ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Səhnəmizin təkrar olunmaz aktrisası...-Fuad Biləsuvarlı yazır

MƏDƏNİYYƏT
20.04.2025, 10:04 Oxunub: 466
Ötən əsrin əvvəllərində Bakıda tacir və aktyor kimi tanınan Kərbəlayı Cahangir yeganə qız övladı Nəsibəni də səhnədə görmək istəyirdi. Kərbəlayı Cahangir teatr, aktyorluq sənətini çox sevirdi. O, milli realist aktyorluq məktəbinin ilk yaradıcılarından idi. İnanırdı ki, onların başladığı bu yol uğurlu olacaq, yeni-yeni aktyorlar, aktrisalar yetişəcək. Kərbəlayi hələ 2 yaşı tamam olmamış qızı Nəsibəni də onların sırasında görmək istəyirdi. Bu bəlkə də onun ən böyük arzusu idi. Amma o günləri görmək bu səhnə fədaisinə nəsib olmadı.
Çünki Kərbəlayi Cahangir dünyasını dəyişəndə, Nəsibənin 2 yaşı yenicə tamam olmuşdu.
Deyirlər, göz yaşının necə dağladığını yetim yanağı bilər. Bu ağır itgini Nəsibə hələ başa düşmürdü, amma ağlı kəsəndən, atası haqqında ətrafdakılardan eşidəndən sonra necə bir sənətkarı itirdiyini yaxşı anladı. Və qərarı qəti oldu: atamın sənət yolunu yeganə övladı kimi, mən davam etdirməliyəm...
Deyəsən, arzular gerçəkləşməyə doğru gedirdi. Nəsibə təhsil aldığı orta məktəbdə keçirilən tədbirlərdə rəqqasə kimi fəal iştirak edirdi. Sonra klubların birində tanınmış Rza Təhmasibin rəhbərlik etdiyi dram dərnəyinə qoşuldu. Gələcəkdə ona şöhrət gətirəcək sənət yollarında ilk addımlarını atmağa başladı. Nəsibə ona tapşırılan ən kiçik rolları elə məharətlə canlandırırdı ki, baxanlar bu qızın daxilindəki böyük istedadı hiss edirdilər.
İstedad və səhnəyə sonsuz vurğunluq Nəsibə Zeynalovanı pillə-pillə irəli aparır, onu tamaşaçılara tanıtdırırdı.
Artıq Nəsibə orta təhsilini başa vurmuşdu, yenə də səhnədən ayrılmırdı.
Onu Musiqili Komediyanın truppasına qəbul edəndə 20 yaşı yenicə tamam olmuşdu.
Onun üçün açılmış bu geniş səhnə meydanı Nəsibənin ürəyincə idi. İşləyə-işləyə o vaxtlar fəaliyyət göstərən Bakı Teatr Məktəbində də sənətin sirlərinə yiyələndi.
Adını afişalarda görənlərin "Kərbəlayi Cahangirin qızıdır" adlandırdıqları Nəsibə Zeynalova tezliklə səhnəmizdə komik qadın rollarının ən mahir ifaçısına çevrildi.
Tamaşaçılar onu sevirdilər, hər çıxışını səbrsizliklə gözləyirdilər, alqışlayırdılar. Yaratdığı hər komik obrazla, lap kiçik rol olsa, belə əsl sənət göstərirdi.
Elə məhz, o illərdən başlayaraq, Nəsibə Zeynalova adı eşidilən kimi, dodaqlara gülüş qonur, şən əhval-ruhiyyə yaranır.
Nəsibə xanım yaratdığı hər obrazla adını teatr tariximizin qızıl səhifələrinə yazırdı. Səhnədə olduğu altımış ildən çox bir müddət ərzində Nəsibə Zeynalovanın yaratdığı obrazlar yüksək sənət əsəri, əsl peşəkarlıq nümunəsi idi.
Məşhur "Qaynana" tamaşasında Cənnət xala, "Altı qızın biri Pəri" tamaşasında Cəhri xala, "Hicran" tamaşasında Qızbacı...
Bu siyahını istənilən qədər uzatmaq olar.
Amma elə bu üç obrazla da Nəsibə xanım əbədi olaraq teatr tariximizdə qala bilərdi və qaldı da.
Sayı - hesabı olmayan sayda baxdığımız bu tamaşalarda Nəsibə xanımın ifaları sənətin ən uca zirvəsidir. Haçansa, lap uzun illərdən sonra belə, Cənnət xalanı da, Cəhri xalanı da, Qızbacını da bu səviyyədə oynaya biləcək aktrisanın olacağına adamın inanmağı gəlmir. Onun yaratdıqlarını heç kəs yarada bilməyəcək, heç kəs o uca zirvəni fəth edə bilməyəcək. Bu gün Nəsibə xalanın yaratdığı Cənnət xala obrazını hamı sevir: böyük də, uşaq da. Həmin rolun sözlərini hamı bilir, amma yenə həmin sözləri Nəsibə xanımın dilindən eşitmək istəyir. Bu, bir akrtisa kimi, Nəsibə xanımın böyük xoşbəxtliyidir.
Bəs Cəhri xala?! Sanki Cəhri xalanı hamımız tanıyırıq. O müəllifin əsərdə yaratdığı, Nəsibə xanımın ustalıqla canlandırdığı obraz deyil, elə hər birimizin qonşuluğunda yaşayan, "ara vuran" Cəhri xaladır...
Teatrımızın qızıl fondu sayılan "Hicran" tamaşasında Qızbacı obrazı Nəsibə xanımın ifasında elə böyük sənətkarlıqla canlandırılıb ki, onu təhlil etmək üçün bir insan ömrü bəlkə də, kifayət etməzdi. Nə az, nə çox düz yarım əsr əvvəl Nəsibə xanım Zeynalova "Hicran" tamaşasındakı Qızbacı roluna görə Dövlət mükafatına layiq görülmüşdü.
Bu sətirləri yazıb sosial şəbəkələrdə "Hicran"tamaşasından Nəsibə xanımın, Siyavuş Aslanın və Hacıbaba Bağırovun birlikdə olduqları epizodu tapıram.
Üç böyük aktyorun yaratdığı bu səhnə heç vaxt solmayacaq.
Nəsibə xanımın ifası, mimikası, səhnədə hərəkətləri, hələ o yaşda oynadığı tanqo rəqsi yəqin ki, təkrarsızdır.
Belə idi Nəsibə xanım, belə də əbədi olaraq yaddaşlarda qalacaq, sevilə-sevilə xatırlanacaq.
Nəsibə xanımın kino-filmlərdə yer aldığı rollar da yetərincədir. "Ögey ana" da Fatmanisə, "Böyük dayaq" da Telli, "Ulduz"da Züleyxa, "Qayınana" da Cənnət xala, "Yuxu" filmində Məsmə arvad...
Bu və adını çəkmədiyim digər filmlərdə Nəsibə xanımın canlandırdığı obrazlar barədə saatlarla danışmaq olar. Belə filmlərin sayı isə 40-dan çoxdur.
Həmkarları dəfələrlə etiraf edirlər ki, Nəsibə xanımla tərəfmüqabili olmaq, eyni səhnəni bölüşmək böyük xoşbəxtlik idi.
Çünki, ən çətin məqamda belə Nəsibə xanım ustalıqla vəziyyətdən çıxmağı, həmkarını da arxasınca aparmağı bacarırdı.
Nəsibə xanım özünü bütünlüklə bu sənətə
həsr etmişdi. Onun üçün sənətdən müqəddəs heç nə yox idi.
Estafet isə davam edir. Bu gün Nəsibə xanımın oğlu Cahangir Novruzov da adını daşıdığı babasının, anasının sənətini layiqincə davam etdirir.
Nəsibə xanımın 100 illiyinin qeyd olunması barədə ölkə başçısının sərəncamı əvəzsiz aktrisaya olan diqqət və ehtiramın bariz nümunəsidir. Bu yubiley tədbiri bir möhtəşəmlik nümunəsi idi.
Oynadığı rollarda söylədikləri sözlər el arasında zərb - məsəllərə çevrilib, tez-tez xatırlanır.
Nəsibə xanım bir yaz günü doğulmuşdu, bir yaz günündə də haqqa qovuşdu.
Məzarı Fəxri Xiyabanda, unudulmaz şirin xatirəsi isə milyon-milyon insanların ürəyindədir.
Həmişə sevilən, ehtiramla xatırlanan sevimli, təkrar olunmaz aktrisamız, ruhun şad olsun!...
Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Digər xəbərlər
