usd-1.7000 eur-1.8238 rub-0.0183
Bakı 20°C 3.75 m/s
Son xəbərlər
29-04-2024
28-04-2024
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qarakilsə rayon icmasında azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

details

CƏMİYYƏT

02.04.2024, 15:55 Oxunub: 925

Acı taleyimiz... Vətən həsrətimiz

Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon icmasında azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım günü keçirilib.

Tədbiri Ombudsman Aparatının əməkdaşı, Prezident təqaüdçüsü, Qərbi Azərbaycan İcması Qarakilsə rayonu Şəki kənd icmasının sədri Azadə Novruzova açaraq, şəhidlərimizin və 36 ildir məzarları ziyarət olunmayan Qərbi Azərbaycan torpaqlarında uyuyan həmvətənlilərimizin xatirəsinin sükutla yad edilməsi üçün toplantı iştirakçılarına müraciət etdi. Azərbaycanın himni hər bir azərbaycanlının and yeridir. Himnimizin sədaları bütün tədbir iştirakçılarına böyük ruh verdi və tədbirin aparıcısı Azadə Novruzova qeyd etdi ki, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək hər birimizin borcudur. Çünki, bu bizim qan yaddaşımızdır. Tarixi faktlar dönə-dönə nəşr olunub, gələcək nəsillərə, ictimaiyyətə çatdırılmalıdır.
Azadə Novruzova ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” kimi tanınması barədə verdiyi Sərəncamının tarixi əhəmiyyətini qeyd etdi və dedi ki, ümummilli vəzifələrimiz naminə “Dəmir yumruq” ətrafında sıx birləşməliyik. 
Sonra söz fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Qəhrəmanova verildi. N. Qəhrəmanov doğulduğu Urud kəndinin erməni millətçiləri tərəfindən vəhşicəsinə dağıdılmasından, 31 mart 1918-ci ildə Qərbi Azərbaycanda, Zəngəzurda baş verən qanlı qətliamlardan ürək ağrısı ilə danışdı və qan yaddaşımızda bu faciələrin əbədi yaşamasını xüsusi olaraq qeyd etdi. Professor 1918-ci ildə Zəngəzur mahalında daşnakların törətdiyi qanlı hadisələrdə on minlərlə dinc, silahsız Azərbaycan əhalisinin vəhşicəsinə qətlə yetirilməsindən danışdı, tarixi faktları diqqətə çatdırdı. 
Tədbirin ağsaqqalı, şair, publisist Əvəz Mahmud Lələdağ uşaq yaşlarından gördüyü erməni vəhşiliklərindən danışdı, xüsusilə azərbaycan torpaqlarında qurulan Ararat respublikasının yaranmasından sonra türk-müsəlman əhalisinin bələkdəki sonuncu körpəsinə qədər öldürülüb məhv edilməsi ilə bağlı faktlara toxunaraq, bütün bu vəhşiliklərin rəsmi Ermənistanın dövlət siyasətinə çevrilməsini diqqətə çatdırdı. Şair Əvəz Mahmud kövrələrək Qarakilsə camaatına  belə bir müraciət etdi:
- Vətən həsrətli, yurd yanğılı həmvətənlərim! Sizin hər birinizi görəndə yurd yerlərimizi, əvəzsiz təbiətimizi qarış-qarış görürəm. 
 Zəngəzur elinin ağsaqqalı Əvəz Mahmud erməni vəhşiliklərinin canlı şahidi kimi mühüm, unudulmayan faktları toplantı iştirakçılarının diqqətinə çatdırdı:
- 1961-ci ildə Anastas Mikoyan Zəngəzura - Qarakilsəyə gəldi, yadımdadır ona gül vermək üçün xüsusi olaraq erməni qızlarını gətirmişdilər. Mikoyan ona gül dəstəsini təqdim edən erməni qadınına sual verdi: Neçə uşağın var? Qadın: 5 uşağım var. Mikoyan: Çox azdır, erməni xalqını çoxaltmaq lazımdır.
-  Bax, bunlar belə şovinist idilər. Dünən də belə idi, bu gün də, gələcəkdə də. Erməni daşnakları təpədən dırnağa bizim xalqımıza qarşı nifrət hissi ilə silahlanıblar. Yadımdadır, bu dəhşətli məxluqlar deyirdilər ki, azərbaycanlılar aprelin 1-dən sonuna kimi ermənilər işləyən yerlərdən uzaqlaşsınlar, gəlməsinlər, əks halda onlar öldürüləcək. 
1961-ci ildə Ermənistana səfər edən Nikita Xruşovu aldadıb, o dövrün maliyyə büdcəsindən külli miqdarda vəsaitin Ermənistan dövlətinə verilməsi üçün Xruşovu kefləndirib ona qol çəkdirmişdilər. Hətta Xruşov sonralar qarşısına qoyulan həmin dövlət vəsaitini görəndə təəccüblənərək demişdir: Hansı axmaq bunu imzalayıb?
- Bəli, Xruşov hakimiyyəti illərində erməni şovinistləri çox fəal çalışır və mövcud vəziyyətdən məharətlə istifadə edirdilər. 1966-67-ci illərdə erməni rəhbərləri çirkin niyyətlərini davam etdirməyə başladılar. Onlar müsəlman məscidlərində insanları bir yerə toplayıb, sonra ora od vurub yandıran qaniçən Andranikin davamçıları idi. Ona görə də deyirəm! Gənclərimiz tariximizi, milli, mənəvi dəyərlərimizi bilməlidirlər.
1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra erməni daşnakları çirkin niyyətlərini içlərində boğdular. Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra, 1988-ci ildə ermənilər soyqırım siyasətlərini yenidən həyata keçirməyə başladılar. Bir nəfər azərbaycanlı belə doğma torpaqlarında qalmadı. Bu, bizim acı taleyimizdir. Vətən həsrətimizdir. 
Sonra, söz memarlıq üzrə fəlsəfə doktoru İlham Namazova verildi:
- Mən Qarakilsənin Şəki kəndində doğulub boya-başa çatmışam. Ailəmiz qışın günü, qar-çovğunda faciə ilə üzləşib. Erməni vəhşiliklərindən bəşəriyyət xəbərsizdir. Ailəmizin başına gətirilən müsibətlər erməni daşnaklarının həyata keçirdikləri minlərlə qanlı ssenarilərin əks-sədasıdır. Vəhşiləşmiş erməni daşnaklarının törətdikləri qətliamlar tarixin səhnəsində silinməz qanlı izlər qoyub. Kəndimizin camaatı, o cümlədən bizim ailəmiz doğma torpaqlarımızdan qovularkən böyük, əvəzsiz itkilərimiz olub. Bu ağrını-acını sözlə ifadə etmək mümkün deyil. Bibim Namazova Şanisə Əvəz qızı o qarlı-çovğunlu gecədə məhv oldu. Bu günə kimi bibimin nə ölüsü var, nə də dirisi! Çox təəssüf ki, dünya bu qətliamlardan xəbərsizdir, ya da ki, həqiqəti bilib susurlar.
Sofulu kənd icmasının sədri Səidə Quliyeva tarixi torpaqlarımıza - Naxçıvana, İrəvana, Qarabağa ermənilərin yerləşdirilməsi ilə bağlı faktları sadaladı. Səidə Quliyeva onu da diqqətə çatdırdı ki, 1917-ci ilin fevral burjua inqilabı erməni daşnaklarının qol-qanadını açdı, xain düşmən hiyləgərliklə planlarını həyata keçirməyə başladı. Zəngəzurda 115 kənd, Qarsda 92 kənd məhv edildi. Ağrımız çoxdur. Arxiv sənədləri canlı şahiddir, gerçək faktlar dünya ictimaiyyətinə çatdırılmalıdır.    
Qarakilsənin Ağdü kənd sakini Hüseyn Babayev:
- Qarakilsənin ərazisi Alban abidələri ilə zəngindir. Erməni daşnakları bu tarixi abidələri də öz adlarına çıxıblar. Bəşəriyyət belə cahilləri tanımalıdır, çünki erməni daşnakları hansı torpağa ayaq basırlarsa, deyirlər ki, bizimdir. 
 Qarakilsə rayonu Ağdü kəndinin nümayəndəsi Tahir Quliyev:
- Bu gün anım tədbirinə gələnlərin hamısının üzündə qəm, kədər, həsrət görürəm. Bəli, Vətən həsrəti insanları bura yığıb. Ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci ildə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün keçirilməsi ilə bağlı çox mühüm Sərəncam imzaladı. Dünya azərbaycanlıları harada olmalarından asılı olmayaraq qan yaddaşımızı unutmamalıdırlar. Çünki tarixin ağ və qara səhifələri var. Bütün Azərbaycan Qarabağda üçrəngli bayrağımız dalğalanandan sonra qürurla, vüqarla gəzir. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.
- Bəli, Heydər Əliyev inanırdı, o günü gözləyirdi və bilirdi ki, ədalətli olan qalib gələcək. Bizim Ordumuz da, xalqımız da, Prezidentimiz də “Dəmir yumruq” kimi bir olub azğın, ədalətsiz düşmənin başını əzdi və biz qalib xalq kimi bütün dünyaya bəyan etdik:
Qarabağ Azərbaycandır!
Qədim Zəngəzur, İrəvan torpaqları bizim əzəli dədə-baba yurdlarımızdır. İnanırıq ki, biz Vətən torpaqlarına qayıdacağıq!
QHT Forumunun Prezidenti, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qarakilsənin təmsilçisi Rauf Zeyni:
- Yurd yerlərimizdən qovulmuşuq, ağrımız-acımız böyükdür. Bu bizim taleyimizdir, bu taleyi biz seçməmişik, amma bu tarixi yaşayırıq. Qanlı hadisələr: 1918-20-ci illərdəki qətliamlar 3500 səhifədən ibarət Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindəki tarixi faktlar xalqımıza, xüsusilə, gənclərimizə çatdırılmalıdır. 36 cildlik tarixi faktların yazılmasında sonsuz əməyi olan, Vətən sevgisini hər şeydən uca tutan Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə və daxili işlər naziri Xəlil bəy Xasməmmədovun xidmətlərini unutmamalıyıq. 
Babalarımızın əsrlər boyu sınaqdan çıxardığı məşhur bir kəlamı qan yaddaşımızda əbədi yaşatmalıyıq: “Yağı düşmən dost olmaz”.
- Bəli, torpaqlarımız tariximiz və taleyimizdir! 
Beynəlxalq Diaspor Mərkəzinin xətti ilə beynəlxalq məhkəməyə müraciət etmişik, biz haqqımızı tələb etməliyik, təşkilatlanmalıyıq ki, dünya və ölkə ictimaiyyətinə gerçəklikləri çatdıraq.
Tədbirin sonunda Qərbi Azərbaycandan olan jurnalist Bəxtiyar Məmmədovun hazırladığı “Köçürülmüşlər, köçmüşlər” adlı sənədli televiziya filminə baxış olub. 

Xalq qəzeti

Digər xəbərlər