usd-1.7000 eur-1.8590 rub-0.0176
Bakı 18°C 5.06 m/s
Son xəbərlər
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024
16-09-2024
15-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

İnsan qəlbinin tərənnümçüsü...-Fuad Biləsuvarlı yazır

details

MƏDƏNİYYƏT

17.09.2024, 15:25 Oxunub: 1028

Musiqimizin korifeyi Üzeyir bəyə sonsuz sevgilərlə

    Yaradıcılıqla məşğul olduğum təxminən 20 ilə yaxın bir müddət ərzində ilk dəfə idi ki, çox çətin bir duruma düşmüşdüm. Sentyabr ayının 18 - də dünyaya göz açmış musiqi korifeyimiz, opera sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar bir yazı hazırlamaq istəyirdim. Yazmaq məqamı gələndə hiss etdim ki, çox çətin bir yükün altına girmişəm. Özümü ucu-bucağı görünməyən, qırçın ləpələri sahili dayanmadan döyəcləyən okean qarşısında sandım. Hardan başlayım, nədən başlayım?!.. Bir insan ömrü də bu qədər zəngin ola bilərmi?! Sən demə, mümkünmüş...  Ancaq gərək o şəxsin sinəsində öz xalqı, milləti üçün gecə-gündüz yanan, çağlayan Üzeyir bəy ürəyi olsun... Nə yaxşı ki, xalqımızın belə fədakar, xalqın maariflənməsi və tərəqqisi üçün rahatlıq nə olduğunu bir an belə xəyalına gətirməyən oğulları, millət fədailəri olub.Əsrin zəkalı müəllimi, bəstəkar, görkəmli musiqişünas və nəzəriyyəçi, jurnalist, ədib, tanınmış ictimai -siyasi xadim Üzeyir Hacıbəyli. Kənd mirzəsi Əbdülhüseyn ailəsini dolandırmaqda çətinlik çəkdiyi üçün Ağcabədidən köçüb Şuşaya gələndə, heç ağlına da gəlməzdi ki, o, Şuşaya köçməklə, təkcə ailəsini dolanışıq problemini həll etmirdi, həm də oğlu Üzeyiri musiqi beşiyi olan bir məkana gətirirdi.Yeniyetmə Üzeyir Şuşanı - musiqi ilə yatan, musiqi ilə oyanan bu şəhəri sevdi.Qədim Şuşa musiqi beşiyi idi. Kövrək qəlbli yeniyetmə körpə Üzeyir bu musiqi beşiyində sanki məst olmuşdu. Ürəyində min bir arzu yatan Üzeyir daim oxumaq, öyrənmək, öyrətmək eşqi ilə yaşayırdı. Elə bu arzu ilə də taleyini Qori müəllimlər seminariyası ilə bağladı. Sonra da aldığı təhsil, təmasda olduğu ziyalılar onun həyatında mühim rol oynadı. Seminariyanı bitirib müəllim kimi fəaliyyət göstərdi. Taleyini Bakı şəhəri ilə bağladıqdan sonra qarşısında daha geniş üfüqlər açıldı. Üzeyirin dövrü mətbuatla sıx  əlaqəsi onun yeni bir istedadını üzə çıxardı. O dövrün populyar olan mətbu orqanlarında dərc olunan felyetonları, məqalələri əl-əl gəzirdi. Bakı mühiti çox maraqlı və rəngarəng idi. Üzeyir həm müəllim, həm jurnalist kimi fəaliyyət göstərməklə yanaşı, bir sıra mədəni-kütləvi tədbirlərin təşkilatçısı kimi də çıxış edirdi. Xüsusilə tanıdığı istedadlı gənclərlə birlikdə hazırladığı özfəaliyyət tamaşaları sonsuz maraqla qarşılanırdı. Bu tamaşalarda əsas rolların ifaçısı məhz Üzeyir Hacıbəyli olurdu. Terequlovlar ailəsində, ailənin oğlu Əli Terequlovla, yaxın dostu, gələcək bacanağı Müslüm  Maqomayevlə görüşləri, söhbətləri saatlarla davam edər, gələcək arzulardan söhbət açılardı. Terequlovlar ziyalı ailə idi. Müslüm bu ailənin böyük qızı ilə ailə qurmuşdu. Elə Üzeyir də öz bəxt ulduzunu bu ailədə tapdı. Məleykə xanımla əhd-peyman bağladılar. Üzeyir bəy xanımını çox sevirdi. Ancaq onun başqa bir istəklisi də vardı: Bu musiqi idi. Fəaliyyət sahələri onu nə qədər məşğul etsə də, o, özünü musiqidən kənarda təsəvvür edə bilmirdi. Daim axtarışlar aparır, əqidə, və məslək dostları, xüsusilə Müslüm Maqomayevlə bu barədə söhbətləri çox vaxt gecədən xeyli keçənədək uzanırdı. Üzeyir ilk Azərbaycan operasını yazmaq istəyirdi. Bu istək onun bütün rahatlığını əlindən almışdı. Ötən əsrin əvvəllərində Üzeyir ürəyinin hökmü ilə ilk Azərbaycan operası üzərində işə başlayır. Bu mövzu çox məşhur idi. Xalq bu nakam