ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
"Anası müştərisiz qalandan-qalana onun yanında, isti yataqda uyuyan bu oğlan..."- hekayə
ƏDƏBİYYAT, DÜNYA ƏDƏBİYYATDAN
03.09.2022, 01:12 Oxunub: 40051001info.az fransız yazıçısı | Gi de Mopassanın "ŞKAF" hekayəsini təqdim edir.
ŞKAF
Söhbət yava qadınlardan düşmüşdü, çünki nahar fasiləsindən sonra, həm də sırf kişi məclisində başqa nədən danışıla bilər ki?
Aramızdakılardan birisi:
— Heç bilirsiniz mənim başıma necə qəribə əhvalat gəlib? – deyə soruşdu.
Bunun ardından isə belə bir əhvalat nağıl elədi:
— Keçən il qış axşamlarından birində bütün varlığımı sarsıdacaq qədər güclü bir kimsəsizlik və tənhalıq hissi mənə hakim kəsildi. Yəqin ki, eyni hissləri çoxunuz yaşamısınız. Öz otağımda tənhalığımla baş-başa oturmuşdum və birdən mənə elə gəldi ki, bir az da beləcə yalqız qalsam, bu təklik axırıma çıxacaq, çünki belə qorxunc yalqızlıq hissi gec-tez adamı intihara qədər gətirib çıxara bilir.
Nə edəcəyimi dəqiq bilməsəm də, paltomu geyinib evdən çıxdım. Bulvara yetişəndən sonra bu cansıxıcı axşama çox da məhəl qoymadım və müştəriləri nisbətən seyrəlmiş gecə kafelərinin qabağında bir xeyli dolaşdım. Adama elə gəlirdi ki, bu aramsız yağan narın yağış nəinki adamın əyin-başını, belə getsə, hətta iliklərini də islatmağa qadirdir. Əlbəttə, bu yağış islanmaqdan qurtulmağa can atan adamları evlərin daldalanacaq yerlərində gizlənməyə vadar edən güclü nisan (aprel — A.Y.) yağışlarından fərqlənirdi və ayrı-ayrılıqda bəlkə də gözə görünməyən damlalardan ibarət tül pərdə kimi, fasiləsiz olaraq göydən yerə səpələnir, əyin-başı islatması bir yana, hələ bir adamın canına üşütmə də salırdı.
Küçədə o baş, bu başa var-gəl edərək birtəhər bu iki saatımı öldürmək üçün «Hara gedim?» deyə düşünürdüm və onda, ilk dəfə öz-özümə etiraf etdim ki, gecələr dərd-qəmdən yaxa qurtarmaqdan ötrü bu boyda Parisdə bir dənə də olsun gediləcək yer yoxdur. Nəhayət ki, daha çox qadın ticarəti ilə ad çıxaran Foli-Berjerə tərəf üz tutmalı oldum.
Zalın ölçülərinə görə tamaşaçı sayı çox az idi. Nal biçimli foyedə gəzişən müəmmalı adamların bütün zahiri görkəmindən, yəni yerişlərindən, geyimlərindən, saç düzümlərindən, saqqallarının biçimindən, şlyapalarının qoyuluşundan və hətta üzlərinin rəngindən belə nə isə bir bayağılıq oxunurdu. Bunların arasında çox az adam haqqında demək olardı ki, o, təmizkardır və ya zövqlə geyinməyi bacarır.
Qadınlara gələndə isə, onların çoxlarınıza məlum olduğu kimi, tanınan fahişələr olduğunu söyləməyə elə bir ehtiyac qalmır. Həmişəki kimi yanbızlarını oynadaraq, ortada gəzişən bu qadınların üz-gözündən sırtıqlıq, zəhlətökənlik və miskinliklə yanaşı, qəribə bir məğrurluq da yağırdı və məhz bu sonuncu özəllikləri adamda onlara qarşı anlaşılmaz bir ikrah hissi oyadırdı. Yekəqarın keşişlər kimi köklükləri bir yana dursun, bədənlərinin gah orası, gah da burası əcaib şəkildə qabaran, leylək kimi uzunayaqlı görünən, üzü üzlər görən bu qadınlara göz qoyduğum zaman belə qənaətə gəldim ki, qısa sövdələşmədən sonra varlığını iyirmi beş franka satan bu məxluqların arasında bir luidora dəyəcək birisini axtarmaq mənasız işdir.
