ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
DOLU SEYF - hekayə
jpg-1746382189.jpg)
ƏDƏBİYYAT
04.05.2025, 22:04 Oxunub: 381001info.az Hüseynbala Mirələmovun " DOLU SEYF" hekayəsini təqdim edir.
DOLU SEYF
Camal müəllim uzun illər idi ki, böyük şəhərin təhsil şöbəsinin müdiri idi. Əslinə qalsa
heç bir iş görmür, hər ay bütün rayonlardan və böyük məktəblərdən paçka-paçka pullar
gəlir və o, tər-təmiz, əziyyətsiz, şah kimi dolanırdı.
Doğrudur, son vaxtlar rayon şöbələri ləğv edildiyindən gəlir xeyli azalmışdı. Ancaq
əvvələn artıq o, yükünü vurmuş, ehtiyatını toplamışdı və bu ehtiyat nəinki ona, hətta oğul
və nəvələrinə də kifayət edərdi.
İkincisi, maaşı xeyli artmış və məktəblərdən də bir şey gəlirdi. Çünki direktorlar yenə
həmin direktorlardı və da hər ay vərdiş üzrə öz borclarını canla-başla yerinə yetirirdilər.
İndi budur, xəbər yayılmışdı ki, bəs, şəhərin təzə meri onu vəzifəsindən kənarlaşdırmaq
istəyir.
Evdə oturub elə fikrə getmişdi ki, bir də arvadı Aygün xanım içəri girəndə ayıldı.
- A kişi, mənə çay gətirdirsən, sonra da içməyib soyudursan.
- Hə? – Camal müəllim diksinib ah çəkdi:
– Arvad, işlər yaxşı deyil.
Aygün əyləşdi.
- Hə? Nə olub ki?
- Nə olacaq, bu idiot Məcidov məni vəzifədən qovmaq istəyir.
- Hə. Bəs niyə oturmusan?
- Neyləyim?
- Necə neyləyim, Əlimərdanlı ölüb bəyəm? Bir az pul götürüb get onun evinə
- Axı, təzə qanunla, bizə o baxmır.
- A kişi, nə danışırsan, Məcidov kimdir? Bu, dağ boyada adamdır. Onun rəyi, onun razılığı
olmadan səni işdən götürmək olar? Mer kimdir? Dünənin gədəsi. Əlimərdanlı hara, o
hara.
- Hə, arvad, düz deyirsən. Qoca qurddur, onun rəyi olmasa, Məcidov bu işə cəsarət
eləməz. Durum gedim.
- Bəs çörək yemirsən?
- Ay arvad, bu vəziyyətdə boğazımdan çörək keçər?
Camal müəllim ayağa qalxdı. Geyinib divar seyfini açıb üç paçka pul götürdü və - ya
Allah, deyib yola düşdü.
Yarım saat sonra o, nazirin qəbul otağında idi. Adamlar çox idi. Əksəriyyəti də qocaman
müəllimlər idi. Hamısı da pul və vəzifə dərdiylə gəlmişdilər.
Köməkçi bir-bir, hərəsinə də 10 dəqiqə vaxt verib içəri buraxırdı.
Lakin Camal müəllimi görüb nazirin telefonuna zəng vurdu. Hər necə olsa da, Camal
müəllim onun həm də həmyerlisi idi.
- Balaş müəllim, Camal müəllim gəlib. Vacib məsələ barədə.
Dəstəkdən həvəssiz olsa da, etika xatirinə - Gəlsin! - sözü eşidildi.
Köməkçi üzünü Camala tutub təbəssümlə:
- Buyurun – deyib onu növbədənkənar içəriyə ötürdü.
Camal müəllim ona tanış olan otağa keçdi.
Uzun otağın o başında, uzun mizin arxasında Əlimərdanlının gur saçlı iri başı
görünürdü. Nazir nəsə yazırdı.
Camal yaxın gəldi. Əl verib görüşdülər. Nazir köhnə tanış və həmkar kimi gülümsəyib –
Hə, Camal, nə var. Belə təcili xeyir ola?
Camal keçib oturdu.
