ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Təmiz ad ən yaxşı mirasdır- Elmira AXUNDOVA
jpg-1757936562.jpg)
TARİX
15.09.2025, 15:38 Oxunub: 51"İnsanı nə qədər xatırlayırlarsa, ömrü o qədərdir". Bu sözləri tez-tez eşidirik və özümüz də işlədirik, xüsusən də əzizlərini itirmiş bir insanın doğmalarına və yaxınlarına təsəlli vermək istəyəndə. Bunlar boş, sadəcə gəlişigözəl sözlər deyil. Bu sözlər fani dünyada qısa ömrümüzün əsas mənasını və mahiyyətini əks etdirir.
Başqa bir vacib məqam da var: səni məhz necə, hansı işlərinə, hansı əməllərinə görə xatırlayacaqlar? Axı, pis əməllərinə görə məşhurlaşanlar da olur.
Bu mənada hekayəmin qəhrəmanının xoşbəxt bir taleyi var. Dünyasını dəyişməsindən 40 ildən çox keçib, amma adı hələ də ailənin imicinin xeyrinə işləyir. Mən bu esse üçün material toplayarkən, vaxtilə bu şəxslə ünsiyyətdə olmuş çox müxtəlif insanlara müraciət etdim. Hər kəs həvəslə cavab verdi, heç kim "xəstəliyini" və ya "çox vacib işi olduğunu" bəhanə gətirərək müsahibə verməkdən imtina etmədi, onların səmimi xatirələri bu heyrətamiz dərəcədə təvazökar və cazibədar insanın portretini üzvi şəkildə tamamladı.
Şəxsi işindən:
"Quliyev Rzaqulu Hüseynoviç. 13 sentyabr 1915-ci ildə Qərbi Azərbaycanın Sisian rayonunun Comərdli kəndində anadan olub. Atası - Quliyev Hüseyn Cəfər oğlu Bakı şəhərində neft mədənlərində işləyib. 1918-ci ildə vəfat edib. Anası - Quliyeva Zərifə Abbas qızı 1919-cu ildə vəfat edib.
Tərcümeyi-halından:
"Valideynlərimin itkisi ilə əlaqədar olaraq, əmək fəaliyyətinə erkən yaşlarımdan başlamışam, 1929-cu ilə qədər Naxçıvan rayonunun Zeynəddin kəndində yaşamışam. Kənd təsərrüfatında muzdla işləmişəm. İbtidai təhsilimi də həmin kənddə almışam".
Protokol xarakterli bu quru sətirlərin arxasında yalnız çətin uşaqlıq dövrü, valideynlərin və bütün böyük ailənin erkən itkisi, yalnız məhrumiyyət, yoxsulluq və ağır zəhmət illəri yox, həm də öz torpaqlarında dinc yaşayan və daşnak quldurlar tərəfindən bir anda oradan qovulmuş bütöv bir xalqın üzləşdiyi böyük faciə dayanır.
Zaqafqaziya Federativ Respublikasının qısa müddət mövcudluğundan və üç müstəqil dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları yaradılandan sonra daşnak hökuməti Zəngəzurun azərbaycanlı əhalisinin zorla deportasiya edilməsi yolu ilə status-kvonu dəyişdirməyi qərara aldı. "Böyük Ermənistan" yaradılması ideyasından sərməst olmuş daşnakları nə Azərbaycan hökumətinin ərazi mübahisələrini həll etmək üçün xüsusi komissiyanın yaradılması təklifi, nə də Azərbaycan Milli Şurasının İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi rəsmən tanınması dayandıra bildi. Ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, Naxçıvanda, Qarabağda və Zəngəzurda etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar. Nəticədə bu bölgələrin dinc əhalisi Andranik, Dro və Njdenin quldur dəstələrinin məqsədyönlü şəkildə həyata keçirdiyi soyqırımına məruz qaldı.
1918-ci ilin yay və payız aylarında Zəngəzur mahalının 115 kəndi dağıdıldı və məhv edildi. Həmin kəndlərdən biri də Rzaqulu Quliyevin doğma Comərdli kəndi idi. "Azərbaycan" qəzeti 13 noyabr 1918-ci il tarixli nömrəsində bu kəndin erməni quldur dəstələri tərəfindən viran edilməsi haqqında ətraflı yazıb.
Rzaqulu Quliyevin qızı Zərifə xanımın söhbətindən:
"Bizim babamız Hüseyn - Heydər Əliyevin anası İzzət xanımın doğma qardaşı idi. 1918-ci ildə daşnakların kəndə hücumu nəticəsində demək olar ki, bütün ailə məhv edilib. Atam o dəhşətli günləri xatırlayanda həmişə ağlayırdı: o vaxt körpə olsa da, hər şey yadında qalmışdı. Ermənilərdən qaçarkən dağların bir yerində dayanırlar. Uzun yoldan və çəkdiyi əzab-əziyyətdən zəifləmiş babam ölüm ayağında su istəyir. Rzaqulu su gətirmək üçün bulağa gedib qayıdana qədər atası artıq keçinmişdi. Rzaqulu babamızın son istəyini yerinə yetirə bilmədiyinə görə ömrü boyu özünü qınayırdı. Bu barədə danışanda gözlərindən yaş axırdı.
