ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ruhum, gözlərini yum... - Romandan parça

ƏDƏBİYYAT
30.09.2025, 15:46 Oxunub: 144Ruhum, gözlərini yum... - Romandan parça
Sənin "Ruhum, gözlərini yum…" misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini, özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini görməmək üçün ruhun gözlərini yumması, indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...
(Birinci fəsil)
Sintopiya yarımadasının üzərində qara buludlar getdikcə sıxlaşırdı... Okean tərəfdən yarımadaya doğru yavaş-yavaş sürünən buludlar yaxınlarda qopacaq güclü bir qasırğanın xəbərçisi kimi görünürdü.
Sahil boyunca həyat davam edirdi: nəhəng albatroslar ağır qanad çırpıntıları ilə havada dövrə vurur, bəzən sanki qara buludların özü ilə yarışa girirmiş kimi daha yüksəyə qalxırdılar. Onların çığırtısı sükutu yararaq uzaqlara yayılır, sonra isə dalğaların təmkinli hənirtisi ilə qarışırdı. Bəzən quşlardan biri qəfildən suya baş vurur, dərinliklərdən çırpınan gümüşü balığı dimdiyində sıxaraq yenidən səmaya millənirdi. Balığın parıltısı günəşsiz göyün bozluğunda qısa bir işıq qığılcımı kimi yanıb-sönür, sonra isə albatros havadaca balığı udurdu, daha sonra o anlar da okeanın özünəməxsus qoxusuna qarışıb yox olurdu.
Sintopiya yarımadası okeana doğru uzanan iri bir əl kimi idi. Onun barmaqları sanki okeanın üstündə dayanmış qayalıqlardan ibarət idi. Ucsuz-bucaqsız okeanın suları Sintopiyanı sanki hər tərəfdən qucaqlayıb bağrına basmışdı.
Sahildən bir az aralıda ucalan nəhəng göydələnlər parlaq şüşələri ilə okeanın maviliyini öz üzərində əks etdirir, günəşin hər zərrəsini min rəngə bölüb səxavətlə geri qaytarırdı.
Buralar qaynar meqapolisi xatırladırdı - binalar, iaşə obyektləri, işıqlı küçələr və gündüzlə gecəni fərqləndirməyən rəqəmsal panellər... Sintopiyada həyat daim hərəkətdə idi, amma bu hərəkətin içində qəribə bir ruhsuzluq hökm sürməyə başlamışdı, elə bil həyatın bütün ruhu, aurası qəribə bir şəkildə kompüterlərin içinə sorulub yox olmuşdu...
Yarımadanın daha içərilərinə gedəndə isə mənzərə dəyişirdi. Burada artıq betonun sərtliyi yox olur, şəhərin gurultusu arxada qalır, sanki insan başqa bir aləmə qədəm qoyurdu.
Geniş və yaşıl bağların arasında əzəmətli malikanələr boylanırdı - hər biri incə zövqlə işlənmiş bir memarlıq əsərinə bənzəyirdi. Bu malikanələrin böyük eyvanları günəş işığında parıldayır, bəzilərinin pəncərələrindən isə zərif pərdə arxasından süzülən işıq küçəyə laübalı kölgələr salırdı.
Buradakı küçələr sakit, geniş və ağaclarla əhatəli idi. Ağacların budaqları bir-birinə qarışaraq yuxarıda yaşıl bir tağ əmələ gətirmiş, o tağın altından keçən hər kəs sanki doğma təbiətin qoynunda addımlayırmış kimi hiss edirdi.
Quşların aramsız cəh-cəhi, küləyin yarpaqlar arasındakı pıçıltısı burada yaşayanlara sanki sirli bir meşə ab-havası bəxş edirdi.
Zövqlə tikilmiş əzəmətli malikanələrin ətrafına qırmızı kərpicdən, üstü incə işlənmiş hasarlar çəkilmişdi. Hər bir hasarın bəzəklərində qədim naxışların ruhu hiss olunurdu, sanki daşların hər biri özündə zamanın izlərini daşıyırdı. Hasarların üstündən topa-topa sarmaşıq gül kolları sallanır, onların budaqları günəşə uzanaraq bir-birinə dolaşırdı. Çiçəklərin açılmış ləçəklərindən yayılan misilsiz qoxu hər tərəfi bürüyür, bu qoxu ilə qarışan torpaq və yaşıl otun ətri insana uşaq çağlarından qalan xatirələri qaytarırdı. Ətrafa yayılan bu qoxu və mənzərə bütöv bir harmoniya yaradır, burada hər daş, hər yarpaq, hər sarmaşıq kolu bir-birini tamamlayırdı.
