ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
FƏRQANƏ QASIMOVA İLƏ “MUĞAM SÖHBƏTİ”
MƏDƏNİYYƏT
07.11.2023, 15:57 Oxunub: 2005“Onlar Allah tərəfindən göndərilimiş böyük ustadlar olub…” – FƏRQANƏ QASIMOVA İLƏ “MUĞAM SÖHBƏTİ”
1001info.az Qafqaz.media-ya istinadən təqdim edir.
Fərqanə Qasımova: “Muğam bir yaradılışdır, amma kim tərəfindən, necə yaradılıb, onu deyə bilmərik”
“Muğam ruhi musiqi olduğuna görə, əcnəbilər də bunu çox gözəl qarşılayıb, eyni zamanda da çox gözəl qavrayırlar. Alqışlarla, hətta göz yaşaları ilə bizdən qəbul edirlər”
“Azərbaycan xanımı, Azərbaycan qadını cəmiyyətdə, səhnədə necə olmalıdırsa, elə düşünürəm ki, mən o biçimdəyəm”
Müsahibimz dəfələrlə Prezident mükafatına layiq görülən, Respublikanın Əməkdar artisti Fərqanə Qasımovadır. 1996-cı ildən başlayaraq atası, dünya şöhrətli xanəndə Alim Qasımovla birgə bir çox beynəlxalq musiqi festivallarında, konsertlərdə iştirak edən Fərqanə xanımın 1999-cu ildə Avropada "Dərin okean məhəbbəti" adlanan diski çıxıb. 2006-cı ildə belçikalı rejissor Kriss Delvill F. Qasımova haqqında "Meditation day" adlı 53 dəqiqəlik sənədli film çəkib.
2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə müstəqil olaraq səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür.
Fərqanə Qasımova ilə 2002-ci ildən müəllim olaraq fəaliyyət göstərdiyi Asəf Zeynallı adına Musiqi Kollecində görüşdük. Buyurun, müsahibəmizlə tanış olun.
- Fərqanə xanım, sənətə gəldiyiniz gündən atanız, dünya şöhrətli muğam ustası Alim Qasımovla birgə istər Azərbaycan, istərsə də Avropa səhnələrində bir çox yeniliklər etmisiniz. İstər Alim müəllimin, istərsə də sizin muğamları xarici musiqiçilərlə sintez edib oxumağınızı buna misal göstərə bilərik. Amma bəzi musiqi xadimləri muğamlarımızın əcnəbi musiqisilə sintez olmasına irad bildirirlər. İlk olaraq bu iradlara reaksiyanızı bilmək istərdik…
- O iradlar keçmişdə, 20 il bundan əvvəldə qaldı. O iradlar sonradan öz yerini tutdu. Bu gün irad tutan yoxdur. Azərbaycan muğamı bütün dünyanın musiqiləri ilə sintez olmağa açıqdır. Belə deyim ki, artıq bizim musiqiçilərimiz də bu cür sintez olmuş musiqilərə öyrəşiblər. Ona görə də indi bu sintez məsələlərinə çox gözəl baxırlar. Əlbəttə, muğamları qorumaq və muğamlara xələl gətirməmək şərtilə. Zatən muğam elə bir formadır ki, istəsən də onu poza bilməzsən. Yəni kimsə gəlib muğamı pozsun, elə bir şey ola bilməz. Ona görə də bu gün bu işlər azaddır. Hər kəs də bunu öz istaedadına görə istifadə edir.
- Azərbaycanda muğamın inkişafına dövlət səviyyəsində dəstək göstərilir. Bu sahədə kifayət qədər qabiliyyətli gənc xanəndələrimiz də yetişib. Amma nədənsə, çoxlarına elə gəlir ki, yeni nəsil klassikləri, bu sənətə öz möhürünü vuran muğam ustadlarını əvəz edə bilməz. Bu haqda siz necə düşünürsünüz?
