usd-1.7000 eur-1.8399 rub-0.0185
Bakı 9°C 3.13 m/s
Son xəbərlər
28-03-2024
26-03-2024
23-03-2024
22-03-2024
19-03-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Vətən xainlərinin arvadları... PROLOQ

details

MƏDƏNİYYƏT, ƏDƏBİYYAT

12.01.2023, 18:06 Oxunub: 1462

Vətən xainlərinin arvadları - İlqar Fəhmi yazır...

 

1001info.az Kulis.az -a istinadən İlqar Fəhminin yeni yazısını təqdim edir.

Proloq

Hər şey yoldur. Ya da əksinə, yol hər şeydi.

Həyat da, varlıq da, hətta Tanrı da...

İnsanın özü də yoldur...

Yol haqqında yazılan, çəkilən, qurulan hər bir bədii əsər də müəllifin yoludu... Özünə aparan yol. Və ya özündən aparan yol...

Ötən ilin sonunda Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən "Kod adı VXA" tamaşası da Mehriban Ələkbərzadənin özündən özünə aparan və ya gətirən uzun illik bir yol oldu. Bu yol tək onun yox, bütün Azərbaycan qadınlığının yoludu. Əyrisiylə, düzüylə bir yerdə... Yollar demirəm. Məhz yol... Çünki bəzən müxtəlif istiqamətlərdə uzanan yollara diqqət edəndə görürsən ki, bu çoxluqda əslində bir vəhdət var... Mehriban Ələkbərzadə bu çoxluğu birləşdirə bildi. Sanki çoxlu zərif saplardan kəndir hördü. Bu kəndirin qırılan sapları da var, sürtülüb süzülən sapları da var, sona qədər möhkəmliyini saxlayan sapları da... Amma ümumilikdə bu kəndir tamdı, bütövdü. Müasir Azərbaycan qadını məfhumu XX əsrin birinci yarısında məhz bu kəndirdən asılıb qalmışdı. Dar ağacına çəkilməmişdi, yox, sadəcə fələyin çərxindən asılı qalmışdı. Və şükürlər olsun ki, qırılmadı...

Bu tamaşa da, müasir Azərbaycan qadınlığının (həm də müəllifin) üzülsə də, dartılsa da, sürtülsə də, yenə də sona qədər qırılmayan kəndiri haqqındadı.

Daha doğrusu, qırılmamağın yolu haqqında...

Mövzu

Müasir Azərbaycan tarixinin "sərhədyanı kritik situasiya"ları barədə düşünəndə, çoxlu hadisələr yada düşür. Cümhuriyyət dövründən tutmuş, Şuşa zəfərinə qədər...

Tariximiz taleyüklü dramatik hadisələrlə doludu ki, məhz bu hadisələr zamanı insanlarımızın əsl mahiyyəti, azərbaycanlılığın əsl cövhəri üzə çıxır.

Və bu dramatik hadisələrin içində sırf Azərbaycan qadınının (övrətlikdən, arvadlıqdan yenicə çıxan Azərbaycan qadınlığının) əsl mahiyyətini, cövhərini açıb göstərmək üçün ən uğurlu seçim məhz 30-cu illərin repressiya dövrü idi. Və ən uğurlu məkan da VXA-nın toplanıldığı həbs düşərgəsi idi. Bura həqiqətən də Azərbaycan qadınlığı üçün bir Kərbəla meydanı idi...

Eynən Kərbəla meydanı kimi burda da hər şey vardı. Susuzluq da, aclıq da, qan-qada da, şiddət və təcavüz də, qorxub qaçmaq da, xəyanət və satqınlıq da, namus və binamusluq da, dəlilik və səfehlik də... Ən nəhayət, ilahi bir şücaət və əzəmət də. Hər şey... Və bu hər şey dar bir məkan (lar)a və qısa zaman kəsiyinə (8 il) sıxışdırılmışdı...

Əlbəttə ki, bir əsərdə bu qədər geniş məzmunu əhatə etmək div yükünü çəkmək kimi bir şey idi. İnanılmaz görünə bilər. Amma real oldu. Min bir zülümlə də olsa, oldu.

Əlbəttə, daha asan variant o olardı ki, müəllif bir nəfərin taleyini ön plana çəkib, hər şeyi sanki iynə gözündən keçirirmiş kimi onun taleyindən keçirərdi. Yəqin ki, başqası belə yol tutardı, necə ki, bu onilliklər ərzində bu mövzuya edilən müraciətlərdə məhz elə bu priyomu görmüşdük.

