ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Çadrasını atan ilk azərbaycanlı qadının qətli
jpg-1745405654.jpg)
TARİX
23.04.2025, 14:17 Oxunub: 1726Çadrasını atan ilk azərbaycanlı qadının qətli – İki əsr yaşı olan bina söküləcəkmi?
1001info.az Kulis.az-a istinadən Nadir Yalçının “Əsrin binası” adlı yazısını təqdim edir.
Qadınlar üçün ilk savadsızlığı ləğvetmə dərnəyi
Əli Bayramov... Bu ismi çoxu rayon adı kimi xatırlayır: Əlibayramlı. 2008-ci ildən üzü bəri doğulan uşaqlar nə vaxtsa Əlibayramlı adında rayonun olduğunu da bilmir. Ortayaşlı nəslin nümayəndələri arasında isə ona xalq düşməni, ruspərəst, cümhuriyyətin canisi adı verənlər var.
Hətta Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda fəal mübarizə aparmış, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Gəncədə gizli inqilabi fəaliyyət göstərən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini silahlı üsyan yolu ilə devirmək, dövlət çevirilişi etmək barədə bəyannaməni imzalayan Əli Bayramovun (digər anti-müsavatçıların da) məzarının I Fəxri xiyabanda olduğuna görə bəziləri narazılıq edir.
Lakin o da həqiqətdir ki, sonradan elə Sovet hökumətinin qətl etdirdiyi (1920-ci il) bu ziddiyətli şəxsiyyət Azərbaycanda ilk dəfə qadınlar üçün savadsızlığı ləğvetmə dərnəyinin yaradılması ideyasını irəli sürüb.
Həmin dərnək kimin rəhbərliyi ilə yaradılıb?
Qadınlar üçün ilk savadsızlığı ləğvetmə dərnəyi 1918-ci ildə Əli Bayramovun həyat yoldaşı Ceyran Bayramovanın rəhbərliyi ilə yaradılır və dərnək ilk olaraq Ceyran xanımgilin yaşadığı mənzildə təşkil edilir; yaxın ətrafda yaşayan müsəlman qızlar dərnəyə cəlb olunur. Ceyran xanım və onunla birlikdə bəzi maarifpərvər xanımlar qızlara yazmaq, oxumaq, eyni zamanda, bəzi peşə bacarıqlarını öyrədir.
Klara Setkin qadın klubunda
“Səadət” sarayında dərnəyə yer verən azərbaycanlı kimdir?
Qısa zamanda Ceyran Bayramovanın təşkil etdiyi dərnəkdən xəbər tutan ictimai-siyasi xadim Nəriman Nərimanov Ceyran xanıma dərnəyin fəaliyyətinin “Səadət” sarayında davam etdirilməsini təklif edir. Ceyran xanım təkliflə razılaşır və rəsmi olaraq Əli Bayramov adına Qadınlar klubu fəaliyyətini davam etdirir.
Sonralar ona sual verirlər ki, qadınlar klubuna niyə Əli Bayramovun adını verdiniz? Cavab verib ki, bu klubun yaranması onun fikri idi, başqa cür ola bilməzdi...
Əli Bayramov adına qadınlar klubunun yerləşdiyi “Səadət” sarayı (1920-ci illər)
Qadınlar klubu üçün yeni bina axtarışı...
“Səadət” sarayının yerləşdiyi yerdə elit və qeyri-milli təbəqənin nümayəndələri çoxluq təşkil edirdi. Ceyran xanım və onun silahdaşları isə “qara camaat”a xitab etmək, müsəlmanların sıx yaşadığı ərazilərdə yaşayan qızları maariflənmə prosesinə cəlb etmək arzusunda idi. Ceyran xanım bu səbəbləri əsas gətirərək hökumətə yeni bina üçün müraciət edir. Bu müraciət isə digər bir təşəbbüslə üst-üstə düşür.
Həmin vaxtlarda “Sovetski”nin Aşağı dağlıq küçəsində (indiki Zülfi Adıgözəlov küçəsi) yaşayan tacir Hacı Səməd ağa Xalq Komissarları Şurasına müraciət edir ki, bu mülkümü dövlətə bağışlayıram. Amma bir şərtini xüsusi qeyd edir: “Sizə bağışladığım mülkdə mənə və ailəmə yaşamaq üçün bir otaq verin”.
Nəriman Nərimanov Ceyran xanıma Hacı Səməd ağanın mülkü ilə tanış olmağı təklif edir. Binanın yerləşdiyi mövqe və ümumi quruluş onun çox ürəyincə olur. Beləliklə, Ceyran xanım Hacı Səməd ağanın evini qadınlar klubuna çevirmək təşəbbüsünü qəbul edir. Birinci mərtəbədə Hacı Səməd ağa və ailə üzvləri üçün bir otaq ayrılır. Yuxarı mərtəbədə isə Əli Bayramov qadınlar klubu fəaliyyətə başlayır (1922-ci ildə).
Ruqiyyə Əliyeva isə həmin ildən qadınlar klubuna rəhbərlik edir.
Niyə qadınlar klubuna ikinci dəfə kişi adı verilir?