Bu ara baxışlarım çox cavan olmasa da, hələlik təravətini və cazibəsini itirməmiş, işvəli birisinə sataşdı və ilk andan gözüm onu tutdu. Hər hansı tərəddüd duymadan ona yanaşdım və asanlıqla bir gecəliyinə o qadını kiraladım. Tənhalıqdan başqa məni heç nəyin gözləmədiyi evimə təkrar dönmək istəmədiyimdən özünü satan bu qadıncığazın yoldaşlığını və ağuşunu daha üstün bildim.
Onun evinə yollandıq. Əzabkeşlər küçəsindəki böyük evdə yaşayırmış. Pilləkənin işığı çoxdan keçirilmişdi. Mən dalbadal bir neçə kibrit yandırdım, ayağımla pillələri yoxlaya-yoxlaya və ağır-ağır yuxarı qalxdım, arabir büdrədiyim üçün hədsiz dilxor idim.
Tumanını xışıldadan qadın isə önümə düşüb, inamla yeriyirdi.
Beşinci mərtəbəyə çatıb dayandıq. O, məni içəri buraxdı, qapını arxadan kilidləyib, xəbər aldı:
— Yaxşı, deməli sən sabaha qədər mənimlə olacaqsan?
— Hə də. Axı elə danışdıq.
— Yaxşı, qoçum. Mən bunu bir daha dəqiqləşdirmək məqsədiylə soruşdum. Burada bircə dəqiqə gözlə, indi gəlirəm.
O, məni zülmət kandarda təkbaşına qoyub, içəri keçdi. Əvvəlcə onun bir, sonra isə daha bir qapını örtdüyünü eşitdim, sonra isə mənə elə gəldi ki, o, birisiylə danışır. Bu məni həm təəccübləndirdi, həm də şübhələndirdi. Ürəyimə damdı ki, içəridəki adam onu saxlayan qadın dəllalıdır. Bunun qorxulacaq bir yanı yox idi, çünki gördüyünüz kimi mən də özümə görə bir can-cüssə sahibiyəm və yumruqlarım da, maşallah, dəyirman daşı kimidir.
«Baxarıq kim kimi!», — deyə içimdən keçirdim.
Bütün diqqətimi cəmləmişdim və bir az da ehtiyatlanırdım. Otaqda kim isə sanki səs çıxarmamaq üçün ehtiyatla o yan, bu yana gəzişirdi. Bir az sonra içəri otaqda bir qapı da bağlandı və bu səfərki pıçıldaşmanı mən artıq açıq-aşkar eşitmiş oldum.
Nəhayət ki, qadın əlində yanan şamla geri döndü və:
— İçəri keçə bilərsən, — dedi.
Mən qadının müşayiəti ilə otağa daxil oldum.
Biz yemək yeri kimi istifadə olunmadığı sezilən mətbəxdən keçib, yataq otağına üz tutduq. Reps pərdələr asılmış bu məkan yava bir qadına məxsus sadə yataq otağı idi və buna görə də oradakı qırmızı rəngli ipək parçalarla üzlənmiş mebellərin üzərində naməlum ləkələr gözə dəyməkdəydi.
Qadın:
— Öz evindəki kimi, yəni sərbəst ol, qoçum, — dedi mənə.
Otağı diqqətlə nəzərdən keçirdim. Burada heç nə adama təhlükə vəd etmirdi. Paltomu çıxartmağa heç macal tapmamış qadın bir göz qırpımında soyunub, yorğanın altına girdi. Sonra isə qəhqəhə çəkdi:
— Nə karıxmısan? Heykələ dönmüsən, nədir? Cəld ol, əzizim.
Mən sakitcə soyunub yatağa uzandım.