Başqası belə edərdi, amma Mehriban Ələkbərzadə yox. O, sapı iynə gözündən keçirib, yaraşıqlı səliqəli bir tikmə yaratmaq yolu tutmadı. O, xalça toxuyan bir dəzgah kimi müxtəlif naxışlarla, çalarlarla zəngin və dərin məzmunlu monumental bir xalça toxuyub ortaya qoydu. Bu xalça özündə onlarca, yüzlərlə insan taleyini birləşdirdi. Amma heç bir naxış, heç bir cizgi digərinə mane olmadı, digərini örtmədi. Hər detal öz yerində təqdim edildi.

Strategiya

Bu tamaşanın məhz monumental üslubda qurulması bir xırda faktor baxımından da çox əhəmiyyətli idi. (Əlbəttə, həqiqətdə heç də xırda deyil).

Teatrda uzun illər ərzində baş rollardan kənarda qalan, özünü göstərə bilməyən və bu səbəbdən ürəyində inciklik yaşayan, narazılıq edən bir çox sənətkarlara (demək olar ki, hamısına) özünü göstərmək üçün meydan verilmişdi. Onların hər biri, ələlxüsus qadın aktrisalarımız, bir tarixi şəxsiyyət, real insan taleyinin daşıyıcısı idi və hər birinin tamaşa içində özünün kiçik bir "fərdi tamaşa"sı vardı. Beləliklə, eyni dərəcədə şərait yaradılmışdı ki, hər kəs öz istedad və bacarığını nümayiş etdirsin. Necə deyərlər, bu meydan, bu da şeytan, buyurun, özünüzü göstərin...

Zənnimcə, digər teatrlar da bu üslublu monumental işlər ortaya qoymaqla, "rejissorun sevimli aktyorları" problemini aradan qaldıra bilərlər.

Tamaşada bu qədər insan taleyinə (bu qədər aktyor-aktrisaya) meydan vermək, təbii ki, tamaşanın vaxtını uzadacaqdı və bu da risk idi. O mənada ki, sadəcə reallıqda baş vermiş tarixi hadisələri publisistik formada göstərmək, tamaşada uzunçuluq və yoruculuq effekti yarada bilərdi. Buna görə də rejissor hər səhnə, hər epizod üçün bədii həll tapmalıydı. Və tapmışdı. Qiymətli xalçanın boş naxışsız sahəsi olmadığı kimi, bu tamaşanın da sadəcə tarixi informasiya daşıyan, bədii həlli olmayan, "boş" səhnəsi yox idi. Hətta real tarixdən hamımızın bildiyimiz bəzi publisistik informasiyalar da müəyyən bədii priyomlar vasitəsilə çatdırılırdı ki, bu da müəllifin əsərə nə boyda enerji sərf elədiyinin bariz nümunəsidir. Şəxsən mən düşünürəm ki, orta statistik rejissora belə bir işi ərsəyə gətirmək üçün azı iki il vaxt lazımdı, çünki bir tamaşa içində təqribən 7-8 tamaşa materialı sıxışdırılmışdı. Hər biri də xırdalıqlarına qədər işlənmiş tamaşalar...

Əlbəttə ki, tamaşadakı hər bir səhnənin, hər bir mizanın, hər xırda detalın analizini eləmək bir yazıya sığışmaz. Bunun üçün ayrıca bir irihəcmli elmi iş yazılmalıdır.

Onu da xüsusi qeyd edim ki, Mehriban Ələkbərzadə uzun illər əvvəl bu mövzuda geniş araşdırmalar aparıb, həm televiziya müstəvisində bu mövzuya müraciət edib, həm də yazdığı bədii-sənədli materiallar dövri mətbuatda dərc olunub. Yəni mövzu onun üçün yeni deyil, onilliklər boyu onun içində bişib yetişib ki, bu da mövzuya fərdi yanaşma tərzinin formalaşmasına gətirib çıxarıb... Bəs nədəydi bu fərdi yanaşma tərzi?

Yaxın tarixə qısa bir ekskurs edək. Həm sovet hökumətinin qurulduğu ilk illərin, həm də 37-ci illərin terroru və repressiyaları haqqında Yenidənqurma dövründən başlayaraq bütün SSRİ-də çoxsaylı əsərlər yazıldı, səhnələşdirildi, çəkildi. İndiyədək də postsovet ölkələrində bu proses davam edir. Və açıq etiraf edim ki, bu mövzunun dərin psixologizmi baxımından digər xalqların yaratdığı əsərlər məndə o qədər dərin təsir oyatmayıb, məhz rus mədəniyyətinin yetirdiyi əsərlər mənə daha çox ağrılı, daha dərin və psixoloji cəhətdən daha dramatik gəlib. Çünki istənilən digər xalq üçün bütün bu terrorların səbəbkarı "kənardan gələn" işğalçı qanlı imperiya idi. Bu faktor bütün qanlı terrorun qavrayışını psixoloji baxımdan bir qədər rahatlaşdırır. "Günah bizdə deyil, onlardadı, kənardan gələnlərdə" - bu cavab insanın içindəki niyə suallarını bir qədər yumşaldır. (Nədənsə, "Avatar" filmini xatırladım).

