usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 19°C 2.57 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Miskin Abdalla bağlı uzun çək- çevirlər olmuş, onu Ulu Göyçədən- öz Ocağından aralamağa, azdırmağa çalışmışlar... - Məlahət İsmayılqızı

details

ƏDƏBİYYAT

23.07.2023, 00:33 Oxunub: 5522

 

                            ALLAHIN  BİR NƏZƏRİ VARDIR GÖYÇƏDƏ...
                                                     ŞAH İSMAYIL-  MİSKİN ABDAL...

        GÖYÇƏDƏN DOĞAN GÜNƏŞ !
Mən Ona Mürşidəm, Siz də Ona Mürid olun- Şah İsmayıl Xətai
    DÖVLƏTÇİLİK BAXIMINDAN XƏTAİ, DİNİ BAXIMDAN MİSKİN ABDAL “ŞAHİ - MÜRŞİD” idilər.
                                                                                                                                   Mürsəl Həkimov
    MİSKİN ABDAL ELƏ BİR ƏLÇATMAZ UCALIQDIR Kİ, ORADAN BAXMAQ MÜMKÜN OLSAYDI, NAQQIN DƏRGAHI GÖRÜNƏRDİ – Tofiq Hüseynzadə.
    TARİXDƏ HƏR ŞEY BİZİM ÜÇÜN FOLKLORDAN, FOLKLOR İSƏ GÖYÇƏDƏN BAŞLAYIR- Y. QarayevAzərbaycan Türk Mədəniyyətinin qaymağı Göyçə, Sazın- Sözün, yaranılışın Vətəni Göyçə, Dədə Qorqud məskəni, Ozan Heydər- Miskin Abdal kəramətli, Aşıq Alı- Dədə Ələsgər soraqlı Sufi- Pir Övliyalar məskəni... səndə nələr, daha nələr yoxmuş...  Qutsal Torpaq, Ocaqlar- inanclar məskəni-  Türkün ruhu yatır səndə, Türkün ruhu yanır Səndə... yağıya Vətən olan Vətən, alçaq erməni ayaqları altında tapdanan Vətən... bəlkə də haqlı idin Göyçə... bilmədilər qədrini Sənin.
      Düşünmə ki, Şərqdən doğan Günəş...bir övliya Ocağı olmalısan ki, Günəşin qərinələrlə GÖYÇƏ adlı İlahi yurddan dünyaya doğuşunun şahidi olasan. Uzun- uzun zamanlar keçdi, yellər əsdi, bu yurda İlahilik, Pirlik- Övliyalılıq verildi İlahi tərəfindən. Dədəm Qorqud məskəni olan bu yerlər dünyaya hələ çox Kişiləri bəyan edəcəkdi... Hələ qopuz SAZA dönüş etməli idi...Dizlər üstündən qaldırılıb SİNƏYƏ- ALLAHA- TANRIYA doğru boylanmalı idi...
  Göyçə ədəbi mühiti bir ümman, ümman olduğu qədər də dərin, Gökcə dəngiz qədər möhtəşəm, Gökcə göyləri qədər əngin, dağları qədər əzəmətli olduğunu bilsək də,  lakin MİSKİN ABDALLA bağlı tədqiqat  işi və Onun möhtəşəm yaradıcılığı, alim- filosof kimi tədqiqi ilə  tanışlıq mənə daha tükənməz bilgi mənbəyi verdi.   
   Demə ruhum imiş məni danışdıran, : GÖYÇƏ ADLI İLAHİ SEVGİ -m deyə vəsflər edən !Bu tədqiqat əsəri əslində “bir çox qaranlıq mətləblərin obyektiv elmi şərhinə “imkanlar yaratmışdır. TÜRKÜN mənəvi simasında , sosial- mədəni dəyərlərin vəhdətində MİSKİN ABDAL əvəzsiz şəxsiyyətdir. 
