ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
BİR İGİDİN İKİ MƏZARI - Rafael Hüseynov yazır

TARİX
21.04.2025, 16:09 Oxunub: 123BİR İGİDİN İKİ MƏZARI
Görən, təkcə televiziyamı, internetmi günahkardır ki, teatr ömrümüzdə arxa sıraya keçən kimidir? Əlbəttə, tək-tək adamları demirəm. Elələri var ki, yenə teatrın cazibəsindədirlər, əvvəlki aktyorlar və rejissorlar yoxsa da, səhnədəki əvvəlki sehr və cazibədən əsər-əlamət qalmayıbsa da, yenə teatra keçmişlərdəki məhəbbətlərini yaşadırlar. Amma vaxt var idi ki, insanlarımız kütləylə teatra bağlıydılar axı. Teatr həyatımızda özünə elə yer eləmişdi ki, elə evimizin içində oturanda da teatra gedə bilirdik. Teletamaşalar vardı, radio teatrı səliqə ilə bizə köhnə-yeni səhnələşdirmələri təqdim edirdi.
Zamanlar olmuşdu ki, insanlarımız hər yeni premyeranı həsrətlə gözləmişdilər. Hər təzə tamaşa kiçik bir bayrama çevrilmişdi.
Teatrlarımız indi əvvəlkindən çox, bu sahədə təhsil görüb diplom alanlarımız dünənkindən qat-qat artıq. Bəs hanı o işıq, o şövq, o maraq?
Bir zamanlar çox sevilmiş bu tamaşa da həm teatrlarımızın, həm tamaşaçılarımızın da lap çoxdan yadından çıxıb.
1950-ci illərin ortalarında Milli Dram Teatrımızın səhnəsini hər göstərilişində ağzınacan tamaşaçılarla dolu "Uzaq sahillərdə" tamaşası bəzəyirmiş.
Mehdi Hüseynzadənin bacısı qızı Gülarə xanım deyirdi ki, Həsən Seyidbəyli, İmran Qasımov o kitabı yazanacan, demək olar ki, bizim evimizdən çıxmırdılar, doğma adamımız olmuşdular; eləcə də Azdramada "Uzaq sahillərdə" qoyulmazdan qabaq Mehdinin rolunu oynayacaq Möhsün Sənani bizə tez-tez gəlirdi, Mehdi ilə bağlı hər şeylə maraqlanırdı, biləndən sonra ki, Mehdi dayının qızıl dişi varmış, o da gedib özünə qızıl diş düzəltdirmişdi; həmin tamaşa da hamıya çox təsir etmişdi, son pərdə örtüləndən sonra anam, Şura xala təşəkkürlərini bildirməkçün səhnə arxasına keçdilər, mən də onların yanında idim. Səhnədə oynayarkən Möhsün Sənani o qədər həyəcan keçirmişdi ki, üzünü divara çevirib ağlayırdı.
İlk gördüyümdən üzü bu yana o məşhur filmə mən azı yüz dəfə baxmışam. Ancaq Mehdinin ailə üzvləri sonra hər kəsin yüz dəfələrlə görəcəyi filmi ilk seyr edənlər idilər. Həm də yalnız hazır filmi yox, çəkiliş əsnasında, hazır olduqca dublları da Tofiq Tağızadə onlara göstərirmiş. Gülarə xanım yada salırdı ki, Tofiq müəllim, Şaşıqoğlu bizə tez-tez gedib-gəlirdilər, biz də onlarla birevli kimi olmuşduq. Onsuz da film hazır olanacan Tağızadə, demək olar, bizə bütün hissələri göstərmişdi, amma çoxdan gözlədiyimiz gün də gəlib çatdı. İlk baxış Nizami kinoteatrında idi. Film qurtardı, işıqlar yandı. Ay Allah, zalda elə sükut vardı ki! Heç nə danışa bilmirdik. Elə bil dilimizi bağlamışdılar. Yanımda məndən kiçik qardaşım Kamran oturmuşdu, ağlayırdı. Heç anam tərəfə baxa bilmirdim, qorxurdum. Sonra bu kino, demək olar ki, bütün Bakı şəhərində, Azərbaycanda böyük təsir oyatdı. 1950-60-70-ci illərdə Mehdinin adı dillərdən düşmürdü, Mehdi sevimli bir qəhrəman idi. "Mixaylo şəhərdədir" sözləri cavanların dilinə düşmüşdü, zərbülməsələ çevrilmişdi".
O kitabdan, o tamaşadan, o filmdən sonra artıq Mixaylo yalnız şəhərdə yox, ürəkdə idi, hamınınkı olmuşdu.
O filmdə Mehdinin daha heç vaxt dönməyəcəyi Vətənə xəyalən qayıtması, anasının, əzizlərinin onu qarşılaması kadrları var, həmin xoşbəxt anlarında yanında sevgilisi.
Bakıdan ayrılanda burda məhəbbəti də qalmışdı. Ona, yəqin ki, əsirliyə düşməzdən əvvəl, hələ cəbhədə olduğu dövrdə ailəsinə göndərdiyi kimi məktublar da yollamışdı. Amma o qıza hələ heç əsgər getməmişdən yazdıqları da var. Misralarında ürəyinin döyündüyü şeirlər. Bir şagird dəftərinin vərəqində yazılmış bu şeiri Aqşin Əlizadəyə vaxtilə Rəssamlıq texnikumunda Mehdi ilə oxumuş bir tələbə dostunun oğlu 1980-ci illərdə atasının ölümqabağı son tarşırıqlarından biri kimi təqdim edibmiş. Atası deyibmiş ki, gəncliyimin, Mehdinin yadigarıdır, şeirdə qızın adı da olduğuna görə üzə çıxarmırdım, ancaq indi daha gedirəm, Mehdinin bacısına, ya bacısı uşaqlarına verərsən.