Bu malikanələrdən biri isə bütün Sintopiyada tanınırdı. İnsanlar o malikanəni sahibinin şöhrəti ilə tanıyırdılar: Leon Varrekin evi. Hər kəs bu evin qarşısından keçərkən istər-istəməz başını qaldırıb ona bir daha baxır, sanki malikanənin hər daşında sahibinin adını görürmüş kimi hiss edirdi. Əzəmətli sütunları ilə qədim yunan memarlığını xatırladan, amma müasir üslubun incəlikləri ilə cilalanmış bu ev, günəşin qızılı şüaları altında parıldayır, gecələr isə işıqlandırılmış fasadı ilə uzaqdan belə öz möhtəşəmliyini nümayiş etdirirdi.
Süni intellekt üzrə dünyanın ən məşhur alimlərindən biri olan Leonun adı ilə bu ev artıq yarımadanın rəmzinə çevrilmişdi. Malikanənin geniş bağında qurulmuş müasir heykəllər, texnologiya ilə sənətin vəhdətini göstərən incə nümunələr idi. Elə bil burada yalnız daş və metal yox, gələcəyin nəfəsi də dil açıb danışırdı.
Leonun şöhrəti bütün dünyaya yayılmışdı, dövlət onu xüsusi himayə edir, elmi eksperimentlərinə hər cür dəstək verirdi. O, elmi kəşfləri ilə məhdudlaşmırdı, Leonun adı həm də gələcəyə ümid və insan ağlının sərhədsiz gücü ilə bir yerdə anılırdı. Odur ki, insanlar üçün bu ev sadəcə bir yaşayış yeri deyil, sanki Sintopiyanın düşüncə və inkişaf rəmzi idi. Hamı danışırdı ki, o, robotlara can və ruh vermək üzərində çalışır, onları tamamilə insana bənzətmək üçün mühüm bir süni intellekt layihəsi üzərində işləyir.
Malikanə iki mərtəbəli idi. Üst mərtəbədən okean görünürdü - günəş çıxanda okeanın üzərindəki işıq sanki birbaşa Leonun pəncərəsinə səpilirdi. Həyətində nadir ağaclar, gül kolları, kiçik bir süni gölməçə və qiymətli daşlardan düzəldilmiş su fəvvarəsi vardı. Axşamlar gölməçənin ətrafı işıq panelləri ilə bəzənir, evin həyəti nağıldan çıxmış kimi bir görünüş alırdı.
Malikanənin içi də bir o qədər zəngin, zərif idi, zövqlə döşənmişdi. Geniş qonaq otağında divarlardan biri tamamilə şüşədən idi; oradan həm bağ, həm də uzaqdan parıldayan okean görünürdü.
Bu evdə Leon tək yaşamırdı. Onun gənc və gözəl həyat yoldaşı Elora - 30 yaşında idi. Zərif qamətli, uzun açıq-qəhvəyi saçlı, gözlərində dəniz maviliyinin parıltısı olan bir qadındı. Elora evi öz varlığı, öz hərarəti ilə doldururdu. Onların beş yaşlı oğlu - Darin vardı. Qara qıvrım saçlı, daim sual dolu baxışlarla dünyaya baxan balaca bir oğlandı, dəcəl və sevimli uşaqdı.
Evin həyətində çox vaxt ana-bala ikisinin gülüşü eşidilirdi. Darin anasının ətrafında qaçıb-oynayır, bəzən fəvvarənin yanına qaçaraq su damcılarını əlləri ilə tutmağa çalışırdı. Elora gülə-gülə oğlunun ardınca yüyürür, sanki bütün dünyası onun balaca addımlarında cəmlənirdi.
