usd-1.7000 eur-1.8224 rub-0.0183
Bakı 18°C 12.87 m/s
Son xəbərlər
01-05-2024
30-04-2024
29-04-2024
28-04-2024
26-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Xaricdə təhsil üçün Dövlət Proqramına sənəd qəbulu başlandı

details

CƏMİYYƏT

05.03.2024, 11:33 Oxunub: 435


PROQRAMA ƏSASƏN, AZƏRBAYCAN GƏNCLƏRİNİN DÜNYANIN NÜFUZLU UNİVERSİTETLƏRİNDƏ 15 İXTİSAS ÜZRƏ TƏHSİL ALMAQ İMKANI VAR.
 Martın 1-dən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna start verilir. Sənəd qəbulu üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir.
13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub. Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə ümumilikdə 4 minədək təhsil proqramını əhatə edir.
Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin universitetlər üzrə "Top10"da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda, bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub.
"2022-2026-cı illər üzrə Dövlət Proqramı"na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçirilir.
"2022-2026-cı illər üzrə Dövlət Proqramı"na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər.
Qeyd edək ki, bugünədək "2022-2026 Dövlət Proqramı" çərçivəsində dünyanın 21 ölkəsi üzrə 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin edilib. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir. Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Təhsil eksperti Elmin Nuri deyir ki, artıq dünyanın bir çox ölkələri gənclərin xaricdə təhsil almasına müsbət yanaşır: "Müsbət haldır ki, ölkəmiz bu siyahıda geridə qalmır. Digər ölkələri qabaqlayacaq səviyyədə proqramın təşkili üçün əlindən gələni edir. Proqram iki mini nəfəri əhatə etməlidir. Bu, bakalavriat və magistratura səviyyəsi üzrə təhsil alan gənclərə şamil olunur. Amma hədəflərdən biri də bu gənclərin səksən faizinin magistratura səviyyəsi üzrə təhsillərini davam etdirməsidir. Eyni ildə və bir ildə 400 nəfərdən artıq şəxs qəbul ola bilməz. Maksimal göstərici 400-dür. Burada vacib olan məsələ, bu proqramların həyata keçirilməsində kadrların ölkəyə qayıtmasıdır. Dövlət hesabına nüfuzlu universitetlərdə xaricdə oxuyan gənclərimizin sonradan ölkəyə qayıtması, orada əldə etdikləri təcrübə və bilikləri əmək bazarında tətbiq etmələri vacibdir. Bunun ən əsas hədəfi budur. Dövlət proqramı hesabına gedib orada peşəkar kadr kimi yetişən hər bir şəxs bunu həm hüquqi, həm də mənəvi əsaslarla əməl etməlidir. Bu proqramın gələcəkdə 80 faizinin magistratura səviyyəsi üzrə əhatələnməsinin də əsas səbəbi budur. Artıq bu prosesə başlanılıb. Yaxşı olardı ki, müəyyən bir iş təcrübəsi, istehsalat müəssisəsində çalışan gənclərin sırf magistratura səviyyəsi üzrə təhsil alması üçün bu proqram daha çox səmərəli olsun. Bu proqram əsasında Çində, Latviyada, Qazaxıstanda, Rumıniyada, Macarıstanda, Böyük Britaniyada, Malayziyada, Sinqapurda, Amerika universitetlərində təhsil alan xeyli gənclərimiz var ki, onların sonradan ölkəyə qayıdışı dayanıqlı iş mühitinin daha da inkişafına gətirib çıxaracaq".
Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, azərbaycanlı gənclərin dövlət dəstəyi ilə xarici ölkələrdə təhsil alması prosesi müstəqilliyin ilk illərindən başlayıb. Son illər azərbaycanlı abituriyentlərin, tələbələrin müəyyən hissəsi uğurlu karyera üçün xarici ölkələrdə təhsil almağa üstünlük verirlər. Əvvəlki illərdə əcnəbi ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin əksəriyyəti MDB və Avropa ölkələrin payına düşür. Bundan başqa, tələbələr Belarusda, İsveçrədə, ABŞ-da, Avstriyada, Avstraliyada, Çində, Fransada, Çexiyada və sair ölkələrdə təhsil alıb: "Əvvəlki illərin dövlət proqramındakı statistik göstəricilərlə qeyd edə bilərəm ki, azərbaycanlı tələbələrin ən az təhsil aldığı yerlər Latviya, Rumıniya, Estoniya, Norveç, Finlandiya kimi ölkələrdir. Proqramın qəbulundakı məqsədlərdən biri azərbaycanlı gənclərin Qərbin aparıcı universitetlərində təhsil almalarını təmin etmək idisə, digər məqsədlər hər bir təhsil pilləsi üzrə ölkənin ehtiyacı olan prioritet ixtisasları müəyyənləşdirmək və təhsil alan gənclərin məzun olduqdan sonra ölkəyə qayıdıb işləməsi mexanizmini yaratmaqla bağlı idi".