Bu, Mehdinin şeirinin qaralamasıymış. Növbəti dərslərdən birində dostunun dəftərinin ən son vərəqində yazıbmış ki, sonra cırıb götürsün, sahibinə çatdırmaqçün istədiyi qızın rəfiqəsinə ötürsün. Ancaq bəzi sözləri, misraları pozub təzədən yazdığına görə səliqəli olsun deyə bitirəndən sonra şeiri əvvəldən-sonacan təzədən köçürübmüş. Şeirin ağlamasını cırıb götürsə də, qaralaması elə həmin dəftərdəcə qalıbmış və dostu da uzun müddət artıq bir kənara qoyduğu həmin dəftərdəki ən son vərəqdə olan şeirdən xəbərsiz qalıbmış.
Keçirəm sən keçən tanış küçədən,
Bəlkə təsadüfən səni görüm mən.
Bu yolu bir gündə min yol gedərəm,
Təki bu küçədən yenə keçəsən.
Axı nədən dəydi sözüm qəlbinə?
Niyə şimşək olub çaxırsan yenə?
Günahım varsa da, bəraətim var,
Mən ki ürəyimi vermişəm sənə!
Özü adı kimi mehriban olan,
Qıyarmı qəm çəkə sevdiyi insan?!.
Sındır soyuqluğun buzunu, yetər,
Məni bəs deyincə yandırdı hicran.
O çağlarda hicrandan gileylənsə, ayrılıqdan şikayətlənsə də, əslində bu, içərisində ayrı bir ləzzəti olan həsrət idi. Çox keçməyəcək ki, elə ayrılıqlar gələcək, elə həsrətlər başlanacaq ki, buralara nə əl çatacaq, nə də vaxtında neçə xoşbəxt olduqlarının fərqinə varmadıqları günlərdəki kimi məktub yazaraq kimdənsə göndərmək. O şeirlə bu şeirin arasında təqribən 7 illik məsafə var. Amma artıq Vətəndən uzaqlarda yazdığı bu şeir bizlərə qələmə alındığı vaxtdan 70 il ötəndən sonra gəlib yetişəcək.
O zaman ki, artıq nə özü vardı, nə də qara gözlü o Mehriban sevgilisi.
Partizan Mixaylo bu şeiri 1944-cü ildə mübarizə yoldaşlarıyla birgə Yuqoslaviya dağlarına sığındığı, Vətənlə, sevdikləriylə yalnız röyalarda görüşə bildiyi qərib günlərdən birində yazıb:
Yuxuda görmüşəm nazlı sonamı,
Mən heç vaxt unutmaram doğma anamı!
İtirdim Vətəni, candan yananı
Qürbətdə yadıma salıb ağlaram.
"Mixaylo"yam, dedim sözü düzünə,
Süngümü batıram düşmən gözünə!
Dörd ildir həsrətəm Vətən üzünə,
Qəmlər yuvasına qonub ağlaram.
Düşmənin başını bürümüş duman,
Vətəndən əlimi üzmərəm bir an.
Gələcək bizimdir, yaxın bir zaman
Sevincdən, fərəhdən gülüb ağlaram.
Onu yaxından tanıyanlar - yalnız qohum-əqrəbası deyil, elə keçmiş məhəllə, məktəb, tələbə yoldaşları da xatırlayırdılar ki, Mehdi çox ürəyiyumşaq, təbiətən zərifmiş və onun əlinə silah alıb lap düşmən olsa belə insan öldürə bilməsini heç cür təsəvvür etməzlərmiş. Amma dünya qopanda çox şeylər dəyişə bilir.
Gülarə xanım bunu da söyləyirdi ki, anası Bikəxanım Mehdidən böyük, "Şura" çağırdıqları Hürriyyət xalası Mehdidən kiçikmiş və o, balaca bacısını incə nəvazişlə əzizləyərmiş. Mehdi uşaqlıqda çox dəcəlmiş, hara gəldi dırmaşar, ağacların budaqlarından düşməzmiş. Hələ bir dəfə yıxılaraq qolunu da sındırıbmış, ona görə dünənki dəcəl Mehdinin hələ yeniyetməykən birdən-birə böyüməsini, yaşından böyük qayğıkeş ədalarını yaxınları təəccüblə qarşılayarmış.
1930-cu illərin əksər ailələri kimi, onlar da kasıbyana dolanırlarmış. Kiçik bacısı artıq 16 yaşına çatıbmış, məktəb yoldaşlarının əksərinin qol saatı olsa da, onunku yoxmuş. Bunu deyərək bir axşam Hürriyyət evdə ağlamsınanda Mehdi də kövrəlir, çox da böyük olmayan birinci maaşı əlinə çatan kimi mağazaya yollanaraq bacısına sadə də olsa bir saat alır.
Gülarə xanım Mehdinin yuxaürəkliliyinə bunu da misal çəkirdi ki, qonşumuzda lap imkansız bir ailə vardı. Bir gün Mehdi onların xırda uşağının gəlincikdən ötrü ağladığını görür. Obiri maaşından da bu uşağa bir gəlincik alıb bağışlayır.