- Həyatda heç bir şey sifarişlə olmur. Əgər istəsək də böyük xanəndələri həyata gətirək, bu mümkün olan şey deyil. Çünki onlar bizim iradəmizdən asılı olmayaraq Allah tərəfindən göndərilmiş böyük ustadlar olublar. Bu gün, görürsünüz, peyğəmbərlər, övliyalar, kamil insanlar var ki, dünyaya gəlmirlər. Bunun da bir səbəbi var ki, dünya bir-birinə qarışıb. Halal, haram, hər şey onun içində olduğuna görə, o İlahidən bir eşqdir ki, artıq dünyaya gəlmir. Amma yenə də Allaha çox şükürlər olsun ki, həqiqətən də bizim dövlətimiz, bizim Heydər Əliyev Fondu, bizim böyüklərimiz, dövlət başçılarımız İlham Əliyev, Mehriban xanım Əliyeva incəsənət xadimlərinə, musiqiçilərə çox böyük diqqət göstərirlər. O, diqqətin içində də çox böyük dəstək var. Çünki maddi dəstək olmasa, istedadlı insan üçün bu çox çətin olur. Bu, onun ruhdan düşməsinə səbəb olur.
Bu gün, bu zəmanədə görürük ki, hər bir kəs öz dəyərini alıb. Amma siz deyən məsələlər ki var, qədim sənətkarlardan bu dünyaya gəlmir. Bu bizdən asılı olmayan bir şey deyil. Bilmirik ki, o cür sənətkarlardan bu dünyaya bir də gələcək və yaxud gəlməyəcək.
- Hər birimiz, sözlərini başa düşməsək də, müxtəlif dillərdə ifa olunan onlarla musiqini sevir, yorulmadan dinləyirik. Nə vaxtsa qarşılaşmısınız ki, Azərbaycan Türkcəsini bilməyən hansısa əcnəbi oxuduğunuz muğamlara qulaq asır, onun vurğunudur?
- Biz 35 ildir ki, Alim müəllimlə dünyada konsertlər veririk. Amma Alim müəllimin özü 50 ildir bu sənətdədir. Bizim özəlliyimiz və seçilməyimiz də ondan asılı oldu ki, əcnəbilər muğama qulaq asmamağa, diqqət ayırmağa başladı. Muğamı onlara çatdıra bildik. Bu da ruhən davranış olduğu üçün. Muğamda təkcə zəngulə, səs olmaz. Gərək muğam aləminə o qədər daxil olasan ki, onu dili bilməyən insana belə, ruhən ötürə biləsən. Muğam da ruhi musiqi olduğuna görə, əcnəbilər də bunu çox gözəl qarşılayıb, eyni zamanda da çox gözəl qavrayırlar. Alqışlarla, hətta göz yaşaları ilə bizdən qəbul edirlər.
- Yəni bu cür hallarla tez-tez qarşılaşırsınız…
- Tez-tez deyəndə ki, elə ömrümüz bu cür qarşılaşmalarla keçir. Bəli, əlbəttə ki, tez-tez qarşılaşırıq.
- Sizcə, muğam, xalq mahnıları toxunulmaz olmalıdır, yoxsa dövrün tələblərinə uyğun olaraq hansısa yeniliklər etmək olar?
- Muğamın özünün forması var. Belə müqayisə edək, insanın yaradılışı, forması var, onu heç kim dəyişə bilməz. Elə muğam da o cürdür. O bir yaradılışdır. Artıq o yaranıb, kim tərəfindən, necə, nə cür, artıq biz onu deyə bilmərik. Hamı deyir ki, muğam insanların ah-naləsindən, zümzüməsindən yaranan bir şeydir. Amma elə bir şey deyil. İstəsək yenə də kökdən biz muğam yarada bilmərik. Biz onun görünüşünü dəyişə bilərik. Amma muğamı kökdən dəyişə bilmərik. Deyəcəklər ki, səhv oxuyursan, bu nə oxumaqdır. Amma ona can, eşq, baxış vermək, əlbəttə ki, hər bir zamanda, dövranda vacibdir.
