usd-1.7000 eur-1.9592 rub-2.1249
Bakı 25°C 1.33 m/s
Son xəbərlər
13-06-2025
12-06-2025
11-06-2025
10-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Millət "Əkinçi"liyinin davam edən ənənələri"

details

CƏMİYYƏT

12.06.2025, 14:38 Oxunub: 67

AZƏRBAYCAN MƏTBUATININ 150 İLLİYİNƏ SANBALLI TÖHFƏLƏR TƏQDİM OLUNDU

...Ötən əsrin əvvəllərinin küləkləri neft qoxan Bakısının yastı daş döşənmiş küçəsi ilə Qoşa qala qapısına doğru əyninə atlasdan libas geymiş, başına bənövşəyi yelənli ağ kəlağayı örtmüş xanım addımlayır. Geyimindən, davranışından dövrünün ziyalı qadınlarından olduğu bəllidir, bəlkə də şəhərin hansısa qız məktəbinin müəllimi, yaxud da hansısa mətbu orqanın mühərriri və ya şəfqət bacısıdır... Qala qapılarından elədən belə, belədən elə şütüyən faytonların təkərlərinin taqqıltısı küçədə alver edən tacirlərin, sənətkarların səsinə qarışıb izdihamın ümumi küyündə yox olur. Xanımın önündə zəmanəsinin aydınlarından olduğu ilk baxışdan sezilən üç-dörd nəfər eynəkli şəxslər və xeyli "intelligent studentlər" deyə-gülə addımlayırlar. Onların yanından keçən beli silahlı bir qoçunun gözünü bərəldib az qala nəriltiylə danışığını da, başdan ayağa qapqara çarşaba bürünüb ötən digər qadınların xısın-xısın pıçıltılarını da küçədə əlində bir dəstə qəzet satan yeniyetmənin qəfildən ucalan cır səsi batırır:

- Qəzet alın, məcmuə alın, ay camaat! Əlabbas Müznib əfəndinin rəngli şəkillərlə dolu "Babayi -Əmir" dərgisi çıxıb! Gör, müharibə çıxaranlara nələr-nələr deyirlər - "Ey biinsaf Vilhelm! Sənin Allahın, peyğəmbərin, dinin, imanın yoxdurmu?" Qəyyur Əyyar yenə şuluq yazılar yazır! Hələ Əlağa Vahidin mollaya yazdığı həcvi demirəm! "Məktəb" məcmuəsi də var, ay camaat, alın, balalarınız oxuyub böyük adam olsun!..

...Bir əsrdən artıq zaman fərqi ilə (əbədiyyətin fonunda bu, çox uzun zaman sayılmasa da, bir xalqın kimliyinin, milli mətbuatının keçdiyi inkişaf yolu üçün böyük əhəmiyyət kəsb edir) zəngin təxəyyülümün bədii vizuallığından sıyrılıb bu günə qayıdıram... Və yenə "həmin küçə, həmin şəhər"də Qoşa qala qapısı istiqamətinə, lap dəqiqi - Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə doğru addımlayanları yenə görürəm...

İyunun 11-də bu muzeydə ADA Universitetinin və "Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr olunmuş "Millət "Əkinçi"liyinin davam edən ənənələri" mövzusunda tədbir keçirildi. Tədbirdə ADA Universitetinin son illərdə Azərbaycan xalqının ədəbi-tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək üçün həyata keçirdiyi çoxsaylı transliterasiya layihələrinin davamı olaraq "Məktəb", "Babayi-Əmir" və  "Əfkari-mütəəllimin" jurnalları ictimaiyyətə təqdim edildi.

 

Muzeyin direktoru, akademik Rafael Hüseynov "Bu günümüzə qayıdan söz abidələri" mövzusunda geniş çıxışında öncə ADA Universitetinin rəhbərliyinə və "Ədibin evi"nə ədəbiyyatın inkişafına dəstəyə və mətbuatımızın tarixi ilə bağlı həyata keçirdikləri əhəmiyyətli layihələrə görə minnətdarlığını bildirdi.

Akademik adıçəkilən jurnalların transliterasiya edilib ictimaiyyətə təqdim olunmasını millət naminə görülən uzunömürlü işlər kimi səciyyələndirərək tarixə ekskurs etdi: "Mətbuat tariximizin 150 illiyi yalnız rəqəm deyil - bir millətin mədəniyyətinin, maarifçiliyinin, mübarizə ruhunun tarixidir. Bu gün biz təkcə "Əkinçi"ni yada salmırıq, onun yolunu davam etdirən, maarifçilik missiyasını daşıyan, xalqın ruhunu yaşadan "Məktəb", "Babayi-Əmir" və "Əfkari-mütəəllimin" kimi nəşrlərə də yenidən qayıdırıq".

R.Hüseynov çıxışında təqdim edilən jurnalların nəşri tarixindən və mətbuat tariximizdəki rolundan ətraflı söz açdı: "1911-1920-ci illərdə nəşr edilən "Məktəb" elmi-pedaqoji jurnalı cəmiyyətin gələcəyini yetişdirmək istəyən bir millətin səsinə çevrilmişdi. "Məktəb" jurnalında yazılan hər bir yazı xalqın gələcəyini formalaşdırmaq, milli şüuru oyatmaq üçün bir vasitə idi. 95 nömrəsi işıq üzü görən məktəb  şagirdlərinə məxsus olan bu jurnal iki həftədə bir dəfə nəşr olunan "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə" idi. "Məktəb" pedaqoji biliyin və dünyagörüşünün genişlənməsində, elmə, maarifə həvəsin artmasında, uşaqlarda müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində müəyyən rol oynayıb.