Gülarə xanım da dünyadan Mehdi həsrəti ilə getdi. Özünün mənə dediyi sözlərdir, indi kövrələ-kövrələ, titrəyən səsiylə vəfatından 9 il əvvəl, 2011-ci ildə söylədiklərini maqnitofon lentindən dinləyirəm, təsirlənirəm: "Onu həmişə gözləmişik, həqiqəti bilsəm də, artıq özüm yaşa dolsam da, yenə gözləyirəm. Daim o nigaranlıq mənimlədir. Məndə belə hissiyyat var ki, Sloveniyaya gedə bilsəm, dayımın qəbrinə baş çəksəm, bəlkə onda rahatlaşaram".
Gülarə xanımın o sözlərində haqq vardı. Çünki məzarın, quruca torpağın heyrətli sakitləşdirmək, ovutmaq, düşündürmək, yeri gələndə hayan həmsöhbət olmaq gücü var. 2011-ci ilin mayında ilk dəfə Sloveniyada Mehdinin ziyarətinə gedəndə əvvəlcə onun iki məzarından əvvəlincisinə baş əyməkçün Vitovli kəndinə gəldik.
Yaşıllığa, gül-çiçəyə bürünmüş dağ döşündəki kənddəki o tək məzara yaxınlaşanda gendən bir yaşlı qadının üstüyazılı başdaşının qarşısına çöl çiçəklərindən bir dəstə qoyduğunu gördüm. Bu mənə bir az qəribə göründü ki, onsuz da qəbrin sağı-solu həmin çiçəklərlə doludur, məni müşayiət edən sloveniyalı dostlarla yaxınlaşdım ona, bu məzara belə həssaslığının səbəbini soruşdum. Dedi: "Tək bu gün deyil ki! Mən altmış ildən çoxdur ki, daim bu qəbrə çiçək düzürəm".
Çöhrəsindən səmimiyyət yağan bu qadına sualedici baxdım. Qayıtdı ki, mən balaca uşaqdım, faşistlərin vurduğu Mixaylonun qanlı cəsədini birinci görən mən oldum. Yüyürə-yüyürə evə qaçdım ki, orda bir partizanı güllələyiblər. Bizimkilər tez partizanlara xəbər çatdırdılar, onlar gəlib görən kimi "Mixaylodur!" dedilər. Onu elə həmin cəsədini gördüyüm yerdə də dəfn etdilər. Ancaq ertəsi günü də qəbri təzədən qazdılar, gecə ilə cəsədi ordan çıxararaq Çepovan kəndinə apardılar, orda dəfn etdilər. Çünki Mixaylo həlak olan vaxtlarda bizim kənd faşistlərin nəzarətində idi. Faşistlər bilmirdilər ki, vurduqları Mixaylodur. Onu elə başqa partizanlardan biri kimi qəbul etmişdilər. Mixaylonunsa başına onlar böyük mükafat qoymuşdular. Xəbər tutsaydılar ki, burda dəfn olunan Mixaylodur, yəqin, qəbri özləri açardılar, şəklini çəkib qəzetə də verərdilər ki, məşhur partizan belə məhv edilib. Həm məzarı təhqir edərdilər, həm də adı ələkeçməz, faşistlərin qənimi kimi məşhurlaşmış Mixaylonun öldürülməsi partizanlarda müəyyən ruh düşkünlüyü də yarada bilərdi. Ona görə partizanlar Mixaylonu daha çox öz nəzarətlərində olan, faşistlərin ayağının təsadüfdən-təsadüfə dəydiyi Çepovanda dəfn etməyi daha münasib saymışdılar. Ancaq artıq müharibə bitəndən sonra Mixaylonun basdırıldığı bu ilk məzarın üstündə də partizan yoldaşları başdaşı qoydular. Odur ki, həmin vaxtdan bu məzar mənə əzizdir, çiçəyini də əsirgəmirəm...
Bu əhvalatı Gülarə xanıma danışmışdım, xeyli mütəəssir olmuşdu və söyləmişdi ki, Mehdi dayı məni əsl adımla yox, "Güllü" çağırırmış, elə anam da belə deyirdi. Çünki tez itirdikləri analarının adı Güllüxanım olmuşdu. Yəqin, məni belə çağırırmışlar ki, o ad evimizdə yaşasın. İndi bizim nəsildə də iki Mehdi var, Şura xalanın oğlu Mehdi, bir də gəlinimizin atasının adı Mehdi idi, uşaqlarına Mehdi adı verdilər, adlar üst-üstə düşüb, mən ürəyimdə onu elə öz Mehdimiz kimi sayıram, yəqin, gələcəkdə də yeni Mehdilərimiz olacaq. Ad gərək yaşasın. Siz Sloveniyada Mehdinin muzeyini açanda çox sevindim. Çünki arada soyuqluğu mən görürdüm, bizim müharibə qəhrəmanları elə bil yaddan çıxmışdı. Biz ki heç, onsuz da həmişə Mehdiyləyik. Mehdi dekabrda anadan olub, noyabrın ikisində də rəhmətə gedib. Həmin günlərdə gedirik heykəlini ziyarət edirik, mayın doqquzunda da gedirik. Ancaq başqa hansı vaxt ki imkanım olur, mən özüm ayrıca gedirəm, gül qoyuram, elə sadəcə gedirəm, ziyarət eləyirəm. Orda heykəlin yanında bir yer var, böyründə yazılıb ki, "Burada Mehdi Hüseynzadənin qəbrinin torpağı basdırılıb". Biz həmişə ora gül qoyuruq".
