USD-1.7 EUR-1.8451 RUB-0.0184
Bakı 3°C 1.85 m/s
Son xəbərlər
28-02-2024
26-02-2024
25-02-2024
24-02-2024
23-02-2024
21-02-2024
20-02-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bir rolda sənət möhtəşəmliyi - İlham Rəhimli yazır

details

MƏDƏNİYYƏT

20.11.2023, 11:15 Oxunub: 407

                Bir rolda sənət möhtəşəmliyi


AKTYOR SABİR MƏMMƏDOVUN "DANTENİN YUBİLEYİ"NDƏ OYNADIĞI    KƏBİRLİNSKİ ROLU HAQQINDA İSTİ-İSTİ DÜŞÜNCƏLƏR


2023-cü ilin iyun ayında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəni Milli Dram Teatrına bədii rəhbər təyin etdilər. Az sonra mətbuatda xəbər yayıldı ki, teatr Anarın "Dantenin yubileyi", Şıxəli Qurbanovun "Sənsiz" və Çingiz Aytmatovun "Əsrə bərabər gün" (şərti olaraq "Manqurt" adıyla, ancaq dəyişə bilər) əsərlərini repertuar planına daxil edib. "Dantenin yubileyi"nin yaradıcı heyəti və rol bölgüsü barədə rəsmi əmr 25 iyun 2023-cü ildə verilməmişdən təxminən bir həftə əvvəl Peterburqda işləyən soydaşımız rejissor Ərşad Ələkbərov Bakıya dəvət edilmişdi və o, tanışlıq məşqlərinə başlamışdı. Aktyor Sabir Məmmədovla qonşu məhlələrdə yaşadığımız üçün hər gün sübh tezdən idmanda görüşüb söhbətləşirdik. Rejissor, Feyzulla Kəbirlinski obrazını ona tapşırmışdı. Ərşad Ələkbərov əsərin oxunuşunu miz arxasında deyil, kiçik səhnədə mizanlarla məşq etməyə başlamışdı. Bu da onun fərdi üslubudur, iş üslubudur və müəyyən özünəməxsus yaradıcılıq xüsusiyyətləri var. Rejissorun janr təyini, səhnə əsəri üzərində iş prinsipi aktyorlarda maraq doğurmuşdu.
Kəbirlinski rolu ilə bağlı Sabir danışırdı: "Hər gün məşqdə Kəbirlinskinin insan kimi, ailə başçısı kimi, sıravi aktyor kimi şəxsiyyətinin, insanlara münasibətinin, səhnə bacarığının əsl mahiyyət və xüsusiyyətlərini özüm üçün qavrayıb dəqiqləşdirməyə çalışırdım. İlk günlərin məşqlərində təxminən bunların səhnə təcəssümünün necə ola biləcəyini müəyyənləşdirməyə çalışırdım".
İnsan Kəbirlinskinin xarakterində nələr səciyyəvidir? - Sadədir, mehribandır, həlim xasiyyətlidir, xeyirxahdır, sadəlövhdür, bir kimsə ilə "soyuq" münasibəti yoxdur, kasıbçılqla başını girləyəndir, zavallıdır, məzlumdur, bəzən yazıqlıq həddinə çatır, sanki əsəbi yoxdur...
Ailə başçısı Kəbirlinskinin durumu necədir? - Həyat yoldaşı Həcərlə bir-birlərini sevib evləniblər. Lakin teatrda, konsertdə olmayan, dükan-bazardan başqa bir yer görməyən Həcər çox kasıb dolandıqları üçün daim ərinin əfəlliyindən, sadəlövhlükdən doğan maymaqlığından gileylənir, hətta qışqırıb hirsini-hikkəsini onun üstünə tökür. Övladları olmadığına görə valideynləri avtomobil qəzasında həlak olan qohum uşağı götürüb böyüdüblər, adı Eldardır. O, 20-21 yaşındadır. Televiziyada rejissor köməkçisi işləyən Eldar atasının istedadsızlığından, teatrda ona hörmət, diqqət və qayğı göstərilməməsindən, truppada, eləcə də teleradionun bədii redaksiyasında lağa qoyulmasından xəcalət çəkir.
Sabir Məmmədovun ifa etdiyi rolda biz Kəbirlinskinin xarakterini, səhnə personajını, tip-xarakter kimi necə görürük? Altmış yaşının yarıdan çoxunu səhnədə olan aktyor Kəbirlinskinin qabiliyyət və bacarığı nədən ibarətdir? İstedadı varmı? Məyyən dərəcədə bacarığı varsa, o, hansı səviyyədədir?
Tamaşa boyu aktyor öz oyunu ilə ortaya çıxan bütün sualları məharətlə cavablandırır. Onu da deyim ki, istedadsız obrazı səhnədə istedadla oynamaq çətin məsələdir və xüsusi məharət tələb edir. Sabir Məmmədov bu həqiqəti daha səhnədə bir reallıqla sübut etdi.
Sadalayım: Kəbirlinski səhnə vurğunudur, bununla belə, sənətin adi yaradıcılıq elementlərini güclə mənimsəyib, nizam-intizamlıdır;
Həmişə çox kiçik, hətta sözsüz rollar ifa edib; vaxtilə teatrda işləmiş görkəmli sənət xadimləri haqqında maraqlı xatirələri var;
Sənət ocağının müəyyən tədbirlərində nəzərdən kənarda qalır. Teatra, eləcə də kənar məkanlarda keçirilən təntənəli yubileylərdə, mərasim və müsamirələrdə ona dəvətnamə də vermirlər;
Fərli-başlı rol oynamadığı halda özfəaliyyət dram dərnəyində rəhbərdir, əsərdə həmin həvəskarlarla rejissor kimi tamaşa hazırladığı epizod da var. Rejissorun teatrdakı məşqdə Kəbirlinskiyə tutduğu iradları dərnək üzvlərinin ünvanına deyir, özünü onların qarşısında qüdrətli səhnə aşiqi kimi göstərməyə çalışır. Hətta bununla qürrələnir;

