmək. Məqsəd sadəcə insancasına yaşamaq, sevgini, məhəbbəti, ailənin gözəlliyini dadmaq. Lakin yaşamağa qoyurlarmı?... Özü olmaq istəyəndə, özgür olmaq istəyəndə, azad olmaq istəyəndə - sənə dəli deyib daşlamadılarmı?...
Məcnun deyə tən edir xəlayiq ...
Və sən də Leyli üçün – sevdiyin üçün Nöfəlin qoşununa daş yağdıran bir Məcnun deyilmisən? Nələr dəyişsə də, insan xisləti, içindəki üsyan, fırtına, inqilab heç zaman sönməyəcək. Yanıb kül olan insan Simurq kimi küllərindən yenidən doğulacaq! Yenidən alovlanacaq, yenidən yanacaq. Əgər günün birində soruşularsa insan səndən, - necə yaşadın?... Ulu Şəhriyarın nisgilli, Vətən həsrətli, “ O tayda Vətəndir”- adlı fəryadı əks olunmuş bu beyt İnsanlıq tarixinin dramı- yazılmamış qanunların özünə tale adlı mənhus qədərimizdə əks- sədasıdır:
Ürəyimdən xəbər alsan, necə keçdi ömrün?
Göz yaşımla yazacaq, hər günüm ağlar keçdi!
Sən İnsanı uca yaratdın, mükəmməl, gözəl yaratdın. Şiur, əql, düşüncə, ağıl verdin, bəs bu hərc- mərclik, acgözlük, xainliklər nə demək... deməli insan adlı varlığı həm də naqis yaratdın, acgöz yaratdın. Qədirbilməz- anlamaz. Nədən?
Rüstəm Behrudi bu nisgilli qəribliyi “Sənin Gözlədiyin Qərib Türk Mənəm” misralarına çevirərək öz kimliyinin ilahi talesizliyinə, dünyanı qərib- qərib dolaşmasına, lakin hər yerdə- məkanda daşlanmasına, haqsızlığa uğramasına öz sonsuz ağrı- acısıyla qovrularaq əslində yazmır, bəyan edir, fəryad qoparır. Özü- öz hayqırışlı pıçıltılarıyla qalır. Nədən... çünki onu anlamaq iqtidarına malik çox az insan var.
Əsrlər öncə Füzuli ahından qoparaq yaranmış, insanların qəlb- könül adlı dünyalarını yandıran üsyan beytlərə çevrilərək dillərdə dastan olmuş, nəhayətində aforizmə dönərək nisgilli könüllərin ağrı- acısını ifadə etmişdir :
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı!
Əlbəttə belə misallar, zərif insanlar- zərif könül dünyaları dünya var olduqca, nisgilli qədərlər, amansız tale burulğanında sürüklənən bəşəriyyət var olduqca, dünya ağalığı, “alim ac, gədalar tox olacaqsa”- N. Kəsəmənli, haqlı ola- ola haqsız durumuna düşəcəksənsə, sivilizasiyanın – mədəniyyətin, texnologiyaların ən yüksək pilləsinə qatılsan da, bunlar bir “alın” yazısımı... bax bunu bilmədim. Hələ müharibələr, günahsız insanlar, məhv edilən körpələr və hamı, dünya dolanışıq dalısınca düşüb və necə də köləyə- qula çevrildiyini anlaya- anlaya dərk etsə də, əlac etmək iqtidarında belə deyil. Çünki, onun bütün hüquqları kor dolanışıq adı ilə oğru kimsələr tərəfindən istismar edilməkdədir. Yəni, dərk etdiyimiz, hər addımda üzləşdiyimiz yırtıcı kapitamizm öz amansız pəncələrini İnsanlığın üzərinə keçirib onu artıq məhv etməkdədir. Mənəviyyatını itirmiş bir abırsız sürü isə yağlanmaqda, harıncasına yaşamaqdadır. Həmçinin xaç- səlib yürüşləri müsəlman dünyasını tar- mar etməkdədir.
Yadıma əski bir türk məsəli düşür, “Obaya qurd gərəkdir”. Yaxud, “Könlü ac olan azğın olur”. Və acı da olsa, “Qurdu ölən dağın köpəyi kral olur”.
Səbr bəzən nə qədər gərəklisə də, onun daim olduğu yerdə itaət köləlikdir. Nədən ki, gec gələn ədalət, ədalət deyildir.
Haşiyə: Atəşpərəstlərin- Zərdüştlərin sitayiş etdikləri yeganə tapınaq mənbəyi səmadakı Tək Tanrı idi. O Tanrı ki, Göytürklərdən belə Zərdüştlik – şamançılıq Tanrılara tapınmaq idi. Bu dini baxışların hər biri səmavi aləmdən qaynaqlanırdı.
