ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Şeytan işi - Kamal Abdullanın yeni hekayəsi
jpg-1745404892.jpg)
ƏDƏBİYYAT
23.04.2025, 14:39 Oxunub: 401001info.az Kamal Abdullanın "Şeytan işi" adlı yeni hekayəsini təqdim edir.
Avtobusdan düşüb avtobusun "qarnından" əzilmiş camadanını birtəhər tapıb götürdü. Sonra qəddini düzəldib qabağını kəsən küçəni keçdi. Küçəni keçə-keçə qatmaqarışıq şəkildə öz-özünə deyinirdi: "Mənim bir də o kəndə qayıtmağım qaldı dəvənin quyruğu yerə dəyənə. Ömür-billah, heç zaman... Ay nənə, ay nənə, bu ağırlıqda da çamadan olar?! Allah, allah, niyə gəldim bura mən, niyə, niyə?!"
Maşınlı, haylı-küylü küçəni arxada qoyub küçənin o biri tərəfinə keçdi və əlindəki çamadanı yerə buraxdı. Dərindən elə nəfəs aldı ki, elə bil, ah çəkdi. Çamadan, doğrudan da, ağır idi. Nənəsinin qırış-qırış olmuş üzü gəlib durdu gözlərinin qabağında. Nənəsi dodaqlarını ağır-ağır tərpədərək belə deyirdi: "Hər şey yığdım xurcununa." - Nənəsi üçün çamadan xurcun idi. - "Heç nəyə ehtiyacın olmayacaq. Bir də buralara gəlməyəsən. Mən öldüm, məni basdırmağa da gəlmə. Elə indidən məni ölmüş bil. Buralardan vətən olmaz. Şəhər yaxşıdır. Özünə oralarda yaxşı bir vətən düzəlt. Qılığın olsun. Hamının çalış qılığına gir. Buraları unut. Unut. Səni bura bağlayan heç nə yoxdur. Bunu yaxşı bil."
Son qərara gəlməyinə, son damlanın stəkanın ucundan, nənəsinin sözlərilə desək, zirə tökülməyinə bir hadisə səbəb olmuşdu. Bu hadisə nə idi, nə cür idi, bütün gecə yadında idi. Hətta hadisənin özünü rəngli bir yuxuda seyr belə eləmişdi. Səhər isə o hadisə yaddaşından silinib getmişdi. Elə bil, heç nə baş verməmişdi. Yağlı, ətli-canlı hadisədən yalnız quru nəticə qalmışdı. Bunun özü əməlli-başlı şeytan işi idi. Bir də nənəsinin ona təkcə dili ilə yox, həm də yanıqlı baxışı ilə söylədiyi bu sözlər yaddaşına hopmuşdu: "Şeytan işidi, bala, unutma, hər nədisə, şeytan işidi... buralar sənə vətən olmadı..."
"Mən orda nə edəcəyəm, ay nənə?! Sənsiz, qonşu Xankərəmsiz, Leylasız, Əzəmətsiz orda nə edəcəyəm?! Bircə bu şəhərə getmək məsələsi sənin ürəyinə dolmayaydı, ay nənə, şeytan işi necə olur, mən onlara göstərərdim..." sözləri nənəsinə ünvanlansa da, beynində fırlana-fırlana qalmışdı, heç cür dilinə gəlmirdi. Ən qəribəsi isə o idi ki, gözünün küncündə bir film göstərirdilər və bu film qurtarmaq bilmirdi ki, bilmirdi. Hər üç-dörd kadrdan bir Leylanın yaşıl gözləri həyasız-həyasız gülürdü.
Şəhər onu sağdan da, soldan da sıxışdırıb durmuşdu. Maşınların siqnal və əyləc səsləri, küçədə adamların bir-birilə qışqıra-qışqıra danışması, şit-şit gülməsi, ona toxunub yanından, elə bil, daşa-divara toxunan kimi ötüb keçməsi ona çox qəribə gəlirdi. Bu adamlar onu görmürdülər, ya da özlərini görməzə vururdular. Ürəyi hövr eləməyə başladı. Gedəcəyi yerin adresi pencəyinin cibində idi. Əlini atıb o kağız parçasını cibindən çıxarmağa ərinirdi. Kaş o kağız yerində olmayaydı, kaş adres yazılan varaq itəydi. Nə qələt elədi bura gəldi?! Əsl şeytan işi elə bu idi.
Küçənin yenə də o biri tərəfinə keçmək istədi. O biri tərəf, elə bil, daha sakit, daha adamsız idi. Amma küçənin ortasına çatmışdı ki, hardan çıxdığı bəlli olmayan bir qara maşın az qala onun böyrünə dirənəcəkdi. Kəskin əyləc səsi onu yerindən atdanmağa məcbur elədi. "Ay kəndçi, belə küçə keçərlər?!" Maşının pəncərəsindən başını çıxarıb nifrət dolu bir səslə qışqıran yekəburun sürücünün amansız baxışları onu özünə, öz hərəkətinə düşmən kəsdirdi. "Mən niyə bu qədərinə başaracaqsızam?!" düşünüb başını sürücüyə tərəf yellədə-yellədə, yəni ki, "bağışla, sən Allahın, bağışla məni..." qaçaraq küçənin o biri tərəfinə özünü çatdırdı.