...Mehdi Hüseynzadənin muzeyi hekayətini gərək yerli-yataqlı nağıl edəm. Yalnız ona görə yox ki, bu bir azərbaycanlının xatirəsinə ölkəmizdən kənarda yaradılmış ilk və yeganə muzeydir. Ən əvvəl ona görə ki, elə bu muzeyin də Mehdinin özü kimi macəralı taleyi var.
Gülarə xanım danışırdı ki, 1945-1946-cı illərdə dəstə-dəstə müharibədən qayıdanların arasında hər dəfə gözləsək də, Mehdinin olmadığını görəndə anamız naəlac qalıb bir gün adla deyilən, adətən, söylədikləri də düz çıxan bir falçının yanına getdi. O falçı demişdi ki, qardaşın gəlməyəcək, amma böyük sədası gələcək.
Həmin səda o falçının həmin sözləri deməsindən 6-7 il sonra gəlməyə başladı və sanki hər şey də təsadüfən baş verdi. Palmiro Tolyatti ilə Broz Tito Mixaylo barədə Stalinə söz açmasaydılar, Stalin də bu xəbərlərin ardınca olmasaydı, kim idi Mehdini yada salıb təzədən həyata qaytaran, əslində bu, ölüyə həyat verməkdən də müşkül bir iş idi.
Ancaq hər təsadüfün arxasında Göylərin cızdığı bir zərurətin izi olduğu kimi, yəqin ki, Mehdinin Şempasda muzeyinin təsadüf kimi görünən yaranışı da İlahinin özünün müəyyən etdiyi bir zərurət imiş.
Avropa Şurası Parlament Assambleyasında bir ənənə var ki, üzv dövlətləri ümumi fəaliyyətə daha yaxından cəlb etmək məqsədilə mütəmadi olaraq ayrı-ayrı komitələrin iclaslarını üzv dövlətlərin birinə təyin edirlər. İş elə gətirmişdi ki, Assambleyanın üzvü olduğum Mədəniyyət, elm, təhsil komitəsinin 2011-ci ildəki yay sessiyası öncəsi iclasları Xorvatiya və Sloveniyada keçirilməli idi. Uçuş biletlərimiz elə alınmışdı ki, əvvəlcə Zaqreb, daha sonra Lyublyanada olacaq iclaslarımızdan sonra iki boş gün qalırdı. Mən də yolum Sloveniyaya düşmüşkən həmin iki gündən çoxdankı bir arzumu gerçəkləşdirməkçün istifadə etmək qərarına gəldim. Avstriyadakı səfirliyimizin Sloveniya üzrə məsul olan işçisindən rica etdim ki, imkan varsa, məni Nova-Qoritsa şəhərinə aparsın ki, Mehdi Hüseynzadənin məzarını ziyarət edim.
Ertəsi gün səhərdən yola düşdük və orada da artıq yalnız Azərbaycan Milli Məclisinin deyil, həm də Avropa Şurasının depuatı olan bir qonağın gələcəyini bilincə hazırlıq görmüşdülər, bizi sonradan ən yaxın dostlarımızdan birinə çevriləcək şəhər bələdiyyəsi katibliyinin rəhbəri Andrey Kompara, o şəhərdəki diyarşünaslıq muzeyinin direktoru Andrey Malniç qarşıladılar. Ziyarət gedişində Mixayloya slovenlərin məhəbbətini görüncə, onun buralarda elə Azərbaycandakı kimi sevildiyinə şahid olunca ürəyimdə bir arzu yarandı. İşin avandlığından iki həftə sonra - iyun ayında Prezident İlham Əliyevin Serbiya və Sloveniyaya səfəri gözlənilirdi.
Ziyarətdən sonra nahar edərkən yeni qazandığım dostlara dedim ki, burada Mixaylonun muzeyinin yaradılması fikrinə necə baxırsınız? Elə bil belə təklifi eşitməyi çoxdan gözləyirlərmiş, "Gözəl olar!" söylədilər. Qayıtdım ki, iki həftə sonra Prezidentimiz burada olacaq. Mən bu müddətə muzeyi hazırlaya bilərəm. Gəlin əvvəlcə qurula biləcək o muzey üçün yer seçək. Mən Bakıya qayıdan kimi rəhbərliyə məlumat verəcəyəm. Əgər dövlət başçımızın razılığı olsa, bu yaradılacaq muzeyi də səfər proqramına salmaq istəsə, mən onun gəlişinədək muzeyi qurub tamamlayacağam, yox, əgər söylənsə ki, artıq səfər proqramına hər hansı dəyişiklik etmək mümkün deyil, gecdir, istənilən halda mən işimi davam etdirəcəyəm, artıq muzeyi bu cür ildırım sürəti ilə deyil, bir neçə aya, daha səbirlə, rahat bir şəkildə quracağam.