İlk baxışda bu evdə hər şey xoşbəxtlikdən, rifahdan xəbər verirdi. Amma xoşbəxtliyin bir tərəfi çatlamışdı. Çünki bu evin kişisi və ölkənin böyük alimi - Leon Varrek ailəsindən günbəgün uzaqlaşırdı.
O, səhərlər ertədən qalxır, ailəsi ilə səhər yeməyi belə etmədən evin arxa tərəfində yerləşən gizli laboratoriyasına çəkilirdi. Günün çox hissəsini də orada keçirirdi. Axşam qayıdanda isə nə Darinin oyun dolu baxışları, nə də Eloranın incə səsi onu gerçək dünyaya qaytara bilirdi. Leon daim elm dünyasında öz bitməz-tükənməz fikir-xəyalı ilə məşğul idi. Robotlara ruh verib onları insanlara bənzətmək üçün gecəni gündüzünə qatan alim özü getdikcə ruhsuz, duyğusuz robota çevrildiyinin fərqində deyildi...
Elora bunu hiss edir, amma hələ ki susmağa üstünlük verirdi. Fikirləşirdi ki, onun layihəsi çox vacibdir və bu günlərdə onu sıxışdırmaq lazım deyil. Amma gözlərindəki incə kədər kölgəsi ərinin ev-eşikdən, ailəsindən getdikcə uzaqlaşmasına verilən ruhi reaksiyası idi. Əslində, daxilən çox əzab çəkirdi, amma indilik səbir etməyin doğru olduğunu düşünürdü. Oğlu Darini qucaqlayarkən belə, bəzən Leonun laboratoriyasının pəncərəsindən süzülən işığını seyr edir, içindəki boşluğu gizlətməyə çalışırdı.
Leon isə öz laboratoriyasında az qala texnoloji avadanlıqlarla "danışır", süni zəkanın kodları ilə ünsiyyət qurur, düşünürdü ki, bəşəriyyəti xilas edən məhz bu olacaq. Amma evin içində onun arvadı və kiçik oğlu sadəcə, insan kimi, ata kimi onun doğma təbəssümünə və isti ağuşuna möhtac şəkildə daim onun yolunu gözləyirdi.
Malikanənin arxa tərəfindəki laboratoriya çöldən baxanda, sadə bir əlavə tikiliyə bənzəyirdi, amma içi tamamilə başqa bir dünyaydı. Leon Varrek orada özünün ən böyük xəyalını reallaşdırırdı, süni intellektin sərhədlərini aşmaq üçün özünü oda-közə vururdu.
Laboratoriyanın giriş qapısı yalnız göz bəbəyi tanıma sistemi ilə açılırdı. Qapı arxadan xışıltıyla aralananda sanki başqa bir aləmə keçid açılırdı. İçəridə soyuq metalın və elektronikanın qoxusu duyulurdu.
Hər tərəfi parlaq panellər əhatə etmişdi. Geniş zalın ortasında nəhəng şüşə kapsullar düzülmüşdü; onların içində müxtəlif mərhələdə olan robot fiqurları vardı. Bəzilərinin yalnız karkası tamamlanmışdı, bəzilərinin isə baş hissəsinə qədər incə metal üzlüklər bərkidilmişdi. Kapsulların altından nazik borular keçir, içəridəki mexanizmlərə elektrik axını verirdi.
Divar boyunca iri server qüllələri sanki buz sütunları kimi işıq saçırdı. Minlərlə kod sətirləri laboratoriyadakı nəhəng ekranlarda hərəkət edir, Leonun gözləri o sətirlərdən ayrılmırdı. O, hər sətiri yeni bir həyat damarı kimi görürdü.
Laboratoriyanın arxa küncündə ən gizli sahə vardı - "A" kapsulu. Orada hələ heç kimə göstərmədiyi, gizli olan təcrübəsi gizlənmişdi: qadın siluetli humanoid robot. Şüşə arxasında qara kabellər bədəninə dolanmış, gözlərinin yerində isə yalnız sakit mavi işıq yanan bir varlıq dayanmışdı. Leon ona tez-tez baxır, amma heç vaxt dilə gətirmirdi. Elə bil, həmin varlıqla özü arasında gizli sövdələşmə vardı...
