ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
"7 tamam" verilişi "7 canlı"nın zövqsüz, qeyri-peşəkar emalı oldu... - Sevda Sultanova yazır
ŞOU
04.11.2023, 11:30 Oxunub: 3063" Bəziləri məşhurlaşıb şou ilə..."
Fəaliyyət göstərdiyi müddətdə "Xalq parad", "Ulduz oldun", "Nanəli" kimi populyar layihələrin aparıcısı olmuş, 18 illik televiziya təcrübəsinə malik Nanə Ağamalıyevanın bir çox həmkarından üstünlüyü müəyyən bilgi və savadı, normal diksiyasıdır. Hərçənd, əksər hallarda sürətli danışdığından və səbəbli-səbəbsiz gülüşündən dilindən çıxan sözlər aydın eşidilmir, kəlmələr yarımçıq səslənir. Üstünlük sayılmasa da, Nanə Ağamalıyevanı fərqləndirən digər cəhət isə onun narsisizmidir. Verilişlərindəki şapkalar Nanə Ağamalıyevanın ifrat özünəvurğunluğu, daim təriflənmək simptomplarına yoluxması haqda tamaşaçıya dərhal ilkin informasiya ötürür. Verilişlərinin ("Günün sədası", "Nanəli", "7 tamam") əvvəlində verilən 7-10 saniyəlik qısa musiqili rolik - şapka televiziya standartlarına qətiyyən uyğun gəlmir. Əslində, şapka verilişin məzmununa, konsepsiyasına uyğun yığılmalıdır. Nanə Ağamalıyevanın proqram başlıqarı isə bəzi sosial media istifadəçilərinin hesablarında yerləşdirdikləri qlamur intonasiyalı video və fotoların məzmununu xatırladır. Məsələn, "7 tamam" verilişinin şapkasında olduğu kimi. Müxtəlif pozlardakı fotolarında Nanə Ağamalıyeva teleaparıcı obrazında deyil; burada daha çox onun qadın kimliyi, seksuallığı, geyimləri, naz-qəmzəsi qabarıq görünür. Yaxud yaxınlara qədər səhər saatlarında efirdə yayımlanmış "Günün sədası"nın başlığında o, şəhər mənzərələrinin fonunda kosmetik məhsulları reklam edən aktyorun bədən dili ilə danışır, uzun saçlarını və ətəyini ədayla yellədir.
"Nanəli" verilişinin şapkalarından biri isə serial posterlərinin kompoziyasına uyğun qurulmuşdu. Hər iki tərəfdən sırayla dayanan məşhur müğənnilərin lap önündə, mərkəzi hissədə dayanan Nanə Ağamalıyeva toy qiyafətində kameraya xəfif təbəssümlə baxır. Məlumatsız adam posterə baxsa, onun sevgi hekayəsindən bəhs edən hansısa serialın qəhrəmanı olduğunu düşünər. Seriala xas mizan-kompozisiya, dediyimiz kimi, televiziyanın etik-estetik ölçülərinə qeyri-adekvatdır.
"7 tamam"ın buraxılışlarından birində proqramın daimi personajı Tamam adlandırılan robot Gülay Zeynallıya "eşitdiyiniz ən qəribə kompliment hansı olub" sualını ünvanlayanda, müğənni çiyinlərini çəkib, dəqiq nəsə xatırlamadığını deyir. Nanə Ağamalıyeva söhbətə dərhal müdaxilə edir: "Mənim yadımdadır özümə aid bir söz. Sual mənə ünvanlasaydı, cavab verərdim". Robot "Nanə xanım, onda sualı sizə də ünvanlayıram" deyən kimi aparıcı fövqəladə bir həyəcan və sevinclə qarmon ifaçısı Aftandil İsrafilovla ilk görüşündən danışdı. Qarmon ustasının nə vaxtsa ona heyranlıqla baxıb "sanki yuxu görürəm, röyadayam" deməsini bütün ölkəyə bəyan eləyən aparıcının nəqlinə qonaqların reaksiyasız qalmasından anlaşıldı ki, onlar bu komplimentin hansı qəribəlik xüsusiyyəti daşıdığını idrak edə bilməyiblər. Aftandil İsrafilov baməzə adam idi, ola bilsin, diqqətdən, təriflənməkdən xoşlanan Nanə xanıma bu sözləri zarafatca deyib, aparıcı isə həmin an eyforiyaya qapıldığından vəziyyəti ciddi qəbul edib. Bir buraxılışda isə Nanə Ağamalıyeva dolayı və dolaşıq fikirləriylə aparıcı kimi dəsti-xətti olduğunu, bəzi müğənnilərin onun yanında özünü ciddi apardığı halda, digər verilişlərdə bayağı davrandıqlarına ləzzətlə eyham vurdu. Qısası, uzun illər televiziyada çalışmasına, populyarlığına rəğmən, Nanə Ağamalıyevanın hər dəfə özünütəsdiqə emosional ehtiyacı olduğu aşikardır. "7 tamam"ın əvvəlində səslənən "Qarşılayın! Teleməkanın ən sevimli, ən tanınmış aparıcısı Nanə Ağamalıyeva" təqdimatı da onun emosional ehtiyacının ödənməsinə yönəlib. Amma yenə də simasındakı ifadələr tamaşaçıya psixoloji təzyiq göstərir: "Mən fərqliyəm, seçilirəm, səviyyəliyəm, ulduzam, ulduzam"...