Cəfakeşdir, çörək pulu qazanmaq üçün daim qaçaqaçdadır, kinostudiyaya dublyaja gedir, radioda hazırlanan uşaq tamaşalarında çıxış edir (əsasən Tülkü rolunda).
Kəbirlinskinin uzun illər boyu vərdişə çevrilmiş sabitliyini pozan nədir? Rolun ifaçısı Sabir Məmmədovun öz oyunu ilə bu sualı cavablandıran mətləbləri gözdən keçirib nəzərə çatdıraq.
Teatra Səyavuş adında yeni istedadlı, enerjili rejissor gəlib. O, neçə məşqdə Kəbirlinskiyə "Bu gecə, bu qoca, bu ocaq" cümləsini iti ahəngdə necə deməyi öyrədə bilmir. Kəbirlinskinin kütlüyü rejissor Səyavuşu (Elşən Rüstəmov) hövsələdən çıxardır və elə kollektivin içindəcə onu yaş isladıb quru sərir. Rejissor hirsləndikcə elə bil deyilənlər Kəbirlinskiyə aid deyil, onun Səyavuşa yazığı gəlir, başlayır yanımcıllıq göstərməyə. Özünü elə aparır və əslində də elə düşünür ki, sanki onun əsəbləşməyinin birmənalı şəkildə buna dəxli yoxdur. Hətta Kəbirlinskinin - Sabir Məmmədovun dəsmalını çıxarıb Səyavuşun tərini silməsi, ona səmimi yanımcıllıq göstərməsi acı gülüş doğurur. Bəla burasındadır ki, Kəbirlinski bunu bilə-bilə, qəsdən eləmir, ağlı belə kəsir və biz bunu Sabirin oyunda bütün incəliyi ilə görüb duyuruq.
Sabir Məmmədov mənə neçə ay əvvəl - iyun ayının 23-də söylədiklərini premyerası 20 oktyabr 2023-cü ildə oynanılan "Dantenin yubileyi" tamaşasında yüksək peşəkarlıqla səhnədə reallaşdırdı və canlı, diri, maraqlı obraz yaratdı. Sabir Məmmədova bu tamaşada ayrı-ayrı mövzu-olayları möhkəm sütunlu üçbucaqlarla qurub.
Kəbirlinski (Sabir Məmmədov) - rejissorun (Ərşad Ələkbərov) ali məqsədi  - tamaşanın janr təyininin səhnədə poetik-estetik həlli üçbucağı tamaşanın əsas sütunlarıdır. Rejissorun bu teatr üçün yeni olan estetikada tamaşa hazırlaması ifaçıların əksəriyyətinin yaradıcılığında uğur qazanmağa səmərəli və geniş yol açıb. Eləcə də universitet auditoriyasından yenicə ayrılmış gənclərin gələcəyinə müəyyən inam işığı şölələndirib;
Tamaşanın ali məqsədi - Kəbirlinski obrazının ideya-bədii yükü - fars-qaravəlli janrının dəqiq və məzmunlu ifadəsi üçbucağı tamaşanın bədii estetik simasının poetikasını tamamlayır. Düzdür, rejissor tamaşanın janrını fars kimi təqdim edib. Fars deyilən janr orta əsrlərdə Fransada yaranıb. Zarafat-məsxərədən, yumordan, sarkazmdan, qroteskdən istifadə edilən bu tipli oyun-tamaşa estetikası Azərbaycanda min illərdir qaravəlli adıyla mövcuddur. Xalq oyun-tamaşa prinsiplərinə bələdliyi olan Sabir Məmmədov, eləcə də müəyyən fərqlərlə tamaşanın digər ifaçıları bu janrda oynamaq vərdişlərinə heyranlıqla can atmalarını, canı-dildən, özü də həvəs və maraqla nümayiş etdirdilər;
Kəbirlinski - Həcər (Sənubər İsgəndərova) - Eldar (Elsevər Rəhimov) üçbucağında lirik, dramatik, müəyyən məqamlarda faciə notunun bədii təcəssümü dominantdır. Sabirlə yöndaşı Sənubər xanımın münasibətlərindəki müxtəlif və çox mürəkkəb münasibətlər gah həlimliklə, gah deyingənliklə, gah fəryadlı peşmançılıqla, gah da faciə həddinə çatan gərginliklə xatırlanıb çözələnir;