Leon laboratoriyada saatlarla dayanır, bir də görürdü ki, gün çıxıb batır, amma o, vaxtın necə keçdiyini hiss etməyib. Ona elə gəlirdi ki, bütün dünyanın bilmədiyi suallara cavabı yalnız bu soyuq kodlar və ruhsuz robotlar verə bilər. Oğlu Darinin "ata, mənə bax", arvadı Eloranın "əzizim, sənin üçün çox darıxırıq" deyən səsi isə onun şüurunda çox uzaqdan gələn sədadan başqa bir şey deyildi...
Bəzən Elora laboratoriyanın pəncərələrindən içəri boylanmağa cəhd edirdi, lakin onlar xüsusi şüşədən hazırlandığı üçün içəridən çöl görünsə də, çöldən içərini görmək mümkün deyildi. Leon bəzən intuitiv olaraq arvadının pəncərədən baxdığını hiss etsə də, başını qaldırıb baxmırdı. Onun gözlərində artıq yalnız rəqəmlərin və mexaniki beyinlərin işığı yanırdı.
Laboratoriya artıq qarşısıalınmaz bir gücə çevrilib ailəsini yavaş-yavaş Leonun əlindən alırdı. Və bu itki sanki Leon üçün o qədər də əhəmiyyətli deyildi.
Elora bir dəfə qapını aramsız döymüşdü, Leon narazı sifətlə qapını açıb onu laboratoriyaya buraxmışdı. Elora içəridəki hər şeyə maraqla baxmış, sonra da Leona nəsə demək istəyəndə əri onu sərt baxışları ilə susdurmuşdu. Elora da küskün bir şəkildə laboratoriyanı tərk etmişdi və ondan sonra bir də heç oraya girməyə cəhd göstərməmişdi.
...Gecə yarısı idi. Laboratoriyanın işıqları hələ də yanırdı. Serverlərin xışıltısı, kabellərin zəif uğultusu Leon üçün artıq musiqi kimi idi. Kodların axınına baxa-baxa saatların necə keçdiyini unutmuşdu.
Nəhayət, yorğun halda kreslodan qalxdı, dəmir qapını açıb həyətə çıxdı. Havanın sərinliyi nazik yaylıq kimi üzünə çırpıldı. Səmada ulduzlar parlayırdı, malikanənin işıqları da elə ulduzlar kimi parlaq idi.
Leon ağır addımlarla malikanənin eyvanına tərəf getdi. Ev dərin sükut içindəydi, yalnız ikinci mərtəbənin pəncərəsindən zəif işıq süzülürdü. O pəncərənin arxasında Elora oğlu Darinin otağında onu qucaqlamış, nağıl danışırdı. Leon qapının ağzında bir az dayanıb arvadının nəvazişli, incə səsini dinlədi. Bir anlıq dayanıb baxdı. Pəncərədən görünən mənzərə xoşbəxt ailə tablosu idi - ana ilə övlad bir-birinə sığınmış, şirin yuxuya gedirdilər.
Sonra ağır addımlarla yataq otağına yönəlib orada duşa girdi. Yerinə girib necə yuxuya getdisə, arvadının otağa gəlməsindən də, onu qucaqlayıb yatmasından da xəbəri olmadı.
Səhərin ilk işıqları Sintopiyanı işıqlandıranda Leon oğlunun gülüş səslərinə yuxudan ayıldı. Təzə çörək qoxusu hər yanı bürümüşdü, evin yardımçısı malikanənin yamyaşıl bağçasında süfrə açmış, masanın üzərinə naz-nemətləri düzürdü.
Leon əl-üzünü yuyub həyətə enəndə Elora qayğıkeşliklə onu süfrəyə çağırdı. Leon etiraz etmək istəyirdi ki, elə bu arada alikanənin həyətinə boz rəngli elektromobil girdi. Elora ailəvi dostlarını səhər yeməyinə dəvət etmişdi. Elektromobildən Leonun yaxın dostu, fəlsəfə sahəsində tanınmış alim Mark Deyl və onun həyat yoldaşı - gülərüz, zərif Selina düşdülər. Selina mehribanlıqla dərhal Eloranı qucaqladı, sanki çoxdan görüşməyən bacılar bir-birinə qovuşmuşdu.
