usd-1.7000 eur-1.8082 rub-0.0181
Bakı 15°C 8.33 m/s
Son xəbərlər
18-04-2024
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Səhnəmizin Gülnarı… – Fuad Biləsuvarlı yazır

details

MƏDƏNİYYƏT

06.03.2023, 19:53 Oxunub: 2017

                Səhnəmizin Gülnarı 
 
Ötən əsrin səksəninci illərin əvvələrində teatra qədəm qoymuş, görkəmli, istedadlı sənətkarlarımızdan biri də Respublikanın Xalq artisti Firəngiz xanım Mütəllimovadır.
Ağcabədidə doğulsa da, əslən Şuşalıdır. 1976- ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib.
Səhnəyə gəldiyi gündən tamaşaçılarından sevgi, hörmət, sayqı, diqqət gördü. Çünki özü də tamaşaçılarına qarşı diqqətcil, səmimi oldu. Oynadığı rollar ilə tamaşaçı ürəyinə əbədi həkk oldu. Azdramaya işə götürüləndən ona məsul rollar tapşırıldı. Bəziləri kimi süniliyi sevmədi. Tamaşalarda oynadığı rollar ilə tamaşaçıları özünə ahənrüba kimi çəkə bildi. Tamaşaçılar oynadığı rollarının təsirindən uzun müddət çıxa bilmirlər. Şəxsi həyatı haqqında danışmağı sevmir. “Deyir ki,
əgər o sözün başlanğıcında şəxsi sözü varsa, deməli, şəxsi həyata toxunmaq olmaz. Mən tamaşaçılarıma, xalqıma öz yaratdığım rollarımla maraqlı olum. Şəxsi həyat bir sirli boğça kimidir. Həyatımda gizlin olaylar var ki, mənim özümə məxsus, özümündür. Bir sözlə, şəxsi həyat mülk kimi bir şeydir. Sözün məcazi mənasında şəxsi həyatımın (” kupçası” ) çıxarış kağızı məndə olmalıdır”.
Yaşadığı hər bir ana, günə görə Allahına çox şükürlər edir. Qarabağın azad olması onu çox sevindirdi, həm də kədərləndirdi.
Sevindirdi ona görə ki, dədə-baba torpaqlarına qovuşa bildi, kədərləndirdi ona görə ki, mənfur düşmənlər yurdunu, ev-eşiyini yerlə-yeksan etmişdir. Əsas torpaqlarımızın qayıtmasına çox sevinir.
Sevinir ki, nə yaxşı, mən sağ ikən canım-gözüm Şuşamızı gördüm. Şuşamızı görəndən sonra elə bilirəm ki, dünyaya yenidən göz açmışam, təzədən doğulmuşam. O məsum, qayğısız, atalı-analı günlərim bir kino lentası kimi gözlərim önündən gəldi keçdi. Sanki ruhum dirildi, ümidlərim yaz çiçəyi kimi çiçəkləndi.
İstər Azdramada, istərsə də televiziyada rəngarəng rollar ilə özünü təsdiqləmiş, sənətinə, özünə rəğbət bəslədiyim qənimət aktrisalarımızdandır.
Çəkildiyi tamaşaları, oynadığı rolları bir daha onu sübut edir ki, Firəngiz xanım çox istedadlı, xanım sənətkarımızdır.
Gözəl (“Qılınc və qələm”, Məmməd Səid Ordubadi), Qumral (“Əliqulu evlənir”, Sabit Rəhman), Bəyim (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Aynur (“Büllur sarayda”, İlyas Əfəndiyev), Mələk (“Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev), Gülnaz (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), Gülruh (“Şeyx Xiyabani”, İlyas Əfəndiyev), Gülnaz (“Tənha iydə ağacı”, İlyas Əfəndiyev), Azadə xanım (“Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev), Sonya (“Sizi deyib gəlmişəm”, Anar), Firəngiz (“Təhminə və Zaur”, Anar), Anna (“Həyatın dibində”, Maksim