Atamın uşaqlıq illəri Naxçıvan rayonunun Zeynəddin kəndində keçib, onu atamın sağ qalmış bacısı Səkinə tərbiyə edib. Çox kasıb yaşayırdılar, atam gənc yaşlarından varlıların evində muzdurluq edir, xalamın ailəsinə kömək etmək və özünü dolandırmaq üçün səhər tezdən gecə yarısına qədər işləyirdi. Kənddə yalnız ibtidai sinifləri bitirib, orta təhsili isə artıq yetkin yaşlarında Naxçıvanda alıb".
İzzət xanım erməni-müsəlman davası dövründə həlak olmuş qardaş və bacılarına görə illər boyu qəm-qüssə içində idi. Buna görə qardaşı uşaqları - Rzaqulu, Humay və Fatma ilə gözlənilməz bir görüş onu sanki canlandırdı. Onları öz böyük ailəsinə qəbul etdi, Rzaqulunu isə xüsusilə əzizləyir, dəfələrlə deyirdi ki, bu uşaq onun vəfat etmiş qardaşlarını əvəz edir. Rzaqulu Naxçıvanda onlarla birlikdə yaşamağa başladı və artıq böyük oğlan olmasına baxmayaraq, xalasının israrı ilə 1 nömrəli orta məktəbə - İzzət və Əlirzanın uşaqlarının oxuduqları beynəlmiləl məktəbə daxil oldu. 1939-cu ildə bu məktəbi bitirəndə onun 24 yaşı vardı. Əlbəttə ki, o, oxuya-oxuya həm də işləyirdi. O vaxt gənclər böyüklərə yük olmağı özləri üçün ləyaqətsiz hərəkət hesab edirdilər. Beləliklə, Rzaqulu müxtəlif peşələri öyrəndi - mağazada satıcı, kənd klublarında bir mədəniyyət işçisi, OSOAVİAXİM-də (Müdafiə, Aviasiya və Kimya Mühəndisliyinin Təşviqi Cəmiyyəti) Hava hücumundan və kimyəvi hücumdan müdafiə şöbəsinin rəisi oldu. Ötən əsrin 30-40-cı illərində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə məşğul olan belə bir məşhur ictimai təşkilat var idi. Müharibədən əvvəl savadı və yaxşı əl yazısı ilə fərqlənən Rzaqulunu Naxçıvan Rayon Hərbi Komissarlığında işə qəbul etdilər, burada Sov.İKP sıralarına daxil olundu. 1944-cü ildən dövlət təhlükəsizlik orqanlarında işləməyə başladı və həyatının 36 ilini bu orqanlarla bağladı.
Kiçik bir haşiyə çıxmaq və erkən yaşda valideynlərini itirmiş, uşaqlıq illəri çətin keçmiş bəzi adamların çox vaxt kinli olması, öz problemlərinə görə başqalarını günahlandırması barədə düşünmək istərdim. Belələri içindəki kin-küdurəti bütün həyatı boyu onunla yanaşı yaşayan insanların - arvadının, uşaqlarının, dostlarının üstünə "boşaltmağa" üstünlük verirlər. Çox nadir hallarda onlar həyatın sınaqlarından sınmadan, hər birimiz dünyaya gələrkən Uca Allahın hamımıza bəxş etdiyi ən yaxşı insani keyfiyyətləri itirmədən çıxa bilir. Bu mənada Rzaqulu Hüseyn oğlu bənzərsiz insan idi. Oğlu Hüseynin haqlı olaraq qeyd etdiyi kimi, "hər bir insanın tərcümeyi-halında bəzi nalayiq, onu alçaldan epizodlar tapmaq olar. Atam isə, mənim fikrimcə, pak doğulduğu kimi dünyasını dəyişənə qədər də saf qaldı. Ona heç bir çirkab yapışmadı. İndi mənim yaşım az deyil, deyə bilərəm ki, həyatımı yaşamışam. Mən harasa gedəndə birdən kimsə deyir: "Bilirsən, bu, Rzaqulu Hüseynoviçin oğludur, nurlu adam idi..." Bu, mənim ruhumda xoş hisslər yaradır".
Aralarında 8 yaş fərq olmasına baxmayaraq, Rzaqulu və Heydər yaxın dost idilər. Heydər Əliyev Rzaqulu Quliyevə hörmət əlaməti olaraq "dayı" desə də, onu doğma qardaşı kimi sevirdi. Naxçıvanda həmişə qoşa gəzirdilər, NKVD (XDİK - Xalq Daxili İşlər Komissarlığı) orqanlarında xidmətə də, demək olar ki, eyni vaxtda daxil olmuşdular.
Mən Heydər Əliyevin həyatı haqqında bioqrafik roman üzərində işləyərkən, həmsöhbətlərimdən bu iki adamın qeyri-adi mənəvi yaxınlığı və dostluğu barədə dəfələrlə eşitmişəm. Heydər Rzaqulunu nə üçün çox sevirdi? Rzaqulunun böyük qızı Zərifə bu suala belə cavab verdi:
"Elə yaxın qohumlar var ki, ruhən bir-birindən çox uzaqdırlar. Rzaqulu isə dərhal Heydəri seçmiş, Heydər də Rzaquluya bağlanmışdı. Əvvələn, onlar gənclik illərində bir yerdə yaşayıblar, xarakterlərindəki oxşarlıq dərhal üzə çıxıb.
