usd-1.7000 eur-1.9400 rub-2.1438
Bakı 21°C 3.84 m/s
Son xəbərlər
05-06-2025
04-06-2025
03-06-2025
02-06-2025
23-05-2025
22-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Yenə o bağ olaydı..." - pyes

details

ƏDƏBİYYAT

05.06.2025, 14:42 Oxunub: 1045

5 iyun Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin (1908-1937) doğum günüdür.

1001info.az Kəmalə Mirzəyevanın "Yenə o bağ olaydı..."pyesini təqdim edir. 

 

Yenə o bağ olaydı...

 

      6 HISSƏLI PYES

 

İştirakçılar:

 

Mikayıl Müşfiq

Dilbər – həyat yoldaşı

Tsilman – Müstəntiq

Əbdülsəmədov – həbsxana işçisi

Əli Əlistan – müstəntiq köməkçisi

Nəzarətçi

Müşfiqin ata-anası və oğlu – epizodik

 

1-ci HİSSƏ

 

Pərdə açılır. Səhnə sanki bir həbsxananı xatırladır. İşıq qaranlıqda bir nəfəri əks etdirir. Bu, Mikayıl Müşfiqdir.

 

Müşfiq düşünür.

 

Müşfiq: - Bu da son. Artıq vaxtım var. Oturub ömrümün ən xırda, lakin ağrılı-acılı hər gününü, saatını yadıma sala bilərəm. Zatən yadımdan çıxmamışdı da. Amma sakit, rahat bir vaxt tapa bilmirdim. Sağ olsunlar, tapdılar onu mənimçün. Qəribə bir sakitlik var burda. Dostlar. Alqışlar. Sevgilər... Hamısı yox oldu. Səhra qaldı...

 

Zamanın qazdığı dolanbac yollar

yox oldu, səhra qaldı.

Səhər görüşləri, bir də öpüşlər

yox oldu, səhra qaldı...

 

Yox, bunu mən yazmamışam... Bu, Qabriel Qarsia Lorkadır. Uzaq İspaniyada bir il əvvəl - 1936-cı ildə güllələnən, məzarı da məlum olmayan böyük şair. Özündən sonra həyatda və ədəbiyyatda, həqiqətən, böyük bir boşluq - səhra qaldı...

 

- Getdi, yoxa çıxdı,

yox oldu, itdi-

səhra qaldı.

 

Müşfiqin bu düşüncələri ilə birgə səhnə hərəkət edir. Müşfiq səhnənin başqa bir hissəsində görünür. Müstəntiqlə söhbət.

 

Müstəntiq: - Müttəhim Müşfiq İsmayılzadə, özünüz, ailəniz haqda danışın. Amma olduğu kimi, heç nəyi gizlətmədən.

Müşfiq: - 1908-ci ildə ziyalı ailəsində doğuldum. 4 yaşında atamı, 6 yaşında anamı itirdim.

Müstəntiq: - Ailədə neçə nəfərsiz?

Müşfiq: - 2 bacı, 2 qardaş.

Müstəntiq (bir vərəqi oxuyur): - Yazırsız: "Hələ atamın sağlığında güzaranımız ağır keçdiyi halda lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daş kəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim".

 

Müstəntiq otaqda gəzir.

 

Müstəntiq (əsəbi): - Bəs bu ehtiyaclar içində doğulub böyüdüyün halda fəhlə-kəndli hökumətini buraxıb millətçi təşkilatlara qoşulmağınızı necə izah edə bilərsiz?

Müşfiq: - Mən heç bir açıq və ya gizli təşkilatın üzvü olmamışam.

Müstəntiq (gülür): - Faktlar başqa şey deyir. Sizi yaxşı tanıyıb bilənlər də... 26 nəfər qələm "dost"unuz yazıb əleyhinizə. Daşdan keçən dəlil-sübutlar var əlimizdə.

Müşfiq (təəccüblə): - Hansı dəlil-sübut? Hansı dostlarımdır onlar?

Müstəntiq (kinayə ilə): - Öz sıralarınıza qatmaq istəmisiniz onları. Onlar da, gec də olsa, öz səhvlərini etiraf edirlər...

 

2- ci HİSSƏ

 

Müşfiq tək kamerada. Düşünür. Toy. Nişan. Stalin.

 

Müşfiq (düşünür): - 1932-ci il yaxşı gəldi bizimçün. Həyatıma yeni bir rəng qatdı Dilbər. Nişanlandıq. Bir il sonra toyumuz oldu. Bakı Soveti bizə mənzil də bağışladı. Nə gözəl çağlar idi. Kaş ki o gün yenidən olaydı. Kimlər yoxuydu yanımızda: Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Əliağa Vahid, Bülbül, Mir Cəlal, Abdulla Şaiq… Dedi axı o gün Şaiq Əfəndi. Xəbərdarlıq elədi sevimli müəllimim. Məclis arası məni bir yana çəkəndə bilməliydim bunu. Bu qarışıq zamanda dönə-dönə ehtiyatlı olmağı tapşırdı, sonra da Cavid əfəndinin sözlərini xatırlatdı:

 

Göz, qulaq - görmək, eşitmək aləti.

Daima aldatmış insaniyyəti.

 

Doğrudan da, bir az keçdi, başladılar, nə başladılar... Amma Şaiq əfəndi, bilib də nə edə bilərdim ki? Olan olmuş, yazılan yazılmışdı artıq. İndi özümü nə qədər sakit, rahat aparsam da, nəyə doğru getdiyimi bilirəm. Mahnı da oxuyuram arada. Burdakılar bir cür baxırlar mənə. "Oxu tar" şeirini yazanda da bu baxışları görmüşdüm, "Stalin" poemasını yazanda da.

 

Bəşərin sevgisi, bəxti yolunda

Yarışıb döyüşən günlərimizdən,

Nə qədər vurmuşsa qəlbi bir elin,

O qəlbin adına derlər Stalin...

 

Amma qorumadı, qorumaq istəmədi məni Stalin -ellər atası. Bəlkə yazdığım çatmadı ona. Ya da qoymadılar çata. İndi nə fərqi? Yazı həqiqi yazı əhlini nə vaxt qorudu ki, məni də qorusun?

 

Musiqi səslənir. "Oxu tar" Şövkət Ələkbərovanın ifasında. Müşfiq dayanıb o səsi dinləyir. Səhnənin digər tərəfindən başqa bir şəxs - Əbdülsəmədov görünür. O, əlindəki sənədi oxuyur.

Əbdülsəmədov: - 1937-ci il iyunun 5-də saat 19.30-da Yemelyanova göndərdiyim xüsusi arayışda yazırdım: "...1109 saylı məhbusun bütün kamera davranışlarına nəzarət etdim. Azərbaycan dilini yaxşı bildiyimdən kamerada bütün danışıqlarını təhlil etdim. O, evi üçün, ailəsi üçün, dəniz və Bakı üçün darıxır.... O, həm də mahnı oxuyur. Əlbəttə ki, darıxmamaq üçün. Heç bir ruhi sarsıntısı yox idi. O, özünü çox səliqəli, ciddi və qüsursuz aparır...".

 

Hər ikisi tədricən itir və Səslər eşidilir. Getdikcə artır, güclənir.

 

Səslər:

1-ci səs: - Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş ilə maraqlanır, ancaq bizim sovet quruluşu ilə maraqlanmır, bizim Sovet qəhrəmanları ilə maraqlanmır.

2-ci səs: - Əhməd Cavadın qanadı altında yaşayan gənc şair...

3-cü: - Müşfiq, "zahirən sovet, lakin bütün daxili quruluşu etibarı ilə qəddar kontrrevolyusion ruhu ilə dolu olan əsərlərin müəllifidir.

1-ci: - Bax bu Səməndər sizin fikrinizə haradan gəlib? Biz demirik sənin filankəsdir qohumun. Bəlkə ola bilər demişik ki, sənin qohumun müsavatın qohumudur. Sən bu gün Sovet ədəbiyyatını ifşa etməyə çalışmırsansa, bəs bu Səməndəri nə üçün yazmısan?

 

3-cü HİSSƏ

 

Müşfiq (düşünür): - Hansı şeirimə, hansı çıxışıma görədir bunlar. Dayanmadan yazırlar məndən: "...Tutun onu! Dövlətimizi parçaladı... Satqındır". Amma araşdıran yoxdu ki, nə baş verib? Dövlətin əleyhinə hansı addımı atmışam? Yəqin ləyaqətsizlik, şərəfsizlik, biganəlik tüğyan edəndə ağıl və məntiq ölür. Qan tökdükcə kimlərsə daha çox qan istəyir... Amma hamı kimi mən də yaşamaq-yaratmaq istəyirəm...

 

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

 

Azadlıqda bir dost-aşina qaldımı görən? Dedilər axı, tək deyiləm burda. Hardasa lap yaxınlığımdadır, bəlkə bu divarın arxasındadırlar onlar - fikir və dərd ortaqlarım: Cavid əfəndi, Əhməd Cavad, İdris Axundzadə... Eşidirsizmi məni, Cavid əfəndi? Nə desəniz eşidərəm. Biz həmişə bir yerdə olmuşuq, indi də birlikdəyik, Əhməd bəy. Həmişə belə dediniz, belə öyrətdiniz: Yazdıqlarımız tale işidirsə, o yazdıqlarımızın arxasında durmaq məqamıdır. Əmin olun: satmadıq, satılmadıq. Haqsızlığa qol qoyarsa əlimi kəsərəm.

 

4-cü HİSSƏ

 

Müşfiq tək kamerada. Xəyalən qapı açılır. Dilbər otağa daxil olur.

 

Nəzarətçi: - Görüşə gələn var.

 

Dilbər: - Aman Allah, bu nə haldır? Bu mənim Müşfiqimdir? Mən onu beləmi yola salmışdım? Gecə-gündüz yaz seli kimi daşıb çağlayan bu insanı necə dəyişiblər!

Müşfiq: - Gəl, Dilbərim, gəl. Artıq heç nəyə təəccüblənmə və kimsədən qorxma. Sən mənim yuxumu görmüşdün axı.

Dilbər: - Görmüşdüm, kaş görməzdim, Müşfiq. Mən bu gözlərlə baxa bilmirəm sənə.

Müşfiq: - Dilbərim, bu halında da gözəlsən. Nə yaxşı gəldin. Bu qaranlıq hücrəmdə sanki Günəş doğdu. Yadındamı yazmışdım:

Baxışın qəlbimi incitmişdir,

Bu baxışdan, bu duruşdan əl çək.

Bir də baxsan mənə, iş bitmişdir.

Bir də baxsan mənə, fikrim dönəcək.

 

Dilbər: - Müşfiq, yalnız oğlumuz Yalçını itirəndə səni bu halda gördüm. Nələr baş verir? Sən buna necə tab gətirəcəksən? Mən necə dözəcəm?

Müşfiq: - Dözəcəm, qorxma. Dözəcəyik, Dilbər. Oğlumun müsibətinə dözdüyümüz kimi. Yazılana pozu yoxdursa...

Dilbər: - Bu, nə yazıdır belə? Sən nə çətinliklə böyüdün. Atasız-anasız. Mən də sənin kimi. Ata-ana nəvazişinin nə olduğunu bilmədim. Səndə tapdığım qayğını, sevgini, xoşbəxtliyi Tanrı çoxmu gördü bizə? Dağıldımı yuvamız?

Müşfiq: - Yox, yox, heç vaxt dağılmağa qoymaram o evi, o yuvanı… Hər şey ötəcək. Bu qorxulu yuxuların sonu olacaq. Yenə o bağ olacaq...

 

Müşfiq Dilbərə yaxınlaşır.

 

Müşfiq: -Necəsiz? Niyə bu haldasan?

 

Dilbər susur.

 

Müşfiq: - Bacılarım necədir? Mirzədən nə xəbər?

-

- Yoxsa?..

Dilbər: - Səndən sonra Böyükxanımın dalınca gəldilər. "Əynimi dəyişib gəlim", - dedi. Otağa keçib nöyütü üstünə tökdü, od vurdu özünə. Balacaxanımı da, həyat yoldaşını da hər gün sorğu-suala tuturlar. Mirzədən də xəbərimiz yoxdur.

Müşfiq: - Bəs səni axtaran, narahat edən yoxdur?

Dilbər: - Hələ ki yox. Amma gəlsələr, mən də bacın kimi...

Müşfiq: - Yox, bircə bunu yox...

 

Kadr arxası: - Aradan bir az keçəcək, Müşfiqin ölümünə 4 gün qalanda Dilbər Axundzadə həbs olunacaq. Onun bundan xəbəri olmayacaq. Müşfiqin güllələnməsindən bir ay sonra təhlükəsizlik leytenantı Q.B.Avanesov tərəfindən ilk dindirilmə aparılacaq. Dilbər xanım iki aylıq əzab-əziyyətli işgəncələrə dözməyərək psixi gərginlik içində xəstəxanaya düşəcək. Yalnız 10 mart 1939-cu ildə həbsdən azad ediləcək.

 

Səhnə dəyişir. İstintaq

Müstəntiq: - Siz dövlət sirlərini İrana və Türkiyəyə satmaqda ittiham olunursuz. Bu barədə nə deyə bilərsiz?

Müşfiq: - Hansı dövlət sirrindən söhbət gedir bilmirəm. Mən şairəm və bu dövləti, xalqı vəsf edənlərdən biriyəm. Sovet Azərbaycanının 15 illiyinə həsr olunan müsabiqədə mənim əsərim ən yaxşı yerlərdən birinə layiq görülüb.

Müstəntiq: - Kimin köməyilə? Bəlkə Əhməd Cavadın, Hüseyn Cavidin, Bəkir Çobanzadənin və daha kimlərin hesabına? Elə bunları da araşdırmalıyıq.

Müşfiq: - Araşdırın.

Müstəntiq: - Sənə yaz dedilər müəllimindən - Cavid əfəndidən. Yazmadın. Bəlkə yazıb canını qurtara bilərdin.

Müşfiq: - Mən demişəm, indi də deyirəm: Sağ əlim Cavid əfəndinin əleyhinə bir yazı yazsa, sol əlimlə onu baltalaram.

Müstəntiq: - Lap yaxşı. İndi o balta bizim əlimizdədir. O baltanı görən kimi bilirsən qələm dostlarından neçəsi yazdı? Səndən də, müəllimindən də. Yazıb ağlayırdılar ki, bircə adımızı qeyd eləməyin. Gələcəkdən qorxurlar. Amma bilmirlər ki, gələcək də bizimdir.

 

Müşfiq susur.

 

Müstəntiq: - Hacı Kərim Sanılı axır ki, boynuna aldı. Yazdı ifadəsini. Yazdı və öldü. Heyif ki, onu üzləşdirə bilmədik sizinlə. Yazdığı kimi oxuyuram: "Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə həvəslə Müşfiq əks inqilabi fikirlərlə çıxış edərək deyirdi: Azərbaycan əhalisi başqa millətlərdən (ruslar, ermənilər) fərqli olaraq gözdən salınmışdır. Başqa millətlər - (ruslar, ermənilər) Azərbaycana öz mədəniyyətini inkişaf etdirməyə imkan vermədiyindən, nəticədə də xalq gözdən düşmüş sayılır".

 

 

5-ci HİSSƏ

 

Müşfiq tək kamerada. Haqqında yazanları xatırlayır. Onun əleyhinə olan çıxışçılar. Ayrı-ayrı səsləri eşidir.

 

Səslər;

 

1-ci səs: - ...M.Müşfiq uzun illər boyu sosializm quruluşumuza istər açıq, istərsə də gizli surətdə zidd olmuş və murdar işlərini davam etdirmişdir...

2-ci səs:- Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və başqalarının ikiüzlü siyasəti bizi daha da sayıq olmağa və bu kimi örtülü düşmənlərlə mübarizədə amansız olmağa vadar edir.   

3-cü səs:- Uzun müddət "Yenidən qurulmaq" pərdəsi altında gizlənən, bizi aldadan, yalan və hiyləgər vədlərlə ədəbiyyat cəbhəsində yaşayan kontrrevolyusener Cavid, Cavad və onların müsavatçı şagirdi Müşfiq və başqaları sosializm işinə böyük ziyan vurmuşlar…

 

Səhnədə Müşviq, Əbdülsəmədov və Tsilman

 

Əbdülsəmədov: - Şairin ilk istintaqı 1937-ci il iyun ayının 5-də baş tutdu. İstintaqı aparan 4-cü şöbənin IV bölməsinin əməliyyat müvəkkili serjant Q.B.Platonov olmuşdur. İstintaq protokolunda qeyd olunmuşdur: M.Müşfiqə işgəncələr verib onu adamlarla üzləşdirsələr də, şair heç kəsin üzünə durmadı...

 

Tsilman (müstəntiq): "- 1109 saylı məhbusla bağlı bütün hadisələr gözümün önündədir... Sorğunuza cavab verirəm. Etiraf edim ki, mən 1109 saylı məhbusa əl qaldırdım. Onu vurdum. Onun canı üzülmüşdü. Yeməkdən imtina etmişdi... Onun sinəsindən itələyəndə yıxıldı, ağzı üstə yerə dəydi. Dodaqlarından qan gəldi. Onu nə üçün vurdum, heç özüm də bilmədim. Amma vurdum. İstintaqda iştirak edən köməkçim vardı, azərbaycanlı idi... Və gördüm ki, o ağlayır. Əyilib 1109 saylı məhbusu yerdən qaldırdı. Dəsmalını çıxarıb, məhbusun ağzının qanını sildi. Onda gördüm ki, 1109 saylı məhbusun gözləri dolub... Ertəsi gün yenə eşitdim ki, yoldaş Bağırov 1109 saylı məhbusu xəbər alıb. Fikri var idi ki, onu xilas etsin. Amma kimsə mane olurdu. Moskvadan kimsə təzyiq edirdi. Mən bundan sonra iki ay istintaqa getmədim, onu dindirmədim. Başqaları da şairlə görüşməkdən imtina edirdi. Çünki yoldaş Bağırovdan qorxurdular".

 

Əbdülsəmədov: - Müşfiqin sonuncu istintaqı 27 noyabr 1937-ci ildə baş tutdu. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası 5 yanvar 1938-ci ildə, çərşənbə günü güllələnmə qərarı çıxardı.

 

6-cı HİSSƏ

 

Müşfiqin son günü. Kamerada.

 

Müşfiq (düşünür): -"İnsanın ömrü bir çiçəyin ömründən daha qısadı. Çiçək solur və tökülürsə, bu gün gülən, sevilən və sevdiyinin xəyalı ilə yaşayan bir insan da sabah bütün istək və arzularına əlvida edərək həmişəlik gözlərini yummağa məhkumdur. Kim bilir, bəlkə də qəbrinin üstündə yaşıl otların belə göyərmək ehtimalı yox! Lakin bu, heç də qorxulacaq bir şey deyildir.

Həyatda əbədi və daimi yaşamaq hər kəsin öz əlindədir. Cəmiyyət həyatı əbədi və ölməzdir. O, dalğalanan, daşan və inkişaf edən bir seldir ki, getdikcə yeni dalğalar əskilərini basaraq köpüklənir. Bu sel ölümsüz və sonsuzdur. Bu selin ağuşuna atılanlar və öz xüsusi həyatlarını cəmiyyət həyatına fəda edənlər üçün həyat əbədi və daimidir".

 

Kamera. Ata-anası, erkən ölən oğlu Yalçın görünür gözlərinə. Eyyub Yaqubovun ifasında fonda "Ana" mahnısı.

 

Müşfiq: - Mən elə bilirdim ki, onları bir də görməyəcəm. Görsəm də, tanıya bilməyəcəm. Axı cox balacaydım onda - atam, anam bizi qoyub gedəndə. İndi ikisi də qayıdıb, qucaqlarında da oğlum - balaca Yalçin. Burda - bu qaranlıq dəhlizlərdə, otaqlarda necə tapdılar məni? Gəldiniz ki, mən gəlim, ana? Sizinlə getmək istəyirəm, ata. Tanıdın məni, oğlum? Daha atasız olmayacaqsan...

 

Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

 

Onlar itir. Müşfiq, Tsilman, Əli Əlistan Əbdülsəmədov görünürlər.

Tsilman (müstəntiq): - ...1938-ci il yanvarın 4-də gündüz mənə Qriqoryan Xoren İvanoviç xəbər göndərdi ki, söhbəti qısa elə... Mən anladım ki, 1109 saylı məhkumun taleyinə artıq nöqtə qoyulub. Başımı qaldırıb, məndən bir az aralıda duran Əli Əlistana nəzər saldım. Hiss etdim ki, qatarın getdiyini o da başa düşdü. Birdən heç kimin gözləmədiyi bir halda serjant Əli Əlistan dedi: - Şair, bu, bizim sonuncu görüşümüzdür, sonuncu arzunu de. Sabah sərəncam icra olunacaq... Kimə nə çatdıracaqsansa, de...

Müşfiq: - Allah hamınıza cansağlığı versin. İmkan olarsa, məni anamın yanında dəfn edin. Bacararsanmı?

Əli Əlistan: - Yox, mən bunu bacarmaram.

 

Hamı itir. Müşfiq tək. Əlindəki sənədi oxuyur.

 

Müşfiq (tək): - Keçmiş İttifaqın Baş Kəşfiyyat İdarəsinin 6-cı idarəsinə 1937-ci ildə Azərbaycandan 69 min məktub göndərilib. Bu məktubların hamısı şər, böhtan, iftira ilə dolu idi. Onların arasında mənim haqqımda yazılanlar da vardı.

- Bizim ölümümüzə sərəncam verən kapitan Tsilman orda 1955-ci ildə həbs olunub və 20 il müddətinə azadlıqdan məhrum ediləcək.

- Məni istintaqa çəkən Xalq Daxili İşlər Komissarlığına rəhbərlik edənlərdən Henrix Yaqoda 1938-ci ilin iyununda, Nikolay İvanoviç Yejov isə 1940-cı ilin fevralında güllələnəcəklər.

- 1956-cı il may ayının 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə mənə -- Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadəyə də bəraət veriləcək. Ölümümdən 18 il sonra.

Mənim qanuni varisim olan kiçik bacım Balacaxanım İsmayılzadə dövlət tərəfindən ayrılan vəsaiti almaqdan imtina edəcək və evdə qalan şeylərin mənə - Müşfiqə aid olduğunu bildirərək dövlətə keçməsinə razılıq veəcək.

 

Səhnə qaralır.

 

Kəmalə Mirzəyeva

Digər xəbərlər