Əslində, Nanə Ağamalıyevanın teleşəxsiyyət statusunu əldə etməsindən ötrü vacib keyfiyyətləri (individual obrazı, tərzi, baxışı, duruşu) çatışmır. Təbii ki, fərqlilik, seçilmək iddiası ilə əməl arasında uyğunluq şərtdir. Ümumiyyətlə, hər hansı sahədə uzun müddət çalışmaq peşəkarlıq, keyfiyyət göstəricisi anlamına gəlmir. Ədəbiyyatda bunun ən bariz nümunəsi bütün ömrünü teatra vermiş Kəbirlinski obrazıdır. Yəni məntiqlə layihədən-layihəyə Nanə Ağamalıyevanın plankası, peşəkarlıq səviyyəsi artmalıydı. Məsələn, Nanə Ağamalıyeva səhər efirində-forma və məzmunca bir yeni detal belə daşımayan "Günün sədası"nda "Ulduz oldun"da olduğu kimi qonaqlarını kövrəldərək ağladırdı. Halbuki səhər efiri bir qayda olaraq xoş ovqatla açılmalı, dinamik keçməli, müsbət enerji ötürməlidir.
Yaxud "7 tamam" verilişi Vüsalə Əlizadənin "7 canlı"sını peşəkarlıq baxımından üstələməliydi. Amma sözügedən proqram "7 canlı"nın zövqsüz, qeyri-peşəkar emalı oldu "7 tamam"ın vizual tərtibatı, strukturu "7 canlı"nın xırda redaktərlərlə təkrarıdır; sadəcə, bir qədər studiyanın forma və rəng həllində, işıq effektlərində əhəmiyyətli olmayan dəyişikliklər edilib. Verilişdə şou maqazin proqramlarının köhnə-kürüş, istifadəyə yararsız fəndlərinə müraciət olunur. Məsələn, belə bir təqdimatı nəzərdə tuturam:
"Hər zaman qalmaqallı açıqlamaları ilə diqqətləri üzərinə çəkən müğənni Mənzurə Musayeva və meyxanaları ilə seçilən İntiqam, Ehtiram qardaşları "7 tamam"ın qonağıdır. Mənzurə Musayeva heç yerdə demədiklərini bizim verilişdə açıqlayacaq. Ehtiram və İntiqam qardaşlarının yeni ifaları ilk dəfə "7 tamam"da səslənəcək". Və niyəsə mətn konfliktli, kirminal verilişlərə uyğun musiqi ilə sinxronlaşır. Ümumiyyətlə, şou proqramlarda kadrarxası mətnlər eyni məzmun və intonasiya daşıyır: "Filankəsin qalmaqallı açıqlamaları, filankəs bəhmənkəs haqda görün, nə dedi, o, heç yerdə demədiklərini burda deyəcək" və s. Belə basmaqəlib yanaşma ümumən teleməkanda şou anlayışına münasibətdə yaradıcı tükənmişliyin əlamətləridir. Bu, həm də ona görə baş verir ki, obrazını heç cür yeniləyi bilməyən, aparıcı kimi özünü təkrarlayan Nanə Ağamalıyevanın bir şou aparıcısına hava-su qədər vacib olan efir xarizması, unikal yumoru, vəziyyətləri dəyərləndirəcək gözlənilməz, maraqlı replikaları yoxdur. Ümumiyyətlə, o, maraqlı olmağı bacarmır, çünki maraqlı olmaq həm də insanın təbiətindən qaynaqlanır.
Bu proqramı "7 canlı"dan fərqləndirən yeganə yenilik robot libasında efirə çıxan, pinti hazırlanan, qadın cinsində təqdim olunub nədənsə kişi səsiylə danışan Tamam bacımızdır. Dramaturgiya gərəyi, o, Nanə Ağamalıyevanın cəsarət edib verə bilmədiyi sualları səsləndirməliydi. Amma onun sualları şou proqramlarında min dəfə səslənən suallarla eyni məzmun ("Bəs hansı müğənni ilə heç vaxt toy aparmazsınız, sənətdə sevmədiyiniz şəxs kimdir, pulla xoşbəxt olmur deyirlər, razısınızmı" tipli) daşıyır və bu halda robotun verilişdəki funksiyası mənasını itirir.