Söhbətləri tuturdu, zarafatları vardı. Atamın Heydər Əliyevə qeyri-adi məhəbbəti var idi. Heydər Əliyev isə atamı həm sevir, həm də özündən yaşca böyük kimi, ona hörmət edir, müxtəlif məsələlərdə bir ağsaqqal kimi onunla məsləhətləşirdi. Bilirdi ki, təcrübəli və sədaqətli Rzaqulu ona heç vaxt pis məsləhət verməz.
Hətta əlyazma xətləri və imzaları da oxşar idi. Yəqin ki, gənclikdə birlikdə məşq ediblər. Heydər Əliyev kimi, Rzaqulu da sonradan rus dili və ədəbiyyatı ilə ciddi məşğul olmuşdu. İki dildə, hətta üç dildə sərbəst danışır və yazırdı (məişət səviyyəsində erməni dilini də bilirdi). Axı o vaxt hər kəs bütün çıxışlarını, bütün arayışları özü yazırdı (amma indi orta səviyyəli hər rəisin iki və ya üç mətbuat katibi var)".
Rzaqulu Heydərdən xeyli əvvəl, 1942-ci ildə evləndi. Tezliklə yenə dostlar arasında birinci olaraq ikiotaqlı mənzil aldı. Ona Naxçıvanda xidməti yaşayış sahəsi ayrılmışdı.
"Heydər Əliyev və kiçik qardaşları tez-tez bizə nahar etməyə gəlirdilər", - deyə Zərifə xanım anasının sözlərini xatırlayır. - Əvvəlcə Rzaqulu və Heydərə, sonra balacalara - Aqil və Cəlala yemək verilirdi.
Rzaqulunun gənc həyat yoldaşı isə bəzən qazanın dibində qalan yeməklə kifayətlənməli olurdu. Müharibə dövrü, aclıq illəri idi. Kasıblıq... Allah göstərməsin, getsin o günlər, bir də gəlməsin! Əlirza əmi öləndə kəfən tapa bilmədik. Onda anam pəncərələrdən ağ pərdəni çıxardıb İzzət bibiyə verdi. Heç təəccüblü deyil ki, anam İzzət xanımın sevimli gəlini idi. Şəfiqə Əliyeva "Mənim anam" kitabında yazırdı ki, İzzət bibi həyətdə Göycə alçası və ya digər meyvələr yığanda nübar payı Zərriyə - bizim anamıza göndərirdi.
1946-cı ildə Rzaqulunun ilk övladı, oğlan uşağı doğuldu. Və iki gənc çekist - Rzaqulu və Heydər - körpənin adını özlərinin kumiri və VÇK-nın ilk rəhbəri Dzerjinskinin şərəfinə Feliks qoydular. İzzət xanım bunu biləndə bərk incidi və həm oğlunu, həm də qardaşı oğlunu qınayaraq dedi: "Bunlara bax, mənim qardaşımın adı burda qalıb, bunlar isə körpəyə adamayaraşmaz ləqəb verirlər". Sonra, dostların etirazına baxmayaraq, el adətinə görə, körpəni qucağına alır və üç dəfə qulağına pıçıldayır: "Hüseyn, Hüseyn, Hüseyn"... "İndi, deyir, gedin ZAQS-a və uşağın sənədlərini yenidən qeydiyyatdan keçirin".
Hüseyn müəllim təbəssümlə xatırlayır: "İzzət bibi həmişə mənə hörmətlə yanaşar və mənə "qardaşım" deyərdi".
Bir neçə il sonra dostlar ayrıldı - Heydər Leninqradda təhsil almağa getdi, daha sonra təyinatla Bakıya, DTK-nın mərkəzi aparatına göndərildi. Rzaqulu isə bütün ömrü boyu dövlət təhlükəsizlik orqanlarının rayon şöbələrinə rəhbərlik edib - əvvəl Şərurda, sonra Naxçıvanda, daha sonra Balakən, Əli Bayramlı və digər bölgələrdə. DTK-da sonuncu iş yeri 1974-cü ildə təyin olunduğu Bakının Nərimanov rayon şöbəsi olub. Hər yerdə şöbələri sıfırdan başlayaraq yaratmaq lazım idi. Bu müddətdə "karyera nərdivanında" sürətlə irəliləyən bacıoğlu isə 1967-ci ildə artıq general-mayor və Azərbaycan DTK-nın rəhbəri idi.
