usd-1.7000 eur-1.7890 rub-1.5962
Bakı 7°C 4.12 m/s
Son xəbərlər
27-11-2024
26-11-2024
23-11-2024
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

İşığı sönməyən adam

details

CƏMİYYƏT

01.11.2024, 14:47 Oxunub: 547

Bu gün belə bir etirafı özümə borc bilirəm: Sən işıqlı adam idin, dostum!..- Hüseynbala Mirələmov yazır 

         İşığı sönməyən adam

Dostum, bu gün sənin ad günündür. Bu illər ərzində ilk dəfə bu günü sənsiz qeyd edəcəyik. Qeyd edəcəyik deyəndə sənə də, mənə də yaxın olan dostlarla oturub ötüb-keçənləri yada salacağıq. Hər şeydən danışacağıq. 

Amma mən nədənsə həmişə bizim o uzaqda qalan uşaqlıq illərimizi, məktəbli günlərimizi daha çox yada salmaq istəyirəm. Anamız Firuzə xanımın bizi bir-birimizdən ayırmayaraq "Sən Hadının doğma qardaşısan. Səni də mən dünyaya gətirmişəm" sözlərini dilimə gətirmək istəyirəm. Bakıda Lənkəran Şəhər Komsomol Təşkilatına rəhbər təyin olunan günün səhəri özünü mənim toyuma çatdırıb ən əziz adamlardan biri kimi yanımda oturmağını, mənim o xoşbəxt günümü öz xoşbəxtliyin kimi yaşadığını heç vaxt unuda bilmədim və unutmaram da!

Vəfatından bir neçə gün əvvəl gülə-gülə "Şənbə günü yığışırıq, hamını çağıracam. Özü də bu dəfə hər şey mənlikdir ha" dedin.

Həmin şənbə dostlarla yığışdıq. Amma sənsiz. Amma həm də səninlə. Sənin söhbətlərin və o işıqlı, nurlu gözlərin həmişə aramızdadır axı... 

Haqqında yazılan bir kitabı vərəqləyirəm, sənin həyat yolunda atdığın o ilk addımları yada salıb düşünürəm: hər bir kəsin yüksəlişi, xoşbəxtliyi, gələcəyi üçün təkcə bacarıqlı olması, təşəbbüskar olması, çalışdığı sahədə səy göstərməsi kifayət deyil. İnsanda Allah-təalanın hər kəsə bəxş etmədiyi qeyri-adi bir xüsusiyyət də olmalıdır - işıqla doğulmaq, işıqla yaşamaq, işıqlı olmaq və bütün məhrumiyyətlərə, çətinliklərə rəğmən içindəki işığı sönməyə qoymamaq. Bu gün belə bir etirafı özümə borc bilirəm: Sən işıqlı adam idin, dostum!

Yazdıqların məni bu gündən ayırıb yenə də o uzaq illərə çəkib aparır. Olduqca səmimi və olduqca ürəkdən gələn sözlərdir: "Məni Veravul kəndindəki doğma, balaca evimizdən, kiçicik həyətimizdən - uşaqlıqda bütöv bir planet zənn etdiyim Lənkəran həyatına valideynlərim - atam, xüsusən anam çıxardı: tanınmış pedaqoq Firuzə Bəylərova!

...Məni Azərbaycandakı doğma, "balaca" Lənkəranımızdan, "kiçicik" bölgəmizdən - bu gün də bütöv bir planet saydığım Azərbaycan ölkəsinə və dünyaya Ümumumilli Liderimiz çıxardı: dahi Heydər Əliyev!

 - Onlardan biri heç bir epitetə ehtiyacı olmayan ANA, o biri - müasir Azərbaycanın çox adlı-sanlılarının boynunda halal haqqı olan mənəvi ATA!"

1947-ci ilin 25 oktyabrı. Dostum, bu, sənin - Hadı Rəcəblinin doğum tarixidir. Doğuldun, amma heç kim bilmədi ki, elə o gündən özünlə birgə içində gizli bir həsrət də doğuldu. Yaxşı bilirəm, illərboyu bu həsrət səni sakit buraxmadı, başqaları kimi rahat yaşamağa qoymadı. Əvvəlcə o doğma ev üçün, kənd üçün darıxdın, sonra böyüyb-başa çatdığın şəhər üçün. Bu həsrət səni az qala şair elədi, dostum, şeirlər yazdın, hətta sözlərinə mahnılar bəstələndi. Amma bu sevgi, bu həsrət sənin yüksəlişə, ucalığa aparan yolda əl-qolunu bağlamadı, ruhdan salmadı. Əksinə, güc verdi, inam verdi, səni daha iradəli, daha mübariz etdi.