Ağacların kölgəsindəki geniş yemək masasında ağ örtüklü süfrənin ətrafında deyə-gülə oturan qonaqlar malikanəyə xüsusi şənlik gətirmişdilər. Şən qəhqəhələr, şirin söhbətlərlə həyət də sanki canlanmışdı. Darin gah atasının dizinə dırmaşır, gah qonaqların qarşısında uşaq zarafatları edərək hamını güldürürdü. Selina ilə Elora mehribanlıqla söhbət edir, hərdən öz aralarında xısınlaşıb nəyəsə gülürdülər. Elora da həmin an daxili rahatlıq duyurdu - sanki bu evdə Leonun yadlaşması qonaqların gəlişi ilə yoxa çıxmışdı. Hər şey təmiz, ailəvi səmimiyyətlə dolu idi.
Yemək bitəndən sonra qadınlar evə keçib divanda əyləşdilər. Qəhvənin xoşagələn qoxusu otağı doldurmuşdu. Selina yumşaq səslə Eloraya:
- Ev çox gözəldir... Sən də xoşbəxt və gözəl görünürsən, əzizim - dedi.
Elora gülümsədi, amma ardınca baxışları xəfifcə kölgələndi:
- Xoşbəxtəm, əlbəttə. Amma... Leon son vaxtlar laboratoriyadan ayrılmır. Darin onunla daha çox vaxt keçirmək istəyir, amma o, hər dəfə işlərini, eksperimentlərini bəhanə gətirir. Mən çalışıram onu anlayım, bilirəm ki, çox lazımlı layihə üzərində işləyir, vacib bir kəşfin astanasındadır. Amma onun elm və kəşf ehtirasları bizi ondan məhrum buraxır. Sanki cismən bizim yanmızda olsa da, ruhən bizi tərk edib, Selina...
Selina mehribanlıqla onun əlini sıxdı:
- Mən səni anlayıram. Mark da çox vaxt elmi işlərinə qapılır. Amma biz ailəni itirməmək üçün hər zaman bir-birimiz üçün ən önəmli olan ünsiyyətimiz, sevgimiz və ailəmizdir. Nə qədər böyük kəşflər olsa da, övladının səsindən, arvadının nəvazişindən, sevgisindən dəyərli ola bilməz. Məncə, fürsət düşəndə bu barədə Leonla danış, onu başa sal, bütün bağlar qırılmamış vaxtında həyatını sahmanlasın. İstəsən, mən Marka deyərəm, o da imkan yaranan kimi bununla bağlı Leonla danışar...
Elora kədərli şəkildə susdu, sonra başını yelləyib dedi:
- Onda Leonun acığı tutar, elə bilər ki, mən şikayətlənmişəm. Sadəcə mən öz ərim üçün o qədər darıxıram ki... Düşünsənə, ərin yanındadır, amma fikri sənin yanında deyil, bir yerdə uzanmısınız, o isə hansısa robotu canlandırmaq haqqında düşünür...
Selina mehribanlıqla Eloranı qucaqlayıb təsəlli verdi:
- Narahat olma, əzizim, əminəm ki, Leon ağıllı insandır, o, ailənin dəyərini anlayır, sadəcə ola bilsin ki, indi bir az elə bir mərhələdədir ki, işlərinə daha çox diqqət yetirməli olur... Yoxsa heç sənin kimi gözəl qadına, yaxşı bir anaya belə soyuqluq edərmi?
Otağın bu küncündə qadın-qadına səmimi söhbət davam edən vaxt Leon dostu ilə laboratoriyanın gizli qapısından içəri keçdi.
İçəri daxil olandan sonra laboratoriyanın işıqları avtomatik yananda Markın gözləri heyrətlə açıldı:
- Leon... Sən buranı tamam başqa bir dünyaya çevirmisən!
Leon təbəssümlə dostuna yaxınlaşdı:
- Bu, yalnız başlanğıcdır. Əsl laboratoriyamı hələ görməmisən.
Mark təəccüblə soruşdu:
- Nəyi nəzərdə tutursan?