Beş dəqiqədən sonra isə içimdə təcili qalxıb geyinmək və buranı tərk etmək hissi baş qaldırdı. Çünki evdə məni əldən salan, bütün enerjimi sümürən yalqızlıq hissi hələ də yaxamı buraxmamışdı. Hər nə qədər iyrənsəm belə, bu yava qadından nədənsə vaz keçə bilmirdim. Teatrda çilçıraqların gur işığında onun mənə bağışladığı o cazibə hissi də artıq harayasa qeyb olmuşdu. Yanımda uzanaraq, mənə sığınan bu varlıq məndən ötrü adi küçə qadınıydı və onun könülsüz, soyuq öpüşləri mənə lap sarımsaq tamı bağışlayırdı.
Söhbətə başlamaq bəhanəsiylə ondan xəbər aldım:
— Burada çoxdan yaşayırsan?
— Yanvarın on beşində yarım ilim tamam oldu.
— Bundan əvvəl harada yaşayırdın?
— Klozel küçəsində. Ev sahibəm zəhləmi tökdüyü üçün oradan köçdüm.
Bunun ardınca o, ev sahibəsinin özü haqda dedi-qodular yayması ilə bağlı uzun bir əhvalat qırıldatdı.
Qəflətən mən yan tərəfdə, lap yaxınlığımızda kiminsə hənirtisini duydum. Əvvəlcə elə bil kim isə köks ötürdü, sonra isə yüngül, amma tam anlaşılan bir səs gəldi: sanki kimsə oturduğu stulu cırıldatdı. Mən dikəlib yataqda oturaraq soruşdum:
— Bu nədir belə?
Qadın tövrünü pozmadan arxayınlıqla cavab verdi:
— Fikir vermə, qoçum mənim. Yəqin qonşu qadındır. Divarlar çox nazik olduğundan hər şey açıq-aşkar eşidilir. Əlbəttə, bu, çox dözülməzdir. Sanki divarlar kartondandır.
Yerimdən tərpənməyə həvəsim olmadığından təzədən yorğanın altına sürüşüb girdim. Yenidən söhbət qızışdı. Pis yola düşən qadından onun ilk məhəbbət əyləncəsi haqda, işlədiyi ilk günah haqda xəbər almaqla onda keçmiş bakirəliyi ilə bağlı kiçik də olsa, bir nişanə tapmaq, bəlkə də həmişəlik itirilmiş bu bakirəlik və həya haqqında keçici xatirə sayəsində onun vaxtilə necə saf olduğunu göz önündə canlandırmaq və məhz həmin şəkliylə bu qadını bir ara sevişmək istəyi ilə çırpınan bütün digər kişilər kimi, mən də ona ilk məşuqları ilə bağlı suallar yağdırırdım.
Bu arada onun mütləq yalana əl atacağını da yaxşı bilirdim. Qoy olsun. Bəlkə də onun bu uydurmaları arasında nə isə səmimi və ya təsirli bir şey yaxalamaq mümkün oldu.
— Hə, de görüm o kim idi axı?
— Avarçəkmə həvəskarı bir zadəgan idi, qoçum.
— Belə de. Bəs onunla harada tapışdınız?
— Arjanteydə.
— Sən orada nə edirdin ki?
— Restoranda işləyirdim.
— Hansı restoranda?
— «Sahildəki dənizçi»də. Eşitmisən?
— Əlbəttə. Bu ki Bonanfanın meyxanasıdır.
— Özüdür ki var.
— Bəs o, yəni zadəgan, səni necə tovlaya bildi?
— Onun yatağını səliqəyə salanda mənə zorla yiyələndi.
