20:33 Azərbaycanlı yazıçı Qəni Camalzadənin daha bir beynəlxalq platformada müsahibəsi təqdim olundu
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Azərbaycanlı yazıçı Qəni Camalzadənin daha bir beynəlxalq platformada müsahibəsi təqdim olundu
ƏDƏBİYYAT
10.05.2026, 20:33 Oxunub: 645Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan yazıçı-publisist Qəni Camalzadə beynəlxalq ədəbi aləmdə növbəti uğura imza atıb. Belə ki, onunla geniş müsahibə ABŞ-da fəaliyyət göstərən “Reader Magazine” platformasında “Featured Interview With Gani Jamalzada” başlığı ilə yayımlanıb.
Müsahibədə yazıçı həyat və yaradıcılıq yolundan ətraflı bəhs edib.
1001info.az oxucu marağını nəzərə alaraq Qəni Camalzadə ilə xüsusi müsahibəni təqdim edir.
– Özünüz haqqında bir az danışın. Harada doğulmusunuz və hazırda harada yaşayırsınız?
Mənim adım Qəni Camalzadədir. 1956-cı ildə Azərbaycanın Lerik rayonunda anadan olmuşam. Uşaqlıq illərimi kənddə keçirmişəm. Daha sonra Bakıya köçərək burada böyüyüb, təhsilimə davam etdirməklə ədəbi fəaliyyətimi formalaşdırmışam. Hazırda Bakıda yaşayıram. Həmçinin Roki adlı Alman ovçarkası cinsindən olan itim var. O, çox ağıllıdır və gündəlik həyatımın vacib bir hissəsidir.
– Kitablara marağınızı neçə yaşda kəşf etdiniz? Yazmağa nə vaxt başladınız?
Ədəbiyyata marağım çox erkən yaşlarda yaranıb. On üç yaşım olanda artıq yüzdən çox bədii kitab oxumuşdum. İlk olaraq şeir yazmağa başladım, lakin sonradan nəsrə üstünlük verdim. İlk çap olunan yazım 1968-ci ildə “Pioner” jurnalında dərc olunub. Daha sonra universitet illərində ilk hekayəm “Ədəbiyyat və incəsənət” qəzetində yayımlandı. Bu hadisə mənim ciddi ədəbi yolumun başlanğıcı oldu.
– Oxumaq üçün sevdiyiniz müəlliflər kimlərdir? Hansı janra üstünlük verirsiniz? Sizi yazmağa kim və ya nə ilhamlandırır?
Mən həm klassik, həm də müasir ədəbiyyatı oxumağı sevirəm. İstirahət üçün detektiv janrına müraciət edirəm, lakin daha dərin məna axtararkən klassik romanlara qayıdıram. Markes kimi müəlliflərə böyük hörmətim var. Onun “Yüz ilin tənhalığı” əsəri, eləcə də Çingiz Aytmatovun “Əlvida, Gülsarı ” kimi əsərləri mənə ilham verir. Ümumilikdə isə ilhamım təkcə yazıçılardan deyil, həyatın özündən, tarixdən və insan təcrübəsindən qaynaqlanır.
– Son kitabınız haqqında bir az məlumat verə bilərsinizmi?
"Şeytana daş atanlar" romanını yazarkən ilk növbədə cəmiyyətdə tez-tez rast gəldiyimiz ziddiyyətləri – zahiri dindarlıqla daxili boşluq arasındakı uçurumu göstərmək istəmişəm.
Əsərin əsas ideyası isə çox sadə, amma eyni zamanda çox ağır bir sual üzərində qurulub: insan öz daxilindəki “şeytanla” mübarizə aparmadan onu kənarda axtara bilərmi? Biz çox vaxt özümüzdə olan qüsurları görmək istəmirik və onları simvolik şəkildə uzaqlara – başqa məkanlara ötürməyə çalışırıq.
Həcc mövzusuna da məhz bu baxışla yanaşmışam. Mənim üçün Həcc yalnız dini ritual deyil, insanın özünə qayıdışı, daxili təmizlənmə yoludur. Oraya gedən insanların niyyəti isə fərqlidir: kimisi doğrudan da saflaşmaq, yenidən doğulmaq istəyir, kimisi isə cəmiyyət içində “hörmətli” görünmək üçün bu yolu seçir.
Mən əsərdə demək istəmişəm ki, Tanrı insana həmişə bir şans verir – təmizlənmək, yenilənmək şansı. Amma o şansdan necə istifadə etmək artıq insanın öz iradəsindən asılıdır. Romanın fəlsəfəsi də elə buradan başlayır və elə burada bitir.
Mən hər zaman yaradıcılığımda dərinlik və səmimiyyətə nail olmağa çalışıram.
(Bir daha qeyd edək ki, müsahibə ABŞ-ın “ReaderMagazine” saytında yayımlanıb)
Bu müsahibənin ABŞ-da yayımlanması Qəni Camalzadənin yaradıcılığının beynəlxalq səviyyədə maraq doğurduğunu göstərir və Azərbaycan ədəbiyyatının dünyada tanıdılması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Digər xəbərlər