Ekspert qeyd edib ki, "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Prezidentin müvafiq sərəncamında qeyd olunub ki, "qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaradır. Təcrübə göstərir ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaradır. Xüsusilə gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycanın ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə verir".
Proqram iştirakçıları sırasında ötən il beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "Yale University", 6 nəfər "Imperial College London", 5 nəfər "University College London" və 1 nəfər "National University of Singapore"dan qəbul alıb.
Proqram çərçivəsində Türkiyə Respublikasının Sabancı Universitetində təhsil alan Tural Abdulla bildirib ki, o, 2006-cı ildə Gəncə şəhərində anadan olsa da, valideynlərinin işi ilə əlaqədar tez-tez köçmək məcburiyyətində qaldığı üçün təhsilini müxtəlif orta məktəblərdə alıb: "Birinci sinfə Bakı şəhəri Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə getsəm də, daha sonra təhsilimi 67 nömrəli tam orta məktəbdə davam etdirib, son olaraq bu il Avropa Azərbaycan Məktəbindən məzun olmuşam. Oxuduğum hər bir məktəb dünyagörüşümün formalaşmasında və əldə etdiyim uğurlarda xüsusi rol oynayıb. Dəqiq və təbiət elmlərinə marağım sayəsində 2016-cı ilin 21 mart tarixində dünya məktəbliləri arasında onlayn riyaziyyat yarışmasında (Mathletics) qızıl medal qazanmışdım. Bundan əlavə, 2019, 2020, 2022-ci illərdə Bakıda keçirilən beynəlxalq "Dünya Alimlər Kuboku" Olimpiadasında iştirak edərək müxtəlif kateqoriyalar üzrə ümumilikdə 9 qızıl, 8 gümüş medal, 3 kubok qazanmışam. Bu il mən ABŞ, Böyük Britaniya, Türkiyə və sair ölkələrin nüfuzlu universitetlərindən mühəndislik və kompüter elmləri ixtisasları üzrə qəbullar almışam. Bu universitetlərin bəziləri mənə 25-75 faizlər arası təqaüd təklif etmələrinə baxmayaraq, xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət edərək tam təqaüd əldə etdim. Proqramın şərtlərinə uyğun olaraq Türkiyənin Sabancı Universitetində "Kompüter elmləri və mühəndisliyi" ixtisası üzrə təhsil almağı üstün tutdum. Mən bu il bakalavr üzrə Dövlət Proqramının qalibi olmuş 80 nəfərdən biri olduğum üçün çox sevinirəm. Əminəm ki, Dövlət Proqramının mənim təhsilimə yaratdığı bu gözəl imkan sayəsində ölkəmizin gələcək inkişafına öz töhfəmi verəcəyəm".
ABŞ-nin Harvard Universitetində təhsil alan Ayla Əliyevanın dediyinə görə, o, Bakı Oksford Məktəbinin məzunudur. Bununla yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "AZMUN" proqramı çərçivəsində Bakı Beynəlxalq BMT Simulyasiyalarında baş katib və komitə sədri, Avropa Gənclər Parlamentində (AGP) Milli Koordinasiya departamentinin üzvü, təşkilatçısı, komitə sədri, Bakı Oksford Məktəbinin Tələbə Şurasının prezidenti, məktəbin Musiqili Teatr klubunun təsisçisi vəzifələrini icra edib: "Dövlət Proqramı mənim kimi gənclərin intellektual, şəxsi inkişafı üçün imkan yaradıb və gələcək nəslin cəmiyyətdə fəal rol almağında böyük bir dəstəkçidir. Bu proqramın bir hissəsi olmağım üçün çox şadam və qəbul olunduğum universitetin mədəni və akademik mübadiləsində iştirak etməyə hazıram. Mən dünyanın ən nüfuzlu ali təhsil ocağı hesab edilən Harvard Universitetində "Dövlət idarəetməsi" ixtisası üzrə təhsil alacağam. Harvard Universitetindən çox yüksək gözləntilərim var. Fərqli ölkələri təmsil edən müxtəlif mədəniyyətlərlə tanış olub akademik imkanlardan yararlanmağa yaxşı mənada həyəcanlıyam. Cəmiyyətimizə fayda gətirmək və davamlı inkişafımıza dəstək olmaq mənim ən böyük hədəflərimdən biri olmasını əminliklə deyə bilərəm".
Sevinc QARAYEVA

525.az

Digər xəbərlər