Çamadanı tappıltıyla yerə buraxıb əvvəlcə cibindən yekə bir dəsmal çıxartdı. Alnının, boynunun tərini sildi. Sonra cibində eşələnib nənəsinin verdiyi kağız parçasını tapdı. Lənətə gəlmiş kağız yerində idi. Əzbərə bilsə də bir daha kağızdakı ünvanı diqqətlə oxudu. Yoldan bir cavan oğlan keçirdi:
- Qardaş, bir dəqiqə... İsfəndiyarov küçəsi hardadı, deməzsən?!
Oğlan onu nə eşitdi, nə də gördü. Necə gedirdisə, eləcə də yoluna davam etdi. Elə bil, bu oğlanla, bu şəhərlə o, başqa-başqa planetlərdə mövcud idilər. Yanından ötənlər bir az uzaqlaşandan sonra havada əriyirdilər. Diqqətlə baxıb gördü ki, küçədəki binalar da havadaca əriyib yox olmağa başlayıb. Maşınların əcayib siqnal və əyləc səsləri azalır, onlar da bir-birinin ardınca elə getdikləri yerdə sanki yox olurdular. O yerə buraxdığı çamadanın üstünə oturdu. Əlləri və dizləri titrəyirdi. Ürəyinə min illərin qorxusu dolurdu. Ətrafını bir daha döyükə-döyükə gözdən keçirdi. Elə bil, sehirli bir nağıla düşmüşdü. İndi artıq ətrafında vəhşi heyvanlar, cinlər, şeytanlar dolaşırdı. Adamlar, maşınlar əriyib yox olandan sonra qurda-quşa, sonra da cinə-əcinnəyə çevrilirdilər. Daha sonra onlar da əriyib təzədən insan olurdular. Kəndin heç bir halda yox olmayan mənzərəsi, əriməyən adamları ilə buranın mənzərəsi, buranın anbaan dəyişən adamları tam bir təzad içində idi. Orada heç nə itmirdi, yox olmurdu, havada ərimirdi. Orada qonşuları, tay-tuşları var idi. Oralara hərdən-birdən şeytan da gəlib çıxır, öz işini görürdü. Elə bircə Leylanın məsum-məsum baxan yaşıl gözləri şeytanın öz işini görməsi demək deyilmiydi?! Burada isə...
Niyə gəldi?! Niyə nənəsinin sözünü düşünmədən qəbul elədi?!
- Qardaş, bilmirsən, İsfəndiyarov küçəsi...
- Bilmirəm.
Bu "qardaş" sualın bitməsini də gözləmədən ona dilucu bir cavab ataraq yanından ötüb keçdi və o da havada əridi. Onun yerində indi qanadlarını zorla da olsa, açmağa çalışan balaca bir əjdəha var idi. Və bu zaman o özü özünə nifrət elədi.
Çamadanın üstündən qalxıb şalvarının qırışlarını əl eləyib gedirdi. Elə çamadanı əlinə almaq istəyirdi ki, gözü qarşısındakı hələ yox olmamış binanın üstündə bir lövhəyə sataşdı. Lövhədə yazılan bu idi:
"İsfəndiyarov küçəsi, 25". Bu, onun axtardığı ünvan idi.
Bir istədi sevinsin, sevinə bilmədi. Naçar-naçar yazının altındakı qapıdan içəri keçdi. İki mərtəbə yuxarı qalxıb axtardığı mənzili tapdı və qapısını döydü. İçəridən gələn qəhqəhə səslərilə qapını açmağa gələnin addım səsləri bir-birinə qarışdı. O, alnını və boynunu silmək üçün cibindən çıxardığı dəsmalı təzədən qaytarıb cibinə qoydu. Qapı təmtəraqla açıldı. Qapının açılması ilə onun gözlərinin dörd olmağı bir oldu. Qapını açan bu boyda dünyada heç bir başqası yox, yaşıl göslərindən alov çıxan Leyla deyilmiydi, Leyla idi. Leyla onu diqqətlə süzüb üzünü otağa tərəf tutdu və dəlilər kimi sevincək qışqırdı:
- Xankərəm, Əzəmət, gəlin baxın. Bu odumu? O deyil!
Bu sözləri deyəndən sonra Leyla onun gözləri görə-görə havada əridi.
Pilləkənləri üzüaşağı enib küçəyə necə çıxdı, bilmədi.
"Nənə, sənin dünyadan xəbərin yox imiş. Buralardan adama vətən olmaz. Heç olmaz. Sənin dediyin şeytan işi elə budu, nənə, elə budu. vallah və billah elə budu. O boyda yolu niyə gəldim?! Ürəyim, nənə, bir biləsən, elə sıxılır, elə sıxılır..."
Küçənin o biri başında onu şəhərə gətirən ağ rəngli avtobus ağ təslim bayrağı kimi havada yellənə-yellənə tək-tənha qalmışdı. Bütün meydançada bircə bu ağ avtobus idi ki, o biri maşınlar kimi əriyib yox olmamışdı. Avtobus bir azdan geri, kəndə yola düşəcəkdi. Bəzi adamlar ona tərəf tələsirdilər.
Küçəni necə gəlmişdi, eləcə qaçaraq keçib tələsə-tələsə avtobusa tərəf yol aldı. Avtobusa minib arxa sırada yerini rahatladı, gözünün küncündə təzədən fırlanmağa başlayan kinodakı Leylanın istehza dolu yaşıl gözlərinə minnətdarlıqla baxdı və hiss elədi ki, ürəyi daha sıxılmır.
SON

Digər xəbərlər