Sənin gözlədiyin qərib türk- kim bu qərib? Bəlkə də...
Uca dağ başında yanar bir işıq,
Yolumu gözlər qərib bir aşiq!
Nədən bu nisgil, özü də qərib- yalnız. Bəlkə elə Aşıq Qərib bu. Mifoloji surət kimi deyil, tarixən mövcud olan, yaşamış Aşıq Qəribi gah alban, gah ermənidən dönmə türk kimi, bəzi hallarda alban kimi cəfəng hallara salan, o yan- bu yana çəkənlər, Aşıq Qəribin bir milliyyəti var, o bir türkdür. Tarixi qaynaqlara əsasən ilkin adı Rəsul olan Aşıq Qərib əslən Təbrizdən bir tüccar oğlu olub. İstər Anadoluda, Azərbaycan qədim qaynaqlarında XVI- XVII- əsr arası yaşadığı bildirilir. Yaradıcılığı əsasən 8- 11 hecalı şeirlər- qoşmalar yazmış, Tiflisdən varlı qızı olan Şahsənəm adlı qıza həsr edilmişdir. Danışdığı hekayətlərə əsasən Təbrizli bir tacir oğlu olan Rəsul- sonralar Aşıq Qərib, sevdiyi qızın arxasınca Tiflisə gedir. Maraqlı nüanslarla rastlaşdım deyə bəzi detalları bölüşmək istədim.
Krım tatarı kimi ona Yolçu Qərib, türkcə isə Aşıq Qərib və Şahsənəm deyə anılır bu türk eposu. “Aşıq Qərib” bir dastan olaraq yazıya köçürülməsi XVII əsrdə baş versə də, ilkin yazı halında rus şairi M. Y. Lermontov tərəfindən 1837- ci ildə yazılsa da, ancaq şairin ölümündən sonra, yəni 1845- cı ildə dərc olunmuşdur.
Bir mənalı olaraq dastan türk- oğuz mənşəlidir. Yəni, Aşıq Qərib tarixi şəxsiyyət olaraq XVI-XVII əsr arası yaşayıb- yaratmış Təbriz Aşıq məktəbinin görkəmli sənətkarlarından olub. Mifoloji buta verilmə anı- yuxuda görmə kimi amillər Xızır, Cəbrayıl, Həzrət kimi surətlər məhz islamın əlaməti ilə bağlı olan fövqəlbəşər qüvvələr olur. Yəni o bir Oğuz türküdür. O, bir tarixi şəxsiyyət olsa da, aşıq olaraq yaradılan dastan anonim sevgi dastanıdır. Buta verilən Haqq Aşığıdır.
Azərbaycan Türk mədəniyyətinin kökü- kötüyü neçə- neçə minilliklərə enir. Və Sənin dediyin, Gözlədiyin “ Qərib Türk Mənəm” deyimi- R. Behrudi şəxsiyyəti , bu əvəzi- bənzəri, oxşarı olmayan bir şair və onun bu “Qərib Türk” yəni kökünə olan heyranlıq, nisgillə yoğrulan məninin iç qatlarının məhz bu deyimlə açılması - əslində bu bizlərin- mənim-sənin köküm demək imiş.
Ruhumu ağrıdan, sarsıdan, nisgilə dönən, içimizi göynədən -Əziz Elim- torpağım “Qərib Türk” demə elə məmləkətmiş. Və bu qərib türk şərqiləri – nədən bu nisgil, özü də içimizdən çölümüzə yansıyan qərib türkün nisgili...nisgilli ruhu, o ruh ki, o da sevdiyinin yolunda bir Məcnuna dönmüş cünun idi. Ruhundan üsyan hayqıran, fırtınalar qopan aşiq.
Orta əsr çağlarına gedib çıxan “Aşıq Qərib” dastanı qərib bir türkün dililə, türk sazı fonunda öz sevgisini, öz ruh halını izhar edir. Bu əslində xalqın milli yaddaşı, tarixi, folkloru, aşıq şeirinin formalaşmış bəyanı olan Qzan aşıq sənətinin daha bir təkamülü, təşəkkülüdür.
Və Aşıq Qərib ruhuna ehtiramla, bu beyti bizim bu günkü halımızla yamanca da səslənir...
Ana, Mən Qəribəm!
