ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Azərbaycan-Özbəkistan mədəni əlaqələr
MƏDƏNİYYƏT
18.12.2025, 15:23 Oxunub: 51Azərbaycan-Özbəkistan mədəni əlaqələr
Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin çoxəsrlik, zəngin tarixi var. Bu əlaqələrin yaranıb genişlənməsində ədiblərin, mütəfəkkir şairlərin böyük rolu olub. XII əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri XV əsrdə yaşamış özbək şairi Əlişir Nəvainin yaradıcılığına böyük təsir göstərmişdi. Əlişir Nəvai Nizami Gəncəvi ədəbi ənənəsinin davamçısı sayılırdı. XV əsrdən sonra isə Nəvainin əsərlərinin Azərbaycan ədəbiyyatına, o cümlədən Füzuli, Kişvəri kimi nəhəng Azərbaycan klassiklərinin yaradıcılığına ciddi təsiri olub.
Bakıda, İçərişəhərdə yerləşən XV əsrə aid tarixi memarlıq abidəsi "Buxara karvansarası" da Azərbaycanla Özbəkistan arasındakı mədəni, ticari əlaqələrin tarixi köklərinin qədimliyindən xəbər verir.
İki qardaş xalq arasında əlaqələr yaxın keçmişdə də intensiv olub. 1930-cu illərin repressiyaları zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb və orada yeni həyata başlayıb. Bu yaxınlaşma hər iki xalqın mənəvi bağlılığını daha da gücləndirib.
Sovet dönəmində Azərbaycan Yazıçılar İttifaqının tərcümə bölməsində çalışan şair və yazıçıların yaradıcı səyləri ilə Azərbaycan ədəbiyyatının bir çox nümunələri özbək dilinə çevrilib.
1979-1980-ci illərdə Azərbaycanda keçirilən Özbəkistan ədəbiyyatı və incəsənəti günləri, eləcə də Özbəkistandakı Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü qarşılıqlı olaraq bu xalqların mədəniyyətinə böyük töhfələr verib.
70-ci illərdə Azərbaycan Xalq rəssamları Tahir Salahovun, Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun və digərlərinin sərgiləri Daşkənddə nümayiş etdirilib.
Özbəkistanın Xalq artisti Fərrux Zakirov tərəfindən yaradılmış "Yalla" vokal-instrumental ansamblı Azərbaycanda həmişə çox populyar olub. "Yalla" rupu Bakıda dəfələrlə böyük anşlaqla konsertlər verib. Qrupun repertuarında Azərbaycan milli musiqisinin nümunələri də yer alıb.
Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikası Mərkəzi Asiyanın müstəqil türk respublikaları ilə iqtisadi, siyasi və mədəni əlaqələr yaratdı. Bunu milli ənənələrimiz, dil birliyimiz, mədəniyyətimiz, tariximiz labüd edirdi. Azərbaycanla Özbəkistan arasında əlaqələr 1995-ci ildə quruldu. 1996-cı ildə Azərbaycanın Daşkənddə, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliyi fəaliyyətə başladı. Azərbaycanın Özbəkistanla ikitərəfli və çoxtərəfli əlaqələri, o cümlədən mədəni əməkdaşlığı bu gün də uğurla davam etdirilir.
2023-cü il avqustun 2-də Bakıda Özbəkistan mədəniyyəti günləri keçirildi. Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasında "Özbək ədəbiyyatı guşəsi" açıldı və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin əməkdaşlığı ilə nəşr olunmuş yeni kitab təqdim olundu. Bu, XX əsr klassik özbək yazıçısı Abdulla Qədirinin "Ötən günlər" əsərinin Azərbaycan dilində yeni nəşri idi. Abdulla Qədiri müasir özbək ədəbiyyatının bədii səviyyəsinin yüksəlməsində xüsusi xidmətləri olan sənətkardır. Nəşriyyat evi olaraq bu tədbirin təşkil edilməsində bizim də payımız oldu. Abdulla Qədirinin "Ötən günlər" əsərinin yeni nəşrinin çapı nəşriyyatımıza həvalə edilmişdi. Biz kitabın poliqrafik tərtibatının və çapının yüksək səviyyədə olması üçün imkanlarımızı əsirgəmədik. Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iki qardaş ölkənin milli kitabxanaları arasında daim sıx əməkdaşlığın mövcud olduğunu qeyd etdi. Bu tədbirə cavab olaraq 2024-cü ildə Daşkənddə Azərbaycan mədəniyyəti günləri keçirildi.
Ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir. Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir".
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında yaranan şəxsi etimad və dostluq iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir edən əhəmiyyətli amildir. Qardaş Özbəkistan işğaldan azad edilən Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkədir. Azad edilmiş Füzulidə Özbəkistan tərəfindən böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan məktəb tikilib istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev bu nəcib təşəbbüsə görə qardaş ölkəyə minnətdarlığını aşağıdakı sözlərlə ifadə edib: "Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik".
Ənənə bu gün də uğurla davam etdirilir. 2025-ci il dekabrın 14-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. Tədbir dekabrın 20-dək davam edəcək. Bu münasibətlə qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, incəsənət nümayəndələri və bədii kollektivləri Azərbaycana səfərə gəlib.
"Təhsil" nəşriyyatı da Azərbaycan-Özbəkistan dostluğunun təntənəsinə öz töhfəsini verir. 2024-cü ildə nəşriyyatımızda özbək yazar Qüdrətülla Rəfiqovun "Şavkat Mirziyoyev fenomeni" kitabı işıq üzü görüb. Azərbaycan dilində, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəfis tərtibatlı bu kitab Şavkat Mirziyoyev şəxsiyyətinin təhlilinə həsr olunub. Məmnunluq hissi ilə təqdim etdiyimiz digər kitabı isə 2025-ci ildə özbək dilində çap etmişik. Bu, Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Qara paltarlı qadın" əsəridir.
İnanırıq ki, ölkələrimiz və xalqlarımız arasındakı qarşılıqlı etimada söykənən və əsrlər boyu davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Bir nəşriyyat evi olaraq biz də bu əlaqələrin möhkəmlənməsinə daim öz töhfəmizi verəcəyik.
Tural AXUNDOV
"Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru, "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin sədri