usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır

details

TARİX

23.04.2024, 14:22 Oxunub: 2093

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, görkəmli alim Heydər Hüseynov haqqında düşünərkən gözlərim önündə ilk növbədə onun acı taleyinin son səhifələri canlanır... 1950-ci il avqustun 15-də Şüvəlandakı bağ evində ona qarşı olan dözülməz haqsızlıqlara və aparılan qarayaxma kampaniyasına etiraz əlaməti olaraq özünü asan Heydər Hüseynovun ölümü ilə bağlı mətbuatda rəsmi məlumat verilməmişdi. Halbuki Azərbaycanın ilk akademiklərindən biri, dövrün ən yüksək təltifi olan Stalin mükafatına iki dəfə layiq görülmüş, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda İctimai elmlər bölməsinin sədri, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fəlsəfə kafedrasının müdiri, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru kimi çox məşhur olan bu şəxsiyyətin ölüm xəbəri bütün SSRİ-yə yayılmış, hətta ölkə başçısı Stalinə də məruzə edilmişdi.
Burada isə hadisə yerinə tezliklə çoxlu milis (polis), prokurorluq işçisi gəlib adamları sorğu-sual etmiş, onun özünü asdığı yerin qapısını möhürləmişdilər. Sonra da həmin amansız insanlar onun yetim qalmış üç körpə qız uşağını və onların anasını bu ölümün günahkarı kimi uzun-uzadı sorğu-suala tutmuşdular. Atanın faciəsindən hələ özlərinə gəlməmiş uşaqlar da, bədbəxt olmuş ana da bu dəhşətdən sarsılaraq bir tərəfdən də sorğu-suallardan necə yaxa qurtarmaq haqqında düşünürdülər.
Körpələr də, ana da bir-birinə qısılıb ağlaşırdılar. "İstintaq aparanlar" sualları dolu kimi üstlərinə yağdırırdılar: "Hadisə necə oldu? Ola bilməz ki, siz bilməyəsiniz? Nəyi gizlədirsiniz? Niyə vaxtında gəlib xəbər verməmisiniz? Bəlkə özünüz buna şərait yaratmısınız?"
Körpələr isə yalnız ağlaşırdı. Ana da hönkür-hönkür göz yaşı tökürdü. Deyə bilmirdilər ki, bu dəhşəti yaradan sizi bura göndərən "sifarişçilərdir". Yalnız üstündən xeyli vaxt keçdikdən sonra bütün həqiqətlər məlum olacaq, bu böyük şəxsiyyətin tarix qarşısında gördüyü nəhəng işlər həqiqi qiymətini tapacaq, onun dəyəri bilinəcəkdi.
İndi isə sifarişlə "istintaq aparanlar" sorğu-sualdan əl çəkmir,"ağa"larının günahlarını kiminsə boynuna qoymağa, kiməsə "sədaqətlərini" sübut etməyə çalışırdılar. Nəhayət "gərgin" istintaq prosesindən sonra akademik Heydər Hüseynovun uşaqları tərəfindən yox, özünü asdığı müəyyənləşdi, "istintaqı" aparanlar bir kənara çəkildilər, uşaqları da, ananı da sakit buraxdılar.
Onu Fəxri xiyabanda yox, adi şəhər qəbiristanlığında dəfn etdilər. Dəfnə tanınmış adamlar, "dostlar", partiya, dövlət xadimləri gəlmədi...
Heydər Hacı Nəcəf oğlu Hüseynov 1908-ci il aprelin 3-də qədim Azərbaycan şəhəri İrəvanda anadan olmuşdur. Şəhərin zəngin tacirlərindən olan atası Hacı Nəcəfin külfəti İrəvanın sayılıb-seçilən ailələrindən idi. Onların şəhərin ən yaxşı yerlərindən birində - Təpəbaşı məhəlləsində, Zəngi çayının sahilində ikimərtəbəli yaraşıqlı evi, həyətlərində böyük meyvə bağı var idi. Hacı Nəcəf Kərbəlayi Hacı Hüseyn oğlu (1867-1909) ticarətlə məşğul olur, rus tacirləri ilə, xüsusilə Novqorod şəhəri ilə sıx əlaqə saxlayırdı. O, Məşədi Gülsüm Məmmədəli qızı Fərəcova adlı xanımla ailə qurmuş və bu izdivacdan onların altı uşağı dünyaya gəlmişdi: oğlanları Yusif, Əkbər, Yaqub, Muxtar, qızları Ruqiyyə, sonbeşik Heydər.