Keçmiş həmkarlarının, DTK veteranlarının çoxunun fikrincə, Rzaqulu müəllimin Heydər Əliyevlə qohumluğu onun xidməti irəliləyişinə yalnız mane olurdu. Hərçənd, son dərəcə təvazökar və nəzakətli bir insan olan Rzaqulu müəllim bu qohumluq əlaqəsini səylə gizlədirdi. İstefada olan DTK polkovniki Arif Zeynalov isə bu barədə fərqli mövqedədir. O, Rzaqulu müəllimin öz etirafına əsaslanaraq deyir:
- Rzaqulu Hüseynoviçlə 1964-cü ildə tanış oldum, o vaxt mən Əli Bayramlı şəhər Komsomol komitəsinin birinci katibi seçildim, Rzaqulu müəllim isə ilyarım əvvəl bu bölgədə DTK rayon şöbəsinin rəisi təyin edilmişdi. Görüşdük, söhbət etdik. O dövrdə şəhər Komsomol komitəsinin işində, bugünkü dildə desək, bir növ durğunluq müşahidə olunurdu. Qısa müddətdə uğurlarımız oldu, iki dəfə, o cümlədən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin ən yaxşı təşkilinə görə Keçici Qırmızı Bayraq aldıq. Rzaqulu müəllimlə çox səmimi münasibətlərimiz olub. O, sözün həqiqi mənasında şəhərin həyatı ilə yaşayırdı: gənc sənaye mərkəzi, zərbəçi komsomol tikintisi, neft və qaz yataqlarının intensiv işlənilməsi... İşinin başdan aşmasına baxmayaraq, gənclərin tədbirlərində məmnuniyyətlə iştirak edirdi.
Sonra mən orqanlarda işləməyə başladım və Quliyevin nə qədər böyük həcmli iş görməsini yalnız bundan sonra başa düşdüm. Axı, Əli Bayramlı rayon şöbəsinin kurasiyasına Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala, İmişli daxil idi. Yəni bu, böyük bir bölgədir və rayon şöbəsinin yalnız iki əməliyyat işçisi var idi. "Aman, Allah, - deyə təəccüblənirdim, - bu boyda əraziyə necə nəzarət etmək, çoxsaylı məsələlərlə məşğul olmaq və eyni zamanda insanlara diqqətli olmağa, gənclərin tədbirlərində, şəhərin həyatında iştirak etməyə necə vaxt tapmaq olar... Axı o, həmişə hadisələrin gur yerində olurdu.
Siz Rzaqulu Quliyevin karyerası barədə soruşdunuz, onun nəyə görə rayon şöbəsinin rəisi vəzifəsindən irəli getməməsi ilə maraqlandınız. Rzaqulu müəllim DTK Nərimanov rayon şöbəsinin rəisi vəzifəsinə təyin ediləndə ona zəng vurdum, təbrik etdim.
- Yanıma gəl, - dedi, - gör işə necə başlayıram.
Gəldim, söhbətə başladıq.
Soruşuram:
- Nərimanov rayonuna razılıq verdiniz, hərçənd, bunu vəzifənin aşağı salınması hesab etmək olar. SSRİ-nin Fəxri çekisti, polkovnik. Niyə burada?
Və birdən deyir:
- Arif, bilirsənmi, Əli Bayramlıdan sonra mənə mərkəzi aparatda çox yüksək vəzifələr təklif etdilər. Razılaşmadım, bu, mənim üçün deyil. Böyük vəzifə - böyük məhdudiyyətlər deməkdir. Sən ki, aparat işlərini bilirsən, mən kabinet işi üçün yaranmamışam. İnsanlarla işləməyi sevirəm, burada həm partiya işi var, həm sovet işi, deputat aparatı, tikinti, gənclər. Bu, mənim üçün rahatdır, mən bu rayonun həyatı ilə yaşayıram.
Rzaqulu Quliyevin orqanlar üzrə həmkarları - işlə əlaqədar onun yanına gələnlər və ya onu ziyarət edənlər bu şəxsin rayonda necə böyük nüfuz sahibi olduğunu dəfələrlə yəqin ediblər. DTK veteranı, uzun müddət respublikanın əks-kəşfiyyat xidmətinə rəhbərlik etmiş Maqsud Məmmədov Əli Bayramlıda Rzaqulu Quliyevin yanında keçirdiyi bir günü xatırlayır.
Maqsud müəllim deyir: "Bizi çox səmimi qəbul etdi, o vaxt onun rayon miqyasında necə böyük nüfuz sahibi olduğunu gördüm. Şam yeməyinə Rayon Partiya Komitəsinin birinci katibini, milis rəisini, inzibati orqanların bütün aparat işçilərini dəvət etmişdi. Hiss etdim ki, ona ağsaqqal kimi münasibət bəsləyirlər, bu şəxs onlar üçün mənəvi nüfuz sahibi idi".
Arif Zeynalov da bunu xatırlayır:
"O, Şəhər Partiyası Komitəsinin Büro üzvü idi, lakin büroda tez-tez çıxış etməyi xoşlamırdı. Çoxsaylı məsələlər həll edilirdi, o isə konkret və yığcam çıxış edirdi. Ümumiyyətlə, çox danışmağı xoşlamırdı. Dedikləri həmişə əsaslandırılmış, ölçülüb-biçilmiş olurdu. Onun çıxışı, bir qayda olaraq, Şəhər Partiya Komitəsinin qərarının qəbul edilməsi üçün həlledici əhəmiyyət kəsb edirdi. O, belə nüfuz sahibi idi".