Boynunu uzadıb – Balaş, qadan alım, məni xilas elə!
Və əlini üç dəfə qoltuq cibinə salıb üç paçka şax pul çıxardıb iri, şüşəli stolun üstünə
qoydu.
Nazir bu qədər pulu görüb udqundu. Və iri əliylə bağlamaları götürüb stolun gözünə atdı.
- Ay Camal, səndən olmaz e! De görüm nə var?
Camal müəllim xeyli rahat oub əhvalatı nəql elədi.
Əlimərdanlı iri, girdə gözlərini ona zilləyib diqqətlə qulaq asırdı. Amma əlindəki
qələmin tak-takla stola dəyməsi onun daxili gərginliyindən xəbər verirdi.
Məsələ aydın idi və təzə merin niyyəti barədə xəbər gəlib onun da qulağına çatmışdı. O,
merin necə tərs bir adam olduğunu bilirdi. Onu da bilirdi ki, məsələ artıq həll olunub.
Ancaq bu pul paçkalarını geri qaytarmaq mümkündürmü? Əsla. Əlimərdanlı fikirləşdi
ki, yaxşı, bu idiot onun təklifinə yox desə, nə olacaq. Aydındır ki, Camal pulu geri almaq
üçün onun qəbuluna gələcək. Doğrudur, yerinə hıqqanacaq, amma pul söhbətini dilinə
gətirə bilməyəcək.
Yaxşı, birdən gətirsə...
Yaxşısı budur ki, qəbul etmərəm, guya zanitəm. Hər dəfə bir bəhanə ilə qəbul otağından
qayıtsa, axırda əli üzülüb əl çəkəcək.
Camalın danışıb qurtarıb axırda – Balaş müəllim, qurbanın olum, görün neyləyirsiz? –
deməsi onun qəti qərarı ilə eyni vaxtda səsləndi.
Əlimərdanlı ayağa qalxıb əlini köhnə tanışına tərəf uzatdı:
- Narahat olma. Baxaq görək neyləyirik. Sən işində ol.
Camal müəllim onun gödək və enli əlini sıxıb ayaqlarını sürüyə-sürüyə otaqdan çıxdı
və eloğlusuna təşəkkür edib evə döndü.
Artıq adamları qəbul etmək həvəsi ölən Əlimərdanlı köməkçisinə - vacib işim var, -
deyib şkafı açdı. Paçkaları götürüb baxdı. Hamısı təp-təzə, şax yüzlüklər idi. Bu
axmaq bilmir ki, məsələ artıq qətiyyən mənim səlahiyyətimdə deyil. Doğrudur, gedib
Məcidovun ağzını yoxlamaq lazımdır, vicdanımın qabağında yalançı olmayım, amma
bilirəm ki, idiot çox tərs adamdır, qulaq asmayacaq. Amma getmək lazımdır, elə günü
sabah.
Pul paçkalarını qoltuq cibinə qoyub knopkanı basdı.
- Bəşir, adamlar getdi?
- Bəli, bəli. Yola saldım. Deyinə-deyinə getdilər.
Əlimərdanlı ürəkdən gülüb ona qoşuldu.
- Əbdülə de, maşını qapıya sürsün.
- Baş üstə.
Və bir azdan keyfi kök nazir həyət düşüb sürücünün qapını açıb dayandığı mersedesə
oturdu.
Sürücü Əbdül:
- Balaş müəllim, konservatoriyaya, da? – dedi.
- Yox, yox, evə, - deyə Əlimərdanlı xeyli ağırlaşan və şişən pencək cibinin təsiriylə cavab
verdi. – Günahsız qovulan konservatoriya tələbəsinin taleyi artıq ikinci plana keçdi.
Nazir evə gəlib otağına keçdi. Ebdə arvadı, qulluqçusu və kiçik qızından başqa adam yox
idi.
Otağına keçib seyfi açdı və paçkaları digər paçkaların üstünə qoyub, səliqəylə düzüb bir
də saydı.
Həmin gecə Əlimərdanlı ləzzətlə yatdı.