Üstəlik də, Nanə Ağamalıyeva, Tamam studiyaya təşrif buyuranda necə davranacağını, studiyada harda dayanacağını, onunla efirdə yaradıcı əməkdaşlığı necə quracağını bilmir. Sadəcə, robotun aydın səslənməyən fikirlərinə düzəliş etməklə onun passiv köməkçisi roluna keçir.
İctimai, sosial, mədəni, hətta əyləncə məzmunu belə daşımayan verilişdə robotun hər cürə eksperimentlərə məruz qalması - eşitmə orqanımıza işgəncə verən səsiylə "meyxana" deməsi
(Şəhərə robot gəlib qalmaqal ilə
Xoş getdin ay brat, get bay bay ilə
Bugün sizi bağlayacam söz ilə
Çətinə düşsəz ordan mənə göz elə
Bəziləri məşhurlaşıb şou ilə
Bəziləri, tı kto takoy dava dasvidaniya), onun üçün xınayaxdı mərasiminin keçirilməsi, başına duvaq salınması, yaxud Mələkxanım Əyyubova ilə qardaşı oğlu müğənni Ramalın canlı efirdə qohum münasibətlərini saf-çürük etməsi - özünü səviyyəli adlandıran aparıcı tərəfindən təhrik olunmaları təfəkkür, düşüncə böhranının parlaq təzahürüdür.
Nanə Ağamalıyeva istedadsız aktrisa təsiri bağışlayır. Verilişin qonaqlarından biri Fərda Amin canlı efirdə guya özünü pis hiss edərək başını əlləri arasına alır. Fərdanın o andakı halına guya inanan aparıcı özünü sarsılmış, narahat olmuş kimi aparır və dərhal "tamaşaçılar bilir ki, mən reytinq xətrinə belə şey etmərəm" xəbərdarlığını da unutmur. Lakin eyni zamanda verilişi yarıda kəsib tədbir də görmür. Fərda Amini isə yaxın planda göstərməyə davam edirlər. Haçandan-haçana Nanə Ağamalıyeva "həkim çağırın, anonsa keç" deyir. Studiyaya qayıdanda Fərdanın artistlik elədiyi ortaya çıxır. Və aktyorun bu "performans"ı vasitəsilə müğənni Elçin Cəfərovun ad gününü təbrik etməsi arasındakı məntiqi əlaqə qaranlıq qalır.
Nanə Ağamalıyevanın vizual obrazı - qiyafəti, makiyajı, saç düzümü toy estetikasındadır. Bir il öncə "AStar" yutub layihəsində Ülvira Qarayevanın qonağı olan stilist Anar Ağakişiyevin aparıcının zahiri obrazı ilə bağlı fikilərində haqlı məqamlar çox idi: "Nanə bərbad görünməklə səhər tamaşaçısının zövqünü korlayır. Vacibdirmi səhər qırmızı pomadanı çəkmək, saçı "naços" eləmək, ziyafət əlbisələrində səhər efirinə çıxmaq? Bu, zövqsüzlüyün pik nöqtəsidir".
Efir mədəniyyəti zahiri görünüşlə bağlı başqa tələbləri diktə edir. Əlbəttə ki, əyləncəli proqram aparıcısının geyimi xəbər aparıcısının geyimindən, makiyajından, saç düzümündən fərqlənməlidir. Lakin bu, heç bir halda şou aparıcısının zövqsüz, aşırı parıltılı, ziyafət üslubunda geyinməsinə əsas vermir. Əksinə, bu zaman verilişin xarakteri, aparıcının obrazıyla yanaşı, studiyanın tərtibatı, rəng həlli də nəzərə alınmalıdır.
Başqa bir problem Nanə Ağamalıyeva da daxil olmaqla bir çox aparcının estetik əməliyyatlarda ifrata varması, nəticədə fərdin üzünün xarakterik cizgilərinin itməsi və üz-göz ifadələrinin işləksizliyidir.
İş elə gətirib ki, biz artıq efirdə normal, təbii, özünəməxsus emosiyaları olan insanları görə bilmirik. Halbuki teleaparıcının özünü və mətnini cizgi və emosiyaları ilə ifadə etməsi vacibdir.
Kəsəsi, bir qədər sərt təhkiyə ilə desək, Nanə Ağamalıyevanın həftəiçi hər gün ATV kanalında yayımlanan "7 tamam" əyləncəli proqramı "məna və məzmundan kasad veriliş necə ola bilər" sualına ən aydın və əyani cavabdır...
Sevda SULTANOVA