usd-1.7000 eur-1.9328 rub-2.0703
Bakı 13°C 4.01 m/s
Son xəbərlər
18-04-2025
17-04-2025
16-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qərbi Azərbaycana aid el-oba adlarımız

details

TARİX

19.04.2025, 12:54 Oxunub: 22

XALQIN SİLİNMƏYƏN QAN YADDAŞI

 

Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün bir yol açmalıyıq.

Ulu öndər Heydər Əliyev

 

Qərbi Azərbaycan! Doğma vətənimizin, tariximizin unudulmaz bir parçası. Bu torpağa, bu bölgəyə aid min illərin yadigarları, milyon hadisələrin şahidləri olan yer-yurd adları vardır ki, xalqımızın qədim tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı olan bir çox faktları yaşadır. Toponimlər xalqın keçmişinin əks-sədası, qiymətli tarixi abidəsi, mənəvi sərvətidir. Onların hər biri insan ömrünün, insan həyatının, onun inkişaf mərhələlərinin oxunmamış səhifələridir. Ancaq təəssüflər olsun ki, tarixi düşmənimiz olan erməni vandalları təkcə ərazilərimizin işğalı ilə kifayətlənməmiş, eyni zamanda bu ərazilərdə yerləşən arxeoloji və memarlıq abidələrimizi vəhşicəsinə məhv etmişlər. Bizim torpaqlarda yaradılan Ermənistan dövləti və orada yaşayan ermənilər 200 ilə yaxındır ki, tariximizi saxtalaşdırmaqla, dağıntılar törətməklə yanaşı, türk mənşəli el-oba adlarımızı dəyişdirib erməniləşdirmişlər. Əvəzolunmaz ümumtürk tarixi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının coğrafi mühitinə nəzər saldıqda belə, əsərdə adları çəkilən, oğuz qəhrəmanlarının doğma yurdları, ocaqları olmuş Şirokuz, Alagez, Altuntaxt, Cızıqlar, Ağlağan, Gökcə dəngiz (Göyçə gölü) və digər ərazilər indi Ermənistan adlanan Qərbi Azərbaycanda yerləşir. Bu bölgənin əsl, köklü sakinləri Azərbaycan türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərərə köçürülmüşdür. Akademik Yaqub Mahmudovun qeyd etdiyi kimi, "bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu, həqiqət də yaşayacaqdır".

Bəli, ilk erməni dövləti 1918-ci ildə qədim Azərbaycan torpaqlarında - keçmiş İrəvan xanlığının ərazisində yaradılmış və həmin ərazidəki toponimlərin əksəriyyəti - 90 faizdən çoxu azərbaycanlılara məxsus olmuşdur, yəni türk mənşəli sözlərdən ibarət olmuşdur. XIX yüzilliyin əvvəllərindən başlayaraq, 1994-cü ilə kimi məkrli siyasətlərini həyata keçirən ermənilər Qərbi Azərbaycan ərazisində olan minlərlə türk mənşəli coğrafi  adları - yer, yurd, dağ, meşə, bulaq adlarını dəyişdirərək  saxtalaşdırmışlar. Arxiv materialları göstərir ki, 1903-cü ilə aid olan "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi Azərbaycanın tarixi və coğrafi ərazisinin düzgün bir şəkildə göstərilməsində mühüm rol oynayır. Belə ki, xəritədə əksini tapan, Ermənistanın ərazi bölgələrindəki toponimlər əsasən türk mənşəlidir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var... Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb".

Bəli, müxtəlif dövrlərdə bu torpaqlarda yaşamış, yazıb-yaratmış, adları Azərbaycanın mədəniyyət tarixində əbədi yazılmış el şairlərindən Alməmməd və Məmmədhüseyn,  Şeyda Əziz, ustad aşıqlarımızdan  Aşıq Alı,  Aşıq Məhərrəm, Aşıq Musa, Mərzə Bəylər, Şair Aydın, Aşıq Əziz, Usta Abdulla, Aşıq Ələsgər  və digərlərinin əsərlərində, ümumilikdə folklorda, tarixi ədəbiyyatlarda  qədim yer-yurd, el-oba adlarına rast gəlirik:

Mahalım Göyçədir, kəndim Qızılvəng

Aşıq Alı təkdir, təkə tək gərək;

Yaxud:

Adım Ələsgərdi, Göyçə - mahalım,

Dolanım başına, mən qadan alım

- deyən böyük şairlərimizin yaradıcılığında gəzib-dolandıqları, həyatlarının bağlı olduqları məkan adları işlənmişdir. Göründüyü kimi, toponimlər aid olduğu xalqın heç silinməyən qan yaddaşı, əlindən alınmayan milli varlığı-varidatı, onu əsrlərdən-əsrlərə daşıyan mənəvi ruhun, mentalitetinin möhürü sayılır. Onlarda xalqın dilini, tarixini əks etdirən izlər yaşayır.