Kəbirlinski - Səyavuş (Elşən Rüstəmov) - Kütlə (kütlə vahid obraz kimi də təqdim olunur) üçbucağında epik teatrla "dramaturq remarkasının" estetik bütövlüyünə nail olunub. Bu üçbucaqda hekayənin dramatik təqdiminin məqsəd va qayəsini açmaq Sabirin ifasının başlıca məqsədinə əsaslanır;
Kəbirlinski - Cavad Cavadov (Anar Heybətov) - Səyavuş üçbucağında obrazın zavallılıq çalarlarının qabardılması Sabirin əsas diqqətindədir. Bu üçbucaq münasibətlərin dramatik gərginliyi, səhnə sənətinə münasibətlərin kəskin əks qütblərə bölünməsi ilə diqqəti cəlb edir. Sabir Məmmədov obrazın dalğavari şəkildə dəyişən ritm ahəngini heyranlıq doğuran bacarıqla tənzimləyir;
Kəbirlinski - Gənc tənqidçi (Ramin Şıxəliyev) - Mamed (Cümşüd Zeynalov) ücbucağında bu gün də müəyyən formada mövcud olan teatrdaxili incə və xoşagəlməz mətləblərə atmacalı kinayə üzə çıxır. Həm də Kəbirlinski müasir tələblərlə ayaqlaşmamasını, ailə səadətinə tam nail ola bilməməsini, teatrdan getmək təhlükəsi yarandığını özünə faciə kimi qəbul edir. Hətta yanğıyla, daxili fəryadla etiraf edir ki, deməli, mən 60 illik həyatımı düzgün yaşamamışam. Cəmiyyətdə, ömür yolumda yadda qalacaq heç nəyə nail olmamışam. Bu, zavallılığın dərkinin faciəsidir ki, o da Sabirin ifasının əlvanlığını artırmaqla tamaşanın fikirlər toplusunda maraqlı rəng-naxış kimi yadda qalır, tamaşaçılara duyğulu təsir göstərir;
Kəbirlinski - Ağamehdi (Mətləb Abdullayev) - Əlikram (Rüstəm Rüstəmov) üçbucağında mənən safqəlbli Kəbirlinskinin "müasirlik avtobusuna" arxa qapıdan minməsi və elə o qapının pilləkanında qapıdan sallana qalmasının psixoloji məntiqi məharətlə təqdim olunur. Elə buradaca qeyd edim ki, səhnənin ortasındakı avtobus epik janrlı tamaşanın atribut-obrazıdır. Bu avtobus Kəbirlinskinin çoxmənzilli həyətdəki darısqal evidir, evin həyətidir, teatr səhnəsidir, dram dərnəyinin fəaliyyət göstərdiyi mədəniyyət evidir, radio studiyasıdır... Nəhayətdə bu avtobus daim hərəkətdə olan zamanın rəmzidir. Kimi bu avtobusa daxil olmaq üçün onun ətrafında dövrə vuraraq içəri daxil olmaq üçün qapını "tapmaqda" çətinlik çəkir, kimi əsas dialoqlarını onun içərisindən - pəncərədən söyləyir, kimi bir qapıdan minib o biri qapıdan düşür, kimi qaçaraq hərəkətlə onun arxasında gizlənir, kimi onun içinə bir qiyafədə (maskada) daxil olub oradan başqa idmdə çıxır... Kəbirlinskinin isə əsas mizanları avtobusun pilləkənlərindədir. Zaman keçdikcə yaradıcılığın tələb etdiyi sərt, amansız fırtına dalğaları pilləkəndəkiləri oradan "qoparacaq". İfasının üçüncü-dördüncü planlarında buna simvolik işarəni vurub "gizli haray qoparan" da məhz Kəbirlinski rolunu ifa edən Sabir Məmmədovdur.