1909-cu ilə qədər ailə xoşbəxt, rahat həyat sürürdü. Hüseynovların üç böyük oğlu İrəvan Gimnaziyasında oxuyur (İrəvan Gimnaziyası 1881-ci ildən fəaliyyət göstərirdi), ata və analarının onlarla bağlı arzu və istəklərini reallaşdırmağa çalışırdılar. Hacı Nəcəf və Məşədi Gülsüm səmimiyyətlə dinə bağlı olduqlarına görə müsəlmanlar üçün vacib sayılan ayinlərə əməl edir - namaz qılır, oruc tutur, müqəddəs ocaqları ziyarət edir, xeyriyyə işləri ilə məşğul olurdular. Hacı Nəcəf Məkkədə olmaqla yanaşı, Məhşədi və Kərbəlanı da ziyarət edibmiş.
Heydərin bir yaşı olanda Hacı Nəcəf cərrahiyə əməliyyatı zamanı vəfat edir. Bu itki ailəni çox sarsıtsa da, onlar özlərində yaşamağa güc tapır və ailə başçısının qoyduğu ənənələri və işləri davam etdirirlər. Əsas ağırlıq da böyük qardaş Yusifin üzərinə düşmüşdü. 1909-cu ildə o, artıq ailəli idi. Öz ailəsinin, anasının, kiçik qardaşlarının və bacısının qayğısını çəkmək, onları dolandırmaq üçün Yusif çox çalışmalı olurdu.
Ancaq tale oyunları davam edir və ailənin güman yeri olan Yusif 1918-ci ilin martında ermənilərin İrəvan quberniyasında və Zəngəzurda törətdikləri soyqırım zamanı vəhşicəsinə öldürülür. Məşədi Gülsüm övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə bu vəhşiliklərdən canını qurtarmaq üçün vətəni tərk etməyə məcbur olur. Ailə əvvəlcə Gürcüstanın Batumi şəhərinə, oradan isə Rusiyanın Stavropol vilayətinə köçür. Burada da erməni təzyiqi və dözülməz çətinliklərlə qarşılaşdıqları üçün 1920-ci ildə Bakıya köçürlər.
Bu vaxt Heydərin artıq 12 yaşı var idi. Lakin ailələrində baş verən faciələr və qaçqınlıq üzündən o hələ də məktəbə gedə bilməmişdi. Hüseynovlar ailəsi İçərişəhərdə, Dvorsovaya 26 ünvanında kirayə ev götürürlər. Ailənin çətin şəraitdə yaşamasına baxmayaraq, Gülsüm xanım gen yaddaşından irəli gələn ənənəni - xeyriyyəçiliyi davam etdirərək İçərişəhərin Cümə məscidinə su çəkdirir.
Gülsüm xanım kiçik oğlunu 18 nömrəli məktəbə qoyur. Təhsil prosesi, məktəb mühiti, orada hökm sürən abi-hava balaca Heydərin daxili imkanlarının açılmasına, istedadının üzə çıxmasına şərait yaradır. Burada o, yaxşı oxumaqla bərabər məktəbin divar qəzetini redaktə edir, ictimai işlərdə fəallıq göstərir, şeir yazmağa başlayır və bu zaman onun humanitar elmlərə xüsusi marağı üzə çıxır.
Bakı şəhəri 18 nömrəli məktəbdə Heydərlə yanaşı, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov da oxuyurdular. Həmin illərdə məktəbdə Feyzulla Qasımzadə, Hənəfi Zeynallı və Atababa Musaxanlı kimi dövrün tanınmış ziyalıları dərs deyirdilər.