Yalnız ruhun pıçıltılarımı, yoxsa üsyanı içərisində -“ boynu bükük bənövşə” deyimi məni həsrətin, gizlin çəkdiyimiz sirrlərimiz kimi daim düşündürmüşdür. Bu zərif bənöşəgözlü bənövşənin şəninə söz deyən şair- söz adamlarının axtarışında çox olmuşam. Aşıq Qurbani, - Şah İsmayıl sarayının sevilən, hörmətlə anılan el sənətkarı əslən Cəbrayıl rayonunun Dirili kəndində XV- əsrin 70- ci illərində, 1477- ci ildə Diri dağının ətəyindəki kənddə doğulmuş, 17 yaşında Məzənnə Pirində ona İlahi vergisi verildiyi söylənir. Aşıq, eşq sözlərindən irəli gələn işıq sözü nəhayətində ozanın aşığa, qopuzun saza dönməsilə nəticələnmişdir.
Bir yolun bitdiyi- bir əsrin sonları, yeni bir yolun başlanğıcı olmuşdur Aşıq Qurbani şəxsiyyəti. Haqq aşıqlarından hesab olunan Qurbani Şah İsmayılin müasiri və sarayında hörmət bəslənən aşıq, lirik şeirlərin müəllifi olmuşdur. Xüsusən onun yaradıcılığında mühüm yeri “Ədəbiyyatımızın solmayan “Bənövşə”sı- bəlkə də bu qoşma tipli şeir Aşıq Qurbanı yaradıcılığının Şah Beytlər- İbadət Beytlər kimi şeirləri qrupuna daxildir. Çox aşıq- şairlər təbiətin həsrət adlı çiçəyinin simvolu olan bənövşənin şəninə şeirlər yazsa belə, heç birisi Aşıq Qurbani “Bənövşə” si qədər ətirli, uzunömürlü və sirli olmamışdır:
Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq əqlin itirmiş,
Mələklərmi dərmiş, göydən gətirmiş,
Heyif ki, dəriblər az bənövşəni! - A. Qurbani
Lakin yenə də bəşəri şairimiz S. Vurğunun bənövşəsi, mənası ilə ağlı başlardan almırmı...
Mən ki, aparmadım şehli bənövşə,
Çöllərdə bitmişdi, çöllərə qaldı! - S. Vurğun
Azərbaycan- Göyçə təbiətinin al rəngli harmoniyası- bənövşə timsalında əbədilik bu torpaqların həsrət adlı böynubükük gülü- gözəli. Mən də cəsarət edib nələrsə yazdım...
Həsrət qoxursan, nisgildi ətrin sənin
Bənövşəgözlü bənövşəm Mənim!
Göyçəmə aid bildim Səni,
Qərib Türkə aşiq gördüm Səni! -- M. İ.
Buda Aşıq Qurbani adlı zərif bir cavanın, Ona buta verilmiş Məzənnə pirindəcə həyata vida etməsi ilə bu gözəl Aşiq- aşığın başa çatan ruh pıçıltılarına azacıq da olsa səyahət, ruhən daha da zəngin, lakin bir gənc ömrə insanı mütəəssir qılmazmı... Ruhu şad olsun!
***
Bu günlər yaddaşım XIX- əsrin ortalarında yaşamış Cənubi Azərbaycanın qədim Qəzvin şəhərində doğulan, Atasının gözünün nuru olan Ana- Xanım – Qadın, dini cahilliyyətə qarşı üsyankar səsini ucaldan savadlı, bilikli zəka sahibi həm gözəl, gözəl olduğu qədərdə özəl azadmeyilli Azərbaycan qızı- türk xanımı Tahirə xanım Qürrətüleyn dini, qanunlar sistemi kimi yox, şiurun təkamülü kimi qəbul edirdi. İlkin Babilər hərakatına qoşulmuş və Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir. Tahirə xanım babilərin meydana gətirdiyi Yeni İlahi qaydalara uyaraq İslam şərqində çadrasını ilkin atmış, minbərə çıxan ilk müsəlman qadını olmuşdur. O, dövrün tələblərinə zidd olaraq çadrasız minbərə çıxan , qadın azadlığı haqları, onların kişilərlə bərabər hüquqlara malik olması tələblərilə çıxış edirdi. Məlum, Tanrı insanın içində, zahirdə deyil. Tahirə xanım qadın azadlığını ürfani- mənəvi azadlıq aspektində görən, təqdim edən şəxsiyyətlərdən idi. İrfanın əsas xətti azad insan, azad ruh. Taleyi XIX əsrin ortalarında iran cahiliyyət- dini sistemində faciə ilə bitən şəxsiyyətlərdən olmuşdur.
İngilis yazıçısı Eduard Braun “İnqilabi- İran” kitabında “Gözəl Qürrətüleynin saysız işgəncə və əziyyətlərə məruz qalmasından danışır”. Zamanın böyük mütəfəkkiri M. F. Axundov, şərqşünas alim M. Kazımbəy kimi alim filosoflar Qadın Azadlığının çarçılarından biri kimi öz əsərlərində Tahirə xanımın şəxsiyyətini yüksək qiymətləndirmişlər.