Arxan dağdı, sinən dəniz,

Bulaqların qaynaq-qaynaq.

Hər gözəlin - saf, gülbəniz,

Çatmaqaşlı, alma yanaq.

Şirin laylam - Lənkəranım.

Güzgüm, aynam - Lənkəranım.

Doğma anam - Lənkəranım.

Problemlərin, çətinliklərin, qayğıların çox olsa da, bir məsələdə bəxtin yaman gətirdi: səni hər yerdə sevirdilər - birgə oxuduğumuz məktəbdə də, hələ uşaqkən gün-güzəran dalınca getdiyin, bir parça çörək üçün işlədiyin Çörək zavodunda da. Hamı kimi mən də bunun - bu istəyin, bu ünsiyyətin şahidiydim - bu sevgi səni gündən-günə həm yüksək pillələrə aparır, həm də sürətlə elin-obanın gözündə ucaldırdı. 

Dostum, sən həm də gördüyün yaxşılığı, göstərilən diqqəti, sənə qarşı atılan addımı, uzanan əli unuda bilməyən tək-tək insanlardansan. Hər adam bu sınaqdan, təəssüf ki, çıxa bilmir. Bunu - bu böyük həqiqəti yaşadığımız bu illər ərzində sən də gördün, mən də. Bilirəm, özün də dəfələrlə etiraf edirdin ki, sənin həyat yolunda, bugünkü yüksəlişində Ümummilli Liderin xidmətləri misilsizdir, müqaiyisəyəgəlməzdir və bu faktı, şəxsinə olan bu xeyirxahlığı bütün söhbətlərində, çıxışlarında, yazılarında da dönə-dönə qeyd edirdin: "Ulu Öndər mənim üçün dühadır. O, ömür yolunda mənim müəllimim, mənəvi atamdır".

1972-ci il 4 iyul. Bu tarix bir dost olaraq mənim də yaddaşıma əbədi həkk olunub. Doğmaların, yaxınların, elə mən də səndən xoş bir xəbər gözləyirdik o gün. Həmin vaxt Mərkəzi Komitədə Heydər Əliyevin qəbulundaydın. Sənə o gün ilk dəfə çox yüksək etimad göstərildi: Lənkəran Şəhər Komsomol Təşkilatına rəhbərlik sənə həvalə olundu. Sonrakı illərdə Ulu Öndərlə dəfələrlə görüşsən də, onun ilk tövsiyələrini - "Bilirsən, sənə yüksək etimad göstərilir. Gərək düz olasan, təmiz olasan, halallıqla işləyəsən" - sözlərini həmişə yada salardın və verdiyin sözü də nəinki unutmadın, hətta həyat amalına çevirdin: - "Ölərəm, düz olaram! Ölsəm də, təmiz olacağam!" 

Danışırdın ki, o tarixi görüşdən sonra hiss etdin ki, sanki birdən-birə dünya gözlərində böyüyüb, həm də ölçüyəgəlməz dərəcədə böyüyüb, genişlənib. "Mən artıq bu geniş dünyada gedəcəyim yolu da bilirdim, daşıyacağım missiyanı da".

Kitabını vərəqləyirəm, müxtəlif illəri əks etdirən şəkillərinə baxıram, ildən-ilə necə dəyişdiyinə fikir verirəm və bu yerdə yadıma məşhur qazax yazıçısı Abayın sözləri düşür: "Şöhrət uca bir zirvədir. İlan ora sürünə-sürünə, qartal isə bir dəfə qanad çalmaqla qalxır". Bu mənada sənin yüksəlişin sürətli olsa da, bunun arxasında gərgin əməyin, sonsuz axtarışların, yuxusuz gecələrin vardı. Kimsə bilməyə bilər, amma mən yaxşı bilirəm və bunun şahidiyəm də. Sənin bu həyatda keçib gəldiyin yol həm də sənin özünün yaratdığın yoldur, özünəməxsus axtarış yoludur, bir növ, yaradıcılıq yoludur. 

