ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“EŞQİN RƏNGLƏRİ” romanından hissə...

ƏDƏBİYYAT
28.07.2025, 14:34 Oxunub: 2902Hüseynbala Mirələmovun “EŞQİN RƏNGLƏRİ” romanından hissə...
NEMƏT
Gecənin bir aləmində telefonuma Gülçinin zəngi gələndə dostlarımla yenicə sağollaşıb kafedən çıxmışdım. Telefonu açanda onun titrək, sərxoş səsini eşidəndə narahat oldum. Qırıq-qırıq kəlmələrlə danışırdı, “gəl… gəl, apar məni burdan, Nemət…” pıçıltısı telefondan sıyrılıb ox kimi ürəyimə sancıldı.
Yalçının toyunda olduğunu bilirdim. O toya getməyini əslində istəmirdim, bilirdim ki, orada olmaq onun ruhunu, qəlbini parçalayacaq. Amma o qədər inadla öz fikrinin üstündə durdu ki, deməyə sözüm qalmadı. Həm də fikirləşdim ki, hər şeyin artıq bitdiyini öz gözüylə görsə, bunu yavaş-yavaş qəbul etməyi də asan olacaq.
Amma onun səsindəki ağrını, çarəsizliyi hiss edəndə artıq həkim məsuliyyəti ilə deyil, insani borc hissi ilə onun yanına tələsdim.
Maşını necə sürürdüm, nə qədər vaxt keçdi, neçə küçə döndüm, neçə qırmızı işıqdan keçib radarlarda cərimələndim, heç bilmirəm. Sadəcə lap tez onun yanına çatmaq istəyirdim. Çatıb onu yaşadığı o cəhənnəmdən çıxarmaq… O zahiri xoşbəxtlik oyunları, qulaqbatıran səs-küy, gurultu onluq deyildi. Şadlıq sarayının qarşısına çatanda pillələri iki-bir, üç-bir qalxdım.
Hay-küydən qulaq tutulan zala daxil olan kimi gözüm Gülçini axtardı. Orta yerlərin birində başını iki əli arasına alıb oturmuşdu. Ağ geyimi bədəninə yapışmışdı, saçları dağınıq idi, makiyajı solmuşdu. Dirsəklərini stola dayayıb özünü masa arxasında dik saxlamağa çalışırdı, lakin bacarmırdı. Hər hərəkəti sanki hansısa filmin yavaşladılmış kadrları idi. O gözəllikdə gənc qadını dərd əyib ikiqat eləmişdi. Yanına yaxınlaşanda məni tanıdı. Sərxoş olsa belə, baxışları utanc dolu idi, elə bil o vəziyyətdə qarşımda olduğuna görə xəcalət çəkirdi.
– Dur, ehtiyatlı ol, yapış qolumdan, - dedim yavaş səslə…- Ağlama, qəti ağlama. Burada ağlamaq olmaz, çölə çıxanda ağlayıb ürəyini boşaldarsan.
O sadəcə başını tərpətdi. Qoluna girdim, onu zaldan çıxardım. Foyedə səndələdiyini görüb onu qucağıma aldım, sürətlə pillələri enib az qala qaçaraq maşına tərəf getdim.
Bədənindən gələn parfüm ətri içki qoxusuna qarışmışdı. Yolda maşını lal-dinməz, sükut içində sürürdüm. Sağımda oturub ağlayırdı. Hərdən yoldan ötən maşınların işıqları üzünə düşürdü. Yarımqapalı gözləri hərdən işığa görə qıyılır, sonra yenidən qapanırdı.
Birdən öyüməyə başladı. Əlləri ilə ağzını tutdu, qışqırdı:
– Dayan... Saxla maşını, ürəyim... ürəyim bulanır...