Tahirə xanım Şərq- Azərbaycan qadınının intelektual, fəlsəfi dünyagörüşlü, üsyankar ruhlu şair, mütəfəkkir kimi elan olunsa da, məhz Azərbaycan qadınının mənəvi- üsyankar ruhudur.
Üsyankar ruh, bu həm Ş. Təbrizidə, həm də M. C. Rumidə olan üsyankarlıq və iman, əslində istər dində, ideologiyada fenomen idi. Ş. Təbrizinin poeziyası insan ruhundakı həqiqəti, o həqiqəti ki, daim onun dalınca – onu axtararaq keçirir. Onun yaradıcı poetikası Nəsimi “Ənəl- həqq”i ilə uzlaşsa da, Tahirə xanımda “Ənəl- həqq”ə qovuşma baş verir.
Nəsimidə, insan bədəni müqəddəssə, Tahirə xanımda da qadın şiur- düşüncəsi qutsaldır. Bu isə hürufi baxışlarının ideolaji genişlənməsidir.
M. C. Ruminin “Mən bu Aləmə gəlməzdən öncə də vardım” qəsidəsinə nəzər salsaq, “ənəlhəq” ifadəsini orda da görmək mümkündür. “Aləm məndən aydınlandı. Adam məndən təsvir olundu. Mən həm aliməm, hə faziləm, həm də qazilərin qazisiyəm. Sevdanın başındakı sirr mənəm. Çirkin də, gözəl də mənəm. Dünya mənəm, axirət də mənəm. Dağ da, səhra da mənəm. Çünki mən Eşq dilində danışanam. Mən həm aşiq, həm də məşuqam.Mən görünən və görünməyənəm. Yuxudakı göz kimi açığam. Həm varam, həm yoxam: gül suyundakı qoxu kimi. Söyləyən və susanam; kitabdakı yazı kimi. Mövlanəyə məxsus “Mən bu Aləmə Gəlməzdən Öncə də Vardım” adlı qəsidəyə orta əsr elm, din xadimlərinin, şair- filosofların yaradıcılığında tez- tez rast gəlmək mümkündür. Azərbaycan Türk Səfəvi dövlətinin yaradıcısı və qurucusu olan Şah İsmayıl həm də şair kimi Xətai təxəllüsü ilə ilkinlərdən olaraq azərbaycan türkcəsində “Dəhnamə” adlı gözəl bir əsərin, saysız- hesabsız, qəsidə, gəraylıların, fəlsəfi şeirlərin müəllifi olmuşdur. Nəsimi “ənəl- həq”qinə rast gəlinir Xətai divanlarında:
Yer yox ikən, Göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgar idim!
Mən bu Beytullah içində ta əzəldən var idim!
Və bizlərin Şah İsmayılı həm də o şair ki, Qutsal Göyçə adlı eli “Allahın Bir Nəzəri Vardır Göyçədə” deyərək tərənnüm etmiş, bu gözəl eli, türk yurdunu Ocaqlar- Pirlər yurdu, Övliyalar məskəni kimi yüksək tutmuş və Göyçəni Seyyid Hüseyn- Miskin Abdal timsalında diplomat və vəziri kimi istimai- siyasi xadim kimi, saızın- sözün ruhu kimi özünə böyük bilmişdir:” Mən ona Mürşidəm, siz də ona mürid olun”.
Nə etməli, “könlünə yazıldısa, alnında da bir izi vardır”. Həqiqət də elə bunda, qəlbimizdən keçən, ürəyimizə damızdırılan, zamanla taleyimizə, qədərimizə çökür.
Şəms Təbrizinin dostu- sirdaşı C. Rumiyə aid olan “Gözəl olmağa, Kamil olmağa, Aşiq olmağa”, sadəcə bir əlavəm ... İnsan olmağa! Mövlanənin təbirincə desək... “Ətrafına baxdığında hər yan qaranlıqsa, bir kərə daha bax, çünki İşıq elə sən özünsən”.
Şam olmaq asan degildir,
İşıq saçmaq üçün əvvəlcə,
yanmaq lazımdır – M. Rumi
***
Azərbaycan- Göyçə gözəlliyinin- Göyçə gözəllərinin Dədə Ələsgər tərəfindən vəsfi - simvolu kimi “AlaGöz”lər aşığın- Dədənin yaradıcılığında tez- tez hallanır. İlkin düşünürsən, nədən AlaGöz, bəlkə- bəlkə yox, elə belədir ki, var, AlaGözlü Səhnəbanuya bəslənən, ömür boyu sürən sonsuz eşq, sevda bu tükənməz sevdanı ölümsüzlüyə qovuşdurmuşdur. Aşıq Ələsgərin ruh pıçıltıları onun bütün yaradıcılığını əhatə etsədə, qırmızı cızgi çox yəqin ki, Onun AlaGözlü deyərək tərənnüm etdiyi bütün gözəllərdə öz sonsuz eşqini, ilk sevdasının axtarışı, gördüyü bütün gözəlliklərdə Səhnabanuyu görməsidir. Bütün İlahi vəsfləri – sonsuz eşqin tərənnümü mıhz bu qüdrətdən gəlir.
