usd-1.7000 eur-1.7513 rub-1.6667
Bakı 5°C 2.24 m/s
Son xəbərlər
14-01-2025
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Yazıçının əsas məqsədi zamanın nəbzini tutmaqdır...- MÜSAHİBƏ

details

ƏDƏBİYYAT

11.01.2025, 10:29 Oxunub: 132

İnsanlara olan inamımı uşaqlıqdan bu günə qədər qoruyub saxlaya bilmişəm... - Hüseynbala Mirələmovla MÜSAHİBƏ
 

- Hüseynbala müəllim, bütün dövrlər üçün aktual olan bir məsələylə söhbətimizə başlamaq istərdim: əsl söz sahibinin yazmaqdan, yaratmaqdan başqa digər bir missiyası da var - vətəndaş məsuliyyəti, ziyalı mövqeyi.. Siz necə düşünürsünüz? 

 
- Bilirsiniz, məni hazırda narahat edən məsələlər nədir? Yaxınlarda kəndimizə getmişdim - Lerikə. Dağların qoynunda çox gözəl bir kənd... havası gözəl, təbiəti, bulaqları, bağları göz oxşayır. Mən uşaqkən o kənddən Lənkərana köçmüşük. Yadımdadır, o vaxt orda nə bir yol, nə elektrik işığı, nə də təbii qaz vardı. İndi isə, şükürlər olsun, bunların hamısı var. Kəndə qədər geniş asfalt yol çəkilib. İşıq da var, qaz da. Amma buna rəğmən, təəssüf ki, kənd, demək olar ki, boşalıb, insanlar yoxdur, hərə bir tərəfə köçüb gedib. Bax, belə hallara görə çox narahat oluram. Əslində bu, o qədər də sadə bir proses deyil, qlobal məsələdir. İndi çox yerdə belədir, əksər insanlar Bakıya üz tutub. Amma kaş ki, insanlar kəndə gəlib çatan bu rahatlığın içində çalışıb təsərrüfatlarını genişləndirəydilər, mal-qara, toyuq-cücə saxlayıb əkin-biçin ilə məşğul olaydılar... O insanları yenidən torpağa qaytarmaq üçün, düşünürəm ki, müəyyən işlər görülməli, yollar tapılmalıdır. Çünki insan yaşamayan, insan nəfəsi dəyməyən yerlər, tarixdən də məlumdur ki, gec-tez xarabalığa çevrilir, göz dağına dönür.
Məni ən çox narahat edən məsələlərdən biri də böyük rus şairi N.Tixonovun "Cənub mirvarisi" adlandırdığı Lənkəranla bağlıdır. Bilirsiniz ki, mən Lənkəranda böyümüşəm, məktəbi orda bitirmişəm. Mən hələ orta məktəbdə oxuyanda Lənkəranda 8 saylı Tikinti-Quraşdırma İdarəsi vardı. Onun əsas işi Lənkəranın kanalizasiyası sisteminin qurulması idi. İndi, təəssüf ki, orda hər addımda bu sahəyə diqqət ayırmağın vacibliyini daha çox hiss edirsən. Məncə, bu məsələ tezliklə həll olunsa, hamımız udarıq - həm özümüz, həm bura üz tutan minlərlə turist... 

 
- Bakı bizim hamımız üçün doğmadır, əzizdir. Hərəmiz bir şəhərdə, kənddə, bölgədə dünyaya gəlsək də, bu şəhər bizim həyatımızın ən fərqli anlarına şahidlik edib. Maraqlıdır, ömrün bu çağında harda yaşamaq istəyərdiniz?

 

- İnanın ki, Bakıda. Ölkəmizin paytaxtı sevimli şəhərimiz Bakıda. Burda ali təhsil almışam, tanınmışam. Övladlarım burda böyüyüb ev-eşik sahibi olublar. Ömrümün ən gözəl günləri də burda keçib. 

 

- Daha çox hansı obrazları yaratmağa çalışırsınız?