Başladıq mümkün məkanları seçməyə. Çepovan kəndində, Mehdinin uyuduğu qardaşlıq məzarlığının yaxınlığında ayrıca bir tək bina vardı. Memarlığı da gözəl idi, yeri də münasibdi, müstəqil tikili olduğundan muzey üçün də çox uyğun gəlirdi. Ancaq bina çox köhnə idi, təmiri xeyli vəsait və vaxt tələb edirdi. Vaxt isə yox idi. Onda Şempasda gözaltı elədiyim bir binanın üzərində dayanmağı daha məqsədəuyğun saydım. Binanın yerləşmə məkanı sabah bura iki dövlətin başçısının gələcəyi təqdirdə həm təhlükəsizlik baxımından, həm də açıq havada tədbir keçirməkçün iri meydan kimi həyətinin olması nöqte-yi nəzərindən əlverişli idi. Digər sərfəli cəhət bu idi ki, binanın tarixi mənası vardı. İkinci Dünya müharibəsi vaxtı bu yerlərin faşistlərdən təmizlənməsində xüsusi xidmətləri olan Sovet ordusu 9-cu korpusunun qərargahı burada yerləşmişdi. Üçüncü ən işimizə yarayan cəhətsə bundan ibarətdi ki, burada meriyanın bir neçə əməkdaşının iş otaqları vardı ki, dostumuz Andrey Kompara onların başqa bir məkanda yerləşdirilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində asanlıqla həll edə bilərdi.
Ləngimədən otaqların, divarların şəkillərini çəkdim, ölçülərini götürdüm və Andreydən də xahiş etdim ki, elə günü sabahdan otaqlar boşaldılsın, təzəlik dərhal hiss olunsun deyə döşəmə laklansın, divarlar rənglənsin. Yəni bu üç-dörd günə başa gələsi, çox da xərc tələb etməyən kosmetik təmir idi və meriyanın da bunu yerinə yetirməkçün kifayət qədər büdcəsi vardı.
Artıq beynimdə gələcək muzeyin ekspozisiyası qurulurdu. Hansı divarlarda nələri, hansı ölçülərdə asacağımı, Mehdi Hüseynzadə ilə bağlı Bakıda nələri haradan götürəcəyimi saf-çürük edirdim.
İrəlicədən bilirdim ki, Tarix, İncəsənət və Nizami adına Ədəbiyyat muzeylərində nələr var ki, elə gedən kimi üç-dörd günə surətlərini çıxarmaq, çərçivələmək mümkün olacaq. Digər tərəfdən, ağsaqqal dostum, görkəmli bəstəkarımız, Mehdinin sevimli bacısı oğlu Aqşin Əlizadəgildə hansı Mehdi yadigarlarının olmasından xəbərdar idim. Çünki evində ona qonaq olarkən müxtəlif vaxtlarda bunları görmüşdüm. Elə isti-isti Nova-Qoritsada tanış olduğum, ilk təmaslarımızdan aramızda mehriban münasibətlər yaranan, məni evinə də dəvət etmiş rəhmətlik İvan Başindən xahiş etdim ki, köhnə partizanlarla danışsın, onlar da yeni yaradılacaq muzeyə onlarda olan dava illəri saxlanclarından gətirsinlər.
İvan Başinin eyvanında əyləşib çay içirdik, onun evi Sloveniyanın Nova-Qoritsasında idi, 10-15 metr o yanda isə artıq başqa ölkə idi - İtaliyanın Qoritsa şəhəri idi. İvan Başin yolun o üzündəki polis nəfərini göstərərək zarafatla: "Görürsən də, müharibə nələr edib? O polisin yolun bu tayındakı polisin də, vətəndaşın da işinə qarışmaq ixtiyarı yoxdur. Amma vaxtilə o tərəf də, bu tərəf də elə bir şəhər olub - Qoritsa. İkiyə bölünmədən sonra xəritəyə bizim Nova-Qoritsanın da adı yazılıb. Mən də zarafatla dedim ki, bu da Mixaylonun bəxtindəndir. Çünki o, Abşeronun Novxanı kəndindəndir. Nova-Qoritsa ilə Novxanının mənası da elə təxminən eynidir. Elə yanımdaca İvan Başin bir-bir köhnə partizanlara zəng vururdu, bəzilərini dəvət də etdi, elə o axşam birlikdə olduq və xahişini edirdi ki, Mixaylonun, əslində sizin hamınızın muzeyiniz yaradılır, nə bacarırsınız gətirin. Biri köhnə avtomat, biri pulemyot darağı, bir başqası müharibə dövründən qalan pistolet, bir ayrısı həmin illərdən bəri saxladığı qeyd dəftərlərini, kompası, geyim-kecimi gətirməyi vəd etdi.
Bakıda hava limanına enincə telefonda ilk aradığım heykəltəraş dostum Akif Əsgərov oldu. Mehdi Hüseynzadənin Novxanı kəndində ucalan abidəsinin müəllifi o idi və bilirdim ki, həmin bürünc abidənin gipsdən olan modeli mütləq haradasa qalmaqdadır. Soruşdum, dedi ki, hə, qalır, ancaq nə vəziyyətdədir, xəbərim yoxdur, çünki iki metrdən hündür olan həmin abidənin modeli dörd hissədən ibarət idi, yəqin, kombinatın həyətində haradasa bir tərəfdə atılıb qalır. Qayıtdım ki, evə çatım, paltarımı dəyişim, gedək kombinatın həyətində baxaq görək o heykəl nə haldadır? Güldü ki, nə qaçaqaçdır axı, sabah gedərik. Kombinatın həyəti nəhəng bir ərazidir, orada həyətdə işıq da yoxdur, artıq hava da qaralıb, onsuz da heç nə görməyəcəyik, salamatı, sübhdən gedərik. Dedim ki, yox, sabahacan dözə bilmərəm, elə bu axşam gedək, məndə evdə əl lampası var, götürərəm. Bu cür ifrat tələsməyimin niyəsini də başa saldım ki, hər dəqiqə qızıldır, muzeyi ən qısa müddətdə düzəldib təhvil verməliyik...