Tovuz kimi xoş bəzənib durubsan,
AlaGözə siyah sürmə vurubsan...
Sağ ol səni, yaxşı dövran qurubsan,
Bu dünyanın sonu puçdu Güləndam!
“Bu dünyanın sonu puçdu...” bu beyt məni Avropaya- Şekspir yaradıcılığına aparır...
Mən ölüm istəyirəm, yoxdur görməyə taqət,
Dilənçilik eyləyir qapılarda ləyaqət..
Qüdrət – qüdrətsizliyə əsirdir, səcdə qılır,
Doğruluq- mərdlik bir puçluq sayılır.
Sözsüz, mövzu artıq bir qədər ictimailəşsə də, bunsuz da həyatımız olmur.
Və yenə də AlaGözlərə qayıdaq, özü də Aşıq Ələsgərin AlaGözlüsünə. Və o gözlər ki, aşığı dəli – divanə edib ömrünün sonunacan İlahi nurundan işıq alıb şəriət, təriqət, mərifət və həqiqət adlı ruhani- sufi baxışlarından nəticə əldə edərək bir Ocaq- kəramət sahibliyinə dönmüşdür. Və Dədə Ələsgər AlaGözlüsünü İlahi bir eşqlə, toxunulmaz bir sevda kimi, bir qutsal əmanət kimi sevmişdir.
Mərifət şərbətini içə bilmirəm,
Şəriət dərindir keçə bilmirəm,
Sirr sözümü yadlara aça bilmirəm,
Qaldı qiyamətə dağ ürəyimdə!
Dədə Ələsgərin bütün yaradıcılığı gözəldir, müdrikdir, İlahi nurundan işıqlanmış bir fəlsəfədir. Lakin onun bu beyti onu sevən, duyanlar içində bir həzindən həzin fırtına qoparır, aşığın ruh üsyan bu, həmin o beyt ki, “Qaldı qiyamətə dağ ürəyimdə”...
Billur buxaq, lalə yanaq, ay qabaq,
AlaGözlü Səhnəbanım gedibdi!
AlaGöz Səhnəbanu eşqi ilə İlahi bir yola çıxan Aşıq həm ilk sevgini ömür boyu ürəyində gəzdirər, həm zamanla müdrikləşərək həm özünü, həm yurdunu, həm da aşiqliyini bəyan edər :
Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində demişəm bəli,
Həm aşığam, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdır!
Aəzərbaycan klassik ədəbiyyat tarixində, şeirində AlaGözlərin ən gözəl lirik notlarla, poeziyanın – poetikanın əvəzsiz şair- bəşəri şairimiz Səməd Vurgun yaradıcılığında “Ala Gözlər”(1940) Ədəbiyyat və əbədiyyər yolunun yolçuları olan ilstər, Dədə Ələsgər, istər S. Vurğun, məlum Aşıq Ələsgərdə bu Səhnəbanıdır, mənim aləmimcə isə Vurğun da, bu onun ilk sevdası Dürrə olmasınmı!?. Yəni gözəl bir əsər yoxdan yaranmır, mühit və şərait yetirir. Yaşadığımız bu həyat özü nağılabənzər əfsanələrlə, gözəl eşq hekayətləri ilə dolu deyilmi. Və bu gözəlliklər olmasa bu həyat çox çirkin və çəkilməz olardı. Neçə minillikləri aşıb gələn “Leyli – Məcnun” əfsanəsi kimi...Yaşamadan gözəllik yaranmır.
Yenə qilincini çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər,
Vurğunsevərlərin hər birisi bu “Ala Gözlər”i çox gözəl bilir və sevirlər. Bu daim bahar ətirli şairimizi ona məxsus gözəl bir beytllə anmaq istədim. Vurğun kimi bir zəkanın, istedadın, qəlb- könül dünyasının zəngin daşıyıcısi olan birisi- bu zərif misralar, insan ruhunu titrədən, onun həyat yoluna işıq salan bu yaradıcı ruh həm heyran etdirir, həm də heyrət, şair olmaq budur, həm heyranlıq, həm də heyrət dyğusu. Biixtiyar Füzuli adlı ruh şairimizin bu misraları xatırlanır: “Heyrət, ey büt...” :
Hər bağın, hər bağçanın bir bülbülü- şeydası var,
Hər duyan qəlbin əzizim, gizli bir sevdası var,
Böylə bir söz var ki, Vurğun indi bir Məcnun olub,
Şeiri sənət adlanan nazəndə bir Leylası var!