Leon masanın üstündəki holoqrafik xəritəni açdı. Yarımadanın uc hissəsində böyük bir adanın konturları göründü. O, barmağı ilə həmin yeri göstərdi:
- Bu ada artıq mənimdir, Mark. Dövlətə təqdim etdiyim layihəni təsdiqləyiblər və ora uzun müddətə mənim elmi fəaliyyətim üçün ayrılıb. Orada yeraltında hər şeylə təmin edilmiş nəhəng bir sığınacaq laboratoriya var. Mən orada süni intellektlə bağlı bütün işlərimi daha rahat, daha üstün təchiz olunmuş laboratoriyada davam etdirəcəyəm.
- Ora köçməyi düşünürsən? - deyə Mark soruşdu.
Leon səsini bir qədər sərtləşdirərək cavab verdi:
- Hə. Çünki burada mənə mane olurlar. Darin gah çöldə dayanmadan qışqıraraq məni çağırır, Elora bəzən işlərimə qarışır... Mənim isə itirəcək vaxtım yoxdur. Mən süni intellektin ən mükəmməl forması üzərində işləyirəm. Fövqəlinsan modelində bir süni zəka proqramlı robot yaradacağam, heç nəyiylə insandan fərqlənməyəcək.
O, bir anlıq dayandı, sonra yavaş səslə əlavə etdi:
- Mən artıq ilk nümunə olaraq qadın formalı bir model hazırlayıram. O, üstün insan olacaq, Mark. Əslində, düşüncəsi ilə, gücü ilə, hissləri ilə insanı tamamlayan və ondan daha dəyərli bir varlıq olacaq... Səhvsiz, qüsursuz, ağıllı və mükəmməl. Bu, mənim ən böyük kəşfim olacaq.
Mark uzun müddət susdu. Nədənsə gərgin bir sükut yaratdı. Nəhayət, sakitcə dedi:
- Leon... sən elmlə bəşəriyyət üçün böyük işlər edə bilərsən, mükəmməl robot da hazırlaya bilərsən, buna inanıram. Amma ailəni, həyatını buna qurban verməyə dəyərmi? Ən mükəmməl robot belə yenə də kamil olmayan, qüsurlu insan qarşısında daim geri planda qalacaq. Çünki insan elə qüsuru, yanlışı və mükəmməl olmamamsı ilə dəyərlidir. Həyata da ona görə gəlib ki, o qüsurları düzəldərək ruhunu təkamül etdirsin.
Leon gözlərini bir anlıq yerə dikdi, amma sonra yenə kapsuldakı mavi işıqlı qadın fiquruna baxdı. Sanki cavabı çoxdan hazır idi, ancaq o cavabı nədənsə Markla paylaşmaq istəməyib susdu...
...Gecəyarısı Sintopiyada hər şey sakitləşmişdi. Şəhərin sahilə açılan işıqları uzaqdan okeanın üzərində sanki ulduzların əksini xatırladırdı.
Leonla Elora yataqda yanaşı uzanmışdılar. Elora yavaşca ərinə sarıldı, başını onun çiyninə qoydu, incə əlləri ilə Leonun qolunu oxşadı. Onun bədəni sevgiylə ərinə sığınmaq, bir az istilik və doğmalıq tapmaq istəyirdi. Amma Leon ağır nəfəs aldı, sanki yorğun idi və asta, yumşaq bir hərəkətlə onu geri itələdi.
Eloranın gözlərində dərin məyusluq dolaşdı. Onun zərif səsi qırıq-qırıq çıxdı:
- Leon, sən niyə mənim toxunuşuma belə cavab vermirsən?
Leon sanki bunu eşitmədi, baxışlarını tavana dikdi. Sonra astadan, amma qərarlı səslə danışmağa başladı:
- Elora, əzizim, uşaq kimi ərköyünlük etməyin yeri deyil. Qulaq as, sənə bir şey deməliyəm. Yarımadanın qarşısındakı böyük adanı bilirsən də? Yarımadadan oraya asma körpü ilə birləşir... Dövlət oranı artıq mənə verib. Adı Sinland adasıdır. Orada dövlətin çox mühüm eksperimentlər üçün tikdiyi nəhəng yeraltı kompleks var. Mən laboratoriyamı ora köçürəcəyəm. İşlərimi daha da genişləndirib dünya səviyyəsində uğur qazanmağım üçün külli miqdarda vəsait ayıracaqlar. Buradakı laboratoriyadakı işlər məni məhdudlaşdırır. Orada isə heç kim məni dayandıra bilməz, çoxdandır arzusunda olduğum hədəfimi reallaşdıracağam. Axşamacan işləyəcəyəm, gecə evə dönəcəyəm. Amma ola bilər ki, işlərin qızğın vaxtında bəzən evə qayıda biməyim, orada qalacağam.