- “Muğamın vətəni” olan Qarabağ artıq işğaldan azad edildi, insanlarımız tədricən öz ata-baba yurdlarına qayıdır və yaxında bütün rayonlarımızda yaşayış bərpa olunacaq. Necə düşünürsünüz, Müasir Qarabağda muğama maraq yenə əvvəlki kimi olacaqmı?
- Birincisi, heç kim deyə bilməz ki, muğam Qarabağda yaranıb. Elə bir şey yoxdur. Muğam Azərbaycanındır. Onu məktəblərə bölürlər. Qarabağ məktəbi deyirlər, Şirvan məktəbi deyirlər, Bakı məktəbi deyirlər. Biz bunu özəlləşdirməməliyik. Gərək Azərbaycan ayrı-seçkilik salmasın. Artıq vərdiş eləmək lazımdır ki, bu Azərbaycan muğamıdır. Bu, birinci məsələ. İkinci məsələ də odur ki, əgər biz vətənimizdə qalib olub, 30 ildən sonra torpaqlarımızı azad etmişiksə, indiyə kimi muğamlarımızı yaşatmışıqsa, bu gün Azərbaycan Qarabağı yenidən qazanıbsa, gələcəkdə də muğamlarımızın sədaları o torpaqlarda daha xoş, daha gözəl, daha da inamlı olacaq. Qələbədən sonra da nə qədər bizim orada konsertlərimiz olub. Maşallah olsun, “Xarıbülbül” festivalı artıq öz fəaliyyətinə yenidən başlayıb. Şuşada, Füzulidə neçə-neçə musiqi xadimlərimizlə birgə “Vaqif poeziya günləri”miz keçirilib. Biz də hamısında iştirak eləmişik. Bunun sevgisi, bunun sevinci, əlbəttə ki, 30 illik həsrətdən sonra başqa möcüzədir.
- Əlbəttə, Alim Qasımovun qızı olmaq ayrıca bir xoşbəxtlikdir. Amma bizə maraqlıdır, Sizə ustad Alim Qasımov, yoxsa ata Alim Qasımov daha yaxındır?
- Əvvala Alim müəllimlə biz ki duet oxuyuruq, bu, çox çətin bir məsələdir. İki canda bir ruhu daşımaqdır. Əgər orda atalıq məhəbbəti, atalıq sevgisi olmasa, bu sənət heç vaxt əmələ gələ bilməz, yanında hansı sənətkar olursa olsun. Allah bizdə o qədər zərif, incə məqamlarla ata-bala mövzusunu işləyib ki, əlhəmdülillah, biz ağızımızı açanda bir duet yaranır. O həm daxili enerjidir, həm də muğamın sirləridi ki, Alim Qasımov mənə öyrədib. Muğamın sirlərini bilməsəm o sirləri ötürə bilmərəm, içimdə ata-bala sevgisi olmasa da o sirləri ötürə bilmərəm. Bu da Allahın bir nizamı olduğundan mükəmməl bir forma alıb.
- Nə vaxtsa ustad Alim Qasımovun sənətlə bağlı iradları ilə qarşılaşmısınız? Əgər belə bir hal varsa, o zaman reaksiyanız necə olub?
- Hərdənbir hirslənir(Gülür). Hərdən də küsürəm. Deyirəm ki, ay kişi, qoy oxuyum də muğamı, nə istəyirsən məndən?! Özüm nə qədər ustad olsam da, onun hər bir iradı ustadlarına özünə belə böyük dərsdir, fəlsəfədir.
- Şou-biznes müğənnilərindən fərqli olaraq, əksər muğam ifaçılarının hər zaman özlərinə məhdudiyyətlər qoyduğunun şahidi oluruq. Siz necə, sənətdə özünüzə hansısa məhdudiyyətlər qoymusunuz?