Dahi sənətkarlar, saz- söz adamları, yaradıcı ruh insanları qədimlərdən bu yana hər yerdə, hər zaman var və olacaq. 1937- il repressiyasının amansız təqiblərindən şərlənərək həbs edilən, ömrü Sibirin soyuq düşərgələrində başa çatan filosof şairimiz, türk milli varlığını sonacan ruhunda daşıyan Hüseyn Cavid... hər biri bir dünya böyüklüyündədir. Sanki ümmansız bir dərya, çoşan dəniz, sahilsiz adalar və kimsəsizlik, insanlığın üzərinə çökmuş sistemlər, lənətə gəlmiş quruluşlar. Sözün bitdiyi məqam bu. Ürəyi daim həyat adlı eşqlə vuran, Tanrını belə gözəllikdə görən Hüseyn Cavid- Tanrı Dağındakı Ruhuna Salamlar olsun!
Mənim Tanrım gözəllikdir, sevgidir,
Həp duyduğum, gözəllikdir, sevgidir,
Gözəl sevimlidir, cəllad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da!
Qayə budur, fəryad da olsa, sonu üsyan da olsa, getdiyin yol məbədlərə- qutsallığa gedər!
***
Tarixdə daim yaşamaq qüdrətini alanlar saysız- hesabsızdır. Türkün böyük tarixçi- yazarı İ. Ortaylıya əsaslansaq, biri M. K. P. AtaTürk, digəri Kuba xalqının azadlığı uğrunda canından keçən romantik inqilab fədaisi Cegevara. Və mənim daim valeh olduğum, tək bir beyti ilə uşaqlığımdan mənimlə yaşayan macar fədaisi Şandor Petefi- mübariz, üsyankar və inqilab fədailərini daim sevdim. Güclü şəxsiyyətlərə, tarixdə öz sözünü cürətlə deyib keçənlərə, əməl sahibi olanlara daim heyran qaldım.
Makedoniyalı İsgəndər, Yuli Sezar, Napoleon, Şah İsmayıl, Fateh Sultan Mehmet, Səlcuqi türk dövlətinin yaradıcı- qurucusu Sultan AlpArslan və burada dayanaraq bir qədər geriyə dönsək, ərəblərin din adı altında əslində bir işğalçı olduqları məlumdur. Əsən Babək kimi qüdrətli Xürrəmi hökmdarı tam iyirmi il, yeni oxuduğum mənbə, S. Nəfisi” Babək”1990 ,bu əsərə görə isə tam 30 il yadellilərə və onların din adı altında işğalına qarşı mübarizə aparmış bir qəhrəmandır. Azər- Türk- Oğuz özəlliyini qorumaq, əslində kimliyini qorumaq, mühüm olan bu idi. Ərəblərin gətirdiyi din adı altında barlı, bəhərli, münbit torpaqların işğalı idi.
Lakin, tarix zaman baxımından çox amansız idi. Çox igidlər gəlib keçdi Azərbaycan xalqının həyatından. Lakin, hərənin öz yeri olsa da, heç biri Babək Xürrəmiddin olmadı. Bizim Milli Qəhrəmanımız, ölkəsinin, torpağının, ulusunun azad yaşaması uğruna idi bütün savaşlar. Yenə də... lakin zamanla çox Çiçəklər tumurcuq halında açmadan solurdu.
Min beş yüz il keçdi, lakin islamda irəliyə heç bir yenilik yox, nə texnologiyası, qadın, uşaq- insan haqları belə yox. Yaşam adlı həyat fəlsəfəsindən qoparılmış, yalnızca dini ayinlərlə məcburən üzüzə qalmış bir toplum. İnsana- sənə layiq olduğun yaşamı verə bilməyən, sənin- insanın dəyərini toplum üçün görə bilməyən bir din molla- şeytanlar əlində öz mənafeləri naminə istifadə olunursa, o toplum da, din də nəhayətində məhvə uğrayacaq. Ya da bu gözəl din, şeytan molla tayfasından xilas olunmalıdır.
Və macar fədaisi, inqilabçı, öz ölkəsini xilas etmək uğruna gözəl, cavan- gənc şair Şandor Petefi. Və şairin zindandan sevgilisinə yazdığı məktub...
Mən canımdan keçərəm sənin üçün,
Səndən də keçərəm Vətənim üçün!