Qərbi Azərbaycan toponimlərinin araşdırılması xalqımızın özünəməxsus qədim milli mədəniyyətə və əraziyə malik olduğunu, onun yerli xalq olduğunu faktlarla təsdiq edir. Aydın Qarabağlının "Qarabağ, onun qədim tayfaları və toponimləri" kitabında yer alan "Tarixi Qərbi Azərbaycan toponimləri" adlı yazısında qeyd olunur ki, "İndiki "Ərmənistan" adlanan məkan bütün mədəni bəşəriyyətə məlumdur ki, m.ö. də türk mənşəli tayfalara, orta yüzilliklərdə isə azər türklərinə məxsus olmuşdur. Bu torpaqlarda və Qarabağda mövcud eyni yer, dağ, çay, mahal, kənd adları bir daha ona dəlalət edir ki, mövcud vahid məkanda eyni türk mənşəli  tayfalar yaşamış, qız alıb, oğlan evləndirmiş, qohumlaşmış və ənənəvi gediş-gəliş nəsillərdən-nəsillərə keçmiş, xalqımızın vahid etnomənəvi dəyərləri, adət-ənənələri davam etdirilmişdir. Bunu coğrafi adlardan başqa yerli türklərin yaratdıqları maddi-mədəniyyət nümunələri, abidələr də sübut edir".

Tarixi Qərbi Azərbaycan torpaqları, minilliklər boyu türk xalqlarının məskunlaşdığı, zəngin mədəniyyətə və qədim sivilizasiyalara ev sahibliyi etmiş bir coğrafiyadır. Bu ərazilərdə türk mənşəli toponimlər çox qədim dövrlərdən bəri mövcuddur və həmin adlar yalnız coğrafi bölgələri deyil, həm də tarixi, etnik və mədəni kimliyi əks etdirir:

Göyçə (indiki Sevan gölü ətrafı) - Vardanes: Göyçə qədimdən türklərin yaşadığı ərazi olmuş, eyni adlı göl də bu bölgənin mərkəzində yerləşmişdir. "Göy" və "çə" sözləri su və rənglə əlaqələndirilir. Sonradan bu bölgənin adı dəyişdirilərək Vardanes formasına salınmışdır.

Basarkeçər - Vardenis: Basarkeçər toponimi türkcə "bazar" və "keçər" sözlərindən ibarət olub, ticarət yolları üzərində yerləşdiyini göstərir. Bu bölgə də yerli azərbaycanlıların sıx yaşadığı bir məkan olmuşdur.

Dərələyəz - Ayotsdzor: Dərələyəz vadisi qədim türk tayfalarının yaşadığı ərazi kimi tanınır. Adı "dərə" və "ləyez" komponentlərindən ibarətdir. Lakin bu bölgənin adı erməni dilində Ayotsdzor ("ermənilər dərəsi") olaraq dəyişdirilmişdir.

Qəmərli - Artaşat, Vedi - Ararat, Calaloğlu - Stepanavan, Hacı Nəzər - Kamo, Molla Dursun - Şaumyan, Karvansara - İcevan, Ağbaba - Amasiya,  Üçkilsə - Eçmiədzin, Barana - Noyemberyan, Aşağı Körpülü - Axtanaq, Şəmsəddin - Berd,  Zəngibasar - Masis, Ellər - Abovyan, Qızılqoç - Qukasyan, Düzkənd - Axuryan, Böyük Qarakilsə - Vanadzor, Qafan - Qapan və digər yerlərin adları da türk mənşəlidir. Bu toponimlərin hər biri yerli əhalinin dili, mədəniyyəti və yaşayış tərzindən yaranmışdır.

Qarakilsə rayonunda mövcud coğrafi yer adları qədim türk elindən soraq verir. Tarixi Zəngəzur mahalının ərazisində sovetlər dövrünün ilk illərindən yaradılmış Qarakilsə rayonu (09.09.1930) on il sonra Sisian  adlandırılmışdır. Bölgənin 14 Azərbaycan türklərinə məxsus kənd adı da belə dəyişikliyə məruz qalmışdır: Alılı-Salvard, Şenadağ-Gernaşen, Məliklər-Spandaryan, Mərzə-Bartsravan, Ağkənd-Aşotavan, Saybalı-Sarnakun və digərləri.