Bu illərdə Heydər komsomol sıralarına qəbul olunur. Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədi ilə o, kitabxanada işə düzəlir, lakin cüzi qazancla ailəyə kömək edə bilmədiyini görüb 16 yaşından fəhləlik etməyə başlayır. Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan, ağır uşaqlıq, gənclik dövrü yaşayan Heydər 18 yaşında daha bir zərbə alır. 1926-cı il aprelin 25-də anası - Məşədi Gülsüm 60 yaşında vəfat edir. Ailəsinin bütün ağırlığını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin işləməli olur.
Nəhayət, 1927-ci ildə Heydər Hüseynov həmin orta məktəbi bitirir. Maraqlıdır ki, 12 yaşında birinci sinfə gedən Heydər istedadı sayəsində sinifdən-sinfə ekstern qaydada keçirilə-keçirilə cəmi 7 ilə, 19 yaşı olarkən onillik təhsilini başa vurur. Onun arxiv sənədlərində məktəbdə oxuduğu illərdə 15 fəndən dərs aldığı, onları müvəffəqiyyətlə mənimsədiyi qeyd olunur. Heydər Hüseynovun öyrəndiyi fənlərin adlarının və o dövrdə orta məktəblərdə hansı fənlərin tədris edilməsinin maraq kəsb edəcəyini nəzərə alaraq həmin siyahını hörmətli oxucuların diqqətinə çatdırıram: 1. Türk dili, 2. Rus dili, 3. Fransız dili, 4. Riyaziyyat, 5. Fizika, 6. İctimaiyyət, 7. Coğrafiya, 8. Rəsmxət, 9. Kimya, 10. Təbiət, 11. Fənni tərbiyə və təlim, 12. Türk dilinin və elmi hesabın üsuli-tədrisi, 13. Hifzi-səhhət (tibbi biliklər), 14. Təbiət dərsləri, 15. Ruhiyyat (psixologiya).
Məktəbi bitirdikdən sonra Heydər Hüseynov təhsilini davam etdirmək üçün Bakı Pedaqoji Texnikumunda oxumağa başlayır. O, texnikumda təhsilini davam etdirə-etdirə pedaqoji fəaliyyətlə də məşğul olur. Maştağa kəndində yerləşən 17 nömrəli məktəbin fəhlə fakültəsində Azərbaycan dili və ədəbiyyatdan, Tarix, Coğrafiya, Kimya və Riyaziyyatdan dərs deyir. Bir müddət Zeynalabdin Tağıyev adına toxuculuq  kombinatının kurslarında və Tibb texnikumunda da müəllimlik edir. Oxuduğu və işlədiyi hər bir yerdə dərin biliyi, istedadı, zəhmətkeşliyi və ictimai işlərdə fəallığı ilə seçilir.

Sonralar akademik olmuş görkəmli alim Feyzulla Qasımzadə orta məktəbdən tanıdığı bu istedadlı, işgüzar gənci daim nəzarətində saxlayır, onun bacarıqlarını düzgün məcraya yönəltməyə və inkişaf etdirməyə çalışır. Onun məsləhəti ilə texnikumda oxuya-oxuya Heydər Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur. 1929-cu ildə Feyzulla Qasımzadə 21 yaşlı Heydəri "rabfak"ın (fəhlə fakültəsi) tələbələri üçün ədəbiyyat dərsliyinin hazırlanması işinə dəvət edir. Heydər Hüseynovun böyük qızı Sara xanım yazır ki, Feyzulla Qasımzadə "Heydər başımın tacıdır" deyirdi. 1931-ci ilə kimi 59 nömrəli məktəbdə dərs deyir, məktəbin komsomol katibi olur. Humanizmi, insanpərvərliyi, ciddiliyi, dərin biliyi ilə həm şagirdlərin, həm də iş yoldaşlarının böyük hörmətini qazanır.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin linqvistika (dilçilik) ixtisası üzrə tələbəsi olduğu müddətdə dövrünün görkəmli alimlərindən dərs alan Heydər Hüseynov ərəb və fars dillərinə mükəmməl yiyələnir. Ona Türk (Azərbaycan) dili və ədəbiyyatdan Bəkir Çobanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Fəlsəfədən Mikayıl Hüseynov, Cahangir Nağıyev, ərəb dilindən əslən fələstinli İbrahim Uaruar, fars dilindən Bəndəli ibn Səhib əl-Cauzi, linqvistikadan (dilçilikdən) A.R.Zifeldt-Simumyağı, Şərq incəsənəti tarixindən V.M.Zummer və başqaları dərs deyir. Belə məşhur insanların tələbəsi olmaq istedadlı Heydər Hüseynovun yüksək bilikli bir kadr kimi yetişməsində böyük rol oynayır. Hələ məktəb illərindən bədii yaradıcılığa meyl edən Heydər universitetdə oxuduğu illərdə də şeirlər yazır.