Lakin məhz ruslarda bu yanaşma tərzi ola bilməzdi, çünki imperiya elə onların özününkü idi. Bütün qanlı terrorlara, repressiyalara görə günahlandırmağa başqa bir qüvvə yoxdu. Qurban da, cəllad da yalnız özümüzük. Özümüz özümüzə eləmişik. Bəs niyə? Bizim içimizdəki bu vəhşi instinktlər, bu qədər qana hərislik, bu qədər qəddarlıq hardan peyda oldu? Niyə böyük mədəniyyət yaradan bir xalq ikən, dönüb vəhşilər yığınına çevrildik və elə öz yaratdığımız mədəniyyəti də məhv etdik?

Bu cavabsız suallar psixikanı deşən mismar kimidi. Qurtulmaq mümkün deyil. Bunların üzərində Rusiyanın təfəkkür adamları indiyədək düşünür, unuda bilmir, ona görə də həm vətəndaş müharibəsi, həm 37-nin repressiyaları və başqa bu tip hadisələr indiyə qədər onların mədəniyyəti üçün aktual mövzulardandır.

Bütün bunları mövzu üzərində xülasə eləməkçün yazmadım. Bu mövzuya müraciət edən istənilən müəllif orijinal yanaşma tapmaqda aciz qalır. Çünki repressiya dövrünə hansı istiqamətdən yanaşırsansa, görürsən ki, ruslar onu göstəriblər. İnsanın fiziki iztirabının ən ağır nöqtələrindən tutmuş, şiddətin, təcavüzün qəddarlığın ən pik nöqtəsinə qədər...

Lakin Mehriban Ələkbərzadə o spesifik orijinal istiqaməti tapa bilib... Namus məsələsi.

Milli mentalitetdən doğan və Şərq insanı üçün bütün ağrı-acılardan, fiziki əzablardan, aclıqdan-susuzluqdan daha da üstün olan NAMUS anlayışı. Qadın namusu və ləyaqəti... Mehriban Ələkbərzadə üçün bu mövzuda orijinal istinad nöqtəsi bu məsələ oldu və bütün əsər də məhz bu mövzudan çıxıb şaxələndi, genişləndi...

Bildirim ki, bu mövzuda Rusiyada otuz-qırx il ərzində yazılan, çəkilən əsərlərdə məhz bu məqamın önə çıxarılmasını müşahidə etməmişəm. Çünki açıq etiraf edək ki, onların qadınları üçün bu həddi keçmək heç vaxt elə də böyük problem olmayıb. Daha asan və sadə qarşılanıb. Digər fiziki iztirablar onlar üçün daha əhəmiyyətli olub ki, onlara da kökləniblər. Qadın namusu isə onlarca başqa problemdən biri kimi (birincisi yox, məhz sıradan biri) təqdim olunub.

Deməli, bu tamaşada Mehriban Ələkbərzadə indi dəb düşən plagiat mədəni nümunələrdən fərqli olaraq, mövzuya sırf spesifik milli münasibətini tapa bilib və onu da ön plana çəkərək qabardıb. Yoxsa, bu mövzuda sadəcə insan iztirabı üzərində istənilən əsər qurulsaydı, Rusiyadakıların solğun təkrarı olacaqdı.

Quruluş

Tamaşanın gedişatını danışmağa ehtiyac yoxdu. Çünki əksər oxucular əsərin mövzusundan və qismən də məzmunundan xəbərdardır.

Adətən bu cür əsərlər üst-üstə bir neçə plastdan ibarət olur.

Tarixi faktlar - dramaturq təqdimatı - rejissor həlli.

Bu tamaşada Mehriban xanım məqsədli şəkildə dramaturji təqdimatdan imtina edib. Zatən mövzu barədə bu qədər zəngin tarixi faktlar varkən, heç dramaturqa ehtiyac da yoxdur. Müəyyən qədər bədii təxəyyülü olan rejissor aradakı xırda boşluqları özü də doldura bilər. Necə ki, Mehriban xanım eləmişdi.

Dramaturji halqadan imtina bir psixoloji məqamı da yaratmışdı ki, bu da əsərdə baş verənlərin tamaşaçı tərəfindən məhz tarixi reallıq kimi qavrayışı idi. Tarixi hadisələrlə tamaşa arasında istənilən bir dramaturqun adı getsəydi, ən sərt, ən acı məqamlarda, tamaşaçı qeyri-ixtiyari düşünəcəkdi ki, daha bu qədər də ola bilməz, yəqin ki, burda bir çox şeylər yazarın təxəyyülünün məhsuludur.