   MİSKİN ABDAL şəxsiyyəti və ONUN sosial statusu- SUFİ statusu Göyçə ədəbi mühitində bir sənətkar kimi fəaliyyəti  və Miskin Abdalın həyat fəaliyyəti. İdrakda vəhyə gedən fəlsəfi anlam və bir sıra övliyaları bu ÖVLİYA OCAĞININ ABDALINA yaxınlaşdırıb. Təbii öz soyu bu  ərmağandan ən çox dəyərlənib, mükəmməlləşib, müdrikləşib və  bəşəri bir Övliyanın nəcabətindən bəhrələnən,   öz yaradıcı  dünyasını övliyasayağı quran TOFİQ MƏHƏMMƏD OĞLU HÜSEYNZADƏ... və maraqlı bu ki, MƏN artıq MİSKİN ABDALINMI, yoxsa Göyçəninmi Ululuğundan gələn ruhu hiss edirəm. 
   Və Şah Babamıza məxsus deyimi düşünməkdən yan qaça bilmirəm : “MƏN ONA MÜRŞİDƏM, SİZ DƏ ONA MÜRİD OLUN “. Sufi yolu- özünə çatmaq, özünü tədqiq, özünüdərk və özünütəsdiq. Sufi yolu – ALİ həqiqətə axtarış yolu. Bu yol elə özünüdərkdən başlayır. Özünüdərk  ALİ MƏQAM istər. Özünü dərk – özünə - ALİYƏ – İlahiyə qovuşmaq. 
    İnsan simasında yaratdı ALLAH,  özünü biruzə verib İnsanı yaratdı, İnsanı öz mələklərinə insan simalı deyə göstərmək üçün. Nəsimiyə müraciət edək :
                                            Səni bu hüsni- cəmal ilə görüb...
                                            Qorxdular həqq deməyə... 
                                                                   dönüb İnsan dedilər !
Yenidən... Göyşə adlı İlahi Sevgidən qaynaqlanan, pir, Övliya, Ocaqlar məskəni olan diyar və onun müqəddəsliyindən doğan ülvi, lakin bəşəri dünya, bu dünyanın Abdalları- pakları, İlahiyə- Yaradan Ucalmaq istəyi, kamilləşdikcə Tanrıya daha da yaxınlaşmaq. Kimdir Göyçəli Seyid Hüseyn- Miskin Abdal, nerədən gəlib nerəyə daldığı bilinməyən bu amansız- qatil dünyanın Göyçə  filosofu, sufu- Övliya ərəni, Şah İsmayılın sadiq müridi, Vəziri, diplomatı, Övliya- Ocaq sahib. 500 ildən çox zaman keçmiş və bu nəslin elə Övliya piri, filosofu Tofiq Hüseynzadə öz Ulu Dədəsi haqqında olduqca mükəmməl məlumatlar verir, təbii fakt və sənədlər əsasında. Doğruluqlara söykənərək, işiğa- Ocaq nuruna bələnərək Baba Miskin Abdalı təqdim etməyə, onları bu ədəbi- əfsanəvi mühiti sevməyə çağırır. Qürur duyun bu gözəl məkanla, doğru bu gün əlimizdə olmasalar da, o çığırları, izləri, o yolları  bizlər saldıq,  məhz belə alim- filosof, haqq carçısı, kamillik soraqlı Ucalar Ucası qarşısında hər an paklanan,  eşqi ülviləşdirib Cismanilikdən çıxarıb ALİ MƏQAM  deyə ucalan - Miskin Abdal dünyasına fəlsəfi bir baxışla anlamaq və anlatmağa baxış bucağı...