Bir inqilabçı- Vətən fədaisi, məntiq də elə bundadır. Ş. Petefiyə məxsus məntiq artıq poeziya gözəlliyindən çıxıb, daha İlahi bir məhəbbətə- Vətən məhəbbətinə yeni bir ruh, yeni bir anlam verir. Sevgisi üçün bütün açılmazları açan şair, Vətən adlı bir dəyər önündə yaşamaqdan- öz canından belə əl çəkərəm deyə hayqırır. Öz canını Vətəni uğruna fəda edir, zindandaca məhv edilir bu inqilab fədaisi üsyankar şair.
Və yaddaşıma bir türk şeiri düşür, həmən bu şeir parçası 90-illər Azadlıq meydanında, Topxana meşəsi qırılmasın deyə ayağa qalxan Azərbaycan fədailərinin- Vətən uğrunda ayağa qalxan Qəhrəman xalqın dillər əzbəri idi, həyatını vaxtsız bir heçlik uğruna qayb etmiş, cəmi 37 il yaşamış Orxan Vəli idi bu gözəl beytin müəllifi:
Biz nələr etmədik bu Vətən üçün,
Birimiz nitq söylədik, birimiz öldük!
Bu yazıları yazarkən bir şeyin fərqinə vardım, Vətən azadlığı uğruna mücadilə üçün ayağa qalxmaq hər xalqa müyəssər olmur. Bu bizlərə 1988- ci ildən bu yana qismət olan tale olsa da, 30 ildən çox zaman ərzində özündə güç toplayan da, bu Vətən Oğulları oldu. Ordumuz, Xalqımız və Dövlətimizin birliyi- məhz Prezidentimiz İlham Əliyev Cənablarının müzəffər sərkərdəlik qalibiyyətləri sayəsində - Şəhid və Qazilərimiz sayəsində Vətən- Vətən oldu.
Qarabağ Azərbaycandır!
Həm aqil, kamil, həm də müdrik olan bu xalq bu fəlsəfi kateqoriyalardan müdrikcəsinə yararlanaraq 2020-ci ildə, sentyabr ayının 27- də otuz ildən çox işğal altında qalan torpaqlarını erməni adlı alçaq qəsbkardan qanı və canı bahasına aldı. 44 Günlük Zəfər Qalibiyyətini bu xalqa yaşadan Ali Baş Komandan, güclü sərkərdə, Şah İsmayıl qüdrətli Prezidentimiz İlham Əliyev Cənabları, Müzəffər Ordumuz vı Xalqımızın birliyi dünyaya səs salan bu qələbəni Azərbaycan xalqına yaşadanlar bu xalqın və dünya tarixində daim yaşayacaq və ən uca Zirvədə öz mərdlik və igidliyi ilə bir fədai olaraq qürurla anılacaqlar.
Bu müharibə və mübarizə xalqımıza minlərlə Vətən Oğul və qızlarının, körpələrin, cavan- qoca demədən insanlarımızın itkisiylə yaddaşlarda qaldı. Qərbi Azərbaycanda yurdlarımız hələ ki, erməni tapdağında qalmaqdadır.
Bizlərin istəyib- istəməməsindən asılı olmayaraq bütün bunlar bu ağrılı həyat, bizim həyatımızın yaşam fəlsəfəsinə çevrildi. Nə olursa olsun, yenədə bu çətinliklərin içərisində belə hər hansı bir gözəllikdən, gözəl bir musiqidən, hikmətdən, dərs çıxarılası bir rəvayətdən gələn bir külək, bir işartı belə səni etkiləyə bilər. Yoluna işıq salar, bəlkə də səni sən yapar! Səni Sən edən isə bax, burada iç dünyandan bərq vuran ruhundur, özü də “Üsyankar Ruh” bu. Bu sənin üsyankar ruhun ki, pisliklərə qarşıdır, ədaltsizliyə, nadanlığa, köləliyə cahilliyə, cəhalətə, baş verən haqsızlığa qarşıdır.
Varlıq- ruhun özünə qayıdışı, bəlkə elə buna özünüdərk deyək və ya sonra, özünütəsdiq- fəlsəfə də bunda. Nəhayətində idrak- zəkamız azad ola bilirmi”?!. Fizikən azad ola bilsək də, dini ehkamlar içimizə- ruhumuzun ən dərin qatlarına enərək bizi bir kölə saxlamaq kimi axmaq buxovlarla zəncirlənmiş olur insan. Bunun adına neçə minilliklərə enən ruha, qana, cana hopdurulmuş törələr, adətlər, qınaqlar kimi minilliyin zəncirləri, qandallanmış buxovlar içərimizdə yaşamaqda və bizləri insancasına yaşamağa qoymamaqdadır.
Əslində din, mənim aləmimcə insanın əxlaqı deməkdir. Sən nə qədər mükəmməl olmalısan ki, nə cahilliyə meydan qalsın, nə də dini cahilliyyətə.