Son dərəcə güclü müşahidə və məntiqi düşünmə qabiliyyəti olan bir həkim dostumun nəzəriyyəsi bu yerdə haradansa ağlıma gəldi. Böyük bir xəstəxanada işləyən o dostum hər gün yenicə ana olmuş xeyli cavan qızı və küçə qadınını qəbul etməli olurmuş. Odur ki, o, qadınların, ən çox da yoxsul qadınların ustaca qurduqları torlara cibləri müftə qazancla, pulla dolub-daşan erkəklərin xam bir şikar kimi necə düşdüklərinə aid hər cür inanılmaz biabırçılıqlardan xəbərdar idi. O deyirdi ki: «Cavan qızların bəkarətini adətən onların öz mühitindən və sinfindən olan adamlar pozurlar. Bu sahədəki müşahidələrim əsasında mən cild-cild əsərlər yaza bilərəm. İmkansız ailələrdən olan cavan qızların bəkarətinin pozulması işi adətən zənginlərin ayağına yazılır. Bu qənaəti sonradan və yalandan yaradırlar. Zənginlər adətən onlara qədər dərilmiş və ya ikinci kərə çiçəkləyən gülləri qoxlayırlar. Qönçələrin siftəsini dərmək şərəfi isə heç vaxt onlara nəsib olmur».
Bu sözlər xatirimdə canlanınca mən üzümü qadına sarı tutub, qəhqəhə çəkdim.
— Amma sən heç vaxt inanmazsan ki, sənin gerçək tarixçən mənə yaxşı bəllidir. O zadəgan səninlə olan ilk kişi xeylağı deyilmiş!
— Sən nə danışırsan, qoçum?! And içərəm ki, mənimlə siftə edən o olub!
— Yalan deyirsən, nazlı quzum.
— Vallahı, yalan demirəm.
— Yox, yalan deyirsən. Yaxşısı budur, hər şeyi olduğu kimi açıb danış.
Göründüyü kimi, o, bundan həm təəccüblənmişdi, həm də tərəddüd edirdi. Mən isə dediyimdə möhkəm dayanmışdım.
— Canım-gözüm, axı, sən bilmirsən ki, mən sehrbazam, ürəkləri oxuyuram. Əgər özün ürəyindəkini açıb deməsən, onsuz da mən səni hipnoz edib, bütün həqiqəti öyrənəcəyəm.
Bütün küçə qadınları kimi o da dardüşüncəli olduğundan ürkək-ürkək məndən xəbər aldı:
— Sən bunu haradan bilirsən ki?
— Yaxşı, yaxşı, danış görək, — deyə dirəndim.
— Əslinə qalanda ilk macəra ilə bağlı danışılacaq elə bir şey də yoxdur. Məhəlləmizdə bayram idi. Bu münasibətlə Aleksandr adlı bir aşpazı biş-düş üçün dəvət etmişdilər. O da öz missiyasına başlayan kimi ona-buna göstəriş verməyə girişmişdi. «Ağa», «xanım» demədən hər kəsi öz buyruq quluna çevirmişdi, lap yerin yiyəsi kimi davranırdı. Ucaboylu, iri cüssəli bir adam idi. Civə kimi bir an da yerində durmur, qaynayırdı. Elə hey deyirdi: «Yağ gətirin, yumurta verin, şərabı buradan götürün». Həm də gərək əldən-ayaqdan iti olaydın, yoxsa cinlənib, qarşısındakına elə sözlər deyirdi ki, adamın yeddi qatından keçirdi.
Axşama doğru iş-güc azaldığından, o, eyvana çıxıb, qəlyan çəkirdi. Qucağımda bir yığın boşqabla onun yanından keçəndə mənə: «Ay qız, bəlkə səninlə bir çay kənarına enək. Məni bu yerlərlə bir az tanış edəsən?» — dedi. Mən də axmaq kimi inandım və ona qoşulub getdim. Elə çayın sahilinə çatmağımızı gördüm, məni elə qəfil, elə cəld altına basdı ki, özümü itirməyim bir yana dursun, bunu niyə etdiyini də kəsdirə bilmədim. Elə həmin günün axşamı, saat doqquzda çıxıb getdi. Bundan sonra onu bir daha görmədim…
— Elə bu? – deyə soruşdum.
— Hə. Florenten də ondandır…
— Florenten? O kimdir elə?
— Oğlum.
— Belə de! Yaxşı deyirsən. Çox yəqin ki, sən özünün o avarçəkmə həvəskarı olan aşiqini də inandırmısan ki, Florentenin atası odur, eləmi?
— Aydın məsələdir.
— Yəqin ki, o zəngin idi, deyilmi?
— Hə. O, Florentenin adına hesaba pul da qoyub. Bu sayədə ildə üç yüz frank qazancım olur.