 

- Yaratdığım obrazlar çox vaxt müxtəlif dövrləri, ayrı-ayrı sosial qrupları, fərqli xarakterləri özündə əks etdirir. Amma ən çox can atdığım ayrı-ayrı tarixi şəxsiyyətləri və liderləri ədəbiyyata gətirməkdir. Deyim ki, hələ orta məktəbdə oxuyarkən, böyük yazıçıların əsərlərini dərindən mütaliə etməyə başladım və bu da, bir növ, hələ kiçik yaşlarımdan insan psixologiyasını daha yaxşı öyrənməyimə bir vəsilə oldu. Elə o vaxtdan çox istəyərdim ki, insanlar əqidəsinə sadiq qalsınlar, heç vaxt nəyə görəsə məcbur qalıb ağa qara deməsinlər. Çünki ədalət hissini heç vaxt unutmaq olmaz. Ədalətli olmaq, əslində insanın həm öz həyatında, həm də ətrafındakı insanlarla münasibətlərində düzgünlük, bərabərlik və şəffaflıq anlamına gəlir. Bu mənada, ədaləti danmaqla, bir növ, Allahını da danmış olursan. Çünki Allah-təala özü ən mükəmməl ədalət və harmoniya mücəssəməsidir.

 

- Uşaq vaxtı oxuduğunuz əsərlər, kitablar, müəllimlər, müəlliflər, qəhrəmanlar bu günlə müqayisədə necə görünürlər - dəyişən nədir, dəyişməyən nədir?

 

- Çox maraqlı bir məsələyə toxundunuz. Bu dedikləriniz həm də bir inam məsələsidir. Uşaqkən öyrəndiklərim, bildiklərim, inandıqlarım ömrüm boyu köməyimə çatıb. Bilirsiz, o hissləri, o duyğuları bu yaşa qədər qoruyub saxlamağın özü, inanın, bir qəhrəmanlıqdır. Müxtəlif vəzifələrdə çalışmışam, hər cür insanla rastlaşmışam, amma nə özümə, nə ətrafımdakılara olan inamımı itirməmişəm. Hətta dostlarımdan biri bir dəfə gülə-gülə dedi ki, qardaş, bu xarakterlə, bu sadəliklə, bu inamla gəlib bu günə çatmısansa, bütün bu uğurlara nail olmusansa, çox böyük insansan. Bunun ancaq bir adı var, o da Allah adamıdır. Yəni Allaha inamdır və özünü, taleyini Allahın ixtiyarına buraxmaqdır. Məni, dostum demişkən, bu çətinliklərdən keçirən, sınmağa qoymayan, yıxılanda durub yenidən yeriməyə sövq edən ancaq ulu Tanrı ola bilərdi. Məni bu illər ərzində ancaq o qoruya bilərdi. Şükürlər olsun ki, qorudu da. İndi də düşünürəm ki, mənə bu ruhu verən, bu kitabları yazdıran da elə Odur. Olub ki, insanların üzünə ürək eləyib deyə bilmədiklərimi kitablarımda, yazılarımda demişəm. Bilirsiz, son illər mənə ünvanlanan haqlı-haqsız sualların, iradların çoxuna da möhtərəm oxucularım, inanıram ki, kitablarımı bir də oxusalar, orda daha əsaslı cavab tapa biləcəklər. Bir də ki peyğəmbərimiz demişkən, hər kəs qəbir evinə kimi oxumalıdır, öyrənməlidir. Elə mən özüm də bu yaşda yazmaqdan daha çox, mütaliə ilə məşğul oluram, əlimdən kitab düşmür. Amma nə qədər oxusam da, nə qədər düşünsəm də, böyük şairimiz Bəxtiyar Vahabzadə demişkən, hələ də o uca həqiqəti tapa bilməmişəm:

 

Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram,

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam. 

 

- Sizcə, bu günün ədəbiyyatı necə olmalıdır? Yəni söz cəmiyyətdə, insan həyatında nəyisə köklü şəkildə dəyişmək iqtidarındadırmı? 

 

- Ədəbiyyatın əsas predmeti bütün dövrlərdə insan olub. Şəxsiyyətindən, cəmiyyətdəki mövqeyindən, maddi imkanından asılı olmayaraq insanın həyatı, arzuları, düşüncələri, iztirabları, sevgiləri həmişə yazı əhlini narahat edib. Bir anlığa Viktor Hüqonu, Bunini, Tolstoyu, Dostoyevskini və digər böyük dühaları, onların yaşadığı dövrü və toxunduqları mövzuları göz önünə gətirək. Bir söz var: "Dünya köhnə dünyadır, sevgiləri təzədir." Yəni bunlar dövrlə bağlı məsələlərdir. Yazıçının əsas məqsədi zamanın nəbzini tutmaqdır. Unutmaq olmaz ki, insanlar həmişə kitaba böyük ehtiramla, məhəbbətlə yanaşıblar. Çünki əsl kitabın çatdırdıqları bəşəri hisslərdir, bütün dövrlər üçün dəyişməz olan müəyyən əxlaqi dəyərlərdir. Bu gün Viktor Hüqonu, onun qələmə aldığı mövzuları və qaldırdığı problemləri yada salıb dilimizə tərcümə olunan başqa nümunələrlə müqayisə edəndə, az qala, dəhşətə gəlirsən, başdan-ayağa açıq-saçıq səhnələrdir, parnoqrafiyadır. Baxın, dəyərlər necə dəyişib. Məhəbbətə, sevgiyə o dövrdə bir başqa baxış vardı, indi bir başqa.

 

- Məhəbbətdən söz düşmüşkən, son illər tarixi roman və əsərlərdən sonra bu mövzuda bir kitab da ortaya qoydunuz...

 

- Hörmətli professorumuz Nizaməddin Şəmsizadə deyir ki, o, mənim romanımdır. İnanın ki, o əsərə görə o qədər gözəl sözlər eşitdim ki... Təşəkkür edənlər oldu, dedilər ki, o əsərdəki böyük sevgi bütün çətinliklərə qalib gəlir, onu ancaq alqışlamaq olar. "Bəyaz buludlar üstdə" çap olunandan bəri tənqid eşitmədim.

 

- Yazıçı cəsarətli olmalıdır?

 

- Mütləq! Yoxsa, ondan nə yazıçı?! Oxucu zövqü, duyğusu bunu tələb edir. Yazıçı, gərək yaşantıları olduğu kimi qələmə ala. O, yazdıqlarını özü birinci yaşamalıdır. Yenə deyirəm, Hüqo "Səfillər" romanını yazanda Qavroş obrazını yaratmaq üçün aylarla hansı əziyyəti çəkmədi ki?! Oxucunu heyrətləndirmək, təəccübləndirmək, sevindirmək, bir növ, "ağlayıb-güldürmək" üçün mütləq müraciət etdiyin mövzunu yaxşı bilməlisən və onu ürəkdən yaşamalısan.

 

- Mazaxizmin əsasını qoyan bir yazıçı var - Leopold fon Zaxer-Mazox. Ona, hətta Ukraynada heykəl də qoyublar. Freydin yazdıqlarının əsasında onun da düşüncələri durur. Aydındır, bəşəri duyğular var - mərdlik, namərdlik, haqq-nahaq... Bir də var, bu kimi hallar, bu kimi mövzular. Bu halda yazıçının oxucuya deyəcəyi nə ola bilər?

 

- Bir yazıçı olaraq o, həqiqətən, ədəbiyyatda yeni bir cərəyanın əsasını qoyub. Bizə söyləyir ki, insanı tanıdıqca tanımaq istəyirsən, onun özü kimi fantaziyası da sərhədsizdir. Yəni İnsan hər şeyə qadirdir, hər şey edə bilər. Elə mazaxizmin kökündə də dayanan budur. Bu, təkcə ədəbiyyata deyil, həm də tibbə, psixologiyaya bağlı bir məsələdir. İndinin özündə də bütün bunlar bəzi insan münasibətlərində müşahidə olunmaqdadır. Zaxer-Mazoxa uşaq vaxtı gördüklərini, yaşadıqlarını ədəbiyyata gətirməyə çalışıb... Uşaqkən aldığı bir zədə, bir travma görün, nələrə səbəb oldu?! Kaş ki dünyada belə şərtlər daxilində doğulan uşaqlar olmasaydı... Doğrusu, mən o cür yazmaq istəməzdim. Hər sahədə olduğu kimi, burda da müəyyən sədlərin, sərhədlərin olmasının tərəfdarıyam.

 
 
- Siz o sərhədi necə görürsünüz? Hərdən onu keçmək olarmı?

 

- Mənim pərəstiş etdiyim Çingiz Aytmatovun "Cəmilə" əsərində gözəl bir səhnə var. Cəmilə ot tayasının yanında Daniyarı gözləyir... Ordakı sevgi münasibətləri sanki təbiətin səsiylə, göy gurultusu, yarpaqların pıçıltısı, gecənin sükutuyla bir harmoniya təşkil edir. Yazıçı orda coşub-daşan hissləri elə ustalıqla təsvir edir ki, onun qələminə heyran qalırsan. Yazıçı belə olar, onun "adladığı" sərhəd də belə.

 
 - Sizcə, yazıçının rəngi olmalıdırmı? Hansı rəng keçir əsasən əsərlərinizdən?

 

- Mən bənövşəyi rənğdən zövq alıram... Yadımdadır, Özbəkistanın ölkəmizdə bir səfiri vardı. Bir məclisdə xanımının xəstəliyindən və bu yolda çabalarından söhbət açdı: "Onun bu xəstə halında ürəyini açan bahalı hədiyyələrim deyil, yalnız bir dəstə bənövşə oldu", - dedi. Bənövşəni sevirəm. Hətta onu ədəbiyyata da gətirmişəm.

 

- Bayaq Çingiz Aytmatovu xatırladınız...

 

- O böyük sənətkarla məni həqiqi dostluq telləri bağlayırdı. Dəfələrlə görüşmüşdük. O, haqq dünyasına qovuşandan sonra ailəsilə münasibətlərim davam etməkdədir. Bir neçə ay əvvəl bir qrup qırğız yazıçısı ilə birlikdə Çingiz Aytmatovun gəlini də qonağım oldu. Çox gözəl təəssüratla Bakıdan ayrıldılar. Yeri gəlmişkən, böyük yazıçının nəvəsi Çinarə Aytmatova hazırda Bakıda ADA Universitetində təhsil alır. Tez-tez evimdə olur və hər gəlişiylə hamımızı sevindirir. 

 
 
- Əsərləriniz bir çox dillərə tərcümə olunub. Eşitdik ki, bu il qırğız dilinə də çevrilməkdədir...

 

- Ümumən keçən il mənimçün məhsuldar oldu. Türkiyədə kitablarımın təqdimatı keçirildi. "Böyük şəxsiyyətlər" seriyasından "Heydər Əliyev" kitabım ispan dilinə çevrildi. Bununla bu kitabım 49 dilə tərcümə edilmiş oldu. Həmin kitabın tezliklə qırğız dilində dərc olunacağına da əminəm. 

 
 
- Yaradıcılıq prosesiniz necədir? Nə vaxt yazırsınız? Necə yazırsız?

 

- Mən səhərlər yazmağı daha çox xoşlayıram. Çünki həmin vaxtlar beynim daha təmiz və diqqətim daha yüksək olur. Yazı masama sanki həmin gecə təzəcə doğulmuş bir uşaq təmizliyilə otururam, gecəmə uğur diləyib başlayan səhərimə, günümə şükür eləyirəm. 7-ci sinifdən yazmağa başlamışam və deyim ki, bu günə kimi belə yazıram, belə də çap olunuram. Və bütün yazdıqlarımın içində uşaqlığımdan gələn həmin o şükranlıq hissləri var. Yəni mən bu günümə şükür eləyib sabahıma boylanan adamam. Həm də o sabahı görən adamam. Bir sözlə, yaxşını dilə gətirməyi, söyləməyi sevən, dövlətimlə qürur duyan bir adamam...

 

Söhbətləşdi: 
Kəmalə MİRZƏYEVA

Digər xəbərlər