Taleyi daim çətinliklərdən keçən Heydər Hüseynov universiteti də bitirə bilmir, 1930-cu ildə dövlətin qərarı ilə siyasi səbəblərdən bağlanan indiki BDU-nun tələbələrini Pedaqoji İnstituta köçürülər və 1931-ci ildə o, həmin ali məktəbin pedaqoji fakültəsini  bitirməli olur. Alimin şəxsi arxivində onun institutu bitirməsi ilə bağlı diplomunun surəti saxlanılır. Hesab edirəm ki, o dövrdəki təhsil sistemi və fənlərin tədrisi ilə bağlı məlumat əldə etmək, həm də iki ali məktəbdə təhsil almalı olan Heydər Hüseynovun öyrəndiyi fənlərin adları müəyyən maraq kəsb edə bilər. Ona görə də həmin siyahını hörmətli oxucuların diqqətinə çatdırıram: 1. Psixologiya, 2. Pedaqogika tarixi, 3. Yaxın şərq tarixi, 4. Azərbaycan tarixi, 5. Azərbaycanda sinfi mübarizənin tarixi, 6. Azərbaycan ədəbiyyatı, 7. Azərbaycan ədəbiyyatı tarixi, 8. Materializm tarixi, 9. SSRİ türk-tatar xalqlarının tarixi, 10. Türk incəsənəti tarixi, 11. Şərqdə sinfi mübarizə tarixi, 12. Rus ədəbiyyatı tarixi, 13. Şərqi Avropa ədəbiyyatı tarixi, 14. Dialektik materializm, 15. Türk dili, 16. İşlənən türk dialektləri, 17. Dilçiliyə giriş, 18. Sovet konstitusiyası, 19. Türkologiyaya giriş, 20. Ana türk ədəbiyyatı, 21. Türk dilinin elmi qrammatikası, 22. Ümumi etnologiya, 23. Türk dilinin müqayisəli qrammatikası, 24. Ərəb dili, 25. Fars dili, 26. Topoqrafiya, 27. Siyasi iqtisad, 28. Elmlərin metodologiyası, 29. Taktika, 30. Atıcılıq işi, 31. Hərbi-kimyəvi iş, 32. Hərbi - mühəndislik işi.
Azərbaycan Pedaqoji İnstitutunun ən fəal və istedadlı məzunu kimi Heydər Hüseynov Azərbaycan Dövlət Elmi tədqiqat İnstitutunun Fəlsəfə şöbəsinin aspiranturasına göndərilir. Bir il aspirantura təhsili aldıqdan sonra Sənaye İnstitutuna (indiki ADNSU) və Sovet Ticarəti İnstitutuna (indiki UNEC) fəlsəfə müəllimi təyin olunur. Marksizm-Leninizm fəlsəfəsini maraqlı və çox gözəl tədris edən gənc müəllim tez bir zamanda tələbələrin sevimlisinə çevrilir. Sonralar o, Azərbaycan Dövlət Tibb Politexnikumunda da müəllimlik edir.