Lakin budur, dramaturq yoxdur, çünki qəddar tarixi reallıq özü ən böyük və ən sərt dramaturq kimi çıxış edir. Sənin baxdığın hadisələr də eynən reallıqda olduğu kimi təqdim edilir. Heç bir müəllif təxəyyülü, heç bir uydurma yoxdur. Nə varsa, nə görürsənsə, elə bu cür də baş verib. (Bu kontekstdə ara-sıra rejissorun öz təxəyyülünün məhsulu olan detallar da, elə tarixi reallıq kimi qavranılır).

Tamaşanın əvvəlində təqdim edilən televiziya filmi üslubunda sənədli-vizual materiallar da eyni fikri tamaşaçıda yaratmağa istiqamətlənib - burda nə görürsünüzsə, həqiqətən baş verib, burda kimi görürsünüzsə, həqiqətən real tarixi şəxsi oynayır. Nə obrazlarda, nə hadisələrdə heç bir şərtilik yoxdur, şərtilik yalnız bədii priyomlardadır.

Məhz buna görə də tamaşa haqqında elə kluarlarda səslənən ilk fikirlərdən biri də bu idi - burada epik nəsr, kino, televiziya və teatrın priyomları vəhdət halında təqdim edilib.

Tamaşanın bir proloq və şərti olaraq üç hissədən ibarət olması da kino dramaturgiyası (Sid Fild strukturu) üzərində qurulması təəssüratı yaradır.

Fəlsəfi-struktural gəzişmə

Əsər, qeyd edildiyi kimi, bir proloqdan və üç hissədən ibarətdir.

Proloqda sanki bizə ən ağrılı məqamları əhatə edən sürgün motivləri təqdim olunur ki, bu da tamaşaçını əsərə daha möhkəm bağlamaq məqsədi güdür...

Sonra isə sanki geri qayıdırıq və ilk hissə başlayır - Bakıdakı həbslərdən dərhal sonra baş verən məhbəs və dindirmələr mərhələsi. Bu hissə şərti olaraq publisistik adlandırıla bilər, çünki əsasən real tarixi hadisələri əks etdirən arxiv materialları üzərində qurulub.

Ardınca məhkəmədə cəza almış qadınların sürgün yolu başlanır. Bu hissədə xatirələr üzərində qurulan yol sərgüzəştləri, nədənsə, metafizik bir müstəviyə gəlir.

Üçüncü hissə isə artıq Vətən Xainlərinin arvadlarının saxlanıldığı düşərgədə baş verənlər üzərində qurulub ki, bunu da, zənnimcə, şərti olaraq realizm mərhələsi adlandırmaq olar. Burda da sürgündən qayıdandan sonra real məhbusların yazdığı xatirələrdən istifadə olunub.

Publisistika və ibrət dərsi

Proloqdan sonrakı ilk hissədə bizə əsas qəhrəmanlar publisistik faktoloji prizmadan təqdim olunur.

Burda bolşevizmə inanan, həyatını bu ideyanın yüksəlməsinə sərf edən və nəticədə elə o ideologiya tərəfindən məhkum edilən Ayna Sultanovadan tutmuş, zadəgan ailəsində böyüyən şair xanımı Şükriyyə Axundzadəyə qədər, (Xədicə Qayıbova, Şövkət Məmmədxanova, Dibər Axundzadə, Ceyran Bayramova, Xavər Qarayeva, Tamara Hüseynova, Umgülsüm Sadıxzadə, İzzət Vəzirova, Zivər Əfəndiyeva, Panfiliya Tanaildi, Fatma Xuluflu və b...) xeyli sayda real tarixi personajlar toplaşıb. Və hər birinin də öz həqiqəti (və ya həqiqətsizliyi var).

İlkin dindirmələrdə və Bakıdakı məhbəsdə onlar arasında münasibətlər zamanı çoxsaylı ziddiyyətlər üzə çıxır ki, bu da həmin dövrün ideoloji və ictimai qarşıdurmalarını məhz qadınların konfliktləri vasitəsilə tamaşaçıya açmağa kömək edir. Müəllif məhz bu fraqmentdə ilk olaraq öz yanaşma tərzini, öz münasibətini qarşımıza qoyur - pafosdan və ideallaşdırmadan uzaq, realist fəlsəfi yanaşma...

Burda müxtəlif səbəblərdən repressiya qurbanı olan qadınların heç də hamısı ideallaşdırılaraq məzlum, fəqir, günahsız qurbanlar kimi təqdim edilmir. Onların heç də hamısı Mələk saflığında deyil. Qeyd etdiyimiz kimi, burda "xan" qızı olan fahişədən, ərini NKVD-yə satan satqından tutmuş, namusunu, ləyaqətini qorumaq üçün həftələrlə üfunət iyi verməyə razı olan şair xanımına qədər, hər cür personaj var.

Lakin buna rəğmən onların hamısı insandı, hamısı QADIN-dı... Öz iradələrindən asılı olmayaraq, tarixin qanlı dəmir məngənəsində sıxılıb sındırılan qadınlar.