İştə bu ki, formalaşmış bir insan, hər kəs öz taleyini özü yazmaq istər. Fransız mütəfəkkiri J. J. Russo öz fəlsəfi fikir tarixində maraqlı baxışlarla çıxış edir: “İnsan elə bir qəribə məxluqdur ki, sonda öz zəncirlərini belə sevir”.
İstər Şərq, istər Qərb ehkamçılığı əslində insanı ilkin kölə halına sürükləyir. Digər halında isə yalnız- tənha, anlaşmasızlıqdan əziyyət çəkən birisinə çevrilməklə xor görülür, çünki, cəmiyyət, ətraf onu anlamaq iqtidarında deyil. “İnsan azad doğulur, lakin mən onu yerdə, zəncirdə gördüm- J. J. Russo”. Nə etməli, Alman filosoflarından Artur Şohenhauerə görə, “Ya mən zəmanəyə layiq deyiləm, ya da, zəmanə mənə layiq deyil”. Hər iki halda, anlaşılmamazlıqdan əziyyət çəkən yenə də insan amilidir.
Azadlıq yalnızca baş əymək deyil, özü olmaq, öz milli kökünə bağlı olmaq, idrak və zəkanın ən nəcib qatlarından yüksək insani idealların üzərinə qonub ruhunun sakinləşdiyi, hüzur tapdığı yerdir. Sokratın misalında, bütün məsələ onun düşüncə və ruh halının əsir edilə bilməməsi demək idi. Və Sokrat ölümü seçdi.
Özünüdərk- Özünütəsdiq və Özünə Qayıdış! Özünü dərk edən insan özünü təsdiq etmiş, nəhayətində özünə, öz milli köklərinə qayıtmaqda. Yeganə qopa bilmədiyimiz amil- dəyər özümüzdən, öz keçmişimizdən, öz ruh halımızdan, gen yaddaşımızın bizlərə ötürdüyü milli kimliyimizdən qopmaq mümkün də deyil.
Buradakı Özünəqayıdış bizlərin Qərbi Azərbaycan türklərinin öz Ocaq- Yurdlarına dönəcəyi anlamını da verir. Tanrı o günlərdən qismət edə.
M. İ. 10. 04. 26
P. S. Başın əyilə bilər, Ruhun əsir olmasın! Gözəllərin Ruhu heç zaman əsir olmur. Çirkinlər isə daim başları aşağı gəzərlər. Alniaçıq olanlar ucalıq sevərlər.
Və bu xalqın, bizlərin gözəl Müşfiqi... O daim cavan, gənc və gözəl qalacaq. Hər Onu xatırlayanda insanın köksündən bir güllü- bağçalı, xalı- xalçalı, bənövşə ətirli “bu saçı Leyla” yada düşəcək. Üsyankar ruhu daim Müşfiq adlı kamilliyin Azadlıq hayqırışını yerə, göyə bəyan edəcək... Ən gözəl əfsanələrdən ən gözəli idi Müşfiqin Azadlıq ruhu- Azərbaycan adlı İlahi gözəlliyə aşiqdi Müşfiq:
Mənim Azadlığım dünyaya sığmaz,
Yer Mənəm, Göy Mənəm, Kainat Mənəm!
Vətən sevdasından doğdu nakam Müşfiqin faciəvi taleyi. Yalniz Ruhunun pıçıltılarını kədər qarışıq, həsrət- nisgilə bürünən dərin zəkasında, yaradıcı idrakında duyursan. Və beləcə bir talesizlik girdabında boğuldu Müşfiq- Dilbər dastanı. Onların qoşa şəkillərinə baxarkən, ürəyi daş olan belə tab gətirmir. Tarix utansın, insanlıq utansın.
Ama nisgilli bir həyatın könül sızladan, acıdan bir təəssüf daim içlərdən qopacaq. Zamanmı utansın, əliqanlı cəlladlarmı, yoxsa insanlıqmı?!. Yoxsa, tarixmi utansın... Onu da deyəcək ki...
Bəlkə də, röya idim sənin üçün,
Oyandın və Mən bitdim!
Məni gözəl xatırla - M. Müşfiq
Cəmi 29 il yaşadı bizim gözəl Müşfiqimiz, lakin özü kimi yaradıcı ruhu da sonsuzdu, son deyildi- sonsuzluğa getdi- bir əbədiyyətə uğurlandı, yeri nəğməli könüllər, mərd ürəklər oldu. Məlum, hər ürəkdə nəğmə olmur, nəğməli ürəklərə alqış!
Gəl, gileylənmə könül,
Məna bu həyatın,
Yoxuşundadır!- X. Rza
“Xoşbəxtlik zirvəni fəth etməkdə deyil, ona doğru can atmaqdadır”. Və elə buradaca nöqtə.
MƏLAHƏT İSMAYILQIZI
17. 04. 26
Digər xəbərlər