- Mən şəxsən özümə məcburi heç bir məhdudiyyət qoymamışam. Çünki mənim biçimim artıq muğamla biçilib. Mən bir azərbaycanlı, el xanımı olduğuma görə, heç vaxt özümə məcburiyyət kəsb eləməmişəm. Azərbaycan xanımı, Azərbaycan qadını cəmiyyətdə, səhnədə necə olmalıdırsa, elə düşünürəm ki, mən o biçimdəyəm. Ona görə də özümə heç bir məcburi qadağa qoymamışam.
- Sizi həmişə hicabda görmüşük. Maraqlıdır, İslam dininə olan sevgi sizdə haradan qaynaqlanır? Ziyarətgahlarda olmusunuz?
- Mən gənc yaşımdan hicab bağlayıram. Hələ gənc yaşlarımdan üzü bu yana səfərlərdə, konsertlərdə muğamlarımızı da dünyaya çatdıranda başımda hicab olub. Əlbəttə, bunun qaynağı dinə olan sevgidən, məhəbbətdən, həm də etibardan irəli gəlir. Yəni dində oxuyuruq ki, Allah tərəfindən bizə əmr olunan hər bir şeyi biz Allaha etibar edib, ona gözüyumulu hazır olmalıyıq. Və bu da ordan gəlir. Başqa qaynağı yoxdur.
- İstərdinizmi ziyarətgahalarda hansısa dini mövzuda bir mahnınıza klip çəkdirəsiniz?
- Təbii ki, istərdim. Siz özünüz də yaxşı bilirsiniz ki, onun da böyük büdcəsi var. Onlar hamısı böyük büdcədən asılıdır. Təyyarə ilə böyük heyət aparmaq... Əgər onu kimsə desə ki, bütün xərcini öz üzərimə götürürəm, belə klip çəkim, canla-başla razı olaram. Yadda qalan, gözəl bir şey ola bilər.
- Fərqanə xanım, elə gənclər var ki, istedadları olsa da sənətdə hələ də öz yollarını tapmayıblar. Yetişdirdiyiniz tələbələrdə belə hallarla tez-tez qarşılaşırsınız?
- Bu, çox çətin sənətdir. Səbrlə addımlamaq lazımdır. Birdən-birə olmur. Şou-biznesdə elədir ki, klip çəkirsən, bir mahnı yazdırırsan, 3 aydan sonra mahnın hit olur və tanınırsan. Ancaq muğam bu baxımdan özünü gec sevdirən bir sənətdir. Amma, çox şükür ki, bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Muğam müsabiqələri gedir. Artıq səkkinci muğam müsabiqəsi getdi. Maşallah, orda istedadlı uşaqlar tanındılar. Bu onlar üçün çox böyük uğur, çox böyük şansdır. Mən öz tələbələrimə də həmişə deyirəm ki, bu fürsəti əldən qaçırmayın. Orda iştirak edə-edə birinci, ikinci, üçüncü yerə çıxa və tanınmış məşhur xanəndələr ola bilərsiniz.
- Tələbələrinizlə hansısa layihə həyata keçirməyi düşünürsünüz?
- Çox düşünürəm. Buna da bir az zaman lazımdır. Bu az zamanın çərçivəsində özümə hələ yer tapa bilmirəm. Mən 22 ildir ki, Asəf Zeynallı adına Musiqi Kollecində, 2 ildir də İncəsənət Universitetində dərs deyirəm. Bu 22 ildə çox gənc istedadlı tələbələrimiz yetişib. Onlardan biri də səkkizinci Muğam müsabiqəsində yer tutan Daşqın Kürçaylıdır. O, bizim tələbəmizdir, muğam müsabiqəsində üçüncü yeri tutdu. Beynəlxalq müsabiqədə də üçüncü yerə çıxdı.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI