usd-1.7000 eur-1.8238 rub-0.0183
Bakı 17°C 2.88 m/s
Son xəbərlər
28-04-2024
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"ABŞ anladı ki, Azərbaycana izahat vermək vacibdir”

details

GÜNDƏM

04.04.2024, 13:35 Oxunub: 781

Xəbər verdiyimiz kimi, aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Məlumdur ki, Prezident Co Baydenin mövcud durumunda dövləti demək olar ki, Blinken idarə edir. Görüşdən əvvəl ABŞ kimi dövlətin əsas rəsmi şəxsinin Prezident İlham Əliyevə zəng edərək mövqelərini izah etməyə çalışması Azərbaycan liderinin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.
Qeyd edək ki, Bakı 5 aprel görüşünün keçirilməsinə qarşı çıxsa da, Qərb bu məsələdə öz gündəliyini irəli aparmaqda israrlıdır. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yaydığı bəyanatda Brüssel görüşü ilə bağlı narahatlığını ifadə edib: "Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir”.
Əslində Qərbin Ermənistanla hərbi əməkdaşlığının Aİ missiyasının gəlişi ilə başladığını demək mümkündür. Azərbaycan XİN-in bəyanatında da vurğulanıb ki, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu missiya antiazərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir.
Prezident İlham Əliyev Blinkenin diqqətinə çatdırıb ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı antiazərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən, Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Prezident bildirib ki, ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.
Dövlət başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.
Dövlət katibi Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, görüşün formatı, Bakının əldə etdiyi məlumatlar, proseslərin gedişi əlbəttə ki, bunun əksini deyir.
Bu görüş və mövcud ssenari Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur. 30 il ərzində regionda Rusiyanın forpostu olan Ermənistan, indi də Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir. Bütün bu proseslər isə İranın susqunluğu şəraitində baş verir. Hər zaman bölgəyə kənar güclərin gəlməsini, onların hansısa prosesdə iştirakını süngi ilə qarşılayan Tehran indi susur, sərhədlərində ABŞ və Avropa İttifaqının hərbi bazasının qurulduğunu sanki görmək istəmir.
Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar Üçüncü Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsi kimi görünür. Əvvəlki status-kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyunun qaydalarını Prezident İlham Əliyev pozdu. Regionda yeni reallıq və status-kvo yaratdı. Görünən odur ki, Qərb və Ermənistanın havadarları bununla barışmaq istəmir.
Qərbin ssenarisi dəyişməyib. Ukrayna ilə bağlı da eyni ssenari yazılıb, planlar masaya qoyulmuşdu. Nəticə isə Ukraynanın acınacaqlı durumudur. İndi Ukrayna  cəbhəsi kimi Cənubi Qafqazda ikinci cəbhə və yeni ayırıcı xətlər yaratmağa çalışan Qərb İrəvan vasitəsilə bunu edir. Ermənistan ikinci Ukraynaya, Suriyaya çevrilir. Bu faktdır ki, regionda hazırda ən zəif durumda olan məhz Ermənistandır. Müstəqil dövlət olduğunu unudan, Qərbin diktəsi ilə hərəkət edən Ermənistanı Qərbin yarı yolda qoyacağını təxmin etmək çətin deyil. Əgər Donald Tramp hakimiyyətə gəlsə, Cənubi Qafqazı ümumiyyətlə unudacaq. Makron isə öz siyasəti ilə tam bir fiaskoya uğrayıb.
O da məlumdur ki, Rusiya Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq. Həm də onun üçün vaxt getdikcə daralır. Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya, nəticədə Ukraynanı itirdi və indiki vəziyyətə düşməli oldu.
Nəhayət, baş verənlərə Gürcüstan da öz mövqeyini açıqlamalıdır. Gürcüstan hakimiyyəti qərbpərəst xətti yürüdür. Əslində isə Gürcüstan regionda Azərbaycanla eyni mövqedən çıxış etməlidir. Çünki hər iki ölkənin maraqları bunu tələb edir.
Bəllidir ki, bu gün ABŞ və Aİ-nin Ermənistanın təhlükəsizliyinə hansısa "təminatlar" verməsi, silahlandırması, maliyyə yardımı ayırması və s. onun danışıqlarda manipulyasiya etməsinə gətirib çıxaracaq. Ermənistan hələ ki, öz Konstitusiyası və digər hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Səkkiz kəndimizi geri qaytarmayıb, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində razılıq yoxdur, digər məsələlər də qalır. Aİ və ABŞ-nin hansısa "təhlükəsizlik təminatı" Ermənistanın daha destruktiv mövqe tutmasına və sülh prosesinə zərbə olacaq.
İstənilən halda, öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan heç bir halda Ermənistanın yenidən baş qaldırmasına, regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı “525”ə şərhində deyib ki, 5 apreldə Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan rəsmilərinin görüşü Azərbaycanda narahatlıq yaradıb: “Biz hesab edirik ki, bu, Ermənistanın revanşist qüvvələrinin əlinə işləyən bir görüşdür. ABŞ anlayır ki, Azərbaycan bölgədə ən əhəmiyyətli dövlətdir və ona görə də başa düşdü ki, Azərbaycana izahat vermək vacibdir”.

Bakının mövqeyindən sonra gündəlikdə hansısa dəyişikliklərin olacağına gəlincə, R.Musabəyov deyib ki, Ermənistan kimi cılız dövlətlə ABŞ, Avropa İttifaqının hansısa hərbi pakt imzalaması mümkün deyil: "Xüsusilə Aİ-nin belə bir öhdəlik götürmək səlahiyyəti yoxdur. Çünki bu, iqtisadi-siyasi bir qurumdur. Digər tərəfdən, ABŞ Rusiyanın müttəfiqi olan Ermənistanla hansı şəkildə pakt imzalaya bilər? Bu, real görünmür. Amma Ermənistanı Rusiyadan qoparmaq üçün - baxmayaraq ki, hələlik Rusiyanın müttəfiqidir, - ona maliyyə yardımları, o cümlədən, hərbi qüdrətini qaldırmaq üçün hərbi-texniki yardımlar və s. nəzərdə tutulub. Bütün bunlar da Azərbaycanda narahatlıq yaradır. İndi düşünürəm ki, telefon danışığının bir nəticəsi olaraq nəzərdə tutulmuş, erməni lobbiçiləri tərəfindən güdəmdə olan layihələr ya ümumiyyətlə gündəlikdən çıxacaq, ya da ümumi şəkildə vəd kimi qalacaq”.
Ermənistanın bu görüşdə alacağı dəstəkdən cəsarətlənərək, sülh prosesini uzada biləcəyinə toxunan deputat deyib ki, İrəvanın Avropa və ABŞ-nin dəstəyindən başı gicəllənə bilər: “Amma düşünmürəm ki, prosesi çox uzadacaq. Ona görə ki, ABŞ da, Avropa İttifaqı da Ermənistana izah edirlər ki, sən Rusiyadan xilas olmalısan. Bundan sonra isə bölgədə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaqdan başqa çıxış yolu yoxdur”.
Deputat deyib ki, artıq Rusiya 5 aprel görüşü ilə bağlı müəyyən mesajlar verib. İrana gəlincə, R.Musabəyovun fikrincə, ermənilər İrana vədlər veriblər ki, ona qarşı heç nə olmayacaq: “Buna görə də İran hələlik susur. Ancaq ortalığa doğrudan da bölgədə hansısa bir şəkildə Qərb ölkələrinin hərbi mövcudluğu göründüyü halda, düşünürəm ki, İran da öz reaksiyasını verəcək. Ancaq İran nə edir özü bilər, onun mövqeyi bizə vacib deyil”.
5 aprel görüşündən konkret hansı nəticələrin əldə ediləcəyinə gəlincə, R.Musabəyova görə, nəticə gözlənildiyindən daha aşağı düşəcək: “Daha çox orda vədlər şəklində hansısa sözlər deyiləcək. Real hansısa bir öhdəlik və bilavasitə qərarlar çox cüzi olacaq. Bölgədə Azərbaycansız heç kəs, lap ABŞ kimi nəhəng dövlət də nəsə edə bilməz. Bunu Birləşmiş Ştatlarda da yaxşı anlayırlar”.

525.az

Digər xəbərlər