Körpəlikdən taleyi üzünə gülməyən, ömrünün sonunadək tale oyunları ilə mübarizə aparan Heydər Hüseynov 1934-cü ildə tacir Süleyman Abdullayevin Tale adlı qızı ilə ailə həyatı qurur (Həm tacir, həm də Müsavat partiyasının üzvü olduğuna görə qayınatası Süleyman 1937-ci ildə güllələnir). Heydər Hüseynovla Tale Abdullayevanın ailəsində üç qız uşağı - 1935-ci ildə Sara, 1939-cu ildə Leyla, 1941-ci ildə Sevda dünyaya gəlirlər.
Bu illərdən etibarən Heydər Hüseynov gərgin yaradıcılıqla məşğul olur və ümumittifaq səviyyəsində tanınmağa başlamışdı. 1934-cü ildə Mirzə Fətəli Axundovun "Kəmalüddövlə məktublar"nı redaktə edərək üç dildə - Azərbaycan, fars və rus dillərində çapa hazırlamışdı. 1935-ci ildə Leninqrada getmiş, görkəmli şərqşünaslar Yevgeniy Eduardoviç Bertels, İvan İvanoviç Meşaninov, Ermitajın direktoru İosif Abqaroviç Orbeili ilə elmi və dostluq əlaqələri yaratmışdı.  
Məlum olduğu kimi, 1935-ci il oktyabrın 25-də akademik Frans Yulyeviç Levinson-Lessinqin (1861-1939) rəhbərliyi ilə Zaqafqaziya Filialı Azərbaycan Şöbəsinin bazasında birbaşa SSRİ Elmlər Akademiyasının tabeliyində olan Azərbaycan Filialı yaradılmışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi ilə Azərbaycanın artıq Akademiyada şöbə qismində deyil, filial statusunda fəaliyyət göstərməsinə meydan açılmışdır. Azərbaycan Filialı respublikada elmi qüvvələrin təşkilatlanması üçün çox səmərəli fəaliyyət göstərmişdir. Qısa müddət ərzində Azərbaycan Filialında Kimya, Geologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Botanika, Zoologiya, Energetika, Fizika və Torpaqşünaslıq Sektorları təşkil olunmuşdur. Statusun artması Azərbaycan Filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının yaradılmasına imkan vermişdir. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, az sonra Dilçilik, Ədəbiyyat institutları, Coğrafiya İnstitutu, Neft və Kimya İnstitutu məhz həmin tarixi mərhələdə açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində aparılmış tədqiqatlar daha sistemli və ardıcıl olmuş, ölkənin sosial-iqtisadi inkişafının və mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə özünün müsbət təsirini göstərmişdir. Xüsusən, kimya, geologiya, coğrafiya, botanika, energetika istiqamətləri üzrə əldə edilmiş mühüm elmi nəticələr, meydana çıxmış təşəbbüslər SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına böyük nüfuz qazandırmışdır. 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının yaradılması həmin dövrdə respublika üçün əlamətdar hadisələrdən biri olmuşdu.
SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının və orada aparılan elmi işlərin təşkilində böyük xidmətləri olan Heydər Hüseynov 26 yaşında ikən Filialın sədr müavini, 1944-cü ildən - 36 yaşında ikən sədri olur. SSRİ Elmlər Akademiyasının prezidenti Vladimir Leonteviç Komarov, vitse-prezidentləri Otto Yulyeviç Şmidt, İvan İvanoviç Meşaninov onun işini yüksək qiymətləndirirlər.       