Maşını tez yolun kənarında saxladım. Düşüb qapını açanacan özü an tələsik düşdü. Düşən kimi də səndələyib yıxıldı. Öyüməyə, qaytarmağa başladı. Göz yaşları, fəryadı, qusuntu – hamısı bir-birinə qarışdı. Tez çiyinlərindən yapışdım, alnını ovuşdurdum ki, qusanda özünü rahat hiss eləsin. Asfaltın kənarına çökdü, gözləri qapandı, huşunu itirdi. Həkim olmağıma baxmayaraq onun bu halından özümü itirdim. Yanında diz çöküb yüngülcə üzünə şillələr vurdum ki ayılsın. Qaçıb maşından su, nəm salfet gətirdim, əlinə, üzünə su vurdum, paltarının yaxasını təmizlədim. Qorxduğum başıma gəlmişdi, deyəsən içki zəhərlənməsi idi. Əlimi kürəyinə qoyub saçlarını bir tərəfə çəkdim. Telefonumun işığını üzünə tutdum, rəngi avazımışdı. Nəbzini tutdum, zəifləmişdi. Qusması boğazənda qalıb onu boğmasın deyə başını yana doğru əydim. Əyilib nəfəsini dinşədim, yavaşlamışdı. Vaxt itirmək olmazdı, tez qalxıb qucağıma alıb onu maşına oturtdum və Turqayın xəstəxanası istiqamətinə sürməyə başladım. Elə sürətlə sürürdüm ki, yan-yörəmdəki maşınlar naahatlıqla siqnal verir, işıqlarını yandırıb söndürürdülər. Heç nəyə əhəmiyyət vermədən sürürdüm…
Yollar uzun görünürdü, sanki asfalt da qaranlığa bürünüb özünü gizlətməyə çalışırdı. Arabir dönüb sağımda huşsuz yarıuzanıqlı vəziyyətdə oturan Gülçinə baxırdım, ürəyimdən qara qanlar axırdı. Həyatı təhlükədə idi.
Klinikaya çatanda Turqay bizi qapıdaca qarşıladı. Yuxusuz gözlərinin altı qaralmışdı, amma gümrah səslə məni salamladı. Qucağımdakı gülçinə baxıb önümdə qaçaraq mənə yol göstərməyə çalışdı. Həyəcanla qışqırdım - “Təcili mədəsi yuyulmalıdır! Tez, tez!” Turqayın işarəsi ilə klinikada üzərində “Reanimasiya otağı” yazılan qapını çiynimlə itələyib içəri daxil oldum. Ora - bura qaçışan tibb bacıları gülçini çarpayıya uzatmağıma kömək etdilər. “İntubasiya da lazım olacaq, şüuru bağlıdır!”
Bütün prosesə şəxsən nəzarət edirdim, Turqay da yanımdan ayrılmırdı. Gülçinin vəziyyəti ağır idi, içkidən komaya düşmüşdü. Mədəsi yuyulandan sonra oksigen verildi, qoluna serumlar bağlanıldı. İlk 24 saat böhranlı sayılırdı. Onu atlatsa, yaşayacaqdı… Gülçin huşsuz yatırdı. Mən isə onun başı üstündə oturub dərin xəyallara dalmışdım, sağ qalması üçün əlimi Allaha açmışdım, dualar edirdim… Səhərə yaxın bir az mürgülədim.
Səhər günəşinin şüaları üzümə düşəndə hövlnak ayıldım. Elə Gülçinin yanında oturub onun ayılmasını gözləyə-gözləyə məni yuxu aparmışdı. Gözümü açan kimi Gülçinə baxdım, qalxıb nəbzini tutdum, normallaşmağa başlamışdı. Yəqin bir azdan ayılardı. Ağır gecə idi, elə qorxmuşdum ki, dedim, nəsə olacaq ona.
Elə bu vaxt Gülçinin gecə maşından gətirib yan masanın üzərinə qoyduğum çantasından telefonunun zəngi eşidilməyə başladı. Qeyri-ixtiyari saata baxdım, 9-a işləyirdi. “Kimdir bu vaxtı zəng edən?” qalxıb çantasını açıb telefonu götürdüm. Ekranda “Yalçınım” sözü titrəyirdi… Qaytarıb telefonu çantaya qoyanda yenə zəng gəldi. Dayanmadan zəng edirdi. Birinci zəng... ikinci zəng... üçüncü... Səssizə qoydum. Amma davam etdi. Axırda dözə bilmədim. Açdım:
– Alo?
– Sən kimsən?! Niyə Gülçinin telefonunu açırsan?!
Səsi kobud, təhdid dolu idi.