Heç bir insan isə bu cür sındırılmağa layiq deyil! Ələlxüsus qadın. Ələlxüsus Azərbaycan qadını...

Əsərdə suallar çoxdu və fasiləsiz olaraq səsləndirilir.

Bu suallar sanki uzun səfərə ayaqyalın çıxan əsirlərin ayaqlarının altına səpələnmiş şüşə qırıntıları qədər əziyyət verir, incidir... Amma bunlardan yan keçmək də mümkün deyil.

Demək olar ki, bütün qəhrəmanlar o suallar dolu yolun əsarətindədirlər. Sualların isə cavabı yoxdu. "Stalinin niyə xəbəri yoxdur?" sualından tutmuş, "Mən bura niyə düşmüşəm?" sualına qədər...

Bəziləri isə daha da irəli gedib suallarının cavablarını rejimin "yox" elan etdiyi Tanrıya ünvanlayır və minilliklərin ən ağır sualı dilə gəlir - Axı bu qədər zülümlə üz-üzə qalan insanın günahı nədir?

Lakin Tanrı da, sanki bu məmləkətin üstündə yoxmuş kimi aparır özünü... Siz mənə arxa çevirdiniz, eybi yox, mən də sizə arxa çevirərəm.

Cəhənnəm yolu

Əsərin ikinci hissəsində, yuxarıda dediyimiz kimi, qadınların sürgün yolu təqdim edilir ki, burda da hadisələr metafizik müstəviyə keçir.

Bizə təqdim olan qurpuluşda metafizika sonda yox, məhz ortada təqdim olunur. Publisistika ilə realizmin arasında. İlk baxışdan qəribə görünə bilər. Axı adətən realizmdən başlanan yol məhz sonda metafizikaya yüksəlir.

Bəs, görəsən, niyə? Təbii, düşünə bilərik ki, tarixi reallıq özü bu xətti qoyub. Məhkəmə, sürgün yolu və düşərgə. Burda nəsə simvolika axtarmağın yeri yoxdu.

Amma mən bir az başqa cür düşünürəm. Həyatda təsadüf olmur. Hər şeyin bir izahı var.

Məncə, burda sualın cavabını məhz qadın mövzusunda axtarmaq lazımdı. Qadının mənəvi yüksəlişi heç vaxt metafizika ilə bitmir. Sonda mütləq realizm sınağından çıxmaq lazımdı. Ona görə də tarixən qadınlardan ənənəvi mənada dərviş, sufi, övliya çıxmayıb. Çünki qadının bütün mənəvi yüksəlişi, ilahi məqama çatması metafizikadan, idealizmdən sonra məhz realizmin acı imtahanıyla üz-üzə qalmasından keçir. Burda tamam fərqli müstəviyə keçirik. Əbəs deyil ki, islamda doğuş üstə ölən qadın şəhid qismində qəbul olunur. Eyni zamanda cəmiyyət üçün dürüst övlad tərbiyə edə bilən qadın övliya qismindədir.

Və NAMUS və ləyaqətini qorumaq üçün çarpışan qadın Kərbəla döyüşünə çıxmış mücahid nisbətindədir.

Kimsə razılaşmaya bilər, hər halda mən belə düşünürəm və Mehriban Ələkbərzadənin bizə təqdim elədiyi əsərdən bu nəticəni çıxarıram.

Şeyx Əttarın "Məntiq-ət Teyr" əsərinin məzmununu xatırladım. Yüzlərlə quş İlahi həqiqətə (Simurq quşuna) çatmaq üçün yola çıxdı, bu yolda neçəsi öldü, neçəsi çətinliyə dözə bilməyib geri qayıtdı, neçəsi yarı yolda qaldı... yalnız az bir qismi (cəmisi 30 quş) Qaf dağının zirvəsinə qalxa bildi. Və məlum oldu ki, Simurq (farsca 30 quş mənasını verir) elə onların özüdü. Beləliklə, onlar ilahi həqiqətə çatıb vəhdətə qovuşdular.

Bu əsərdə də Azəbaycan qadınlarının Qaf dağının zirvəsinə qalxması göstərilir sanki.

Şəxsən mənim özümdə bir tamaşaçı olaraq əsərin məhz bu orta hissəsi daha çox iz buraxdı. Çünki özüm metafizikaya bağlı adamam və mənim üçün sürgün yolu - o yük vaqonu, onlarca zərif məxluqun az qala heyvan kimi yük vaqonuna doldurulması, ayaq üstə min kilometrlərlə yol getməsi, yolda yaşanan dramatik situasiyalar, dava-dalaşlar, aclıq, susuzluq, qəddar təcavüzlər, intiharlar - bütün bunlar sadəcə canlı insanların sürgün səfəri yox, sanki məsum ruhların xəyali axirət yolçuluğu idi.

Bu vaqon bu dünya ilə o dünyanın sərhədi idi sanki və bu sərhəddə baş verənlər həqiqətən də hansısa məqamda real tarixi fakt məzmunundan çıxır, böyüyür, genişlənir, tamam transendental rəng alırdı.

O taxta qutunun içində kibrit çöpləri kimi bir-birinə sıxılaraq həftələrlə yol gedən qucağı körpəli, hamilə, xəstə, zəif, ümidsiz qadınlar tamaşanın bu hissəsində həqiqətən də insanlıq çərçivəsindən kənarlaşıb, sanki ruhlara, kabuslara çevrilmişdilər.

Qazaxıstan çölləri - Düşərgə

Əsərin üçüncü hissəsini ayrıca bir pyes hesab etmək olar. Qapalı məkana düşən, həyatın sərt sınaqlarıyla üz-üzə qalan zərif məxluqlar. Bəziləri artıq qadın simasını itirmiş, daxilən sınmış, əzilmiş, bəziləri isə əksinə, bir az da güclənmiş, bərkimiş və daha ağır sınaqlara hazır olan qadınlar.

Nədənsə, sevgi haqqında deyilən məşhur bir fikir yada düşür. Ayrılıq külək, sevgi isə atəş kimidir, külək zəif alovu söndürür, güclü alovu isə bir az da gücləndirir.

Bu yol da qadınlarımız üçün eyni rolu oynamış oldu. Zəifləri sındırdı, güclüləri bir az da gücləndirdi.

Həbs düşərgəsinin bir maraqlı məqamı da kriminal keçmişi olan və düşərgədə "vəziyyətə baxan" qadınlarla bizim baş qəhrəmanların kontaktı və konfliktləridi... Lakin Mehriban Ələkbərzadə milləti, əqidəsi bilinməyən "kriminal" qadınları da, sadəcə antoqonist, düşmən kimi təqdim eləmir. Yox, onun da içinə girir, onun da zəif damarına toxunur, içindəki ağrıları, iztirabları üzə çıxarır və ağladır... Beləliklə, onu da "düşmən"likdən çıxarıb öz qəhrəmanına çevirir. Axı nə olsa da, o da qadındır. Böyük hərflə olmasa belə, hər halda qadındır, üstündən xətt çəkmək olmaz...

Əsərdə kişi obrazı yoxdur. Daha doğrusu, böyük mənada kişi...

Təqdim olunan baş qəhrəmanların nəzərindəki "böyük kişilər"in əksəriyyəti artıq güllələnib, bir hissəsi də digər düşərgələrdə çürüyür...

Bəli, düşərgədə, həm də "böyük kişi"lərini itirmiş qadınlarımızın psixoloji dünyası açılır. Onların aləmində ətrafda gördüyü bütün "kişiciyəzlər" - müstəntiqlər, nadzorlar, əsgərlər, hətta yalançı şahidlər yalnız ziyan verə bilən tamahkar, həris, təcavüzkar vəhşi heyvanlardan başqa bir şey deyillər. Və bu kişiciyəzlər qarşısında qadınların öz ləyaqətlərini müəyyən qədər qorumaq üçün qəribə şəkildə sıxlaşmasını, birləşməsini, toplumlaşmasını müşahidə edirik. Çünki "əsl kişi"lərin olmadığı bir müstəvidə yeganə yaşam üsulu bir-birinə möhkəm sıxılmaq, bir-birinə kürək söykətməkdir.

Övladlar - uşaqlar

Əsərin son hissəsində qaldırılan bir problem də övladlar problemidi. Əlbəttə, qadın varsa, övlad problemindən yan keçmək məntiqə uyğun olmaz.

Xalq düşməni kimi həbs olunan valideynlərindən imtina edən uşaqlar... Şəxsən mənim özüm üçün ağır mövzudu. Çünki uşaqlıqda pioner olarkən ən çox düşündüyüm obrazlardan biri də Pavlik Morozov obrazı idi. Vaxtilə balaca Pavlikin şücaətləri barədə bizə uzun-uzadı "nağıllar" söyləniləndə, tək mən yox, yəqin ki, bir çox sovet uşaqları eyni hissləri keçirirdi. Görəsən, mən bunu edə bilərdimmi? Görəsən, mən hökumətin ideyası uğrunda, öz "doğmalarımı sata bilərdimmi?".

Yəqin ki, bir çoxları edə bilməzdi. Ələlxüsus bizdə, ailə dəyərlərinin daha yüksək olduğu bir cəmiyyətdə. Amma istər- istəməz Pavlik Morozovun hərəkəti bizim uşaq təfəkkürümüzdə qəribə qorxunc bir psixoloji iz buraxmışdı.

Mehriban xanımın tamaşasında da bizə bir neçə Pavliklər təqdim olunur. Təbii ki, xarakterlər, talelər, fikirlər müxtəlifdir. Lakin bütün bu uşaqları bir şey birləşdirir - öz tanrılarını həqiqi bir imanla sevmək, yaxud sevmək MƏCBURİYYƏTİ!!!

Və buna görə də divarda uşaqların yaratdığı işıq tablosunda İsa Məsihlə həvariləri - Stalin və partiya rəhbərliyi ilə eyniləşdirilir. Bəli, bu uşaqların Tanrısı və həvariləri məhz bu partiya xadimləridir... Qarşıda isə onları vicdan əzabıyla dolu uzun bir ömür gözləyir. Bəlkə də ömürsüzlük.

Lakin müəllif övlad probleminə sadəcə valideyndən imtina edən uşaqlar üzərindən toxunmur. Xalq düşmənindən doğduğu uşaqdan imtina etməyə çalışan qadın obrazı da çox təsirli məqamlardan biri idi.

Finalda baş qəhrəmanların azad olması və ümumilikdə çəpərin dağılması qadınlarımız üçün bütün ağır sınaqların başa çatmasına işarə idi.

Sanki Tanrı geri qayıdır... Cəhənnəm əzabı bitir. Və ən əsas onların hamısı da olmasa, heç olmasa bir qismi bütün sınaqlardan üzü ağ çıxdı. Namus və ləyaqətlərini qoruya bildilər... Bu isə Şərq qadını üçün ən böyük qələbədi.

Texniki detallar

Tamaşanın adi insanlar üçün maraqlı olmasına xidmət edən məqamlardan biri də səhnə dekorasiyasının standartdan kənar, dinamik və dəyişkən qurulması idi.

Burda dindirmə otaqlarından tutmuş, həbs düşərgəsinin həyətinə qədər görə bilirik. Tamaşaçıya ən çox təsir edən ən maraqlı detal isə əsirləri sürgünə aparan yük qatarının bir vaqonunun səhnədə real ölçüdə qurulması idi. Bu vaqon gah məhbəsə çevrilir, gah irəli çıxıb, tarixi məlumatların təqdimatı üçün ekran rolunu oynayırdı. Kompüter qrafikası ilə yığılmış hərəkətli portretlərin danışması da maraqlı təsir oyadırdı. Əlbəttə, bütün tamaşadakı bu cür tapıntıları sadalamaq üçün gərək əldə dəftər oturub hər şeyi ora qeyd edəsən. Çünki əvvəldə dediyim kimi, əsərdə bədii baxımdan boşluq yoxdur... Ən maraqlı cəhət isə bu idi ki, bütün sintetik bədii priyomlar səhnəyə televiziya, kompüter qrafikası, səs və işıq effektlərinin gətirilməsi və müxtəlif başqa texniki tapıntılar, sadəcə "mən bunu da göstərə bilirəm", "mən bunu da səhnəyə gətirə bilirəm" niyyəti ilə edilməyib.. Hər bir detal, hər bir tapıntı səhnədə yaşanan halların, təqdim olunan ideyanın tamaşaçı qəlbinə daha dərindən nüfuz etməsinə xidmət edir...

Tamaşada aktyor oyununun keyfiyyəti və ümumilikdə səhnələrin mizanları, sırf teatral məqamlar barədə yəqin ki, teatrşünaslarımız yazacaq. Və rejissor özü daha yaxşı bilir ki, nəzərdə tutduğunun neçə faizini yaradıcı heyətdən ala bilib, nə qədərini ala bilməyib.

Mənsə adi bir tamaşaçı olaraq deyə bilərəm ki, heç kim və heç nə ümumi kompozisiyadan çıxmırdı, yad kimi, yamaq kimi görünmürdü, hər şey yerli-yerində idi.

Əlbəttə, kimlərsə tamaşanın xronometrajının uzun olmağını qeyd edə bilərlər, amma düşünürəm ki, hadisələrin dinamikası və dramatizmi, güclü energetik partlayışlar elə yüksək səviyyədə qurulmuşdu ki, 4 yox, hətta 5, 6 saat davam etsəydi belə, zənnimcə, heç kim darıxmayacaqdı. Çünki tamaşaçılar tam olaraq səhnədəki gərgin və eyni zamanda dinamik hadisələrin axarına elə düşmüşdü ki, sanki hər kəs yaxın tariximiz üçün taleyüklü həmin hadisələrdə şəxsən özü iştirak edirdi. Zövqü və intellekti olmayan tək-tük təsadüfi tamaşaçı üçünsə, bu əsər 4 saat yox, 40 dəqiqə də olsaydı, yenə də eyni dərəcədə darıxdırıcı olacaqdı.

Zənnimcə, nəinki son onilliklərdə, ümumiyyətlə, Azərbaycan teatrı yaranandan bəri səhnəmizdə belə monumental epik tamaşa oynanılmayıb. Şəxsən mənim üçün ən sevindirici hal bundan ibarət idi ki, smartfonların insanları qısa audio-vizual materiallara öyrəşdirdiyi bir vaxtda, rejissor və yaradıcı heyət müasir insanı bir neçə saat öz təsiri altında saxlaya bilmişdi. Deməli, son nəticədə, nə qədər texnika inkişaf eləsə də, nə qədər lazımsız əyləncələr həyatımızı doldursa da, sənət insanın ruhuna toxunub onu öz təsiri altına ala bilir. Sadəcə sənət də gərək əsl sənət olsun...

Əsl sənət

Bəs bu əsərin əsl sənət nümunəsi olduğunu nədən bilə bilərik? Sadəcə dramatik hadisələrdənmi? Səhnədəki enerji partlayışındanmı?

Əlbəttə ki, yox... Bəzən sənətdə elə güclü enerji partlayışları olur ki. İlk olaraq ruha, qəlbə möhkəm təsir edir. Lakin sənət əsəriylə təmasın bitəndən bir az keçir və unudulur, yaddan çıxır, heç bir iz buraxmır. Son onilliklərdə az qala bütün dünyada məhz belə əsərlər daha çox ön plana çıxır, təriflənir, təqdir edilir. Möhtəşəm səhnə şouları, zahirən monumental görünən quruluşlar, filmlərdəki çoxmilyonluq dekorlar, kütləvi səhnələr və s. - bütün bunlar anındaca güclü təsir edir, lakin altı boş olduğuna görə bir gün sonra unudulub gedir.

Mən özüm özüm üçün əsl sənətin kriteriyası kimi məhz yaddaş amilini həmişə ön plana çəkirəm. Əgər əsər insanın yaddaşına həkk olunursa, təmas bitəndən sonra onun ruhunda, içində ikinci həyatını başlayırsa, deməli, həqiqətən də əsl sənət nümunəsidi.

"Kod adı VXA" tamaşasının premyerasından artıq bir neçə həftə keçib. Şəxsən mən özüm indiyə qədər də tamaşanı düşünürəm, nələrisə yenidən xatırlayıram, hətta müəyyən məqamlar sanki daha parlaq canlanmağa başlayır şüurumda... Sanki içimə toxumlar atılıb və günlər keçdikcə cücərməyə başlayırlar...

Və əminəm ki, bu proses tək mənim yox, bir çox tamaşaçının içində gedir.

Əsərin məzmunu haqqında çox şey demək olar, lakin tamaşaçıların maraqlarını azaltmamaq üçün çalışdım ki, yazıda ümumi məzmunun, baş verən hadisələrin dərinliklərinə getməyim... Axı əsl sənətin elə ən birinci kriteriyalarından biri də budur ki, onun bütün təsirini sözlə təsvir etmək mümkün olmasın, sənətin təsiri sözə sığmasın... Tamaşadakı bütün tapıntıları bir kənara qoyuram, elə bircə kiçik epizod - məhbəsdə iki qadının ayaqyoludan götürdükləri vannanı öz başlarına tökmələri və bu üfunət yağışı altında xoşbəxt bir "namus rəqsi"ndə bir-birinə sıxılmasının yaratdığı bədii təsiri hansı sözlə ifadə etmək olar? Həmin an hamı qaranlıqdadı, yalnız onlar işıq altındadılar...

Əlbəttə, söz acizdi burda. Gərək baxasan, görəsən... Əsl sənəti görəsən...

P.S.

Tamaşa həm də bir ibrət dərsi idi. Premyeradan sonra çox adamla əsər barədə söhbət etdim, müxtəlif fikirlər eşitdim, amma mənə ən çox təsir edən bir xanımın fikri oldu. "Tamaşadan sonra ən çox hansı hissi keçirdin?" sualına qısa bir cavab eşitdim - xəcalət.

Biz burda kiçik məişət problemlərindən sınırıq, depressiyaya düşürük, insan sifətini itiririk, bütün el-aləmə nifrət yağdırırıq, qarğış edirik... Lakin bizim yaxın sələflərimiz gör necə sınaqlardan çıxıblar, amma sınmayıblar, şərəf və ləyaqətlərini qoruya biliblər. Bəs biz niyə belə aciz və zəif olmuşuq?

Bəli, bu da son sual. Biz niyə belə olmuşuq...

Sonda əsərin (çünki bu gördüyümüz sadəcə bir teatr tamaşasından çox-çox üstun olan bir sənət əsəridi) müəllifi və quruluşçu rejissoru Mehriban Ələkbərzadəyə və bütün yaradıcı heyətə həm təşəkkür edirəm, həm də təbrik edirəm.

Müasir Azərbaycan qadınlığının mənəvi inkişaf ensiklopediyasını səhnə müstəvisində uğurla yarada bildikləri üçün...

Digər xəbərlər