Son vaxtlar dünyadan qəfil getməyini tez-tez yada salıram: Niyə vəfasızlıq elədi ürəyin, nəyə dözmədi? Və hər dəfə də ilk ağlıma gələn bu olur: Ömürboyu, harda çalışmağından asılı olmayaraq, hər bir işə ürəyini qoymağı sevirdin, bütün qəlbinlə yaratmağa çalışırdın, həmin sahədə hörmət qazanmağı, nüfuz sahibi olmağı həm xoşlayırdın, həm də bunu çox yaxşı bacara bilirdin. İndi eyni ürək ağrısı ilə öz-özümə deyirəm: "Ürək buna neyləsin, necə dözsün, dostum?"

Bu ürək söhbəti, bu incə ruh həm də sənin aldığın təhsillə, ixtisasla bağlıdır yəqin. Sən axı həm də jurnalist idin. Uzun illər "Bakı", "Vışka" qəzetləri ilə əməkdaşlığını, o dövrün Nəsir İmanquliyev kimi nəhəng qələm sahiblərindən eşitdiyin tövsiyələri, məsləhətləri həmişə sevə-sevə həmkarlarınla bölüşərdin. 1978-80-ci illərdə hətta "Bakinski raboçiy" qəzetinin Lənkəran-Cəlilabad bölgələri üzrə xüsusi müxbiri kimi fəaliyyətini də çox yaxşı xatırlayıram.

Səni çox yaxşı tanısam da, nəyə qadir olduğunu bilsəm də, arada keçdiyin ömür yolunu yadıma salıb heyrətlənməyə bilmirəm: 15 yaşındaykən ailəyə kömək üçün dərsdən sonra çörək zavodunda işə düzəlməyini, sonradan Lənkəran Şəhər Komsomol Təşkilatının 1-ci katibi, ardınca Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olduğun o günləri yaxşı xatırlayıram. İndiki dillə desək, şəhərin meri və qayğıları başından aşıb-daşan bir insan. 

Çox keçmədi Azərbaycan KP MK-da təlimatçı vəzifəsinə gətirildin, sonra Şəki kimi böyük bir rayona rəhbərliyə göndərildin. Respublikamızın başının üstünü qara buludlar alanda - Ermənistanın işğal planları işə düşəndə sən yenə bu çətinliklərə sinə gərənlərin ön sıralarındaydın: Nazirlər Kabinetində olduqca ağrılı, həssas bir məsələ ilə - qaçqın və məcburi köçkünlərin problemlərilə, müxtəlif beynəlxalq təşkilatlarda bu məsələlərin həlliylə məşğuldun. 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmaqla yanaşı, 1993-1995-ci illərdə həm də BMT-nin MDB üzrə eksperti qismində çıxışlar edirdin. Bir millət vəkili kimi uzun illər həmkar olduğumuzu da nəzərə alıb tam əminliklə deyə bilərəm - özü də bu, tək mənim yox, hamının fikridir: 1995-ci ildən 2020-ci ilə kimi Hadı Rəcəbli Azərbaycan Parlamentinin ən işgüzar, ən fəal millət vəkillərindən biri kimi yaddaşlarda qalıb. Bunu dövlətdən aldığın ən yüksək mükafatlar - "Şərəf", "Şöhrət", "Vətənə xidmətə görə" ordenləri də təsdiqləyir. 

Dostum, bu illər ərzində yorulmadan yazdın, yaratdın, işlədin, imkanın daxilində millətinə, dövlətinə verə biləcəyini verməyə çalışdın. Ən vacibi, ən əsası odur ki, Vətənin, millətin taleyində ən gərgin vaxtlarda, ən həssas məqamlarda, ən həlledici anlarda vətəndaş mövqeyini, prinsipiallığını dilə gətirməkdən çəkinmədin, dövlətin, dövlətçiliyin, Prezidentin, Ali Baş Komandanın yanında olduğunu qətiyyətlə bəyan etdin. 