Elora sanki yerində donub qaldı. Dodaqları titrədi, gözləri doldu. Səsi titrək çıxdı:
- Leon, sən hələ buradakı - bir addımlığımızdakı laboratoriyadan da çıxmırsan, üzünə həsrət qalmışıq, amma ən azından təsəllimiz var ki, bizimlə vaxt keçirməsən də, lap yaxınımızdasan. İndi isə bizdən tamamilə uzaqlaşıb başqa bir adada gizlənəcəksən?
Leon susdu, çünki onun sözlərində ittiham vardı. Elora ağlamağa başladı, yanaqları ilə yaşlar süzüldü.
- Malikanənin içində belə sənin üzünü ancaq gündə bir dəfə görürük, o da laboratoriyadan çıxsan. Darin hər dəfə "ata" deyəndə sən qapını bağlayıb özünü laboratoriyaya salırdın. Mən isə səni gözləyirdim...
- İndi isə deyirsən bizi tamamilə buraxıb o adaya köçəcəksən?
Leon dərin nəfəs aldı. Bir anlıq sanki ürəyində tərəddüd doğdu. Amma dərhal sərtləşdi:
- Mən bunu elmin gələcəyi üçün edirəm, Elora. Mənim yolum budur. Biz evlənəndə də bilirdin ki, mən elm adamıyam, bütün gün layihələr, kəşflər üzərində işləyirəm. İndi belə narazılıq etməyin nə mənası var?
- Bilirəm, sən alimsən, bütün dünya səni tanıyır, amma bir azdan öz doğma övladın səni tanımayanda bütün dünyanın səni tanımağının bir mənası qalacaq sənin üçün? Axı bütün kəşflər də, texnoloji yeniliklər də insanın xoşbəxtliyi üçündür. Demirəm ki, elmdən aralaş, işini görmə, sadəcə deyirəm ki, bizə də vaxt ayır, özümüzə xoşbəxtliyi, insan ünsiyyətini rəva görə bilməyəcəyiksə, o elmin dəyəri nədir? Bizim üçün bir-birimizdən daha dəyərli nə ola bilər ki, əzizim?
Leon qəti şəkildə dedi:
- Bu məsələ müzakirəlik məsələ deyil, Elora. Bundan sonra işlərimi daha ciddi və intensiv şəkildə Sinlandda davam etdirəcəyəm. Çalışacağam ki, sizə də mümkün qədər diqqət ayırım. Malikanədə də sizin hər rahatlığınız təmin olunacaq. Mən də imkan tapdıqca gəlib-gedəcəyəm. Bu layihəni uğurla tamamlasam, bütün dünyada misilsiz bir yenilik olacaq, Elora! Təsəvvür edirsən, zahirən insandan heç fərqlənməyən, amma intellekti və imkanları adi insandan milyon dəfələrlə üstün bir varlıq yaratmaq nə deməkdir? Bu, yeni bir insan növü, insan irqi yaratmaq deməkdir, Elora!
Elora sarsılmış halda üzünü çevirdi, anladı ki, Leon artıq gerçəklik duyğusunu itirib, aralarında dərin, qaranlıq bir uçurum yaranıb. Bu uzaqlıq ona necə təsir etdisə, hönkürtüsünü saxlaya bilmədi. Geniş və möhtəşəm bir malikanənin ortasında, yataqda yalnız bir qadının hönkürtüsü gecənin sükutunu parçalayırdı. Leon sakitcə, sanki vəzifəsini yerinə yetirirmiş kimi - duyğusuz halda sakitcə Eloranın saçlarını oxşayıb, üzünün divara çevirib yuxuya getdi.
Eloranın gözünün yaşı axıb yastığı isladırdı, yanında əri sakitcə yatır, onun isə ürəyinin dərinliyində hiss etdiyi ağrı və boğucu boşluq hissi qəlbini parçalayırdı...
Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist

Digər xəbərlər
jpg-1759141427.jpg)