– Mən Nemətəm. Onun psixoterapevti. Vəziyyəti kritikdir. Gecədən içki zəhərlənməsi ilə klinikadadır. Komaya düşüb…
Bir an çaşqınlıqla telefonun o üzündə susub qaldı. Sonra yenə təhditkar, sərt səslə:
- Nə danışırsan, nə koma?! Haradadır indi?
- Deyə bilmərəm. Pasientimin həyatı hazırda təhlükə altındadır, özünün icazəsi olmadan yerini də deyə bilmərəm. İnşallah, komadan ayılar, özü cavab verər sizə .
- Sən nə deyirsən? Gülçinin yerini de, deməsən də müxtəlif kanallarla öyrənib tapacam onsuz da!
Səbir kasam daşdı. Ötkəm səslə cavab verdim:
- Gülçinin qədrini belə bilən idinsə, onu bu hallara salmazdın! Artıq evlisən, onu bir az da olsun sevirsənsə, daha rahat burax, qoy müalicə olunub xoşbəxt yaşasın, sənin varlığın onun psixoloji halını korlayır! Bu, bir həkim göstərişidir. Daha Gülçini rahat burax.
Nəsə deyirdi, qulaq asmadım, telefonu söndürdüm. Ekranı qapadıb masaya qoydum. Elə bil çiyinlərimdən yük qalxdı...
…Günortaya yaxın Gülçin ayıldı və onun üçün ayrılmış palataya aparıldı.
Gülçinə verilən otaq klinikanın ən sakit, ən işıqlı və lüks otaqlarından biri idi. Yumşaq bej tonlarında dekorasiya olunmuşdu, otaqda iki kreslo, geniş künc divanı və jurnal masası vardı.
Pəncərəsi bağın sakit guşəsinə açılırdı – cərgə ilə əkilmiş qızılgüllər, böyük şam ağacları görünürdü. Divarda rəsm asılmışdı, içində yaşıl və mavi rənglərin dərin ahəngi gizlənmişdi. Otağı lavanda ətri bürümüşdü. Bura əsl ruh sığınacağı idi. Bu otaq təkcə müalicə üçün deyil, həm də ruhun rahatlıq tapıb istirahət etməsi üçün idi.
Düşüncələr içində otağı gözdən keçirərkən Gülçinin hənirtisən çevrildim. Gözünü açmışdı, birtəhər gülümsədi, əli ilə başını işarə etdi. Bildim ki, başı ağrıyır. İçki komasından sonra bunun olması gözlənilən idi.
Yaxınlaşıb şəfqətlə saçlarını oxşadım, “rahat uzan, indi sənə dərman verəcəklər” dedim. Nə isə pıçıldadı, eçitmək üçün ona tərəf əyildim. Son dərəcə zəif səslə soruşdu:
- Bura haradır, niyə burdayam?..
Onu baxışlarımla sakitləşdirdim, əlini tutub gülümsədim:
- Narahat olma, güvənli yerdəsən. Turqayın klinikasındayıq, sağalacaqsan, yaxşı olacaqsan, əzizim.
- Anam zəng eləsə, telefonu açma, heç nə demə, Nemət, yaxşı olanda özüm deyəcəm ona hər şeyi…
Başımla təsdiqlədim. Nədənsə Yalçını soruşacağını düşünmüşdüm, soruşmadı…
Otağa gələn tibb bacısına Gülçinə damar yolu ilə qlükoza köçürməsini, gün ərzində lazımi nəzarət etməsini tapşırıb sağollaşıb klinikadan çıxdım, axşam işdən çıxandan sonra yenə gələcəkdim…
BÖYÜKKİŞİ
Yalçının toyunda elə bil tikan üstə oturmuşdum. Narahat idim. Bir yandan səs-küyü sevmirdim, bir tərəfdən də Gülçinin dayanmadan içməsini görürdüm, istər-istəməz qanım qaralırdı. Susaraq dayanmadan içirdi… Ona baxanda içimdə qəribə duyğular yaranırdı. Bu qadınla vaxtilə illərlə eyni damın altında yaşamışdıq. Ömrümdə bircə dəfə onu bu cür darmadağın görmüşdüm – övladımızı itirəndən sonra. Vaxtilə həyat yoldaşım olan qadın indi sevdiyi adamın toyunda dərddən özünü içkiyə vurmuşdu, heç nəyə əhəmiyyət vermirdi. Hətta bir ara Yalçının mesaj yazmasından sonra yaxınlaşıb onu Novxanıya - emalatxanasına aparmağı təklif etdim, razılaşmadı. Heç məni saymadı da. Ürəyimdə ona deyil, Yalçına qəzəblənirdim. Gör, bu qadına nələr etdi? Yəqin ki ümidlər verib sonra da geri çəkildi… Nəticəsi də göz qabağında…
Toyun axırına yaxın Nemətin zala girdiyni gördüm. Yəqin Gülçin zəng edib çağırmışdı. Qətiyyətlə Gülçinə yaxınlaşıb onun qoluna girdi və zaldan çıxardı. Yüngülləşdim, sevindim. Kimin üçün bilmirəm. Onun üçünmü? Özüm üçünmü? Bəlkə də bu ağır səhnənin bitməsinə görə. Gülçinə nifrət etmirdim, amma artıq heç bir hissim də qalmamışdı. Sadəcə həyatda öz yerini, öz xoşbəxtliyini tapmasını arzulayırdım.