Nə gizlədək, o illərdə dövlət təhlükəsizlik orqanlarının əməkdaşlarına xalq arasında münasibət fərqli idi: onlara hörmət bəsləyənlər də vardı, onlardan ehtiyat edənlər də, açıq-aşkar qorxanlar da. Amma bu, Rzaqulu Hüseyn oğluna aid deyildi: hər yerdə adi insanlarla ən səmimi münasibətləri formalaşırdı.
Arif Zeynalovun xatirələrindən:
"İnsanlar ona etibar edirdilər - fəhlələr də, neftçilər də, dəmiryolçular da. Kimin bir problemi olsa, Şəhər Partiyası Komitəsinə yox, DTK-ya, Quliyevə müraciət edirdi, hərçənd, məntiqə görə, həmin illərdə sadə insanlar bu müəssisədən uzaq olmağa çalışırdı. Ona isə qeyd-şərtsiz etimad bəsləyirdilər. O, adamlarla işləmək, qarşısındakı insanı dinləmək, onun problemlərini anlamaq kimi nadir istedad sahibi idi. Adamların statusundan, sosial vəziyyətindən asılı olmayaraq, onlara kömək edirdi.
Sıravi dəmiryolçunun qarşılaşdığı problemi araşdırmaq, ədaləti bərpa etmək üçün vaxt sərf edərək onun rəhbərlərinin yanına gedə bilərdi. Mən bunu dəfələrlə müşahidə etmişəm. Onun xarakterində ədalət hissi çox güclü idi. Ən kiçik bir haqsızlıq onu qəzəbləndirirdi".
İstefaya çıxandan sonra "İnturist" Xarici Turizm Səhmdar Cəmiyyətinin müdiri kimi prestijli vəzifəyə təyin ediləndə də xasiyyəti dəyişmədi. Moskva otelinin keçmiş direktoru, daha sonra Respublika Nazirlər Soveti yanında Xarici Turizm Baş İdarəsinin rəisi olmuş Siyavuş Yeqanlı Rzaqulu Quliyevlə birgə işlədiyi illəri belə xatırlayır:
"Rzaqulu müəllim "İnturist"ə işləməyə gələndə mürəkkəb dövr idi, uzun müddət - bir ilə yaxın idi ki, bizim rəhbərimiz yox idi. O gələndən az sonra başa düşdük ki, bəxtimiz gətirib: bizə ən müxtəlif dairələrdə yüksək nüfuz sahibi olan çox maraqlı bir insan göndərilmişdi. Onun nüfuzu bizə çox kömək etdi, "İnturist"in səviyyəsi yüksəldi, əlaqələri və imkanları genişləndi. Axı biz, təkcə turizm sahəsində deyil, həm də ticarət, kommunal xidmətlər sahələrində inşaat, təchizat və xidmət problemləri ilə əlaqədar müxtəlif instansiyalara müraciət etməli olurduq. Ona görə də bu təşkilata kimin rəhbərlik etməsi çox əhəmiyyətli idi.
- O, rəhbər kimi necə adam idi?
- Həm sərt, həm həlim xasiyyətli, həm də anlayışlı ola bilirdi, amma həmişə məsuliyyətli adam idi. Hər şeylə, hətta işçilərinin ailə problemləri ilə maraqlanardı. Ailəsini, uşaqlarını atıb gedənlərə qarşı çox sərt mövqe tuturdu.
Rzaqulu Quliyevlə münasibətlərdə bir problemimiz var idi: bir məsələni həll etmək, razılaşdırmaq üçün onun yanına düşmək müşkül idi, çünki qəbul otağında daim kimsə olurdu - ya öz işçilərimiz, ya da kənar şəxslər. Adamlar ən müxtəlif problemlərlə onun yanına gəlirdilər - məvacibi və ya pensiyası düzgün hesablanmayanlar da, nəyə görəsə incidilənlər də. O, hər kəsi qəbul edir və problemləri həll etməyə çalışırdı. Buna görə də, mehmanxanaların və bizim tabeliyimizdə olan digər müəssisələrin direktorlarının çoxu "quyruqlarını qısır" və kefləri istəyən kimi davranmağa qorxurdular. Bilirdilər ki, insanlar müdirin yanına gedəcək, o isə, şübhəsiz ki, kimin haqlı və kimin təqsirkar olduğunu araşdıracaq. Axı, bizim kollektivdə 2 mindən çox insan vardı".
Yeri gəlmişkən, DTK veteranı Hüseyn İsgəndərovun xatırladığı, Rzaqulu Quliyevin yanına xahişlə gələnlərlə bağlı maraqlı bir epizod bu oçerkin qəhrəmanını mənəvi saflıq və ləyaqət nümunəsi kimi xarakterizə edir.
H.İsgəndərov deyir: "Rzaqulu müəllimin yanına çox adam, o cümlədən yüksək vəzifəli şəxslər gəlirdi. Bir dəfə bir məsələ ilə əlaqədar onun yanına gəlmişdim, qəbul otağı, həmişə olduğu kimi, adamla dolu idi, katibə mənim gəlməyim barədə məruzə etdi və Rzaqulu müəllim dərhal məni qəbul etdi. Onun kabinetində respublikanın rəhbər işçilərindən biri əyləşmişdi.