  Təriqət yolunun yolçusu və məqamı, mərtəbəsi kamillik... Sufi baxışlarında İnsan şəraitdən güclüdür. 1430- cı ildə, təqribən XV- ci əsrin əvvəllərində Ulu Göyçədən  doğan Günəş çox keçmədən Kamillik- Ululuq zirvəsinə yüksəlib Ali mərtəbəyə qalxacaq, İlahi məramına boylanacaqdı. Miskin Abdal haqqında tarixdə əfsanə,əsatir, fərziyyələr olduqca çoxdu. Lakin bir həqiqət onun şərəfli soy- kökə mənsubluğu, və həqiqət, doğruluq çarçısi olduğu, Sufi baxışlı, ilahidən Ocaq vergili Kamil bir Ürfana çevrildiyi Göyçə Eli qədər doğru və Ulu bir əfsanəvi diyardan pirə- Övliyaya necə çevrildiyi gözlər önünə sərilir. Əsil adı Seyid Hüseyn Məhəmməd olan “ali məqama yetişən Miskin Abdal Tanrı həqiqətini anlamaq yolunda  “miskinləşmiş”, “qullaşmış”, “zəlilləşmiş”, haqq çarçısına çevrilərək “Abdal” adını almışdır. (H. İsmayılov “Miskin Abdal” ). Türk mifologiyasında Allah- Tanrı- Yaradan deyə getdikcə pirləşən Miskin  Abdal dünyaya pirani, övliya, el Aşığı- haqq Aşığı , sufi- Övliya dünyası, Şah İsmayıl müridi kimi uzun fəxarətli ömür yolu rəvayət- əfsanə, əsatirlərə dönmüş, bir Allah dərgahına qalxan Qeyb- Ərəni səviyyəsinə yüksəlmişdir.  Sözsüz ki, sufi Haqq Aşiqinə  olan məhəbbət- izzət onu əfsanələrə bürüsə də,  həqiqət Ulu Göyçə mahalı, Zərgərli nəslindən Zərgərli (Sarıyaqub) kəndi və sonda bütün Şərqə- Təbrizə Şah İsmayıl sarayındək yol alacaq bu Övliya Pirimiz. 
  T. Hüseynzadə sözsüz babası haqqında hərtərəfli tədqiqat aparmış, el ağzında dolaşan, Göyə aşıq mühitindən saysız şeirlər, əhvalatlar toplamışdır. Və bütün bunlar  bu müdrik Əfsanəvi Şəxsiyyəti xarakterizə etməkdə olduqca köməyə gəlir. Tarixdən məlumdur ki, (bu haqda iki variant var), hələ XII və XIII- cü əsrlərdən Ərdəbil seyidlərinə məxsus Şeyx Səfiəddin Ocaqları ilə Miskin Abdalın babaları əlaqəli olublar. Bəziləri bunu dolstluq kimi, eyni zamanda sufi baxışlı, haqq yolunun, təriqət davamçılığı kimi qeyd edirlər. Lakin, diğər variant bu Ocaqla Miskin Abdal babalarının- Ulu Dədələrinin yaxın qohumluq əlaqələri də  olduğu söylənilir. Xüsusən də Şah İsmayılın Göyçəyə sonrakı səfərləri, onu özü ilə Təbrizə aparması, qırmızı geyinib taxta çıxması və yanında Miskin  Abdalı ən yaxını kimi tanıdıb əlindən şərbət içməsi çox maraqlı məqamlar söylədir bizə. 
   Həmən bu mərhələ artıq Miskin Abdalın təsəvvüf yolçusuna döndüyünü, Ucalar Ucası qarşısında məhz bir zərrə olduğunu, işıqlanaraq nura bələndiyi və vəhylə öz Sonsuzluğuna qalxır, bədahətən İlhamı Onu Ucalıqlara qaldırır... və artıq bu nur- Övliya Həqiqətə qovuşma möcüzəsini təqdim edir. Məhz Şah Babamız bunları bilirdi, cünki O Müqəddəs Ocağın bir nümayəndəsi də O Özü idi. Eyni zamanda Şah İsmayıl özü Göyçə torpağını ziyarət edərkən müdriklərimiz belə söyləyirlər ki, ilkin ayaqqabilarını çıxarıb Göyçə torpağına ayaq basan Şahdan nə üçün belə etdiyini soruşarkən cavab çox nəcibdir- Şah İsmayıla məxsus- “Qoy mənim ayaqqabılarımın tozu bu Müqəddəs torpağı kirlətməsin” deyir. Elm, kəlam, nəfəs və saz deyə Şah İsmayıl tərənnüm edər və bir Şah Şairin misraları təbii ki, Miskin Abdalı nədən qiymətləndirdiyini bir daha açır: 
                                           Dörd şey vardır bir qarındaşa lazım, 
                                           Bir elm, bir kəlam, bir nəfəs, bir saz ! – Ş. İsmayıl Xətai
  Sözsüz ki, oxucu ölkələr fəth edən, taxt quran , mərkəzləşmiş dövlət yaradan, Azərbaycan Türk Səfəvi dövlətinin yaradıcısı- qurucusu, sarayında türkcə danışan, uzaq ölkələrə səfirlər göndərən- türkcə məktublar yazan  Şah İsmayıl “kamil insan” formulunu sözsüz ki, bu dörd ünsürdə görür.  Şah Xətainin, istərsə də Səfəvi müridlərinin saza və saz havalarına olan məhəbbətləri, istərsə də meyl və hörmətləri gözlər önündədir. Şah İsmayılın  Göyçə mahalına gəlişi, Sarıyaqub kəndində sufi mürşidi, böyük filosof, Övliya Miskin Abdalı ziyarət etməsi əsas verir ki, Şah Göyçənin bu Pir- Ocağını, Övliyasını artıq yaxşı tanıyırdı. Və Səfəvi hökmdarının saz və saz havalarına, söz adlı qüdrətə  məhəbbəti özü də İlahi vergidən qaynaqlanırdı. Sözsüz ki, Şah İsmayılın Saz- sözə bağlılığı Göyçə mühitindən, Miskin Abdal şəxsiyyətindən irəli gəlirdi. Beləliklə,  Şah İsmayıl- Miskin Abdaldan başlayan saz- söz və irfanı bağlılıq XIX- XX əsrdə Ağ Aşıq, Aşıq Alı, Aşıq Musa, Aşıq Ələsgər kimi silsilə Göyçə aşıqlarında bizlər ürfani- sufi baxışlarına, təsəvvüf qaynaqlarına rast gəlmək mümkündür. Bir məqamı da qeyd etmək yerinə düşər ki, məhz Miskin Abdala atası Məhəmməd tərəfindən Ozan Heydərin şəyirdi Ozan İbrahimdən saz-söz sənətinin sirlərini öyrənmək nəsib olmuşdur.” Göyçə folkloru”nda oxuyuruq : Hər iki sufi mərtəbəni miskinliyi və abdallığı həm şəxsiyyətində, həm də təxəllüsündə hamıdan əvvəl Miskin Abdal birləşdirdi. Nəfsinin qulu oldu, özünü isə Allahın – Tanrının qulu elan etdi”. 
 Məhz Çaldıran döyüşünün bütün Türk xalqları üçün faciə olduğunu Miskin Abdal hələ H. Caviddən beş yüz il qabaq söyləmişdi : 
                                     Türk Əcəmə, Əcəm türkə zülm eyləsə günahdır, 
                                      İkisi də bir kökdəndir, yaradan da Allahdır !
   Yeri gələndə Şah Xətai  özü də bir şah kimi, həm də şair kimi “miskin” və “abdal” təxəllüslü şeirlər yazmış, yəni bu təxəllüslərdən istifadə etmişdir : 
                                        Xəstədir Miskin Xətai, bir misali əndəlib...
                                        Hüsn bağında vəmali gülizarım gəlmədi... 
Yaxud, 
                                        Mənəm Abdal Xətai Heydər oğlu...
  Abdal və Miskin anlayışları Azərbaycanın sufi – hürufi şairi İ. Nəsimi də  Anadoluda  abdal- dərviş, Allah aşiqliyini öz şeirlərində işlətmişdir : 
                                           Biz ki, Rum içində abdal olmuşuz, 
                                          Bu cahandan fariqül- bal olmuşuz...
 Beləliklə, sufi- ürfani baxışlı, “miskinliyin və abdallığın ən uca zirvəsinə yüksələn Seyyid Hüseyn- Miskin Abdal  Ulu Tanrının əbədi sevgisinə layiq görülmüşdür”. Ozan- qopuz aləmini Göyçə mühitində yeni bir musiqi erasına qaldıran Miskin Abdal məhz sazı dizinin üstündən sinəsinə qaldıraraq ona yeni simlər- səslər əlavə etməklə ən mükəmməl bir hala gətirir. Və bu gözəl saz havaları ilə ən əzəmətli xalq sənətinin əsası qoyulmuşdur.  Şah Xətai və Miskin Abdaldan başlayan saz və ürfan bağlılığı deməkmümkünsə XX- əsrin əvvəllərinədək davam etmişdir. Belə demək mümkünsə Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi ustad  aşıq sənətinin biliciləərinin yaradıcılığında istənilən sayda sufi- təsəvvüf baxışlarına rast gəlmək mümkündür. 
  Göyçə Aşıq mühiti və formalaşmış sufi baxışları həmçinin folklor janrında özünü göstərir. “Tarixdə hər şey bizim üçün folklordan, folkor isə Göyçədən başlayır- Akademik Y. Qarayev. 
 “ Miskin Abdal tariximizdə Dədə Qorqud səviyyəli azman şəxsiyyətlərdən biridir və bəlkə də ondan üstündür. Miskin Abdalı çağdaş anlamda professional , yüksək səviyyəli Göyçə Aşıq məktəbinin ilki, bir növ mürşidi, xeyir- dua verəni, ustadlar ustadı saya bilərik”- Azad Ozan Kərimli.
“Aşiqlik, Poeziya, Musiqi, Övliyalılıq! Belə bir əvəzolunmaz, bənzərsiz şəxsiyyət imiş Miskin Abdal – professor H. İsmayılov.
 Sazda ürfani ünsürlər çoxdur, Şah pərdə dominantdır, təriqət elminə söykənir. O da məlum ki, bu Şah pərdəyə Şah Xətainin adının verilməsi təbiidir. Göyçək Göyçə,  göyçəkləşə- göyçəkləşə Gözəlləşən Göyçə, bir qədim rəvayətə görə GÖYÇƏ adını ilk dəfə İmam Əli işlətmişdir...
   Çoxumuza məlum ki, Miskin Abdalla bağlı uzun çək- çevirlər olmuş, onu Ulu Göyçədən- öz Ocağından aralamağa, vətənini, yurdunu azdırmağa çalışmışlar. Miskin Abdal Məhz Göyçə elindəndir, onun burda nəsli, kökü, şəcərəsi bərqərar olmuşdur. Qədim Göyçə mahalının Zərgərli (SARIYAQUB) kəndindən, Zərgərli tayfasından olub. Və zaman keçdikcə aldığı təhsil, öz hafizəsi, baxışları sayəsində müdrik el Ağsaqqalına çevrilmiş, 1501- ci ildə Göyçəyə gələn Şah İsmayılın dəvətilə Təbrizə varid olan M- Abdal sadiq və sədaqətlə Şaha xidmət etmiş, bəzən saz çalıb deyişmişlər. Bu gözəl ürfani- sufi baxışlı pir- Övliyaya İlahi tərəfindən Ocaq qismət olmuş, eyni zamanda ürəkdə İlahiliyi, ona aparan yolu- Tanrı yolunu tutub, özünü Allahın qulu elan etmiş,  Şah İsmayıl tərəfindən Sariyaqub kəndi  bu Övliya Pirinə bağışlanmışdır. Nə dərəcə yüksək mərtəbə sahibi olmalısan ki, Səfiəddin təriqətinin nümayəndəsi, 14 yaşında Şahlıq taxtına oturacaq Şah İsmayıl kimi güclü sərkərdə həm Göyçəni sevəcək, həm də Göyçənin əvəzsiz incisi Miskin Abdalı böyük bilərək sarayına dəvət edəcək, Onunla şeir, saz, söz məclisləri yola salacaqdı. Miskin Abdal Şah Xətaini minbir məhəbbət və hörmətlə əziz tutmuş, Şahim, Mürşidim deyə öz şeirlərində  vəsf etmişdir: 
                                           Canım qoydum Mürşidimin yolunda
                                           Sərgərdan qalmışam Urum elində...
 Dilinin xəlqiliyi, sadəliyi, heca vəznində şirin Göyçə dili həm forma, həm məzmun baxımından şeirin gözəl nümunələrini yaratmışdır. Onun poetik nümunələrində ən ali mərtəbəyə, məqama ucalmağa çalışmış, öz daxili nuru ilə, Allah sevgisi ilə ən Uca mərtəbəyə qalxmış olan Pir- Ərənin Haqqa qovuşmağa can atan bu əqidə sahibi sufi təriqətinin əsl tədqiqatçısı və müridi idi. Bu Uca Məqam sahibi DÜNYAYA ULU GÖYÇƏDƏN  doğmuşdur.
 Miskin Abdaldan başlayan Göyçə aşıq janrı tədricən Aşıq Ələsgər yaradıcılığında özünün təriqət, mərifət və həqiqət elmləri ətrafında dövran edən Aşıq şeri saz və söz ətrafında cilvələnərək öz yerini sənətə- sənətkarlara verməyə başlamışdır. Və bizlər bunu Dədə Əlsgər yaradıcılığında asanlıqla görür,  dərk edirik: 
                          Ölməyincə bu sevdadan çətin dönəm, usanam,
                          Həqiqətdən dərs almışam, təriqətdən söz qanam !
   Göyçə ədəbi mühiti və deməli Dədə Ələsgər göründüyü kimi bu elmlərdən həm agah imiş, həm də dərs alıb özü bu Sufi- Övliya yolunun carçısı imiş. Miskin Abdal tərəfindən mükəmməlləşən sazda “Şah pərdə” sözsüz ki, Şah İsmayıl şəninə verilmişdir. Miskin Abdal Şah Xətaini Günəşə bənzədər, Onu Şərqin- Qərbin Sərkərdəsi hesab edərmiş. Qızılbaşlar Şahının şəninə şeirlər söyləmiş, saz tutub, söz qoşub  deyişmişlər. :
                              İqlimin Şahıydı Həzrət Süleyman,
                             Ədalətə pənah idi Nuşirəvan,
                            Şıx Oğlu İsmayıl, O Cənnət məkan, 
                            Düşməz ələ, bir yadiğardı getdi... 
 “... həqiqətən sazın çalğısı, quruluşu, kökü və ahəngi  mütləq bir Həqiqətdən, Elmi- İlahidən xəbər verir- F. Baxşəliyev”
    Göyçədən DOĞAN GÜNƏŞ  sözsüz ki, nəhayətində DƏDƏ ƏLƏSGƏRİ yetirməli idi. Ağ Aşıq, Aşıq Musa, Aşıq Alı... və bu torpağın qüdrəti nədə idi- İlahiliyində, Pirliyində- ruhaniliyində, halallığında, qızılqarışıq sularında,  fəlsəfi qüdrətində... SAZI qopuzdan- diz üstündən sinəyə qaldıran GÖYÇƏLİ MİSKİN ABDAL bununla da İlahiyə- Tanriya bir az da yaxınlaşır. Sazın pərdələri Göylərə SƏS- lənişdir. 
   Qızılqarışıq sularından içdik, halallıq adlı nemətdən ruzu- bərəkət qazandıq, pir- Övliya olub Ocaqlara döndük Göyçə, Miskin Abdal Ocağı, Seyid Bayram Ağa Ocağı, Dədə Ələsgər Ocağı, Qızılvəngli Aşıq Alı Ocağ, Ağbulaqlı seyidlər, Toğulcadan Mirİsmayıl Ağa, Mir Yaqub Ağa Ocaqları və s ... sadalasan hələ çoxdur. Pir- Övliya  Miskin Abdal bu torpaqları sadə və səmimi, lakin sevgi ilə necə də gözəl tərənnüm edir : 
                                      Torpağın hüsnündə qızıl rəngi var, 
                                      Zərgərli, Zərzibil, Qızılvəng var, 
                                      Sanasan çox olar Qızılkəndi var,
                                      Yaqutdu, qızıldı daşı Göyçənin!
 Miskin Abdala məxsus, Onun Pir- Övliya, Sufi- ürfani  baxışlı, kəramət- Ocaq sahibi olmasını bilrdim, lakin bu Müdrik Övliyanın öz Ocağını özünün qız nəslinə verməsi- əslində bu çox düşündürücüdür. Çünki, bir Şərq mühiti və öz Oğul sələfini deyil, qızı Məleykəni əsas tutub- onun dolanışığını əsas gətirib özünə məxsus Ocağı qız övladına verməsi özü də əslində Miskin Abdalı daha pirləşdirir, İlahiləşdirir və Tanrı dərgahına bir az da qaldırır.
  Və bir qədər əvvəl qeyd etdiyim Öz Ocağını qızı Məleykəyə ərməğan olaraq verməsi Göyçə tarixində yeni deyil, Miskin Abdaldan sonra da bu halla Seyid Bayram Ağa Ocağında rastlaşmışıq. Yəni bu Ocaq qız qolunun daşıyıcısı Seyid Yusifin qızı Seyid Qələmə verilmişdir. Onu da qeyd edim ki, Qələm xala ilə anam Süsənbər xanım yaxın dost idilər. Ruhları şad olsun. Əslində bu fakt özü qədim türklərdə qız övladının kəsik deyə özgə çırağını yandıracağı bilinsə də, qeyrət- bahadır simvolu kimi Türk qadınını dəyərləndirmək demək idi. Və üstəlik də qız övladını etibarlı, vəfalı  olduğu, Ata əmanətini qutsal tutub qoruyub saxlamasından irəli gəlirdi. 
  Mən bu yazıda əslində Miskin Abdalın yaradıcılığından daha çox Onun Pir- Ovliya Haqq aşığı- Haqq aşiqi, Şah İsmayıl müridi kimi, Sufi baxışlı Övliya- Allaha, Tanriya tapınan, təriqət yolu ilə mərifətə, oradan isə Həqiqətə - Tanrı dərgahına qalxmaq istəyindən doğan, nəhayətində özünü Tanrının- Allahın qulu hesab edən Miskin Abdalı anlamaq istəyim və GÖYÇƏ adlı İLAHİ YURDDA doğulan bizim kimi bu yurdun, bu mahalın İLAHİLİYİNİ qavramam və ruhumda ULULARIMIN ruhunu duymam – bunu yaşamaq isə olduqca GÖZƏLdi. 
 Miskin Abdal Ocağının layiqli varisi Tofiq Hüseynzadə yaradıcılığı əslində çox hərtərəfli və geniş əhatəlidir. Təkcə Ulu Babası Miskin Abdal haqqında deyil, Göyçə folklorunun toplanmasında, “Mixaylo”- Mehdi Hüseynzadənin həyat və döyüş yollarından bəhs edən sanballı, indiyədək ictimaiyyətə məlum olmayan dəyərli yazılarla mətbuatda çıxışlar etmişdir. Onu da qeyd edim ki, Miskin Abdalın portretini işləmiş, Azərbaycanın əməkdar rəssamı Cabbar Quliyev həmçinin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ilə birgə fəaliyyyət göstərmişdir. Bir sıra tarixi mövzuların , elmi araşdırmaların tədqiqatçısı kimi bu mükəmməl ziyalının, bu zəhmətkeş şəxsiyyətin gördüyü işlər əslində bir insan ömrünə sığmır. 
 Tofiq Hüseynzadə Ulu Dədəsi Miskin Abdal başda olmaqla xalq- Göyçə ruhunun, folklorunun, şeiriyyətinin   Pir- Ovliya qədər ucalıqlara qalxmış, içərisinə Miskin Abdal adlı işığı- nuru özünə çəkərək könul- qəlbində, ruhunda Baba- Dədə ruhunun daşıyıcəsı olmuşdur. Düşüncə və qəlb- könül dünyası Ulu Göyçəyə köklənmiş , daş- torpağında Ulu Dədəsinin kəramət və fəzilətinin dünyasını görmüşdür.  Təbii bu düha fəzilətini özünə, öz iç dünyasına tam anlamı ilə daxil olan ruh daşıyıcılığını öz dünyasına ötürmüş, bəlkə də özü olmaqdan çıxıb bir Ulu Göyçə, bir Miskin Abdal şəxsiyyətinə yönəlmişdir. Yox, elə əsil Ulu Dədəsinin Pir- Övliya dünyasına dönmüş, O sirli dünyaya qədəm basmışdır. Və yanılmıramsa... Onun erkən vəfatı da bu ola bilər...
 Dibsiz və sahilsiz Ümman- Rumi, Miskin Abdal yaradıcılığında sufi- təsəffüv məqam və hallarını əks etdirən aşıq havaları , çoxlu janrda aşıq seçmə musiqi deyişmələri, şeirləri – bir sözlə zəngin ədəbi irsi Miskin Abdal- Şadmanlılar nəslinin davamçısı T. Hüseynzadə bu ağır işi böyük sevgi ilə sonlandıraraq həm ulu babasınin ruhu və xalqı qarşısında, Azərbaycan ədəbiyyatı, folkloro, tarixi qarşısında öz borcunu yerinə yetirmiçdir. Və Tofiq müəllimin əməyi, istedadı və Baba qövminə olan sevgisi əvəzsiz və misilsizdir. Belə sevgilərin qarşısında isə baş əyilməlidir. Ruh bağlılığı, gen daşıyıcılığı və içinə, könlünə daxil olan kəramətli, Övliya bir sufinin, mənəviyyata- Allaha- Tanrıya bağlılıq və doğulduğu torpağın İlahiliyi və Qutsallığı. Bunlar idi bu Böyük Ocağı daha da Ulu və Böyük qılan.  
  Miskin və Abdal – təsəvvüf Orden olmaqla Seyid Hüseyn Məhəmməd Oğlunun təxəllüsüdür. Tofiq müəllimin üç cildlik “Xəyal cığırı”kitabı bu gözəl yaradıcı ziyalının həyata fəlsəfi baxışlarından, gen və ruhundan axan nəcib ideallara, mənəvi dünyaya vurğunluq halından irəli gələrək  vahid süjet xətti təşkil edir. Vahid ideya məzmununa və formanın vəhdəti- bu isə hər bir yazara, ədibə, ziyalıya xas olan deyildir. 
  Fövqəl- insanı əxlaq kodeksi T. Hüseynzadənin yaradıcı dünyasının dəyərlər üzərində qurulduğunun sübutudur. Maraqlı bir məqamı qeyd etmək yerinə düşər, “Ocaq” qız nəsil davamçısına verilsə də - “Ocaqlılar” adlansa da,  əslində genetik daşıyıcılıq Oğul Şadman nəslinin davamçılarına – elə məhz bu nöqteyi- nəzərdən Tofiq  Hüseynzadəyə müyəssər olmuşdur.( Təbii qardaşı ilə birgə ).
  Göyçə adlı Gözəldən, İlahi yurddan rövnəq alan, daşının- torpağının müqəddəsliyindən İlhamlanan , Allah- Təala- Tanri- Yaradan vergi kimi Ocaqlarla vergilənən İlahi Yurd və Onun Pir- Ərənləri... Deməli genetik daşıyıcı böyük amildir və əslində bu müqəddəslərdən bəhrələnən onun varisləri də özünü İlahi  qüdrət kimi təcəssüm etdirir. Bu istər Ata xətti, istər Ana xətti olsun- mövcuddur, mümkündür. Və genetik daşıyıcılığa bəlkə də (bu mənim fikrimdir), qeyrət daşıyıcılığı da demək mümkün, çünki nə dərəcə  də öz kökünə- soyuna, əslinə vurğun olmalısan ki, bir də ayılıb görəsən ki, sən mövcud deyilsən, “Onlar mövcuddur”. Bu isə xoş olsa da , əzabvericidir. Ruhani aləmdən ayrılıb dünya insanına çevrilmək asan deyil. Ruhun öz kökünə olan dəruni bağlılığı olmuşdur Tofiq müəllimdə...
      Miakin Abdaldan başlayan bu Övliya Ocağına və bu ehtiramı özündə ehtiva edən Pir- Ərənlər  ruhuna ehtiram və məhəbbətlə...

 MƏLAHƏT İSMAYILQIZI 
                      AYB- nin, AJB- nin üzvü, tədqiqatçı-publisist, QIZIL QƏLƏM media mükafatı
                                                                              
                                                                                                                                         11. 07. 2023. Bakı 


 

Digər xəbərlər