usd-1.7000 eur-1.9697 rub-2.0800
Bakı 27°C 6.6 m/s
Son xəbərlər
28-07-2025
23-07-2025
22-07-2025
21-07-2025
17-07-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“EŞQİN RƏNGLƏRİ” romanından hissə...

details

ƏDƏBİYYAT

21.07.2025, 14:03 Oxunub: 5867

Hüseynbala Mirələmovun “EŞQİN RƏNGLƏRİ” romanından hissə...

NEMƏT


   …İşə çatan kimi pəncərənin jalüzlərini açdım. Günəş şüaları acgözlüklə otağa dolub kabinetimdəki masaüstü saatın şüşəsində əks olundu. Daxilimdəki narahatlıq son günlər Gülçinlə keçən hər seansdan sonra məni tərk etməyən qəribə, əndişəli duyğuların içində yenidən boy göstərirdi. Onun gözlərindəki fəryadı, baxışlarının içində gizlənmiş sonsuz ağrını yenidən xatırladım. Hətta günəşin parlaq, isidən şüaları da bu əndişəni azalda bilmədi.  Bəzən elə gəlirdi ki, mən onu sağaltmaq üçün yox, sadəcə dinləmək üçün buradayam. Sanki bəzən əlimdən heç bir şey gəlmədən sadəcə dostu kimi oturub onu dinləyirəm. Elə bil artıq seansların tək hədəfi peşəkar diaqnostika yox, bir insanın fəryadına şahidlik idi. Mən özümü həkim yox, köhnə bir hekayəni unuda bilməyən bir şahid kimi hiss edirdim. Gülçin danışdıqca mən susurdum, amma bu susqunluqda beynimdə min söz dolaşırdı. 
Universitetdə oxuyanda bir müəllimim belə hallarla bağlı deyirdi ki, psixiatriyada sevgi obsesiyası və ya obsessiv romantik bağlılıq çox zaman çətin sağalan hallardan biri kimi qiymətləndirilir. Bu, adətən obsessiv-kompulsiv pozuntu , şəxsiyyət pozuntuları (xüsusilə sərhəd şəxsiyyət pozuntusu) və ya ifrat dərəcədə idealizasiya ilə müşahidə olunur. Yəni qısacası, sevgi obsesiyası insanın düşüncə sahəsini zəbt edən, iradəsini iflic edən və emosional müstəqilliyini tamamilə zəiflədən bir psixi haldır. Ən ağrılı tərəfi isə budur ki, xəstə bu duyğunu sevgi kimi qəbul edir, halbuki bu, bir növ psixi əsarətdir.
Onu bu “əsarət”dən qurtarmaq üçün neçə vaxtdır dəridən-qabıqdan çıxırdım. 
Bu gün o, seansa gəlməmişdən əvvəl qəti qərar verdim,  Gülçin mütləq xəstəxanada yatmalı idi. Ruhi vəziyyəti get-gedə daha da pisləşmişdi, psixoterapiya ilə yanaşı antipsixotik dərmanlarla, güclü antidepressantlarla da müalicə olunması lazım idi. Artıq dostum Turqayla danışmağın vaxtı gəlib çatmışdı. 
Turqay mənim tələbəlik dostum idi. Hal-hazırda şəhər kənarındakı xüsusi psixoloji klinikanın baş həkimi kimi çalışırdı. Ora adi xəstəxanadan çox fərqli idi – sakitliyi, təbiətin qoynunda yerləşməsi, xəstələrə fərdi yanaşması ilə daha çox müalicəvi kurorta bənzəyirdi. Həm də ora ictimai diqqətdən uzaqda idi, Gülçin kimi tanınmış bir sənətkar üçün bu, çox vacib idi. Orada həm istirahət edər, həm də müalicə olunardı, nə cəmiyyətin boş baxışları, nə də medianın yazdığı söz-söhbət, dedi-qodu  ona toxuna bilməzdi. Xərci çox olsa da, bunların hamısını Gülçin üçün edəcəkdim, onun sağalması mənim həyat  məqsədimə çevrilmişdi.
Telefondan Turqayın nömrəsini tapıb yığdım. Ürəyimdə gizli bir təşviş vardı – bəlkə də bu zənglə, həyatımda ilk dəfə hisslərimlə peşəni bir araya gətirməyə cəhd edirdim.
– Turqay? Salam, əzizim, mənəm, Nemət.
– Əleykümsalam, Nemət. Səsini eşidək, ay etibarsız, necəsən, haralardasan?  
– Yaxşıyam, var ol, Turqay. Elə səndəki kimi iş-güc başımızı elə qatır ki, bir də baxırıq ömür-gün gedib. Bir pasiyentim var... Xüsusi müalicəyə ehtiyacı olan biridir. Sənə inanıram, bilirəm ki, sənin klinikan onun üçün ən doğru yerdir. Mümkünsə, klinikanda ona otaq ayırtdır, elə günü sabah üçün…  Xüsusi şərait, sakit mühit lazımdır. O, sıradan pasiyent deyil,  həm də çox incə ruhlu, kövrək bir qadındır. Orada müalicəyə çox ciddi ehtiyac duyur. Özüm də hər gün əlaqə saxlayıb onun müalicəsi ilə şəxsən məşğul olacağam.
Turqay səsimin titrəyişini hiss etmişdi. Susdu. Sonra yavaş səslə dedi:
– Nemət, səni çoxdan tanıyıram. Əgər sən bu tonda danışırsansa, demək, bu, ciddi və şəxsi məsələdir. Qəbul edəcəyik. Elə günü sabahdan hər şəraitdə otaq hazırlanacaq. Adı nədir?
– Gülçin.
– Yaxşı. Sənə görə özüm xüsusi tapşırıq verəcəyəəm, ən yüksək səviyyədə qəbul eləsinlər. 
-    Çox sağ ol, dostum, mənə nə qədər böyük yaxşılıq elədiyini təsəvvür edə bilməzsən, bunu ömrüm boyu unutmayacağam. Yəqin ki, onu klinikaya sabahda- birigündə özüm gətirəcəyəm..
Dəstəyi yerinə qoyanda əllərim titrəyirdi. Sanki bu qərarla ağır bir yükü çiyinlərimdən atmışdım. Gülçin üçün nə isə edə biləcəyimə, onu bu zəhərli eşq mərəzindən qurtara biləcəyimə  dair içimdə iynənin ucu boyda da olsa, ümid yaranmışdı.
Elə bu dəmdə qapı döyüldü,  Gülçin keçən dəfə olduğu kimi sarsılmış, çiyinləri düşmüş halda otağa daxil oldu. Salamlaşıb oturdu və susdu. Sükutu özüm pozdum:
-    Gülçin, dostu Turqayın klinikasında sənin üçün xüsusi bir müalicə proqramı hazırlatmışam. Şəhərkənarında - sakit, rahat bir yerdir, təbiətin qoynunda, gözdən-könüldən uzaq... İstəyirəm ki, bir müddət orada qalıb müalicə olasan, səni tək qoymayacağam, lap istəsən hər gün də ora gələrəm, təki sən yaxşı olasan… 
O, yaşla dolu gözlərini qaldırıb durğun baxışlarla uzun-uzadı üzümə baxdı. 
– Bilirəm... – dedi, – Bilirəm ki, mənə yaxşılıq etmək istəyirsən. Amma mən özümə pislik edəndən sonra başqasının mənə etdiyi yaxşılığın nə faydası, Nemət?  İnsanın özünün özünə etdiyini el  yığılsa, edə bilməz. Mən özümü sevgiyə qapdırıb cəmiyyətin reallıqlarınıı unutdum. Bu gün axşam “Sevgi dünyası” şadlıq sarayında Yalçının toyudur. Təsəvvür edirsən? İnsanlar sevmədiyi adamlarla “Sevgi dünyası”nda  evlənib özlərinin “xoşbəxt” həyatlarına başlayırlar? Bu gün oraya, onun toyuna gedəcəyəm… O toydan sonra mütləq dediyin klinikaya gedib müalicə olunacağam. Sənə söz verirəm..
Onun sözləri ürəyimdə qopan tufana çevrildi. Sakit qalmağa çalışaraq boğuq səslə dedim: “Yox, o toya getmə, Gülçin...  Özün özünə əzab vermə…” O, yenidən susdu, handan-hana dilləndi: 
-    Onun toyunda olmasam, qəlbim həmişə elə biləcək ki, Yalçın mənimdir. Ancaq toyuna getsəm, yanında arvadını gəlin paltarında görüb beynim də, ürəyim də onun artıq mənim həyatımdan getdiyi həqiqəti ilə barışacaq, Nemət. Lütfən, məni fikrimdən daşındırmağa çalışma… Onun toyuna gedib hər şeyi öz gözlərimlə görməliyəm…
-    Əgər bu qərarı vermisənsə, mənə yalnız bu qərara hörmət etmək qalır, Gülçin. Amma özünü bu qədər üzmə, özünə şəfqətlə, mərhəmətlə yanaş, özünü sev… Sən bu əzablara layiq deyilsən…   
O, dodağının küncündə acı bir təbəssümlə: 
– Daha özümə yazığım gəlmir, Nemət. Yaşadığım bu ölümcül ağrını sonadək dadmaq istəyirəm. Bəlkə də qurtuluşumun yolu bundan keçir. 
Baxışlarımız kəsişdi. O baxışlarda hər şey vardı – keçmişin sükutu, gələcəyin qorxusu, bu anın əzabı. Sonra sağollaşıb üzümdən öpüb çıxıb getdi… 
…Mən şəhərdə bir az köhnə dostlarla kafedə çay içib söhbətləşəndən sonra evə getdim. Binamızın qarşısına çatanda artıq xeyli gec olmuşdu. Gecəyarısına az qalırdı…  Gülçin fikrimdən çıxmırdı, onun Yalçının toyunda indi hansı halda olduğunu təsəvvür edirdim,  bəlkə kənardan çox güclü görünməyə çalışdığı, amma içində paramparça olduğu o anları xəyal edirdim. Elə bu xəyallar içində baş qatarkən telefonumun zəngini eşitdim. Gülçin idi…
– Alo, Gülçin, haradasan? 
– Ne...Nemət,  mən... məni eşidirsən?
– Gülçin, haradasan, əzizim ? 
Səsi titrəyirdi. Aydınca hiss olunurdu ki, əməlli-başlı sərxoşdur. Sözləri, cümlələri bir-birinə dolaşırdı. Birdən qəhqəhə çəkib dedi: 
-    Nemət, maşın… Bilmirəm maşınımı harada saxlamışam… Gəl, məni bu “Sevgi dünyası”ndan  götür apar. Mənim əziz həkimim… Boğuluram burda. Tez gəl, apar məni buradan, yalvarıram… 
Telefonda gah gülür, gah ağlayırdı, səsi son dərəcə kədərli idi. Avtomobilimin açarını əlüstü çantamdan götürüb özümü çölə atdım…

 

BÖYÜKKİŞİ
İlkanə həyatımda yeganə qadındır ki, gözlərində həyatın özünü görürəm. Sakit, şəfqətli, su kimi duru baxışları var. O baxışlar məni danlamır, sorğu-suala çəkmir. Sadəcə dinləyir və anlayır. İndi hiss edirəm ki, adam kimi, kişi kimi yaşamağa başlamışam. İlkanə çoxdandır məni anası ilə tanış etmək istəyirdi. Artıq boşandığıma görə rahat bir şəkildə gələcək qayınanamın qarşısına çıxa bilərdim. Danışıb razılaşdıq ki, naharda İlkanəgilə gedək, axşama isə Yalçının toyuna özümü çatdıracaqdım.  
Günorta işdən birgə çıxdıq, yolüstü bahalı şokolad qutusu və bir böyük pion dəstəsi aldım. İlkanənin dediyinə görə, anasının ən sevdiyi çiçəklər idi.  Bir az həyəcanlı idim, elə bil ilk dəfə idi başıma gəlirdi.  Qapını üzümüzə anası Zərinə özü açdı, müdrik simalı, nurlu, sakit qadın idi. İndi bildim ki, İlkanə kimə bənzəyib.   Məni hörmətlə süzüb gülümsədi:
– Xoş gəlmisən, Böyük, oğlum…  Buyur içəri.
Belə deməsi ürəyimi riqqətə gətirdi.. Həm adımı qısaldıb şirin tərzdə dedi, həm də elə bil ki, “Böyük oğlum” deyə xitab edirdi. 
İçəri keçəndə süfrə artıq açılmışdı. Stolun üstündə rəngbərəng turşular, qoxusu hər yeri bürüyən təndir çörəyi, yarpaq dolması, kabab vardı... Anası mənə hədsiz doğmalıqla davranırdı, az qala masanın üstündəki hər şeydən nimçəmə yığırdı. 
Zərinə xanımın ağıllı, ölçülü-biçili, təmkinli danışığı çox xoşuma gəldi.  Çoxlu suallar verirdi, amma suallarında nə bir riyakarlıq, nə də mühakimə vardı. O, həyatın çətin yollarından keçmiş, amma içindəki işığı qorumuş qadın idi. Dedi:
– Oğul, sənə çox suallar veməyimdən narahat olma, qızımın xoşbəxtliyi üçün bəzi şeyləri bilməliyəm. Çünki İlkanə yaralı qızdır. Atadan yetim böyüyüb, sonra da birinci ailəsi sarıdan bəxti gətirməyib. Ona görə bundan sonra həyatını yenidən quracaqsa, yüz ölçüb bir biçməlidir. Adam sevdiyi bir qadının yarasını görməyə və o yaranı sağaltmağa hazır deyilsə, onun gülüşünə də şərik ola bilməz. Sən onun yaralarını şəfalandırıb onun ürəyini güldürə bilərsənsə, deməli, mən də özümü xoşbəxt hiss edərəm. 
Başımı razılıqla yellətdim. Bu gün o süfrə ətrafında özümü çox rahat, öz doğma ailəsində olduğu kimi hiss elədim. Artıq əmin idim ki, İlkanə ilə evlənmək barəsində doğru qərar vermişəm… Onun süfrə başında sevincdən parıldayan gözləri, fərəhli gülüşləri də bunu təsdiqləyirdi. Heç  oradan, o isti ailə mühitindən ayrılmaq istəmirdim. 
Amma axşam düşürdü, qaş qaralırdı və mən bir azdan Yalçının toyuna getməli idim… 
…Şadlıq sarayına girəndə  elə bil nağıllar aləminə daxil oldum. Kristal çilçıraqların parıltısı masaların üzərinə sərilmiş ipək süfrələri daha da gözəl göstərirdi, bahalı gül kompozisiyaları, zəngin menyu... Toyun hər detalından zənginlik, status hiss olunurdu. 
Yalçın da özündənrazı baxışlarla bəy kürsüsündə əyləşib, gah laqeydliklə, gah da özünəvurğun tərzdə başı ilə ətrafındakıları salamlayırdı. Gəlin Nilufər isə ağ libasında mələk kimi görünürdü. Gözlərində saf bir təbəssüm vardı. Əlləri həyəcanla titrəyirdi, amma o titrəkliyin içində xoşbəxtliyin ilk toxumları da gizlənmişdi. Gözəl qızdır, Yalçına söykənib otursa da, aralarındakı soyuqluq sezilirdi.  
Sarayın hər tərəfinə göz gəzdirdim, Gülçin gözə dəymirdi. Dərindən nəfəs aldım, “yaxşı ki, gəlməyib” –öz-özümə pıçıldadım…
Toy davam etdikcə zalda alqışlar, şənlik, musiqi bir-birinə qarışırdı. Hamı deyib-gülürdü - bəziləri yeyib-içir, bəziləri rəqs edir, bəziləri foto çəkdirirdi. İçimdəki səsi dayandıra bilmirdim:  “Eh, Gülçin, Gülçin... Sən bu adam üçün özünü oda atdın. Yarımçıq da olsa, pis-yaxşı  bir ailəmiz vardı. Özünü ailəndən soyutdun, ağlını itirəcək duruma düşdün. Amma bax, o, indi səni nə düşünür, nə də xatırlayır. Onun həyatında sən sadəcə bir səhifə idin, çevirdi və bitdin. İndi yeni bir kitaba başlayır və  yəqin ki, zamanla səndən tamamilə uzaqlaşacaq. Amma sən onu həyat kitabının üz qabığı etməyi düşünürdün. Dəyərdimi, Gülçin?!”
Qarşımdakı çaxırı içdim, İlkanəni xatırladım. Yaxşı ki, onunla rastlaşmışdım, mən də özümə belə təmtəraqlı olmasa da, yaxşı bir toy eləyəcəyəm, İlkanənin sevdiyi bəyaz gəlinlik paltarını ona alacağam. “Gəlinlə bəyi  rəqsə dəvət edirik!” – deyə aparıcının səsi səhnədən ucaldı. Zal alqışla doldu. Yalçın Nilufərin belindən möhkəmcə yapışıb vals oynayırdı. Elə bu vaxt gözüm istər-istəməz zalın qapısına zilləndi.   
Ağappaq, şıq və zərif geyimdə Gülçin içəri daxil oldu. Qara saçları burulub kürəyinə tökülmüşdü. Qürurlu addımlarla, məğrur baxışlarla keçib boş yerlərdən birində əyləşdi.  Ağ libasda o, gəlindən də gözəl görünürdü. Boğazım qurudu, Gülçinin gəlişindən çox narahat oldum… 

YALÇIN

Bəzən insan həyatının ən əhəmiyyətli günündə belə özünü qonaq kimi hiss edir. Bu gün mənim toyumdur. Bütün diqqətlər, baxışlar üstümdədir. Qulağımda musiqi səsləri, təbriklər, əl sıxmalar, öpüşlər, təbəssümlər... Amma içimdə elə bil ağır döyüş gedir.
Arabir bizi rəqsə dəvət etdikcə Nilufərin əllərini tuturam. Barmaqları titrəyir. Gözləri işıldayır, amma o parıltının altında bir qorxu da sezirəm. Baxışlarında bilmədiyi bir taleyə addım atmağın qorxusu hiss olunur. Onunla söhbətdə sözlərimə səmimiyyət qatmağa çalışsam da, özüm özümə süni təsir bağışlayıram. Onu sevmirəm, amma onunla etibarlı, sakit, cəmiyyətin gözləntilərinə uyğun bir həyat qurmaq istəyirəm.
Hamı toyuma şadlanmaq üçün yığışıb. Amma mən niyəsə şadlana, fərəhlənə bilmirəm. Başımı əyib öz içimdə gizlənməyə çalışıram. 
İnsan toy günündə keçmişini düşünməməlidir. Amma bu, mümkün olmur. Toyun ortasında belə  Gülçin ağlımdan çıxmır. Toyum başlayana qədər bir neçə dəfə zəng eləmişdim, lakin telefonu açmamışdı. Ürəyim narahat idi, həm darıxırdım, həm də düzü, özünə nəsə eləyə biləcəyindən də qorxurdum. Gülçin özünü mənim sevgim üçün oda atdı. Ailəsini dağıtdı. Səssizcə, inadla, mənə olan sevgisinə görə hər şeydən keçdi. Və mən indi başqası ilə əl-ələ tuturam, heç nə olmamış kimi evlənirəm. Vicdan əzabı ürəyimi əzirdi. 
Gözləri tez-tez gözümün qabağında canlanır. Xatırlayıram, necə saatlarla danışırdı, gözləri yol çəkirdi, mən isə susub dinləyirdim. İndi – bu sarayda, bu zənginliyin, bu zahiri xoşbəxtliyin içində onu düşünürəm.
Nilufər gözəl qadındır, saçları dağ çiçəkləri kimi təmiz, ürəyi safdır. O, bu kirli dünyada məsumluq simvolu kimi görünür. Bizi rəqsə dəvət edirlər, onun əlindən tutub rəqs meydançasına çıxıram…
Alqışlar zalı silkələyir. Nilufərin əli əlimdədir, belindən nəvazişlə yapışmışam. Doğrusu, onun mənə belə sığınması ürəyimi yumşaldır, axı Nilufərin yaşananlarda nə günahı var?  Addımlarımız eyni ritmə köklənir... Amma bu musiqi sanki mənə çatmır, başqa bir musiqini eşidirəm – Gülçinin səsi, isti və həyəcandan titrəyən nəfəsi qulaqlarımda səslənir… 
Elə bu vaxt elə bil bir anlıq zaman mənim üçün dayandı. Zalın qapısında görünən ağ geyimli qadına baxışlarım zilləndi… Baxışlarım bir anda ora yönəlir. Tərpənmirəm. Sanki zaman dayanır. O qadın – uzun qara saçları kürəyinə tökülmüş, ağ geyimdə, incə topuqlu dikdabanları ilə mərmər döşəmə üzərində məğrurluqla, iddialı şəkildə addımlayan qadın - Gülçindir! 
Baxışımla onu izləyirəm, keçib əyləşdi. Gələcəyini qətiyyən gözləmirdim. Bilmədim ki, gəlişinə sevinim yoxsa kədərlənim?!. Onu belə ehtişamlı və gözəl  görəcəyimi düşünmürdüm. Mən onu toyum olduğuna görə indi emalatxanada oturub ağlayan, məhv olmuş, sarsılmış təsəvvür edirdim.  
Elə bil zal dolusu insan yoxa çıxmışdı, gözümün qarşısında sadəcə Gülçin qalmışdı. 
Saxta gülümsəməylə Nilufərin üzünə baxıram, amma bir gözüm də Gülçində qalıb. Hələ səhərdən düşünürdüm ki, toy gecəsini yola verib elə  səhər açılan kimi Gülçinin yanına emalatxanaya gedəcəyəm. 
Gözüm Gülçinin gözlərinə dikilmişdi. Ümidsizlikdən və kədərdən doğan bir cəsarət vardı.  Sonra o, içməyə başladı. Əvvəl bir qədəh. Sonra daha bir qədəh… Dodaqlarını içkiyə toxundurduqca, sanki acıları yumşalırdı. Yanındakılarla da danışıb gülməyə başlamışdı. Bir azdan neçə qədəh içdiyini saya bilmədim, gördüyüm o idi ki, dayanmadan şərab içirdi…
Musiqi yenidən dəyişdi. Bir azdan zalda rəqs edənlər arasında onu da gördüm. Ortada zərif qu quşu kimi süzürdü. Bu rəqsi bilirdim, emalatxanada da görmüşdüm. Bu, rəqs deyildi, bədən hərəkətləri ilə üsyan idi. Ortada fırtına kimi fırlanır, sanki əllərini   dua edirmişcəsinə yuxarı qaldırırdı. Vücudunun gözəlliyi ilə hər kəsə, eləcə də ağ geyimli Nilufərə meydan oxuyurdu. Bir azdan Böyükkişiyə mesaj yazdım: “Gülçinin vəziyyəti xoşuma gəmir, deyəsən, yaxşı deyil. Onu bir şəkildə çalış, zaldan çıxart.”
Böyükkişinin telefona baxdıqdan sonra qalxdığını gördüm. Ağır addımlarla Gülçinə yaxınlaşdı. Əyilib qulağına nələrsə pıçıldadı. Gülçin heç ona əhəmiyyət vermədən içməyə davam etdi. Böyükkişi məyus halda geri döndü. Görünür, Gülçin ona heç qulaq asmağı da düşünmürdü. Çox narahat idim, bütün fikrim Gülçində qalmışdı. Arabir Nilufər əyilib qulağıma nə isə pıçıldasa da, heç eşitmirdim. 
Sonra Gülçin telefonla kiməsə zəng edib danışdı. Baxışlarımla hər bir hərəkətini uzaqdan izləyirdim. Təxminən 20 dəqiqədən sonra zala tanımadığım hündürboy, yaraşıqlı, qara kostyumda, səliqəli saqqallı, iti baxışlı cavan bir kişi daxil oldu. Addımları cəsarətli, özünə güvənən biri olduğu bəlli olurdu. O birbaşa Gülçinə tərəf getdi. Sanki heç ətrafı görmürdü. Gülçin ayağa qalxıb onun qoluna  girdi.  O an içimdə qısqanclıq hissi vulkan kimi partladı. Gülçin bir azca səndələyərək o cavan adamın qolunda zaldan çıxdı. 
İçimdə cavabsız suallar dolaşırdı: “O kişi kim idi?” “Gülçin kiminlə haraya getdi?..” Maraqdan, daha doğrusu, qısqanclıqdan partlayırdım. Özümü saxlaya bilməyib Gülçinə zəng elədim. Cavab vermədi. Toyun necə yekunlaşdığını da bimədim, bir də baxdım ki, Nilufərlə lal-dinməz maşında evimizə gedirik. Qarşıda məni qaranlıq və ömür qədər uzun gecə gözləyirdi…

GÜLÇİN

...Səhər açılandan bəri telefonumun zəngi susmurdu.  Yalçın toy günü olmasına baxmayaraq dayanmadan mənə yığırdı. Özümə söz vermişdim, bu gün zəngini açası deyildim.
Açsam, bəlkə doğma səsini eşidərəm. Bəlkə titrək səslə  “Gülçin” deyər, bəlkə “yanına gəlim” deyər. Bəlkə də sadəcə hal-əhval tutmaq üçün zəng edir. 
Sonra nəhayət ki, sükut çökür. Dərin, ağrılı bir sakitlik emalatxanamı bürüyür. Əlimdə fırçam var, son günlərdə dayanmadan çəkirəm. Amma sanki rənglər anlamını itirib. Palitram da elə bil əlimdə can verib.
…Bu gün Yalçın evlənir. Səhər açılandan bəri Yalçınla bağlı hər şeyi- ilk tanışlığımızı, söhbətlərimizi, sevişmələrimizi detallarına qədər xatırlayıram. Sonra bir ara fikrim dağılsın deyə, Nemətin yanına seeansa getdim, onunla söhbət etmək, onun dəstəyini hiss etmək məni yüngülləşdirir. Seansdan qayıdandan sonra yenə emalatxanaya qapandım. Ancaq günəş yavaş-yavaş qüruba əyilməyə başlayanda dayana bilmədim, durub toya hazırlaşmağa başladım…Orda olmalı idim… 
Bu gün Yalçının başqasının “həyat yoldaşı” olmasını öz gözlərimlə  görməli idim. Onun adı, soyadı indi başqa bir qadının ürəyində, nişan üzüyündə, gələcək planlarında yer alacaq.
İçimdə elə bir kədər var ki, güzgü qarşısında bəzənə-bəzənə onu düşünürəm.  Sevmək bu qədər yandırıcı ola bilərmiş?
Bir qadın niyə sevdiyi kişinin toyuna getməlidir ki? Nemətin sözlərini xatırladım. Niyə özümə bu əzabı verirdim axı, Yalçının toyunda nə işim vardı? Ağlım qəlbimin qarşısında acizdir… Hətta ürəyimdən mümkün olmadığını bildiyim əlçatmaz arzular da keçir - Yalçın elə toydaca Nilufərin əlini buraxıb mənimlə birgə qapıdan çıxır və dünyanın hansısa ölkəsinə - heç kəsin bizi tanımadığı uzaq diyarlara gedirik… Nə qədər sadəlövh arzular idi… Emalatxanadan çıxmazdan əvvəl güzgünün qarşısında dayanıb özümə baxıram. Çox gözəl görünürəm. Bilərəkdən ağ don geyinmişəm, bu, mənim bir daha Yalçınla heç olmayacaq toyuma  geyindiyim rəmzi gəlinlik paltarıdır… 
Mən zala  daxil olanda Yalçınla Nilufər bir-birinə sarılıb rəqs edirdi. O qızın gözlərində bir məsumluq var. Heç nədən xəbəri yoxdur. Bir sevginin dərinliyindən, bir qadının dözülməz ağrısının sərhədsizliyindən xəbərsizdir. Xoşbəxt olmaq onun da haqqıdır. 
Toyda içirdim, rəqs edirdim. Qədəh  qədəh ardınca dolub boşalırdı. Bu gecə mənim həmdəmim şərab idi. Sevdiyim kişi bu gün evlənib başqa bir qadının ağuşuna girəcəkdi, onu sevib-oxşayacaqdı. Onun bədənini öpüşlərə qərq edəcəkdi… Sanki içdiyim hər qurtum onunla yaşaya bilmədiyim hər anın özümdən aldığım qisasıdır.  Arabir Yalçına baxıram, o da mənə baxır. Gözlərimiz bir anlıq görüşür. Zaman dayanır. Onun baxışlarından hər şeyi oxuyuram. Bu baxışlarda cəmiyyətin sözünü seçən, ata-ananın, başqalarının “arzusuna uyğun gələn” hər şey var, bircə özünün xoşbəxtliyindən başqa… 
Toyda şən mahnılar oxunur, insanlar sevinclə rəqs edir. Amma sanki o mahnıların heç birinin mənim əhvalıma dəxli yox idi, mənim ürəyimdə öz qəmli, həzin səsi ilə Güldən Karaböcek oxuyurdu:  
Biliyorum evlisin
Seni bekliyor yuvan
 Ayrılıp gitmelisin
 Daha geçmeden zaman
Aşkı bulduk zamansız
 Ne yapsak da faydasız
 Kavuşmamız imkansız
 Dayan, yüreğim, dayan…
Nilufərin üzündəki saf təbəssümə gözüm sataşır. O, məni heç tanımır. Bu hekayənin içində Nilufər özü də bilmədən səbəbkar kimi görünsə də, əslində heç günahı yoxdur. Ona nifrət edə bilmirəm. Çünki biz üçümüz də bundan sonra bu məhəbbət üçbucağının əzab çəkən fiqurları olacağıq. Heç kim günahkar deyil. Sevgi bəzən taleyin səhvi ola bilir. Cəmiyyət bizə xəritə çəkdi, bizə isə bu xəritəyə uyğun hərəkət etməkdən başqa yol qalmadı. Amma bu xəritə heç birimizə xoşbəxtlik vəd etmir. 
Yalçın daha mənim olmayacaq. Bundan sonra hər ürəyi istəyən vaxtda özünü yanıma, ağuşuma ata bilməyəcək. Hiss edirdim ki, beynim tamamilə dumanlanıb, hətta qışqırıb ağlamaq istəyirdim. İstəyirdim durub bütün zal dolusu səslə bağırım ki, evlənmə, Yalçın. Məni buraxma! Güclə özümü saxlayırdım. Titrəyən barmaqlarımla telefonda Nemətin nömrəsini axtarıram… Axır ki, birtəhər tapıb ona yığıram, burda dayana bilmədiyimi deyirəm. Telefonda gah gülüb gah ağlayaraq rabitəsiz nələrsə danışıram, heç biri də yadımda qalmır…
Nemət bir az sonra güvən dolu baxışlarla içəri girir. İçimdə yüngül bir titrəyiş var, amma onun qoluna girib addımlayıram. Ayaqlarımın bir-birinə  dolaşdığını hiss edirəm…
Zaldan çıxanda dizlərim büküldü, səndələdim… Nemət tez məni tutur, qucağına alıb pılləri sürətlə enir.  
– Qorxma, yanındayam, burdayam, yaxşı olacaqsan… - deyir pıçıldayaraq.
Başımı halsız bir şəkildə onun sinəsinə söykəyib hönkürtü ilə ağlamağa başladım. Onun ürək döyüntüsünü eşidirəm. Məni maşına oturdur, mən isə hələ də içimi çəkə-çəkə ağlayıram. Nemət maşını sürətlə harasa sürür, ondan heç nə soruşmuram, sakitcə oturub özümü taleyin əlinə təslim etmişəm. Bircə onu bilirəm ki, daha heç bir şey əvvəlki kimi olmayacaq…

MÜƏLLİF

İnsan həyatı bəzən zahirən sakit görünür, kənardan baxanlara elə gəlir ki, sanki hər şey öz qaydasındadır. Amma daxili dünyamızda gedən elə mübarizələr var ki, heç bir göz onları görə, heç bir yazı onları tam ifadə edə bilməz. Hər birimiz ömrümüz boyu içimizdə bir səhnə daşıyırıq. Orada oynanan rollar görünməzdir, amma onların təsiri ömürlükdür. Bu romanda zaman-zaman oxucularımla birbaşa ünsiyyət qurmaq ehtiyacımın səbəbi həyatın bizə verdiyi rolları vaxtaşırı xatırlatmaqdır. Bu romandakı dörd fərqli təbiət, dörd fərqli ağrı, amma bir ortaq tale var: Biz bəzən bizi xoşbəxt edən seçimlərin ardınca getmirik, cəmiyyətin və taleyin bizə verdiyi rolları məcburən oynayırıq. 
Nemət bir həkimdir, amma onu başqalarından fərqləndirən yalnız peşəsi deyil, onun müşahidə qüdrəti, insanlara olan həssaslığı daim gözə çarpır. Nemət peşəsinə görə, həyatın içində yorulmuş, ruhu əzilmiş, taleyin burulğanına düşmüş bir çox insanla qarşılaşıb, amma Gülçin onun üçün fərqli idi. Onun Gülçini müalicə etmək istəyi əslində onun öz içindəki bir boşluğu doldurmağa bənzəyir. Sanki Gülçin sağalsa, özü də rahat nəfəs alacaq. O, xilasedici olmaq istəyir,  amma xilas etmək istədiyi adam artıq “bataqlıqda” rahatlıq tapmış birisidir. Bu da  mənim nəzərimdə Nemətin də qarşıqlısız eşq qarşısında məğlubiyyəti kimi görünür. 
Böyükkişi əslində əvvəlcə  aciz, zəif kimi görünsə də, sonra  öz istədiyi kimi yaşamağa, cəmiyyətin diqtəsindən uzaqlaşaraq xoşbəxt olmağa səy göstərir. 
Yalçın obrazı isə qarışıqlığın ortasında hansı tərəfə yönələcəyini bilmir. Cəmiyyətin, ailənin, şəxsi qorxularının tələbi ilə hərəkət etsə də, xoşbəxtliyinin ünvanı tamam başqa yerdədir.  Yalçın həyatın mahiyyətini əlindən uçub gedən imkanlarını itirdikdən sonra anlayacaq…  
Bu hekayənin mərkəzindəki Gülçin isə sevgisi ilə məhv olmuş, amma o sevgini ürəyində ilahiləşdirmiş bir qadındır. O hamıya acıyır, hətta Nilufərə də, bircə özünə yazığı gəlmir.  O, Yalçına duyduğu sevgidə təkcə onu yox, özünü də itirib. Bu ağrıya o qədər öyrəşib ki, o ağrını buraxmağa da qorxur. Ağrı artıq  onun kimliyinə çevrilib.
Bu dörd nəfərin hekayəsi əslində hər birimizin içində baş verən mübarizələrin simvoludur. Hamımız nə vaxtsa müvəqqəti də olsa taleyin oyunlarına, həyatın rollarına, cəmiyyətin saxta hökmlərinə təslim olmuşuq. Amma insan olmaq odur ki, hər yıxılmadan, hər çöküşdən  sonra ayağa qalxıb yenidən başlamaq üçün özündə iradə, güc-qüvvət tapır…


( ardı var)
 

Digər xəbərlər