Yorulmaq bilməyən istedadlı Heydər Hüseynov 1936-cı ildən etibarən Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Sovet Ensiklopediyası Komitəsində işləməyə başlayır. Həmin komitədə əvvəlcə elmi işçi, sonra elmi katib kimi fəaliyyət göstərir. Komitə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutuna çevrildikdən sonra həmin institutun direktoru vəzifəsinə təyin edilir. Bu illərdə onun elmi fəaliyyəti daha geniş vüsət alır. İnstitutun əməkdaşları ilə birlikdə lüğətlərin tərtibi üzərində gərgin işə başlayır, dilçiliklə, ədəbiyyatla bağlı məqalələrini çap etdirir. 1939-cu ildə onun rəhbərliyi ilə "Rusca-Azərbaycanca lüğət", "Rusca-Azərbaycanca məktəbli lüğəti", "İzahlı Azərbaycanca-Rusca lüğət" çap olunur.
1939-cu il martın 23-də Heydər Hüseynova SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə Sənaye İnstitutunun "Dialektik və tarixi materializm" kafedrası üzrə dosent elmi adı verilir. 1939-cu il iyunun 15-də Heydər Hüseynov Tiflis şəhərində "M.F.Axundovun fəlsəfi görüşləri" adlı dissertasiya müdafiə edir.
30-cu illərin dramatik hadisələri bir çoxları kimi Heydər Hüseynovun həyatında da silinməz acı izlər buraxır. Yaxın qohumlarının, o cümlədən, dost və həmkarları - Əhməd ağa Kazımovun, Ağabala Mehdiyevin, sevimli müəllimi Bəkir Çobanzadənin və başqalarının həbsi, güllələnməsi onun ideallarını sarsıdır, dünyaya baxışında müəyyən dəyişikliklərə səbəb olur.
Avtoritar bir mühitdə, hər şeyin respublika başçısının münasibətindən asılı olduğu dövrdə Azərbaycanın rəhbəri M.C.Bağırovun gənc alimə rəğbəti, sözsüz ki, onun taleyində böyük rol oynayır. Heydər Hüseynovun həyatı ilə bağlı aparılan tədqiqatlar bunu deməyə əsas verir ki, M.C.Bağırov bu istedadlı gənc alimə xoş münasibət bəsləmiş, onun vəzifəcə irəli çəkilməsində, müəyyən məqamlarda təhlükələrdən kənarlaşdırılmasında rol oynamışdır. Belə ki, 1937-ci ildə repressiya dalğası SSRİ-ni ağuşuna alanda Azərbaycan Sovet Ensiklopediyası işçilərinin əksəriyyəti həbs olunur, bir hissəsi güllələnir. Lakin tacir ailəsindən çıxan, qayınatası Müsavatın üzvü kimi repressiyaya məruz qalan Heydər Hüseynova toxunulmur, ara soyuyana qədər Azərbaycandan uzaqlaşdırılır. Hətta 1940-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Heydər Hüseynov elmi və pedaqoji sahələr üzrə yeni kadrların yetişdirilməsində göstərdiyi xidmətlərə görə "Şərəf nişanı" ordeni ilə təltif olunur.
Heydər Hüseynov 1941-ci il 29 dekabrda bir qrup Azərbaycan ziyalısı ilə cəbhəyə yollanır. Geniş bilik və bacarığı, yüksək natiqlik qabiliyyəti olan gənc alim döyüşçülər qarşısında faşizmlə bağlı çıxışlarında dinləyicilərini faşizm üzərində qələbənin labüdlüyünə, mədəniyyətin heç bir qüvvə tərəfindən məhv edilməyəcəyinə əminlik yarada, optimizmə kökləyə bilirdi. Müharibə illərini onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. O, bu illərdə "SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının elmi ensiklopediyası", "Antifaşist şair", "Vətənpərvərlik dramı", "Fərhad və Şirin", "Vətənpərvər şair", "Məhəbbət", "Mübarizəyə çağıran əsər", "Ədəbiyyatımız xalqımızın fəxridir", "Görkəmli ictimai xadim", "Azərbaycan alimi və şairi Mirzə Cəfər haqqında", "Azərbaycanın mədəniyyət sahəsində müvəffəqiyyətləri", "Həsən bəy Zərdabi akademik M.A.Pavlovun müəllimi olmuşdur" və digər məqalələrini çap etdirir.
Heydər Hüseynovun həyatını izlədikcə onun təkcə görkəmli alim kimi deyil, bir vətəndaş, təəssübkeş insan kimi kəşf etmiş oluruq. Belə ki, müharibənin ilk illərində ölkədə Müdafiə Fondu yaradılanda, Azərbaycanda tank istehsalına kömək üçün vəsait yığılanda əmək haqqından həmin fonda 1500 manat keçirir. Buna görə 27 aprel 1943-cü il tarixində Heydər Hüseynova Stalinin adından təşəkkür teleqramı gəlir. 
27 may 1944-cü il tarixində isə "Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixinin əsas problemləri" adlı fundamental əsəri işləyib hazırladığına görə SSRİ Xalq Komissarları Soveti yanında Ümumittifaq Ali Məktəb Komitəsinin Ali Attestasiya Komissiyasının qərarı ilə Heydər Hüseynova fəlsəfə elmlər doktoru elmi dərəcəsi və professor elmi adı verilir.
Ona göstərilən diqqətdən daha da ruhlanan Heydər Hüseynov respublika və ümumittifaq miqyasında daha böyük işlər görməyə, Azərbaycan elminin həm təbliği, həm də inkişafı istiqamətində yeni layihələr həyata keçirməyə başlayır. 1943-cü ildə "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" kitabının birinci cildi, 1944-cü ildə isə ikinci cildi çap olunur. Müharibənin ağır illərində belə kitabların işıq üzü görməsi Azərbaycan alimlərinin böyük zəhmətinin, Heydər Hüseynovun yuxusuz gecələrinin, tükənməz enerjisinin və yüksək təşkilatçılıq qabiliyyətinin nəticəsi idi.
1944-cü ildə Heydər Hüseynovun "Azərbaycan alimi və şairi Mirzə Cəfər haqqında böyük rus mütəfəkkiri V.Q.Belinskinin rəyi" adlı məqaləsi çap olunur. Məqalədə belə böyük bir şəxsiyyətin xalqı tərəfindən tanınmasını vacib hesab edən Heydər Hüseynov bu istiqamətdə işlərini durmadan davam etdirir. Tarixin səhifələri arasında itib-batan, öz doğma torpağında tanınmayan mütəfəkkirlərin irsini axtarıb-arayır, bəzən siyasi rejimin verdiyi müəyyən imtiyazları aşıb gələcək tədqiqatlar üçün platforma yaradır, Azərbaycan elmini düzgün məcraya yönəldir. Heydər Hüseynov, sadəcə, bir tədqiqatçı deyildi. O, Azərbaycanda ümumən ictimai və humanitar elmlərin başında duran və onlara tematik, ideoloji istiqamət verən bir şəxsiyyət idi. Azərbaycanda gələcək tədqiqatların istiqaməti və dərsliklərin məzmunu onun dünyagörüşündən, mövqeyindən çox asılı idi. Bu mövqe Moskva üçün təhlükəli həddə gəlib çatmışdı. Heydər Hüseynov müttəfiq respublikalara verilmiş şərti, nisbi müstəqillik hüdudlarını çoxdan keçmiş və marksist ideologiyasının pozitiv məqamlarına istinad etməklə milli şüurun və milli mədəniyyətin inkişafı naminə imperiyanın yol verə biləcəyindən qat-qat çox işlər görmüşdü. Heydər Hüseynov elmi irsinə nəzər salarkən söhbətin daha çox öz yazıçılarımızdan getdiyini, tədqiqat obyekti kimi Nizami Gəncəvinin, Mirzə Fətəli Axundovun, Mirzə Kazım bəyin, Səməd Vurğunun əsərlərinin seçildiyini görərkən bunları öz "elmi-tədqiqat" standartlarına uyğunlaşdıra bilmirlər. Lakin əsl fəlsəfə bu "standartlardan" çox yüksəkdə durur. Heydər Hüseynov yeri gələndə dialektikadan, idrak nəzəriyyəsindən yazmasına, yeri gələndə Moskvadakı diskussiyalarda iştirakına, o cümlədən, Andrey Aleksandroviç Jdanovun sədrliyi ilə keçirilən məşhur bir ideoloji məclisdə - akademik Qriqoriy Fedoroviç Aleksandrovun "Qərbi Avropa fəlsəfəsi tarixi" kitabının müzakirəsində çıxış etməsinə və "Voprosı filasofii" jurnalının ilk nömrəsində çap olunmasına baxmayaraq, daha çox dərəcədə milli-fəlsəfi fikrin qaynaqlarını araşdırmağa üstünlük verirdi.
Sonrakı dövrlərdə məhz Heydər Hüseynovun bu missiyasının davamı olaraq Nizaminin, Füzulinin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin və digər görkəmli Azərbaycan mütəfəkkirlərinin yaradıcılığı fəlsəfi müstəvidə tədqiq edilmiş, bu mövzularda çoxlu dissertasiya işləri, məqalələr və monoqrafiyalar yazılmışdır. 1944-cü ildə Üzeyir Hacıbəyova dərin hörmət bəsləyən Heydər Hüseynov onun 60 illik yubileyinin keçirilməsində əlindən gələni əsirgəmir, onun təklifi ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti İncəsənət institutuna dahi bəstəkarın adını verir. Üzeyir Hacıbəyovun kitablarının çapı prosesinə şəxsən özü nəzarət edir.
"Rus artilleriyasının allahı" hesab olunan Əliağa Şıxlınskinin "Xatirələrim" kitabının yazılmasında və çap edilməsində Heydər Hüseynovun müstəsna rolu olmuşdur. Yeri gəlmişkən qeyd edim ki, "Xatirələrim" Azərbaycan tarixində ilk və yeganə hərbi memuardır. Həmin dövrdə çar ordusunda xidmət etmiş general haqqında danışmaq, onunla ünsiyyət qurmağın yasaq olduğu zaman, balaca bir otaqda tək-tənha yaşayan generalla dəfələrlə görüşən, bu memuarın əhəmiyyətini, gələcək nəsil üçün dəyərini yaxşı başa düşən Heydər Hüseynov Elmlər Akademiyasından bir nəfər ayırır və həmin şəxs generalın diktə etdiklərini yazıya alır. 
1944-cü il avqustun 18-də SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının böyük salonunda general Əliağa Şıxlinskinin ölümünün bir illiyi münasibəti ilə xatirə gecəsi keçirilir. Filialın Rəyasət Heyətinin sədri kimi gecəni Heydər Hüseynov açır. Bu çıxışında Əliağa Şıxlinskini hərtərəfli bir şəxsiyyət kimi səciyyələndirən, onu general olmaqla bərabər, Azərbaycan dilini mükəmməl bilən və onun lüğətini hazırlayan dilçi alim kimi tanıdan görkəmli filosof-alim deyir: "Yaşının ötməsinə, səhhətinin pozulmasına baxmayaraq, general Əliağa Şıxlinski həyatının son günlərinə qədər dilimizin vəziyyəti, terminologiya, orfoqrafiya, lüğətçilik məsələləri ilə maraqlanırdı. Onu tez-tez Lüğətlər İnstitutunda görmək olardı". Heydər Hüseynov Əliağa Şıxlinskiyə dərin hörmət və həssas münasibət bəslər, institutun hazırladığı lüğətlərlə onu tanış edər və bu barədə fikrini bilmək istərdi.
Elmi, pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə bir çoxlarına örnək olan Heydər Hüseynov müharibə dövründəki fəaliyyətinə görə "Qırmızı Əmək bayrağı" ordeni, "Qafqazın müdafiəsi üçün", "1941-1945-ci illər Vətən müharibəsində şərəfli əmək üçün" medalları ilə təltif olunur. 1945-ci ildə Azərbaycan Sovet Yazıçılar İttifaqının üzvü seçilir.
(Ardı var)

MİSİR MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

Digər xəbərlər