- Hüseyn, sən onu tanıyırsan? - həmin adam çıxanda Rzaqulu müəllim məndən soruşdu.
- Əlbəttə tanıyıram.
- O, mənim yanıma bir xahişə gəlib. Ancaq mən inciyirəm və onun əvəzinə xəcalət çəkirəm: yanıma gəlib öz yoldaşlarına qara yaxmağa başlayıb, yəni onları nüfuzdan salan kompromat məlumata malik olduğunu göstərmək istəyir. Ona dəfələrlə kömək etmişəm, amma bu gün bu barədə düşündüklərimin hamısını dedim. Gəlmisən, özündən danış, başqalarını niyə gözdən salmağa çalışırsan?
Bilirsinizmi, o, çekist idi, çoxsaylı məlumat kanalları vardı, amma necə deyərlər, öz qəlbinin tələbi ilə donosbazlıq edənlərə nifrət edirdi. Son dərəcə nəcib, saf ruhlu adam idi".
Rzaqulu Quliyevin həmkarları onun peşəkar keyfiyyətləri haqda da ən xoş sözlər söyləyirlər.
Arif Zeynalov deyir: "Rzaqulu müəllim konspirasiya ustası idi. Öz müəssisəsindən informasiyanın azacıq da olsa sızmasına imkan verməzdi. Bir dəfə mənə dedi: "Arif, yadda saxla, orqan əməkdaşının işində əsas məsələ konspirasiya və bir daha konspirasiyadır. Əgər bunu öyrənmisənsə, çekist olduğunu deyə bilərsən".
Rzaqulu müəllim çekist üçün əvəzolunmaz sayılan bir sıra başqa keyfiyyətlərə də sahib idi, buna görə də onun işləri həmişə uğurlu olurdu. Belə uğurlu epizodlardan biri haqqında mənə məşhur azərbaycanlı əks-kəşfiyyatçı Maqsud Məmmədov danışdı:
"70-ci illərdə, Rzaqulu DTK-nın Nərimanov rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunduğu vaxt xarici kəşfiyyat agentini müəyyənləşdirmək üçün birgə ciddi işimiz vardı. Bu adam Nərimanov rayonunda işləyirdi və orada geniş əlaqələrə malik idi. Onların vasitəsilə agent əməliyyat tədqiqatına götürülmüşdü. Moskvadan bütöv bir nümayəndə heyəti gəldi, onu ifşa edən sənədləri ələ keçirmək üçün bir neçə əməliyyat keçirdik. Bu casusun tutulmasında Rzaqulu Hüseynoviçin böyük rolu olub. Mən o zaman SSRİ-nin fəxri çekisti adına layiq görüldüm, mənim bir əməkdaşım "Şərəf nişanı" ordeni aldı, Rzaquluya isə ancaq pul mükafatı verildi. Mən hətta DTK rəhbərliyi ilə onun rolunun niyə belə sadə qeyd olunması ilə bağlı mübahisə etdim. Bu, bir növ anlaşılmaz yanaşma idi.
Rzaqulu böyük həyat məktəbi keçmiş, yaxşı praktiki hazırlıqlı nadir şəxsiyyət idi. Sanki əməliyyatçı kimi doğulmuşdu. Eyni zamanda çox saf insan idi, ona heç bir çirkab yapışmırdı. Bu gün hamı bizneslə məşğuldur. Amma o dövrün çekistləri...
- Dzerjinskinin sözlərini rəhbər tuturdular ki, çekist soyuq düşüncəli, isti qəlbli, təmiz əlli insan olmalıdır. Düzdür?
- Bizim nəsil məhz belə idi. Dünyəvi sevinclərdən məhrum olduğumuzu deyə bilmərəm - dost məclisi təşkil edə, möhkəmcə yeyib-içə də bilərdik, yaraşıqlı qızlara da biganə deyildik. Amma yenə də işin mənafeyi, ictimai borc bizim üçün hər şeydən üstün idi".
Dövlət təhlükəsizlik orqanlarının veteranı, general-mayor Bahadur Hüseynov dünyasını dəyişmiş dostunu böyük səmimiyyətlə xatırlayır:
"Biz ona ailəmizin ağsaqqalı deyirdik. O, həqiqətən həmkarlarının yüksək hörmətini qazanmışdı, çünki bütün şüurlu həyatını Vətənə, xalqa xidmətə həsr etmişdi. O, xalqın, dövlətin mənafeyini öz şəxsi mənafeyindən həmişə üstün tuturdu. Bu sözləri o vaxt hamı deyirdi, lakin heç də hamı buna əməl etmirdi. Onun əməlləri isə heç vaxt sözlərinə zidd olmurdu. Qarşısına qoyulmuş məsələləri böyük məsuliyyətlə, diqqətlə həll edirdi, ona tapşırılmış işə, necə deyərlər, can qoyurdu.
Nərimanov rayonunda baş vermiş bir hadisəni xatırlayıram. Bakıda oxuyan bir əcnəbi tələbəni döymüşdülər. Təqsirkarı təcili tapmaq lazım idi, çünki bu məsələ artıq beynəlxalq qalmaqala çevrilməkdə idi. Rzaqulu müəllim öz əməliyyat imkanlarını cəlb edərək cinayətkarı müəyyən etməyincə iki gecə evə getmədi. Biz evdə qonşuyuq, xüsusi olaraq yanaşı yerləşən mənzillər almışıq ki, bir-birimizdən ayrı düşməyək. Onun həyat yoldaşı, qızları çox nigaran idilər: görəsən, hardadır, başına nə iş gəlib? O, ailəsinə çox sadiq idi, yaxınlarını sevirdi, amma iş onun üçün birinci yerdə idi.
Onun fəaliyyətini təhlil edərək, deyə bilərik ki, o, böyük Şəxsiyyət idi. Həmişə sadə, təvazökar davranır, özünü heç kəsdən üstün tutmurdu. Çoxları heç bilmirdi ki, o, Heydər Əliyevin qohumudur. Birinci katiblə yaxın münasibətlərinə görə heç vaxt öyünməz, bundan sui-istifadə etməzdi. İndi bir dəfə prezidenti görən insanlar bu barədə hər kəsə danışırlar. O isə əksinə, bu yaxınlığı gizlədirdi. Övladları da belə böyüyüblər: təvazökar, çalışqan, diqqətli, hər şeyə öz əməyi ilə nail olmağa öyrəşiblər. Özü kimi onlar da heç vaxt qohumluq əlaqələrinə görə dikbaşlıq etmirlər, hər şeyə öz ağılları sayəsində nail olmağa çalışırlar. Mən bu uşaqları öz övladlarım kimi sevirəm".
Yeri gəlmişkən, orqanlarda yüksək vəzifə və rütbə sahibləri olan bəzi həmsöhbətlərimi, məsələn, istefada olan polkovnik Arif Zeynalovu, yaxud general-mayor Fəxrəddin Təhməzovu demək olar ki, əlindən tutub DTK-ya gətirən məhz Rzaqulu müəllim olub.
F.Təhməzovun xatirələrindən: "Mən Rzaqulu müəllimi məktəbdə oxuduğum illərdən xatırlayıram, Rzaqulu Quliyevin övladları və mən eyni məktəbdə oxuyurduq, atalarımız yaxın dostlar idi. Mənim atam Ayət Təhməzov Əli Bayramlıda milis rəisi vəzifəsində çalışırdı.
Bir faktı vurğulamaq istəyirəm: Hüseyn və Zərifə orta məktəbdə oxuyanda şagirdlərin heç biri bilmirdi ki, onlar DTK rəisinin övladlarıdırlar, çünki onlar heç vaxt buna görə lovğalanmırdılar. Biz uşaq olanda Rzaqulu müəllimdən qorxurduq, o bizə gələndə uşaqlar küncdə-bucaqda gizlənirdi. Ancaq o hərdənbir məni gizləndiyim yerdən çıxarır və necə oxumağımı, qiymətlərimi və idmanla məşğul olub-olmadığımı soruşurdu.
İllər keçdi... Mən ali məktəbi bitirib təyinat üzrə Əli Bayramlıdakı 9 nömrəli orta məktəbdə müəllim işləyirdim. Bir dəfə istirahət etmək üçün təyyarə ilə Leninqrada getmək qərarına gəldim, artıq bilet də almışdım. Bu arada şəhər hərbi komissarı evimizə zəng vurub anama dedi ki, Fəxrəddin hərbi xidmətə getməlidir. Mən heç olmasa bir həftə möhlət almağa çalışdım. Lakin hərbi komissar dediyindən dönmədi: xeyr, bu, Rzaqulu Hüseynoviçin tapşırığıdır. Səbəbini sonra başa düşdüm. O, gələcəkdə məni dövlət təhlükəsizlik orqanlarına tövsiyə etmək istəyirmiş, lakin bunun üçün mən silahlı qüvvələr sıralarında xidmət etməli idim, çünki mənim bitirdiyim M.F.Axundov adına APİ-də hərbi kafedra yox idi. O dövrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının uşaqlarını DTK-ya qəbul etmək qeyri-rəsmi şəkildə qadağan olunmuşdu, mən də milis rəisinin oğlu olan azsaylı adamlardan biri, bəlkə də yeganə adam idim. Atam onu da deyirdi ki, bu məsələni Heydər Əliyevin özü ilə razılaşdırıb. Ancaq əlbəttə ki, hər şeyi Rzaqulu müəllim həll edirdi. 1975-ci ildə məni DTK ali məktəbində təhsil almağa göndərdilər. Yəni mənim xidməti bioqrafiyamın faktiki təməlini qoyan Rzaqulu müəllim olub. Ümumiyyətlə, mənim taleyimdə, bir çekist kimi yetişməyimdə Rzaqulu Hüseyn oğlunun çox böyük rolu olub. General-mayor rütbəsi almışam, MTN-in rəhbərlərindən biri olmuşam, bu gün Azərbaycan çekistlərinin yeni nəslinin tərbiyəsi ilə məşğulam və fəxr edirəm ki, bütün bunların təməli belə gözəl insan tərəfindən qoyulub".
Maraqlıdır ki, Rzaqulu Quliyevin sevimli bacısı oğlu Heydər Əliyev də onun yeganə oğlunun taleyini eyni dərəcədə sərt üsulla müəyyənləşdirib. Hüseyn gəncliyində tez-tez gözlənilməz hərəkətlər edir, onu dəlicəsinə sevən atasını incidirdi. Buna görə, Hüseyn Neft və Kimya İnstitutunu birtəhər bitirəndən sonra yerli elmi tədqiqat institutlarının birində işə girib asan həyat tərzini davam etdirmək niyyətində olanda şəxsən Azərbaycanın partiya lideri onu "səmimi söhbət" etmək üçün çağırdı:
- Yaxşı, nə ilə məşğul olacaqsan? - deyə, Heydər Əliyev qohumundan soruşdu.
Hüseyn cavab verdi ki, onu bir elmi tədqiqat institutunda işə göndərirlər.
Heydər Əliyev narazı halda başını tərpətdi:
- Burada adam olmayacaqsan, burada atan var, mən varam, çoxları bizim münasibətlərimizi bilir. Sən buradan getməli və müstəqil həyata başlamalısan.
Bu, Hüseynin valideynləri üçün əsl dram idi: onlar yeganə oğullarının özlərindən yarım addım belə uzaqlaşmasına imkan verməzdilər. Lakin Heydər Əliyev fikrindən dönmədi, nəticədə Hüseyn orqanlarda işə qəbul edildi və DTK-nın ali məktəbində təhsil almaq üçün Moskvaya göndərildi.
Hüseyn müəllim deyir: "Bir müddət ikinci Baş idarədə işlədim, sonra məni Kəşfiyyat İnstitutuna göndərdilər. 70-ci illərin əvvəlindən SSRİ DTK orqanlarında işləməyə başladım. Beləliklə, mənim taleyimi müəyyənləşdirən Heydər Əliyev olub və mən həyatımdan razıyam. Rusiyanın bəzi rəhbərləri də daxil olmaqla çox maraqlı insanlarla işləmişəm".
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən sonra Hüseyn Quliyev Vətənə qayıtdı. İndi o, respublikanın Xarici İşlər Nazirliyində çalışır, uzun illərdir ki, fövqəladə və səlahiyyətli səfir kimi ölkəmizi Özbəkistanda təmsil edir.
lll
Rzaqulu Hüseyn oğlu Quliyev ağır xəstəlikdən vəfat edəndə 67 yaşı tamam olmamışdı. Uşaqları xatırlayırlar ki, sevimli "dayı"nın ölüm xəbərini alan Heydər Əliyev 10 dəqiqədən sonra onların evinə gəldi. Otağa girdi, bir kresloda oturdu və iki əllə başını tutdu. Bir müddət sonra dedi: "Mənə elə gəlir ki, öz bədənimin bir hissəsi ölüb". O, Rzaqulu Quliyevin 2-ci Fəxri xiyabanda hərbi ehtiramla dəfn edilməsi barədə sərəncam verdi, tabutu özü apardı və vida mərasimində ailə adından çıxış etdi.
Heydər Əliyev Rzaqulu müəllimin ölümündən sonra da onun ailəsi ilə əlaqə saxlayırdı. Rzaqulu Quliyevin həyat yoldaşı Zərri xanım, oğlu Hüseyn, qızları Zərifə və Aida Heydər Əliyevi tez-tez, o cümlədən Moskvadakı bağ evində ziyarət edirdilər. Heydər Əliyevin çətin dövründə - o istefa verməyə, sonra isə blokadada olan Naxçıvana köçməyə məcbur olanda Rzaqulunun uşaqları onu ziyarət etməyi unutmadılar. Bu qarşılıqlı rəğbət, səmimi münasibətlər Zərri xanımın, sonra isə Heydər Əliyevin özünün ölümünə qədər davam etdi.
Sonda Rzaqulu Quliyevin uşaqlarından atalarını hansı sözlərlə səciyyələndirə biləcəklərini soruşdum. Onların ümumi rəyini Zərifə xanım belə ifadə etdi:
"O, həm özünə, həm də başqalarına münasibətdə çox ciddi, məsuliyyətli adam idi. Onun xarakterində əsl insanın ən yaxşı xüsusiyyətləri cəmləşmişdi. Mən bu gün də özümü xoşbəxt hesab edirəm ki, belə bir atam olub və onun xasiyyətinin bəzi cəhətlərini mənimsəyə bilmişəm. Mən həmişə heç olmasa nədəsə ona oxşamağa çalışmışam. Adətən qızlar analarına bənzəməyə çalışırlar, amma mən atam kimi olmaq istəmişəm. Atamın ölümündən 40 ildən çox keçib, amma Rzaqulu Quliyevdən söhbət düşəndə ən müxtəlif insanlar onu yalnız müsbət cəhətdən xarakterizə edirlər. Bilirsiniz, elə atalar var ki, övladlarına miras kimi var-dövlət qoyub gedirlər: ev, maşın, bağ və sair. Mənim atam bizə miras olaraq öz təmiz adını qoyub gedib. Və biz, onun övladları, buna görə fəxr edirik".
Tərcümə edəni:
Oktaedr Məmmədov

Digər xəbərlər
jpg-1751453976.jpg)