sevgidən sanki riqqətə gəlirdi. Bəlkə elə Üzeyir də bir musiqiçi kimi, elə buna görə bu mövzunu seçmişdi. Gecə-gündüz dayanmadan çalışmaq, yuxusuz gecələr bəhrəsini verdi. Cəmi bir il sonra əsər tamaşaya qoyuldu. Bu opera ilə Üzeyir Hacıbəyli bir bəstəkar kimi özünü təsdiq etdi. Onu daha çox sevdilər, alqışladılar. Heç bir il çəkmədi ki, afişaları Üzeyir Hacıbəylinin " Ər və arvad" musiqili komediyasının adı bəzədi. Opera janrında əsər yazmaq bəstəkardan çox dərəcə böyük məharət, istedad, dözüm və iradə tələb edir. Musiqi üçün doğulmuş Üzeyir bəydə də sanki anadangəlmə bütün bu istedadlar cəmlənmişdi. Üzeyir bəy artıq bir bəstəkar kimi çox böyük nüfuz sahibi idi. Digər musiqi janrlarında da misilsiz nümunələr yaradırdı. Elə " Sənsiz", "Sevgili canan" romanslarını xatırlayaq. Etiraf edək ki, Üzeyir bəy əlavə heç nə yazmasaydı elə təkcə " Sənsiz" , " Sevgili canan" romansları ilə musiqi tariximizdə əbədi yer tutacaqdı. Üzeyir bəy isə yazırdı, yaradırdı, tamaşaçıların və dinləyicilərin ruhunu oxşayırdı. Üzeyir Hacıbəyli xalqı yeni-yeni musiqi əsərləri ilə sevindirmək üçün yorulmadan, usanmadan çalışmağa hazır idi. Onun fitri istedadı, gərgin zəhməti hesabına xalqımızın milli qəhrəmanlıq ruhunu əks etdirən " Koroğlu" operası həyata vəsiqə aldı. Musiqi və opera sənətimizin son dərəcə möhtəşəm, mükəmməl abidəsi olan, 1937 - ci ildə tamaşaya qoyulan bu opera Üzeyir bəyə misilsiz şöhrət gətirdi. Bu əsər Üzeyir Hacıbəylinin təxminən 30 illik bəstəkarlıq fəaliyyətinin zirvəsi idi. Görkəmli rus bəstəkarlarından biri " Koroğlu" operasına tamaşa etdikdən sonra demişdi: " Bu əsərin təkcə üverturasında altımış operanın mövzusu var..."  Üzeyir Hacıbəyli bəstəsinin məhsulu olan " Əsli və Kərəm", " Ər və arvad", " O, olmasın, bu olsun" , " Arşın mal alan", kimi musiqi inciləri bu gün də tamaşaçılar tərəfindən sevilir, ekran həyatı almış " Arşın mal alan", " O, olmasın, bu, olsun", filmləri böyük bəstəkara dünya şöhrəti qazandırmışdır. Xüsusilə " Arşın mal alan" filmi dünyanın əksər ölkələrinin ekranlarında ölçüyəgəlməz anşlaq yaratmışdır. Qızıl fondda yer almış bu əsərlər bu günün özündə də tamaşaçılar tərəfindən sevilir, hədsiz zövqlə tamaşa edilir. Üzeyir Hacıbəyli bütün canı-qanı ilə əsl ziyalı idi. Onun yaxından və birbaşa xeyriyyəçiliyi ilə sonradan məşhur olmuş neçə-neçə sənət adamı xarici ölkələrdə təhsil ala bilmişdi. Budur əsl vətənpərvərlik, budur xalqa, millətə gərək olmaq.Dünya arenasında bir bəstəkar kimi böyük şöhrət qazanmış Üzeyir Hacıbəyli xidmətlərinə görə layiqli qiymətini almışdı. Opera sənətimizin banisi Azərbaycanın SSRİ adlanan ittifaqın " Xalq artisti" kimi yüksək fəxri adlarına layiq görülmüşdü. Sinəsini orden-medallar bəzəyirdi. " Koroğlu" operasına və " Arşın mal alan" filminə görə Üzeyir Hacıbəyli iki dəfə 1940 və 1946 - cı illər o dövrün ən yüksək təltifi olan Stalin mükafatına layiq görülmüşdü. Sevimli şairimiz Səməd Vurğun onu  " İnsan qəlbinin tərənnümçüsü" adlandırmışdı. Bəli, dahi Üzeyir Hacıbəyli ecazkar sənəti ilə ruhlarımızı oxşayırdı. Onun yaratdığı nadir musiqi inciləri dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq...
  Senyabr ayının 18 - i xalqımızın bütün musiqi sevərləri üçün çox əziz bir gündür. 1885 - ci ilin məhz həmin günündə dünya şöhrətli iki bəstəkar, iki məslək dostu, iki bacanaq Üzeyir və Müslüm dünyaya göz açmışlar. Bu da bir qəribə təsadüfdür. Amma xoş bir təsadüf. Üzeyir sənəti heç vaxt solmayacaq, əksinə günbəgün çiçəklənən bir sənətdir. O, musiqi üçün doğulmuşdu, dünya musiqi tarixinə də adını əbədi həkk edib. Həyata əlvida dedi.
   Yenə Səməd Vurğuna üz tuturuq:

ÖLÜM SEVİNMƏSİN QOY..

Bir qocaman qartalın qanadları dayandı,
O, bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir yenə səhər oyandı,
Vətən dağlarının suyundan içməyəcək.
Ah, bir də göz açıb görməyəcək aləmi,

Dostlar ilə bir daha gəlməyəcək üz-üzə,
Susdu onun rübabı, sındı qurşun qələmi,
Yeni-yeni nəğmələr qoşmayacaq o bizə.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.
Budur, baxır üzümə, baxır sənətkar gözü,

Yenə gülür danışır, nəfəs alır Üzeyir,
Süzülür qəlb evimə onun hər odlu sözü,

Rübabinın səsində qanad açır min șe'r.
O sabah da bizimlə addımlayır yanaşı,

 "Koroğlu"dan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli șe'rinin bir bəstəkar qardaşı!
Şöhrət tapdı adınla bizim ana yurdumuz.
Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər..
Mən bu kiçik șe'rimi yazıram göz yaşımla,

Çünki vidalaşıram bir ürək sirdaşımla.

Rəfiq Zəka Xəndan, şair:

Üzeyir türküsü

Əfsanə gözəlliklərə uydum Qarabağda,
Bir kimsə deməz ki, cana doydum Qarabağda,

Ən nəşəli hisslərlə doluydum Qarabağda,

Candan vurulub, qəlbimi qoydum Qarabağda,

Mən bir Üzeyir türküsü duydum Qarabağda.

Yadlardan əsər yox, nə qədər doğma seyirdir,

Gördüklərim orda bərəkət, orda xeyirdir,
Bir musiqi şəklində olan incə şeirdir,
Orda hara getsən, hara baxsan, Üzeyirdir,
Mən bir Üzeyir türküsü duydum Qarabağda.

Şahmar Əkbərzadə, şair- publisist:

ÜZEYİRBAYCAN

(Anam Qarabaģa)

Aralı düşmərik bir-birimizdən.
Əsli sən olmusan, Yanıq Kərəm mən.
"Dayna" kəlmənin də gündə yüz kərə
Başına dolanıb hərlənərəm mən.

"Şikəstə" oxuyub, sən zaman-zaman
Qızıl torpağına dərd-qəm əkmisən.
"Heyratı" üstündə ayağa qalxıb
Zūlmūn anasına dağlar çəkmisən.

Elin dar günündə, ağır günündə
Sõykənib yenilməz vüqarına sən,
Qızın Nüşabənin ləyaqətiylə,
Fateh İsgəndərə diz çökdürmüsən!

Yağılar tutanda dörd bir yanını,
Səni xar eləyən ərən olmayıb,
Dara düşəndə də vüqar sarıdan
Korluq çəkdiyini görən olmayıb.

İndi də Vətənim yanıb-yaxılır
Başından əskilən tək bircə tükə.
Ölməz Füzulinin əsli, nəsli də
Sənin Bayatından düşüb Kərkükə.

Torpağın nəğməkar, daşın nəğməkar.
Yayılıb şöhrətin, şanın hər yana.
Bir dahi oğlunun barmaqlarıyla
Himni sən yazmısan Azərbaycana.

Adını Vətənə yaraşdırıram
Üzeyirbaycanım, ey ulu binəm!
Ölməzlər yetirən boz torpağına
Babam qurban olub, növbədə mənəm!

Qulu Məhərrəmli, Əməkdar jurnalist, professor:

Üzeyir Hacıbəyli XX - ci əsr Azərbaycan ən qüdrətli şəxsiyyətlərindən biridir.
O, həm Azərbaycan milli düşüncəsinin, xalqın ictimai şüurunun oyanışında və tərəqqisində, millət quruculuğunda çox fəal iştirak eləyən görkəmli publisistdir, bəstəkardır, mütəfəkkirdir. Qori müəllimlərin bitirəndən sonra onun istər pedaqoji fəaliyyətin, istər XX-ci əsrin əvvələrində Bakıda həm pedaqoji fəaliyyəti, xeyriyyəçilik fəaliyyəti, həm publisist fəaliyyəti daha sonra onun musiqi sənətinin inkişaf etdirilməsi sahəsindəki xidmətləri bunlar hamısı bir şəxsiyyətin tarix boyu görəcəyi işlər siyahısına sığmır. Ona görə onu həm publisist kimi, həm xalqın milli şüurunun oyanışında oynadığı rolu xüsusi qiymətləndirmək lazımdır. Yazdığı ilk məqalələrin, milli özünün dərk məsələsində atdığı addımlar, onun bir jurnalist kimi Cümhuriyyət dövründə Azərbaycan qəzetinə rəhbərlik elədiyi dövrlərdə yazdığı məqalələr, demokraktik ənənələrin, millətçilik, Dövlətçilik şüurunun inkişafı üçün göstərdiyi xidmətlər bunlar hamısı tarixin yaddaşındadı.
Musiqi sənəti sahəsində, xüsusilə Sovet hakimiyyəti illərində onun göstərdiyi fəaliyyət. Çünki sovet dövründə siyasi fəaliyyət mümkünsüz idi. Siyasi fəaliyyət demək olar ki, onun üçün təhlükə idi. Ona görə də musiqi sənətinin inkişafında çox böyük xidmətləri olub. Şərqin ən böyük bəstəkarlarından biridir. Şərqdə ilk operanı yaradan qüdrətli sənətkardır. Ona görə də Üzeyir Hacıbəylinin adı çəkiləndə yəni onun millətin siyasi təfəkkürünün təmsilçisi, həm ictimai düşüncənin ortaya yetişdirdiyi böyük bir şəxsiyyət, həm də millət qurucusu kimi göstərdiyi fəaliyyət hamısı bir yerdə onun nə qədər böyük gücə, zəkaya, intelektual potensiala malik olmasının göstəricisidir. Ona görə Üzeyir Hacıbəyli bütün rakurslardan baxanda Azərbaycan xalqının formalaşmasında çox böyük və misilsiz xidmətlər göstərmiş böyük sənətkardır və böyük mütəfəkkirdir.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

Qafqaz.Media 

 

 

 

 

Digər xəbərlər