Toydan çıxanda İlkanəyə zəng etdim:
– Hazırlaş, gəlirəm. Bir az şəhərdə gəzək, sonra da bizə gedərik. Səni görmək istəyirəm, İlkanə.
Səsi sevincli idi:
– Gözləyirəm.
Onu evinin qarşısından götürdüm. Saçları açıq idi, əynində sadə, amma göz oxşayan bir geyim vardı. Maşında yanıma oturdu, öpüşdük. Gülümsədi. Gecə işıqlar içində almaz kimi parıldayan şəhəri dolaşmağa başladıq.
Bir türk restoranından lahmacun aldıq, xoş qoxusu maşına yayıldı. İlkanə uşaq kimi əlini əlinə sürtüb, “tez gedək, lahmacun yemək istəyirəm” –dedi.
Evimə çatanda maşını binanın arxasında saxladım. Qapını açdım, İlkanəyə əlimi uzadıb maşından düşməsinə kömək elədim. Elə o anda, ona baxdım. Saçları çiyinlərinə tökülmüşdü, gözlərində yuxulu bir sevgi ilə mürgüləyirdi.
Evin qapısından girən kimi onu ehtirasla özümə tərəf çəkdim. Bir addım, bir nəfəslik məsafə... Və sonra möhkəm qucaqlayıb öpdüm. Yemək-zad yaddan çıxmışdı…
YALÇIN
Toyun sonlarına yaxın zalın havası daha da ağırlaşmışdı. Hər tərəfdə gülüş, musiqi… Hamı yeyib-içib şənlənirdi, amma mənim içim qan ağlayırdı. Nilufər gülümsəyirdi, arabir mənimlə söhbət etmək istəyirdi, candərdi cavab verirdim, bir gözüm Gülçində qalmışdı…
Görəsən, onu zaldan çıxaran kim idi? Bəlkə də qohumu imiş? İçimdə elə bil dəli bir qısqanclıq qəfəsdəki pələng kimi nərildəyə-nərildəyə dolaşırdı.
Uzun boylu, ciddi baxışlı o kişi kim idi? Bəlkə terapevtidir? Gülçin həmişə danışırdı ki, onunla söhbət etmək yaxşı təsir edir. Amma terapevti niyə onun ardınca durub bura gəlsin ki?