Ertəsi gün işə dəyib sonra, – günortadan sonra gələcəyəm, - deyib təzədən merlə
görüşməyə getdi.
Yolda fikirləşdi ki, əşşi niyə bu idiotu qıcıqlandırıram. Tərsin biridir. Dediyindən əl
çəkməyəcək. Amma, vicdanı sakit olsun deyə bir yoxlamağı qərara aldı. Yox, gedib bir az
ağzını arayım.
Aydındır ki, maşndan zəng vurdu.
- Əlvan, hə mənəm, Balaşdır. Nə var nə yox, yanına gəlirəm, bir vacib məsələ var.
- Vacibdirsə - professor Əlvan Məcidov nədənsə güldü – buyur. Nazirə icazə nə lazım.
- Sağ ol. Necə olsa, şəhərin xozeyini sənsən.
- Ha... ha... ha... Əlvan Məcidov gülə-gülə dəstəyi qoydu.
Bir azdan onlar artıq təkbətək oturmuşdular. Əlimərdanlı köhnə müəllim olsa da nədən və
necə başlamağı bilmirdi.
Ordan-burdan danışa-danışa Balaş hiss didi ki, gözlərindən anormal düşüncə tərzi açıqaşkar bilinən Məcidovla uzun psixoloji mübarizə lazım gələcək. “Bəli, pul elə-belə gəlmir.
Zəhmət çəkmək lazımdır. Güclü iradə lazımdır. Hər necə olsa o, nazirdir. Çəkisi olmasa da
adı böyükdür.”
Məcidov isə düşünürdü. “Qoca acqurdun görəsən nə azarı var. Gəlir mənbəyi xeyli
azalıb. Altdan-altdan baxıb fikirləşir.” Əlimərdanlı çayı son damlasına qədər içib dedi:
- Bizim nazirliyin böyründəki küçə çox pis vəziyyətdədir. Yağış yağanda gölməçələr əmələ
gəlir.
- Hə, görmüşəm. Yadımdan çıxır. Qoy kalendara yazım. Sabah-birisi gün gəlib düzəldərlər.
- Hə, yadıma düşmüşkən, bizim Camalla aran necədir. İslahatlardan sonra vəziyyəti
necədir.
- Hansı Camal? – deyə mer nazirin ətli üzünə baxdı. Hə, o yaramazı deyirsən. Necəliyini
sən yaxşı bilərsən. Eloğlundur.
- Əlimərdanlı qaşqabaqla:
- Bu nə sözdür. Sən bizim eloğlu deyilsən? – dedi.
- Balaş müəllim, məni həmişə işçinin, adamın əvvləcə necəliyi maraqlandırır,
sonra kimliyi və haralı olmağı.
- Məgər başqaları üçün prinsip başqa cürdür? Biz də kadrları elə seçirik. Mən də o adam
haqqında konkret fikirdəyəm. Sadəcə olaraq sizin rəyinizi öyrənmək istədim.
- Mer məsələni gərginləşdirmək istəməyərək dedi:
- Balaş müəllim, mən onunla işləyə bilməyəcəyəm.
- Niyə ki? O ki, bizim adamdır. Nə desən otkaz etməyəcək.
Məsələ bunda idi ki, Balaş müəllimin özü artıq əvvəlki vəziyyətində deyildi. Mövqeyini
itirmişdi. Nazir kimi də ömrünə çox qalmamışdı.
Lakin Əlimərdanlı bunu hiss etmirdi, hiss etsə də, buna özünü inandıra, özü-özünə etiraf
edə bilmirdi. Amma yüksək eşelondakılara bu artıq məlum idi. Şeytana papaq tikən
Məcidova isə bu, gün kimi aydın idi.
Buna görə də artıq onun xahiş edəcək gücü yox idi və mer Camalın vəzifəsi üçün ürəyində
çoxdan pullu adam axtarırdı.
Rəngi qaralan Balaş pul paçkalarını itirə biləcəyindən dəhşətə gəlib neyləyəcəyini bilmədi
və bir az susub sonra Məcidovun gözlərinə baxdı.
Məcidov da kğhnə qurddu. O da qorxub çəkinmədi və gözlərini yayındırmadı.