"Babayi-Əmir" dövrünün satirik güzgüsü idi. 1915-1916-cı illərdə nəşr olunan "Babayi-Əmir" mətbuat tariximizin az ömürlü, amma güclü təsirə malik nəşrlərindən biridir. Yumorla, satira ilə cəmiyyətin eyiblərini göstərən bu jurnal xalqın gülə-gülə düşünməsinə yol açırdı.

"Türk müəllimlər cəmiyyəti"nin mətbu orqanı olan, Gəncədə işıq üzü görən "Əfkari-mütəəllimin"  aylıq ədəbi-tarixi, elmi dərgisinin  cəmi 4 nömrəsi çapdan çıxsa da, o, milli düşüncənin formalaşmasında mühüm rol oynayıb. Jurnalda elmi məqalələrə və istiqlal mövzusunda şeirlərə üstünlük verilib. Əsas məqsəd məktəblilərə sağlam əxlaqi keyfiyyətlər aşılamaq, elmə, yeniliyə həvəs oyatmaq idi".

Akademik R.Hüseynov millətin inkişafı üçün görülən faydalı işlərin ömrünün uzun olduğunu və yüz ildən sonra da minnətdarlıqla xatırlandığını və bundan sonra da xatırlanacağını inamla vurğuladı.

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında muzeyə hər gəlişinin onu xoşbəxt hiss etdirdiyini, buraya aid xatirələrini canlandırdığını dedi, sözügedən nəşrlərin Ədəbiyyat Muzeyində təqdimatından məmnunluğunu ifadə etdi.

 

"Ədibin evi"nin icraçı direktoru Şəfəq Mehrəliyeva milli-mənəvi kimliyin vacibliyindən danışaraq Azərbaycan oxucusuna mətbuat tarixi irsimizin yenidən tanıdılmasından xoşbəxt olduğunu dilə gətirdi. İcraçı direktor əski Azərbaycan əlifbasından latın qrafikasına transliterasiya layihələrində fəal iştirak edən tələbələrə də xüsusi minnətdarlığını bildirdi, onların əməyini yüksək qiymətləndirdi.

Filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva, tərcüməçi, filoloq, transliterasiya edib nəşrə hazırlayan Azad Ağaoğlu və digər çıxışçılar mətbuat tariximizi - ötən əsrin əvvəllərində nəşr olunan qəzet və jurnalları milli yaddaşın əsas sütunu kimi dəyərləndirərək maarifçi mətbuatın xalqın mənlik şüurunu formalaşdırmasındakı mühüm rolunu qeyd etdilər.

lll

Tədbir yekunlaşandan sonra oradakı çıxışlarda dönə-dönə vurğulanan milli kontekstdə öz mənəvi-tarixi kimliyini dərk edərək xoşbəxt olmağın mahiyyətinə daha dərindən varıb İstiqlaliyyət küçəsi ilə üzüyuxarı addımladıqca düşündüm ki, mətbuatın 150 illiyində belə sanballı nəşrlərin ruhuna yenidən qayıtmaq sadəcə nostalji deyil, həm də tarixi zərurətdir. Tədbir boyu səslənən fikirlər bir məsələni daha da ön plana çıxardı ki, biz təkcə keçmişi yad etməklə kifayətlənə bilmərik, zəngin tarixi keçmiş üzərində bərqərar olan bugünkü mediamızın üzərinə daha böyük məsuliyyət düşür. İnformasiya bolluğunun içində aydın(laşdıran), mənəviyyatı formalaşdırıb xalqı tərəqqiyə aparan, etik dəyərləri qoruyan milli mətbuata daim ehtiyac var.

 

1875-ci ildən başlayaraq "millət yetişdirən" "Əkinçi"nin işıqlı yolu bu gün də davam edir, sadəcə dövrə uyğun olaraq adlar və formatlar dəyişib. Amma mətbuatın xalqı düşündürmək, maarifləndirmək və milli-mənəvi tərəqqiyə yönəltmək kimi əsas məqsədləri dəyişməyib və  dəyişməməlidir. Zaman dəyişsə də, o prinsiplər qalmalıdır. Bugünkü tədbir yalnız bir retrospektiv baxış deyildi, həm də gələcəyə uzanan fikir marafonu idi. Tarixi nəşrlərimiz latın qrafikasında yenidən gənc nəsillə keçmiş arasında körpü qurur. Bu körpü yalnız tarixi yaddaşı qorumaq üçün deyil - həm də milli ruhu yenidən kəşf etmək üçündür. Vaxtilə əski Azərbaycan əlifbasında işıq üzü görən nəşrlərin latın qrafikasında yenidən nəşrinə olan maraq onların yalnız tarixə aid olmadığını, bugünkü oxucunu da düşündürə biləcəyini sübut edir. Ənənəvi mətbuat formatının dəyişməsi, rəqəmsal medianın önə çıxması fonunda da belə tədbirlər bir daha sübut edir ki, milli ruhu qoruyan  ideoloji dayaqlar - dil, mətbuat, maarifçilik kimi sanballı dəyərlər öz önəmli təsir gücünü qoruyub saxlayır.

Sevinc MÜRVƏTQIZI

Digər xəbərlər