Onu da qeyd edim ki, Kütlə obrazının iştirakçıları və təbii ki, həmçinin fərdi dramaturji xətti olan personajların iştirakçılarının istisnasız olaraq hamısı yaradıcılıq coşqusu ilə oynayırlar və Kəbirlinski mövzusunun müxtəlif səciyyəli ekssentrik dairələrinin təmsilçiləri kimi rejissor ali məqsədinə, tamaşanın ideyasına xidmət edirlər. Təbii ki, ifaçıların istedadlarının təsir gücü kimində yaxşı, kimində əladır. Sənubər İsgəndərova məlahətli cazibəsinə xarakterik cizgilər verməsi, mənalı ovqat dəyişməsi, Elşən Rüstəmov psixoloji-dramatik vəziyyətlərdəki məharəti, Şəhla Əliqızı enerji coşqunluğunu sərbəst, əlvan boyalarla ifadə etməsi, Şəlalə Şahvələdqızı dinamik ritmdə janr estetikasından çıxmaması, Mətləb Abdullayev personajın istedada əsaslanmayan təkəbbürünün gülünclüyünü göstərməsi, Vüsal Mustafayev oynadığı surətin olan-qalan bacarığını hədər yerə sərf edib onu-bunu sancmasını inandırıcılıqla çatdırması, Anar Heybətov personajın az-çox istedadına güvənib bununla qürrələnməsini, Ramin Şıxaliyev bir-iki termini gözə soxmaqla özünü ağıllı göstərməyə çalışan, boğazdan yuxarı danışan tənqidçilərə istehzanı, Rüstəm Rüstəmov əslində Kəbirlinskidən də istedadsız olan Əlikramın boşboğazlığını, bəzi məqamlarda surətin içindəki xıltı, xainliyi, qısqanclığı, Cümşüd Zeynalov bütün teatrlarda mövcud olan istedadsız zavallı işçilərin yaradıcılıqdan çox əl buyruqçusu olmasını satirik, sarkazm, kinayə, acı yumor, ahəng tərzinə uyğun həssaslıqla, müxtəlf ritm ahəngində oynayırlar. Bununla həm Kəbirlinski obrazının bədii yükünün açılmasına kömək edirlər; həm də hərənin qəlbində Kəbirlinskiyə xas olan mənəvi xüsusiyyətlərin müəyyən ifadə yükünü daşıyırlar. Başqa sözlə, onlar "kəbirlinskilik estetikası"nın təmsilçiləri kimi səhnədə müəyyən əməl-fəaliyyət yükünü bacarıqla ifadə edirlər. Səhnəyə kövrək addımlar atan gənclərdən Nəzrin Abdullayeva səhnə məlahətindəki səmimiyyəti, daxili coşqunluğu, Elsevər Rəhimov lirik duyğuları faciə çalarları ilə çatdırmağa cəhd göstərməsi, Məhsəti Tahirzadə çevik hərəkət plastikası, Tural İbrahimov yöndaşları ilə ünsiyyət qurması, ümumi ovqatı duyması, Lalə Süleymanova səhnə sərbəstliyini tamaşanın ümumi ritminə həmahəng reallaşdırması ilə tamaşaçılarda xoş ovqat oyadırlar.
Ən nəhayətdə, Sabir Məmmədov həm Kəbirlinskidir, həm Kəbirlinskinin müəyyən məkanlara varid olmasını xəbər verəndir (müəllif remarkasını səsləndirib tamaşaçılara çatdırandır), həm də yüksək peşəkarlıqla və həssas aktyor hissiyyatı ilə obrazı duyması, oynadığı rola, öz oyununa səhnə içində kənardan "baxıb görə" bilən, epik teatr estetikasını peşəkarlıqla mənimsəmiş "tamaşaçı-aktyordır". Bütün bu fərqli keçidlərdə, hərəkət ritminin faciə, satira, sarkazm, kinayə, şux yumor, acı gülüş... notlarının təqdimində Sabir çox sərbəstdir, çevikdir, təbii və inandırıcıdır. Tamaşaçıda belə bir qənaətə inam oyanır ki, sanki aktyorun ifadə vasitələri nəhayətsizdir, bütün janrlarda istedadı sərbəst yaradıcılıqla bəhrə verir.
Bütün bunlara görə də cəsarətlə və qətiyyətlə demək olar ki, "Dantenin yubileyi" tamaşasındakı Feyzulla  Kəbirlinski rolu Sabir Məmmədovun yaradıcılığında yeni sənət sözü, yeni sənətkarlıq nümayişi, yeni peşəkarlıq uğuru kimi möhtəşəmdir.

İlham RƏHİMLİ

Digər xəbərlər