Bu əhvalat məndə dərin bir təəssürat buraxmışdı.
— Çox gözəl, mələyim, çox pakizə, — dedim. – Deməli, sizləri ağıldan kasad hesab edənlər yanılırmışlar. Bəs indi Florenten neçə yaşındadır?
— Bu yaxınlarda on iki yaşı tamam olacaq. Bu yaz ilk dəfə din ayinləri sinfinə gedəcək.
— Çox gözəl. Anladığım qədəriylə, sən o vaxtdan bəri bu yolun yolçususan?
O, dərindən köks ötürdü: bu, öz acı taleyinə boyun əymiş adamın sözsüz etirafı kimi anlaşılmalıydı.
— Əlimdən başqa nə gələrdi ki?
Qəflətən otaqda möhkəm guppultu qopdu və mən yataqdan dik atıldım. Çox yəqin ki, kim isə yerə yıxılmışdı, indi isə qaranlıqda əlləri ilə divarlardan tutub, ayağa qalxmağa çalışırdı.
Şamdanı əlimə alıb, qəzəb və çaşqınlıq dolu baxışlarla ətrafa göz qoydum. Qadın da yerindən dikəldi, məni sakitləşdirmək məqsədiylə qucaqladı və pıçıldadı:
— Elə bir şey deyil, qoçum. İnan ki, buna heç diqqət yetirməyə də dəyməz.
Axır ki, bu qəribə guppultunun gəldiyi səmti təyin edə bildim. Çarpayının baş tərəfindəki divar şkafının qapısına doğru yönəldim və onu var gücümlə dartdım… Qarşımda öz çəlimsiz varlığıyla tir-tir titrəyən, qorxudan kağız kimi ağarmış çöhrəsindəki qorxu və yalvarış dolu iri gözlərini mənə dikən kiçik bir oğlan uşağı peyda oldu: göründüyü kimi, o, şkafa qoyulan həsir stulda yatıbmış və yuxulu ikən yerə yıxıldığı üçün indi döşəmədə karıxıb qalmışdı.
Vəziyyəti belə görəndə o, əlini anasına tərəf uzadaraq hönkürdü:
— Mən bilmədim, anacan, təqsir məndə deyil. Yuxuladığım üçün yıxıldım. Mənə acığın tutmasın, anacan, təqsir məndə olmadı.
Qadına sarı dönərək xəbər aldım:
— Bu nə oyundur belə?
Xəcalət və dilxorluq arasında çapalayan qadın xırıltılı səslə dedi:
— Əlimdən başqa nə gələrdi axı? Onu pansiona vermək üçün qazandığım pul yetmir, ayrıca uşaq otağı olan bir ev kiralamağa isə imkanım yoxdur. Müştəri düşməyəndə onu öz yanımda yatırdıram. Müştəri bir və ya iki saatlığına gələndə uşaq səssiz-səmirsiz şkafda oturub dözür və başa düşür ki, belə də lazımdır. Amma müştəri sənin kimi, yəni bir gecəliyinə gələndə balam üçün bütün gecəni orada, stulda yatmaq çətin olur, kürəyi qacıyır. Axı, onun hələ nə yaşı var ki?.. Bəlkə bu da onun günahıdır, hə?.. Bütün gecəni sən də stulda o vəziyyətdə yatsaydın, görərdik buna necə dözürsən… Bəlkə də ağzına gələni deyərdin adama…
Əsəbiləşib özündən çıxdığı üçün qadın artıq səsini başına atmışdı.
Oğlan isə durmadan ağlayırdı. Zavallı uşaq. Cılız və ürkək məxluq. Bəli, soyuq və qaranlıq şkafda böyüyən, ara-sıra, yəni anası müştərisiz qalandan-qalana onun yanında, isti yataqda uyuyan bu oğlan həqiqətən də hələlik zavallı, cılız və ürkək uşaq təsiri bağışlayırdı adama.
Bütün bunları düşündükcə acı qəhər hissi boğazımı bürüdü və mən sabahı açmaq üçün öz evimə yollanmalı oldum.
Tərcümə: Azad Yaşar