Bütün bu dediklərimə, deyə bilmədiklərimə sənin Moskvada, Bakıda keçən təhsil illərini, ordu sıralarında xidmətini, müxtəlif ölkələrə səfərlərini də əlavə etsəm, bəlkə mənzərə daha dolğun olar. Bir faktı da vurğulamalıyam: bu illər ərzində sənin elmi-pedaqoji sahədə gördüyün işlər ictimai-siyasi xadim kimi fəaliyyətini nəinki tamamlayır, hətta ona xüsusi bir çalar da qatırdı. Sən həm də müxtəlif illərdə dərc olunan 9 kitabın, 220-dən artıq məqalənin müəllifi kimi tanınırsan. Yazdıqların bu gün də tədris vəsaiti kimi müəllimlərin, tələbələrin stolüstü kitablarıdır. Yeri gəlmişkən, respublikamızda ilk siyasi elmlər üzrə doktor idin və ömürboyu ən sevdiyin kəlamlardan da biri bu idi: "Günəş simamızı, elm isə ruhumuzu işıqlandırır". 

Düşünürəm, bu qədər gərgin, mühüm vəzifələr, bu qədər ağır uşaqlıq və gənclik illəri, yaxınlarının, doğmalarının itkisindən doğan bu qədər kədər və övladlarının, etibarlı dostlarının varlığından yaranan bu qədər sevinc... Təbii, hər bir insanın sonacan dözəcəyi, daşıya biləcəyi yük deyil. Amma "Allah dağına baxıb qar verir" deyiblər. Son illər o bəyaz saçların mənə Lənkəranın, Lerikin qarlı dağlarını xatırladırdı, dağ vüqarlı dostum.

Bunları yaza-yaza düşünürəm: Yəqin Hadı Rəcəbli olmaq, onun kimi yaşamaq və adını, nüfuzunu bu dünyada da, o dünyada da qoruyub saxlamaq üçün bütün bu yollardan keçmək, bu mərhələlərdən adlamaq, bu ağrıya və sevincə hazır olmaq gərək idi. O, bütün bunlara hazır idi və taledən istədiyi yeganə bir şey vardı -o da vaxt idi, möhlət idi. Bəlkə ona görə vaxtilə anasının qulağına pıçıldadığı bir bayatını hər dəfə söyləməkdən və dinləməkdən doymadı:

Dünyaya duyuq gəldin,

Yatmadın, oyaq gəldin.

Ömür deyir: yüz ildir.

Qəlb deyir: bayaq gəldin.

Bu yerdə mütləq bir məqama da toxunmalıyam. Uzun illər yurdundan didərgin düşən insanların problemləriylə birbaşa məşğul olan Hadı Rəcəbliyə tale sonda belə bir xöşbəxtliyi də nəsib elədi - O, Prezident İlham Əliyevin komandanlığı ilə 44 gündə Azərbaycan əsgərinin qələbə əzmini gördü və uzun illər ağrı-acılarını bölüşdüyü qaçqınların, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışına da şahidlik edə bildi. 

2024-cü il... Aprel... Və bu yaz günü illərdir işığına düşüb getdiyi o yolda qəflətən dayandı. Amma o dursa da, dayansa da, içindəki o işıq qırılmadı, sönmədi. Elə o işıqdan tutub ilk dəfə oturdu, nəfəsini dərdi. Kim bilir, 76 yaşlı ömründən nələri düşündü, nələri yada saldı. Və ürəyində qövr eləyən min bir sözlə, sualla işığı sönməyən adam - Hadı Rəcəbli uzandı yenə ucalığa aparan o yolun qolları üstdə. 

Bu yerdə Musa Yaqubun illər öncə yazdığı misraları yadıma düşür: 

Günəş doğar meşədə -

Işıq alçaq budağa,

dalda yarpağa düşməz.

Amma hündür ağacın

budağı da qırılsa,

gəlib torpağa düşməz.

Ağaclar o budağı 

        saxlar çiyinlərində,

Saxlar budaqlarında,

Saxlar qucaqlarında.

Kök bir yerdə,

bir torpaqda -

Nədəndir bu haçalıq?!

Ah, ucalıq, ucalıq...

O aprel günü, dostum, bizi tərk edib, tək qoyub getdin. Özündən sonra canın qədər sevdiyin yurdun, Vətənin və sədaqətli, etibarlı, təmiz adını qoruyan, o işıqlı yolunu davam etdirməyə çalışan, səni o ucalıqdan enməyə qoymayan övladların qaldı...

Bir də mənim kimi, onun kimi, bizim kimi səni bu dünyada da, o dünyada da heç vaxt tək qoymayacaq dostların... 

 

Hüseynbala MİRƏLƏMOV

Digər xəbərlər