Qorki), Reya (“Böyük Romul”, F. Dürrenmatt), Tereza (“Biganələr oteli”, Rüstəm İbrahimbəyov), Əsmər (“Günah”, R. Əlizadə), Nisə xanım (“Lənkəran xanın vəziri”, Mirzə Fətəli Axundzadə), Maral (“Sənsiz”, Şıxəli Qurbanov), Nədidə (“Qanlı Nigar”, Sadıq Şəndil), Aysulu (“Sokratı anma gecəsi”, Çingiz Aytmatov və M. Şahanov), Arvad (“Mənim ərim dəlidir” (“Diaqnoz D”), Gülzar (“Poçt şöbəsində xəyal”, Elçin), Sevər (“Bu dünyanın adamları”, Hidayət Orucov), Həvva (“Varlı qadın”, Əli Əmirli), Raisa (“Mesenat”, Əli Əmirli), Nigar (“Qanlı Nigar”, Sadıq Şəndil), Kərbəlayi Fatmanisə (“Almaz”, Cəfər Cabbarlı) və sairə tamaşalarda rolları ilə yaddaşlarda qalıb.
Firəngiz xanım Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa etmişdir. Onlardan Gülnar (“Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz”, Aslan Qəhrəmanov), Mərcan (“Evləri köndələn yar”, Anar), Ana və qız (“Unutmaq olmur”), Nazan (“Yad qızı”, Orxan Kamal), Almaz (“Topal Teymur”, Hüseyn Cavid), Almaz (“Göz həkimi”, İslam Səfərli), Günay (“Səninlə və sənsiz”, Marat Haqverdiyev) və başqa rolları.
Firəngiz xanım “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Qaçaq Nəbi” (Sərvinaz), “Qocalar, qocalar” (Leyli), “Bəyin oğurlanması” (Telli), “İşarəni dənizdən gözləyin” (Sona), bədii filmlərində, “Mənim ağ şəhərim” (Ana), “Şərəf” (Mila xanım) telefilmlərində aparıcı rollar oynayıb.
Firəngiz xanım müxtəlif səpkidə obrazlar yaradıb. Amma onu böyük tamaşaçı kütləsinə ən çox sevdirən, özünə şan-şöhrət gətirən, ” Səni axtarıram” televiziya tamaşasında oynadığı Gülnar rolu olub. Firəngiz xanım müsahibələrində dəfələrlə vurğulayıb ki, “gecə Firəngiz kimi yatdım, səhər Gülnar kimi yuxudan durdum”. Firəngiz xanım Gülnar rolu ilə o dərəcədə xalq içində ajiotaj yaratmışdır.
Tamaşada görkəmli, ölməz sənətkarımız, Xalq artisti Yaşar Nuri Elçin, Firəngiz xanım Gülnar xanım rollarını mükəmməl, möhtəşəm oynayıblar. Hələ də sevilə-sevilə baxılır. Tamaşa sovet illərində çəkilsə də, bu gün də, öz aktuallığını qoruyub, saxlayır. Hətta Firəngiz xanıma “Səhnəmizin Gülnarı” da, deyən olur.
Tamaşanın məzmunu belədir.
Film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnar (Firəngiz Mütəllimova) ilk dəfə tanış olurlar. Əvvəlcə sözləri düz gəlməsə də, sonralar bu çəkişmə məhəbbətə çevrilir. Lakin atasının sözündən çıxa bilməyən Gülnar məhəbbətini atasına qurban verməli olur.
Tamaşanın ssenari müəllifi, mərhum yazıçı Aslan Qəhrəmanov, mərhum rejissoru Tariyel Vəliyevdir.
Firəngiz Bəhər qızı Mütəllimova 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb. ADMİU-nin dosentidir.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına 2019-cu ildə may ayında Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
P.S. Dəyərli sənətkarımıza sağlam can, uzun ömür, tükənməz enerji, yeni-yeni rollar arzulayırıq.
Fuad BİLƏSUVARLI,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı.
 

Digər xəbərlər