Ertəsi gün səhər iş başlanınca xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxladım, muzey söhbətini açdım, cənab Prezidentə bu muzeyin qarşıdakı səfərin proqramına daxil edilib-edilməməsinin razılığının alınması ilə bağlı danışmasını rica etdim. Ehtimal edilən muzeyin yerləşəcəyi binanın, həyətinin, ətrafının, içərisinin fotolarını, muzeyin necə olacağı ilə bağlı ilkin layihəni də təqdim etdim ki, Rəhbərə göstərsin. İki gün ötürdü, Elmar müəllimdən xəbər yoxdu. Mən öz işimi görməyinə görür, hazırlıqlarımı aparırdım. Xarici işlər nazirinə zəng vurdum ki, cavab necə oldu? Dilləndi ki, hələ deyə bilməmişəm, mənə zəng vurmayıb. Dedim, axı vaxt yoxdur, mən sizdən bu xahişi edəndə Prezidentin səfərinə 14 gün qalırdı, onun da iki günü artıq getdi.
"Gözləyək", - dedi, mənimsə gözləmək macalım yox idi.
Hər gün dövlət başçısı ilə tədbirlərdə birgə olan protokol xidmətinin rəhbəri Elçin Bağırova zəng edərək bütün materialları da təqdim etdim.
Prezidentin tək sualı: "Çatdıra biləcəksinizmi?" - idi.
O günlərdə təxminən yatmırdım. Elə şərti iki-üç saat mürgüləyirdim. Hazırlıq işləri, gələcək muzeyin ekspozisiyasını bəzəyəcək eksponatların toplanması tam sürətlə gedirdi. Hər gün toplanmış materialları müşayiət edəcək mətnlərin ingiliscəsini Sloveniyaya, heyiflər ki, beyin xərçəngindən insafsızca erkən itirdiyimiz Andrey Malniçə göndərirdim, o da təcili sloven dilindəki tərcümələri hazırlatdıraraq təkrar mənə qaytarırdı. Baxdım ki, bu gedişatda muzey tədricən qurulmaqla yanaşı, əslində Azərbaycan, sloven, ingilis dillərində bütün mətnlər də hazır olur və təsvirlərlə birləşərək yeni muzey haqqında ayrıca kitabçanın buraxılması da mümkünləşir.
Kimsədən nəsə ummağa haqqım yox idi, bu işi kimsə mənə tapşırmamışdı, öz təşəbbüsüm idi, ağırlığa da özüm çiyin verməli idim.
Bir həftə sonra artıq aparacağım bütün yüklər hazır idi. Cənab Prezident göstəriş vermişdi, yüklərimizi AZAL-ın Milana uçan təyyarəsində ödənişsiz aparacaqdım. Sloveniya ilə də danışmışdım, onlar da fəhlələr, iri yük maşını təşkil edəcəkdilər ki, məni Milan hava limanında gözləsin, enən kimi yükləyək, oradan Nova-Qoritsaya yola düşək.
2011-ci il iyun ayının 2-də muzeylə əlaqədar artıq bütün işlərimi yekunlaşdırmışdım, muzey haqqında üç dildə olan "İki xalqın övladı" adlı, 2 min nüsxə buraxmağı nəzərdə tutduğum kitabça çapa imzalandı, həmin günü və bütün gecəni mətbəədə keçirdim - plyonkalar çəkildi, lövhələr hazırlandı, çap başlandı. İyunun 3-də axşam artıq bütün tiraj məndə idi. Mebel fabrikində dostum Azər Kərimlinin köməyi ilə aparacağım yüklərçün səliqəli qutular hazırlanmışdı, Milanda baqajımızı yubanmadan ala bilməmiz üçün həmin qutuların hər birinin üstünə diplomatik yük olduğunu təsdiqləyən möhürlü, imzalı vərəqlər yapışdırılmışdı. Xarici İşlər Nazirliyi və İtaliyadakı səfirliyimizlə də danışmışdım ki, təyyarəmiz Milana çatanda bir əməkdaş orada olsun ki, yükü qəbul edərək bizə təhvil versin. Sanki hər şey yağ kimi gedirdi və iyunun 4-də yüklərimizlə bərabər Bakıdan İtaliyaya, Milanda hava limanına enincə gözüm nova-qoritsalı dostları aradı - əllərində adım yazılmış lövhəcik tutan bir neçə nəfəri gendən gördüm. Səfirlik də Romadan bir diplomat göndərmişdi ki, yükü qəbul edib gömrükdən keçirsin. Uçuş vaxtı söndürdüyüm mobil telefonumu açınca Bakıdan gələn zəng üstümə qaynar su tökdü: "Yükü göndərə bilməmişik, elə bu təyyarə bir neçə saat sonra Bakıya geri uçacaq, bilet almanıza ehtiyac yoxdur, elə onunla qayıdıb gəlin, bir həftə sonra növbəti reys olacaq, onunla təzədən gedərsiniz, yükünüzü də apararsınız".