Nilufərin səsi eşidildi:
– Yalçın, bizi çağırırlar... Oynamağa…
Sanki səsi lap uzaqdan gəlirdi. Başımı tərpədib razılıq verdim... Bundan sonra belə olacaqdı - Nilufər deyəcəkdi, mən də istədim - istəmədim, uyğunlaşmağa çalışmalı idim…
Toy bitdi, qonaqlar dağıldı…
…Öz şəxsi evimdəki otağa girəndə ətrafdakı hər şey mənə yad göründü. Yanıımda ayaq üstə, zərif gəlinlik paltarında dayanmış Nilufər də sanki heç tanımadığım yad birisi idi. Qəribə bir “Mən niyə buradayam, niyə evləndim?” sualı beynimdə fırlanırdı… Nilufərə dodaqucu “soyun, rahatlan, anamın sənin üçün aldığı hər şey şifonerdə olmalıdır” – dedim. Nilufərin təəccüblə üzümə baxdığını sezdim, amma özümü görməzliyə vurdum. Yataq otağımız güllərlə və bahalı dekorasiyalarla bəzədilmişdi. Gözümə heç nə görünmürdü, mən bura aid deyildim. Hər şeyin tələm-tələsik olub bitməsini istəyirdim. Həvəs yox, istək yox , sadəcə həyat yoldaşının hiss etdiyi vəzifə borcu hiss edirdim. Bir anlıq dəhşətə gəldim, bütün həyatım belə keçəcəkdi? Bu fikirlərə dözə bilmədim, əlimi atıb işığı söndürdüm…
Tələm-tələsik, bir neçə dəqiqənin içində hər şeyi bitirdim. Özümə nifrət edirdim, görəsən, Gülçin necə oldu, hara getdi? Amma bir yandan da bilirdim ki, artıq indicə qadın olub yanımda uzanmış Nilufərə görə ömrüm boyu məsuliyyət daşıyıram…
Səhər açılar-açılmaz əl –üzümü yuyub, əynimi geyinib evdən çıxdım. İlk işim Gülçinə zəng eləmək idi, danışıb birbaşa emalatxanaya, onun yanına getmək istəyirdim.
– Alo?
Qəribə idi, kişi səsi cavab verdi.
Hirsimdən dişim bağırsağımı kəsdi. Sən demə, danışan Gülçinin psixoterapevti imiş, gecə onu toydan aparan adam. Gülçinin komada olduğunu deyəndə qulaqlarıma inanmadım. Ayaqlarım yerə yapışdı. Nə qədər israr elədim, klinikanın yerini də demədi. Telefonu bağladı. Qan beynimə sıçradı. O an içimdə bir qırılma baş verdi. Bilirdim, bundan sonra hər kəs “onu burax” deyəcəkdi. Amma mən qəti qərara gəlmişdim: Buraxmayacağam.
Əlaqələrim çox idi. Klinikaların qeydiyyatına daxil olmaq mənə çətin olmadı. Günortaya yaxın onu tapdılar. Turqay adlı bir həkimin özəl klinikasında idi. Yol boyu dilimdə bircə dua vardı: “Təki yaşasın, nə olar, yaşasın…”
Klinika şəhərdən xeyli uzaqda, yaşıllıqların arasında gözəl, çox geniş bir bağda yerləşirdi. Qeydiyyatdan Gülçinin otağını öyrəndim, amma klinikanın mühafizəçisi onun palatasının qapısına yaxınlaşmağıma icazə vermədi: “Həkimin qəti təlimatı var, Gülçin xanımın vəziyyəti ağırdır, yanına girmək olmaz”. Dəhlizdə bir tibb baçısına yaxınlaşdım, pıçıltı ilə qulağına “Çox xahiş edirəm, 1-ci mərtəbədə 11-ci palatada yatan xanıma deyin, Yalçın gəlib, səni görmək istəyir” – dedim. Tibb bacısı razılaşmadı, dəfələrlə xahiş etdim: “Sizin də yəqin ki, sevdiyiniz var, o da mənim sevdiyim qadındır, xahiş edirəm, bircə kəlmə deyin”. Bu sözlərim gənc tibb bacısını deyəsən yumşaltdı. Otağa girib çıxması bir neçə saniyə çəkdi. Yanıma yaxınlaşıb pıçıltı ilə dedi: “Gülçin xanım komadan yeni ayılıb, Yalçın adında birini tanımadığı söylədi, heç kimi görmək istəmir…” Nəsə demək istədim, sözüm boğazımda ilişib qaldı. Necə yəni tanımır? Ürəyim sancdı… Kor-peşman klinikanın qarşısındakı bağda skamyada oturdum.
Hansı pəncərənin Gülçinin ola biləcəyini düşünüb hamısına nəzər saldım. Arada bir dəfə çıxıb nahar edib sonra yenidən geri qayıtdım. Bəlkə axşam daha rahat vaxtda Gülçinin otağına girib onu görmək ümidilə hava qaralana qədər bağda oturub gözlədim. Hava qaralanda Nemətin klinikanın darvazasından daxil olduğunu görüb qarşısına getdim.
Məni uzaqdan tanıdı, baxışları sərt idi.