Hacı Səməd ağanın mülkündə yaradılan kluba Ceyran Bayramova Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan SSR-in Türkiyədə fövqəladə və səlahiyyətli səfiri İbrahim Əbilovun adını verir. Əbilov klubunun 48 il bədii rəhbəri olmuş Mirəhməd Əsgərov danışırdı ki, mən Ceyran xanımdan qadınlar klubuna ikinci dəfə niyə kişi adı verildiyini soruşdum, o isə belə cavab verdi:
“Şərq xalqlarının Bakıda çağrılan birinci qurultayında İbrahim Əbilovla yanaşı əyləşmişdik. Azərbaycanlı qadın kürsüdən çıxış edərkən İbrahim bəyin gözləri yaşardı. Səbəbini soruşdum. Dedi: “Ceyran xanım, mən arzulayırdım ki, türk qızı belə ali, əhəmiyyətli tədbirlərdə çıxış etsin, indi arzularım tumurcuqlanır”. Bu söhbət yadımda qaldı və fikirləşdim ki, əgər Bakıda qadınların maariflənməsinə xidmət edən klub fəaliyyət göstərirsə, o, Əbilovun adını daşımalıdır”.
Atatürk və İbrahim Əbilov Beynəlxalq uşaq bayramında
Çadrasını atan ilk azərbaycanlı qadın kim idi?
Əbilov klubunda əsas məqsəd qadınların savadlanması olsa da, daha çox şəxs cəlb etmək üçün tikiş kursu kimi peşətəmayüllü dərnəklər də fəaliyyət göstərirdi. “Savad alıram” adı ilə ailədən icazə alıb kluba getmək qızlar üçün müşkül idi. Həmin qızlardan biri də Azərbaycanda böyük mənəvi inqilaba səbəb olan Səriyyə Xəlilova olub. O, Əbilov klubunun müdavimlərindən idi.
Deyilənə görə, həmin vaxtlar dərnək yoldaşlarına deyirmiş ki, çadradan xilas olmalıyıq, ismətimizi başıaçıq da qoruya bilərik.
Günün birində çadrasını atır və Əbilov klubundan evə başıaçıq qayıdır.
Onların məhəlləsi Əbilov klubundan bir neçə küçə aralıda yerləşirmiş. Kimsə onu yolda görür və tez qaçıb qardaşına, atasına xəbər verir.
Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilir.
Azərbaycanın ilk qadın neft mühəndisi olan Firuzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə “Xalq” qəzetinə bu haqda danışıb: "Anam deyirdi ki, qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onun tabutunun arxasınca gedən bir çox qadın əl-ələ verərək çadralarını çıxarıb tulladı. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də...”
Hazırda Nizami metrosunun çıxışındakı “Azad qadın” heykəli də Səriyyə Xəlilova və onun timsalında azadlığa can atan qadın obrazının təsviri inikasıdır.
Qeyd edək ki, Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi olan Leyla Məmmədbəyova da çadrasını Əbilov klubunda atıb.
Səriyyə Xəlilova
Yaşı iki əsri əhatə edən bina – Əbilov klubu söküləcəkmi?
Əbilov klubu hazırda İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi rəsmi adı ilə fəaliyyət göstərir.
İlk illərdən qadınların savadlanması üçün təşkil edilmiş klubun sonrakı illərdə kişi üzvləri və müəllimləri də çoxalır. 1925-ci ildə Səid Rüstəmov Əbilov klubunda tar sinifi yaradır. Həmin tar sinifində Hökumə Nəcəfova və Ağabacı Rzayeva kimi bəstəkarlar yetişir. 1926-cı ildə isə kamança sinifi açılır.
1927-ci ildə ilk qızlar ansamblı da Əhmədxan Bakıxanovun rəhbərliyi ilə Əbilov klubunda fəaliyyətə başlayır.
Əbilov klubu ilə bağlı bu cür onlarla “ilk”lər sadalamaq olar. Yüzlərlə məşhur azərbaycanlının yetişməsində 103 yaşlı Əbilov klubunun böyük rolu olub. Bu binanın mənəvi əhəmiyyəti onun tarixi abidə, tarixi bina kimi səciyyələnməsini şərtləndirir.
Tikilinin interyerində Avropa və Şərq mədəniyyətinə aid xüsusi əl işləri görmək mümkündür. Simmetrik geniş pəncərələr, sadə dekorativ elementlər və girişdəki sütunvari dayaq sistemləri binaya klassik və eyni zamanda təmkinli görünüş verir. Binanın fasadında aqlay, yerli kərpic və gips əsaslı dekorativ işləmələr yer alır. Bu da tikilinin ənənəvi Bakı arxitekturası ilə vəhdətini təşkil edir.
Zamanla müəyyən aşınmalara baxmayaraq, klubun memarlıq konstruksiyası bu gün də öz dayanıqlığını qoruyub saxlayır. Bu da binanın təmiri, təzədən istifadəyə verilməsi üçün əsaslı zəmindir.
Binanın taleyi ilə bağlı rəsmi açıqlama
Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda “Sovetski”nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.
Bu qədim tikili mədəni abidələr siyahısına salınmayıb. Söküntü aparılarkən həmin binanın taleyi necə olacaq?
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi 120 ünvanında yerləşən tikili tarixi abidələrin reyestrinə daxil deyil: “Eyni zamanda, tiklinin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, həmin reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. Sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaq...”
Qeyd edək ki, Ekspert şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub”.
Ümidvarıq, abidə qorunub-saxlanılacaq. Bu, mənəvi haqq, tarixi ədalət məsələsidir.

Digər xəbərlər