Mənim vəziyyətimi təsəvvür edirsinizmi? Azərbaycan dövlətinin rəhbəri təklifimə yüksək alicənablıqla dərhal müsbət münasibət bildirib, yaradılacaq muzeyin ziyarət edilməsini Sloveniyaya səfərinin artıq müəyyənləşmiş qrafikinə əlavə edib və təbii ki, müvafiq olaraq Sloveniya Prezidentinin administrasiyası ilə danışıqlar aparılıb, onlar da Azərbaycan Prezidentinin səfər gündəliyindəki bu əlavəni təsdiqləyiblər. Təbii ki, Sloveniyada bundan irəli gələn bir sıra göstərişlər də verilib. Mən ayrıca məktubda rica etmişdim ki, Mixaylo muzeyinin açılışı mərasimində mütləq fəxri qarovulda duran hərbçilər dəstəsi olsun, Sloveniya paytaxtından Şempas kəndinə uşaq xoru və kapella gətirilsin, Sloveniyadan, Serbiyadan, Xorvatiyadan, İtaliyadan olan keçmiş partizanlar dəvət edilsin və hələ Bakıda ikən məlumat almışdım ki, bütün bunların hamısı olacaq.
İndi isə deyirdilər ki, muzeyə düzəcəyimiz eksponatlar gəlməyib və demək, açılış mərasimi də olmayacaq. Bunun kimin günahı ucbatından baş verməsinin araşdırılmasının indiki halda mənası yox idi - bütün məsuliyyət mənim boynumda idi.
Nova-Qoritsadakı dostlar guya bayram ərəfəsində olduğumuzu zənn edərək həmin axşama ziyafət də təşkil etmişdilər. Andrey Malniçdən xahiş etmişdim ki, o da muzeydən işçilər gətirsin ki, şam edəndən sonra dərhal işə başlayaq və bütün gecəni ekspozisiyanı qurmaqla məşğul olaq. O zavallılar da orada gözləyirdilər.
Bakıdan gələn həmin "Elə bu təyyarə ilə geri dönün" zəngindən sonra keçən saatlarda yaşanan həyəcan, AZAL vitse-prezidenti ilə ardı-arası kəsilməyən telefon danışıqlarım elə Mixaylonun vaxtilə qatıldığı ən riskli, ən qəliz əməliyyatlardan biri kimi idi. Yükün göndərilməməsi səbəbini bu bəhanə ilə izah etməyə çalışdılar ki, guya yüklərimiz olan qutular təyyarınin qapısından keçməyib. Dedim, axı elə idisə, bunu mənə Bakıda xəbər verə bilərdiniz, heç mən də bura uçmazdım, ikincisi, mən qutulardan bir neçəsinin təyyarəyə yükləndiyini gözümlə görmüşdüm, üçüncüsü də, mən hər incəliyi irəlicədən hesabladığımdan o qutuları düzəltdirərkən hansı ölçülərdə olmasını AZAL-ın təmsilçiləri ilə danışaraq dəqiqləşdirmiş, bütün tələblərlə hər hansı irad tutulmağa, qulp qoyulmağa əsas verməyəcək bir səviyyədə nəzərə almışdıq.
Yəni qutuların guya iri ölçülərə görə yük yerinin qapısından keçməməsi tam əsassız idi, sadəcə, görünür, son anda hansısa başqa planları yarandığından bizim işimizin təxirə salına biləcəyini öz aləmlərində mümkün saymışdılar. Mən də açıqca bildirdim ki, bu, sizin müqəddəratınız məsələsidir, görün ki, hansı səviyyəli tədbiri pozursunuz. Bu girdabdan yeganə çıxış elə bu gecə başqa bir təyyarə ilə yükü mənə çatdırmaqdır, ikinci yol yoxdur.
AZAL-la o gecə söhbətlərimizin gərginlik və təşvişinin həddini ölçə biləcək cihaz ixtira edilməyib, amma dilimə bir qaşıq su da vurmadan səhəri dirigözlü açdığım o müdhiş saatlardakı telefon danışıqlarımın uzunluğu bəllidir - ayın sonunda artıq Bakıda aldığım ödəniş kağızında gördüm ki, yalnız həmingünkü söhbətlərimə görə 2000 manata yaxın borcum var.
Uzun çək-çevirdən sonra AZAL-ın vitse-prezidenti gümrah səslə şad xəbər verdi ki, işiniz düzəlir, yaxın saatda yükünüzü Frankfurta yola salırıq, oradan da maşın danışılacaq, gətirəcəklər Nova-Qoritsaya.
Bir işə girişəndə onunla bağlı hər təfərrüatdan agah olmalı, ümumən çox bilməlisən ki, düşdüyündən də ağır bəlaya mübtəla olmayasan.
Mənim baqajım diplomatik yük kimi gəlməsəydi, onu Frankfurt hava limanında təhvil alaraq çıxarmaq günlər deyil, həftələrlə uzana bilərdi. Prezidentlərinsə muzeyin açılışına gəlməsinə beşcə gün qalırdı.
Dedim ki, tələsməyin, həmin yüklərin üstündəki kağızlar dəyişilməlidir. Gərək Xarici İşlər Nazirliyindən bir nümayəndə gələrək qutuların hər birinin üstünə yükün artıq İtaliyada deyil, Almaniyada qəbul ediləcəyi haqqında rəsmən təsdiqlənmiş vərəqlər yapışdırsın. Həm də o yükü Frankfurtda qəbul etməkçün mütləq Almaniyadakı Azərbaycan səfirliyindən nümayəndə olmalıdır.
Xarici İşlər Nazirliyinə yaranmış vəziyyətlə əlaqədar artıq məlumat vermişdim. Bu işdə bizə kömək göstərməsi tapşırılmış nazir müavini tezliklə cavab verdi ki, imzalı-möhürlü kağızlarla əməkdaşı Binə hava limanına yollayır.
Elə ardınca bizim o vaxt Almaniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Pərviz Şahbazova zəng vurdum. O da sağ olsun, operativ şəkildə məsələni həll etdi. Artıq gec saatlar idi, Berlindən Frankfurta uçacaq təyyarələr yox idi. Pərviz müəllim lütfkarlıqla səfirliyin maşınında bir əməkdaşı göndərdi ki, o qədər uzun yolu qət edərək Berlindən Frankfurta yetişsin, yükü qəbul edib qayıtsın.
...AZAL-dan növbəti zəng oldu, yenə vitse-prezident idi, yenə muştuluqlayırdı ki, artıq yük Frankfurtdan çıxdı, maşın səhər saatlarında gəlib mənzil başına çatacaq.
Vəziyyətin nə dərəcədə ciddi olduğu artıq lazımınca dərk edilmişdi ki, hər saatdan bir Bakıdan gələn zəng təkrarlanırdı. Xəbər verirdilər ki, yükü gətirən sürücü ilə daimi telefon əlaqəsindəyik, filan şəhərə çatdı, hazırda filan yerdən keçir, indi filan məntəqədədir.
Sonuncu zəng gələndə artıq səhər açılırdı, "Uzağı 10 dəqiqəyə maşın oradadır".
Anlayırdım, onların da üstündən ağır yük götürülmüşdü, öz günahlarından yaranmış asan olmayan bir işin hər halda öhdəsindən gəlinmişdi.
"Bilirsən, o sürücü ilə daimi əlaqəmiz olsan deyə bu gecə bir almandilli tərcüməçini də xeyli məbləğ ödəyərək idarədə saxladıq ki, sürücü ilə mütəmadi telefonlaşaraq bizə məlumat versin".
Təşəkkür etdim. Bir neçə dəqiqə sonra iri yük maşını gələrək muzeyin yanında dayandı. Bu, həyatımda ən sevinclə qarşıladığım maşın idi.
Sürücü yerə endi, görüşmək, sənədləri almaqçün yaxınlaşanda qaraqaş-qaragöz olmasından şübhələndim ki, ola bilər, Almaniya türküdür. İngiliscə salamlaşdım, "xoşgəldin" dedim, adını soruşdum. "Adım Bayramdır", - dedi. Başladım onunla azərbaycanca danışmağa. Dedi ki, əslində bu gecə Türkiyəyə uçmalı idim. Ancaq qəfilcə mənə ofisimizdən zəng vurdular ki, təcili tapşırıq var, bileti dəyişdir, Türkiyəyə bir gün sonra gedərsən, əvvəlcə apar bu yükü çatdır".
Qayıtdım ki, adınız Bayramdırsa, yəqin ki, qarslısınız, demək, siz də kökünüzlə azərbaycanlısınız. Bu gecə əslində həm sizin, həm bu gətirdiyiniz yükün şansıdır. Çünki burada Azərbaycanın qəhrəman bir oğluna muzey yaradılır, qismət belə imiş ki, onun yükünü də bura elə bir azərbaycanlı gətirə!"
Sürücü Bayram hədsiz məmnun idi, ancaq bu sərgüzəştin son nöqtəsini qoymaq vacib idi. Bu dəfə artıq Bakıya, AZAL-a mən zəng etdim. Minnətdarlığımı bildirdim və əlavə elədim ki, deyirdiniz alman dili tərcüməçisi gətizdirmisiniz, bütün gecəni orada oturtmusunuz, xeyli də pul ödəmisiniz, barı bir ondan soruşaydınız ki, adın nədir, soyadın nədir? Bu sürücünün adı Bayramdır, özü də Türkiyə azərbaycanlısıdır, o qədər xərcə düşməyinizə lüzum yoxmuş, onunla elə öz dilimizdə danışa bilərmişsiz".
...2011-ci ilin iyun ayının 10-da gözlədiyimiz əziz gün gəlib çatdı. Tarixi hadisə baş verirdi. Həmin gün mən artıq orada deyildim. Ayın 9-da artıq muzeyi təhvil verib Strasburqa yola düşdüm. Çünki Avropa Şurası Parlament Assambleyasında çox vacib bir məruzəmin komitədə müzakirəsi keçirilirdi. Əleyhdarları da az deyildi. Səbəb də aydındı: məruzə "Hərbi münaqişələr və ətraf mühit" adlanırdı. Məruzədə milli maraqlarımıza cavab verən bir çox həqiqətləri əks etdirməyə nail olmuşduq.
...2011-ci il iyun ayının 10-da Prezident İlham Əliyev və Sloveniya Prezidenti Danilo Turk muzeyi açdılar.
Şempasda möhtəşəm bayram idi. Bütün kənd orada idi, insanlar sevinirdi. İlk dəfə idi ki, o kəndə iki ölkənin prezidentləri gəlirdi. O prezidentləri bu kəndə gətirən onların doğma övladı kimi sevdiyi Mixaylo idi.
Qadın xoru oxuyurdu, yaylım atəşləri səslənirdi, mələk səsli uşaqların xoru o meydana toplaşmış izdihamı riqqətə gətirirdi. Mixaylonun silahdaşları, köhnə partizanlar orada idilər, bu mənzərəni qəhərlərini udaraq seyr edirdilər.
Və o gün Mehdi də orada idi. İki məzarının olduğu bu yerlərdə artıq onun öz evi vardı. Onu oğulluğa qəbul etmiş bu sloven kəndində həmişə onunku qalacaq evinə qayıdırdı...
Rafael HÜSEYNOV
Akademik
4 aprel 2025

Digər xəbərlər