Beləcə iki qart canavar bir neçə an bir-birlərinin gözlərinə baxdılar.
Nəhayət Balaş gözlərini çəkib dedi:
- Deməli, Camal müəllimi heç vəchlə xilas etmək olmaz.
Məcidov dostyana gülümsəyərək: – Sənə olan bütün hörmətimə baxmayaraq boynuma
alıram ki, gücüm çatmır.
Araya sükut çökdü. Sonra Məcidov dedi:
- Sən ondan ötrü nahaq yerə narahat olursan. Ok işi özünü yaxşı tutub. Yaxşı bir
məktəbə qoyarsan, yaşayar.
Nazir ona kinayəli bir nəzər salaraq ayağa qalxdı və sağollaşmadan qapıya tərəf getdi.
Yaxşı ki, Əlimərdanlı bu variantın ola biləcəyini əvvəlcədən nəzərə almışdı. Buna görə də
xeyli pərt olsa da, sakit idi.
Aydınıdır ki, pulun qaytarılmasından söhbət gedə bilməzdi. O seyfdən pul götürmək hətta
onunçün də ağır bir iş idi.
Amma məsələni kompensasiya etmək olardı. Yolboyu düşünərək xatırladı ki, Sumqayıtda
da gözlənilir. Sadəcə olaraq ora gedib məsələnin müsbət həllinə gücü çatar. Uzağı ordan
əldə edəcəyi məbləğin yarısını, ya bəlkə də hamısını Camal müəllimə qaytara bilər.
O da daha üzə durub dərinə getməz.
“Yaxşı, cənab idiot, dəmir qapının da taxta qapıya işi düşər. Gör mən sən qapıdan necə
pərt qaytararam. Nəinki pərt qaytararam, lap...
Bu yerdə Əlimərdanov möhkəm bir söyüş söydü və nazirliyə çatıb maşından düşəndə
ürəyinin tamamilə soyuduğunu hiss etdi.
Ertəsi gün yenə işə dəyib bu dəfə maşını Sumqayıta sürdürdü.
Gecə pis yatdığına görə indi onu mürgü apardı. Sürücü Əbdül güzgüdə bunu görüb
maşını asta sürdü və 25 kilometrlik yolu yarım saata gedib şefə az da olsa istirahət verdi.
Qonşu şəhərə çatanda Balaş ayıldı.
- Hə, Əbdül, gecə pis yatmışam. Deyəsən yavaş-yavaş qocalırıq.
Əbdül güldü:
- Balaş müəllim, nə qocalıq? Hələ heç altmış yaşınız da yoxdur. Qoca olur səksən-doxsan
yaşında.
- Düz deyirsən, qocalığı yaxına buraxmaq olmaz. Hələ görüləcək işlər çoxdur.
- Balaş müəllim, təhsil şöbəsinə də?
- Hə, hə. Əvvəl ora.
Əvvəlcədən xəbərdar edildiyi üçün Sərvər Şıxzamanov qapıda adam qoymuşdu. O, nazirin
maşınını görüb dərhal darvazanı açdı. Maşın içəri keçib dayanandan sonra həyətdəki
adam Əbdülü qabaqlayıb qapını açdı.
Balaş maşından düşərək çıxıb pilləkənlərdə gülümsəyərək onu gözləyən Şıxzamanova
baxıb fikirləşdi ki, rayon camaatına nə çatar. Üzüyola, müti...
- Ay xoş gəlmisiz, - deyə Şıxzamanov qabağa gəldi.
Əvvəlcədən xəbərdar edildiyi üçün hər cür tədbir görülmüşdü. Həm yemək-içmək, həm
də pul məsələsi. Zarafat deyil, dağ boyda kişi onu xilas etməyə gəlmişdi.
Hal-əhval tutandan sonra Balaş – meriniz yerindədir də? – dedi.
- Bəli, yerində olar.
- Bu boyda şəhəri də təhsil şöbəsiz qoymaq istəyirdi. Bir saat çənə boğaz olmuşuq.
Yuxarıdan dedilər ki, baxın, özünüz həll edin. Necə olsa, neçə yüz minlik şəhərdir.