Qərbi Azərbaycanın qədim yurd yerlərindən, tarix boyu azərbaycanlıların əzəli və əbədi yaşayış məskənlərindən biri  də  Dərəçiçək mahalıdır. Bu gözəl diyar əsrlər boyunca İrəvan xanlığının ərazisinə daxil olmuş, onun sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır. Əsrarəngiz təbiəti, güllü-gülüstanlı yaylaqları və təmiz havası ilə seçilən bu mahal qədimdən bəri yerli əhalinin həm yaylaq, həm də qışlaq kimi istifadə etdiyi bir ərazi olmuşdur.

Dərəçiçək toponimi Azərbaycan dili fondunda formalaşmış, leksik-semantik baxımdan aydın və mənaca zəngin yer adlarından biridir. Bu toponim iki komponentdən - "dərə" və "çiçək" sözlərinin birləşməsindən ibarətdir. "Dərə" sözü Azərbaycan dilində coğrafi termin kimi "iki dağ arasında yerləşən, adətən, dərin və ensiz çökəklik" mənasında işlənir.  "Çiçək" sözü isə "çiçəkləri olan bitki", "gül" və ya "çiçəklənmiş gözəl bitkilər" anlamında işlənərək, təbiətin estetik gözəlliyini əks etdirən ifadə vasitəsidir. Dərəçiçək toponimi yalnız coğrafi bir anlayış deyil, həm də milli dil yaddaşının, folklorun və xalqın məkanla olan mənəvi bağlarının təcəssümüdür. Onun etimoloji strukturu həm də bizə göstərir ki, xalq müəyyən bir yerə ad verərkən, sadəcə fiziki-coğrafi xüsusiyyətləri deyil, həmin məkanın təbiətə bəxş etdiyi gözəlliyi və dəyəri də nəzərə almışdır.

Dərəçiçək mahalı Osmanlı imperiyası dövründə də tanınmış inzibati bölgələrdən biri hesab edilirdi və bu ərazi Dərəçiçək nahiyəsi adı ilə Osmanlı salnamələrində öz əksini tapmışdır. Daha sonralar, XVIII əsrin sonlarında bu ərazi İrəvan xanlığının tərkibində "Dərəçiçək mahalı" kimi təşkil edilmişdir. 1847-ci ildə Çar Rusiyası tərəfindən aparılan siyasət nəticəsində mahalın adı dəyişdirilərək "Konstantinovka" adlandırıldı. Daha sonra isə, 1946-cı ildə bölgənin adı yenidən dəyişdirilərək "Tsaxqadzor", 1959-cu ildə isə Hrazdan rayonu adlandırılmışdır. Mahalın ərazisi indiki Kotayk vilayətinin keçmiş Axta (Hrazdan) rayonunun ərazisinə uyğun gəlir. Bu dəyişikliklər nəticəsində qədim türk-müsəlman toponimləri silinməyə başladı və ərazi erməniləşdirmə prosesinin bir hissəsinə çevrildi.

Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı olan bir çox faktları yaşadan el-oba adları, həm də dilimizin lüğət tərkibini də zənginləşdirir. Hər bir xalqın tarixi, dili, təfəkkürü, məşğuliyyəti haqqında dəyərli məlumat verən onomastik leksikanın tərkib hissəsi olan toponimlər tariximizin səsini gələcək nəslə çatdırmağın bir vasitəsidir. Bu səbəbdən yer adlarını qorumaq, öyrənmək və təbliğ etmək, hər birimizin müqəddəs və tarixi borcudur. Bu adlar, tariximizi, mədəniyyətimizi və yaşadığımız coğrafi bölgələrin əhəmiyyətini anlamağa kömək edir.

Bəli, biz artıq dədə-baba yurdlarımıza - Qarabağa, Qərbi  Azərbaycana qayıdaraq, özünəməxsusluğumuzu, dəyərlərimizi üzə çıxardaraq, yaradıcılıq və quruculuqla məşğul olaraq dünya mədəniyyətini zənginləşdirəcəyik. Artıq o gün bu gündür. Bu torpaqlarımızın tarixi və əsrlər boyu inkişaf edən mədəniyyəti, sənəti və dəyərləri dünya ictimaiyyətinin diqqətini cəlb edəcək qədər zəngin və dəyərlidir.

Sevinc HƏSƏNOVA
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər