ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
"Geri dönün" müəmması sirr olaraq qalır... - Vüqar ƏSGƏROV
CƏMİYYƏT, ŞƏHİDLƏR -Qazilər
13.03.2024, 14:40 Oxunub: 3074"GERİ DÖNÜN” MÜƏMMASI SİRR OLARAQ QALIR
Qovuşuq kəndi... Otaybulaq və Qıjılı bulağının gur suyu şəfa qaynağı idi. Təkədonduran dağının başından əsən yellər könül oxşayan nəva idi sanki. Yoğunburun, Yal, Əppəkli, Göy dağ, Qayanın başı, Yogun burun dağı kəndi elə dövrələmişdi ki, sanki əsən küləkdən, havalı şimşəkdən, tufandan, borandan qoruyurdu. Hava meşəsində sayı-hesabı bilinməyən bulaqlar da keyfiyyətinə, məlhəminə görə bir-birindən fərqlənirdi. Elə ki, zimistan ağ yorğanını yer üzündən çəkdi, güllərin ətri aləmi bürüyür, bulaqların qonaq-qarası artırdı. Arıların vızıltısı, quşların cəh-cəhi, çayların şırıltısı nəğmə deyirdi ellərə. Meşə meyvələri yetişdikcə, hava təravətlənirdi. Vəhşilərin ulartısı nə qədər vahiməli olsa da, zülmətin qaranlığına qarışıb yox olurdu. Bayraməlinin bulağı, Məzməzək bulağı və Qiblə bulağı kimi buz çeşmələr neçə-neçə yolçunun susuzluqdan çatlayan dodaqlarına məlhəm olmuşdu.
Mənbəyini dağlardan götürən dəlisov dağ çayının Arpa çay şırıltısı da həzin bir layla kimi könülləri ovsunlayırdı. Bəzən şıdırığı rəqsi xatırladan şiddətli yağışlar cövlana gətirir, bəzən də mələyə-mələyə anasının arxasınca qaçmağa çalışan yetim quzuya dönürdü. Hər iki halda bənzərsiz və cazibədar görünürdü
Qovuşuq həqiqətən də elə çayların, yolların, dağların, meşələrin görüşdüyü, bir-birinə qovuşduğu yer idi. Qalasər, Qızılgül, Güllü düzü və Qabaqlı kəndlərini birləşdirən istər rabitə xətti, istərsə də avtomobil yolları Qovuşuqdan başlayırdı... Cürbəcür meyvə bağlarının, sıx meşələrin, gur bulaqların və keçilməz, əzəmətli dağların əhatəsində yerləşən Qovuşuqdan... Vuqar İsa oğlu Əsgərovun doğulduğu kənddən...
Vüqar ata-baba yurdumuz Dərələyəz mahalında – 1974-cü ildə Qovuşuqda göz açdı dünyaya. Ayaq tutub yeridikcə, saf suların, füsunkar meşələrin, möhtəşəm dağların sehrinə düşdü. Sal-sal qalasının möcüzələrlə dolu tarixini öyrənməyə çalışdı. Güney Vəngi, Karvansaray abidəsi, at, qoç fiqurları ilə zəngin olan ərazilərdə əcdadlarımızın izinə rast gəldikcə, daha çox bağlandı doğma torpağa.
Vüqar elə uşaqlıqdan saysız-hesabsız rəsm əsərlərinin müəllifi idi. Gördüyü mənzərəni göz yaddaşına köçürdükdən sonra fırçanın dili ilə canlandırmağa çalışırdı. Dediyinə görə ilk əsəri də qaranquş olub – haçaquyruq, xoşxəbər qaranquş. Hətta orta məktəbdə “Günəş” divar qəzetinin redaktoru olub. Dama yarışlarında da hər kəsdən fərqlənib. Rayon birinciliyində ilk yerin sahibi də Vüqargil (azərbaycanlılar) olduğuna görə, ermənilər Respublika çempionatlığını ləğv ediblər.
Vüqar bir qədər dələduz, ərköyün, dəliqanlı böyüyüb. Bəzən tay-tuşlarını başına toplayıb qonşu kəndlərə futbol oynamağa gedir, sonra da bir neçəsinin ağız-burnunu əzişdirib aradan çıxırdılar.
İsa həkim oğlundan ötrü çox şikayətlər dinləmişdi. Hətta yeri gələndə Vüqarı başa salmış, bir də bu kimi qələtlərə yol verməyəcəyinə inanmışdı. Amma əbəs yerə deməyiblər ki, “sən saydığını say, gör fələk nə sayır”.
Hələ uşaqlıqdan rəssam olacağına inanmışdı Vüqar. Bununla yanaşı, coğrafiyanı, tarixi və ədəbiyyatı daha çox mütaliə edirdi.
Der:
-Coğrafiyanı ona görə sevirdim ki, ərazilərimizi qarış-qarış gəzmək, dağına-dərəsinə bələd olmaq, hətta Dərbənddən, Borçalıdan, İrəvandan Təbizə, Səlmasa, Xoya, Kərkükə, Mosula qədər olan yaşayış məskənlərini, qəsr və qalaları, məbədləri ziyarət etmək və əcdadlarımızın nəfəsini duymaq istəyirdim.
Tarixi sevməyimin səbəbi xalqımızın qəhrəman oğulları, sərkərdələr və qılıncı ilə tarix yazan bəylərin, şahların döyüş yolu idi.
Ədəbiyyat isə mənim duyğularımın lövbəri idi. Əslində, sevimli müəllimim Əli Ələkbərov sevdrimişdi mənə ədəbiyyatı. Elə bu gün də qələm sahibi olmağımda Əli müəllimə təşəkkür və minnətdarlıq borcum var. Ara-sıra yazdığım hekayələrdə onun tövsiyyələri dadıma çatır.
Vüqar dağlar qoynunda o qədər xoşbəxt və bəxtəvər idi ki... Təəssüf ki, uzun sürmədi bəxtəvər günlər. Payızın soyuq və şaxtalı bir günündə ata ocağından didərgin düşüb Şahbuzun Ağbulaq kəndinə pənah gətirəndə Vüqar yeddinci sinifdə oxuyurdu. Səkkizinci sinfi Ağbulaqda başa vurar-vurmaz İsa həkim paytaxta köçmək qərarına gəldi. Əsgərovlar ailəsi Hovsana sığındıqdan sonra Vüqar təhsilini 280 saylı orta məktəbdə avam etdirdi.
Vüqar xəyallarının qanadında Qovuşuğa – Hava meşəsinə qayıtdı.
-Beşinci sinifdə oxuduğum zamanlar idi. 4 nəfərlə meşəyə getdik. O zaman rusların nişanəsi olan Zəhmətkeşlər gününü (1 may) qeyd edirdik. Pulumuz olmadığına görə danışmışdıq ki, kimin nəyə gücü çatırsa gətirsin. Sinif yoldaşım İmran Qalasər kəndində yaşayan Qaratel nənəsinin iki toyuğunu oğurlamışdı. Füzuli duz-çörək, Sədi isə qab-qacaq, göy-göyərti gətirmişdi. Mən də atamın bufetindən iki çaxır əkişdirmişdim. Soyuq dağ çayında toyuğu yolub tubulğadan düzəldiyimiz çubuqlarda kabab çəkdik, ala-çiy ötürdük bədənə. Çaxırın təsirindən havalanmışdıq. Elə lül-qəmbər də evə gəldik. Qorxunu unutmuşduq. Elə bilirdik ki, kimsə bizə əl qaldıra bilməz.
Elə yenicə uzanmışdım ki, anam çağırdı. Cavab verməyə həvəsim yox idi. Çünki başqa dünyada idim. Çox xoşbəxt hiss edirdim özümü. Anam hövlank içəri girdi. Niyə qızarmısan? Niyə rəngin dəyişib? Suallar başıma yağırdı. Anlamışdı deyəsən. Həm də danışa bilmirdim, dilim topuq vururdu. Özüm də hiss etmədən kabab çəkdiyimiz tubulğa çubuğunu da gətirmişdim evə. Anam çubuğu əlinə alar-almaz “nə yemisən, turşulu”, məni o ki var əzişdirdi. Heç qaçıb qurtarmağa taqətim də yox idi.
Orta məktəbi bitirib, 3 saylı Bakı Kitab Mətbəəsində işə düzəldi.Bir ildən sonra çağırış vərəqi qapını döydü. 1992-ci il iyunun 24-də qatarla Gəncəyə yola düşən Vüqar Seyfəli poliqonunda bir müddət təlim keçdikdən sonra döyüş bölgəsinə - Ağdərənin Çıldıran kəndinə yola düşdü. Kənd düşməndən yenicə təmizlənmişdi.
Ağdərənin azərbaycanlılar yaşayan ən böyük kəndlərindən biri Sırxavənd idi. Ona görə də düşmən həmin kəndi mütəmadi olaraq atəşə tutur, əhalini didərgin salmağa çalışırdı. Strateji əhəmiyyətə malik olan Sırxavənd bütün kəndlərin mərkəzi hesab olunurdu. Kəndin itirilməsi Ağdərənin süqutu idi. Dəfələrlə əldən-ələ keçən bu yaşayış məntəqəsi yerlə-yeksan edilsə də, hər daşı, qayası mühüm əhəmiyyət daşıyırdı.
17 oktyabr 1992-ci il. Sırxavənd istiqamətində yerləşən üç yüksəkliyin düşməndən təmizlənməsi üçün hücum əmri verildi. Vüqarın da daxil olduğu dəstə Çıldırandan hərəkətə keçdi. Düşmənin ağır texnikası qarşısında irəliləmək çətin olsa da, hər kəs yüksəkliyə can atırdı. Bir tərəfdən Bərdə taboru, digər tərəfdən isə Xüsusi Təyinatlıların bölüyü irəliləyirdi. Ona görə də düşmən xofda idi. Hətta silah-sursatı atıb qaçmağa çalışırdılar. Sürətli hücum hər üç yüksəkliyin ermənilərdən təmizlənməsi ilə başa çatdı. Dşmən xeyli sayda itki vermişdi, yaralılar isə daha çox idi. Bizim də itkilərimiz vardı. Elə təkcə Vüqarın daxil olduğu dəstədən üç nəfər şəhid olmuşdu – buzovnalı Emil Aşumov, gəncəli (gizir) Nəbiyev və gizir Şamil, 7-8 nəfər isə yaralanmışdı.
Vüqar döyüşdən sonrakı anı xatırlamağa çalışdı:
-Kənd azad edildikdən sonra iki-bir, üç-bir gəzir qaçıb gizlənən silahlıları axtarırdıq. Vaqif adlı bir bölük komandirimiz vardı. Ona dedmi ki, filan yerdə iki çaxır çəlləyi var. Fikirləşmədən gizir Buzanovu çağır dedi. De ki, gələndə dolçasını da gətirsin. Buzanov dərhal gəldi.
Komandir:
-Buzanov, sən bu iki çəlləyə bir mütəxəsis gözü ilə bax, yararlı, yararsız olduğunu təyin elə. Axı sən bu işdə mahirsən?!
Buzanov bir dolça süzüb içdi.
-Lap əladır, yoldaş komandir.
-Bəs ikinci necə?
Buzanov ikincidən də bir dolça süzdü, birnəfəsə başına çəkib dolçanı qoydu yerə.
-Bu da yaxşıdır!
-Onda bəsindir, di haydi, gedə bilərsən.
Buzanov gözdən itdi.
Aradan bir-iki saat keçəndən sonra komandir Buzanovu görənlərdən soruşdu. Dedilər ki, buralarda idi.
-Dərhal çağırın yanıma.
-Buzanov müsəlləh əsgər kimi komandirin qarşısına dikildi.
Necəsən, Buzanov, səhhətin yerindəmi? – komandir dilləndi.
-Əlbəttə yaxşıyam, necə olmalıyam ki?
-Sadəcə içkidən sonra vəziyyətini soruşmaq istədim.
Buzanov indi anladı...
-Komandir, deməli, siz erməni içkisini mənə içirtməklə zəhərli və zəhərsiz olub-olmadığını yoxlayırmışsınız. Necə deyərlər, ölsə, Buzanov ölsün! Deməli, mən sizin üçün təcrübə mərkəziyəm.
Komandir zarafata saldı.
-Buzanov, sizin sayınız çoxdur, bir nəfər ölməklə sarıqulaqların sayı azalmaz ki... Amma biz azıq, həm də müharibədəyik, bizə əsgər gərəkdir.
Buzanov getdikdən sonra komandir məclis qurmaq üçün məsləhətləşmə apardı. Vüqar dərhal önə keçdi.
-Komandir, yaxınlıqdakı fermada Buzanovun donuzu var. Eşitmişəm ki, Gəncədən gələndə donuzlarını da özü ilə birabər gətirib, boş fermaların birində saxlayır. Razılıq ver, həm o donuzdan gətirib kabab çəkək, həm də Buzanovu dəvət eləyək, çaxırın dadına bir yerdə baxaq.
Əsgər Çantayev peşəkar olduğu üçün çoşqaları soymaq ona həvalə edildi. dərhal doğranan ət şişə çəkildi, badələr bir-birinə vuruldu. Buzanov da yerini rahatlayıb sağlıq dalınca sağlıq söylədi.
Obaşdan əhval-ruhiyyənin saz vaxtı idi. Bölük komandiri Buzanovdan soruşdu.
-Necəsən?
-Lap yaxşı
-Axşam yediyin nə idi?
-Nə olmalı idi ki, çoşqa idi da?
-Mən də bilirəm çoşqa idi, amma kimin çoşqası idi, bilirsənmi?
Buzanovun dalağı sancdı. Amma özünü o yerə qoymadı.
-Komandir yenə də məndən istifadə elədin. Eybi yox. Bəs nə üçün saxlayıram, bəs nə üçün Gəncədən buraya gətirmişəm. Təbii ki, belə məclislər qurmaq üçün. Hər anımız ölümdür. Heç bəlkə sabaha sağ çıxmadıq. Bu gün kəsib yeməsək, sabah kim yeyəcək.Nuş olsun, - deyib halallıq verdi hər kəsə.
***
Noyabrın 7-də Sırxavəndi azad etmək üçün əmr gəldi. Hava çox soyuq olsa da əhvalımız yerində idi. Hər tərəf ağ örpəyə büründüyündən hərəkət edən hər hansısa bir canlını sezmək çox asan idi. Dərhal silahlanıb 120 nəfərlik dəstə ilə hücuma keçdik və qısa zamanda düşməni geri oturdub əraziyə nəzarəti ələ keçirdik. Ermənilər xeyli sayda itki vermişdi, bizim isə 3-4 nəfər şəhidimiz vardı. Mövqeyimizi möhkəmləndirməyə çalışsaq da, sursatımız xeyli tükənmişdi. Gözlədiyimiz köməkdən hələ də xəbər yox idi. Fürsəti fövtə verməyən düşmən yenidən səfərbər olunaraq əks hücuma keçdi. İki hissəyə bölünərək geri çəkilməyə çalışdıq. Bir hissə çayın kənarı ilə, digər hissə isə meşəyə tərəf irəlilədi. Namərd düşmənin pusqusu qarşımıza sədd çəkdi. O gün bölük komandiri Vaqiflə bərabər 20 nəfər şəhid verdik. Amma yaralıları çıxarmaq mümkün oldu.
Əvvəlki mövqeyimizə döndük.
1992-ci ilin noyabr ayının sonu, ya da dekabr ayının əvvəlləri idi. Təxminən bir həftə olardı ki, postda idim. Soyuq qılınc kimi kəsirdi adamı, bir yandan da dayanmadan qar yağırdı. Əsgər qıtlığı olduğu üçün bizi əvəzləyən yox idi. Aclıq bir yana, yuxusuzluq nəfəsimi kəsmişdi. Gecə-gündüz təkadamlıq səngərdə növbə çəkirdim. Bir qədər aşağıda – diqqət çəkməyən bir yerdə ocaq qalamışdıq. Alov görünməsin deyə vedrənin arxasını kəsib odun üstünə qoymuşduq. Hər 10-15 dəqiqədən bir sönməsin deyə ocağa odun atır, əl-ayağımızı isidirdik. Yuxusuzluqdan gözlərim göynəyirdi. Amma yenə də dəyanətli olmağa çalışırdım. Çünki düşmən hər an atəşi poza bilərdi.
Soyuq külək donmuş qarı yanağıma çırpanda gözlərimi açdım. Tərəddüd və heyrət içində idim. “Axı buralara necə düşmüşəm, əsirmi götürdülər məni, bəs niyə kimsə yoxdur, haradayam ki mən” – dolaşıq fikirlər içində çabalayırdım. Sanki birdən tərk etmiş ruhum bədənimə qayıtdı. Anladım ki, ayaq üstə yatmış, sonra da yıxılaraq yomalanmışam. Qar yumşaq olduğu üçün şirin yuxuma mane olmayıb. O gün nə qədər yatdığımdan xəbərim olmadı, dondurucu külək yanağımı yalamasaydı bəlkə də ayılmayacaqdım.
Səngərə təzəcə çatmışdım ki, əsgər yoldaşımla qarşılaşdım, məni əvəzləməyə gəlmişdi.
Dekabrın şaxtalı günləri idi. Xəbər gəldi ki, düşmən arxa tərəfdən Heyvalıya doğru irəliləyir. Vaxt itirmədən hərəkətə keçdik. Meşənin ortasında düşmənlə qarşı-qarşıya gəldik. Qeyri-bərabər döyüşdə hər iki tərəfdən xeyli ölən və yaralanan vardı. Güllə səsindən qulaq tutulurdu.
Təəssüf ki, Vüqar İsa oğlu o gün amansız güllədən yayına bilmədi. Dizindən ağır yara alan cəsur döyüşçü gözünü açanda Gəncə hospitalında idi. Uzun müddət mualicə aldıqdan sonra silahdaşlarının yanına tələsən Vüqar taborun ləğv edildiyini eşidəndə təəssüfünü və təəccübünü gizlədə bilmədi. Nəhayət, 250 saylı hərbi hissədə bir müddət xidmət etdikdən sonra Füzulidə 702 saylı hərbi hissənin tərkibində döyüşlərə qatıldı.
Füzulidə vəziyyət gərginləşmişdi. Ermənilər bir neçə kəndi ələ keçirmişdilər. Ona görə də Vüqarın da daxil olduğu dəstə həmin istiqamətdə yola düşdü. Qısa zamanda Şükürbəyliyə qədər kəndlərin ermənilərdən təmizlənməsi əhval-ruhiyyəni dəyişdi.
Əmirallar kəndində düşmənin xeyli canlı qüvvəsi və ağır texnikası cəmlənmişdi. Bütün bunlara baxmayaraq ordu irəliləyərək kəndin içinə girə bildi. Ancaq düşmən müqavimət göstərir, geri çəkilmək istəmirdilər. Əsgərlərimizin sayıqlığı nəticəsində beton panellərlə örtülmüş blindajlar aşkar ediləndən sonra vəziyyət dəyişdi. Cəsur oğullar çətinliklə də olsa, quldur yuvasını qumbaralarla partlatdılar. Beton qırıntıları altında qalan quldurlar ağır itkiyə məruz qaldı. Qaçanlar isə hədəfə tuş gələrək cəhənnəmə vasil edildi. Xeyli silah-sursat qənimət olaraq ələ keçirildi. Əmirallar döyüşü əsgərlərimizin özünəinamını bir qədər də artırdı.
Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli kəndlərini yaraqlılardan təmizləmək üçün Şükürbəylidən hücuma keçdik. Düşmənin mövqeləri strateji əhəmiyyətə malik olduğu üçün çətinliklə irəliləyirdik. Samir və Seymur qardaşlarının qəhrəmanlığı hər kəsə ruh verirdi. Təəssüf ki, o gün qardaşlardan biri düşmən gülləsinə tuş gəldi. Digəri onu döyüş bölgəsindən çıxarmağa getsə də bu günəcən heç birindən xəbr yoxdur. Çox cəsarətli və diribaş oğullar idi. Heyif ki, döyüşün əvvəlində elə oğulları itirdik. Artıq qisas hissi hər kəsi daha da irəli səsləyirdi. Pulemyotların və qumbaraatanların köməyi ilə düşmənə divan tutduq. Başlarını itirib parakəndə halda qaçmağa çalışdılar. Biz qovur, onlar qaçırdılar. Xeyli itki vermişdilər. Qardaşların qisasını bəlkə də on qat almışdıq. Arxadan əmr gəldi ki, geri qayıdın. İki kəndi cəmi 17 dəqiqəyə azad etmişdik. Böyük uğur idi. Amma qara bir əlin “durun!” müəmması bu gün də sirr olaraq qalır. Yoxsa daha çox əraziləri azad edəcəkdik.
Qismən geri çəkilərkən bir neçə şəhid verdik. Heyif o igidlərdən. Onlar ölməməli idi.
Seyidəhmədli-Şükürbəyli arasında mövqe qurmalı olduq. Əlavə qüvvələr cəlb ediləndən sonra Aşağı Alxanlı tərəfə getdik. Orada da Şərurdan Rövşən Əliyev, Gəncədən Rövşən Məmmədov minaya tuş gəldi. Heyif ki, onları da minanın pəncəsindən qurtarmaq mümkün olmadı. O zaman komandirimiz polkovnik Elnur Məmmədov idi. Geri – Şükürbəyliyə qayıtmağımız üçün əmr verdi.
Kürdmahmudlu istiqamətində döyüşlərdə üçüncü və altıncı tabor bizə yardım eləyirdi. Zəncirvari şəkildə irəliləyişimiz qısa zamanda bəhrəsini verdi. Bir zabit və bir əsgər ələ keçirdik. Onlardan aldığımız dəqiq və səhih məlumatlar nəticəsində hücum planını yenidən qurduq. “Əfqan” döyüşçülər də sol cinahdan qoşuldular bizə. Qəfləti zərbə ilə kəndi ermənilərdən tamamilə boşaltdıq. Saysız-hesabsız erməni leşi ayaqlar altında qalmışdı. Bizim isə 7-8 nəfər şəhidimiz vardı. Uğurumuz hər kəsin əhvalına güc qatırdı.
Xeyli zaman idi ki, soyuq və şaxtalı səngərlərdə düşmənlə üzbəüz dayanan, qanlı toqquşmalarda, amansız savaşlarda bir addım geri çəkilməyən Vüqar İsa oğlu az sonra - atəşkəs müqaviləsinin bağlandığı ərəfədə xəstələnərək Saatlı hospitalına yerləşdirildi. Canındakı ağrılardan qurtulmaq asan olmasa da, xəstəliyə qalib gəldi. Ordudan tərxis olunduqdan sonra, ali təhsilini davam etdirərək süngüsünü qələmə çevirib torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən oğulların acılı-şirinli həyatından, qısa və mənalı ömür yolundan dəstə-dəstə kitablar və sənədli filmlər bağladı.
“Azərbaycanın Milli Qəhrəmanları”, “Savaş üçün doğulanlar”, “Bir ovuc torpaqdır yarama məlhəm”, “ Sinəmdə yurd dağı var” kitabların müəllifi, “Kəşfiyyatçı”, “Xüsusi Təyinatlı”, “Qərargah Rəisi”, “Dəmir Mayor”, “Dəmir Atlı”, “Poladın İzi ilə”, “ 777” və.s. və il axır sənədli filmlərin ssenari müəllifi, baş məsləhətçisi və redaktorudur.
Bu gün Vüqar Əsgərov Xatirə Kitabı Redaksiyasında redaktor vəzifəsində çalışır. Aliləlidir. Amin adlı bir övladı var.
Ötərxan Eltac
Araşdırmaçı, şair,
Azərbaycan Yazıçılar Birliyinin üzvü