Şıxzamanov müavinlərinə göz vurdu və hər ikisi kabineti tərk etdilər.
Şıxzamanov əvvəlcədən nazir öz stulunda oturdacağını bilib əlini qoltuq cibinə salıb üç
paçka yüzlüyü Əlimərdanlının qabağına qoydu.
- Nə qədərdir? – Nazir soyuq-soyuq soruşdu.
- Otuz dənə.
Əlimərdanlının çiçəyi çırtladı.
- Bəsidir gənc neqodyayın, - deyə şaqqanaq çəkib paçkaları qoltuq cibinə qoydu. Sonra
ayağa qalxdı.
- Onda mən durub getdim.
- Hara, Balaş müəllim? Arvad dəm-dəstgahla xörək bişirib.
Cücə-plov həvəskarı olan nazir güldü:
- Dəmiri isti-isti döyərlər. Gedib neqodyayın ağzını yumub gəlirəm.
- Hə, onda buyurun.
Yenə eyni qaydada nazir çıxıb maşına əyləşdi.
- Əbdül, şəhər sovetinə.
- Baş üstə.
Burda da eyni qaydada qarşılanıb nazir nisbətən gənc kadr olan şəhər icra başçısı Eminlə
görüşüb kabinetə çıxdılar.
Mer hey təəccüblə nazirin üzünə baxırdı.
Bir stəkan çay içəndən sonra Əlimərdanlı dedi:
- Emin, bizim oğlan necədir?
- Kim? – Merin qaşları çatıldı.
- Təhsil şöbəsinin müdiri, adı necədir?
- Sərvər.
- Hə, Sərvər, Sərvər... Necə oğlandır?
- Oğlan olduğunu deyə bilmərəm, amma yaxşı kişidir.
- Hə, çox şadam ki, münasibətlərinz yaxşıdır. Əsas məsələ budur. Məktəblərinizdən
də razılıq məktubları gəlir. Yaxşı oldu ki, böyük şəhərin təhsili başsız qalmadı. Arzu
edirəm ki, əl-ələ verib çalışasınız. Çünki təhsil sistemində problemlər çoxdur. Ancaq
Bakıya baxanda sizdə vəziyyət yaxşıdır.
Gəldim ki, həm sənə dəyim, həm də bir neçə məktəbə baş çəkim. Görüm nə problemlər
var.
- Bəs indi gedəcəksiniz? Dedim günortaya...
- Çox sağ ol. Qalsın gələn dəfəyə. Məktəblərdə gözləyirlər.
Əlimərdanlı gənc merin balaca əlini möhkəm-möhkəm sıxıb ayağa qalxdı.
Və keyfi kök halda maşına oturub təzədən təhsil şöbəsinə qayıtdı.
Cibində elə bil qaytağı çalınırdı.
Günortanı möhkəm yeyib, 200 qram da təmiz araq vurub maşınınna əyləşdi.
Ayrılanda da Sərvərlə möhkəmcə öpüşdü. Həm cibindəki paçkaların, həm də 200 qramın
təsiriylə.
Maşına əyləşəndə dedi:
- Hə, Əbdül, dünyada ancaq yaxşılıq qalır. Qalan hər şey keçib gedir. Əziyyət çəksək
də, bir adamı xilas etdiyimə görə vicdanım rahatdır.
Əbdül geri qanrılıb dedi:
- Onda Balaş müəllim, bəlkə bağa, sonyaların yanına...
- Yox, yox, vaxtı deyil, evə sür.
Ürəyində fikirləşdi ki, zalım oğlu, bu qədər pulla saunaya getmək olar? Cavan fahişələr
adamda pul qoyar qalsın?
Ancaq ürəyinin lap dərinliklərində bir həyəcan, bir narahatlıq vardı. Səbəbini hələ özü də
bilməsə də, əmin idi ki, bu narahtlıq elə belə deyil.
- Əşşi, cəhənnəmə ki, - fikirləşdi. Ac ki qalmayacağıq. Seyfdəki pulların canı sağ olsun.
May, 2013