– Geri qayıt. Bura sənlik yer deyil.
– Onu görməliyəm. Beş dəqiqə görüb çıxacağam.
– O, səni görəsi, səninlə söhbət edəsi vəziyyətdə deyil. Ruhu çox sarsılıb. Sənin burda olduğunu bilsə, vəziyyəti daha da ağırlaşar.
- Beşcə dəqiqə onu görüb çıxacam.
Bir az susdu. Sonra dedi ki, Gülçindən soruşum, icazə versə 5 dəqiqəlik baş çəkərsən.
Yanımızda haradansa mühafizəçilər peyda oldu. Nemətə dedilər ki, mən səhərdən burada gözləyirəm.
Nemət getdi, heç bir dəqiqə çəkməmiş geri qayıtdı. Üzündəki sevinc ifadəsi məni çaşdırdı:
- Səni görmək istəmir.
- Bəs sən niyə sevinirsən onun məni görmək istəməməsinə? Yoxsa Gülçində gözün var?
Mənə cavab verməyib geri qayıtdı. Mən yenidən klinikaya daxil olmaq istədim, qapıda iki mühafizəçi məni buraxmadı.
Qışqırdım, dartındım, kobud sözlər dedim, amma onlar məni qapıdan uzaqlaşdırdılar.
Maşına qayıtdım, səssizcə qapını açıb oturdum. Kədər ürəyimi deşirdi. İlk dəfə idi ki, Gülçini belə dəlicəsinə görmək, ona sarılmaq istəyirdim. Onun həyatımdan bu cür yox olub getməsinə icazə verə bilməzdim. Hələ indi dərk eləmişdim ki, onu çox sevirəm, onsuz həyatımın mənası yoxdu. Radionu açdım, Gülçinin çox sevdiyi türk müğənnisi oxuyurdu, bu həzin mahnı da elə bil yarama duz səpdi:
Ben senin hayatından gittim, oğlum,
Hadi, dur o sarı odalarda durabilirsen..
Ben sen sen diye bittim, oğlum
Hadi bakalım, unut unutabilirsen…
Ben seni yudum yudum içtim, oğlum,
Hadi ol eskisi gibi olabilirsen…
Uzun illərdən sonra ilk dəfə ağladım. Başımı sükana söykəyib hönkürə-hönkürə, boğazımı qarsan dərd düyünü ilə, üzümü yağış kimi isladan göz yaşlarıyla sevdiyim qadına görə xeyli ağladım…
NİLUFƏR
Toy gecəsi... Qızların uşaq yaşlarından nağıllarda oxuyub xəyal etdiyi, illərlə paltara, makiyaja, saç düzümünə qədər planladığı və sevgiylə yekunlaşan gecə… Mən də bu günü çox xəyal etmişdim. Amma həyatımda xəyalımdakı kimi olmadı...
Yalçını tanıdığım gündən soyuq idi. Mənə elə gəlir ki, bu, onun artıq yetkinləşməsi ilə əlaqədardır. Düşünürəm ki, o artıq çılğıncasına sevib-seviləcək yaşda deyil. Hər işi ağılla görür, hər addımı məntiqlə atır. Amma toyumuzda bir şeyi sezdim ki, sanki orada ağ paltarlı gözəl bir qadına gözünü zilləyib baxırdı. Qadın da niyə ağ geyinmişdi, onu da anlamadım? Axı belə qəbul olunub ki, toya gəlindən başqa heç kim ağ geyinməz. Bəlkə o qadını əvvəldən tanıyır? Çünki ona baxması ötəri bir şeyə oxşamırdı, baxışları onun oturduğu stola zillənmişdi. Niyəsə ürəyimə şübhə düşdü. Bir yandan da qadının sifəti nəsə tanış gəlirdi, bəlkə hansısa məşhurlardan biridir, Yalçının dostudur, ona görə toya çağırıb?.. Bir gün özündən soruşacam...
Toy gecəmizdən danışırdım, heç bilmirəm, hardan gedib o ağ paltarlı qadına çıxdım? Yalçınla ayrıca evimiz var, bu, çox yaxşıdır, rahat şəkildə yaşayarıq. Gecə evə çatanda düşünürdüm ki, Yalçın məni qollarına götürüb otağa aparacaq, qulağıma romantik kəlmələr pıçıldayaraq toy paltarımı əynimdən çıxaracaq. Gözlərimi yumub “artıq xoşbəxt həyatım başlayır” deyə düşünmək istədim. Amma Yalçının romantik olmamamsı bir tərəfə, hətta soyuqluğu məni çaşdırdı. Məni sevmirmi?..
Toy paltarımı özüm əynimdən çıxarmalı oldum, o, işığı söndürüb yatağa gəldi və heç bir söz demədən sanki üzərinə götürdüyü öhdəliyi yerinə yetirirmiş kimi mənə yaxınlaşdı.
Toxunuşları elə bil mexaniki, öpüşləri tələsik... Qaranlıqda heç bir-birimizə baxmadan sevişməyə başladıq. Mən titrəyirdim, həm ilk dəfə bunu yaşadığım üçün, həm də həyəcanlı idim, sanki çox fövqəladə nəsə olacaq... “Bəlkə utanır, bəlkə həyəcandandır?..” Amma yox. Bu, heç də həyəcana bənzəmirdi. O, sadəcə mənə qarşı laqeyd idi. Sanki bədənim onun üçün girib çıxmalı olduğu bir otaq idi, vəssalam… Çox çəkmədi… Ağrı hiss etdim, bir yandan da soyuqluğundan hüznləndim, gözlərim doldu. Yaxşı ki, otaq qaranlıq idi deyə görmədi… Yalçın qalxıb duşa girdi, sonra gəlib sakitcə yanımda uzandı. Məni qucaqlayacağını gözləyirdim, amma sakitcə, “yaxşısan?” – deyə ötəri soruşub üzünü divara çevirib yatdı.– Səhər ertədən qalxıb evdən çıxanda - Hara gedirsən, birlikdə səhər yeməyi yeməyək? – deyə pıçıltı ilə soruşdum.
Boğuq səslə:
– Bir az hava alacam, sonra da işə gedəcəm.
Qapını çəkib getdi. Otaqdakı sevgisiz sükut sanki məni boğdu. Gözüm doldu. Toy gecəsinin səhəri - həyatımın ən vacib günündə yalqızam.
Ayağa qalxdım, göbəyimin altında hələ də ağrı vardı. Pəncərədən bayıra baxdım. Küçələr sakit idi, səhər çoxdan açılmışdı, yay günəşi artıq şüalarını sevinclə ətrafa yayırdı. Amma ömrümün ən yaddaqalan günündə mənim qəlbimə qaranlıq çökmüşdü. Toy gecəmizdə onun mənə bu qədər həvəssiz, ruhsuz yanaşması həm kədərləndirmişdi, həm də qadınlıq qürurumu qırmışdı. Artıq ilk gündən iztirab çəkməyə başlamışdım. Yenidən yatağa qayıdıb nazik yay yorğanını üstümə çəkdim, balışımı qucaqlayıb ağladım… Mən niyə indidən, evliliyin ilk günündən artıq özümü belə tənha hiss etməyə başlamışdım?..
GÜLÇİN
Nemətin maşınında oturmuşduq, bilmirəm o, məni hara aparırdı. Əslində heç mənim üçün fərqi yox idi. Sərxoşluqdan əlimi qaldıra bilmirdim, amma şüurum yerində idi, hər şeyi xatırlayırdım. Bədənim sanki mənə aid deyildi, başımın içində min fikir çarpışırdı. Maşının salonu isti idi, amma mən üşüyürdüm. Göz qapaqlarım ağırlaşmışdı, mədəmdə bir yanma hissi vardı, boğazım quruyurdu.
Maşın sürətlə hərəkət etdikcə işıqlar içəri süzülürdü. Küçələr sürətlə keçirdi, ağaclar, binalar, qaranlıq... Hamısı içimdəki səssizliyə bürünmüşdü. Nemətin yanında oturub başımı oturacağa söykəmişdim. Sanki bütün dünya fırlanırdı və mən heç cür bu fırlanmanı saxlaya bilmirdim. Nemət susurdu. Elə bil məni əjdahadan qaçırıb xilas edən şahzadə idi… Dodaqlarımdan pıçıltı ilə bir söz süzüldü:
– Nemət... təşəkkür edirəm...
O baxmadı, sadəcə başını tərpətdi. Elə bil dedi: “buradayam.”
Ona baxdım. Siluetini süzdüm, gözlərim iki görürdü, amma o sakit, təmkinli görünürdü. İki nəfər Nemət görməyə başlamışdım. Güldüm, bunu Nemətə demək istədim, dilim dolaşdı, deyə bilmədim. Mən bu gecə düşdüyüm qaranlıqdan bəlkə də sağ çıxa bilməyəcəkdim, amma o gəlib yenə mənə əlini uzatdı, məni tək qoymadı. Yalçın isə yəqin indi sevimli arvadını öpüb oxşayır… Başım çox hərlənirdi, ürəyim bulanmağa başladı…
Sonra hər şey yavaş-yavaş dumanlandı. Gözlərimin qabağında mənzərələr bulanmağa başladı. Yolu seçə bilmirdim artıq. Göz qapaqlarım ağırlaşdı, başım arxaya düşdü. Nemətin səsi uzaqdan gəlirdi, sanki hansısa dərin quyuya yuvarlandım… Sadəcə özümün eşidəcəyi səslə pıçıldadım: “Bu sondur, deyəsən, ölürəm…”
MÜƏLLİF
Nemətin hər görüşümüzdə danışdığı, mənim də həvəslə qələmə aldığım bu hekayədə heç kimi qınaq obyekti etmək fikrim yoxdur. Çünki insan hisslərə qapılanda harada doğru, harada səhv olduğunu müəyyən edə bilmir. Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək zamanın işidir, insanların yox. Hisslər günahkar olmur və günahkar axtarmır, onlar yalnız yaşamaq istəyir…
Sevgi təkcə qarşılaşma deyil, həm də qarşılıqsız şəkildə sevməyi bilməkdir. Qadının sevgisi isə başqa olur. Qadın sevdikdən sonra heç vaxt əvvəlki kimi olmur. Sevdiyi adam dəyişsə də, qadın həmin sevgini içində daşımağa davam edir. Gülçin də belə qadınlardandır. Bəzən də qadınlar xatirələrə tutunub yaşayırlar, çünki bəzi xatirələr adamın özündən daha vacib olur...
Yalçın isə yalnız öz zəifliklərinin deyil, cəmiyyətin, ailəsinin ondan gözləntilərinə əsir düşüb evləndi və elə ilk gecədəcə səhv etdiyini anladı. Cəmiyyət çox vaxt kişidən tələb edir ki, o, öz hisslərini boğaraq “doğru” addım atsın. Amma bəzən doğru addım qəlbi əzir. Yalçının artıq geri dönmək üçün yolu yoxdur, çıxdığı ailə yolunu sonunacan getməlidir, hamı ondan bunu tələb edir.
Və Nilufər gəldi… O, bu hekayənin susan yeni qəhrəmanıdır. Onun da içində ağrı var, amma o ağrını hələ ki, səssizliklə gizlədir. Qadının intuisiyası güclüdür, o, çox vaxt hər şeyi hiss edir, amma bilmirmiş kimi davranır. Nilufər artıq ilk gecədən Yalçının onu sevmədiyini hiss edir. Sevilmədən bir kişi ilə birlikdə qalmaq ayrılıqdan daha betər incidir. Gülçin bu romanın ağrı çəkən qəhrəmanıdır, indi ona Nilufər də öz ağrısı ilə yoldaşlıq edəcək. Amma onların ağrısı fərqlidir. Gülçin heç olmasa sevilərək ağrıya məruz qaldı, Nilufər isə heç sevilmədən… Çünki bəzən cəmiyyətdə ailə olmaq xoşbəxt olmaqdan daha vacib sayılır…
Böyükkişi isə bu romandan öz yeni həyatına doğru addımlayaraq çıxır. Mən yazdıqca anlayıram ki, bu hekayədə heç kim nə tamamilə günahsız, nə də tamamilə günahkar deyiyl. Burada sevənlər, sevilənlər, sevilməyənlər, gözləyənlər və gözləntilərə uyğunlaşanlar var. Amma onların hər biri bu insani duyğuları ilə daha çox insandır. İnsan isə hər duyğusu ilə Allahın yaratdığı seçilmiş və dəyərli varlıqdır.
